You are on page 1of 2

Növbəti büdcə ili üzrə yeni siyasət təşəbbüslərinin büdcə xərclərinə və gəlirlərinə

təsirləri və buna dair izahat


2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin ilkin layihələri hazırlanarkən
büdcə parametrləri 2019-cu ildən tətbiq edilməyə başlanılmış büdcə qaydasına uyğun
olaraq hesablanmışdır. Büdcənin sabitliyini və dövlət maliyyə sisteminin uzunmüddətli
dayanıqlığını təmin etmək məqsədilə “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununda və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18
dekabr tarixli 411 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə
xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda müvafiq dəyişikliklər edilərək
icmal büdcə xərclərinin yuxarı həddinin qüvvədə olan 3 faizlik artım məhdudiyyəti
saxlanılmaqla növbəti il üçün inflyasiya (4,6 faiz) proqnozu nəzərə alınaraq müəyyən
edilməsi təklif edilmişdir.
Təklif olunan qayda əsasında hesablanan layihədə icmal büdcə xərclərinin yuxarı
həddi 2019-cu illə müqayisədə 2117 milyon manat və ya 7,7%, ilkin layihəyə nisbətən isə
1296 milyon manat və ya 4,6% çoxdur.
Bu zaman Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq
olunmuş 2020-ci il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili
məhsula nisbətinin hədəf göstəricilərində (30,1%) kənarlaşmaya yol verilməməklə bu
göstərici 29,1 faizə bərabər olacaqdır.
Eyni zamanda 2020-ci ildə sosialyönlü təşəbbüslərin həyata keçirilməsi üçün əlavə
222,0 milyon manat ehtiyatın yaradılması yeni vəzifə kimi qarşıya qoyulmuşdur ki,
yenilənmiş büdcə layihəsi bu vəzifənin tam icrasına imkan verəcəkdir.
Nəticə etibarilə 2019-cu ildə tətbiq olunmuş və 2020-ci ilə proqnozlaşdırılan
artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində cəm olaraq 4,0 milyard manatadək
əlavə vəsait nəzərdə tutulmuşdur.
Bütün bunlar nəzərə alınmaqla 2020-ci il üçün dövlət büdcəsinin sosialyönlü
xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və
müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması
xərclərinin cəmi) 10373,7 milyon manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2019-
cu illə müqayisədə 2605,8 milyon manat və ya 33,5 faiz çoxdur.
Sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5 faiz
təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 7,7 faiz-bənd çoxdur.
Son 5 ildə, yəni 2016-cı illə müqayisədə 2020-ci ildə sosialyönlü xərclər 1.7 dəfə,
büdcə xərclərinin tərkibində isə xüsusi çəkisi 3,4 faiz-bənd artmışdır.
Qlobal enerji qiymətlərinin volatilliyi fonunda iqtisadiyyatın neft sektorundan
asılılığının azaldılması hədəflərinə uyğun olaraq, büdcənin qeyri-neft gəlirlərinin
artırılması ortamüddətli dövrdə gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaqdır.
Bu əsasda, kölgə iqtisadiyyatının, qeyri-rəsmi məşğulluğun səviyyəsinin
azaldılması və şəffaflığın artırılması istiqamətində tədbirlər davam etdiriləcək,
vergitutma bazası genişləndiriləcək və vergi inzibatçılığı təkmilləşdiriləcəkdir.
Bununla əlaqədar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmışdır.
Layihə 60 maddədən ibarət olmaqla, Məcəllənin 154 maddə və yarımmadəsini əhatə
edir. Dəyişikliklər aşağıdakı məqsəd və hədəflərin reallaşdırılmasını təmin edəcəkdir:
1. Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin
edilməsi;

1.1. Yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə


qarşı mübarizənin aparılması;
1.2. Riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi;
1.3. Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi;

2. ƏDV inzibatçılığının təkmilləşdirilməsi;


3. Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq
fəaliyyətinin təşviq edilməsi;
4. Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün
azaldılması;
5. Sahibkarlıq subyektlərinin və büdcənin vergi yükünün azaldılması;
6. Vergitutma bazasının genişləndirilməsi;
7. Beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə
yetirilməsi.

Eyni zamanda, idxal əməliyyatları ilə bağlı vergi və gömrük ödənişlərinin dövlət
büdcəsinə daxilolmaları üzrə vahid nəzarət mexanizminin (inzibatçılığın) tətbiqinin
genişləndirilməsi bu sahədə yığımların artımına müsbət təsir göstərəcəkdir.
Qeyd olunanlarla yanaşı növbəti ildən mərhələli şəkildə ölkədə icbari tibbi
sığortanın tətbiqinə başlanılması nəzərdə tutulmuşdur.
İcbari tibbi sığortanın tətbiqinin əhatə dairəsi genişləndirilməsi mərhələli şəkildə
ayrı-ayrı şəhər və rayonlar daxil edilməklə həyata keçirilir. İcbari tibbi sığortanın tətbiqi
ilə bağlı xərclər də nəzərə alınmaqla dövlət büdcəsinin səhiyyə xərcləri cari illə
müqayisədə 326,0 mln. manat və ya 31,3 faiz artırılmışdır.
Mədəniyyət, incəsənət, informasi, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən
olan digər fəaliyyət bölməsi üzrə Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyinə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XXXII Yay
Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı 10032,0 min manat, XVI yay Paraolimpiya
Oyunlarında iştirak üçün 700,0 min manat vəsait növbəti ilin dövlət büdcəsində nəzərdə
tutulmuşdur.
Kənd təsərrüfatı bölməsi üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin
kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanması və Aqrar sığorta fondunun
nizamnamə kapitalının formalaşdırılması üçün növbəti ilin dövlət büdcəsində 5000,0 min
manat vəsait nəzərdə tutulmuşdur.
Azərbaycan Republikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə
lisenziyasız proqram təminatının istifadəsinin aradan qaldırılması tədbirlərinə və hökümət
idarələrarası xidmətlərinin təşkili üçün “Bulud” texnologiyasının tətbiqi üçün 40500,0 min
manat vəsait növbəti ilin dövlət büdcəsində nəzərdə tutulmuşdur.

You might also like