You are on page 1of 14

1.

BEYNƏLXALQ TİCARƏTƏ ÜMUMİ BİR BAXIŞ

1.1. Giriş
Demək olar ki, Beynəlxalq ticarət və maliyyə ekonomiks fənni yarandığı andan öyrənilməyə
başlanmışdır. İqtisadi düşüncə tarixçiləri çox vaxt şotland filosofu Devid Yumun “Ticarət balansı
haqqında” yazılarını iqtisadi modelin ilk real təzahürü hesab edirlər. D.Yum bu işini 1758-ci ildə,
yəni öz dostu Adam Smitin “Xalqların Sərvəti” adlı kitabını nəşr etməsindən 20 il əvvəl dərc
etdirib. 19-cu əsrin əvvəllərində Britaniyanın ticarət siyasəti haqqında gedən debatlar da
ekonomiksin diskursiv, qeyri-formal bir sahədən model yönümlü fənnə çevrilməsinə xeyli töhfə
vermişdir.
Beynəlxalq iqtisadiyyatın öyrənilməsi heç vaxt indiki qədər əhəmiyyətli olmayıb. 21-ci əsrin
əvvəllərində dövlətlər mallar və xidmətlər sahəsindəki ticarət, pul vəsaitlərinin axını və bir-birinə
iqtisadiyyatlarına qoyduqları sərmayələr vasitəsilə bir-birlərinə əvvəlkindən daha sıx bağlıdır. Bu
bağlardan formalaşan qlobal iqtisadiyyat çox dinamik dəyişən bir arenadır: Amerika Birləşmiş
Ştatları da daxil olmaqla, hər bir ölkədə həm siyasəti formalaşdıran şəxslər, həm də aparıcı
işgüzar dairələr indi dünyada iqtisadi vəziyyəti bəzən sürətlə dəyişdirən amillərə xüsusi diqqət
yetirməlidir.

Ticarət statistikasının bir sıra əsas göstəricilərinə nəzər saldıqda beynəlxalq iqtisadi
münasibətlərin misilsiz əhəmiyyətini hiss etmək olur. Şəkil 1.1-də ABŞ-da 1960-cı ildən 2015-ci
ilədək ixrac və idxal göstəricilərinin ümumi daxili məhsuldakı payı göstərilir. Şəklin ən çox
nəzərəçarpan xüsusiyyəti hər iki göstəricinin uzunmüddətli artım tendensiyasıdır: Beynəlxalq
ticarətin əhəmiyyəti ümumilikdə iqtisadiyyatla müqayisədə təxminən üç dəfə artıb.
Həm idxal, həm də ixrac səviyyələrinin artmasına baxmayaraq, demək olar ki, idxal səviyyəsinin
daha çox artaraq ixrac səviyyəsini böyük fərqlə qabaqladığı nəzərə çarpır. Bəs ABŞ bütün bu
idxal edilmiş mallara görə necə ödəniş edə bilir? Cavab sadədir, bunun üçün pul kütləsi ABŞ
iqtisadiyyatında paya sahib olmaq istəyən əcnəbi investorların investisiya etdikləri böyük həcmli
kapital-pul axınları vasitəsilə təmin olunur. Nə vaxtsa bu miqyasda kapital axınları ağlasığmaz
görünürdüsə, indi artıq bu adi bir hal kimi qəbul edilir. Beləliklə, idxal və ixrac səviyyələri
arasındakı boşluq artan beynəlxalq bağların – bu halda isə milli kapital bazarları arasındakı
böyüyən əlaqələrin – digər aspektinin göstəricisidir.
Nəhayət, 2009-cu ildə həm idxal, həm də ixrac səviyyələrinin kəskin endiyinə fikir verin. Bu
azalma 2008-ci ildə başlamış qlobal iqtisadi böhranı əks etdirir və dünya ticarəti ilə dünya
iqtisadiyyatının ümumi vəziyyəti arasındakı sıx əlaqəni xatırladır.
Beynəlxalq iqtisadi münasibətlər ABŞ üçün mühüm amilə çevrilsə də, digər dövlətlər üçün o
daha da əhəmiyyətlidir. Şəkil 1.2-də nümunə kimi verilmiş bir sıra ölkələr üzrə orta idxal və
ixrac səviyyələrinin ÜDM-də payı göstərilib. Öz miqyasına və resurslarının çeşidinə görə
Amerika Birləşmiş Ştatlarının beynəlxalq ticarətdən asılılığı, demək olar ki, digər ölkələrə
nisbətən daha azdır.
2015-ci ildə dünyada ümumilikdə cari qiymətlərlə dəyəri 74 trilyon dollar olan əmtəə istehsal
edilmiş və xidmət göstərilmişdir. Bunun təxminən 30%-i milli sərhədlərdən kənarda satılmışdır:
əmtəə və xidmətlərlə beynəlxalq ticarət 21 trilyon dollardan artıq olmuşdur. Bu, böyük miqdarda
(həcmdə), idxal və ixrac deməkdir. Beynəlxalq ticarət əməliyyatlarının təşkili, idarə edilməsi
forma və mexanizmi ilə bağlı məlumatları əhatə edən dərsimizə başlamamışdan öncə, kimin
kimlə ticarət etdiyini təsvir edək. Cazibə modeli kimi tanınan empirik əlaqə hər hansı ölkələr
cütlüyü arasında ticarətin dəyəri ilə bağlı müəyyən ideyanın formalaşdırılmasına yardım edir və
hətta bu günün qlobal iqtisadiyyatında beynəlxalq ticarətin məhdudlaşdırılmasına səbəb olan
maneələrə aydınlıq gətirir. Daha sonra beynəlxalq ticarətin dəyişən strukturuna nəzər yetirəcəyik.
Qarşıda görəcəyik ki, son onilliklər beynəlxalq bazarlarda satılan ümumi məhsulun payının
əhəmiyyətli artımı, dünyanın iqtisadi cazibə mərkəzinin Asiyaya doğru yerdəyişməsi və ticarətin
əsasını təşkil edən əmtəə növlərindəki ciddi dəyişikliklərlə səciyyələnir.

1.2. Kim kimlə ticarət edir?


Şəkil 2.1 Amerika Birləşmiş Ştatları və onun əsas 15 ticarət tərəfdaşı ilə 2015-ci ildə əmtəə
ticarətinin (ixrac üstəgəl idxal) məcmu dəyərini göstərir. Ümumilikdə, göstərilən ildə ABŞ-ın
ticarətinin 75%-i bu 15 ölkə ilə həyata keçirilmişdir.
Amerika Birləşmiş Ştatları bu ölkələrlə nə üçün bu qədər ticarət etmişdir? Gəlin reallıqda kimin
kimlə ticarət etdiyini müəyyənləşdirən amilləri nəzərdən keçirək.
1.2.1. Ölçü önəmlidir: Cazibə modeli
ABŞ-ın 15 əsas ticarət tərəfdaşından 3-ü Avropa ölkəsidir: Almaniya, Birləşmiş Krallıq və
Fransa. ABŞ nə üçün bu ölkələrlə digər Avropa ölkələri ilə müqayisədə daha çox ticarət edir?
Cavab sadədir, bu ölkələr Avropanın 3 ən böyük iqtisadiyyatıdır. Bu o deməkdir ki, bu ölkələr
Ümumi Daxili Məhsulu (ÜDM), (iqtisadiyyatda istehsal edilən bütün əmtəə və xidmətlərin
dəyərini ölçür) ən yüksək olan ölkələrdir. Ölkə iqtisadiyyatının ölçüsü ilə onun idxal və ixracının
həcmi arasında əhəmiyyətli empirik əlaqə mövcuddur.
Bu əlaqəni nümayiş etdirmək üçün Şəkil 2.2-də müxtəlif Avropa ölkələrinin, xüsusilə də 2012-ci
ildə Amerikanın 15 ən vacib Qərbi Avropa ticarət tərəfdaşlarının iqtisadiyyatlarının ölçüləri və
bu ölkələrin ABŞ-la həmin ildə ticarətlərinin müqayisəsi verilmişdir. Üfüqi oxda hər bir ölkənin
ÜDM-in Avropa İttifaqının cəmi ÜDM-ə faiz nisbəti, şaquli oxda isə hər bir ölkənin Amerika
Birləşmiş Ştatları ilə Avropa İttifaqının ticarətində payı (faizlə) göstərilmişdir. Göründüyü kimi,
ölkələrin yerləşməsi, əsasən, 45 dərəcəli xətt boyuncadır – hər bir ölkənin ABŞ-la Aİ arasındakı
ticarətdəki payı təxminən hər bir ölkənin Qərbi Avropanın ÜDM-də payına bərabərdir. Almaniya
böyük iqtisadiyyata malik olmaqla, Qərbi Avropa ölkələrinin cəmi ÜDM-in 20%-ni təşkil edir.
Eyni zamanda ABŞ-ın müvafiq regionla ticarətinin 24%-i Almaniya ilə həyata keçirilir. İsveç
daha kiçik iqtisadiyyata malikdir və Avropanın ÜDM-nin cəmi 3,2%-ni təşkil edir və müvafiq
olaraq da ABŞ və Avropa ticarətinin 2,3%-i İsveçin payına düşür.

Beynəlxalq ticarətə ümumilikdə nəzər saldıqdan sonra iqtisadçılar hər hansı iki ölkə arasında
ticarətin həcmini kifayət qədər dəqiqliklə müəyyən etməyə imkan verən aşağıdakı düsturu təyin
etmişlər,
A ×Y i ×Y j
T ij = (2.1.)
Dij

Burada A sabit rəqəm, Tij i ölkəsi ilə j ölkəsi arasında ticarətin dəyəri, Yi i ölkəsinin ÜDM-i,Yj
isə j ölkəsinin ÜDM-i, və Dij iki ölkə arasındakı məsafədir. Bu o deməkdir ki, digər şərtlər
dəyişilməz qaldığı halda, iki ölkə arasındakı ticarətin dəyəri bu ölkələrin ÜDM-lərinin hasilinə
mütənasib, ölkələr arasındakı məsafəyə isə tərs mütənasibdir.
Bu düstur (2.1) beynəlxalq ticarətin cazibə modeli kimi tanınır. Düstura bu adın verilməsinin
səbəbi Nyutonun cazibə qanunu ilə oxşarlığıdır: hər hansı iki obyekt arasındakı cazibə bu
obyektlərin çəkilərinin hasilinə mütənasib, bu obyektlərin aralarındakı məsafəyə isə tərs
mütənasib olduğu kimi, hər hansı iki ölkə arasındakı ticarət, digər şərtlər dəyişilməz qaldığı
halda, bu ölkələrin ÜDM-nin hasilinə mütənasib və bu ölkələr arasındakı məsafəyə tərs
mütənasibdir.
İqtisadçılar, adətən, cazibə modelinin aşağıda verilmiş daha ümumi formasını istifadə edirlər:
a b
A ×Y i × Y j
T ij = c (2-2)
D ij

Düstura əsasən, iki ölkə arasında ticarətin həcmini müəyyən edən 3 element iki ölkənin ÜDM-
nin ölçüsü və ölkələr arasındakı məsafədir. Beləliklə, bu düsturda ticarətin ÜDM-lərin hasilinə
mütənasib və məsafəyə tərs mütənasib olduğu fərz edilmir. Bunun əvəzinə, faktiki məlumatlara
daha uyğun olması üçün a, b, və c seçilir. a, b, və c bərabər olarsa, (2-2) düsturu (2-1) düsturuna
bərabər olardı. Əslində, 2.1 düsturu olduqca yaxşı uyğunlaşdırmadır.
Cazibə modelinin işlək olmasının səbəbi nədir? Ümumilikdə, böyük gəlirlərə malik olduqları
üçün böyük iqtisadiyyatlar idxala böyük məbləğlər xərcləyirlər. Bu ölkələr həm də digər
ölkələrin xərcləmələrinin böyük hissəsini özlərinə cəlb edirlər, çünki özləri də geniş çeşiddə
məhsullar istehsal edirlər. Beləliklə, digər şərtlər dəyişilməz qaldığı halda, iki iqtisadiyyat
arasında ticarət bu iqtisadiyyatların ölçülərindən asılıdır – daha böyük iqtisadiyyat daha böyük
ticarət deməkdir.
Dəyişilməz qalmayan şərtlər hansılardır? Qeyd etdiyimiz kimi, təcrübədə ölkələr öz gəlirlərinin
böyük hissəsini öz ölkələrində xərcləyirlər. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının hər
biri dünya ÜDM-in təxminən 25%-ni özlərində cəmləşdirir, lakin digər ölkələrin xərcləmələrinin
cəmi 2%-ni özlərinə cəlb edirlər. Real ticarət axınlarını anlamaq üçün biz beynəlxalq ticarəti
məhdudlaşdıran amilləri nəzərə almalıyıq. Buna başlamazdan öncə, gəlin cazibə modelinin nə
üçün faydalı olduğunun vacib səbəbini nəzərdən keçirək.

1.2.2. Cazibə modelindən istifadə: Anomaliyalar axtarışında


Şəkil 2.2-dən aydın olduğu kimi, cazibə modeli ABŞ-ın Avropa ölkələri ilə ticarətinə əsaslanan
məlumatlara kifayət qədər uyğun olsa da, tam uyğun deyil. Əslində, cazibə modelinin əsas
istifadə məqsədlərindən biri də ticarətdə anomaliyaların müəyyən edilməsidir. Həqiqətən də, iki
ölkə arasında ticarət cazibə modelinin proqnozlaşdırdığı səviyyədən xeyli artıq və ya xeyli az
olduqda iqtisadçılar bunun izahını axtarırlar.
Şəkil 2.2-yə yenidən baxdıqda Hollandiya, Belçika və İrlandiyanın cazibə modelinin
proqnozlaşdırdığı səviyyədən daha artıq ticarət etdiklərinin şahidi oluruq. Bunun səbəbi nədir?
İrlandiya üçün cavab qismən mədəni yaxınlıqla izah olunur: İrlandiya ABŞ-la təkcə eyni dili
paylaşmır, həm də on milyonlarla amerikalı irland mühacirlərin törəmələridir. Bundan başqa,
İrlandiyanın bir çox ABŞ şirkətinə ev sahibliyi kimi xüsusi rolu vardır.
Hollandiya və Belçika üçün isə böyük ehtimalla coğrafi mövqe və nəqliyyat xərcləri ABŞ-la
böyük həcmdə ticarətin əsas səbəbləridir. Hər iki ölkə Qərbi Avropanın ən uzun çayı olan,
Almaniyanın sənaye ürəyi Rurdan keçib gələn Reyn çayının mənsəbinə yaxın yerləşir. Beləliklə,
Hollandiya və Belçika tarixən Şimal-Qərbi Avropaya giriş məntəqəsi olmuşdur; Hollandiyadakı
Rotterdam limanı yükaşırma həcminə görə Avropanın ən əhəmiyyətli limanı, Belçikanın Antverp
limanı isə bu göstəriciyə görə ikincidir. Belçika və Hollandiyanın böyük həcmdə ticarəti
nəqliyyat xərclərinin və coğrafi mövqeyin ticarətin həcmini müəyyənləşdirməkdə vacib rol
oynadığını göstərir. Bu amillərin əhəmiyyəti ticarətlə bağlı məlumatlara geniş nümunədə
baxdıqda daha da aydın olacaq.

1.2.3. Ticarətə əngəllər: Məsafə, maneələr və sərhədlər


Şəkil 2.3-də Şəkil 2.2-də göstərilmiş eyni məlumat – 2012-ci ildə Amerikanın müvafiq Qərbi
Avropa ölkələri ilə payı Qərbi Avropa ölkələri ilə ümumi ticarətin payı kimi və bu ölkələrin
regionun ümumi ÜDM-də faizlə payı – verilmişdir, lakin daha iki ölkə müqayisəyə əlavə
edilmişdir: Kanada və Meksika. Göründüyü kimi, Amerika Birləşmiş Ştatlarının öz qonşuları ilə
ticarət həcmi eyni ölçülü Avropa iqtisadiyyatları ilə müqayisədə daha artıqdır. İqtisadiyyatı
təxminən İspaniya iqtisadiyyatı böyüklüyündə olan Kanadanın ABŞ-da ticarət həcmi, demək olar
ki, ABŞ-ın bütün Avropa ilə ticarət həcminə bərabərdir.
Hansı səbəbdən Amerika Birləşmiş Ştatları Avropa tərəfdaşları ilə müqayisədə özünün Şimali
Amerikadakı qonşuları ilə daha çox ticarət edir? Əsas səbəb çox sadədir – Kanada və Meksika
ABŞ-a daha yaxındır.
Bütün cazibə modelləri hesablamaları məsafənin beynəlxalq ticarətə mənfi təsirini göstərir;
hesablamalara görə, iki ölkə arasında məsafə 1% artıqda bu iki ölkə arasındakı ticarətin 0,7-1%
həcmində azalmasına səbəb olur. Bu azalma həm də qismən əmtəə və xidmətlərin daşınmasının
artan xərclərini əks etdirir. İqtisadçıların fikrincə, daha az sezilən amillər də əhəmiyyətli rol
oynayır: Ölkələr arasında şəxslərarası əlaqə yaxın olduqda ticarət də daha intensiv olur və
məsafə artdıqca bu əlaqə də zəifləyir. Məsələn, amerikalı satış təmsilçisinin Torontoya qısa
zamanda səfəri mümkün olduğu halda, bu təmsilçinin Parisə getməsi daha böyük layihədir.
Şirkət Qərb sahilində yerləşmədiyi halda Tokioya səfər etmək bundan daha böyük layihədir.
ABŞ-la qonşu olmaqdan əlavə, Kanada və Meksika ABŞ-la ticarət razılaşmasının, Şimali
Amerika Azad Ticarət Assosiasiyası – NAFTA-nın tərəfləridir. Bu onlara üç ölkə arasında əksər
əmtəələrin heç bir tarif və ya beynəlxalq ticarətə digər maneələr olmadan daşınmasına imkan
verir. İndi isə gəlin iqtisadçıların cazibə modelindən ticarət razılaşmalarının faktiki beynəlxalq
ticarətə təsirinin qiymətləndirilməsi üçün vasitə kimi necə istifadə etdiklərini nəzərdən keçirək:
ticarət razılaşması effektiv olarsa, bu, iki ölkə arasında bu ölkələrin ÜDM-ləri və ölkələr
arasındakı məsafəni nəzərə alaraq cazibə modelinin müəyyənləşdirdiyi həcmdən daha böyük
ticarət həcminə gətirib çıxarmalıdır.
Onu qeyd etmək lazımdır ki, ticarət razılaşmaları, adətən, ölkələr arasındakı bütün ticarət
maneələrini aradan qaldırsa da, bu razılaşmalar nadir hallarda milli sərhədləri aidiyyətsiz edir.
Əksər əmtəə və xidmətlər milli sərhədləri heç bir tarif ödəmədən və azsaylı hüquqi
məhdudiyyətlərə məruz qalmaqla çatdırılsa da, bu ölkə ilə müxtəlif ölkələrin eyni məsafədə
yerləşən regionları arasında ticarətlə müqayisədə eyni ölkənin regionları arasında ticarət həcmi
daha böyük olur. Kanada və ABŞ sərhədini nümunə göstərmək olar. Hər iki ölkə azad ticarət
razılaşmasının tərəfləridir (hətta NAFTA-dan öncə Kanada-ABŞ azad ticarət razılaşması mövcud
idi); əksər kanadalı ingiliscə danışır; hər iki ölkənin vətəndaşları minimum rəsmiyyətlə digər
ölkənin sərhədini keçə bilir. Lakin hər bir Kanada əyalətinin öz aralarında və ABŞ ilə ticarəti
haqqında məlumatlara əsasən, digər şərtlər dəyişməz qaldığı halda, əyalətlər arasında ticarət
həcmi əyalətlərlə ABŞ ştatları arasındakı ticarət həcmindən dəfələrlə böyükdür.
Cədvəl 2.1 bu fərqin dərəcəsini göstərir. Cədvəldə Vaşinqton ştatının şimalında yerləşən Kanada
əyaləti Britaniya Kolumbiyasının digər Kanada əyalətləri və ABŞ ştatları ilə hər əyalətin və ya
ştatın ÜDM-in faizi kimi cəmi ticarəti (ixrac üstəgəl idxal) verilmişdir. Şəkil 2.4 bu əyalətlərin
və ştatların yerini göstərir. Hər bir Kanada əyaləti Britaniya Kolumbiyasından təxminən eyni
məsafədə yerləşən ABŞ ştatı ilə uyğun şəkildə verilmişdir; Vaşinqton ştatı və Alberta Britaniya
Kolumbiyası ilə sərhəddədir; Ontario və Ohayo hər ikisi Orta Qərbdə yerləşir; və s. Kanadanın
uzaq şərqdə yerləşən Nyu-Bransuik əyaləti ilə ticarət istisna olmaqla ölkədaxili ticarət məsafənin
artması ilə kəskin azalır. Lakin hər bir halda Britaniya Kolumbiyası və Kanada əyaləti arasındakı
ticarət eyni məsafədə yerləşən ABŞ ştatı ilə ticarətdən qat-qat böyükdür.
İqtisadçılar Cədvəl 2.1-də verilmiş məlumatlara oxşar məlumatlardan və cazibə modellərində
məsafənin təsiri ilə bağlı hesablamalardan istifadə edərək müəyyən etmişlər ki, ABŞ-Kanada
sərhədi dünyada ən azad sərhədlərdən biri olmasına baxmayaraq, ölkələr arasındakı ticarətin
həcmini məhdudlaşdırmaqla bu ölkələrin bir-birindən 1,500–2,500 mil məsafədə yerləşməsi
effektini yaradır.
Nə üçün sərhədlərin ticarətə belə əhəmiyyətli mənfi təsiri var? Bu sual müasir tədqiqatların
mövzusudur. 21-ci fəsil bu tədqiqatın ən son diqqət mərkəzində olan məsələlərindən birini təsvir
edir: Fərqli milli valyutaların olmasının əmtəə və xidmətlərlə beynəlxalq ticarətə hansı dərəcədə
təsirinin olmasını müəyyənləşdirmək cəhdi.

1.3. Beynəlxalq ticarətin dəyişən strukturu


Beynəlxalq ticarət hərəkətdə olan bir mexanizmdir. Beynəlxalq ticarətin istiqaməti və tərkibi bir
nəsil öncəkindən çox fərqli, bir əsr öncəki ilə müqayisədə isə daha çox fərqlidir. Gəlin bir sıra
əsas meyillərə baxaq.

1.3.1. Dünya kiçilibmi?


Dünya iqtisadiyyatı ilə bağlı əsas müzakirələrdə müasir nəqliyyat və kommunikasiya
vasitələrinin məsafəni aradan qaldırdığı və dünyanın kiçik bir yerə çevrildiyi barədə fikirlərə rast
gəlmək olur. Sözsüz ki, bu çıxışlarda müəyyən həqiqət var: İnternet minlərlə mil uzaqda olan
insanlar arasında anında və demək olar ki, ödənişsiz əlaqəni, hava nəqliyyatı isə qısa müddətdə
dünyanın hər bir yerinə fiziki çıxışı təmin edir. Digər tərəfdən, cazibə modelləri məsafə və
beynəlxalq ticarət arasında tərs əlaqənin olduğunu göstərməkdə davam edir. Bəs bu təsirlər
zaman keçdikcə zəifləmişdirmi? Nəqliyyat və kommunikasiya vasitələrinin inkişafı dünyanı
daha kiçik etmişdirmi?
Cavab “bəli”dir. Lakin tarix həmçinin göstərir ki, siyasi qüvvələr texnologiyanın təsirini üstələyə
bilər. Dünya 1840 – 1914-cü illərdə kiçildi, lakin 20-ci əsrin qalan dövründə yenidən böyüdü.
İqtisadi tarixçilərin sözlərinə görə, hətta bir-birindən uzaq məsafədə yerləşən xalqlar arasında da
güclü iqtisadi əlaqələrə malik qlobal iqtisadiyyat heç də yenilik deyil. Qloballaşmanın iki nəhəng
dalğası baş vermişdir. İlk dalğa hava nəqliyyatı və İnternetə deyil, dəmir yolu, paroxodlar və
teleqrafa əsaslanırdı. 1919-cu ildə böyük iqtisadçı Con Maynard Keyns qloballaşmanın
sürətlənməsinin nəticələrini belə təsvir edirdi:
İnsanın iqtisadi inkişafında qeyri-adi bir dövr 1914-cü ilin avqust ayında sona
çatdı!.. London sakinləri yataqda səhər çayını içərək bütün dünyadan müxtəlif
məhsulları istədikləri miqdarda və evlərinə kimi çatdırılmanı da əhatə edən
sifarişləri telefonla edə bilirdilər.
Diqqət etsəniz, C. Keyns bu dövrün 1914-cü ildə “başa çatdı”ğını qeyd edir. Əslində, bu dövrdən
sonrakı 2 dünya müharibəsi, 1930-cu illərin Böyük Böhranı və geniş yayılmış proteksionizm
beynəlxalq ticarəti zəiflədən əsas amillər oldu.
Şəkil 2.5 beynəlxalq ticarətin bir ölçüsünü, istehsal olunmuş əmtəələrin ixracı indeksinin dünya
üzrə sənaye istehsalı indeksinə nisbətini göstərir. Beynəlxalq ticarət Birinci Dünya müharibəsinə
qədər olan onilliklərdə sürətlə böyüdü, lakin müharibədən sonra əhəmiyyətli dərəcədə azaldı.
Şəkildən göründüyü kimi, qloballaşmanın bu göstəricisi Birinci Dünya müharibəsindən əvvəlki
səviyyəsinə yalnız 1970-ci illərin əvvəllərində çatdı.
Bu dövrdən sonra beynəlxalq ticarət dünya üzrə istehsalın hissəsi kimi görünməmiş zirvələrə
çatdı. Beynəlxalq ticarətin dəyərinin bu artımının əsas səbəblərindən biri istehsalın “şaquli
dezinteqrasiyası” idi: Əmtəə istehlakçılara çatana qədər müxtəlif ölkələrdə bir çox istehsal
mərhələsindən keçir. Məsələn, elektronika məhsulları – mobil telefonlar, iPod-lar və s. – adətən,
Çin kimi ucuz işçi qüvvəsinin olduğu ölkələrdə yığılır, hissələri isə Yaponiya kimi yüksək
əməkhaqqı olan ölkələrdə istehsal olunur. Hissələrin geniş şəkildə çarpaz daşınması olduğu üçün
100 ABŞ dolları dəyərindəki əmtəə 200 və ya 300 ABŞ dolları dəyərində beynəlxalq ticarət
axınlarına səbəb ola bilər.
1.3.2. Nə ilə ticarət edirik?
Ölkələr ticarət edərkən nə ilə ticarət edirlər. Dünya üzrə ümumilikdə əsas cavab odur ki, bu
ölkələr bir-birinə istehsal edilmiş əmtəələr, məsələn, avtomobillər, kompüterlər və tekstil
məhsulları göndərirlər. Lakin faydalı qazıntıların (mis filizindən tutmuş kömürə qədər olan
məhsulları əhatə etsə də, əsas hissəsi neftdir) ticarəti hələ də beynəlxalq ticarətin əhəmiyyətli
hissəsi olaraq qalır. Kənd təsərrüfatı məhsulları, məsələn, buğda, soya və pambıq da beynəlxalq
ticarətin əsas elementləridir. Bundan başqa, müxtəlif xidmətlər beynəlxalq ticarətdə vacib rol
oynayır və gələcəkdə xidmətlərlə ticarətin daha əhəmiyyətli pay əldə edəcəyi gözlənilir.
Şəkil 2.6-da 2015-ci ildə dünya üzrə ixracın faiz bölgüsü göstərilmişdir. Müxtəlif növ istehsal
malları beynəlxalq ticarətin əsas hissəsini təşkil edir. Mədən sənayesi üzrə məhsulların əsas
hissəsini neft və digər yanacaq məhsulları təşkil edir. Bir çox ölkələrin qida ehtiyacının
ödənilməsi üçün həyati əhəmiyyət kəsb etməsinə baxmayaraq, kənd təsərrüfatı mallarının ticarəti
müasir beynəlxalq ticarətin yalnız çox kiçik hissəsini təşkil edir.

Xidmətlərin ixracı hava yolları və daşıma şirkətləri tərəfindən alınan ənənəvi nəqliyyat
xərclərini, xarici ölkə vətəndaşlarından əldə edilən sığorta haqlarını və xarici turistlərin
xərcləmələrini əhatə edir. Son illərdə müasir telekommunikasiyalar vasitəsilə mümkün olan
xidmətlərlə ticarətin yeni növləri geniş medianın diqqətini çəkmişdir.
Ən tanınmış nümunə beynəlxalq zəng və yardım mərkəzləridir: Siz 800 qısa nömrəsinə məlumat
və ya texniki yardım məqsədilə zəng edərkən xəttin o biri tərəfindəkı şəxs hər hansı bir ölkənin
ucqar nöqtəsində ola bilər (Hindistanın Banqalor şəhəri xüsusilə məşhur bölgədir). Ticarətin bu
yeni ekzotik növləri beynəlxalq ticarətin çox kiçik bir hissəsini təşkil etsə də, aşağıda izah
edildiyi kimi, qarşıdakı illərdə bu mənzərə dəyişə bilər.
İstehsal mallarının beynəlxalq ticarətdə əsas yer tutduğu cari vəziyyət nisbətən yenidir.
Keçmişdə əsas məhsullar – kənd təsərrüfatı malları və mədən sənayesi məhsulları – beynəlxalq
ticarətdə daha vacib rol oynayırdı. Cədvəl 2.2 1910-cu və 2015-ci illərdə Birləşmiş Krallıq və
Amerika Birləşmiş Ştatlarının ixrac və idxalında istehsal mallarının çəkisini göstərir. XX əsrin
əvvəllərində Britaniya istehsal malları ixrac etməsinə baxmayaraq, xammal idxal edirdi. Amerika
Birləşmiş Ştatları ticarətin hər iki tərəfində əsas məhsulların istehsal mallarından daha vacib
olduğu ticarət strukturundan istehsal mallarının hökmran olduğu bir struktura keçmişdir.
Son dəyişikliklərdən biri də üçüncü dünya ölkələri tərəfindən istehsal mallarının ixracının
artmasıdır. Üçüncü dünya və inkişaf etməkdə olan ölkələr terminləri kasıb ölkələrə,
əksəriyyəti İkinci Dünya müharibəsindən əvvəl Avropa ölkələrinin müstəmləkəsi olan ölkələrə
aid edilir. 1970-ci illərə qədərki yaxın dövrdə bu ölkələr, əsasən, əsas malların ixracatçıları idi. O
vaxtdan etibarən bu ölkələr sürətlə istehsal mallarının ixracına keçid etdilər. Şəkil 2.7-də 1960 –
2001-ci illərdə kənd təsərrüfatı malları və istehsal mallarının inkişaf etməkdə olan ölkələrin
ixracatında payını göstərir. Nisbi əhəmiyyət baxımından kökündən dəyişmə görünür. Məsələn,
ən böyük inkişaf etməkdə olan iqtisadiyyat və beynəlxalq ticarətin böyüyən gücü olan Çinin
ixracatının 90%-ni istehsal malları təşkil edir.
1.3.3. Xidmətlərin ofşorinqi
Hazırda beynəlxalq iqtisadiyyatın ən ciddi mübahisələrindən biri bəzi iqtisadi funksiyaların uzaq
məsafədən həyata keçirilməsinə imkan verən müasir informasiya texnologiyalarının beynəlxalq
ticarətin yeni formalarının ciddi artımına səbəb olub-olmayacağı ilə bağlıdır. Nümunə olaraq
sizin sorğunuza cavab verən şəxsin sizdən 8,000 mil uzaqda olduğu zəng mərkəzlərini qeyd
etdik. Bir sıra digər xidmətlər də ucqar məntəqələrdən yerinə yetirilə bilər. Əvvəl ölkə daxilində
göstərilmiş hər hansı bir xidmət xarici məkandan göstərildikdə bu xidmətlərin ofşorinqi (bəzən
xidmətlərin autsorsinqi adlandırılır) hesab edilir. Bundan başqa, şirkətlər bu xidmətləri həyata
keçirmək üçün xarici ölkədə törəmə şirkət açmağı (və çoxmilli şirkət kimi fəaliyyət göstərməyi)
və ya bu xidmətləri başqa bir şirkətə autsorsinq etməklə bağlı qərar verməlidirlər. 8-ci fəsildə
şirkətlərin bu vacib qərarları necə verdiklərini daha ətraflı təsvir edəcəyik.

Məşhur “Foreign Affairs” jurnalında 2006-cı ildə nəşr edilmiş məqalədə Prinston Universitetinin
iqtisadçısı Alan Blinder belə hesab edirdi ki:
“Gələcəkdə və böyük mənada hazırda beynəlxalq ticarətin əsas fərqi qutuya
yerləşdirilə bilən və yerləşdirilə bilməyən şeylər arasında olmayacaq. Əksinə,
fərq uzaq məsafələrdən elektron şəkildə keyfiyyətə heç bir zərər vurmadan və ya
az zərər vuraraq çatdırıla bilən xidmətlərlə çatdırıla bilinməyən xidmətlər
arasında olacaq”
Məsələn, sizin yerli ərzaq mağazanızda rəfləri qaydasına salan işçinin iş yerində olması vacib
olduğu halda, mağazanızın mühasibatlıq işlərini həyata keçirən mühasib hər hansı digər bir
ölkədə ola bilər və sizinlə İnternet vasitəsilə əlaqə saxlaya bilər. Sizin nəbzinizi yoxlayan tibb
bacısı yaxınlıqda olduğu halda, sizin rentgen nəticələrini təhlil edən radioloq (rentgenoloq) bu
nəticələr elektron formada yüksək sürətli İnternetin olduğu istənilən yerdə əldə edə bilər.
Bu mərhələdə autsorsinq hələ də çox geniş yayılmaması səbəbindən böyük diqqət cəlb edir. Sual
ondan ibarətdir ki, autsorsinq nə qədər böyüyə bilər və hazırda heç bir beynəlxalq rəqabətlə
üzləşməyən neçə işçi gələcəkdə bu dəyişikliklərlə qarşılaşa bilər. Bu suala cavab vermək üçün
yollardan biri olaraq iqtisadçılar Amerika Birləşmiş Ştatlarında hansı xidmətlərin uzaq
məsafədən göstərildiyinə diqqət yetirmişlər. Məsələn, ölkədə maliyyə xidmətlərinin əksər hissəsi
ölkənin maliyyə paytaxtı olan Nyu-Yorkdan göstərilmişdir; ölkənin proqram təminatı, əsasən,
Maykrosoft şirkətinin vətəni olan Sietldə həyata keçirilir; Amerikanın (və dünyanın) İnternet
axtarış xidmətləri Kaliforniyada Mauntin Vyuda (Mountain View) Quqlpleksdən (Googleplex)
göstərilmişdir və s.

Şəkil 2.8-də Amerika Birləşmiş Ştatlarında iqtisadi sahələrin yerləşməsi üzrə məlumatlardan
sistemli şəkildə istifadə edərək hansı xidmətlərin ticari olub-olmadığının araşdırıldığı bir
tədqiqatın nəticələrini əks etdirir.
Şəkildən göründüyü kimi, tədqiqatın nəticələrinə əsasən, ABŞ-da cəmi məşğulluğun 60%-i
müştəriyə yaxın işlərdən ibarətdir ki, bu da uzaqdan göstərilməsi mümkün olmayan qeyri-ticari
xidmətlərə aid edilir. Ticari fəaliyyətlərdə olan 40% məşğulluq istehsal işlərindən çox xidməti
əhatə edir. Bu o deməkdir ki, Şəkil 2.6- da göstərildiyi kimi, istehsalçıların beynəlxalq
ticarətdəki hazırkı üstünlüyü sadəcə müvəqqəti ola bilər. Uzunmüddətli dövrdə xidmətlərlə
ticarət (elektron şəkildə göstərilən) beynəlxalq ticarətin ən vacib elementinə çevrilə bilər. Bu
trendin ABŞ-da məşğulluğa təsirlərini 8-ci fəsildə ətraflı müzakirə edəcəyik.

You might also like