You are on page 1of 1

“Azərbaycan məktəbi” 2017/1

Arxivimizdən
TƏVAZÖKAR MüƏLLİM
Əli Vəliyev
1926-27-ci illərdə “Şərq qadını” jurnalında – “Yasay”, “Yanlış intiqam” adlı hekayələr çıxırdı. Bu
yazılarda bahar təravəti, bənövşə qoxusu duyulurdu. Əsər sahibinin isti və geniş qəlbə, dərin mühakiməyə,
səlis dilə, zəngin təxəyyülə malik olduğu görünürdü. O zaman hələ çox gənc olan bu oğlanda yaradıcılıq
qabiliyyəti, istedad, yazıçılıq, yazmaq və yaratmaq bacarığı, özünü göstərirdi.
1923-cü ildə Bakı Pedaqoji Texnikumunu bitirmiş bu gənc olduqca təvazökar və özünə qarşı
həddindən artıq tələbkardır. Bu gənc Azərbaycan SSR Baş Soveti Prizidumunun fərmanı ilə əməkdar müəllim
adını alan Mirəli Axundovdur.
15-16 il bundan qabaq ədəbiyyatla müntəzəm surətdə məşğul olan şirin, dadlı və maraqlı hekayələr
yazan Mirəli indi başqa sahədə çalışır. Mirəli hansı sahədə çalışırsa müvəffəq olur. Bunun sirri ondan ibarət
idi ki, o öz üzərində müntəzəm surətdə çalışır, loğalanmır, öz əməyindən həzz alır. Mirəli yaxşı bilir ki, öz
yaratdığından razı, öz yaradıcılığının yüksək nöqtəyə çatdığını iddia edən hər bir sənətkar yüksək inkişafdan
məhrumdur. Bu nöqteyi-nəzərdən Mirəli Axundovun keçdiyi həyat yoluna nəzər saldıqda onun həmişə boy
atdığını, yüksəldiyini, yaxşı bar verdiyini görürük.
Azərbaycan Dövlət Darülfünununu bitirdikdən sonra biliyini artırmaq, məlumatını təkmilləşdirmək
və yaxşı alim olmaq üçün Moskvada İkinci Darülfünununun aspiranturasına daxil olmuş və burada biologiya
elmləri namizədi rütbəsini almışdır.
1935-ci ildən bu vaxta kimi Kirov adına Azərbaycan Dövlət Darülfünunununda işləyir, hazırda
biologiya fakültəsinin dekanı, “Genetika və Darvinizm” kafedrasının müdiridir. Mirəli Axundovun 40 yaşı
vardır. Yaşının tən yarısını müəllimlikdə keçirmişdir. O, müəllimliyini çox sevir, təlim-tərbiyəyə verdiyi
yüzlərcə tələbələr, indi orta məktəblərdə dərs verir, cəbhələrdə qəhrəmanlıqla vuruşur, elmi müəssisələrdə
tədqiqat işləri aparır. “Darvinizmin bəzi məsələləri”, iki hissədən ibarət “Darvinizm” (ali məktəblər üçün dərs
kitabı), “Təkamül təliminin terminologiyası” kimi əsərlər Mirəli qələmindən çıxmışdır.
Bu çalışqan alim, həm də çox həssas insandır. Onu həm müəllim yoldaşları, həm də tələbələr çox
sevir. Mirəli Axundov yalnız dərs verməklə kifayətlənmir, o, müxtəlif jurnalların daimi mühərriridir.
Azərbaycan jurnallarında müntəzəm iştirak etdiyi kimi, Moskva jurnallarında da elmi və nəzəri məqalələr
yazır.
Mirəli yaradıcılığı vətən müharibəsi günlərində həm genişlənmiş, həm də dərinləşmişdir. O,
“German faşizminin irqçilik nəzəriyyəsi və onun ifşası” əsərindən sonra mühüm bir məsələ ilə ciddi surətdə
məşğul olmaqdadır. Çoxdan bəridir ki, Azərbaycanda heyvandarlıq təsərrüfatına böyük zərər vuran qara ciyər
xəstəliyi və onunla mübarizə yolları Mirəli Axundovu düşündürürdü. Müharibə dövründə qəhrəman Qızıl
Orduya və arxadakı vətənpərvərlərə çoxlu ət, yağ, süd, pendir lazım olduğu kimi yun, dəri, gönün də nə qədər
əhəmiyyətli olduğunu Mirəli başa düşür. Bunun üçün də o, 7 mindən artıq heyvan yarmış və tədqiqat işləri
aparmışdır. Laboratoriya işində gözəl nəticələr əldə edilmişdir. Ancaq bu,hələ işin başlanğıcıdır. Mirəli
təcrübəvi olaraq Xaçmaz rayonunda bu xüsusda bəzi işlər gördü.
Bu il Mirəli Axundov Darülfünunun elmi sessiyasında bu xüsusda elmi məruzə söylədi. Sessiyada
iştirak edən bütün professorlar, elmi işçilər və müəllimlər onun məruzəsinə məftun oldular. Mirəli Axundov
bu məruzəsilə nə qədər irəlilədiyini, yüksəldiyini və inkişaf etdiyini bir daha göstərdi.
Mirəli Axundovun yaxşı cəhətləri çoxdur. Biz onların haımsını saymaq fikrində deyilik. Yalnız onun
həssas insanlığını, təvazökarlığını və özünə qarşı tələbkar olduğunu bir daha qeyd etməliyik. Belə ki, özünə
tələbkar olan insanlar həmişə irəliləyir və inkişaf edir.
Tarix göstərir ki, yüksək məlumat və dərin elm sahibləri həmişə təvazökar və özünə qarşı tələbkar
olan insanlardır. Hətta atalar sözündə deyilir ki, “ağac bar gətirdikcə başını aşağı əyər”. Mirəli Axundov da
barlı və meyvəli ağac kimi həmişə başı aşağıdadır. O, çox təvazökardır. Bu qədər yüksəlməsi və inkişaf
etməsinə əsas səbəb də onun təvazökarlığıdır.
Azərbaycan hökumətinin ali mükafatı ona, o da bu mükafata layiqdir.
Biologiya elmləri kandidatı, Azərbaycan SSR əməkdar müəllimi Mirəli Axundova gələcək işlərində
böyük müvəffəqiyyətlər arzu edirik.
“Azərbaycan məktəbi”, 1943, № 1-2

55

You might also like