You are on page 1of 5

Həşimov Ayxan Elnur oğlu

29.08.2007
Bakı şəhəri, 6 saylı məktəbin 8a sinif şagirdi
Əlaqə telefonu: +994 50 214 66 66
+994 70 214 66 66

NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA İQTİSADİ MOTİVLƏR


Nizami Gəncəvi dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. XII
əsrdə yaşayıb-yaratmış bu dahi şəxsiyyət klassik ədəbiyyatın nəhəng simalarından biri
olmaqla yanaşı, çoxşaxəli biliyə malik sənətkardır. Bütün dünyada “Xəmsə” müəllifi kimi
tanınan ədib həm də “Şeyx Nizami” adı ilə anılmaqdadır. Əsl adı və soyadı Əbu
Məhəmməd İlyas ibn Yusif olan Nizami Gəncəvinin yaradıcılığı dünya ədəbiyyatı üçün
dəyərli mənbədir və təsadüfi deyil ki, onun bədii külliyyatı bir sıra dünya ədiblərinin
yaradıcılığına təsirsiz ötüşməmişdir. Təqdirəlayiq haldır ki, 2021-ci il Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunmuşdur
və bununla bağlı silsilə tədbirlər həyata keçirilməkdədir.
Tarixdən bəllidir ki, bir sıra dahi şəxsiyyətlər hərtərəfli biliyə sahib olmaqla yanaşı,
əsərlərində iqtisadi düşüncələrlə bağlı maraqlı fikirlər irəli sürmüşlər. Sözsüz ki, bu
nüans hər ədibə nəsib olan xüsusiyyət deyil. Bunun üçün həmin şəxs savadlı olmalı,
iqtisadi münasibətləri, iqtisadi inkişafı, əmək bölgüsünü yaxşı bilməli, ölkənin iqtisadi
potensialını düzgün dəyərləndirməyi bacarmalı idi. Nizami Gəncəvi dahi şəxsiyyət
olaraq əsərlərində zaman-zaman iqtisadi məsələlər barədə düşüncələr irəli sürmüş və
dövrün, zamanın iqtisadi mənzərəsini düzgün şəkildə dəyərləndirməyə müvəffəq
olmuşdur.
Nizami Gəncəvinin yaşadığı dövr həm intibah və inkişaf dövrü, həm də feodal
münasibətlərin geniş yayıldığı dövr idi. Bu səbəbdəndir ki, onun iqtisadi görüşlərinin
əsasında feodal münasibətlər, vergi sistemi, feodal mülkiyyəti, torpaq bölgüsü, əmtəə,
alqı-satqı və s. dayanırdı. Tarixdən məlumdur ki, şairin yaşadığı dövrdə vergi müxtəlifliyi
var idi, şair də öz növbəsində bu məqama toxunmağı unutmurdu. Şairin düşüncələri
təkcə bununla məhdudlaşmırdı, əsərlərində müəyyən məqamlarda ticarət qaydaları,
ticarət dövriyyəsi, düzgün alqı-satqı prinsipləri, qazanc əldə etməyin düzgün yolları
sadalanırdı. N.Gəncəvinin yaradıcılığına nəzər salsaq, görərik ki, pul mübadiləsi, əmtəə,
gəlir, vergi, ticarət, istehsal, istehlak məsələlərinə münasibət bildirilmiş və onun bu
ideyaları orta əsr iqtisadi məfkurənin təməl prinsipləri rolunu oynamağa müvəffəq
olmuşdur. Nəinki orta əsrlər, hətta ondan sonrakı dövrlərdə də şairin iqtisadi düşüncələri
1
öz dəyərini qoruyub saxlamışdır. Şairin yaradıcılığındakı iqtisadi motivlərdən söz
açarkən qeyd etmək lazımdır ki, o, hər addımı səbrlə, qənaətlə atmağı tövsiyə edirdi.
“Sirlər xəzinəsi” poemasında şair yazır:
Səbr edərək həmişə arpa çörəyini kəs,
Aldadıcı buğdanı yeməyə etmə həvəs.
“Süleyman və əkinçi” hekayəsinə nəzər salsaq görərik ki, Süleyman peyğəmbərlə
əkinçinin düşüncələri qarşılaşdırılır. Burada alın təri ilə zəhmət çəkərək çörək qazanan
əkinçi Süleyman peyğəmbərə zəhmət çəkib səfa görmək barədə fikirlər söyləyir. Əsərdə
yenə də nəticə etibarilə zəhmətə, əməyə səsləniş motivi qabardılır. Humanizm
prizmasından çıxış edən N.Gəncəvi yaradıcılığında insan faktoruna önəmli yer ayırırdı.
İnsanı şərəfli yaşamağa, əməyi sevməyə, var-dövlət hərisi olmamağa, qənaətcil
olmağa, heç kimə əl açmamağa, başqasının zəhməti hesabına yaşamamağa səslənirdi.
Şair humanist dəyərlərdən çıxış edərək həm də insanları bir-birinə əl tutmağa,
yardımsevər olmağa səslənirdi. Onun fikrincə, insan öz gəlir-çıxarını bilməli, buna uyğun
güzəran qurmalı, hər şeyə səbrlə yanaşmalı, ruzisinə şükür etməli, malik olduğu
sərvətini qənaətlə xərcləməlidir. Şair öz növbəsində belə insanları təqdir edirdi. Bu
baxımdan onun “İskəndərnamə” poemasında səsləndirdiyi fikirlər maraqlıdır:
Heç kəs ruzisini atlayıb keçməz,
Əndazəylə yeyər ruzisini hər kəs.
Ümumilikdə Nizami Gəncəvi əsərlərində qənaət haqqında danışarkən, iqtisadi
görüşlərini sərgiləyərkən insanları sabahkı günü düşünməyə də səslənirdi. Şair bəzi
insanların öz var-dövlətinin qərdini bilməməsini, sonranı düşünmədən xərcləməsini,
mal-mülk israfını tənqid edirdi. İnsanları varlı olduqları halda düzgün dolanışıq üçün, xoş
güzəran üçün yenə də qənaətə əməl etməsini başlıca şərt hesab edirdi:
Dağıtma əlində var isə sərvət,
Bihüdə yeməkdən çəkərsən zəhmət.
Xərclərkən ölçüdən gəl götürmə əl,
Nə artıq, nə əskik, ortadır gözəl.
Nizami Gəncəvinin istər lirik, istərsə də epik yaradıcılığının mövzusu zəngindir.
İctimai motivlər, zülm və haqsızlığa qarşı üsyan, saf eşq, fəlsəfi düşüncələr, ölkənin
ədalətlə idarə olunması, humanizm, vətənpərvərlik, mənəvi zənginlik, sadə əmək
insanlarının vəsfi və s. motivlər Nizami Gəncəvi yaradıcılığından “ana xətt” kimi keçir.
Nizami Gəncəvinin yaradıcılığında həm də iqtisadi motivlərə geniş rast gəlinir. Şair bu
zaman ilk növbədə insanları əməyə səsləyir, dövlətin iqtisadi inkişafının təməl
prinsiplərinin əsasında çalışqanlığın dayandığını göstərir, alqı-satqı, mübadilə
2
məsələlərində dövlətin düzgün qərarlar verməsinin vacibliyini vurğulayırdı. Şairin
yaradıcılığındakı iqtisadi motivlərə nəzər salsaq, nəticə etibarilə dövrün iqtisadi
mənzərəsinin əks olunduğunu görə bilərik.
Nizami Gəncəvi yaradıcılığında iqtisadi məsələlərdən danışarkən başlıca olaraq
qənaət ilə bağlı düşüncələrə mühüm yer ayırdığını qeyd etmək lazımdır. Onun bu
düşüncələrinə daha çox epik yaradıcılığında, daha dəqiq, “Xəmsə”yə daxil olan
poemalarında rast gəlinir. Şair “Xosrov və Şirin” poemasında yazır:
Dünyadan əlimdə şey yoxsa əgər,
Qənaət ki, vardır, o, bəsdir, yetər.
Yaxud şair “Leyli və Məcnun” poemasında qənaət haqqında fikirlərini bölüşərkən
təkcə insanların qənaətdən uzaq olduğunu yazırdı:
İnsanlardan başqa bütün canlılar,
Qənaət evində tutmuşdur qərar.
Nizami Gəncəvi böyük mütəfəkkir şəxsiyyət idi. Onun əsərləri tərbiyəvi-
əhəmiyyətli fikirlərlə zəngin olduğu üçün sərhədləri aşaraq dünya miqyasında
tanınmışdır. Şairin ustalığı onda idi ki, sıravi bir şeir, yaxud poema yaratmırdı, öz fikir və
düşüncələrini bu əsərlərdə ustalıqla nəzmə çəkirdi. Nizami Gəncəvinin iqtisadi
düşüncələrini təhlil edərkən onun nə dərəcədə böyük şəxsiyyət olmasını görmək
mümkündür. Şairin qənaətlə bağlı fikir və ideyalarını ustalıqla əks etdirmək qabiliyyəti
onun hərtərəfli şəxsiyyət olmasından xəbər verir. Ədibin israfçılıq əleyhinə olması, bir
parça çörəyə qane olub acgözlük etməmək qayəsi müqəddəs kitabımız olan “Quran-i
Kərim” kitabında da öz əksini tapmışdır. Şeyx Nizami Gəncəvi öz növbəsində bu
məsələlərə şairanə münasibət bildirmiş, öz düşüncələrini poetik bir şəkildə nəzmə
çəkmişdir. Dünya malına qarşı gözütox olmaq, var-dövlət əsiri olmamaq, nəfsinə qalib
gəlmək, bərabər şəkildə çörək qazanmaq ideyası şairin təlqin etdiyi ideyalar sırasında
idi. Şair “Xosrov və Şirin” poemasında yazır:
Ağlın var, hər şeydən çalış, azad ol,
Nəyin var qane ol, onunla şad ol.
Qoy dünyada qalsın dünyalıq nemət,
Bir parça çörəyə eylə qənaət.
Nizami Gəncəvi insanları eyni zamanda əmək fəaliyyətinə səsləyirdi, onun
düşüncəsinə görə bir parça çörəyin varsa, əsla tənbəlləşmək olmaz, insan ömrü boyu
çalışmalı, fəaliyyət göstərməli, lakin bununla belə varidat hərisi olmamalıdır. “Sirlər
xəzinəsi” poemasına daxil olan “Kərpickəsən qocanın bir cavanla hekəyəti” əhvalatında

3
kəspickəsən qocanın yaşlı çağlarında işləməsini ona irad bildirən cavana verdiyi cavab
əslində şairin aşılamaq istədi, söyləmək istədiyi ideyadır:
Nə xəzinə yığanam, nə də tirmə geyənəm,
Öz halal zəhmətimin çörəyini yeyənəm.
Halalca nemətimə naşükür olma mənim,
Nemətə xor baxana nemət qənimdir, qənim...
Nizami Gəncəvi bədii külliyyatında insanı bütün canlı varlıqlardan ən üstünü
hesab edir, onu zəhmətə, qənaətə səsləyirdi. Ümumilikdə şairin yaradıcılığındakı
iqtisadi motivlər təkcə qənaət məsələləri ilə yekunlaşmırdı. Humanizm, demokratiya,
ədalətli idarəçilik Nizami Gəncəvinin iqtisadi görüşlərinin başlıca qayəsi idi. Şair
“Xəmsə”yə daxil olan beş poemasında – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və
Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə” poemalarında müəyyən məqamlarda öz
iqtisadi görüşlərini sərgiləyir, güclü iqtisadiyyatı olan ölkə modeli əldə etməyin yollarını
bəzən qələmə aldığı əhvalatlar, bəzən də ayrı-ayrı obrazlar vasitəsilə qabartmağa
çalışırdı.
Nizami Gəncəvinin yaşadığı 12-ci əsrdə Azərbaycan Atabəyləri olan Eldənizlər
tərəfindən üsul-idarəsi mövcud idi. Şairin yaşadığı Gəncə şəhəri də ticarət
mərkəzlərindən sayılırdı, sənətin və sənətkarlığın, mədəniyyətin, ədəbiyyatın inkişaf
etdiyi şəhərlər sırasında idi. Onun əsərlərində toxunduğu iqtisadi məsələlər həm dövrün
tələblərindən, həm də şairin şəxsi müşahidələrindən irəli gəlirdi. Nizami Gəncəvinin
şəxsi müşahidə və qənaətlərinə görə maddiyyatın təməlində zəhmət, əmək dayanırdı.
Şair əməkdən danışarkən xüsusi olaraq ədalətli əmək bölgüsü məsələsini vurğulayırdı.
Ədib həm də bu fikirdə idi ki, hər kəs bacardığı yükü çəkməli, öhdəsindən gələ bildiyi
işlə məşğul olmalıdır. Şair hesab edir ki, insanlar mövcud olan reallıqla hesablaşmalı,
daha artığına iddia etməməlidir:
Dövranından çıxma heç yüksəklərə,
Uzat ayağını yorğanına görə.
Ləpəni atma çölə sən dəniztək,
Çalışma uçmağa özündən yüksək.
Nizami Gəncəvi bu məsələlərə kortəbii yanaşmır, konkret olaraq mal-mülk
bölgüsündə, alqı-satqı məsələlərində bərabərlik prinsiplərinin mühüm olmasını
vurğulayırdı. Şair bu məsələləri əsərlərində müxtəlif üsullarla qabardırdı. Əməkçi insan
obrazları, humanist düşüncələr, zəhmətsevərliyin təbliği şairin əsərlərində başlıca yer
tutur. Bununla yanaşı, onun əsərlərində feodal mülkiyyət formalarına münasibət, qazanc
axtarma yolları, sərvəti qənaətlə sərf etmək məsələləri, torpaq bölgüsü, vergi və əmlak
4
məsələlərinə də toxunulurdu. Nizami Gəncəvi hər kəsi sahib olduğu sərvətdən artıq
xərcləməməyə səslənirdi. İnsan sahibləndiyi maddiyyatın dəyərini bilməli, özünün bəlli
bir meyarı olmalı, pulunu sərf edərkən həddi keçməməlidir. Bu baxımdan şairin “Leyli və
Məcnun” poemasındakı aşağıdakı düşüncələri olduqca dəyərlidir:
Bir də ayağını öz yorğanından
Artıq uzadanlar bədbəxtdir, inan.
Bir quş ki, həddindən artıq ucalar,
Özünü fəlakət yoluna salar.
N.Gəncəvi “Xəmsə”yə daxil olan poemalarında ayrı-ayrı məqamlarda ticarət
əlaqələri məsələlərinə də toxunur, alqı-satqı məsələlərində şəriət və haqq-ədalət
qanunlarını əsas götürməyə çağırırdı. Şəriət qanunlarına istinad edərkən şair sələmçiliyi
haram hesab edir, insanları bir-birinə təmənnasız əl tutmağa səslənirdi.
Nizami Gəncəvi yaradıcılığındakı iqtisadi motivlərlər fonunda həm də adil
hökmdar, dövləti ədalətli idarə edən ölkə başçısı məsələsinə də toxunurdu. Feodal üsul-
idarəsinin hökm sürdüyü orta əsrlərdə Nizami Gəncəvi öz iqtisadi düşüncələrini, qənaət,
mənfəətlə bağlı fikirlərini buna uyğun şəkildə sərgiləyirdi. Şairin fikrincə, ölkə ədalətlə
idarə olunarsa, mal-mülk bölgüsü ədalətli bölünərsə, ölkənin iqtisadi qüdrəti də artar,
iqtisadiyyatı dirçələr və yalnız iqtisadiyyatı güclü olan, pulu qənaətlə sərf edən dövlət
başçısı ölkəsini müflisləşmədən xilas edə bilər. Şair bununla yanaşı, vergilərin vaxtlı-
vaxtında toplanmasını arzulayır və əldə olan gəliri mənfəətli bir şəkildə sərf etməyi
məsləhət bilirdi. Şair ayrı-ayrı hökmdar obrazları yaradarkən onları hərislik səbəbindən
əlavə ərazilər əldə etmək iddiasına da toxunurdu. Bu məqamda yenə şair hökmdarları
gözütox olmağa səslənirdi. Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında bu barədə öz
müdrik fikirlərini bu şəkildə qələmə almışdır:
Çörəyin, suyun varsa qane ol, otur!
Ən azad bir ölkə inan ki, odur!
Nəzərə alsaq ki, hələ o dövrlərdə iqtisadiyyat elmi inkişaf etməmişdi, öyrənilərək
araşdırılmamışdı, Nizami Gəncəvinin yaradıcılığındakı iqtisadiyyatla, qənaət, məsrəflə
bağlı düşüncələri dəyərli mənbə sayılır. Nizami Gəncəvi zəngin yaradıcılığında bu
aspektdə bir çox məsələlərə toxunmuşdur və şairin iqtisadi görüşlərinin yekununda
gəldiyi qənaət məhz elə qənaətdir.

You might also like