You are on page 1of 56

Qunnar Qunnarson

ADVENT

Məsum çobanın əhvalatı

Orijinaldan tərcümə edən:


Anar Rəhimov
Gunnar Gunnarson
ADVENT

Qunnar Qunnarsonun bayram haqqında heyrətamiz hekayəti. Əsər real


hadisələr əsasında yazılmışdır. Hər il Milad bayramı ərəfəsində artıq heç
də cavan olmayan Benedikt itmiş qoyun-quzunu toplamaq və onları
ölümdən qurtarmaq üçün dağlara yollanır. Ona bu işdə etibarlı dostu Leo
və cəsur qoyun Çətin kömək edir. Bu dəfə isə onlar qar basmış yollarda,
uca dağlarda yalnız itmiş qoyun-quzunun həyatı üçün deyil, həm də öz
həyatları üçün mübarizə aparmalı olacaqlar. Dostluq, cəsarət və təbiətlə
mübarizə aparmaq haqqında roman.
Ətrafda heç nə yoxdur, yalnız ulduzlar, qar və dağlar...
Gunnar Gunnarson ADVENT
Qunnar Qunnarson ADVENT
Bakı, Qanun nəşriyyatı, 2018, 96 səhifə
Çapa imzalanmışdır: 02.07.2018

Orijinaldan tərcümə edən: Anar Rəhimov


Redaktor: Ceyran Abbasova

Qanun nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/Qanunpublishing

ISBN 978-9952-36-561-0

© Qanun nəşriyyatı, 2018


© Gunnarsstofnun, 1936
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları
Qanun nəşriyyatına məxsusdur. Kitabın təkrar və hissə-hissə nəşri
«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında»
Azərbaycan Respublikasının Qanununa ziddir.
Advent
(Məsum çobanın əhvalatı)

Bayram yaxınlaşanda hər kəs hazırlıq görməyə başlayır. Hərə bayrama


bir cür hazırlaşır. Elə Benediktin də bayrama hazırlaşmağa öz üsulu vardı.
Milad bayramının lap əvvəlində, birinci bayram bazarında – Advent günü,
təbii ki, hava icazə verəcəyi təqdirdə o öz xurcununa bir az normadan
çox azuqə, dəyişək corab, iki-üç cüt dəyişək başmaq, primus, bir bidon
kerosin və bir butulka spirt götürüb dağlara yollanardı. İsland dağlarında
ilin bu vaxtına xas yırtıcı quşlarla, tülkü, çobanlar tərəfindən unudulmuş
və yolunu azmış qoyunlara və bir quru budaqdan digərinə qonan kəkliyə
rast gəlmək olardı.
Bəli, o məhz bu qoyunların xətrinə qış vaxtı dağlara üz tutardı, o
qoyunların ki, çobanlar onları adi payız yığımı vaxtı toplaya bilməmişdilər.
Çobanlar riskə gedib sıldırım dağlarda onları axtarmadığı, tapıb evə
gətirmədiyi üçün bu qoyunların orada aclıqdan və soyuqdan ölməsinə
icazə vermək olmazdı. Onlar da Allahın canlı varlıqları idi və Benedikt
onlara qarşı bir növ məsuliyyət hiss edirdi. O zaman onun məqsədi
kifayət qədər sadə idi. Onları tapmaq və insanların qəlbinə xeyirxahlıq,
mərhəmət gətirən ərəfədə onları evə sağ-salamat gətirib çıxartmaq və
sığınacaq vermək. Bu bayram əllərindən gələnin ən yaxşısını edən
insanlara sülh və əmin-amanlıq da gətirəcəkdi.
Benedikt özünün Advent (Xristianların miladdan öncə dini bayramları)
gəzintisinə hər zaman tək yollanardı, yəni ki, heç kəs ona yolçuluq
etməzdi. Əmin olmaq üçün o hər zaman öz itini və zınqırovlu qoyununu
götürərdi. Özü ilə gəzdirdiyi itin adı Leo idi. Benediktə elə gəlirdi ki, o
bu adı özü qazanıb, çünki o itlərin arasında Roma Papası idi. Zınqırovlu
qoyunu isə o “Çətin” adlandırırdı, çünki o çox çətin biri idi.
Bu üçlü indi artıq uzun illər idi ki, bu ekspedisiyalarda ayrılmaz komanda
olmuşdular və onlar bir-birlərini artıq ehtimal ki, yalnız heyvanlar arasında
rast gəlinən dərin köklərə sahib hisslərlə tanıyırdılar. Bu münasibətdə
nə şəxsi eqo, nə öz mənafeyi, nə də öz istək və arzuları digərinin önünə
keçə bilməzdi, onların münasibətinə qaranlıq və çaşqınlıq qata bilməzdi.
Əslində bu qrupun dördüncü üzvü də vardı, bu şən xarakterli at Fakse idi.
Amma çox təəssüf ki, bu atın qısa ayaqları vardı və o erkən qışın qalın,
yüngül qarında gəzə bilmək üçün çox ağır idi. Və bundan əlavə, o
başqalarının öhdəsindən gəldiyi bir neçə günlük ağır işə qatlaşa bilmək
üçün də kifayət qədər güclü deyildi. Benedikt və Leo onunla
xudahafizləşməli olanda – baxmayaraq ki, bu ayrılıq cəmi bir həftəlik idi
– onlar həm qəmgin, həm də narahat idilər. Çətin isə bu ayrılığı bütün
başqa məsələlərdə olduğu kimi sakit və soyuqqanlı şəkildə qəbul etdi.
Beləliklə, onların üçü də bir qış günü səfərə başladılar. Qabaqda Leo
gedirdi, soyuğa baxmayaraq onun dili ağzının sağ hissəsində sallanırdı.
Onun yanında təlaşsız addımlarla Çətin gedirdi. Ən axırda isə Benedikt
gəlirdi, öz xizəyi ilə onları arxadan izləyirdi. Buralarda – bu heç kəsin
yaşamadığı ölkədə qar çox yüngül və yumşaq idi, xizəklə keçmək
mümkün deyildi. Benedikt ara-sıra xizəyi əlinə götürüb qalın, yumşaq
qarın arası ilə addımlamalı olurdu. Ayağı bəzən donmuş kəsəyə, bəzən
isə daşa ilişib qalsa da yoluna davam edirdi. Sürətlə yürümək çox ağır idi,
amma bundan başqa, bu səfər elə də çətin sayılmamalıydı. Leo itlərə xas
tərzdə qabaqda gedir, hər şeylə maraqlanır və yaxşı əhval-ruhiyyədə
olurdu. Bəzən elə olurdu ki, o özünü saxlaya bilmirdi və hürməli olurdu,
elə də olurdu ki, vəhşi addımlarla qarı Benediktin üzərinə sıçradaraq
arxaya gəlirdi və qabaq əllərini qaldırıb onun dizlərinin üzərinə qoyurdu.
O istəyirdi ki, Benedikt onu tərifləsin, sığallasın.

Benedikt isə belə məqamlarda deyərdi: “Bəli, sən həqiqətən də Roma


papasısan!”
Bu sözü o sevimli iti üçün istifadə edirdi. Onlar yoldaşlıq edəndən onun
ağzından bundan artıq tərifli söz çıxmazdı.
Hazırda bu üçlü yaşayış olan ölkə boyunca Botna doğru hərəkət etməkdə
idilər. Ora dağlara yetişməzdən öncə son ferma idi. Bütün günləri hələ
qarşıda idi və heç yerə tələsmirdilər. Onlar artıq tanıdıqları yolları bir-bir
əvəzləyirdilər. Ancaq aradabir insanları və itləri salamlamaq üçün
dayanıb yollarına ara verirdilər.
– Yaxşı, heç olmasa dayanın, bir fincan qəhvə için.
– Yox, sağ olun. Bu gün yox.
Onlar öz məqsədlərinə tez çatmaq istəyirdilər, buna görə də qəhvə
əvəzinə onların hər üçü yolüstü süd içməyə üstünlük verdilər. Tez-tez
Benediktə hava ilə bağlı onun proqnozlarını eşitmək üçün müraciət
edirdilər. Əlbəttə, onlar yalnız bilmək istəyirdilər ki... Yox. Onlar heç bir
halda zəhlətökən, yaxud da bezdirici olmaq istəmirdilər. Amma əlbəttə
ki, sual verməyin heç bir ziyanı yox idi. Əlbəttə, kimsə əlavə edə bilərdi
ki: “Mənim soruşmaq istədiyim yeganə şey – mənə elə gəlir, Leo elə bir
itdir ki, o öz yolunu zil qaranlıqda və hətta qar çovğununda da tapa bilər”.
Onlar bunu zarafatyana deyəcəkdilər və heç nəyi ciddiyə almamağa
çalışacaqdılar. Hətta göy üzünü almış qara, ağır buludları belə... Hə, onlar
hər şeyi zarafata salacaq, sonra isə əlavə edəcəkdilər: “Hə, sözsüz o yolu
tapa bilər. Böyük düdəmə!”
“Üçümüz də yolumuzu tapa bilərik, – Benedikt sakit tərzdə əlavə edib öz
süd fincanını boşaldardı, – çox sağ olun”.
Ona gəldikdə isə kəndçi zarafat etmək istəyərdi: “Mən ən çox Leoya
inanardım, amma təkcə Çətin məsələsində yox”. O bu sözləri deyər və
bir anlıq evin içində yox olardı, sonra isə əlində it üçün gəmirməyə bir
parça sümük gətirərdi. Belə anlarda Benedikt Çətinin başqa vaxtlarda
Roma papası olması haqqında heç nə deməzdi. O, sadəcə olaraq, itə başı
ilə işarə edərdi ki, yəni tələsməsin rahat yesin, onlar itin tam yeyib
qurtarmasını gözləyəcək, sonra yola düzələcəkdilər. Həmin ərəfədə isə
Çətini yemək üçün şirəli çayır otuna qonaq edirdilər. Sonra onlar yenidən
yola düzələcəkdilər. Təbii ki, üçü birlikdə.

Benedikt bu gün kilsədə olmamışdı. O, vaxtı olmadığı üçün bunu təxirə


salmışdı. Əgər o, getdiyi yerə vaxtlı çatmaq istəyirdisə, axşamdan tez
yatıb, səhər erkəndən oyanmalı idi. Etməli olduğu işlərə hazırlaşmaq,
çəmənliklə uzun-uzadı səyahət üçün kifayət qədər vaxta sahib olmaq
arzusunda idisə, o günün işıqlı vaxtından səmərəli istifadə edib vaxt
itirməməli idi. İlk günün səyahətinə belə rahat yanaşması ilk növbədə
Çətinin ucbatından oldu. Gəlin bunu belə başa düşək – Çətin öz daşıdığı
ada tam layiq olan it idi. Amma gərək ilk dəfədən onu çox yormamaq
üçün də ehtiyatlı olasan. Beləliklə, Benedikt kilsənin ətrafını dolaşıb
gedən uzun yoldan istifadə etmədi. Adventin ilk bazar günündə bu
şumlanmış torpaqlarla, sonra isə əkilməmiş sahələrlə səyahət onun
kilsəyə gedişi idi. Bundan əlavə yola çıxmazdan öncə o fermerin
otağında, öz çarpayısının kənarında əyləşdi və İncildən bəzi bölümləri
oxumağa başladı. Mateu İsanın Yerusəlimə girişi yerini də oxudu. Amma
bunu daha da yaxşı başa düşmək üçün o zənglərin çalınmasını, kilsədə
mahnıların oxunmasını və sakit, müdrik qoca keşişin İncildən sәtirlәr
oxuyub təfsirini verməsini göz önündə canlandırdı. Və o bu səhnəni elə
canlı göz önündə canlandırdı ki, hər şey onun üçün real görsəndi. Və indi
o göz işlədikcə uzanıb gedən ağappaq qar xalçasının üzərində yeriyirdi,
axşamlar bu qarlı qış səması boz qırmızı rəngə çalırdı. Ətrafdakı göllər
buz bağlamışdı, qalın buz qatının üzərində isə qar təbəqəsi yaranmışdı.
Bəzən orda-burda çovğunun qarı silib süpürdüyü kraterlər gözə dəyirdi.
Bu boş çökükləri xəbərdarlıq kimi qəbul etmək lazım idi. Amma necə bir
xəbərdarlıq? Kimsə nə zamansa bunu aydınlaşdıra bilərmi? Bəlkə də
həmin çökək ağızlar deyirdi: Qoy hər şey donsun, qoy hər şey – daşlar,
kəsəklər donub bərkisin, qoy hava da donsun və göylərdən gəlin duvağı
kimi ağappaq lopalar şəklində yerə ensin, qoy nəfəsin də ağzında donsun,
qoy yer səthində nə varsa yuxuya getsin, damarlarda qanın donsun, ürək
döyüntülərin dayansın, amma burada – daşların altında həyat hələ də
davam edir. Ola bilər o dərin, qarsız çuxurların dedikləri məhz bu idi.
Təbiət nə demək istəyirdi bununla? Bəlkə də biz başa düşmürdük,
təbiət nə isə başqa bir şey deyirdi. Hər nə isə əgər sən bu qara
üzüklərdən kənara baxsan, hər tərəfin ağappaq örpəyə büründüyünü
görə bilərsən. Vadidəki göl belə ağ, parıldayan bir hövzəyə dönmüşdü.
Sürüşkən və hamar idi, sanki qonaq otağının döşəməsi idi. Kimin üçün idi
bu? Kimi rəqsə dəvət etməyə hazırlaşırdılar?
Hər tərəf ağappaq idi. Yalnız qara üzüklər kimi yayılan oyuqlar olan
ərazidə sanki bu ağlıqdan doğulmuş boz lavalara bənzər boşluqlar ruh
kimi orda-burda uzanırdı. İrəlidə isə bu mərhəmətli bazar gününün
əzəmətli uzanan qarlı dağla təması möhtəşəm mənzərə yaradırdı.
Ölçüyəgəlməz təmtəraq! Günahsızlığın özü kimi ağappaq! Bir az irəlidə
fermalarda yaşayan insanların evlərindəki sobalardan tüstülər havaya
qalxırdı. Hər tərəf sülh, hüzur içində idi. Uzaqda orda-burda yenə bu
ölçüyəgəlməz sülh inanılmaz bir vədlə tamamlanırdı: Advent! Advent!
Benedikt bu sözü ağzına qorxa-qorxa, astaca, ehtiyatla aldı. Sanki bu söz
bütün sözlərin ən tezsınanı, ən zərifi idi. Advent! Benedikt üçün bu söz
bütün sözlərin ən xüsusi sözü idi. Bu həqiqətdir, o bu sözün mənasının nə
olduğunu bilmirdi. Amma o hiss edirdi ki, bu sözdə nəsə bir gözlənti, nə
isə hazırlıq var. Uzun illər ərzində bu söz onun bütün həyatının mənasını
əks etdirməyə başlamışdı. Bəs onun həyatı necə idi? Nəyə oxşayırdı?
İnsan övladının bu dünyada həyatı necə idi? Qulluq elə, mükəmməlliyə
can at, amma mükəmməl olmamaq, heç zaman başladığın işi bitirməmək.
Bütün həyatı da bəraət qazanmağa və gələcəyi gözləməyə həsr et.
Az keçmiş onlar başqa bir fermaya gəldilər və gündəlik həyat onları
yenidən kəndçi qonaqpərvərliyi ilə qarşılaşdırdı.
– Heç olmasa bir fincan qəhvə içərdiniz.
– Düzünü desək, vaxtımız çox azdı, tələsirik. Gün çox qısadır. Çox sağ
olun, başqa vaxt.
Fermer səmaya uzun müddət diqqətlə baxdı, sonra dedi ki, səmimi etiraf
etməli olsa belə hava haqqında proqnoz vermək doğrudan da çox çətindir.
– Hmm. Amma hava elə bir şeydir ki, biz gərək o işə qarışmayaq, Allah
necə göndərirsə havanı elə də qəbul edək, – Benedikt dedi.
Fermer isə öz növbəsində ümid edirdi ki, tufan axşam düşməzdən öncə
başlamayacaq. Belə söhbətlər Benedikt üçün xüsusilə xoşagəlməz idi.
Beləliklə, az keçmiş onlar yenidən yola düzəlməli oldular.
– Sənin bu yol yoldaşların var ha, onlar həqiqətən nəyəsə yarayırlarmı? –
fermer soruşdu. O adamın davam etməsinə imkan vermək istəmədi.
Bəlkə də o həmin adamı sonuncu dəfə görürdü. Kim bilir? Hər nə isə. O
elə bir qəribə yuxu görmüşdü ki... Həyatın özü kimi gerçək idi bu yuxu.
Bir tufan qopur və bu üçlüyün hər birini sovurur, hələ bundan da betər
şeylər olmayıbsa yuxuda...
– Bu Çətin var ha, o, doğrudan da, sənə problem deyil, hə?! Sən ona və
itə güvənə bilərsənmi?
– Mən ona inana bilərəmmi? Bizim hər üçümüz nəyəsə yarayırıq.
Təhlükə saatlarında adam gərək belə sözlər deməsin. Adam gərək
güclərə belə savadsızcasına etinasız yanaşmasın. Fermer dayanıb onların
getməyinə tamaşa edirdi. Budur onlar gedirlər, hər üçü: Benedikt, Leo və
Çətin, və şübhə ilə içi dolu, çox təsirlənmiş, özündən, onlardan,
dünyadan narazı bir insan onların arxasında qalıb seyr edir. O bu üçlüyün
qayğısına qalmışdı, indi tütün çeynəyir. Kim axı dünyada belə insanları
başa düşə bilərdi? Hər şeyi, hətta həyatını da riskə at və səyahətə çıx.
Özü də nəyin naminə? Bir neçə başqasına məxsus qoyundan ötrü.
Çünki Benediktin özünün çox az sayda qoyunu vardı və onlardan heç biri
itməmişdi.
Çox böyük ehtimal Benedikt bu ehtiyatlı kəndçini heç başa düşməmişdi.
Hər halda üçlü yoluna davam edirdi, onlar bu günün sevincini yaşayırdılar.
Bu gün axı heç kəsin korlaya bilməyəcəyi bir gün idi. Bu gün Advent
günü idi. Və Benediktin başı bu günün müqəddəs mənası ilə bir də
İncildən oxuduğu dərslərlə dolu olduğu üçün onun beyninə bir fikir gəldi
ki, bir neçə yüz il öncə də məhz bu gündə İsa Məsih Yerusəlim şəhərinə
girmişdir. Çünki o sadə bir insan idi, nə tarixi, nə də teologiyanı dərindən
bilmirdi, çox zaman nəcib istək və sədaqət onun beynindəki bütün başqa
hissləri qovub çıxarırdı. Və ona elə gəlirdi ki, o bu əlamətdar hadisənin
izlərini hələ də havada görə bilər, gün öz müqəddəsliyinə xas bir
görkəm alıb və əsrlərdir ki, bu müqəddəsliyini saxlayır. Benedikt onu çox
dəqiqliklə gözlərinin önündə görə bilərdi, günəş şüaları altında bərq
vuraraq o böyük şəhərə gedir. O bu ağ məbədgahı və evləri İncildə
görmüşdü, İsa uzunqulağa minib şəhərə doğru gedir. İnsanların ağaclardan
kəsib İsanın uzunqulağının ayaqları altına sərdikləri budaqlar pəncərə
çərçivəsinə qoyulmuş buzlu çiçəklərə bənzəyirdilər. Amma onlar ağ
deyildilər, o bunu bilirdi, onlar yaşıl idilər və şirəli idilər. Günəş şüaları
budaqların yarpaqlarına düşüb onları parıldadırdı. Və birdən, anidən
müqəddəs kitabdakı sözlər onun üçün sanki havada cingildədi. Sanki
təmiz hava bu sözləri sıxıb özündə saxlamışdı. Bircə qulaq vermək
kifayətdir ki, bunu başa düşəsən. Bu uzunqulaq üstündə gələn məzlum
kralı qoruyun!
Məzlum! Bu sözü Benedikt başa düşə bilirdi. O, başa düşə bilirdi ki,
Allahın oğlu necə məzlum biri ola bilər və onun uzunqulağın üstündə
getməsini də təsəvvür edə bildi. Benediktə elə gəldi ki, həmin
uzunqulağı tanıyır və o, həmin uzunqulağın nə hiss etdiyini də bilir. O,
Allahın oğlunun həmin müqəddəs saatda nə hiss etdiyini də təsəvvür
edirdi. O, açıq-aşkar həmin səhnəni təsəvvür edə bilirdi. Şəhərin
sakinləri ən yaxşı paltarlarını Allahın oğlunun ayaqları altına sərirdilər.
Və sonra o kiminsə belə deməyini eşitdi: Bu adam kimdir? Doğrudan? Bu
adam kimdir? Çünki onlar Allahın övladını tanıya bilmirdilər. Amma onlar
bu adamı tanımalıydılar, üzündə bərq vuran işartıdan onlar bunu başa
düşməliydilər. Bununla yanaşı, onun sifətində bir az kədər kölgəsi də var
idi. Bu kədərin səbəbi yerli sakinlərin onu tanımaması idi. Onların
gözləri elə kor idi, onların qəlblərinin də güzgüsü ləkələnmişdi. Və
həmin qayğılı gülüşün fonunda bir alov qığılcımı gəlib Benediktin
ürəyindən keçdi. Onlar necə də kor olmalıymışlar ki, onu görə
bilməsinlər. Nicatverənlə qarşı-qarşıya dayanasan və Onu tanımayasan!
Onun özünə gəldikdə isə, əmin idi ki, Onu ilk baxışdan tanıyardı. O, elə
ilk andan Ona qoşular və nadan, imansız insanların onun arxasınca
gəlməsinə, inandırmağa kömək edərdi və pul dəyişənlərin, göyərçin
satanların stollarını, stullarını da başlarına çevirərdi. Bu düşüncə ilə
Benedikt dəri papağını arxaya eləyib alnını quruladı. İndi gəzmək onun
üçün yorucu deyildi, amma bu düşüncələr onu tərlədirdi, hər bir əzasına
istilik gətirirdi. Çünki o, sülhsevər adam idi, düşüncələr isə müharibəni
xatırladırdı. Heç zaman, hətta yuxularında belə o öz yoldaşlarına qarşı
dava haqqında düşünə bilməzdi. Ən azından o böyüdükdən sonra bu belə
olmuşdur. Amma sağ qalanın sözləri: Mənim evim “duaçılar evi”
adlanacaqdı, amma sizlər onu oğrular evi etdiniz. Onun içində alovlu
qəzəb oyandı.
Bircə düşünün! Necə ola bilər axı tacir qədim kilsədə dükan açır və öz
adət etdiyi məşğuliyyəti ilə camaatı aldatmaqla pul qazanır. Sonra bütün
sülhə son veriləcəkdi. İsa Məsihin bu sözləri qulağında cingildəyərkən o
özünü ondan tələb oluna bilən hər şeyə hazır hesab etdi. Hər bir şeyə!
Allahın ondan tələb etdiyi hər bir şeyə! Pul dəyişənlər! Oooh! Göyərçin
satanlar. Hər nə olsa satanlar. O bilirdi, onlar necə insanlardır. O çalışırdı
onlar haqqında bacardıqca az düşünsün. Və yenidən o öz alnını quruladı, o
alıb-satan bəzilərini tanıyırdı. Tacir və bir neçə satıcı. Əlbəttə, onlar
haqqında nə istəsə deyə bilərdi, problem yox idi. Amma onlara öz
yumruqları ilə hücum etmək, o elə bir insan deyildi. Beləliklə də boz gün
qaralmağa başladıqca bədirlənmiş ay səmada göründü. Sanki solğun cib
fənəri tək buludların arxasından işığını saçmağa başladı. Ara-sıra
buludların arxasından boylanıb axşamın gümüşü səmasını aydınlığa qərq
edirdi. Benedikt isə öz düşüncələri, sevinci və narahatlığı ilə bu günün
belə bir axşamında yoluna davam edirdi. Benedikt özü və səyahəti
haqqında çox da düşünmürdü. Niyə də düşünsün ki? Gün getdikcə, sona
yaxınlaşdıqca o nəhəng landşaftda kiçik bir kölgə kimi görünürdü. Bundan
əlavə, bu həm də özünüdərk sualı idi. O bəzi suallar qarşısında çaşqın
vəziyyətdə idi. Sadəcə, bir kəndli, bir əmək adamı idi və bütün həyatı
boyunca da belə olmuşdu. Yaxud da daha dəqiq desək, yarı kirayənişin,
yarı muzdlu idi. Həqiqətən də onunla bağlı yarımçıq, tam olmayan
məqamlar yetərincə idi. Yarı yaxşı, yarı pis, gah elə, gah belə, bəzən
insan, bəzən yırtıcı... Bəli, o tam belə biri idi. Yay aylarında o bütün
ilboyu yaşadığı fermalarda maaş qarşılığında işləməli olurdu. Qış aylarında
isə o İsland kəndlərində bir az isti paltar və yemək qarşılığında qoyunlara
baxardı. Yalnız payız və yazda qısa bir müddət Milad onun hakimi
olmazdan öncə o İsland dağlarında sərgərdan gəzərdi. Daha dəqiq desək,
onun öz tövləsi, anbarı və atı var idi. Onun hələ hər bazar kilsədəki dua
mərasimindən sonra çəmənlikdə otlayan qoyunu da var idi. Beləliklə,
onun vaxtı çox gözəl keçirdi və o həm sadə insan, həm də sadə qulluqçu
idi. Və onun nə yüksəlmək istəyi var idi, nə də buna cəhd göstərirdi,
olduğu yerdən məmnun idi. Nə yerdə, nə də göylərdə... Hər halda belə
olmaqda da davam edəcəkdi. Onun azadlıq və var-dövlət arzuladığı,
xəyallarını qurduğu zamanlar artıq keçmişdə qalmışdı. Vaxt var idi o gecə-
gündüz azadlıq və zənginlik arzusu ilə alışıb-yanırdı. O azadlığının
çatışmadığını yalnızca keçmiş günlərdə hiss edirdi. Həmin zamandan bəri
o əsl kişi olmuşdu. Ən azından özünü belə hiss edirdi və o ümid edirdi ki,
bu hiss nadanlığın və bihudəliyin təcəssümü deyil. Hmm... İndi o artıq
yaşa dolmuş bir kişi idi, 44-45 yaşlarında... Artıq onun nə itirməyə vaxtı,
nə də səhv seçməyə yolu ola bilərdi. 44 yaş... Bəli, o dəqiq bilirdi ki, 44
yaşı var, özü bunu hesablamışdı. O buralara 27 yaşında gəlmişdi. İndiki
kimi yadındadır, o zamandan bəri hər il Advent günündə ətrafdakı dağları
gəzintiyə çıxır. Elə bugünkü kimi... Oy! Həəə... Vaxt necə də uçur. Bu
27 il onun xəyallarında elə dərin kök salmışdır ki, o xəyalları bir Allahı
bilirdi, bir də özü. Hə, bir də lap əsəbi olanda bu xəyalları dağlara doğru
çığırmışdı. Amma elə ilk səfərindəcə o, bütün bu xəyalları geridə
buraxdı və onlar təhlükəsiz şəraitdə yerin tərkində basdırıldılar. Yaxud da
ola bilər ki, bəlkə onlar heç o qədər də təhlükəsiz şəraitdə dəfn
edilməmişdilər? Ola bilərmi ki, o xəyallar da dağlarda tənha gəzib-
dolaşır, sərgərdan dolaşan narahat ruhlar kimi... Dağlarda, qarlı çöllərdə,
donmuş daşların ətrafında gəzib-dolaşır. Ola bilərmi ki, onu bu dağlardakı
səyahətə çəkən də məhz həmin xəyallardır? Bəlkə hər qış elə həmin
xəyallardır onu çağıran?! Çağırırlar ki, Benedikt gəlsin onları tapsın və
itib-batmadıqlarının, hələ də oralarda dolaşdığının şahidi olsun. Amma o
bu düşüncəni beynindən atdı. Yox, o heç də bu qədər yazıq bir məxluq
deyildi. Yox!

Bəli, indi onlar gecəni keçirməli olduqları yerə gəlib çatmışdılar və onlar
əziyyətlə fermaya aparan yoxuşu qalxırdılar. Üçü də – Benedikt, Leo və
Çətin... Fermada yaşayış binaları bir qədər yuxarıda – təpə adlandıra
biləcəyimiz yerdə yerləşirdilər və ətrafdakı hündür dağlar sanki onları
dövrəyə alıb qoruyurdular.
Onlar yüksəklikdə idilər, yaz vaxtı isə bu üstünlük sayılırdı, günəş şüaları
daha tez və yaxından onları qızdıra bilirdi və eyni zamanda da onlar
qoruma altında olurdular. O gün ərzində qarşıya qoyduğu məqsədə
çatanda dərindən bir nəfəs aldı və geriyə çevrilib indiyədək gəldiyi yola
nəzər saldı. Əlini atıb Çətinin buynuzlarından birini tutdu. Buynuzun aşağı
hissəsi – kökü necə də isti idi. Leo isə digər tərəfdə dayanıb quyruğunu
bulayırdı. Və onlar orada dayandıqca sanki üzərlərinə müqəddəs bir
rahatlıq çökürdü. Yox, bu heç də Benediktin üzərindəki səmanın yarılması
anlamına gəlmir. Amma hər halda səmada doğrudan da kiçik bir çatlaq
əmələ gəlmişdi. O, yer üzərində yalnız dayanmamışdı. O özünü heç də
tamamilə tərk edilmiş hesab etmirdi.
Tamamilə belə deyildi bu! Onlar orada dayanmışdılar. Benedikt torpağın
üzərindən baxdı və gördüyünü ürəyi vasitәsilә içəri ötürdü. Ala-
toranlığın sərin havası dağ landşaftı üzərinə çökməkdə idi. Gün bitməkdə
idi və ayın solğun işığı səmadan daha güclü sivişib yerə enirdi. Bitməkdə
olan günün bu anı ətrafdakı uca, qarlı, gümüşə çalan dağlarla birləşib
möhtəşəm bir mənzərə yaradırdı. Üfüqdə-uzaqlarda görünən uca
dağların silueti real və canlı görsənirdi. Gölün donduğu belə bir havada
üstü qarla örtülü torpaq səthi daha da hamar görsənirdi. Və bu qaranlıqda
qeyb olmağa hazırlaşan, bu qaranlıq axşamın bir hissəsi olan Benedikt
dayanmışdı, yarı fermer, yarı kirayənişin öz üç dostu ilə yanaşı – qoyunu
Çətin, sevimli iti Leo ilə bərabər... Və bu dünya onun dünyası idi. O, indi
burada bir hissəsi olduğu həyatı yaşayırdı. Bu həyatı o öz heyrəti, öz
ürəyi, öz düşüncələri, öz gözü ilə yaşayırdı. Bu dünya onun idi və o bu
dünyanın bir hissəsi idi. O bu düşüncələri heç də dərk edərək istifadə
etmirdi.
O, heç onu da başa düşmürdü ki, onun səhər tezdən olduğu yeri, Botnu
tərk edib uca dağlara dırmaşmasının səbəbi nə idi. O, başa düşmürdü ki,
niyə ala-toranlıqdan evdən çıxır, bu gün bozarandan bu uca, qarlı dağlara
çatır. Bu, sadəcə, onun vərdişi olmuşdu. O, yalnız köksündə bir boşluq
duyurdu. Elə bir həsrət ki, bunu nə başa düşmək, nə də izah etmək
mümkün olurdu. Qəribədir. Onu evə doğru çəkən bir həsrət vardı
canında. O bilmirdi ki, bu, onun yaşadığı ölkəni bir neçə günlük tərk
etməsinə görə idi, yoxsa bu xudahafizləşmə gələcəkdə əlvida deyə
biləcəyinə dair mehriban bir xəbərdarlıq idi?! Adam olduğu yerlərə,
özünə, kökünə möhkəm bağlı olur, hətta ölümünə və ölümdən sonrakı
həyatında da. Və insan övladı həyatın onun əlindən çıxmasından qorxur.
Bəli. Həyat... Real şeylərin ən realı, aciz şeylərin ən acizi, əbədi
olanların ən əbədisi. O öz varlığının istirahət etdiyi yalnızlıqdan qorxur,
bu onun öz varlığıdır. O, yoldaşlarının yanında olmamasından qorxur, o,
Allah tərəfindən unudulmasından qorxur. Kiçik komfort odur ki, hər şey
qaydasındadırsa o elə burada da lövbər salacaq və burada da basdırılacaq.
Və ümidlərdən də yuxarıda harada dünya olsa, harada olsa da, imkan
tapan kimi o öz vadisinə, doğma yurduna doğru yollanacaq. Təbii ki,
kiminsə ağlından doğma vadisindən başqa bir şey keçə bilməz.
Benedikt orada dayandıqca qar lopalarına baxıb dilxorçuluqla burnunu
çəkirdi. Bir neçə qar lopasına, asta-asta göylərdən yerə enən bir neçə qar
lopası, onların burada heç bir işi yox idi və nəticə etibarıyla heç bir qar
dənəsi onun diqqətini çəkməmişdi. O, həqiqətən də hava
proqnozlarından məmnun qalmamışdı, o bunu etiraf etməyə məcbur olsa
səmimi deməliydi. Yaxşı hava gözlənilmirdi. Səmimi deməyə qalsa adam
buralarda hər cür hava gözləyə bilərdi. O, nəsə axtarırmış kimi səmaya –
aya baxdı. O, nə səmadan, nə də yerdən razı idi. Qar yağa bilərdi, hətta
bundan da pis ola bilərdi. Çətin bu gün özünü elə kür aparmışdı ki... Və o
bunun səbəbini bilirdi. Bircə Leo gələcəyə əsil səmimi gözlənti ilə
baxırdı, quyruğunu bulayaraq. O, bütün macəralara və səfərlərə həvəslə
qatılırdı. O bundan daha yaxşısını arzulamırdı. Elə anlar olurdu ki,
Benedikt onun axmaqlığı ucbatından demək olar ki, səbrini itirirdi. Amma
tez də onun qulağını dostcasına çəkər və deyərdi: Ay səni əclaf! Amma
yenə də öz ruhunu bununla da sakitləşdirə bilmirdi. İndi burada, artıq sona
çatmaq üzrə olan gündə o, hissləri ilə mübarizə aparmır, qalın qar qatını
yararaq irәlilәmәyә cəmləmək istəyirdi fikrini. Uzun zaman etibarıyla
onun öz qanında daşıdığı havanın şeytanları, cinləri bu tərzdə heç cür
sakitləşdirilib yatağa göndərilə bilməz. İndi burada, gün batımında
dayanarkən, o çox çətinliklə hündür qar təbəqəsini yarıb keçə-keçə öz
səbrini basa bilmirdi, onun bu şəraitdə ruhu dinclik tapmırdı. Uzun
məsafələrdə onun qanında daşıdığı hava əlamətləri kara gəlməyə
bilərdi. Bəlkə elə evdə qalmalı, heç çıxmamalıydı?
Onun bel çantası birdən-birə elə ağırlaşdı ki! O, bel çantasını qapının
kandarında yerə qoyub geri çevrildi. Qapını döyməyinə ehtiyac yox idi.
Onun yadında qaldığı qәdәrilә Botnda qapı döyməyə ehtiyac yox idi. Ən
azından Advent bazar günündə bunu etməyə ehtiyac yox idi. Elə həmin
anda qapı açıldı və fermerin arvadı olan Siqrid astanada göründü.
– Allahın lütfü sizin üzərinizdə olsun. Benedikt bu şəkildə ev sahibəsini
salamladı və öz soyuq sümükləri görsənən əlini qadına doğru uzatdı.
Qadının əli hələ də evin istiliyini özündə daşıyırdı.
– Allahın salamı olsun sizə, – qadın da salam verdi. Eyni anda fermerin
arvadı haradansa yığışıb gələn buludlara nəzər saldı. Tonunu dəyişərək
zarafatla dedi: “Biz, həqiqətən də elə düşünürdük ki, sən buralardan uzaq
qalacaqsan”.
– Yox, – bir müddət keçəndən sonra Benedikt dedi, – mən şeylərimi
çıxardıb çöldə qoymuşam, düşünürəm ki, gecəni burada keçirməyimə
icazə verəcəksən?
O da bunu zarafatla deməyə cəhd etmişdi, amma necə oldusa tonundan
ciddi olduğu aşkar oldu. O bu sözləri ürəkdən demirdi və tonu ona
xəyanət etdi. Nəyisə gizlətdiyi bəlli idi. Atmosferi bir balaca da olsa
sakitləşdirmək üçün Benedikt heç ona bu haqda xatırlatma etməsələr belə
ayağından qarı çırpıb təmizləməyə başladı. Həmin ərəfədə isə Leo
fermerin arvadına öz salamlarını çatdırdı. Heç şübhəsiz, o Botna əvvəlki
ziyarətlərini xatırlayırdı, indi isə vaxtını fermanın itləri ilə bərabər
keçirirdi. Siqrid Çətinə doğru addımladı, ona tərəf əyilib qulağının
arxasını qaşıdı. O bununla barışsa da heç bir hissini büruzə vermədi. Daha
sonra o güldü: “Qoca Çətin heç zaman heç nə ilə razı deyil, amma onu
bugünkü kimi ciddi gördüyüm də yadıma gəlmir”.
Beneditkin cavabı dodaqaltı nə isə donquldamaq oldu. “Bu havaya görəmi
belədir?” – Siqrid soruşdu. Onun davranış manerasında danışıq tonu ilə
uzlaşmayan nələrsə var idi. Benedikt bu sözün cavabında heç nə demədi.
O, hələ də əyilmişdi və ayaqqabılarının qarını təmizləyirdi. O, yenə
dodaqaltı nə isə donquldandı. Dediklərindən yalnız son sözlərini eşitmək
mümkün oldu... Çünki o, hər şeyi bacaran peyğəmbərə məxsusdur...
– Elə yalnız ona baxmaqla da bunu bilmək olar, – fermerin arvadı cavab
verdi.
– Yox, mən bunu demək istəmirdim, – Benedikt dedi. O, Çətini müdafiə
etməyə tələsdi. O, əməlləri ilə, inamı ilə peyğəmbərdir. Elə-belədən
peyğəmbər deyil ki! Bunu demək istəyirdinsə, istəyirəm biləsən ki, bu
həqiqət deyil.
Elə o anda fermerin özü Pjetur arvadının arxasından asta-asta, ehtiyatla evə
yaxınlaşdı. Belə etmək onun adəti idi. Adventin ilk günü idi. Onun
arxasında böyük oğlu da gözə dəydi, onun adı Benedikt idi. Onun
arxasınca isə bir sürü uşaq gəldi. Amma onları dərhal da içəri – evə
saldılar. Çünki həmin gecə həqiqətən də çox soyuq idi.
Hamınız keçin içəri! Hamınız! Keçin, qapını da bağlayın!
Siz keçin, bu dəqiqə Benedikt də gəlir.
Benedikt ata ilə oğulla danışarkən düz onların gözlərinin içinə baxırdı. Əl
verib görüşəndə də belə etdi. Onun özünün salamlaşma manerası vardı.
Çünki oğlu onun xüsusi dostu idi. Ola bilsin ki, yeganə dostu idi. Heç kəs
bilmirdi ki, necə olub onun adı Benedikt olub. Çünki nə Pyeturun, nə də
Siqridin ailəsində bu ada rast gəlinmirdi. Heç ətrafda da bu ad elə də
geniş yayılmamışdı. Bu iki nəfər bütün bu ərazidə bu adı daşıyan yeganə
insanlar idi.
– Hər şeydən öncə yəqin ki, sən təbii olaraq Çətinə daldalanmağa bir yer
düzəltmək istəyəcəksən, – fermer dedi və ehtiramla və dostcasına keçib
qoçun yanında dayandı. Amma o, çox taktlı biri idi və qoçu başa düşürdü.
Düzdür, onun əlləri gicişirdi, amma o ehtiyatlı oldu və qoça heç
toxunmadı.
Bir dəqiqə, qoy düşünüm. Əgər mən səhv etmirəmsə, əgər su ilə yemi
sən onun qabağına özün qoymasan o, heç nəyə toxunan deyil. Düz
deyirəm?
– Düzü, məsələ o qədər də pis deyil, – Benedikt Çətinə haqq
qazandırmaq üçün dedi. Düzdü, bir az qəribə xasiyyətləri var amma o çox
nəzakətli heyvandır. Gəl görüm bura Çətin! Gəl!
Bu arada ev sahibəsi də öz işinə girişmişdi.

Qapının arasında insanı dəvət edən, çox şey vəd verən iylər – təzə
bişmiş qəhvə, hisə verilmiş ət və kökənin qoxusu gəlirdi.
Amma bu üç adam heç yerə tələsmirdilər. Qoç da onları müşahidə
edərkən onlar həyətdə bir-birinə bitişik tikililəri rahat-rahat gəzərək
gəlib qonaqlar üçün hazırlanmış otağın yanına çıxdılar. Çətin üçün də hər
il ayrı qonaqlama yeri hazırlanırdı. Bu qoyun tövləsinin onun üçün
ayrılmış, axur, su, yem qoyulmuş rahat bir küncü idi. Burada o öz heyvan
yoldaşlarını narahat etmədən, yem üçün mübarizə aparmaq
məcburiyyətində qalmadan gecəni rahat şəkildə keçirə bilərdi. Demək
onun həm yemi, həm də münasib yoldaşları olacaqdı. Su ora daha
əvvəldən qoyulmuşdu deyə onu don vurmamışdı. Və indi onun axuru
təravətli, ləzzətli, şirin samanla doldurulmuşdu.
Çətin sakit şəkildə öz buruntağını suyun içinə salıb öz susuzluğunu
yatırdı. Və sonra o dalğın şəkildə ləzzətli yemi yeməyə girişdi. Pyetur
birinci ona baxdı, sonra Benediktə baxdı və dedi:
– Demək siz ikiniz də elə düşünürsünüz ki, bu hava dağlara səfər üçün
əlverişlidir?
– Bu barədə gərək sən Çətindən soruşasan. Mənim bildiyim yalnız
insanlara xas anlayışlardır. İnsan biləcəyindən çox bilmirəm mən.
– Əgər bu qabiliyyətindən istifadə edə bilirsənsə, bu da nifrətəlayiq
deyil ki, – Pyetur dedi. Çox güman ki, o daha əvvəl Çətindən soruşmuşdu
və heç bir cavab ala bilməmişdi. Ola da bilsin ki, bu sual yalnız nəzakət
xətrinə verilən sual idi. Onlar hamısı belə deyirdi. Onlar ehtiyatla qapını
bağladılar və qeyri-müəyyən ay işığının müşayiəti ilə qalacaqları yerə
qayıtdılar. Heç həmin günkü ay işığına adamın işıq deməyə də dili gəlmir.
Demək olar ki, tutqun bir işıq idi. Çox qəribə bir aniliklə gecəni yaran
külək haradansa gəldi və özü ilə qəribəlik və təhdid gətirdi. Qaranlığın
sehrində birlikdə gəzən insanların bir-birindən necə asılı olması çox
qəribədir. Amma qaranlığın tənhalığı, dağların tənhalığından çox
fərqlənir. Hər şeydən öncə bura tamamilə qaranlıq deyildi. Adam öz
səsindən başqa səsləri və yanındakı nəfəs alış-verişini eşidə bilirdi.
Bütün ərazi sanki laqeydlik qoxurdu, o haradansa aşağılardan, boşluqdan
gəlirdi və insanların saçlarının dibinə kimi əsməyinə səbəb olurdu.
Onları qapının ağzında yandırılmış işıq gözləyirdi. Bu işıq uzun müddət idi
ki, orada idi və o öz-özü üçün yanırdı. Tənha işıq sanki insan kimidir. O da
demək olar ki, şübhə ilə dolu qəlb qədər laqeyddir. Və bu qəlb tənhalığa
son qoyan kimi elə qəribə tərzdə dəyişir ki! İnsanlar ora daxil olan kimi!
Üç kişi qapının kandarından ayaqlarını içəri qoyan kimi buraların tənhalıq
və laqeydlik ab-havası da tamam dəyişdi. Birdən-birə onun görüləsi işi,
həyata keçirəsi tapşırığı əmələ gəlmişdi. Benedikt qapının qarşısına
qoyduğu bel çantasını oradan götürüb içəridəki mismardan asdı. Ağzına
kimi doldurulmuş bir çuval saman qapıya içəri tərəfdən söykənilmişdi.
Benedikt samanı iyləyib, çuvalı qaldırdı.
– Sən bu çuvalı dolduranda, yəqin ki, mənim qoca belimdən daha çox
Çətinin qarnını düşünmüsən hə?
Kəndçi gülümsədi, o içəri keçərkən fitili də iki barmağı arasında sıxdı,
lampanın işığı azaldı. İşığı boş-boş, məqsədsiz yerə yanmağa qoymamaq
işığın özü üçün sevgi göstərişidir. Bundan əlavə, bu əməl yeni həyat, yeni
xidmətlər zamanı yenidən işıqdan istifadə etmək üçün də şərait
yaradacaqdı. Ən vacibi isə bu daha da qənaətcil rəftar idi.
Onlar qonaq otağına girəndə orada xeyli qadın və bir sürü uşaq gördülər.
Orada – evin qonağı üçün yuxarıdakı pəncərənin altında açılıb-bağlanan
stolun üzərinə qoyulmuş yeməyini tapdı. Yemək təzə ətdən, kartofdan
və sosdan ibarət idi. Soyuq bir gündə yaxşı bir yemək əsl milad
qonaqlığıdır.
– Yəqin ki, sən elə düşünürsən, yolçuluğum səhralaradır, – Benedikt dedi.
Onun üçün dağlar heç bir halda səhra deyildi. Bu bilirsən onun dağlar
qoynuna qalxdığı neçənci dəfə idi? İyirmi yeddinci dəfə! O bunu demədi,
bu barədə heç bir söz də salmadı ki, bu səfər bir növ onun yubiley səfəri
idi. Bir növ yubiley ili idi. Amma bu rəqəm onun ağlından çıxmırdı, tez-tez
yadına salırdı. İyirmi yeddinci dəfə!
– Bilirsən necədir, indi ki, sən Botndan uzaqlaşmısan, adətən elə olur ki,
növbəti isti yeməyi yeyə bilmək üçün insan bir qədər gözləməli olur, –
Siqrid söylədi və diqqətlə qonağını süzdü ki, o, yaxşı-yaxşı, nuşicanlıqla
qarşısındakı təamı yesin. “Ürəklə ye, narahat olma! Leonun da qayğısına
qalıblar artıq, o da ac deyil”.
Adının çəkildiyindən duyuq düşən Leo otağın ona verilən küncündən
başını qaldırdı. Leo orada büzüşüb ilbiz kimi oturmuşdu, üstündə sarı
xalları olan ağ-qara it idi bu. İt onu düşünən, qayğısına qalan, hətta yatanda
belə tərifləyən bu möhtəşəm varlıqlara səmimi qəlbdən təşəkkürünü
quyruğunu onlara doğru bulayaraq bildirirdi. Sonra isə o quyruğu üstündə
yaxşıca buruldu və vaxtını daha da səmərəli şəkildə istifadə edib yatdı.
Onlar hələ də orada oturub söhbətləşərkən, qəflətən kimsə qapını üç
dəfə döydü. Açıq-aşkar, gələnlərin gecə qonaqları olması bəlli idi,
baxmayaraq ki, qonşuluqda yaşayan hər kəs bu müqəddəs Advent
günündə Botn ərazisində Benediktdən savayı heç kəsin arzulanan qonaq
olmadığını yaxşı bilirdi. Onlar bir anlıq sakit durdular. Heç kimin ağzından
heç nə çıxmırdı. Sonra isə cavan Benedikt ayağa qalxdı.
– Bu, yəqin ki, Qrisdalın camaatıdır. Onlar çox güman düşünüblər ki,
dağlardakı evlərinə gedib çatana kimi bura gəlib, bizə yoldaşlıq edə
bilərlər.
– Onların qoyun sürüləri hələ dağlardakı buz bağlamış çayın kənarındakı
çəmənlikdədir, – Pyetur dedi. Sonra o da durub qapıya tərəf yönəldi.
– Mən kifayət qədər əminəm ki, onların nəzərdə tutduğu yalnız sizə
yoldaşlıq etmək deyildi, onlar həm də sizdən, Çətindən və Leodan onlara
qoyunları bir yerə yığmağa kömək etməyinizi xahiş edəcəklər, – bu
sözləri isə fermerin arvadı dedi. O, kimlərinsə yaxşı insanların xoş
təbiətindən və gücündən sui-istifadə etməklərinə dözə bilmirdi.
– Onlar niyə imkan vermirlər ki, Benedikt öz yolunu davam etdirsin, öz
işləri ilə məşğul olsun?
– Mənə bir şeyi söz ver! Söz ver ki, sən öz yolunla gedəcəksən, nə
qədər ki, xurcununda yeməyin var, əsas öz nəzərdə tutduğun işləri
həyata keçirəcəksən. Fermerin arvadı sözünə davam edərkən Benediktin
qabağındakı boşqaba yenə də kartof, sos və ət çəkdi. Bunlar xüsusi olaraq
Benedikt üçün bişirilmişdi.
Benedikt hər nə qədər insanlara, xüsusən də Botndan olan Siqridə –
yardım etməməyi qəbul edə bilmirdisə də, o hər kəsə bacardığı hər işdə
kömək etməyə vərdiş etmişdi. O, heç nəyə söz verə bilmirdi, çünki o
özünü bunun üçün kifayət qədər yaxşı tanıyırdı. Buna görə də o fermerin
arvadına heç bir cavab verməyib sakit, heç nə demədən yeməyinə davam
etdi.
– Onlar əgər ora gec gedib çıxsalar, bu onların öz itkiləri olacaq. Və əgər
sən də onlara qoşulub vaxtını onların qoyunlarını toplamaqla hədər etsən,
əmin ol ki, bir neçə gününü itirəcəksən.
– Hmm, nə deyim, günlərimi itirəcəm? – Benedikt onun sözünü seçib
xüsusi tonla təkrar etdi. Bu sənin məsələyə münasibətindən asılıdır. O,
qaçılmaz olanlar haqqında uzun-uzadı müzakirələrdən qaçmağa çalışırdı.
Çünki onun fikrincә, dağlara qoyunlarını toplamağa gedən insanlara onun,
Çətinin və Leonun köməyi zəruri və qaçılmaz idisə, özünü kənara
çəkməsi, yardım etməkdən imtina etməsi üçün heç bir əsas yox idi. O
özünü köməyə ehtiyacı olanların xidmətində görürdü, başqa cür düşünə
bilmirdi. O belə gözlənilməz dilxorçuluqdan ah da çəkdi. Amma yaxşı
başa düşürdü ki, bu barədə bir şey edə bilməz və Benediktin əlində olan
bir şey yoxdur.
– Bu durum sizin planlarınızda və hökmlərinizdə böyük dəyişikliklərə və
oyuqlara səbəb olacaq, – Siqrid dikbaş şəkildə sözünə davam etdi. O
hissiyyatlı və özünü fəda etmək məsələlərində Benediktin necə ciddi,
sözündəndönməz və güzəştsiz olduğunu yaxşı bilirdi.
– Mənim üçün heç bir problem yoxdur. Mənim köməyim var, – Benedikt
təlaşsız dilləndi.
– Səninlə söhbət etmək qeyri-mümkündür və mən əminəm ki, sən bunu
bilməlisən!
İndi artıq onlar giriş qapısından keçib içəri gəlmişdilər və əminliklə
demək olardı ki, gələnlər iki fermer ilə Hokon idi. Onlar Benedikti burada
görməklərindən heç də təəccüblənmədilər, amma belə söylədilər.
– Biz bilirik ki, sənin dağlara getmək və köhnə Stremba vadisində ov
etmək zamanın yetişib. Onlar, yəqin ki, bu barədə öncədən
düşünmüşdülər, çünki bilindiyi kimi təqvimə əsasən bu günlər bayram
günləri idi. Məsələ onda idi ki, yerli camaat nə Botnun, nə də
Strembanın qışın bu oğlan çağında ziyarət edilməsinin mümkünsüzlüyünü
yaxşı bilirdi. Stremba həqiqətən də gedib çıxılması müşkül yer idi.
Onların dağlarda iki buzlaq arasında otlaq adlandırdıqları yer məhz bura
idi. Oralar heç də qonaqpərvər yerlər deyildi və bu səbəbdən də insanlar
ora getməkdən qaçınırdılar.
– Düşünürəm ki, bu xüsusi gündə yola çıxmağa sizləri hava şəraiti
şirnikləndirib, –Siqrid bir qədər də ironiya ilə dedi.
– Siz bir Siqrid anaya qulaq asın! – qrimsdallı Hokon güldü. Bizi
şirnikləndirib? Çətin məsələdir! Bizi yola düşməyə məcbur edib. Yalnız
məcbur edib! Sən əgər çobansansa və dağ otlaqlarında payızın axırlarında
qoyun sürün varsa, bu zaman sən hisslərində zəif ola, yaxud qonşularına
həddən artıq hörmət göstərə bilmərsən. Bundan əlavə, sabah biz öz
Benediktimizə onun dağ yolçuluğunda yardım edəcəyik. Onun görün
daşımağa nə qədər şeyləri var. Hamısı da ağır. Biz də güclü və yekəpər
oğlanlarıq, elə deyilmi uşaqlar? Hər nə isə, ya mən çox böyük bir səhv
buraxıram, ya da doğrudan da biz sabah yolumuza düzələndə arxamıza
səmt küləyi alacağıq. Ümid edək ki, bu sərt bir külək olacaq.
– Çox güman ki, elə də olacaq, – Benedikt sakit tərzdə dilləndi. Bilirsən
necədi, necə hava olursa olsun, sənin əksinə olmaqdansa sənə təkan
verməsi daha məqsədəuyğundur. Xüsusən də orada – yuxarıda, dağlarda.
– Əgər sən yola Çətin və Leo ilə birgə düşəcəksənsə, bu zaman biz ən
azından dağlardakı daxmamızı sağ-salamat tapacağımıza ümid edə bilərik,
– o zarafatla dilləndi. O üçlük sözündən istifadə etməsə də, kənardan
onun məhz üçlük sözü üzərində düşündüyü hiss olunurdu. Əşi, qoyunun
başına nə iş gəlir gəlsin də!
– Sən gərək onları ən azı bir həftə qabaqcadan gətirib evə yığardın, –
Benedikt dedi. Amma onun səs tonunda heç bir məzəmmət hiss
olunmurdu. O, sadəcə olaraq, düşündüyünü dilə gətirmişdi.
– Sən saydığını say, gör fələk nə sayır, – Qrimsdaldan olan Hakon
dodaqaltı mızıldandı.
Amma Benedikt artıq ona qulaq asmırdı. O qulaqlarını şəkləyib
oturmuşdu. Səhv edə bilərdimi o? Xeyr, o səhv etmirdi. Tufan artıq
başlamışdı və donmuş damların üzərindəki qarı sovururdu. Getdikcə
güclənən külək sanki birdən-birə gecənin bir aləmində küçəyə-azadlığa
buraxılan bədheybətlərsayaq nərilti çəkirdi. Dağların ortasında balaca,
tavanı çökmüş daxmanın içərisində böyük, nəhayətsiz bir gecənin
ortasında oturub küləyin uğultusunu dinləyəndə artıq sən hava haqqında
ölü və həyatsız bir varlıq kimi düşünməyi tərgidirsən. Qış isə formasız
bir şeydir, amma o sağdır, həyat doludur, sən daxmanın içərisində də
onun öz gücünü necə hiss etdiyinə qulaq asa bilərsən. Bəli, bəli, Çətin
ona yaxşı bələd idi, çox yaxşı bələd idi. Benedikt qəfildən oturduğu
yerdən durdu. O, indi yatmağa hazırlaşırdı.
Dağlarda itmiş qoyun-quzunu tapmaq görülməsi çox çətin işdir. O, onları
tapıb evə qaytarana kimi çox gec olardı. Çünki onların daha hündür dağ
yamaclarına doğru uçqundan qaçacaqlarını düşünmək ağılsızlıq olardı.
Onlar daha təhlükəsiz yerə, yerlə göyün birləşdiyi nöqtəyə çıxıb təbiətin
qəzəbinin sakitləşməsini gözləməyəcəkdilər! Siz belə bir durum
gözləyə bilməzsiniz! Onlar hətta daha hündür yamaclara dırmaşsalar belə
orada soyuqdan donacaqdılar. Amma indi o, yatmağa gedir, yaxud da ən
azından o tənha olacaqdır. İnsan gərək öz narahatlığını digərləri ilə
bölüşməsin. Hərənin özünə görə kifayət qədər problemi var.
Beləliklə, onlar yüksək ərazilərdəki otlaqlara gəlib çatmış sonuncu
fermanın balaca yataq otağında gecələdilər. Bayırda isə fırtına var gücü
ilə hiddətlə tüğyan edirdi, çöl dünyada daha neçə başqa tufan qəzəblə
tüğyan edirdi və neçə-neçə şeylər baş verirdi. Çünki buralar yalnız
dünyanın unudulmuş bir küncü idi. Burada ən azından cəmi bir fırtına
tüğyan edirdi, buralar bu qədər sakit yerlər idi. Buralarda yalnız yosunlar
və daş üzərindəki şibyələr öz zavallı var oluşlarını sürdürürdülər. Onların
bolluca canlı alətləri idi. Min illər ərzində daşı quma çevirən inkişaf yolu
keçmişlər, yaradılanların tükənməsini seyr etmişlər, yer kürəsinin alovunu
rüşeymlərə və inkişafa çevirmiş, yayın ortasında onlar üzərlərində şeh
damcılarını, payız günündə isə kükürdü hiss etmişlər... Aradabir insan
övladı üçün yatmaq yaxşı bir şeydir.
Amma Qrimsdaldan olan Hokonun növbəti gün dediyi kimi:
“Əgər bazar günü tufanla bitsə,
Bazar ertəsi də qarla gələr bu zaman”.
Həqiqətən də bu bazar ertəsi haqqında danışılacaq çox şey yox idi.
Botnda bazar ertəsini sevinclə və məmnunluqla qarşılayan yeganə
insanlar uşaqlar idi, çünki Benedikt indi başqa işlərini buraxıb orada
qalacaqdı. Ətrafa lütf və xoş rayihə saçan Benedikt isə gününü Çətinlə
evin uşaqları arasında keçirdi. O, bayırda Çətinin yanında olmadığı, ona
qulluq etmədiyi zamanlarda – bu isə belə hava şərtləri altında nəzərə
çarpacaq hazırlıq tələb edirdi – o keçib evdə, uşaqların arasında oturar,
lazım olanda taxtadan heyvan kəsib düzəldər, quş hazırlayar, insan
fiqurları rəndələyər, qırılmış saxsı məmulatları birləşdirməyə cəhd edər,
yekə göyərtəsi, əsl burnu, yelkəni olan nəşəli bir təknə düzəldərdi.
Benedikt bütün bunları etdiyi zamanlarda dayanmadan onu dövrəyə alan
uşaqlara nağıllar danışardı.
Bu arada isə Hokon və onunla gələn insanlar kart oynayırdılar, onlar aşağı
olan ruh hallarını ara-sıra içdikləri konyakla qaldırmağa çalışardılar.
Hokonun sevimlisi olan məşğuliyyətlərin hər ikisi ürəyə gücləndirici
təsir göstərirdi. Doğrudan da, ürəyə yaxşı gəlir və ona gücləndirici təsir
göstərir. Çünki o dağlarda çətin vəziyyətdə, çay buzlaqlarında qalmış
qoyunları üçün bir az da olsa narahatlıq keçirən ürəyinin qayğısına qalmaq
istəyirdi. Amma hər şeyin hökmünü verən Allahdır və O, bildiyi kimi yer
üzərindəki canlıları qoruyur. İndi bu məsələni o öz təcrübəsində də
görmüşdü. Bu arada o, qəzet oxuyur və bu halından çox məmnun
görsənirdi. Çünki xarici ölkələrdə nəinki təkcə heyvanlar donurlar, orada
insanlar belə donurlar. Dünya, sadəcə olaraq, bu cür dəli bir yerdir.
Benediktin bu dünyada görəcəyi işlər çox idi. Onlar yalnız donmurlar,
onlar həmçinin miskin həyatdan və aclıqdan hətta yayın ortasında,
günəşin parıldadığı vaxtlarda belə ölürlər. Sən özün bunu dünyada ağ-qara
şəkildə görməsəydin, söylənilənlərin yalan olduğunu sanardın.
– Hmm... Mənim narahat olduğum yeganə şey odur ki, biz öz Strembamızı
və bu dünyada öz küncümüzü götürək, ona sahib olaq. Və bir çox
yüzlərlə, minlərlə, öz qayaları, öz adaları ilə birgə hesablanan bütün
İslandiyada yaşayan insanlardan daha çox insan, böyük ölkələrdə
işsizdilər, onlar boş-boş ətrafda gəzib dolaşırlar və görməyə də bir işləri
yoxdur. Bircə mənə maraqlıdır, axı niyə bu hal bu qədər pis qəbul
edilməlidir? Mən başa düşə bilmirəm, bir az avaralığın, işsizliyin nəyi
pisdir axı? Sizin özünüz də bəzən işsiz olmaq istəyirsiniz eləmi, oğlanlar?
Bircə mənə deməyin ki, bunlar hamısı mənasız nağıllardır və qəzetdə
yazılanlar boş-boş söhbətlərdən başqa bir şey deyil. Xüsusən də
yazılanlar gözümün qarşısında olanda. Bircə sizə bir söz deyim, ay uşaqlar,
əgər xarici ölkələrdəki kimi tənbəllik və işsizlik mərəzinə yoluxmaq
istəmirsizsə, o zaman özünüzü silkələyin.Gəlin bir əl də kart oynayaq.
Və Benedikt, sən hələ də oynamaq istəmirsən, eləmi? O zaman biz
üçümüz oynamaqda davam edəcəyik, dördüncü oyunçu isə kor oyunçu
sistemi ilə qoşular bizə.
Hə... Üç nəfər, bir də kor oyunçu sistemi, bu sistem haqqında Benedikt
keçən iyirmi yeddi il ərzində öyrənmişdi, sadəcə, o bu oyunu nə kart
oynanılan stolda, nə də əlində rəngli qəzetlər tutaraq öyrənməmişdi.
Və beləcə, bu gün də ötüb keçdi.
Çərşənbə axşamı Benedikt lap tezdən oyanmışdı. Eşikdə güclü, möhkəm
əsən küləyin səsi hələ də eşidilirdi, amma hava bir balaca da olsa
aydınlaşmışdı. Qar bu gün dünənki kimi yoğun və sonsuzadək yağana da
oxşamırdı. Bundan əlavə, Benedikt bu şəraitə öyrəşmişdi. O, hələ
işıqlanmayan səhərin buzlu, şaxtalı havasında çöldə dayanmışdı və
yataqdan qalxdıqdan sonra hələ ki, isti olan yanaqlarını buza sürtürdü.
Növbə ilə əvvəl bir yanağını, sonra isə digərini... Yeni qar, hələ ki,
yağmırdı, yerdə qalan yalnız dünəndən yağan qar idi. Hətta belə olsa da
bu şərait insana istədiyini həyata keçirmək üçün kifayət qədər qar verir.
Amma havanın da qəfildən fikrini dəyişməsi və gün ərzində bir necə
dona girməsi mümkünsüz bir hal deyildi. Artıq yubanmadan dağlara
səfərinə başlayıb bu gün yolun müəyyən hissəsini qət etsə, bu çox yaxşı
olardı. Səfərin başlanğıcını tələsdirmək üçün o, Qrimsdaldan olanları
yuxudan oyatdı. O, indi yola düşürdü, ona yol yoldaşlığı etmək istəyən
varsa buyurub ona qoşula bilərlər.
– Mən çox bir şey istəmirəm səndən, – yatağında bir sıçrayışla tullanan
Hakon dilləndi. O, küləyə qulaq asdı, onu iylədi, dadına baxdı. Yox, çox
şey istəmirəm axı! Lənətə gələsən! Çox şey istəmirəm səndən!
Benedikt isə heç nəyə fikir vermədən hazırlaşmağa davam edirdi. Bu
Hakonun problemi idi, istəyərdi ona qoşulardı, istəyərdi yox!
– Sən onda məsuliyyəti öz üzərinə götürürsənmi? – qrimsdallı fermer
soruşdu.
– Bəli, götürürəm! Çətin üçün, Leo üçün bir də özüm üçün mən bütün
məsuliyyəti öz boynuma götürürəm.
Düşünmədən dənizə çıxanlar,
Yəqin, sonda batarlar.
Hakon dedi bu sözləri. Sonra alçaq bir səslə söyüş söyüb, Benediktlə
yoldaşlıq etmək üçün hazırlaşmağa başladı.
– Heç nə olmaz. Amma hətta sən bizim üçün məsuliyyəti üzərinə
götürməsən belə, uşaqların sənin üçün bir çuval saman daşımasına etiraz
etmərsən hə?
Hmm... Yaxşı onda, Pyetur və Siqrid. Siz də çox sağ olun. Gəlin ümid
edək ki, biz salamat qayıdacağıq və yenidən sizinlə görüşəcəyik. Amma
əgər salamat qayıtmasaq da, o zaman bu yalnız sizin bizimlə daha çox
problemlərinizin olmasına gətirib çıxaracaq. Uşaqlar, kartları unutmayın.
Benedikt bel çantasını açıb oradan kiçik bir örtük götürdü və onu Çətinin
arxasına bərkitdi. O bunu qarın onun yununu dondurub bütün yoxuş boyu
ağır yükləməsinin qarşısını almaq üçün edirdi. Qrimsdallı fermer Leo
Papadan onun Massdakı yerinə gəlmək istəyib-istəmədiyini soruşdu.
Benedikt ona danışmağa icazə verdi. Sonra o Çətinin buynuzuna kəndir
keçirib dedi: “Hə, indi getdik!”
Çətin bu səfər üçün heç də alışıb yanmırdı və bunu gizlətməyə də
çalışmırdı. Və Hakon açıq-aşkar büruzə verirdi ki, o, Çətini öz sahibindən
daha inteligent biri olaraq hesab edir. Amma indi Benedikt artıq hər şeyini
hazırlamışdı və yola çıxmaq üzrə idi, onlar birlikdə səfərə başladılar.

Bir az yol gedəndən sonra hikkəsinin keçmədiyini görən Çətin də


güzəştə getməyə məcbur oldu. Buynuzundakı kəndiri hiss edən kimi
yerindən götürüldü və bir it kimi qaçmağa başladı. O, əziyyət bahasına
olsa da Benediktə göstərmək istəyirdi ki, o bu səfərə qorxmağından,
yaxud tərbiyəsizliyindən qarşı gəlmirdi. Dostcasına idimi? Xeyr, o bu gün
elə də dostcasına deyildi. Leo çox diqqətli olmalı idi, çünki əgər tufan
onu tutsaydı onu Çətinə doğru, yaxud da onun yolunun üzərinə atsaydı, bu
zaman o, Çətinin buynuzlarının dadını hiss edəcəkdi. Amma Leo özünə
nə acıqlı görsənməyi, nə də buynuza ilişməyə icazə vermədi. O bu
məsələdə də başqa bütün məsələlərdə olduğu kimi, sadəcə, əsl bir
Papa idi ( Roma papasına istinadən). O, heç bircə dəfə də Çətinin
üzərinə çımxırmamışdı, onunla söz güləşdirməmişdi, amma bütün
diqqətini və bacarığını sərf edirdi ona göstərsin ki, Leo dünənin uşağı
deyil ha! Əgər başqaları bu ağır qar havasında azmalı olsaydılar, onları evə
məhz Leo gətirəcəkdi.
Yola düzələn və bir-birlərinin arxasınca addımlayan dörd kişi fırtınanı və
qarı demək olar ki, arxalarında hiss edirdilər. Xoşbəxtlikdən! Çünki onlar
daha da yüksəkliklərə qalxdıqda, dolanbaclar başlayanda, külək onlara
arxadan dəstək verərək irәlilәmәklәrini daha da asanlaşdırırdı. Qar
onları, hələ ki, ayaqda saxlamağa kömək etsə də indi onlara mane olurdu,
yalnız Çətin arada bir öz iti buynuzlarını işə salaraq irəli addımlayırdı.
Kişilər butulkaların içində Botndan gələrkən özləri ilə isti qəhvə
gətirmişdilər. Bir daş yığının arxasına keçib daldalanaraq onlar bir qədər
dayandılar və qəhvələrini içdilər. Tədricən dan yeri sökülürdü, qaranlıq
yer üzərindən silinib gedirdi, onlar isə daha yuxarılara qalxmaq üçün
mücadilələrini davam etdirirdilər. İndi yalnız ara-sıra qar çovğunu
zəifləyəndə onlar önlərindəki landşaftı seçə bilirdilər. Qarşılarını
görəndə isə bu onlara dayanmadan mübarizliklə həmin nöqtəyə
addımlamaq üçün qorxusuz hisslər bəxş edirdi. Amma onlar yollarına
təlaşsız davam edirdilər. Çünki sadəcə olaraq bir addımını atıb onun
yanına o biri ayağını da qoyursansa, demək sən yerində dayanmırsan, irəli
doğru gedirsən. Bəzi yerlərdə onlar qaya parçalarını, oyuqları, cığırları
tanıyırdılar. Onlar düzgün yolu gedirdilər. Artıq çovğun qüvvəsini
azaltmışdı və onlar, hələ ki, ala-toranlıq olsa da ən yaxınlıqdakı zirvələrin
konturlarını və dağ silsilələrini daha aydın seçə bilirdilər. Həm qar
çovğunu, həm də alçaqda yerləşən topa-topa buludlar bütün sezilən
kontorları silib-süpürüşdü. Amma yer yenidən öz formasını almağa
başlamışdı, öz adət etdiyi şəkildə görsənirdi artıq.
Beləliklə, kişilər itləri ilə bərabər qısa olacaq gündən istifadə edərək öz
yollarına fasiləsiz, dayanmadan davam edirdilər, onlar irәlilәdikcә qərb
tərəfdə bir gecə sona yetişirdi. Tezliklə şərq tərəfdən gələn yeni bir
günə verəcəkdi yerini. Gün elə qısa oldu ki, onlar dağlarda gəzərkən, heç
özləri də hiss etmədən bir də gördülər o da artıq sona yaxınlaşır. Yeni
gələn gün də artıq bitmək üzrə idi. Qaranlıq öz hökmünü onların üzərinə
sirayət etdirmək ərəfəsində idi, onlar isə yorulmadan, usanmadan ancaq
irəli gedirdilər. Onlar heç danışmırdılar, demək olar ki, heç birinin
ağzından bir kəlmə də söz çıxmırdı, külək hələ də çox kəskin əsirdi.
Amma onlar addımladıqca özləri üçün uca səslə oxuyurdular. Bu
səyahətə hazırlıq qismində onlar özləri ilə İncildən psalmlar, dini
mahnılar götürmüşdülər və addımladıqca, gəzdikcə həmin mahnıları
oxuyurdular. Hava şəraitinə görə onların əhval-ruhiyyəsi dəyişdikcə
mahnılarının mətnləri də ayrı cür olurdu. Benediktin özünün mahnısı var
idi, o belə səslənirdi:

Hər yer qardır, tufandır, yollar qarla doludur.


Əzələlərini gücləndir, sümüklərini möhkəm tut!
Bütün günü evində sobanın yanında dayanan kimsə,
Bütün həyatını boşuna keçirir demək!
Bu onun özünün uydurduğu bir mahnı idi və belə bir havada, tufanın
nərildədiyi, qar çovğunun olduğu bir zamanda onu oxumaq yerinə
düşürdü. O bu sözləri elə deyirdi sanki onun dodaqlarından çıxan sözlər
özü ilə vəhşi təbiət arasında sirr kimi qalmalı idi. Yox, heç kiminsə ona
qulaq asıb, bunları öyrənə biləcəyi də inandırıcı deyildi. Düzdür, arada
onlar çox nadir hallarda bir-birlərini başa düşmək üçün cəhdlər edirdilər,
amma bu əziyyətə heç qatlaşmasaydılar da olardı. Çünki onlarda heç nə
alınmırdı. Onlar hətta ən uca səsləri ilə, var güclə bağırsalar da külək
onların səsini dərhal parça-parça edir, yayılmağa imkan vermirdi. Bəli,
onlar qarla, çovğunla, dik sıldırım qayalarla mübarizə apararaq
addımlayırdılar. Soyuğu birinci hiss edən Hakon konyakını çıxartdı, birinci
özü ondan bir qurtum alıb sonra onu yoldaşlarına da təklif etdi, əməlinin
təsirini artırmaq üçün isə köhnə bir mahnını zümzümə etdi:

Mənim qəbrimin üzərinə bir çəllək konyak əndərin.


Çınqılın, daşın üzərindən qoyun süzülsün, düşsün,
Mənim sümüklərimin şirin, xumar içkiyə olan tələbatı,
Qoyun qəbrimdə də ödənilsin.

Və indi, bayaq da qeyd etdiyimiz kimi, artıq gecə düşmüşdü. Gecə! Ay


parça-parça olub səmaya səpələnmiş buludların arasından ara-sıra yerə
tamaşa edirdi. Səyahətçilər gecə vaxtı bu dağlarda, bu dağların nəhəng
qar topalarının fonunda yalnız kiçik kölgələr dərəcəsində idilər.
Benedikt, doğrudan da, onların harada olduqlarını bilirdimi? Digər üç
səyyah ona güvənirdilər və ümid edirdilər. Onlar ümid edirdilər ki,
Benedikt hələ yolu azmayıb, düz gedir. Qəlblərinin dərinliklərində onlar
bu üçlüyə – Benediktə, Çətinə və Leoya çox böyük güvən bəsləyirdilər.
Onlar öz aralarında dostları “Üçlük” adlandırırdılar. Doğrudan da, onların
bu dağlarda, bu havada başqa güvənə biləcəkləri kim vardı ki, onlardan
savayı? Hə, danışma! Ancaq yoluna davam et!

Tələsmə yollarda, asta get, çox get sən!


Bərkdən danışmaqla çox söz deyə bilməzsən.
Asta get, sadə get, düzgün yol yalnız budur.
Qışqırma, çığırma hədər etmə səsini!

Və onlar tələsmədən, təlaşsız addımlayırdılar. Bacardıqları qədər


sakitliklərini qorumağa çalışırdılar. On səkkiz saat gəzəndən sonra, təbii
ki, onlar artıq sürətli yeriş haqqında düşünə bilməzdilər. Durmadan
nərildəyən, guruldayan çovğuna rəğmən, onlar qarşılarındakı nəhəng
qayalıqlara doğru irəliləyirdilər, amma qarşılarına çıxan qayalıqları bir top
mərmisi ilə dağıtmağın əleyhinə deyildilər. Düzdür, bu əməldə
müəyyən bir risk payı da olmamış deyildi, onlar bunu yaxşı bilirdilər.
Nəhayət ki, onlar gəlib nəzərdə tutduqları yerə çatdılar. Qəflətən
gecənin və qar çovğunun arasından dik bir yoxuş peyda oldu. Qar
topalarının arasında balaca bir daxmanın taxta damının cizgilәri görsəndi.
Daxmanın çox miskin bir görkəmi vardı, o, yerə batmış, qəmgin və
ümidsiz nəzərlərlə baxırdı. Evin qalan hissəsi isə, əlbəttə ki, haradasa
yerin altında idi. Onlar, doğrudan da, əsl istədikləri yerə gəlib çatmışdılar,
bütün səyahət boyunca yoldan sapmamışdılar. Sözsüz ki, bu səyahətin
bələdçisi də, rəhbəri də Benedikt özü idi. Hər necə olsa da bir insanda
təsadüf edilə bilən uğursuzluqlara və çatışmazlığa rast gəlmək olmazdı.
Benediktdə qeyri-insani sayıla biləcək iki keyfiyyət var idi: O, nə qumar
oynayırdı, nə də konyak içirdi. Yaxşı, amma indi bəs qapı haradadır?
Burada qapı olmalıdır axı!
Benedikt öz yastılanmış dəmir çubuğunu götürdü. O, kürəyin sapı kimi
uzun bir çubuq düzəltmişdi. Benedikt cəld bir hərəkətlə itələyib qapını
açdı. Qapının ağzında çoxdan qalaq-qalaq yığılmış qar kənara itələndi.
Beləliklə, onlar qarşılarında onları evə aparıb çıxardan bir keçid gördülər.
Onlar içəri keçdilər, bir şam yandırdılar və bir an sonra sobadakı boz
kömür artıq çırtaçırtla yanırdı. İlk öncə Benedikt Çətini rahatladı. O, su
gətirmək üçün bulağa doğru getdi, ev heç zaman donmayan bir su
hövzəsinin üzərində tikilmişdi. Çətin suyunu içdikcə, o çuvaldan bir
qədər onun üçün saman çıxartdı. Samanı yaxşıca silkələdi, onu təmizlədi,
sonra Çətinin dırnaqlarına yapışıb qalmış buz parçalarını yaxşıca
təmizlədi. Sonra başladı köhnə dostu, əziz-xələf Çətinin ayaqlarına mum
yağı ilə sığal çəkməyə.
Bu ev (ona daha çox daxma demək olardı) iki otağa bölünürdü. İçəri girən
kimi birinci at tövləsindən keçirdiniz, oradan isə içərisində yataq olan
balaca bir otağa qapı açılırdı. Buna çox yerdə təsadüf edilən adi bir qəsr
də demək olar.
Benedikt öz qoçunun qayğısına qalıb onu rahatladandan sonra başqaları
haqqında düşünməyə başladı. Burada, belə deyək, tənhalığın düz qapının
ağzında pusquda dayandığı bir yerdə o, hər necə olsa da insanlarla
bərabər olmanın gətirdiyi məmnunluğu aşkar etdi. Olsun, onlar arada bir
çərənçi olurlar. Artıq içərini qəhvə iyi bürümüşdü. Benedikt sobanın
yanında boş bir yer tapdı, özünün artıq islanmış paltarlarını qurumaq üçün
oradan asdı və saqqalında, saçında donub qalmış buz parçalarını
təmizləməyə getdi.
– Həə, gəldik çıxdıq bura.
– Sən parıldayan bir daşsan, Benni, – Hakon mərd-mərdanə dilləndi. Və
üstəlik, sən bizim həyatımızı da qurtardın. Sən gərək taxıb kilsəyə gedə
biləcəyin bir medal alasan, bir də xarici bir ölkədən sənə gələn böyük
məbləğdə pul mükafatı verilsin. Dediyim kimi, sən bizim həyatımızı
qurtardın. Hə, həm də qoyunsuz bir adam nəyə yarar ki?! Mənim
qardaşım, o, yalnız bir dilənçi ola bilər, başqa heç nə! Elə insan yalnız öz
sözləri ilə nə medallar fəth edə bilər, nə də pullar qazana bilər. Ah...
Mənim qoyunlarım. Allah bilir, bu dəqiqə onlar haralardadır – təbii ki,
hələ sağdırlarsa və gəzə bilirlərsə. Çox böyük ehtimal ki, külək onların
hamısını topa ilə sovurub bir çaya salıb. Yaxud da hamısı qar uçqununun
altında qalıb elə ölüblər. Biz də burada oturub uşaqca söhbətlər edirik.
Qoy cəhənnəm olsun e! Nə qədər ki orada qəhvə var, gəl bu gözəl
nemətin dadını çıxardaq. Heç kəs sabahın necə olacağını bilə bilməz.
Həm də çox nadir hallarda elə olur ki, pis şey baş verəndə, sən ondan
daha pis bir şeyin baş verə biləcəyini ağlından keçirəsən.
Onlar öz fincanlarını doldurub oturdular, fermer və Benedikt çarpayının uc
tərəfində, onun özü ilə gətirdiyi köməkçilər isə quru döşəmədəcə
yerləşdilər. İndi Benedikt artıq özü ilə gətirdiyi azuqəni – çörəyini,
yağını, ətini yemişdi, üstündən də qəhvə içib mədəsini yaxşıca yumuşdu.
Onlar yedikcə kefləri də kökəlirdi və qısa dağlara aid bir mahnını oxumaq
bu məqamda yerinə düşdü.
Sür atı, sür atı, dayanma,
Sürətli get, yel kimi əs,
Qumlardan keç!
Off... Bircə indi onların yedəklərində atları olardı... Bu onlara çox kömək
etmiş olardı. Həm də indiki durumlarında da narazı qalmamalıdırlar. Yoxsa
bu dəqiqə çöldə haradasa boğazlarına kimi qarın içinə batmış vəziyyətdə
idilər. Amma indi vəziyyət elə idi ki, onların hansısa mahnıdan çox
yatmağa ehtiyacları vardı. Cəmi heç iki misra oxumamışdılar ki, hamısı
əsnəməyə başladılar, beləcə, yerlərinə keçib yuxuya daldılar.
Budur, qarlı dağlar qoynunda, çovğunlu bir havada dörd kişi daş kimi
yatırdılar, yorulduqlarından dərin, şirin yuxuya dalmışdılar. Ölü kimi yatan
bu dörd kişinin alıb-verdikləri nəfəs tezliklə gurultulu xorultuya çevrilir,
artır, azalır, yenidən bütün daxmanı başına götürür və onların yenicə
canlarını qurtardıqları tufan kimi yenidən öləziyirdi. İtlər belə
xoruldayırdı, hətta qoç Çətinin belə uzandığı yerdən ara-sıra xorultu
səsləri eşidilirdi.
Bu daxmada hər kəsin dərin yuxuya daldığı bir zamanda isə tavandan
yuxarıda, qar buludlarının arxasında, göyün nişanələri addımlayır,
dünyanın hətta bu kiçik küncü üçün, bu küncdə dərin yuxuya dalmış
varlıqları üçün belə gecə-gündüzü nizamlayırdı. Onlar hamısı birlikdə
gecəyə bu kiçik daxmada son verdilər və birlikdə yeni günü çəkib
gətirdilər. Budur, yeni gün artıq başlamaq üzrəydi. Oyanmaq vaxtı idi. Və
onlar yuxudan oyandılar. Nəsə onları yuxudan oyatdı. Yuxudan duranda
bədənləri gərilmiş, əzələləri yığılmışdı. Onlar ayağa qalxdılar, əsnəyib
gərnəşdilər ki, gərilmiş bədənləri açılsın. Onlara elə gəldi ki, bir neçə
dəqiqə bundan əvvəl yatmışdılar. Amma artıq daxma işıqlanmışdı. Ayağa
qalxıb qəhvədanı ocağın üstünə qoydular.
Elə gözlədikləri kimi də oldu. Qrimsdaldan olan qoyunları tapmaq və bir
yerə toplamaq çox çətin oldu. Qəzəbli çovğun onların bir hissəsini
süpürüb otlaqlardan, çay qırağı buzlaqlardan uzaq salmışdı, bir qisim qoyun
isə başqa yerdə tapıldı. Atılmalı olan ilk addım onları tapmaq idi və
sonunda onlar, nəhayət ki, qoyunları tapdılar, qar çox hündür yağmışdı,
günlər qısa, hava isə çox əlverişsiz idi. Qış girən günlər ərəfəsində
günün işıqlı vaxtı o qədər qısa olur ki... Günlər bu qədər qısa
olmasaydılar, Çətin özü hər tərəfə səpələnmiş qoyunları qabağına qatıb
dağ daxmasına gətirə bilərdi. Düzdür, Çətin onları toplayıb gətirməyə
getmişdi, amma o işini o zamana kimi görə bildi ki, özü də qalın qara batıb
köməksiz vəziyyətə düşmədi. Onun özünü qardan dartıb çıxartmaq lazım
gəldi. Hələ bu halda belə o öz cəsarətini və gücünü başqa bir qoyunla
bölməli olurdu. Bu necə bir durum ola bilər? Təsəvvürünüzə
gətirirsinizmi?
Hakon bunu çox rahatlıqla qəbul etdi və Çətini tərifli söz yağışında islatdı.
Elə Leonun özü də kifayət qədər tərif eşitdi. O qoyunların gizlədildiyi
yeri tapmağa, qarda onların izlərinə düşməyə, hətta köhnə izləri
qoxulamağa belə çox həvəsli və istəkli idi. O, hətta qoyunların ola
bilәcәklәri oyuqları və mağaralara gedən yolları belə iyləyib tapırdı.
Benedikt onu satmaq fikrinə düşə bilməzdimi? Bəli, bu elə bir addım idi
ki, Benedikt onu ata bilməzdi. Yox! Bir də yox! Heç bir sahib Roma
papasını bazara çıxardıb ona satılıq adı qoya bilməz.
Və axşamlar onlar rahatca daxmanın içində oturardılar. Amma Benedikti
heç cür öz oyunlarına qoşulmağa məcbur edə bilmirdilər. O, hətta indi
belə bir oyun oynamayacaqmı?
Yaxşı onda. Yenə də üçümüz oynayarıq, dördüncü də kor adam olar.
Bir gün keçdi, iki gün keçdi, üç gün də keçdi və çovğun yatdı. Hava
sakitləşmişdi və nisbətən mülayim olmuşdu, hər halda belə olmaqda
davam edirdi. Və nəhayət ki, cümə günü, günortadan bir qədər keçmiş
Qrimsdaldan olan fermer qoyunlarını da qabağına qatıb evə tərəf istiqamət
aldı. O şimala, fermasının yerləşdiyi yerə doğru yol almışdı. Onlar axırıncı
qoyunu da tapıb sürüyə qoşmuşdular. Benedikt onları təpənin lap enişinə
kimi ötürdü, həmin təpənin enişi sonda burulur və çay vadisinə çıxırdı. O
öz təşəkkürünü aldı, onun əlini üçqat sıxdılar, başları ilə “sağ ol” dedilər
və xudahafizləşərkən bir neçə yaxşı kəlmə söylədilər. Sonra o olduğu
yerdə dayanıb gedənlərin arxasınca baxdı, asta-asta geriyə – daxmaya yön
aldı, arxasınca qapını bağladı, yorğun qoça bir qədər yem və su verdi,
Leonu isə tumarladı. Boş çarpayıya uzanıb əlinin birini dostu və yoldaşı
Leonun üzərinə qoydu, bir əlini isə boynunun arxasında yerləşdirdi.
İstirahət... Tamamilə və büsbütün istirahət. İstirahətdən, özünə
gəlməkdən, bütövləşməkdən, öz ruh halına qayıtmaqdan savayı bu
dəqiqə heç nə düşünmürdü. Advent... Axırıncı bazar günü neçə gün
bundan əvvəl olmuşdu?
Bir insan öz həyatını bir neçə cür yaşaya bilər. Çoxları daşınır, bəziləri
isə sakit qalmağa üstünlük verir. Çoxları özlərini rahat, ruhlarını dincəlmiş
hiss etməsi üçün öz yaxınlarının, qohumlarının əhatəsində olmaları
vacibdir. Digərləri isə ara-sıra tək qalmağa meyil edirlər, təklikdə
rahatlıq tapırlar. Benedikt qeyri-adi dərəcədə münasibət qurmayan bir
insan da deyildi, amma onun bu Advent səyahəti dövründə o insanların
əhatəsində olmamağa öyrəşmişdi. O, yoldaş istəmirdi. Burada, uca
dağlarda belə kənddə danışılan şayiәlәrin bir ucu gəlib Benedikti tapırdı
və onu sözsüz, danışılmadan da narahat edirdi. Bu söhbətlər bura məxsus
deyildi. Başqa vaxtlarda bu günlərdə olduğu kimi belə söhbətlərə qarşı
hissiyyatlı olmazdı. Hə də, insan günü-gündən qocalır, yaşlaşır. Keçən
bazar gününün dərin sakitliyindən və sülhsevər təbiətindən bu günə nə
qaldı? Bəs ümid nə oldu? Bəs inam nə oldu? Bunlar doğrudan da cəmi
beş gün bundan qabaq baş vermişdi. Yaxud da yox. O, heç bu durumun
cəmi beş gün qabaq baş verdiyini soruşmasın? Bu halda o gərək onda indi
evində olardı, hər şey planlaşdırdığı kimi getsəydi təbii ki. Əvəzində isə
o indi burada uzanıb, öz köhnə paltarları kimi yıpranıb, üzülüb, yorulub.
Onun ürәyi də bu dəqiqə darmadağın idi. Elə bil qapını döydülər...
O uzanıb yuxu görürdümü, yoxsa bu qapı səsi real idi? Həqiqətən də,
yəqin ki, o yatıbmış, çünki elə bu dəqiqə qapının ağzında dayanan Leonun
dəli kimi hürmə səsi gəldi. Amma yox, yuxu görmürmüş, qapını yenidən
döydülər. Üç dəfə ayrı-ayrı döydülər. Benedikt sıçrayıb ayağa qalxdı və
qapını açdı. Bu yaxınlarda yaşayan Fyallı Con idi.
– Bizim dayçaları görməmisən?
Açıq desək, Benedikt aşağıda, çayın vadisində və bəzi başqa
istiqamətlərdə bir neçə yerdə heyvan izlərinə rast gəlmişdi, amma
onların məhz at, dayça izi olduğuna əmin ola bilmirdi. Hər bir halda
həmin ayaq izləri heç də ən yaxınlarda deyildilər. Təbii ki, o, artıq həmin
heyvanların qayğısına qalmaq, onlar haqqında düşünmək həvəsində
deyildi. Onun ağlına batmırdı ki, belə bir havada kiminsə dayçaları hələ
də vəhşi çöldə ola bilərlər.
– Mənim oğlum, sənin sahibin elə düşünürmü ki, sən tənha halda burada
azmamaq və öz yolunu tapa bilmək üçün kifayət qədər təcrübəli, həm
də yaşlısan?
Fyaldan olan Con düşünürdü ki, o, başqalarının etdiyi hər bir hərəkəti edə
bilər. Olsun, lap yaxşı, – Benedikt düşündü. Amma hər necə olsa da o
cavan və təcrübəsiz bir oğlan idi. Və indi ki, onların hər ikisi burada
idilər, gərək Benedikt onun üçün də mәsuliyyәti öz üzərinə götürərdi.
Birdən Benedikt səhər açılan kimi öz yolu ilə çıxıb gedərdi, Conu, onun
dayçalarını heç vecinə də almazdı, sonra qayıdanda isə görərdi ki, Con
heç geriyə də qayıtmayıb və dağ yollarında məhv olub. Hə, onda bəs nə
olacaqdı? Bundan əlavə, Çətinə bir gün əlavə istirahət vermək də yerinə
düşərdi.
– Sabah baxaq görək nə edirik, indi isə artıq o cavan oğlan üçün
qəhvəsini hazırlamışdı.
– Doğrudan da, elə düşünürsüz ki, sizin bir qədər vaxtınız olacaq ki, sabah
bir qədər mənim atlarımı gəzək, axtaraq. Con saf, təmiz uşaq idi deyə
onun üçün başqa heç bir anlam, ikinci mənalı söhbətlər mövcud deyildi.
– Saat neçədir? – Benedikt bir qədər kefikök şəkildə soruşdu. Amma
dərhal da Conun onun köməyinə açıq-aşkar tam güvənməməsi kefinə
soğan doğradı. Şənbə günü dayçaları axtarmağa sərf edildi. Bir az sonra
onlar dayçaları da tapdılar. Bazar günü isə cavan oğlan qəlbində
oradakılara dərin minnətdarlıq hissi ilə öz evinin yolunu tutdu.
– Yaxşı... Hətta çox iş görə bilməsəm belə, hər kəs bir şeyi etiraf
etməlidir ki, mən bu həftəni boşuna keçirmədim, – Benedikt dedi. Ona
elə gəldi ki, bir-iki üzrxahlıq kəlməsi yerinə düşərdi.
Və indi o bu gündən faydalanmalı, dağların daha da dərinliklərinə baş
vurmalı idi. O elə bir yerlərə gedib çıxmalıydı ki, orada bir vadidən
digərinə yol, cığır olmasın. Amma o sanki aşağı ətraflarında bir keylik hiss
etdi, özünü daha böyük sınaqlara sanki hazır deyilmiş kimi hiss etdi.
Həddən artıq gərgin həftə olmuşdu. Bunu heç kəs inkar edə bilməzdi.
Amma bu daha sonra baş verəcək hadisələrin yanında uşaq oyuncağı idi.
Əvvəlki illərdə, artıq bu gün o evə dönmüş olurdu, bəli, evə dönürdü. Bu
fikir onun özünə də çox qəribə gəldi. Çünki bu zamana kimi o, artıq
bütün çətinliklərə sinə gələrək qoyunları xilas etmiş olurdu. Onun bu
zaman artıq ürəyi minnətdarlıq hissi ilə dolu və bayram əhval-
ruhiyyəsində həmin balaca kilsədə oturmuş olardı – o keşişin ya dul qadın
haqqında, ya da günəş və ay haqqında olan moizəsini dinləyərdi.

Və orada, günəşdə, ayda və ulduzlarda işarələr əmələ gələcək.


Dənizlər, dalğalar nərilti çəkəcək, insanlar ümidsizlik və çaşqınlıq içində
ora-bura vurnuxacaqlar.
İnsanlar qorxudan bayılacaqlar, insanlar yerin tərkindən gələn həmin
şeyləri axtaracaqlar. Çünki həmin gün göylərin qüdrəti, gücü
silkələnəcəkdir!
Orada məhz bu sözlər yazılmışdı.
Bəli... Onun da başına bu iş gəlib. Bir dəfə onun da qorxudan ürəyi
getmişdir və o ölümə görə çox böyük narahatlıq keçirmişdir. Hə, əgər
məsələni dəqiq bilmək istəyirsənsə, yaşama, həyata görə də onun
narahatlığı olmuşdur. O, iztirab çəkirdi, bütün bunlar uzun müddət əvvəl
baş vermişdir və o bu iztirabı da həmçinin dağlarda basdırıb gəlmişdir. Bu
günlər onun daxilində hər şey, onunla bağlı hər şey çox sakit və hüzurlu
idi. Dağların özü kimi sakit və hüzurlu...
Orada dalğın halda oturub bel çantasını yığırdı. O, gərək çalışıb bütün bu
yorğunluqdan qurtulsun və günü dağların dərinliklərinə, uca zirvələrə
səyahət etməyə sərf etsin. Ən azı yolun bir qismini qət etməyə səy
göstərməlidir. Şeylərini qablaşdırmağı yarıda buraxdı, çölə çıxıb havanı
diqqətlə müşahidə etdi. Bu nədir belə? Çayın o biri sahilindəki o
qaraltılar? Hə, əlbəttə ki, insanlar və atlardır. Bu çayın iki sahili arasında
bərənin olmasından xəbər verir. Amma niyə axı? Bu ərazilərdə atların
yerini dəyişən, ya yarışa aparan biri yoxdur. Benedikt tələsik içəri keçdi
və qəhvə düzəltmək üçün ocağın üzərinə qaynamağa su qoydu.
Poçtalyon yaxınlaşanda o işindən ayrılmadı, əlində qayçı iş görürdü.
– Köhnə dost, gün qısadır. Bizi qurtarmağa gəlməli olan insanlar isə nə
isə gecikirlər. Çox güman, indi haradasa rahat bir guşәyә girib
daldalanıblar. Biz gərək yola düşüb onları tapaq.
O tərəfdə, çayın digər sahilində bu insana bu qədər uzaq məsafədə yol
yoldaşlığı edənlər artıq cənuba doğru yol almışdılar. Bərəçinin adı
Yöklidən olan Qrimur idi, o da Benediktin yanında dayanıb bu uzaq
məsafəyə səyahət edən, qəribə tərzdə rahatsız görünən insanların şimal
və cənub istiqamətində gözdən itməsinə birlikdə şahidlik etdilər. Bir
halda ki qəhvə artıq hazırlanmışdı, Qrimur bir-iki qurtum ondan dadmağa
etiraz etməzdi. İnsan gərək Allahın nemətlərinə nifrətlə yanaşmasın.
– Sən elə görsənirsən, sanki həyatının qalan hissəsini burada
məskunlaşmaq və otelçilik işi ilə məşğul olmaq fikrindəsən, – kişi
Benediktlə zarafatlaşdı. Bir həftədir ki, mən bacadan tüstü qalxdığını
görürəm. O, belə deyib bir çuval kömür gətirdi və sobaya tökdü.
Mən düşündüm ki, ola bilər sən bütün kömür ehtiyatını istifadə edib
tükətmisən, ona görə özümlə bir qədər kömür gətirdim. Hər şeydən
öncə isə bu ərazilərdə bütün ocaqların yanar qalmasına cavabdeh mən
özüməm. Hər nə isə, bəs sən buralarda nə iş görürsən?
Benedikt ona ilin bu çağında müntəzəm olaraq dağlara səyahət etdiyini,
indiyədək başına gələnləri, günlərin necə gəlib, necə getdiyini ətraflı
danışdı.
– Sən bu qədər işi bir günə görüb qurtara bilmərsən. Xüsusən ilin bu
fəslində.
Hakon ağıllı davranıb, – Qrimur dedi. – Bir də o Fyaldan olan oğlan.
– Hmm... Düzdür. Amma ki, qoyun qoyundur, at isə atdır, – Benedikt onun
sözünü yarımçıq kəsdi. Bu barədə mübahisə etməyə belə dəyməzdi.
Hər birimiz seçim etməliyik. Bir işi görməli, digərini isə axarına
buraxmalıyıq. Bütün sürünün məhv oluşunu izləyib sonra itmiş
qoyunlardan, yaxud onların ölmüş cəmdəklərindən bir-ikisini tapsaydım,
bunun nə anlamı olacaqdı ki?! İşlər elə gətirdi ki, Hakon sonda öz
sürüsünü geri qaytara bildi, amma Leo və mən orada olub ona yardım
etməsəydik, xüsusən də Leo bunu çətin ki, bacarardı. Həm də Qrimur,
əlbəttə ki, sən də eynisini edərdin. Mən buna əminəm.
– Yox, mən bunu etməzdim. Bütün müqəddəslərə and olsun ki,
etməzdim.
– Yox! Dedim edərdin. Sən də mən etdiyimi! Bundan əlavə, orada daha
bir müsbət məqam var. İndi mən artıq Strembanın harada olduğunu
tapmaq üçün əl-ayağa düşməyəcəm, çünki artıq orada oldum.
– Hə, əlbəttə ki. Mən mərcə girərəm, sən orada olduğun müddətdə
yalnız öz qayda-qanunların və tədarükünlə dolanmısan, – böyük ölçüdə
Benediktin fikirlərini bölüşməyən Qrimur belə dedi.
– Hə, düzdür. Amma mən də adətən harasa çıxanda özümlə yarım ayın
tədarükünü götürürəm. Bu kifayət qədər çox demək idi və Hakon bunu
yaxşı bilirdi. Həm də bundan əlavə, onlar Çətinin saman çuvalını da düz
Botndan bura kimi daşımışdılar.
Amma Qrimur yalnız başını buladı, qaşqabaqlı halda qazançadakı qəhvəni
öz fincanına boşaldıb qaya parçası kimi bərk konfeti möhkəm dişlədi.
– Sənə tam səmimi deyirəm ki, belə yerlərə mükəmməl öyrəşmiş kimi
görsənirsən. Həm də ki, Çətinlə bu nə davranışdı sən edirsən? Bir çox
insanlar sənin davranışından daha az qəddarlığa görə əməlli problem
yaşayıblar, əminəm ki, sən özün də bunu bilməmiş deyilsən. Hə,
əlbəttə, sən həm də bilirsən ki, Çətin bəzi başqa insanlar kimi canı
çıxana, ürəyi partlayana kimi qaça bilər, qaçacaq da. Onun məsuliyyətini
sən daşımırsan məgər? İndi biz səninlə bu saman çuvalını bura, bu dirəyə
bağlayacağıq, çünki Çətin başqa hər kəs kimi düşüncəli və ağıllıdır və o
özü öz təsərrüfatını idarə edə bilər. Sonra isə onun üçün su və küləş
məsələsini həll edərik. Özün də görəcəksən, bir neçə gün təkbaşına
buraxılmağın ona heç bir zərəri olmayacaq. İndi isə yadında saxla ki, sən
mənimlə evə gəlib başını atıb bütün gecəni yata bilmərsən. Oraya
çatanda sən çuvalı samanla doldurub geriyə, Çətinə qaytara bilərsən. Və
sən yalnız öz tədarükün hesabına da yaşamaq zorunda deyilsən. Və mən
heç bir etiraz istəmirəm! Yadımıza salanda ki, artıq qışın yeddinci
həftəsidir, burada artıq kifayət qədər söyüşlər səslənib. Və bu gün
Eyibsiz Konsepsiya günüdür (İncildən sitat gətirilir).
Donmuş çayın üzərindən bərənin keçirilməsi... Bu zaman sən bərəni bir
xeyli buzun üzəri ilə dartıb, axın olan yerə gətirib çıxartmalısan, sonra isə
axınla aşağı avar çəkə bilərsən. Bu üzücü və vaxt aparan bir prosesdir –
çayın eni boyunca bir neçə dəfə bərənə o baş-bu başa çəkmək. Bunu
edərkən adamda elə bir tәәssürat yaranır ki, sanki adam başqa bir ölkəyə,
demək olar ki, ümumiyyətlə, başqa bir həyata qədəm qoyur. Bu sanki
içində bir şeyin guppultu ilə səs eləməsinə səbəb olur, bəs geriyə necə
dönəcəksən? Amma Benedikt bütün bunları düşünə bilmək üçün çox
yorğun idi. Hətta yuxarıda, təpələrin arasında yerləşən fermaya gedərkən
belə – oralar dağıdıcı şimal küləyindən yaxşı qorunurdu – o yorğunluqdan
ayaqlarını sürüyürdü, demək olar ki, elə yeriyərək yatırdı. Fermaya
çatanda o çevrilib geriyə baxdı. Gördü ki, dağdakı daxma içindəkilərlə
birlikdə yoxa çıxmışdı, təpələrin arxasında qeyb olmuşdu. Yalnız şimal
tərəfdə yerləşən dağlar hələ də öz yerlərində durmuşdular, amma onlar
da nəhayətsiz dərəcədə uzaq görsənirdilər, o qədər uzaq görsənirdilər
ki, bu dağlar da onun ürəyinin guppultu ilə döyünməsinə səbəb olurdu.
Elə güc-bəla ilə əynindəki paltarları çıxardıb yatmağa uzandı, daha dəqiq
desək özünü guppultu ilə yatağa atdı. Və o yuxu gördü. Gördü ki,
dağlardadır, qoyunları axtarır, yorulub əldən düşür, amma elə hey axtarır,
axtarır. Bir an görür ki, Çətin və Leo da onunla birgədir, sonra onlar yoxa
çıxırlar. O qoyunlarla yalnız qalır. Onlardan bir qismi tənbəl idisə, digər
qisim qoyunlar həyat dolu və aktiv görsənirdilər. Onun ətrafında dəhşətli
bir çovğun cövlan edirdi. Yer-göy silkələnirdi bu güclü tufanın
nəticəsində. Qar isə ucsuz-bucaqsız və yumşaq idi. Onun yanından isə
həm dostcasına görsənən, həm də mənfur görünüşə malik biri keçdi,
həmin adam gözə görsənmirdi, yox havaya görə yox, amma Benedikt onu
görə bilmədi. Nə istəyirdi həmin adam Benediktdən? Yatsa da, yuxuda
olsa belə o vaxtın keçdiyinin fərqində idi. Vaxt imkan vermir ki, onu nə su
saxlasın, nə çay, o nə yorulur, nə dayanır, nə də əldən düşür. Vaxt gedir,
gedir... Buzlaq axıntıları kimi sirli şəkildə axıb gedir... Yatan adam üçün
onun başının üzərindən vaxtın keçməsi, ölmüş adam üçün keçən zamanla
eynilik təşkil edir.
Qəfildən Benedikt ay tərəfindən ağappaq işıqlanmış bir otaqda uzandığını
gördü. Hə, artıq gecə düşmüşdü. O, tamamilə rahatlamışdı. Birdən-birə
hiss etdi ki, artıq bu cür sakit uzana bilmir. O sıçrayıb yataqdan düşdü və
qonşu çarpayıda yatan fermeri də astaca silkələyib yuxudan oyatdı. Onlar
bir-birinin yanında sakitcə oturub ayın işıqlandırdığı otaqda heç nə
danışmadan geyinməyə başladılar. Onlar heç kəsi oyatmamaq üçün
xəlvəti, asta addımlarla ayaqlarında yalnız corab pilləkənlərlə aşağı
endilər.
– Qəhvə hazırlayaq özümüzə? – cavan oğlan soruşdu. Amma Benedikt ona
bunu etməyə gərək olmadığını bildirdi.
– Yox, gözlə, qayıdanda içərsən. Bir saatlıq yolun var, gedib qayıdacaqsan.
Sonra özünə bir qədər qəhvə hazırlayarsan. Gəl indi.
Artıq çöldə olsalar belə onlar sanki hansısa bir gizli işi tuturmuşlar kimi
pıçıltı ilə danışırdılar. Nə isə vardı ki, Benediktə güc verirdi, irəli
səsləyirdi. O artıq istirahət edə bilməzdi.
– Bax, gör ay necə tələsir. Bu gün özümü elə qüvvətli, enerjili hiss
edirəm ki, sanki bir marafon qaça bilərəm. Gün çıxana kimi mən artıq o
biri dağlarda olan daxmaya gedən yolun yarısına çata bilərəm. Axşam
düşməmiş məncə ora çata bilərəm.
– Necə bir dağ daxmasıdır ki bu? – cavan oğlan soruşdu. Hələ ki, yalnız
yarı oyaq olan cavan oğlan soruşdu.
– Bu mənim yuxarıda, dağlarda sahib olduğum bir oyuqdur, – Benedikt
cavab verdi.
Saxlanc otağında bir çuval saman qoyulmuşdu. Cavan oğlan bu çuvalı
belinə bağladı. Əgər ailə oyaq olsaydı, şübhəsiz ki, Benedikt daha çox
azuqə də götürə bilərdi. Amma indi isə əlinə keçənlə kifayətlənməyə
məcbur idi. Belə gözəl, aylı bir axşamda insan adi hava ilə də dolana
bilərdi. Onunla hər şey qaydasında olacaq.
“Qar, çovğun və daşlarla dolu olan yollar...”
Onlar xizəklərini açıb bərkitdilər və ay işığında aydın görünən, dağların
qoynunda dövrə vuran yolla irəliləməyə başladılar. Onlar sanki hər hansı
bir sirli lövhələr idi, qaçan xəyal kimi idilər, amma adam diqqətlə
baxanda onları görə bilirdi. Müəyyən bir məqsəd arxasınca irәlilәdiklәri
bəlli idi. Tezliklə hündür torpaq aşağıya, çaya doğru burulmağa başladı.
Onlar bu işin öhdəsindən tez gələ bildilər. Leo sevinclə hürür, dartılmış
yaydan çıxmış ox kimi ətrafda süzürdü.
Sonra onlar çayı da adlayıb keçdilər. Benedikt qayığı axına qarşı dartmağa
kömək etdi. O, çuvalı arxasına qoydu və avar çəkərək qayığı hərəkət
etdirməyə davam etdi. O, cavan oğlana xeyir-dua verdi, sağ-salamat gedib
qayıtmasını arzu edib ailə üzvlərinə salam göndərdi.
Sonra onlar qayıqla alaqaranlıqda, parıldayan ayın işığının altında çayaşağı
diaqonal üzməyə başladılar. Çayın parlaq işığı sanki qarşıdakı sahilin
düzgün yanalma yerini işarə verirmiş kimi oranı aydınladırdı. Benedikt
yenidən öz ölkəsində tənha idi. O, yuxarı qalxıb Çətini salamladı. Və
burada – gecənin və tənhalığın tən ortasında ayın işığı ona müqəddəs
Advent gününün lütfü kimi görsəndi. Kilsə zənglərinin, digər səs tonların
əks-sədası hələ də havada duyulurdu, qorunub saxlanmışdı, günəşin
xatirəsi, saman iyi və ümidlə dolu bir kənd yayı. Bu həqiqətən belə
idimi? Ola da bilsin ki, hər şeydən öncə bu, sadəcə olaraq, daxili bir
hüzurun təzahürü idi.
Çətin məmnun şəkildə “baa-a-a-a” eləyib gələn iki dostunu salamladı. O,
ayağa qalxdı, bədənini silkələdi və hazır olduğunu işarə etdi. O
Benediktə daha yaxın gəlib özünü ona sıxdı, onu daha yaxından nəzərdən
keçirdi ki, onun necə qorxmuş olduğuna əmin olsun. O, hətta dostuna lütf
etdi. Leo onu iyləməyə başlayanda o da Leonun irəli uzanmış ağzını
mehribanlıqla iylədi. Sevinclə bir az da yaltaqlanaraq, Leo quyruğunu
bulamağa başladı, adəti üzrə bu dəfə də özünü saxlaya bilmədi. O, nəşəli
şəkildə öz dostunu öpdü, o qədər sevincli idi ki, qabaq pəncələrini
qaldırıb Çətinin belinin üzərinə qoydu. Elə həmin anda buynuzların
dadını duydu – düzdü, çətin bunu dostcasına etdi, amma yenə də bu bir
xəbərdarlıq idi. Bu Çətinin ona göstərdiyi yeganə diqqət oldu, amma Leo
ona daha yaxın getmədi.
Benedik Çətinin özündən də, davranışından da tamamilə məmnun
qalmışdı. O, bir çuval samanından çox qənaətlə istifadə etmişdir, hədər
yerə bir saman belə getməmişdir. İndi isə o silinib təmizlənmiş axurunda
dadlı səhər yeməyini yemişdi, sonra onun su içdiyi vedrə bulağa
götürülmüş, yaxşıca yaxalanmış və təptəzə su ilə doldurulmuşdur. Daha
sonra isə üçü də harmoniya və hüzur içərisində daxmada oturub səhər
yeməklərini yedilər. Onların ixtiyarında bir saat vaxtları vardı.
Benedikt bel çantasını çiyinlərinə keçirdi, sakit bir tərzdə xizəklərini açdı
və saman çuvalını aparıb evin küncünə qoydu. O, kəndiri çıxardıb Çətinin
buynuzlarından keçirdi, vedrədə qalan su ilə diqqətlə və ehtiyatla qəhvə
hazırladığı ocağı söndürdü. Sonda o, hər şeyin qaydasında olmasına və heç
nəyi unutmadığına əmin olmaq üçün son dəfə daxmanı yaxşı-yaxşı
nəzərdən keçirdi. Sonra dostları ilə çölə çıxıb qapını da arxadan bağladı.
O, çıxanda saman çuvalını da götürüb çiynindən sallamışdı, çuval özü də
kifayət qədər ağır idi, ayın işıqlandırdığı dağ yollarında arxada gələn
Çətinin ipi əlində, Leo isə ayaqlarına sürtünərək yola düzəldilər. Bu gün
soyuq bir gün idi, bu şübhəsiz idi, amma külək yatmışdı və soyuq dəriyə
elə hopmuşdu ki, sanki səyyahlar soyuğun özü ilə nəfəs alırdılar.
Üçündən heç biri bunu problemə çevirmirdi.
“Asta gedən çox gedir...”
Ayın işıqlandırdığı dağ yollarında gecə vaxtı yol getməyin özündə nəsə
sakitləşdirici bir şey vardı. Benedikt başını qaldırıb göylərə nəzər saldı.
Səmadakı ulduz çarxı onun Yöklidəki fermadan başını çölə
çıxartmasından keçən müddətdə bir inqilabın dörddəbirini artıq həyata
keçirmişdi. Vaxt belə uçur, istəyirsən onu izlə, istəyirsən izləmə!
Ulduzların altında gəzməyin, onlara ayaq yetirməyin, yarışmağın ayrı bir
dadı var. O, burada gəzməyi sevirdi. Qarla örtülü dağlar ay işığında elə
uzaq, elə alçaq görsənirdilər ki... Ara-sıra səmadakı ulduzların, qarlı
dağların səthinə düşüb bərq vuran, ətrafı mavi rəngə bürüyən işıqlar göz
qamaşdırırdı. Bu tip səfərlər sanki bir poeziyadır, bir şeirdir, axar
sözlərdir, möhtəşəm misralardır. Belə deyək, bu möhtəşəm gecə insanın
qanına nüfuz edir, şerə çevrilir və sən onu bir şeri əzbərlədiyin kimi
əzbərləyə bilirsən. Həm də bundan savayı, insanın içində bir qüvvə hər
şeyin dəyişilməz, buraxdığı kimi qaldığını yoxlamaq eşqi ilə bu yerlərə
yenidən və yenidən qayıtmasına məcbur edir, insanı sanki buralara
sürükləyir. Və bu yerlər hər zaman dəyişilməz qalırdı, qəribə, əlçatmaz
və dəyişilməz... Eyni zamanda dostcasına, yaxın və əvəzedilməz bir şey
kimi...
Beləliklə, nəhayət ki, Benediktin içərisinə dərin bir hüzur doldu. O,
qəlbinin dərinliklərindən bir təhlükəsizlik hissinin sıçrayıb yuxarı doğru
gəldiyini gördü. Bu hiss qaçılmaz, hər yerə nüfuzedən, getdikcə daha
dərinlərə işləyən və qüsursuz hiss idi. Bütün məna, bütün dəyər, hər bir
yaxşı nəsə varsa, onun buralara ayaq basmasında, sakit gəzişməsində
toplaşmışdı.
O, batmaqda olan, amma lap son anda başını suyun səthinə qaldıraraq
ölümdən xilas olan adam kimi hiss etdi özünü. Hava onun üzərinə bulaq
suyu kimi çırpıldı, o dərin nəfəs alıb havanı ciyәrlәrinә çəkdi. Onun üçün
həyatın nə demək olduğu sualına cavab idi bu an. Bu qarlı dağlarda belə
sərbəst şəkildə gəzib dolaşmaq. Və bir halda ki, bu onun həyatı
olmuşdur, o, hər şeyə hazır idi, hər bir dönüşə, hər bir gözlənilməzliyə,
hər bir təklifə... Onun daha başqa qayğısı yox idi. Hə, bir dənə var idi.
Beynində yerləşdirə bilmirdi ki, ondan sonra bu səfərə kim çıxacaq, kim
olacaq onun davamçısı? Amma şübhəsiz ki, kimsə olacaqdı, biri
tapılacaqdı.
Çünki əlbəttə ki, bu heç bir halda uca yaradanın niyyəti ola bilməzdi ki,
yazıq, dilsiz-ağızsız bu heyvanların vəhşi təbiətə səpələnib itməsinə,
acından ölməsinə, tapılmamasına şərait yaratsın. Əminliklə söyləmək
olar ki, bu Uca Allahın niyyəti ola bilməzdi. Nə olsun qoyundurlar, qoyun
olanda nə olar? Onların da sümüyü, əti var, onlar da canlı varlıqlardır,
həyatları, ürəkləri var. Elə götürək Çətini, onu da ürəksiz, ruhsuz biri
hesab etmək olardımı? Yoxsa Leo və Fakse? Hansına cansız, ruhsuz
demək mümkün idi? Onların günahsızlığı, onların hissləri insanın cılız
inamından, etiqadından dahamı azdır? Benedikt başını buladı. Ondan sonra
gələcək adam kim olur olsun, Benediktin sahib olduğu dostlara o da sahib
olardı kaş. O, həmin adama öz dostlarından daha yaxşı bir şey arzulaya
bilməzdi. Belə yoldaşları, dostları olan insan bu dünyada heç zaman yalnız
sayıla bilməz. O əmin idi ki, dünyada bir çox insan ondan da çox, ondan da
fərqli dostlara sahib idi, amma kimin dostları daha yaxşı olardı? Kiminsə
həyatında daha yaxşı sərvətə, daha yaxşı dostlara və ya varlı həyata malik
olduğunu düşünmək belə böyük bir naşükürlük sayılardı. Həm naşükürlük,
həm də axmaqlıq olardı. Guya bu dünyada onun üç dostundan daha yaxşı
varlıqlar tapıla bilərdimi? Dostları ilə bağlı müqəddəs və pozulmaz bir
münasibət mövcud idi. İnsan və heyvanlar arasındakı bu dostluq
sarsılmazdı. Gözəl günlərin birində o elə oradaca dayanıb öz qərarını
verəcəkdi: biri üçün güllə, digəri üçün bıçaq! Bu ödəniləcək bir bədəl
olmalıydı. Bu çiyinlərini altına verməli olduğu bir məsuliyyət idi. İnsan
gərək yalnız öz həyatının hakiminə çevrilməsin, insan gərək ölümünün
də hakimi olmaq barədə düşünsün. Bütün bacarığı ilə, bütün vicdanı ilə
buna çalışmalıdır. Həyatın düzəni budur... Bəli, bu incidir. Yalnız bu
prosesi öz üzərində yaşayanlar onun necə ağrılı olduğunu bilirlər. Hər şey
bir tərəfə, bütün heyvanlar qurban edilən vəhşilərdir – guya bizim bütün
həyatımız qurban getmirmi? Nə zaman öz həyatımızı doğru-düzgün
yaşayırıq ki? Bu bir tapmacanın cavabı deyilmi? Bütün həyatımız daxili
savaş, qurban olmamaq uğrunda mübarizə şəraitində keçmirmi? Çalışırıq,
vuruşuruq, qurban olmaq istəmirik-axırda onun haqqı da ölüm olur.
Amma qoyaq bu məsələləri necə var, elə də qalsın. Hər şey bir qırağa,
bu çox dərin, sirli bir mövzudur. Dəqiq olan o idi ki, bu üçlü, bu ayın
işıqlandırdığı gecədə, sakit silsilələrin arası ilə öz məqsədlərinə doğru
irәlilәmәkdә idilər. Düzdür, elə də yüksək məqsəd deyildi, amma hər
necə olsa da məqsəd, elə məqsəddir.
Səhərə yaxın ulduzların işığı öləziməyə başladı. Dağların cizgiləri də
tutqunlaşmağa, yoxa çıxmağa, ala-toranlıqda bilinməyən uzaqlara uçub
getməyə başladılar. Sonra yeni bir gün başladı. Yeni gün barədə nəsə
xüsusi bir şey var, xüsusən onun doğuşu barədə. Həmin anlar insanı azad
etməklə bərabər insan üçün keçilməsi bəlkə də mümkün olmayan
sərhədlər çəkir.
Dan yeri söküləndə isə küləklər də oyandı. Əvvəl-əvvəl hansısa
bilinməyən istiqamətlərdən yüngül mehlər əsməyə başladı, adama elə
gəldi onlar yarı yuxulu vəziyyətdə əsirlər. Bu mehlər yer səthi üzərində
yumşaq, dağınıq halda qalaqlanan qar topalarına bir həyat verirdilər.
Amma tezliklə bu külək insanlara bu gün hansı istiqamətdə öz
səyahətlərini davam etdirmək haqqında qərarlarını verməyə kömək
edirdi. Onlar öz kirşələrini dağın yamacı boyu yuxarı-aşağı sürərək yol
düzəldirdilər. Sonra səth üzərindəki axırıncı cizgilər də yox oldu və
nəyisə ayırd etmək elə də asan olmadı. Qarla örtülü boz torpağın sonunun
harada bitdiyini və boz səmanın harada başladığını söyləmək artıq
mümkün deyildi. Üfüqə çox yaxınlaşan buludlar yuxarılara, səmaya doğru
hərəkət etməkdə idilər. Beləcə tutqun səma açılır, bir gecə öncəki kimi
mavi rəng alırdı. Bu məqamda sanki yatmış, açıq-aşkar yaxşıca istirahət
eləmiş qar çovğunun nərilti çəkib oyanması, Benedikt və dostlarını
ağuşuna alması çox tәәccüblü, anlaşılmaz, demək olar ki, şərh edilməz bir
təbiət hadisəsi kimi göründü. Düzdür, onlar inadkarlıqla, sanki heç nə
olmayıbmış kimi yollarına davam etsələr də qar çovğunu onların az qala
nəfəsini kəsirdi, onlar o dərəcədə boğulurdular ki, nə bir-birini görür, nə
də özlərini hiss edirdilər. Hər halda bir yerdə qalmağa davam edirdilər.
Çovğun onları pərən-pərən salmadı. Onlar dəli çovğuna və topa-topa
yağan qara qarşı silahlanıb müdafiəyə başladılar. Çünki qar o qədər güclü
yağırdı ki, adam heç başa düşə bilmirdi bu qarın niyyəti nədir, nə etmək
fikrindədir, missiyasını necə başa vuracaq. Adam qorxurdu ki, indi çovğun
oyun oynadığı qar dənəcikləri tərəfindən udulacaq. Hər bir halda insan
bu qar çovğununun ortasında güclə nəfəs ala bilərdi. Benedikt imkan
düşdükcə havanı dərindən ciyərlərinə çəkirdi, bu çovğunun, lopa-lopa
yağan qar dənəciklərinin ortasında Çətinin buynuzlarına doladığı kəndiri
əlində möhkəm tutaraq, çətinliklə addım-addım irәlilәyirdi. Leo özü-öz
başının çarəsinə baxmalı idi və o elə bunu da edirdi. Sonra üç dost
büdrəyərək, çovğunun güclü təkanları qarşısında yıxılıb- duraraq yoluna
addım-addım davam edirdilər.
Bəli, onlar vəhşi təbiətin qoynunda qar təpəciklərini güclə aşaraq
yollarına davam edirdilər, indi edə biləcəkləri yeganə şey məhz bu idi.
Bu arada gün də axşama doğru əyilirdi, heç nə görməyin mümkün
olmadığı bir gün... Bu gün fırıl-fırıl dönən qarın incə işığında güclə
seçilən aləmə sahib idi. Benedikt kor-koranə komanda verir, dostlarını
daxma adlandırdığı tikiliyə doğru yönəldirdi. İndi həmin daxma doğrudan
da yerin tərkində birgözlü qəbrə oxşayırdı. Ancaq giriş qapısını güclə
sezmək olurdu. O özü üçün bu çuxuru iyirmi yeddi il bundan qabaq dağ
silsiləsinin ortasında qazmışdı. O, buralarda axtarmaq, gəzmək həvəsində
olurdu hər zaman. Benedikt qapının ağzına çatmaq üçün bir qədər yuxarı
dırmaşmalı oldu. Bir tərəfdən həmin qapı o qədər də yuxarıda deyildi,
daşlardan asılmışdı o qapı, güclü külək qapını qoparıb aparmasın deyə
daşlardan asmışdılar. Amma eyni zamanda çox da aşağıdan qoyulmamışdı
ki, yuxarıdan gələn su axıb içəri dolmasın.
Benedikt əmin idi ki, o, hazırda təxminən düzgün yoldadır və bu yol
aparıb indi onu yuvaya çıxardacaq. O, indi yalnız ümid edirdi ki, axşama
yaxın çovğun öləziyəcək, çünki çox erkəndən, dan yeri söküləndə
başlamışdı və axşama doğru artıq görüntü bir qədər yaxşılaşmalıydı.
Başqa cür o necə tapa bilərdi oyuğu? Amma çovğun hələ ki, təslim olmaq
niyyətində deyildi. Belə durum Benediktin arzuları və hissləri ilə heç cür
uyuşmurdu. Bu cür nərildəyən, bütün günü çovğunun hakim olduğu
gündə Benediktin yoluna davam edə bilmək üçün nəfəsi haradan
tapdığını başa düşmək olmurdu. Bu güc, bu nəfəs onda harda idi, bu
anlaşılmaz idi. Amma tapırdı, nəfəsi çatırdı. Qar çovğundan qopub yerə
enən qar dənələri düşdükcə daha da gözəlləşirdi. Qar dənələrinin
sonuncu ünvanı heçlik olurdu. Ay işığının zərif işartısı və parıldayan səthə
qonan zəifləyən qar dənələri. Bu dəlilik, nərilti isə davam edirdi, sanki
iki nəhəng bir-biri ilə toqquşub mübarizə aparırlar. Sonsuz sahələrdə,
hər istiqamətdə gözəgörünməz qüvvələrin amansız mübarizəsi...
Dəlisov, çığır-bağır salan və fəryad edən gecə...
Belə qəribə gecədə, yollardan uzaqda, insanlardan uzaqda, vəhşi təbiətin
qoynunda, qana susamış dağların arasında yalnız özündən asılı vəziyyətdə
möhkəm tutmalıdır. Çovğunun şeytani qəlbə girə bilməməsi üçün heç bir
çat, yarıq buraxılmamışdı. Buralarda heç bir tərəddüdə, heç bir boşluğa,
əminsizliyə yer yox idi. Təbiətin dəliliyinin nüfuz edə biləcəyi heç bir...
Çünki burada ölümlə həyat hərəsi tərəzinin bir gözünə qoyulmuşdu və
tarazlıq qorunurdu. Bəs tərəzinin hansı gözü ağır gələcək, ölüm, yoxsa
həyat? Belə hallarda cəsarətin özü yetərli olur. Yenilməz, pozulmaz insan
cəsarəti buralarda əlçatan olur. İnsan, sadəcə olaraq, təhlükəni rədd edir
və onunla görüşə tələsir. Bəli, bu, bu qədər sadə bir həqiqətdir,
Benedikt kimi insan üçün sadə bir həqiqətdir.
Və sonra qaranlığın ortasında o qalaqlanmış daşların düz üzərinə qaçdı,
dərhal sonra yeni daş yığını göründü. O öz xizəklərinin qayğısına qalmalı
idi, onlar qırıla bilərdi, ən yaxşısı gərək onları indi çıxaraydı. Bu şəkildə
daha irəli gedə bilməzdi. O, xizəklərini çıxardandan sonra yaxınlıqdakı
aşınmış qaya parçasını diqqətlə nəzərdən keçirdi. O, qaya parçasına
toxunub onu hiss etməyi düşünürdü, əvvəl əlcəyi ilə, sonra tam əmin
olmaq üçün əlcəksiz barmaqları ilə toxunub yoxladı. Bazarda atı, yaxud
inəyi yoxlayıb almaq istəyən alıcılar misalı. Bir müddət sakit, hərəkətsiz
durdu, küləyi iyləyib nə barədəsə düşünürdü. Hansı şimal küləyidir,
hansı cənub küləyidir, ayırd etməyə çalışırdı. Həəə. Tapdı! O, gərək ki,
bu daşı tanıyıb bilərdi! Bəli, bəli, o, səyahətini düzgün, tanıdığı
istiqamətdə davam etdirirdi. Sadəcə olaraq o, düşündüyündən bir az daha
çox gəlmişdi.
İstiqaməti müəyyənləşdirib, düzgün yönə addımlamağa başladı. Bir
müddət beləcə getdi və qəfildən dayandı, bir dairə cızdı və düşüncəli
sima aldı. İndi məsələ artıq bəxtə qalmışdı, bu qədər qabağa, geriyə
addımlayandan sonra düzgün istiqamətləri yadından çıxartması və bu
vəhşi dağlarda azması tam mümkün idi. Və tam qəfildən, gecənin və
çovğunun arasından onun beyninə, ayaqlarına haradansa, bilmədiyi yerdən
bir hiss doldu, ola bilsin qəribə landşafta xas hansısa bir xüsusi varlıq idi
ki, onun bədəninə girdi. Həddən artıq diqqətlə o, iki dəqiq addım atdı və
əlindəki çubuğu təzə yağmış qarın içərisinə saldı. İndi bir az orda, bir az
burda qəfildən oyuğa düşən çubuq səsi gəlirdi. Bəli, bu giriş qapısı idi!
O, artıq daxmanı tapmışdı! O, artıq evində idi!
İndi kürək işə başlamalı idi. Demək olar ki, horizontal olan qapının ağzını
kürəklə təmizləmək elə də vaxt aparan iş deyildi. Sonra iti yanından,
qoçu isə arxadan sürünərək içəriyə, daxmaya daxil oldular. Qoç və
Benedikt yerimirdilər, belə demək doğru olardı ki, daha çox onlar
sürüşərək çirkli pilləkənləri düşüb içəri girdi. Leo onlara baxıb
çıxartdıqları səsə sevinclə səs verdi: Bov-Hov! Dostlar indi hədsiz
yüngüllük duyurdular, bu hissə yaxşı demək də olmur, onların durumu
yaxşıdan da yaxşı idi. Çöldəki havadan canlarını qurtarıb içəri girə bilmək
dostlar üçün ölçüyəgəlməz rahatlıq hissi bəxş edirdi. İndi onların
bədənləri dincəlirdi. Artıq soyuqda, çovğunda, qarda-boranda olmamaq
onlara ağlasığmaz sevinc bəxş edirdi. Bir anın içində yorulub tam əldən
düşmüş Benedikt saman çuvalının üzərinə çökdü, qeyri-insani
yorğunluğunun nəticəsində onun gözünə qaranlıqda qığılcımlar
görsənirdi. Ahh... Necə gözəl hissdir bu. Hətta Çətin belə fikirli şəkildə
“Baaa” etməklə öz məmnunluğunu bildirdi. Amma o, bədəninə hopmuş
qarı təmizləmək üçün özünü silkələyəndə bütün daxmanın içini miniatür
qar tufanı bürüdü, bu dəmdə Leo da bərkdən səs edərək Çətinin etdiyini
təkrarladı.
Hətta burada da Benedikt məsuliyyəti öz üzərinə götürməli idi, o ancaq
özünü düşünə bilməzdi. Dostlarının qayğısına da qalmalı və onların
məsuliyyətini də çəkməli idi. O əlini salıb bel çantasından piydən
düzəldilmiş bir şam çıxartdı və onu yandırdı. Yanan alov dilimlərinin
önündə iki yöndəmsiz kölgə göründü. Onlar o qədər qar və buzla
örtülmüşdü ki, ancaq ağızları, gözləri və Çətinin buynuzunu tanımaq
olurdu. Benedikt dərhal əllərini çırmalayıb işə girişdi, o, bacardığının ən
yaxşısını edərək dostlarını qardan və buzdan təmizlədi. O, əgər bu
duruma laqeyd yanaşsaydı, dostların dərilərinə hopmuş nəm və su
tezliklə onların bədənlərinə nüfuz edib onları xəstələndirə bilərdi.
Amma belə faktlarla üzbəüz qalsalar belə güclü insana ümidini itirmək
asan başa gəlmir. İndi isə, əlbəttə, hazırkı azuqəsini bölüşməyə bir özü
idi, bir də Leo. Amma möcüzə baş versə də, verməsə də o, azuqəsini
qənaətlə işlətməli idi. Bu vəziyyətdə gələcəyi proqnozlaşdırmaq
mümkün deyildi. Belə deyək: Hər gün bir parça ət. Hazırda özünə icazә
verə biləcəyi qida norması məhz bu idi. Amma belə bölgünün də öz
üstünlükləri vardı: O, mədəsini qida ilə yükləyib doldurmayacaqdı və
ayaq üstə də daha yüngül dayanacaqdı. Bəs yaxşı birdən-birə şamın
işığına nə oldu? Soba niyə söndü? Benedikt nə qədər onu üfürüb
alışdırmaq istəsə də bunun heç bir xeyri olmadı. Elə bil ocaq Benediktlə
mübahisəyə girişmişdi, yaman tərsliyi tutmuşdu, hər şeyə rəğmən
yanmaq istəmədi ki, istəmədi. Amma içində hələ kifayət qədər kerosin
qalmışdı. Onun gözəl köhnə oyuğunda nə sehr baş verirdi indi, bütün
bunlar nə anlama gəlirdi? Şamın işığına bəlkə şeytani bir ruh şirniklənib
içəri soxulmuşdu? Sonra Benedikt zil qaranlıqda əyləşməli oldu.
Bu təbii bir qaranlıq deyildi. Bu onun indiyə kimi gördüyü ən qeyri-təbii
qaranlıq idi, qaranlıq onun gözlərini alışdırırdı, boğazından yapışıb onu
boğmağa başlamışdı, amma hər bir halda bu dostcasına olan bir qaranlıq
idi. O, Benedikti yatmağa şirnikləndirirdi, Benedikti uzanıb gözlərini
yummağa tovlayırdı. Hər şey bir qırağa, qəhvə onun nəyinə lazım idi ki?
Həmin gecə bir az daha artıq işığı guya neyləyirdi? Bəs bu dostyanalıq
necə, gerçək idimi? O, düşüncələrini toplamağa çalışdı, özünü ələ
almağa, düşünə bilməyə cəhd etdi. Həm də görəsən, qar çovğunu hələ
də onların arxasındadırmı, buralara da gəlib çıxıbmı? Qar bütün dəlmə-
deşikləri mağara çatlarını doldurubmu? Bəlkə çovğun elə onları buradaca
haqlayıb çıxılmaz vəziyyətə salmaq istəyir? O bu mümkünatı da
nəzərdən keçirmək istəyir.
Yuxusuzluğun zəhərlənməsini silkələyib üzərindən atan Benedikt ayağa
qalxdı. O, ləngər vuraraq qapıya yaxınlaşdı və onu açdı. Ulduzlu gecənin
azadlığına tamaşa etdikcə onun bütün varlığını bir xəyal bürüdü. Amma
həmin qəddar çovğun hələ çöldə nərildəməyə davam edirdi, üzünə qar
çırpıldı və qüdrətli çovğun onun bütün yuvasını bir anın içərisində göyə
sovurmaqla təhdid etdi. O, giriş qapısını yenidən örtdü, amma bu dəfə elə
örtdü ki, yarıq tamamilə örtülməsin.
Gözlənildiyi kimi, şam və soba yenidən həyat qazanmaq istəyində
olduqlarını büruzə verdilər. Onlar bir an öncə yarımçıq saxladıqları
fəaliyyətlərini yenidən bərpa etmək niyyətində idilər. Və indi qəhvə
artıq hazır idi və onun gözəl ətri bütün daxmanı bürümüşdü. Ahh...
Qəhvə! Benedikt acgözlüklə onu içdi. İçib qurtarandan sonra o, şamı
söndürdü. İndi buralarda gecənin olduğu hiss olunurdu. Qan onun
rahatlanmış ətraflarında dövrə vururdu, ona rahatlıq və sakitlik gətirirdi.
Qəzəbi tam keçmişdi. Yuxu getdikcə ona daha da yaxınlaşırdı, az sonra
ona yetişib Benedikti tam ağuşuna aldı.
Hmm... Benedikt dağlardakı yuvasında, çovğunlu, qarlı havada uzanıb
üzərinə də yun yorğanı örtmüşdü, balış əvəzi başının altına saman
çuvalını qoymuşdu. Özünü hər zamankı adəti üzrə gövşəyərək yatan,
sakit və dincəlmiş halı olan Çətinə bərk-bərk sıxıb yuxuya getdi. Leo isə
quyruğunu altına yığıb onların arasında rahatlıq içərisində uzanmışdı, o da
səbirsizliklə sakit və istirahət dolu gecəni gözləyirdi. Bəli, üç dost orada
– dağlardakı yuvalarında uzanmışdılar. Səmanın altında insani varlıq kimi
tanınıb qəbul olunması çətin olan müti, az dəyərə malik dostlar
uzanmışdılar. Bir azdan onlar başqa heç kəsin öhdəsindən gələ
bilməyəcəyi işlərin qulpundan yapışacaqdılar, bu işləri ancaq onlar yerinə
yetirə bilərdilər və ancaq onlar özlərini belə işlər üçün hazırlamışdılar.
Onlar doğrudan da görsəndikləri kimi dəyərsiz biri idilərmi? Onlar böyük
yaradanın sahib olduğu böyük bir bütünün vazkeçilməz bir hissəsi
idilərmi? Onların başlarının üzərində isə gecə getdikcə çökürdü...
Benedikt bir qaya parçası kimi yatdı. Dibsiz bir gecənin içinə getdikcə
yuvarlandı. Və gecənin bir aləmində o qəflətən oyandı, bunu hər zaman
edərdi, oyanar, tam rahatlanmış bədəni ilə gecənin qalan hissəsini tam
ayıq olardı. Çox yata bilməzdi, yorğunluğun həmləsi onu haqlayana kimi
yerindən durmalı, silkələnməli və ayıq-sayıq olmalı idi. O, yerindən
sıçrayıb yuxarı açılan qapını açdı. Ay işığı! Gerçək və əsl ay işığı!
Beləliklə, ona elə gəldi ki, yer kürəsi özünə yenidən çəki-düzən verib. O
isə yatıb qalmayıb, əslində, demək olar ki, bütün gecəni yatmışdı. Hətta
bu zaman belə bu vəziyyətlə bağlı etməli çox şey yox idi.
Tələsmə, addımlarını yavaşıt, sakitləş bir az,
Asta gedən çox gedər!
O bir öncəki axşamdan bir parça ət qoruyub saxlamışdı. O bu əti və
indiyədək qənaət edib saxlaya bildikləri çörəyi Leo ilə bərabər böldü.
Benedikt öz payını yeyib bitirәndәn sonra üstündən də bir neçə fincan
qəhvə içdi. Benedikt qərara aldı ki, Çətinə icazə versin ki, o bu gün tam
olaraq burada qalıb istirahət etsin. Onlardan dağlarla, təbiətlə
mübarizəsindən ən çox yorulub əldən düşən məhz Çətin idi və indi onu
daha da taqətdən salmağın heç bir əhəmiyyəti yox idi. Ona ehtiyac
duyulduğuna tam əmin olmasaydı bu gün Çətindən istifadə etmək
fikrində deyildi. İşlər hər zamankı kimi getsə, onlar sağ-salamat evə
qayıdıb çatana kimi Benedikt bir xeyli iş görmüş olacaqdı. Beləliklə,
Benedikt Çətin üçün bir az saman, bir az da təzə qar qoydu, sonra hətta
qarı onun üçün əritdi ki, Çətin istəyəndə təmiz, təzə sudan içə bilsin.
Sonra Benedikt onun üçün yuxarıdakı qapının yanındakı hava dəliyini
təmizlədi. Leo düşüncəli tərzdə baxmaqda davam edirdi, bir neçə dəfə
sahibinin gözlərini üzərinə çəkməyə çalışdı, əvvəl tərəddüdlə təslim
oldusa da, sonra bir pəncəsini qaldırdı, sanki o bilmirdi pəncəsi ilə qarı
qaşıyıb təmizləsin, ya yox. Leo sanki nə edəcəyini bilmirdi. Amma
Benedikt artıq qərarını vermiş kimi görsənirdi və o, yalnız Leonun başını
sığallamaqla kifayətləndi. Sonra Leo başa düşdü ki, Benedikt bel çantasını
da daxmada qoyub çıxır. Və onlar tezliklə ayın işıqlandırdığı vəhşi
təbiətin qoynuna çıxdılar, Benedikt və Leo.
Benedikt bu qədər erkəndən ayıq olduğu üçün, havanın isə bu qədər
aydın və sakit olduğundan o ilk növbədə ən uzaq vadini axtarmağa qərar
verdi. Bu vadi buzlaqların kənarında yerləşən bir yer idi. Onların hətta
bəxtləri gətirsəydi belə, ora gedib çıxmaq onların beş saatını alacaqdı,
qayıtmaq da həmçinin o qədər zamana başa gələcəkdi. Sonra isə bu da
sona çatacaqdı. O, çox nadir hallarda orada nəsə tapardı, amma əmin
olmadan evə qayıtmaq da müzakirə mövzusu ola bilməzdi. Benedikt
tədricən addımlarını sürətləndirdi, təpənin başına dırmaşdı və üzü
yamacaşağı bir tufan kimi enməyə başladı.
Qar... Çovğun... Daşlarla dolu olan bir yol...
Amma bu gün bəxt onların üzünə hava kimi gülməmişdi. Benedikt bir
dənə də olsa qoyun tapa bilmədi. Ən azından diri qoyun... O, yalnız
vadinin lap dibində, buzlaqlardan aşağıda, qar topasının ortasında bir oyuq
tapdı – bunu daha doğrusu, Leo tapdı – bu, tülkünün qazdığı bir oyuq idi.
Əminliklə söyləmək olar ki, bu oyuq aparıb qoyunun cansız bədəninə
çıxaracaqdı. O, çox gecikmişdi. Bu tapıntıdan sonra Benediktin yaxşı
əhval-ruhiyyəsi tamamilə pozuldu və bütün gün ərzində bir daha geri
qayıtmadı. Bu pis nişanə idi, şeytani nişanə idi. Ən əsası da, bu onun
yubiley ili idi. O artıq 28 il idi ki, dağlara səfərə çıxırdı. Öz yaşı isə bu
rəqəmdən iki dəfə çox idi. 56 yaş... Bir Allah bilir ki, bu, xüsusi il idi, ən
azından onun özü üçün... Və indi də bu il belə – faciəli şəkildə sona
yetirdi. Amma əvvələ nəzər salsaq görərik ki, onun bəxti lap siftədən
gətirmədi. Burada – yuxarılarda vəziyyət onun adət etdiyi kimi deyildi.
Baxmayaraq ki, qar da, hava da elə əvvəlki idi. Bununla bağlı xüsusi bir
səhv, yaxud dəyişiklik tapmaq mümkün deyildi. Ancaq dağlar onu pis
niyyətli, zülmətə bürünmüş bir sakitliklə əhatə etmişdi. Benedikt onlara
nə etmişdi ki?! Onun ləngidiyinə görəmi bu uğursuzluq baş vermişdi?
Yoxsa ki, buna səbəb onun Yöklidə bir qədər nəfəsini dərib dincəlməsi
olmuşdu? O düşündü ki, bu kiçik, dəyərsiz bir şey olardı. O, hər bir halda
düşündü ki, onu bağışlamaq olardı, üzrlü səbəbi vardı və imkan olan kimi
də geri qayıtmışdı. Hə, yaxşı, əgər dağlar düşmən mövqeyi seçib onunla
bu şəkildə davranmaq istəyirlərsə, qoy olsun. Bu, onların işidir! O, həmin
andan etibarən dağlara güvənmədən yoluna davam edəcəkdi. Ətrafına
boylananda isə artıq qoyun axtarırdı. Yalnız və yalnız qoyun! Və bayaqdan
bir dənə də olsun qoyun gözə dəymirdi, heç bir dənə nişanə yox idi ki,
qoyunlar harada ola bilər. O, dişlərini bir-birinə sıxıb yoluna davam edirdi,
içi qəzəblə dolub-daşırdı. Qaşqabağını sallamış dağlara, geridə qalan
qarların arasında yerləşən daxmasına, Çətinə, öz evinə, öz xanimanına, öz
yurduna, ocağına!
Amma Benedikt yenidən geri qayıdıb dağlar qoynunda, qar altında
yerləşən daxmasına sürünərək girəndə nə onun yeməyi həmin dadı
verirdi, nə də qəhvəsi həmin dadlı qəhvə idi. Və həmin gecə Benedikt
çox az, həm də narahat yatdı. Bu tənha dünyada köhnə dostunla dava
etməyə bənzəyirdi. Və insanın ruh halını, hüzurunu pozan, zəhərləyən
bir şey varsa, o da məhz budur ki, diri qoyunlar axtarmağa gedəsən,
əvəzində isə yalnız ölüsünü tapasan!
Növbəti gün, Cümə günü idi, o, itini və qoçunu da götürüb yenidən
axtarışa başladı, üçlük tam heyətlə yerində idi! Külək birbaşa şimaldan
əsirdi. Qar təpələrə, dərələrə, cığırlara elə nazik xalı səpmişdi ki,
adama elə gəlirdi bununla onun yalnız bir düşüncəsi var idi. Benediktə və
dostlarına daha asanlıqla hərəkət etməyə yardım etmək. Ya da qayaların,
daşların başına dövrə vurub onlara əllərini açıb sarılır, yaramaz bir lütf
misalı rəqs edirdi. Hətta belə şərtlər altında belə bu gün qoyun axtarışı
üçün heç də ideal bir gün deyildi, çünki belə havada qoyunlar gəzir,
daldalanacaq axtarır və düşüncəli tərzdə ora girib gizlənirlər, izləri isə
qar tərəfindən ört-basdır edilir. Amma Benedikt bu barədə narahat
deyildi. Dağlar və hava şəraiti nə dərəcədə düşməncəsinə mövqe
tutsalar belə, o qoyunları axtarmalı idi və axtaracaqdı da! Və onun həvəsi,
inadkarlığı mükafatlandırıldı. Dünən, yaxşı hava şəraitində onu qoyub
tərk etmiş bəxt indi güclü qar yağan havada yenidən onun görüşünə
gəlmişdi. Gün başlayanda, hələ lap səhər tezdən o iki qoyun tapdı,
axşama doğru daha birini, yolüstü evə qayıdarkən isə daha iki qoyun tapıb
qabağına qatdığı qoyunların cəmi sayını beş etdi. Bu, sanki görünməz bir
dənizə tor atmağa bənzəyirdi, belə havada, qarda qoyun axtarmaq...
Amma bugünkü tapıntını yenə də pis saymaq olmazdı. Çünki bir insan
əgər landşaftın özəlliklərinə, qoyunların gizlənə biləcəkləri mümkün
daldalanma yerlərinə bələddirsə, əsl Roma papası olan bir itə sahibdirsə,
bu zaman həmin insan hətta gözübağlı olsa belə qoyunları tapa bilər. İşlər
belə idi, bəli... Və indi əvvəllər mәnasız görünən işlər indi məna
qazanırdı. İşlər yolunda necə getməliydisə, elə də gedirdi, belə durum
isə onun xoş xasiyyətinə təsir edib yenidən ayaq üstə qalmağına kömək
edirdi.
Amma onların hər üçünün bu dağ səfərində kifayət qədər problemi
olmuşdur – üç dostun, üç qəribə dağ səyyahının – Benediktin, Çətinin və
Leonun... Qoyunlardan iki cütü birlikdə problemsiz dayanmışdılar, amma
onlar da başqa canlı varlıqlarla bacardıqları qədər az əlaqədə olmaq
arzusunda idilər. İndi onları gözdən qoysaydılar hərəsi bir tərəfə, bir cütü
şərqə, bir cütü qərbə yön alardı və onları yenidən tapıb bura gətirmək bu
dəfə mümkün olmayacaqdı. Onları haylayaraq, itin də hürməsi ilə bir
yerə aparmaq lazım gəlirdi. Yaxud da bağlayıb qarın üzərində sürümək
lazım gələcəkdi. Bu isə xeyli güc tələb edirdi.
Amma Çətin doğrudan da çox inadkar və vaz keçməyən bir qoç idi. Və
bu mәqamda da o öz üzərinə düşən işi tapdı. O bu qəribə qoyunların
kompaniyasına qoşuldu və onları inandırdı ki, o da onlar kimi qoyundur və
beynində onlar kimi yalnız bir fikir var. Adamdan və itdən qaçıb canını
qurtarmaq! O, qoyunların rəhbəri olmaq və onları düzgün istiqamətdə
bələdçilik edib aparmaq istəyir. O, tez-tez istəyinə çatırdı və tapılan
qoyunları inandıra bilirdi, o özü qabağa düşər, qoyunlar isə onun arxasınca
gələrdi. Benedikt və Leonun isə əllərindən onların arxasınca təngnəfəs
şəkildə düşüb getməkdən başqa bir iş gəlmirdi. Sonra yenə də yad olan
qoyunlar pərən-pərən düşəcək, hərəsi bir istiqamətdə gedəcəkdi, Çətin
isə onları haraylayıb qabağına qataraq nizamlı şəkildə bələdçilik edərək
düzgün istiqamәtdә aparardı. Yaxud elə olurdu ki, Çətin dizinə kimi qara
batırdı, onun arxasınca gələn qoyunlar da onunla bərabər ilişib qarda
qalardılar. Bu məqamda isə kirşələrini və xizəyini bir kənara qoyub
batmış Çətini qardan çıxartmaq Benediktin üzərinə düşən vəzifə olurdu.
O yaxınlaşıb, Çətinin buynuzlarından bərk-bərk yapışar, onu dartıb
çıxarardı. Bu arada isə Leo dördgözlə izləyərdi ki, sürünün heç bir üzvü
yolunu azmasın və ya itməsin. Bəzən elə olurdu ki, onların hamısı qara
batdığından bir-bir onları qardan dartıb çıxartmaq lazım gəlirdi. Bu,
doğrudan da, ağır iş idi.
Və beləcə bu gün də keçdi...
Bu gün Çətini özləri ilə daxmaya aparmaqdan söhbət belə gedə bilməzdi.
O, açıq havada qalmalı, tapılan, bir yerə yığılan qoyunlara nəzarət etməli,
onların itmələrinin qarşısını almalı idi. Bundan başqa, Çətin onlar üçün
qarın altında yem axtarmalı və onları yedizdirməli idi, o qoyunları
nəzarətsiz buraxsaydı, onlar ya vəhşi heyvanlara yem olacaq, ya da pərən-
pərən düşəcəkdilər. Və tövlədə Çətinsiz onlara çox ağır olacağından, və
onlar artıq tövlə ilə dağdakı daxma yolunun tən yarısını qət etdiklәrindәn
və poçtalyon da gecəni orada keçirmək üçün bu gün ora gələcəyindən
Benedikt daxmanın xeyrinə seçim etdi. Sonra isə o, atları geriyə şimala
doğru sürüb aparacaq poçtalyon köməkçisi vasitәsilә evə söz göndərə
bilərdi. Evdəki insanların ondan sarı narahat olmağına imkan vermək
axmaqlıq olardı.
O, bütün günü elə hey gəzirdi, gündüz-gecə dayanmadan. Və nəhayət ki,
gəlib çatdı. Amma o öz hesablamalarında səhvə yol vermişdi. O, tövlədə
yalnız poçt idarəsinə məxsus atları gördü. Sürücü yəqin ki, öz bərəsində
çayı öncəki axşam keçmişdir. Şimala qayıtmalı olan köməkçisi isə
deyəsən onunla bərabər bərədə getmişdi. Amma o sabahın erkən
saatlarında, yaxud da sabahkı günün hər hansı bir vaxtında geri
qayıdacaqdı. Baxmayaraq ki, onun cibində yalnız bir parça donmuş ət
qalmışdı, amma yenə də Benedikt onu gözləyib günün qalan hissəsini
istirahət etməkdən zövq alaraq keçirmək istədi. Şübhəsiz ki, onunla eyni
kilsə ərazisindən olan birinin onunla bölüşməyə çox nəyisə olmayacaqdı.
Bazar günü səhər isə Benedikt qərbə tərəf yönələ bilərdi – bu Adventin
üçüncü Bazar günü idi.
Amma işlər heç də onun planlaşdırdığı kimi getmədi. İstirahət günü baş
tutmadı. Bazar günü səhər, dan yeri sökülməzdən öncə Benedikt yenidən
dağların yolunu tutmuşdu. O, tapdığı və tapmadığı qoyunların arxasınca
yollandı. Hər halda Çətini bu dağlarda başlı-başına buraxmaq da müzakirə
mövzusu deyildi. Amma Benedikt daxmanı tərk etməzdən qabaq poçt
idarəsinin atlarına saman və su verdi. O bunu elədi ki, kömək edən
gələndə də onun orada olduğunu başa düşsün və atlarla yaxşı dolandığını
da gördüyü şəraitə əsasən aydınlaşdıra bilsin.
Şənbə gününün boz ala-toranlığında külək yenidən güclənib fırtınaya
çevrildi. Bu dağlardan əsən güclü qar boranı, qış çovğunu, dağ fırtınası idi
artıq. Boran tənha səyyahın qarşısını bir divar kimi kəsdi. Onun geniş,
hündür divarları vardı, bəli toplanan dağ qarı hündür divar əmələ
gətirmişdi. İndi isə Benedikt yoluna davam edə bilmək üçün bu divarları
yarıb keçməli idi. Amma hansısa izahedilməz bir düşüncə ilə onun özünə
belə aydın olmayan tərzdə bu boranın, qar çovğununun arasında, o, ətraf
landşaftı və düzgün istiqaməti müəyyənləşdirə bilmişdi. Nəhayət, o,
Çətinin kiçik qoyun sürüsü ilə birlikdə dayandıqları həmin yerə gəlib
çatdı. İndi isə onlar çovğunla diş-dişə gələrək şimala doğru hərəkət
halında idilər, onların istiqaməti vadilər və fermanın yerləşdiyi yer idi.
Asta-asta, lap yavaş sürətlə bəzən isə heç asta addımı belə ata bilmədən
onlar məqsədlərinə doğru irəlilədilər. Yenidən qar divarlarını yarıb
keçmək, sürünün önündə gedib yol göstərmək, artıq yorulub əldən
düşmüş, inadkarlıq edən qoyunu dartıb arxasınca sürümək Benediktin
üzərində idi. Yalnız Çətin sədaqətlə onun addımlarının izi ilə arxadan
gəlirdi.
Yenidən axşam düşmüşdü. Axmaq qoçla və ağılsız qoyunlarla mübarizə
Benediktin gücünün dəhşətli dərəcədə tükətmiş, onu tam əldən salmışdı.
Bundan əlavə, artıq aclıq da ona güc gəlməyə başlamışdı. Onun sonuncu
dəfə nəsə yeməsindən artıq bir müddət keçmişdi, hətta o vaxta kimi belə
o, yarıac-yarıtox gəzirdi. Bir müddət o ümid etdi ki, qoyunları ilə
mağarasına axşam düşüb şər qarışmamış belə çata bilər. Amma yollar və
hava onun əleyhinə gizli sövdələşməyə getmişdilər. O, axırda təslim
olmağa məcbur oldu və qoyunları bir gecə daha Çətinin nəzarətində
buraxdı. Sonra o öz mağarasını özü təkbaşına axtarmağa başladı. İnsan bu
qədər ümidsiz ola bilər. Hansısa məsələnin həlli daha güclü qüvvələrin
əlindədirsə, bu zaman heç səy göstərməyə dəyməz.
Onun hesablamasına görə daha iki saat yol getməli idi. Və o yola düzəldi,
yalnız öz instinktlərinə güvənərək getməyə başladı, iki saata yaxın yol
getdi. Amma nə daxma tapdı, nə oyuq, nə mağara, nə də sürünüb
girməyə bir dəlik. Əşi, olsun da!
Bəzən elə çağlar olurdu ki, yer kürəsi insan övladına düşməncə bir
mövqe tutaraq öz qapılarını onun üzünə büsbütün bağlayır. Həmin
ərəfədə o, yalnız özünə güvənməli, öz qərarları sayəsində çətinlikdən
çıxmalı idi. Amma yenə də Benedikt bir yol tapdı. Bu insanın üzərinə lap
qədimlərdən düşən bir iş, məsuliyyət və çətinliklərdən çıxış yolu
tapmaq idi. Ola bilsin indi də bu onun üzərinə düşmüşdü, təslim olmamaq,
mübarizə aparmaq və çıxış yolu tapmaq. Nə qədər ağır olsa da, sonadək
çətinliklərlə mübarizə aparmaq. Hətta ölümə qarşı belə dayanmadan
mübarizə aparmaq, o zamana kimi ki, ölüm insanın həyatına son verir. Bu
insan övladının işidir!
Ayaqlar insanın sözünə qulaq asmayanda, sağlamlığını itirəndə, öz işini
görəndə insan onlardan istifadə etməyi saxlamalı olur, amma heç bu da o
demək deyil ki, insan təslim olmalıdır. Onların yeganə ehtiyacları olduğu
şey istirahət etməkdir, bunu başa düşmək asandır. İmkan ver, onlar
istirahət etsinlər. Heç nə etməmək, sadəcə, oturub istirahət etmək bəzən
insana necə də xoş gəlir.
Təlaşlı ürəyi və sarsılmaz cəsurluğu ilə benedikt çubuğunu şimal
istiqamətində qara batırdı ki, duranda yenidən istiqamətini tapa bilsin.
Sonra isə o tәpәnin aşağısında qarın üzərinə çökdü, burada daldalanmaq
olardı, qar, çovğun tutmurdu, yaxud az tuturdu. O uzandı, Leo da gəlib
onun yanında uzandı, qar dənələri onun üzərinə düşürdü və onun sevimli
dostu qarın altında qalmağa etiraz etmirdi. Birdən-birə o əlləri və ayaqları
üzərinə qalxdı, dostunun üzərində sanki bir dam yaratdı, onu qardan
qoruyan bir mağaraya çevirdi. Bu onların evi olmalıydı, ya da evə bənzər
nələrisə... Bəli, onlar qarda öz mağaralarında əyləşmişdilər, əyləşib
qarın, çovğunun çöldə nərildəməsini dinləyirdilər.
Birincisi, burada – qarın içindəki kiçik oyuqda, bu balaca daldalanacaqda
isti və rahat idi. Benedikt hətta özünə ara-sıra qısamüddətli yuxuya
getməsinə də icazə verirdi. Amma bir müddət sonra onun paltarları
bədənindəki bütün istiliyi sovurub çıxardandan sonra, o, artıq yaş
paltarlarla oturmuşdu, indi rahatlığı və istiliyi də əldən getmişdi. Amma
onun yaxşı bir istirahətə ehtiyacı vardı, məhz bu səbəbdən də o burada
idi. Və Benedikt bacardığı qədər yaxşı istirahət etdi, yuxulayaraq, amma
çalışdı ki, dərin yuxuya getməsin. Çünki bu halda – ac, yorulub əldən
düşmüş, paltarları yaş, özü də qarın altında dərin yuxuya dalsaydı, bir daha
oyanmama təhlükəsi ilə üzləşə bilərdi.
Qəflətən o mürgüləməyini saxladı və birdən başa düşdü ki, o daha
burada bir dəqiqə də dayana bilməz. Beləcə onlar qarı kənara
itələyərək, güc-bəla ilə mübarizə apararaq yuxarı doğru hərəkət
edirdilər. Leo ilə bu minvalla 1-2 yard hərəkət etdilər. Yaxşı bəs onun
istiqamət göstərən çubuğu harada idi? Artıq onu qoyduğu yerdə tapa
bilmirdi. Qar onu udub içinə çəkmişdi. Bu çox şirnikləndirici ideya idi.
Yenidən həmin oyuğa qayıtmaq, yenidən orada qar altında qalmaq. Çünki
artıq çovğun da şiddətlənirdi, hava şəraiti daha da pisləşirdi, onun
hesablamasına görə temperatur artıq mənfi 30-a düşmüşdü. Adətən bu
vaxtlar temperatur – 20 olardı, indi isə normadan 10 dərəcə aşağı idi.
Amma qərar vermə vaxtı idi, ya indi, ya da heç vaxt. O, indi təslim
olsaydı, bu yalnız bu gün üçün təslim olmaq sayılmayacaqdı, ömürlük
təslim olmaq demək idi! Sonradan onlar onu burada tapacaqdılar, qar
əriyəndən sonra... Yox, aşağıdakı istilik, çovğundan daldalanma həddən
artıq baha qiymətə alınmış olacaqdı. İndi onun yeganə ümid yeri qalmışdı.
Öz mağarasını, öz daxmasını, öz yuvasını tapmaq. Amma o əgər bunu
bacarmasa, o zaman onun da aqibəti orada yuxarıdakı qoyunlardan
fərqlənməyəcək. İtdikdən bir il, yaxud da iki il keçəndən sonra ağarmış
sümüklərinin üzərinə çıxanda nəzər yetirdikləri qoyunlar kimi...
Haralardasa tərk edilmiş qumun üzərində, həyat nişanəsi olmayan bir
yerdə.
Çətini və başqa qoyunları axtarıb tapmağa gəldikdə isə bu barədə heç bir
sual ola bilməzdi. Bugünün işi kifayət qədər ciddi şəkildə
məhdudlaşdırılmışdı. Bu gün ortaya onun quru canı qoyulmuşdu. Soyuq
onun yaş paltarlarını kəsib ətinə işləyirdi, çovğun isə onu boğmaqla
hədələyirdi, çünki onun saqqalı ağzının üzərində donmuşdu. O, iti
bıçağını çıxardıb saqqalını kəsdi, onu nəfəs almağa qoymayan, ağzının
qarşısını kəsən və onu boğmaqla hədələyən bu buz kapsulundan başqa
cür yaxa qurtarmaq mümkün deyildi.
O, yerin tərkində olan bu mağaranı necə tapdı, bax bunu demək çətindir.
Benedikt heç özü də bunu deyə bilməzdi. Əslində isə bunu tapan Leo idi.
Onlar sərgərdan gəzib dolaşanda birdən Leo dayandı və qabaq ayaqları
ilə qarı cızmağa başladı... Və əlbəttə ki... Birdən... Benedikt də əlləri
üstə dayandı, qarın üzərində təxmini yeri müəyyənləşdirdi və itələyib
qapını açdı. Beləliklə, onlar aşağı endilər və ölümdən qurtuldular.
Benedikt kerosin lampasını və cibindəki piy şamını dərhal yandırmaq
istədi. Amma gördü ki, onun kibritləri yaş olduğundan yanmayacaqlar.
Beləliklə, o paltarlarını çıxardıb kibritləri qurutmaq üçün lüt bədəninə
yaxınlaşdırdı, oturub bir az mürgüləməyə qərar verdi ki, o zamana kimi
kibritlər də qurusunlar. O, donmuş əti dişinə çəkdi, sonra çörəyin, yağın
dadına baxdı, onlar çox quru idilər, heç çeynəyə bilmədi, zülmlə uda
bildi. Sonra o, yenidən aşağı oturdu və yuxu onu tutdu. Nəhayət ki,
kibritlər də qurudular. O, şamı düzəltdi, kerosin sobasına da od saldı. Otuz
dərəcə şaxtada, yerin altında mağaranın içərisində, qayaların arasında,
çöldə qar, çovğun, tufanda içilən qəhvə necə dada bilərdi, bax bunu bircə
Benedikt bilirdi. İndi o, hətta öz paltarlarını da qurulaya bilərdi.
Oturub qəhvəsini içən anlarda əlində olan tədarükü gözündən keçirib
hesablamağa başladı. Dörd tikə ət, bir xeyli yağ, bir balaca da şəkər.
Amma o indi qəhvəsinin axırıncısını içirdi. Bu barədə heç nə etmək
olmazdı. Sabah birinci gün idi, növbəti gün isə milad ərəfəsi idi.

Benedikt və onun iyirmi səkkizinci Advent səfəri haqqında deməyə


başqa nə qaldı? Amma biz də onu gərək bu mağarada təkbaşına
buraxmayaq, onsuz o artıq insanlar və Allah tərəfindən də unudulmuşdu.
Ən azından bizim mühakimə etdiyimiz qәdәrilә bu belə idi.
Sonra əhvalat onun növbəti gün, yəni bazar ertəsi onun ürəyində bir ümid
yaranmasını təsvir etməklə davam etdi: bəlkə buzlaq axınının yatağında
kifayət qədər qar toplanıb, bu zaman o da öz kirşəsindən istifadə edərək
oradakı qarla düz Yökliyə kimi sürüşərək gedə bilərdi. Axı bu gün Milad
bayramından öncəki gün idi! Amma dəhşətli soyuqlara və kəsici şaxtaya,
yağan güclü qara baxmayaraq buzlaq axınını buzdan və qardan azad idi.
Və biz onu da deməliyik ki, o birbaşa aşağı, öz kəndinə getmək üçün də
cəhd elədi, ən azından Milad bayramı günü evdə ola bilmək üçün. Amma
sonra elə alındı ki, o, bir cüt daha qoyunla rastlaşdı və əlbəttə ki, onları
atıb getmək söhbət mövzusu ola bilməzdi. Ən azından onları Çətinin
qəyyumluğu altına verənə kimi onları tərk edib gedə bilməzdi. Bunu da
edib qurtaranda sonra Benedikt gördü ki, o bu gün üçün kənara qoyduğu
bütün enerjini artıq xərcləyib qurtarmışdı. O, hazırda yalnız yerin tərkində
olan daxmasına gedib çıxmağa hədsiz şad olacaq qədər gücə sahib idi.
Başqa heç nəyə taqəti qalmamışdı.
Və əhvalatın sonrasını belə danışırlar ki, o Milad bayramından öncəki
günü Çətini və qoyun sürüsünü vadiyə daha da yaxın gətirməklə keçirdi
və sonra deyirlər ki, Leo və Benedikt Milad bayramı gününü birlikdə elə
həmin mağarada qeyd etdilər. Milad bayramı günü hava sakit idi, amma
ağır qar yağmuru vardı, bu hava isə Benedikti də onun qoyunlarını da
ləngitdi. Axşama tərəf külək də başladı, bununla da onlar bir gecə daha
həmin mağarada keçirməyə məcbur oldular. Beləcə ikinci bayram da
birinci kimi keçdi.
Amma həmin günün axşamında, Benedikt mübarizəni saxlamağa məcbur
oldu, yolun yalnız az bir hissəsi fəth olunmamış qalırdı. O özü haqqında
qoca, yorğun, heç nəyə yaramayan kimi ifadələr işlədirdi. O, təslim oldu,
qoyunları geridə – Çətinin himayəsində buraxıb vadiyə tərəf
addımlamağa başladı. Qoca... Yorğun... Və heç nəyə yaramayan biri...
Həmin gün axşamdan keçmiş o gəlib Botna çıxdı. Burada onu qəbirdən
xortlayıb duran biri kimi qarşıladılar. Amma o “xoş gəldin” məzmunlu
sözlərin heç birinə əhəmiyyət vermirdi. Cavan Benedikt hara yoxa
çıxmışdı? Amma cavan Benedikt evdə deyildi. O, heç kimə niyyətini
bildirmədən bəzi başqa fermalara dəyməyə getmişdir.
– Mənim ondan istəmək niyyətində olduğum yeganə məsələ ay yenidən
çıxanda mənimlə ora – yuxarı getməsi idi, – Benedikt dedi.
Yox, cavan Benedikt evdə deyildi. Amma növbəti gün onlar eşitdilər ki, o,
Botnda bir neçə cavan oğlanı da başına toplayıb dağlara səyahətə çıxıb.
Axşam düşməmiş o, yenidən qayıtdı, bir sürü qoyunu da qabağına
qatmışdı. Onlar Çətinin ayaqlarına ayaqqabı geyindirmişdilər, onlar qoçun
qabaq və arxa dırnaqlarına dəri çəkmələr keçirsələr də Çətinin qarda,
buzda, çətin yollarda fasiləsiz addımlamalarından sonra həm cırıq-cırıq
olmuşdular, həm də qan içində idilər. Çətinin Botndakı fermada qoca
Benediktlə yenidən görüşdüyü səhnə Allahların özünün görməli olduğu
bir səhnə idi. O, necə görüş idi, İlahi!
– Sağ ol mənim məsləkdaşım! – qoca Benedikt dedi. Bu sözdən başqa
nəsə deməyə ona imkan vermədilər.
Həmin gün kəndin Benediktin taleyindən narahat olan bir neçə sakini
onun sapsağlam qayıtması haqqında heç bir məlumatı olmayanlarla
birlikdə Botna gəlmişdilər ki, birləşib Benedikti axtarmaq üçün dağlara
getsinlər. Bəlkə cavanları axtarmaq da onların niyyətində idi. Cavan
Benedikt onların qarşısında dayanmışdı, başını dik tutmuşdu, gözləri
səbatlı idi və parıldayırdı.
Sonra o öz məsləkdaşının cavabını verdi: “Gəlin təşəkkürü layiq olduğu,
getməli olduğu ünvana yollayaq” – o dedi.
Daha sonra bu Advent səfəri də beləcə sona çatdı, xidmət başa çatmışdı
və Benedikt yenidən bu insanların arasında yaşadı... Bir müddət üçün.

You might also like