You are on page 1of 6

 Fənn: Ümumi Gigiyena

 Tələbə: Cəbrayılov Murad


 Qrup: 218A-2b
 Mövzu: İri şəhərlərdə mikroiqlimin
gigiyenik xüsusiyyətləri, insan
orqanizminə təsir edən əsas amillər

2019
İri şəhərlərdə mikroiqlimin gigiyenik xüsusiyyətləri,
insan orqanizminə təsir edən əsas amillər
Havanın fiziki xassələrinə aid olan temperatur, rütubət, hava cərəyanı, atmosfer təzyiqi,
günəş radiasiyası, havanın elektrik halı və ionlaşması müxtəlif amillərin təsiri nəticəsində (ilin
fəsilləri, günün vaxtı, havanın çirklənməsi və s.) daim dəyişirlər və bu dəyişmələr insan
orqanizminə müxtəlif dərəcədə təsir göstərir.

Havanın fiziki amillərindən temperatur, rütubət, hava cərəyanı, atmosfer təzyiqi meteoroloji
amillər kompleksinə aid olub, ərazinin iqlimini və ya məhdud ərazinin (həm də qapalı yerlərin
- binaların, otaqların) mikroiqlimini müəyyən edir. Mikroiqlim göstəricilərinin istər hər biri
ayrılıqda, istərsə də bir neçəsi birlikdə orqanizmə müsbət və ya mənfi təsir göstərə bilər.

   Havanın temperaturu insan orqanizminin istilik tənziminə güclü təsir göstərən


amillərdəndir. Orqanizmdə istiliyin hasil olmağı və verilməsi havanın temperaturunun
dəyişməsi ilə sıx əlaqədardır. Havanın temperaturunun müəyyən hüdud daxilində dəyişmələri
şəraitində orqanizm öz izotermiya vəziyyətini saxlaya bilir. Bu onu göstərir ki, insan
orqanizmi çox mürəkkəb istilik tənzimedici mexanizmə malikdir. Lakin havanın
temperaturunun istənilən səviyyədə dəyişmələrinə orqanizm heç də tam uyğunlaşa bilmir.
Temperaturun uzunmüddətli və kəskin dəyişmələri orqanizm ilə xarici mühit arasında istilik
mübadiləsi prosesinin pozulmasına və patoloji halların baş verməsinə səbəb olur.
Temperaturu yüksək olan hava şəraitinin uzunmüddətli təsiri nəticəsində bədənin
temperaturunun artması, nəbzin sürətlənməsi, ürək–damar sisteminin kompensator
qabiliyyətinin, mədə-bağırsaq sisteminin funksional fəaliyyətinin zəifləməsi və s. müşahidə
olunur. Belə şəraitdə tez, yorulma, zehni və fiziki əmək qabiliyyətinin zəifləməsi baş verir.

   İstilik hasilinin artması ilə müşayiət olunan əzələ işi havanın yüksək temperaturu şəraitində
baş verərsə, bu qısa müddətdə orqanizmin həddindən artıq qızmasına səbəb olur. Belə
vəziyyət əlverişsiz hava şəraitində (yüksək rütubətli və cərəyansız hava) istilik vurması kimi
hallara səbəb olur. Yüksək temperaturlu hava şəraiti sinir sisteminin diqqət, dəqiqlik,
hərəkətlərin əlaqələndirilməsi, reaksiyanın sürəti və s. kimi fəaliyyət növlərinə mənfi təsir
göstərir.

   Soyuq havanın uzun və qısamüddətli təsiri orqanizmdə müxtəlif ümumi və yerli xarakterli
reflektor dəyişikliklər əmələ gətirir. Soyuq havanın təsirindən tənəffüs üzvlərinin, əzələ,
oynaq-bağ aparatlarının və periferik sinir sisteminin xəstəlikləri (rinit, bronxit, pnevmoniya,
miozit, mialgiya, nevrit, radikulit və s.) üçün şərait yaranır, orqanizmin yoluxucu xəstəliklərə
qarşı müqaviməti azalır.

   Hava temperaturunun kəskin və sürətli dəyişmələri sağlamlıq üçün daha təhlükəlidir, çünki
orqanizm belə dəyişikliyə uyğunlaşa bilmir. Hava temperaturunun dəyişməsi ürək qüsuru,
damar sklerozu, böyrək, ağciyər, oynaq xəstəlikləri keçirmiş şəxslər üçün daha təhlükəlidir və
bununla əlaqədar həmin xəstəliklərin ağırlaşması və residivləşməsi baş verir.
   Alçaq və yüksək temperaturlu hava şəraitinin orqanizmə təsiri başqa mikroiqlim
göstəricilərinin, xüsusən havanın rütubəti və cərəyan sürətinin təsiri fonunda tamamilə başqa
xüsusiyyət kəsb edə bilər. Nisbətən alçaq temperatur, yüksək rütubət və yüksək sürətli hava
cərəyanı şəraitində güclü soyuq hissiyyatı yaranır, orqanizmdən istiliyin şüalanma və təmas
yolu ilə verilməsi güclənir. Belə şəraildə orqanizm soyuyur, soyuqdəymə xəstəlikləri (kəskin
respirator xəstəliklər, radikulit, miozit, nevrit və s.) hətta donmalar baş verə bilər. Yüksək
temperatur,  yüksək rütubətli havanın çox kiçik sürətli cərəyanı şəraitində isə orqanizmdən
istiliyin xaric olma yollarının (şüalanma, təmas və buxarlanma) pozulması ilə əlaqədar
istivurma-hipertermiya halı yarana bilər. Bunu nəzərə alaraq havanın temperaturu ilə yanaşı
havanın rütubəti və hava cərəyanının sürətini də öyrənmək lazımdır.

   Hava temperaturunun tədrici dəyişmələri orqanizm üçün zərərli deyil. Belə temperatur
dəyişilmələri orqanizmin istilik tənzimi mexanizmlərini məşq etdirməklə sağlamlaşdırıcı təsir
göstərə bilər. Orqanizmin soyuq hava şəraitinə uyğunlaşma imkanları daha böyükdür ki,  buna
sistematik olaraq alçaq temperaturlu hava, su vannaları, kontrast duşlar və s. əməliyyatlardan
istifadə etməklə nail olmaq olar.

İnsan orqanizmi yüksək temperatur şəraitinə də müəyyən dərəcədə uyğunlaşma qabiliyyətinə


malikdir. İsti hava mühitində orqanizmdə istilik hasili azalır, tərlə bərabər piy ifrazı da artır.
Tərlə ifraz olan piy dəri səthində bərabər dərəcədə yayıldığından, həm tərin buxarlanması,
həm də orqanizmdən istiliyin verilməsi prosesləri sürətlənir və orqanizm müəyyən dərəcədə
istilik müvazinətini saxlaya bilir.

   Hər bir ərazinin mikroiqlim şəraitini qiymətləndirdikdə havanın temperaturu ilə bərabər
ətrafda olan əşya və cisimlərin də temperaturunun təyin edilməsi mühüm praktik əhəmiyyət
kəsb edir. Çünki həmin sahədə olan isti və soyuq əşyaların təsiri altında orqanizmin istilik
tənzimi prosesində mühüm dəyişikliklər baş verir. Bütün göstərilənlər sübut edir ki, insanların
mənzil və əmək şəraitini, atmosfer havasının mikroiqlim göstəricilərini, istifadə edilən texniki
qurğuların (kondisioner, qızdırıcı, ventilyasiya və s.) işini gigiyenik cəhətdən
qiymətləndirdikdə temperaturun təyin edilməsi mühüm əhəmiyyət kəsb edir.

   Havanın temperaturunu ölçmək üçün termometrlərdən istifadə olunur. Bunlara adi


maksimal, və minimal termometrlər aid edilir. Adi termometrlər civəli və spirtli olmaqla
müayinə aparılan müddət ərzində havanın temperaturunu göstərir. Maksimal termometrlər
adətən civəli olub, müayinə müddətində havanın maksimal temperaturunu, minimal
termometr isə spirtli olub, müayinə dövründə havanın minimal temperaturunu göstərir. Adi
termometrlər kimi havanın rütubətini ölçmək üçün tətbiq olunan sorucu psixometrin quru
termometrindən də istifadə etmək olar.

   Bəzən istehsalat otaqlarında yüksək temperatura malik şüa istiliyi mənbələri olduqda
orqanizmə konveksiya və şüa istiliyi birgə təsir edir. Belə şəraitdə insan nəinki havanın
temperaturunun təsirinə məruz qalır, həm də, o, qızmış səthlərin şüa istiliyi zonası şəraitində
olur. İstehsalat şəraitində insan qeyri–bərabər istilik yükünə məruz qaldığından, şüa istiliyinin
öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə şəraitdə birgə təsir qüvvəsinə malik olan bütün
növ şüaların istilik temperaturu təyin edilir. Bu məqsədlə kürəli termometrdən istifadə olunur.
Cihaz boş kürənin içərisinə daxil edilən termometrdən ibarətdir: Kürənin səthi məsaməli 
nopoliuretan materialı ilə örtülmüşdür ki, bu, insanın dərisinin infraqırmızı şüaları
adsorbsiyaetmə əmsalına müvafiqdir.
   Havanın rütubəti. Atmosfer havasının tərkibində həmişə müəyyən miqdarda su buxarları
olur ki, bu da havanın rütubətini yaradır. Su buxarları havaya açıq su mənbələrindən
(okeanlardan, dənizlərdən, çaylardan, göllərdən) daxil olur, otaq şəraitində isə məişət işləri
(paltar yumaq, xörək bişirmək, yuyunma və s.) ilə əlaqəli suyun istifadəsi nəticəsində toplanır.

   Havanın rütubətinin gigiyenik əhəmiyyəti havanın temperaturu və cərəyan sürəti ilə birlikdə
orqanizmin istilik tənzimi prosesində iştirak etməsindədir. Çünki müxtəlif hava və iqlim
şəraitində havanın temperaturu, rütubəti və cərəyan sürəti göstəriciləri arasında münasibət
istilik tənzimi prosesində mühüm dəyişikliklərə səbəb ola bilər.

   Quru, nisbətən az rütubətli hava (60%-dən az) rütubəti yüksək olan havadan daha əlverişli
və daha az zərərli hesab edilir. Lakin rütubəti çox alçaq olan (20%–dən az) hava selikli
qişaların qurumasına, çatlamasına, onlarda patoloji proseslərin baş verməsinə şərait yaradır.
Havanın rütubətini səciyyələndirmək üçün aşağıdakı anlayışlardan istifadə edilir:

   Mütləq rütubət (K) - müayinə vaxtı 1 m3 havada olan su buxarlarının qramlarla miqdarı və
ya havada olan su buxarlarının mm civə sütunu ilə gərginliyidir;

   Maksimal rütubət (F) - müayinə aparılan şəraitdə 1 m3 havanı doydurmaq üçün lazım olan
su buxarlarının qramlarla miqdarı və ya müəyyən temperaturda tam doymuş havada olan su
buxarlarının mm civə sütunu ilə gərginliyidir;

   Nisbi rütubət (R) - mütləq rütubətin maksimal rütubətə olan nisbətinin faizlə ifadəsinə
deyilir.

   Doyma defisiti – maksimal rütubətlə mütləq rütubətin fərqidir;

   Fizioloji doyma defisiti –37°C temperaturda havanın maksimal rütubəti ilə müayinə zamam
olan mütləq rütubət arasındakı fərqdir;

   Şeh nöqtəsi - bu elə temperatur dərəcəsidir ki, havada olan su buxarları havanı doydurur və
artıq miqdarı şeh şəklində yerə düşür. Rütubəti səciyyələndirən göstəricilərdən böyük
gigiyenik əhəmiyyəti olan və geniş istifadə edilən nisbi rütubətdir ki, bunun otaq şəraitində
səviyyəsinin 30-60% arasında olması normal hesab edilir.

   Havanın rütubətini təyin etmək üçün aşağıdakı cihazlardan istifadə edilir: psixrometrlər,
hiqrometr və hiqroqraf. Psixrometrlərin iki növü vardır: 1) Avqust psixrometri; 2) sorucu
Assman psixrometri.

   Hava cərəyanının sürəti və istiqaməti insanların sağlamlığında müəyyən rol oynayan,


ərazinin hava və iqlim göstəricilərinə təsir edən meteoroloji amillərdəndir. Məlumdur ki,
müxtəlif yerlərdə Yer səthinin qeyri-bərabər dərəcədə qızması nəticəsində temperaturlar və
təzyiqlər fərqi yaranır. Nəticədə yüksək təzyiqli sahədən alçaq təzyiqli sahəyə hava axını
əmələ gəlir. Havanın belə axınına külək deyilir. Hava cərəyanı həm bilavasitə, həm də dolayı
yolla insanların sağlamlığına təsir göstərir, yaşayış məntəqələrinin havasının temperatur və
rütubətin dəyişilməsində, zərərli atmosfer qarışıqlarının (qaz, buxar, tüstü, toz)
uzaqlaşdırılmasında fəal iştirak edir. Hava cərəyanı özü ilə isti və soyuq, quru və rütubətli
hava axını gətirərək havanı və iqlimi dəyişdirməklə də əhalinin sağlamlığına təsir göstərə
bilir. Siklon, antisiklon, musson, briz və s. tipli küləklər belə hava cərəyanlarına misaldır.
Hava cərəyanının sürəti yüksək olduqda insanın hərəkətinə və fıziki iş görməsinə mane
olmaqla orqanizmin artıq miqdarda enerji sərfinə səbəb olur. Hava cərəyanının sürəti
orqanizmin istilik mübadiləsinə tənəffüs və psixi fəaliyyətinə bilavasitə təsir edir. Belə ki,
sürətli hava cərəyanı tənəffüs aktını çətinləşdirir və mərkəzi sinir sisteminə qıcıqlandırıcı təsir
göstərir. Mülayim və sərin hava cərəyanı, xüsusən ilin isti fəslində insanların əhval-
ruhiyyəsinə və psixi fəaliyyətinə stimuləedici təsir göslərə bilər. Soyuq hava və su vannaları
qəbul etməklə orqanizmi möhkəmlətmək və soyuqdəymə xəstəliklərinə qarşı orqanizmin
müqavimət qüvvəsini artırmaq mümkündür. Bununla əlaqədar insanların fəaliyyət
göstərdikləri otaq havasında hava cərəyanı sürətinin parametrlərinin gözlənilməsi mühüm
gigiyenik əhəmiyyət kəsb edir. Belə ki, mənzillərdə, dərs otaqlarında, uşaq müəssisələrində
0,1-0,3 m/san hava cərəyanı sürəti norma hesab edilə bilər, idman salonlarında 0,5-0,6 m/san,
istehsalat müəssisələrinin isti sexlərində 1,0-1,5 m/san olması məsləhət görülür. Açıq hava
şəraitində isti aylarda havanın cərəyan sürəti nisbətən yüksək olmalıdır (1-4 m/san-yə qədər).
Hava cərəyanının sürəti 6-7 m/san-dən yüksək olduqda onun xoşagəlməz, qıcıqlandırıcı təsiri
hiss edilməyə başlayır.

   Hava cərəyanını səciyyələndirən digər göstərici onun istiqamətidir. Hava cərəyanının


istiqamətini küləyin hansı cəhətdən əsməsinə əsasən təyin edirlər. Küləyin hökmran
istiqamətinin gigiyenik əhəmiyyəti olduqca böyükdür və bu göstərici yaşayış məntəqələrinin
planlaşdırılması və tikintisi zamanı nəzərə alınmalıdır. Belə ki, yaşayış zonası hakim
küləklərin istiqamətinə  nisbətən elə salınmalıdır ki, sənaye müəssisələrinin havaya buraxdığı
tullantılar küləyin axını ilə yaşayış zonasından uzaqlaşdırılsın, əks halda həmin tullantılar
yaşayış zonasının havasını çirkləndirməklə əhalinin sağlamlığına və məişət-yaşayış şəraitinin
sanitariya vəziyyətinə zərərli təsir göstərə bilər. Küləyin hakim istiqaməti sənaye müəssisələri
ərazisində zərərli sexlərin, xəstəxana tikintilərində isə yoluxucu xəstəliklər şöbələrinin və s.
yerləşdirilməsində nəzərə alınmalıdır.

   Hava cərəyanının sürətini təyin etmək məqsədiylə pərli və kasalı anemometrlərdən, flyüger


və katatermometrlərdən istifadə edirlər. Ölçü  vahidi m/san-dir.

   Atmosfer təzyiqi. Yer kürəsini əhatə edən hava təbəqəsi (atmosfer) yerin səthinə, insanların
orqanizminə müəyyən təzyiq göstərir və bu təzyiq atmosfer təzyiqi adlanır. Sakit hava
şəraitində atmosfer təzyiqi gün ərzində (2-3 mm) və ilin fəsillərindən asılı olaraq müəyyən
dəyişikliklərə (10-40 mm civə sütunu hüdudunda) uğrayır və bu, sağlam adamlar üçün təsirsiz
keçir. Lakin atmosfer təzyiqinin dəyişilməsindən asılı olaraq küləklərin gücünün və
istiqamətinin, havanın temperaturunun, yağıntıların miqdarının dəyişməsi insanların
sağlamlığına təsir göstərir.

   Müşahidələr göstərir ki, artritlər, stenokardiya, ağciyər vərəmi, bronxial astma, hipertoniya
və s. xəstəliklərə tutulan şəxslər atmosfer təzyiqinin dəyişilmələrini tez hiss edir. Onlarda bu
xəstəliklərin gedişi ağırlaşır, böyük sümük sınıqları və cərrahiyyə əməliyyatı aparılmış
nahiyələrdə ağrılar, xoşa gəlməyən sızıltı, göynəmə, narahatlıq hissiyyatı yaranır. Əlbəttə,
təbii şəraitdə atmosfer təzyiqinin orqanizmə müstəqil təsirini qiymətləndirmək çətindir. Çünki
insan orqanizmi eyni vaxtda havanın fiziki amillərinin birgə təsirinə məruz qaldığından, ayrı-
ayrı üzv və sistemlərin fəaliyyətində baş verən dəyişikliyin hansı amilin təsirindən asılı
olduğunu aydınlaşdırmaq olmur. Bununla belə, insan yaşayış və əmək şəraiti ilə əlaqədar
atmosfer təzyiqinin böyük dəyişikliyinə məruz qala bilər. Belə ki, yerin dərin qatlarında,
suyun altında işləyən şəxslər yüksək təzyiq şəraitində olurlar və bu təzyiq özlüyündə o qədər
də qorxulu deyil. Lakin belə şəraitdən normal atmosfer təzyiqi şəraitinə sürətlə çıxdıqda,
kesson şəraitində qanda həll olmuş azot qazının tənəffüslə xaric olması çətinləşir, qan
damarlarında qovucuqlar əmələ gəlir və qaz emboliyası baş verir, kesson xəstəliyi adlanan
patoloji proses inkişaf edir. Kesson xəstəliyi zamanı oynaqlarda, əzələlərdə şiddətli ağrılar baş
verir, orqanizmin ümumi fəaliyyəti pozulur. Əgər qaz emboliyası həyat üçün vacib olan qan
damarlarında baş verərsə (ürək, beyin, ağciyər) xəstəliyin nəticəsi həyat üçün təhlükəli ola
bilər.

   Əmək qabiliyyəti ilə əlaqədar olaraq adamlar (dağ yolu salanlar, körpü tikənlər. elektrik
xətti çəkənlər və s.) alçaq atmosfer təzyiqi şəraitində də işləməli olurlar.

   Belə şərait yerin səthindən yüksəkliyə qalxdıqda müşahidə edilir. Bu zaman atmosfer
təzyiqi azalır və bu, oksigenin parsial təzyiqinin də azalmasına səbəb olur. Oksigenin parsial
təzyiqinin azalması onun ağciyərlərdən qana, oradan isə toxuma və hüceyrələrə lazımi
miqdarda keçməməsinə səbəb olur, orqanizmdə oksigen çatışmazlığı  - hipoksiya əlamətləri
baş verir. Belə xəstəlik hündürlük və ya dağ xəstəliyi adlanır. Oksigen aclığına beyin
hüceyrələri daha həssas olduğundan, mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması
əlamətləri – baş gicəllənməsi, əzələlərin zəifləməsi, hərəkətlərin koordinasiyasının pozulması,
hallüsinasiyalar, nəbzin və tənəffüsün tezliyinin artması, burundan qanaxma, kapillyarların
spazmı və s. baş verir. Sonra iradənin, yaddaşın, diqqətin zəifləməsi, yuxululuq kimi
əlamətlər, bağırsaq boşluqlarında olan qazların genişlənməsi (meteorizm), burun
boşluqlarında, əzələ və oynaqlarda ağrılar müşahidə olunur, ağciyərlərin həyat tutumu azalır.
Nəzərə almaq lazımdır ki, oksigen çatışmazlığı əlamətləri 2500–3000 m hündürlükdə özünü
göstərməyə başlayır. Göstərilən simptomların baş verməsində atmosfer təzyiqinin azalması da
mühüm rol oynayır.

   Bütün bunlar göstərir ki, atmosfer təzyiqi insanların sağlamlığına mühüm təsir göstərən
xarici mühit amillərindən biridir və hava şəraitini gigiyenik cəhətdən qiymətləndirdikdə
atmosfer təzyiqini də səciyyələndirmək lazımdır.

Atmosfer və ya barometrik təzyiqin ölçü vahidi kimi mm civə sütunu, millibar (mb), Paskal
göstəriciləri qəbul edilmişdir.

You might also like