You are on page 1of 13

Qəmbər Hüseynli

Hüseynli Qəmbər Məşədi Muxtar oğlu


(16 aprel 1916 – 1 avqust 1961) —
Azərbaycan bəstəkarı, Azərbaycanın
əməkdar incəsənət xadimi (1961).
Qəmbər Hüseynli
Qəmbər Məşədi Muxtar oğlu
Hüseynli

Ümumi məlumatları
Doğum tarixi 16 aprel 1916
Gəncə
Vəfat tarixi 1 avqust 1961
(45 yaşında)
Peşəsi bəstəkar
Həyatı

Qəmbər Hüseynlinin Gəncədə qəbirüstü abidəsi

Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə


Gəncədə dəmirçi Məşədi Muxtarın
ailəsində anadan olub. 1925-ci ildə
Gəncədəki birinci dərəcəli məktəbdə
təhsil almağa başlayanda balaca Qəmbər
artıq Seyid Əzim Şirvaninin, Abbas
Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox
şeirlərini əzbər bilirdi. Gəncənin musiqi
mühiti, çal-çağır məclisləri, xüsusilə
Qarabağ el şənlikləri və konsertlərə dəvət
olunan görkəmli xalq sənətkarlarından
Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski,
Bülbül, Malbəyli Həmid, Xan Şuşinski,
Qurban Pirimov, Məşədi Cəmil Əmirov və
başqalarının çıxışları musiqiyə sonsuz
marağı olan balaca Qəmbərə böyük təsir
göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq
musiqisi gecələri də təşkil olunurdu. Aşıq
İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı
Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov,
Aşıq Qədir və başqalarının sazlı-sözlü
dünyası balaca Qəmbərin musiqi
sənətinə olan marağını daha da artırırdı.
1927-ci ildə orta məktəbdə oxuya-oxuya
Gəncə orta ixtisas musiqi məktəbinin tar
sinfinə qəbul olunur. 1929-cu ildə isə
Gəncə pedaqoji texnikumuna daxil olur.
Təhsil illərini sonralar Azərbaycanın
böyük bəstəkarı olan Fikrət Əmirov və
tarzən Zərif Qayıbovla birgə addımlayırdı.
“Rast”ı, “Şur”u, “Zabul segahı”nı və başqa
muğamları tarda məharətlə ifa edən gənc
və istedadlı Q.Hüseynli hələ tələbə ikən
aşıq və el havalarını toplayıb nota alırdı.
Həyatın nəbzini musiqiylə tutanda...

1934-cü ildə texnikumun tar sinfini


fərqlənmə diplomu ilə bitirən Qəmbər
pedaqoji kollektivin qərarı ilə təhsilini
davam etdirmək üçün Bakıya göndərilir.
Ona Bakı Musiqi Texnikumunun violonçel
sinfində təhsil almaq təklif olunanda
tərəddüd etmədən razılıq verir. İki il
müddətində tanınmış musiqi pedaqoqu
A.S.Şvartsın violonçel sinfində təhsil alır.
Qərb ölkələrində geniş yayılan bu aləti öz
fitri istedadı ilə “özününküləşdirməyi”
bacarır.

Lakin Qəmbərin musiqi bəstələməyə olan


hədsiz marağı onu bir an belə, rahat
buraxmır. Bu cəhət o dövrdə texnikumda
çalışan görkəmli musiqi pedaqoqlarının
da diqqətindən yayınmır. Qəmbəri orta
ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə
keçirirlər. O, burada Q.Z.Buruşteynin
sinfində təhsilini davam etdirir. Çox
keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox
zəruri olan qabiliyyətləri özünü göstərir. O,
görkəmli dramaturq Cəfər Cabbarlının
sözlərinə “Tellər oynadı” romans-
mahnısını bəstələyir. 50 ildən çox bir
müddətdə ağızlardan düşməyən bu gözəl
vokal əsəri ilə gənc Qəmbər istedadlı bir
bəstəkar olacağını təsdiqləyir.

1939-cu ildə Qəmbər Hüseynli milli


musiqimizin beşiyi olan Şuşanın Musiqi
Texnikumuna direktor vəzifəsinə
göndərilir. O, burada cəmi bir il çalışsa da,
əhəmiyyətli işlər görməyə müvəffəq olur.

Bir il sonra Qəmbər Hüseynlini yenidən


Bakıya dəvət edirlər. O, filarmoniyanın
nəzdində fəaliyyət göstərən Azərbaycan
Xalq Çalğı Alətləri Orkestrində dirijor
köməkçisi vəzifəsində çalışmaqla yanaşı,
Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə
yaranan Sazçı Qızlar Ansamblının həm
təşkilatçısı, həm də bədii rəhbəri işləyir.

Gənc bəstəkar 1951-ci ildə yenidən


A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi
məktəbinin bəstəkarlıq şöbəsinə daxil
olaraq professor B.İ.Zeydmanın sinfində
təhsilini davam etdirir. Üç ildən sonra
tanınmış şair Mirmehdi Seyidzadənin
librettosu əsasında diplom işi kimi “Qızıl
quş” operasını yazaraq, 1954-cü ildə
həmin məktəbi müvəffəqiyyətlə bitirir.

Görkəmli bəstəkarın yaradıcılığında


mahnı və romans yaradıcılığı mühüm yer
tutur. Unudulmaz sənətkarın romans
lirikasının zirvəsi sayılan “Ay işığında”,
“Gecələr uzanaydı”, “İlk məhəbbət”,
“Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və
s. əsərlərindəki zərifliyə heyran
qalmamaq mümkün deyil.

Ancaq bəstəkarın mahnı çələngində öz


təravəti, xalq təranələri ilə könüllər
oxşayan, bütün dünyanı diyar-diyar
dolaşan bir sənət incisi də var -
“Cücələrim”. Qəmbər Hüseynli deyəndə
“Cücələrim”, “Cücələrim”in sədası
yayılanda isə Qəmbər Hüseynli yada
düşür. Şair Tofiq Mütəllibovla birgə hələ
1948-ci ildə bu gözəl sənət incisini
yaratmaq böyük sənət uğuru idi.
“Cücələrim” o vaxtdan indiyə qədər
dünyanın 100-dən çox xalqının dilinə
tərcümə olunub. Dünyada “Cücələrim”
qədər geniş yayılan, yüz milyonlarla
uşaqların və böyüklərin - müxtəlif
nəsillərdən olan adamların zövqünü
oxşayan ikinci bir Azərbaycan mahnısı
yoxdur. Sənətşünasların, sənət
bilicilərinin yekdil rəyinə görə, indiyə kimi
“Cücələrim” qədər öz müəllifini bütün
dünyada tanıtdıran ikinci mahnı olmayıb.
Bu mahnı sanki Azərbaycanın “vizit
vərəqi”nə çevrilib. 1955-ci ilin payızında
sovet nümayəndə heyəti İsveçrədə
qarşılanarkən qonaqları bir qrup İsveçrə
məktəblisi “Cücələrim” mahnısının ifası
ilə salamlayır. Bu, Azərbaycan
musiqisinin sərhədləri aşması demək
idi.Vaxtilə kino xadimlərimiz Fransada
olarkən dünya şöhrətli Çarli Çaplin
gələnlərin Azərbaycandan olduqlarını
biləndə piano arxasına keçərək
“Cücələrim”i ifa edir və qonaqlara üz
tutuaraq deyir: “Demək siz bu
melodiyanın vətənindənsiniz?! Məndən o
bəxtəvər bəstəkara salam yetirin!”

Simli kvartet, fortepiano üçün pyeslərin,


dram tamaşalarına musiqinin və
mahnıların, o cümlədən dünyanın bir çox
ölkəsində məşhur olan "Cücələrim"
mahnısının müəllifidir.

Xatirəsi
2018-ci ilin yanvarında Gəncədə
bəstəkarın heykəli ucaldılıb.[1]

İstinadlar
1. İnterAz (04.01.2018). "Gəncədə
bəstəkar Qəmbər Hüseynlinin abidəsinin
açılışı olub" (az). Youtube.com .
https://www.youtube.com/watch?
v=DedkBHtLSzA . İstifadə tarixi: 2018-01-
04.

Mənbə
"Sənət fədaisi". Vidadi Xəlilov. Ömür
yollarında. Bakı: Nərgiz, 2012. - səh.
163.

Xarici keçidlər
Dünyamızda gözəl səsi qalan bəstəkar
Səda - Qəmbər Hüseynli 100
(20.04.2016)

Mənbə — "https://az.wikipedia.org/w/index.php?
title=Qəmbər_Hüseynli&oldid=4186281"

Last edited 5 months ago by Babək…

Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA


3.0 çərçivəsində yayımlanır.

You might also like