You are on page 1of 3

“ADU SABAH-da ilk tədris ilim”

Bu yazını yazmaq mənim üçün həm kədərli, həm xoşbəxt, həm də fərəhləndiricidir.
Düzünə qalsa, hardan başlayacağımı da bilmirəm.  İlk ilimin belə tez uçduğuna görə
çox kədərlənirəm, amma yenə də universitet karyeramın qalan hissəsini həyəcanla
gözləyirəm. İlk dövrlərdə məktəbi təzəcə bitirmiş biri üçün universitet həyatı biraz
qarışıq gələ bilər, çünkü biz artıq yeni bir mühitdə yeni bir həyata ilk addımlarımızı
atırıq. Hər birimiz universitetə qəbul olduqdan sonra artıq həyatımızı universitet
həyatına uyğunlaşdırmağa çalışırıq. Bu mərhələdə isə ən böyük çətinlik mənim üçün
buradadakı yeni insanlarla tanış olmaq və yeni münasibətlər qurmaq idi. Lakin,
müəyyən qədər qapalı biri olduğum üçün bu mənə çox ağır bir yük kimi görünürdü.
Universiteti daha maraqlı bir yer halına gətirmək üçün hər kəsin tənhalıq qabığından
çıxmaq və yeni bir dostluğa yelkən açması lazımdır. Mən də buna əsaslanaraq öz
qapalı qutumdan çıxmağa çalışırdım. Lakin nədənsə bu məndə alınmırdı və bütün
bunlar məndə məyusluğa səbəb olurdu. Bəzən özümü çox tənha hiss edirdim. Artıq
universitetin ilk bir neçə ayını bitirdikdən sonra ətrafımda mənlə universitetdə birgə
vaxt keçirə biləcək barmaqla sayılacaq qədər də olsa dostlarım vardı. Kədərlə qeyd
edə bilərəm ki, universitetin ilk smestrini bitirdikdən sonra artıq universitetə davam
etmək üçün özümdə motivasiya belə hiss etmirdim. Ancaq bu çətin dövrü aşdım və
özümü toparladım. Həm universitet daxilində, həm də universitetdən kənar başqa
tələbələrlə, insanlarla dərin dostluq bağları qurdum. Bundan əlavə, daha sosyal biri
olmaq və çevrəmi böyütmək üçün müxtəlif layihələrdə, forumlarda, təlimlərdə və s.
iştirak edirdim. Bununla yanaşı çalışırdım ki, daha çox kitab oxuyum və özümü
inkişaf etdirim. Çünki anlamışdım ki, universitetin bizə verəcəyi adi kağız parçası ilə
həyatda bir şey əldə etmək olmaz. Yeni şeylər öyrənmək və özünüinkişaf etdirmək bu
yolda daha vacibdir. Həmçinin, bu dövrdə öyrəndiyim ən önəmli şey isə əzmkarlıq və
dözüm oldu. Artıq içinəqapanıq mən getmiş sanki yerinə daha özgüvənli biri
gəlmişdi. Bütün bunlar məndə ruh yüksəkliyinə təkan vermişdi. Beləliklə, daha çox
öyrənmək və arzularımı reallaşdırmaq üçün stimul əldə etmişdim.
Universitetin ikinci smestrində Təhsil Nazirliyinin “Sabah” qrupları layihəsi ilə
bağlı araşdırmağa başladım. Tələbəlik həyatımı canlandırmaq, daha çox prestij əldə
etmək və yeni dostlar qazanmaq üçün bu layihəyə hazırlaşmağı qərara aldım.
İnanırdım ki, “Sabah” qruplarına qəbul universitet həyatımda yeni bir dönüş nöqtəsi
olacaq və üfüqlərimi genişləndirəcəkdir. Müsabiqədə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən
edilmiş ixtisaslar  üzrə I kursda əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin
nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi yuxarı
olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərdilər. Mən də bu fürsətdən
istifadə edərək müsabiqədə iştirak üçün müraciət etdim. 2018/2019-cu tədris ili üçün
“SABAH qruplarına tələbələrin seçimi qaydaları” ilə tanış  olduqdan sonra
müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün elektron ərizə doldurdum. Növbəti
mərhələdə isə məni daha bir sınaq gözləyirdi. Bu test mərhələsi idi. Şükürlər olsun ki,
test mərhələsini də müvəffəqiyyətlə bitirdim və final mərhələsinə, yəni müsahibəyə
dəvət olundum. Bu mərhələ isə ən çox həyəcanlı olduğum mərhələ idi. Buna görə də,
əvvəlcədən müəyyən qədər üzbəüz müsahibəyə özümü hazırlamağa çalışırdım.
Nəhayət, müsahibə günü gəlib çatmışdı və mən demək olar ki, həyəcandan
titrəyirdim. Buna baxmayaraq özümə inanırdım və nə yaxşı ki bu mərhələni də uğurla
başa çatdırdım və yeni tədris ilindən təhsilimi “Sabah” qruplarında davam etdirməyə
başladım.

“Sabah” qruplarına qəbul olunduğum andan bəri həm rəhbərlik, həm də


müəllimlər tərəfindən xüsusi diqqət və qayğı gördüm. Buradakı müəllimlər ən az
bizim qədər nəticələrimizə görə həyəcan keçirirlər. Burda tanadığım insanlar mənim
üçün motivasiya qaynağı oldu. Qazandığım dostluqlar “Sabah” qruplarının mənə
qazandırdığı ın böyük hədiyyədir. Demək olar ki, hər gün bu doğma kollektiv ilə
görüşməkdən zövq alırdım, amma təəssüflər olsun ki, bütün dünyada və ölkəmizdə
COVİD-19 virusunun yayılması ilə əlaqədar olaraq bu səmimi kollektivlə
münasibətimiz hal-hazırda distant olaraq davam edir. Müəllimlər çətinliklərə
baxmayaraq bizi düşünərək hər gün bizlərə onlayn qaydada tədris keçməyə və bizi
savadlandırmağa davam edir. Peşəkar, təcrübəli və səmimi müəllimlərdən dərs almaq
həqiqətən də mənim üçün çox xoş oldu. Fikrimcə, istənilən uğura çatmaq üçün mühit
önəmlidir və Azərbaycan Dillər Universitetinin “Sabah” qrupları da bizi bu mühitlə
əhatə edir.

You might also like