You are on page 1of 10

ANTİK YUNAN FACİƏSİ.

ESXİL

Yunan dramaturgiyasının ilk böyük sənətkarı Esxildir. Onun həyatı və


yaradıcılığı Afina, eləcə də bütün yunan tarixinin mühüm ictimai dəyişiklərlə dolu
olan bir dövrünə təsadüf edir. Esxil bütün bu hadisələrə biganə qalmamış, hər şeyi
həssaslıqla qələmə almışdır. O, 525 – ci ildə Afina yaxınlığında Elevsin qəsəbəsində
anadan olmuşdur. Atası Evforion zadəgan nəslinə mənsub olub. Əfsanəyə görə Dionis
bağda yatmış Esxilin yuxusuna girərək onu faciə yazmağa həvəsləndirmişdir. Esxil 90
– a qədər faciə yazmışdır. Ədib 456 – cı ildə Gelə şəhərində vəfat etmişdir. Onun
ədəbi irsindən dövrümüzə 7 faciə gəlib çatmışdır. “Xahiş edənlər”, “İranlılar”, “Fiv
əleyhinə yeddi sərkərdə”, “Zəncirlənmiş Prometey”, “Aqamemnon”, “Xeoforlar”,
“Evmenidlər”. Son üç əsər “Oresteya” trilogiyasını təşkil edir. Qeyd edək ki, qədim
yunan faciəsi ilk şəklini şərab allahı Dionisin şərəfinə təşkil olunmuş mərasim
bayramlarından alnışdır. Qədim yunan təsəvvürlərinə görə satirlər olmuşdur ki, adam
bədənli, at quyruqlu, keçi ayaqlı, keçibuynuz varlıqlar idi. Rəvayətə görə, ildə üç dəfə
dionis yerə gəlmiş başına müxtəlif macəralar gəlmişdir. Ənənəyə görə mərasimlərdə
keçi qurbanları kəsilmiş, insanlar onların dərisini başlarına salaraq satirlər rolunda
çıxış etmişlər. Tragediya sözü də buradan yaranmışdır. Traqos yunanca keçi, oda isə
nəğmə deməkdir. Traqosoda keçi nəğməsi deməkdir. Antik dövr alimləri bu ifadəyə
başqa mənalar da vermişlər. Lakin tragediya sözünün lüğəti mənası keçi nəğməsi
deməkdir. Bu nəğmələr ilk dəfə öz xoru ilə Tepsis tərəfindən oxunmuşdur. Öz
dövrünün qabacıl sənətkarlarından olan Esxil də bir sıra ictimai, dini, əxlaqi
məsələləri nəzərə alaraq öz faciələrini yüksək səviyyədə yaratmışdır. Müəllif yunan
ədəbiyyatının zəngin mənbələrindən istifadə edərək onları dövrünün ictimai
problemləri ilə müqayisə etmiş, dövrünün tələbləri ilə səsləşən, aktual əhəmiyyət kəsb
edən faciələr qələmə almışdır. Esxilin “Xahiş edənlər” və “İranlılar” əsərindəki
hadisələr mərasimlə bağlıdır. Bu əsərlərdə xor üstünlük təşkil edir. Ədibin
yaradıcılığının ilk mərhələsi üçün xarakterik əsərlərdən biri “Xahiş edənlər”
(“Yalvaranlar”) faciəsidir. Əsərin mövzusu əsatirdən götürülmüşdür. Əsatir belədir:
Misir hökmdarı Belin Danay və Egipt adlarına iki oğlu olmuşdur. Egiptin 50 oğlu,
Danayın isə 50 qızı olur. Bel öldükdən sonra hakimiyyət məsələləri uğrunda
mübahisə başlayır. Danay Egiptin oğlanlarından qorxaraq 50 avarlı gəmi düzəltdirir
və qızlarını vətəndən qaçırır. Gəmi Arqos sahillərinə yanaşır. Arqos hakimi Pelasq öz
hakimiyyətini Danaya verir. Əsərdəki hadisələr Arqos sahillərində başlayır.
Tədqiqatlara görə, “İranlılar” əslində trilogiya olmuş, ancaq ikinci və üçüncü hissələr
itib-batmışdır. Esxilin “İranlılar” əsəri ümumi əsatiri xətdən kənara çıxır. Müəllif
Frinixin “Finikiya qadınları” faciəsindən sonra İran-yunan müharibələrindən
götürdüyü “İranlılar” əsərini səhnəyə qoyur. İranlılar üzərində qələbə Yunanıstanda
ümumi milli qürur əhval-ruhiyyəsi yaratmışdı. Təəssüf ki, trilogiyanın “Finey” və
“Qlavk” adlanan hissələri itmiş, yalnız ikinci hissə “İranlılar” qalmışdır. Əhvalat
İranın mərkəzi olan Süzada başlayır. Dramaturq xüsusi bir sənətkarlıqla hadisələri
düşmən sarayında verərək düşməndə dərin ruhi peşmançılıq hissini təsvir etmişdir.
Düşmən tərəf özü özünü ifşa edir. Zü başa düşür ki, “ölüm sünbülü təkəbbürddən
doğur.Buradan ancaq göz yaşı biçmək olar”. Nəticə etibarilə əsər bütövlükdə
Yunanıstanın mədhinə çevrilir. Qeyd edək ki, əsərdə obrazlar hələ dramatik xarakter
səviyyəsinə qalxmamışdır. İranlılar əsərində Esxil ədalətsiz müharibəni, işğalçılıq
siyasətini tənqid etməklə bərabər, ümumsülh, xalqların asayiş içində yaşaması
tərəfdarı kimi meydana çıxır. Vətənpərvərlik ideyaları Esxilin Fivan hadisələrinə həsr
edilmiş trilogiyasında da əsas yer tutur. “Lay”, “Edip”, “Fiv əleyhinə yeddi sərkərdə”
adlı hissələrdən ibarət olan trilogiyadan yalnız üçüncü hissə qalmışdır. Faciənin
qəhrəmanı Eteok vətən müdafiəçisi, xalq qəhrəmanı, iradəli sərkərdə, vətən üçün
ölümdən qorxmayan, qardaşına belə əl qaldıran sərt bir qəhrəmandır. Eteokl bildirir
ki, əgər qardaş vətən üstünə qoşun yeridirsə, o xaindir. Mərhəmət etmək olmaz.
Faciənin proloqunda Eteoklun Fiv şəhərinin müdafiəsi ilə məşğul olması təsvir edilir.
Qeyd edək ki, faciə quruluş etibarilə bəsitdir. “Xahiş edənlər” və “İranlılar” əsərlərini
yada salır. “Zəncirlənmiş Prometey” faciəsi Esxil dramaturgiyasında yeni bir mərhələ
təşkil edir. İstər əsərin mövzusu, istərsə də dramaturji quruluşu həm müasirlərini,həm
də sonrakı dövrün qabaqcıl yazıçılarını heyran etmiş, bir çox nəzirələrin, təqlidlərin
mənbəyi olmuşdur. Ümumiyyətlə, Prometey haqqında nəcib fəlsəfi əsatir Esxilə qədər
yunan ədəbiyyatında işlənsə də, Esxil əsəri qədər dünya ədəbiyyatına səs sala
bilməmişdir və Prometeylə bağlı işlənən bütün əsərləri kölgədə qoymuşdur. Əsərdə 3
əsas cəhət diqqəti cəlb edir: 1) Prometey göylərdən odu oğurlayıb oddan məhrum olan
insanlara verməklə insanları köçəri həyatdan oturaq həyata keçırır. Insan mədəni
həyata qədəm qoyur. Prometeyin bu hərəkəti mədəniyyətn başlanğıcı demək idi. 2)
Zevs, yəni allah məhfumu ilə mübarizə. Zevs insanları idrakdan, mühakimədən,
yaradıcılığ təxəyyülündən məhrum etdiyi halda, Prometey bu qabiliyyətləri onlara
qaytarır və insanlar şüur sahibi olurlar.3) Başqalarının, daha doğrusu, xalqın səadəti
uğrunda mübarizə aparmaq, ümumi mənafeyi şəxsi mənafedən üstün tutmaq. Esxilə
görə Prometey yer ilahəsi Femidanın oğludur. İnsanlara yardım etdiyi üçün Zevs
Proeteyi uca dağ başında zəncirlədir. Esxilin “Zəncirlənmiş Prometey” əsəri də
əsatirin bu yerindən başlayır. Trilogiyanın “Od gətirən Prometey” hissəsində odu
gətirməklə bağlı verilən məsələləsr bizə məlum deyil. Son hissə hesab edilən “Azad
edilmiş Prometey”dən ancaq müəyyən hissələr qalmış, onun necə, nə şəkildə azad
edildiyi isə məlum deyil. Ancaq Prometey azad edileceyini belə işarə edir. O, 30 min
ildən sonra Zevs ilə İo nəslindən dünyaya gələn bir qəhrəman tərəfindən azad
ediləcəyini xəbər verir. Eyni zamanda məlum olur ki, Zevsin allahlıq taxtından
düşməsinin də səbəbi Prometeydir. Əsərdə Prometey faciə qəhrəmabıdır. Onun
sanballı xarakteri faciənin ruhunu təşkil edir. Əsərdə Prometey o qədər aydın, qabarıq
və sanballı verilmişdir ki, bütün allahlar onun qarşısında solğun görünürlər. Prometey
səhnə və ədəbiyyat tarixində konkret müsbət obraz kimi qüvvətli təsirə malik
olmuşdur. Bu cəhət Esxilin sənətkarlıq məharətini göstərir. Dramaturqun bir məharəti
də ondan ibarətdir ki, o, Prometeyi əhatə edən personajların hər birini aydın insani
səciyyələrlə canlandıraraq əsas obraza ictimai mühit vermişdir. “Zəncirlənmiş
Prometey” faciəsi öz dövründə mütərəqqi ideyalı bir əsər kimi mühüm rol oynamış və
Avropa şairlərinə ilham vermişdir. Belə ki, bu obrazın bilavasitə təsiri altıında V.
Höte “Prometey” adlı üsyankar poemasını, Bayron “Prometey”, Şelli “Azad edilmiş
Prometey” əsərlərini qələmə almışlar. Esxilin “Oresteya” trilogiyası əslində
tetralogiya olmuş, bir hissə itmişdir. Itən hissə “Protey” adlanır. Qalan əsərlər
trilogiya təşkil edir. “Oresteya” trilogiyası Esxilin dramaturji sənətkarlığının ən
mükəmməl nümunəsidir. Trilogiyanın birinci hissəsi “Aqamemnon” şad bir xəbərlə
başlayır. Müharibənin bitməsi müjdəsi verilir. İkinci hissə “Xeoforlar”
Aqamemnonun ölümündən bir il sonra əhvalatları versə də, 1ci hissənin bilavasitə
davamıdır. “Xeofor” qəbir üzərində ehsan verən qızlar deməkdir. Əsərdə Elektra,
Dayə, Pilad obrazları tam insan xasiyyətləri ilə səciyyələnmiş aydın obrazlardır. 3cü
hissə “Evmenidlər” şəfqət allahları deməkdir. “Oresteya” trilogiyasını yartdığı illərdə
demokratiya başçıları ilə dramaturq arasında münasibət gərginləşir və nəhayət, Esxil
e.ə. 458-ci ildə Afinanı tərk etməyə məcbur olur. Qeyd edək ki, Esxil əsərlərində
özünü göstərən dolğun ideyalılıq, onların ifadə vasitələrinin mürəkkəbliyini tələb
edirdi. Vətənpərvərlik, qüvvətli şəxsiyyətin xalqa arxalanaraq ümumi mənafeyə
xidməti, ata hüququ və ana hüququ, yeni mədəniyyət uğrunda mübarizə Esxilin
faciələri üçün əsas meyardır. Ümumiyyətlə, dramaturqun əsərlərində qoyulmuş
ictimai problemlər antik dövrə nəzərən yüksək səviyyədə öz həllini tapmışdır.

SOFOKLUN HƏYATI VƏ YARADICILIĞI

Yunan dramaturgiyasının ikinci böyük nümayəndəsi Sofokl olmuşdur. Sofokl


e.ə. 596-cı ildə Afina yaxınlığında Kolonda anadan olmuşdur. Varlı bir ailədən
olduğu üçün yaxşı təhsil almış və o dövr üçün mühüm olan musiqi sənətinə də
yiyələnmişdir. Sofokl dramaturgiya sahəsinə yeniliklər gətirmiş: xoru ixtisar etmiş;
aktyorların əhəmiyyətini artırmış; mükəmməl bədii kompozisiya yaratmışdır. Onun
123 əsəri olduğunu deyirlər. Bunlrdan dövrümüzə tam şəkildə 7 pyes çatmışdır: Tiran,
Edip, Edip Kolonda,Antiqona, Elektra, Ayaks, Filoktet, Traxinya qadınları. Sonralar
İz izləyənlər və Proqona adlı əsərlərdən parçalar tapılmışdır. Qeyd edək ki, Sofokl
kompozisiya baxımından Esxildən çox-çox irəli getmişdir. Sofoklun yaratdığı
xarakterlər nə qədər mürəkkəb, kompozisiyalar nə qədər dolaşıq olsa da faciələri
əsasən təbii və sadədir. İnsanın böyüklüyünü, onun əqli və əxlaqi qüvvəsini tərənnüm
edən Sofokl eyni zamanda onun bacarıq və imkanlarını, iradəsinin də müəyyən
fövqəltəbii qüvvələrdən asılı olduğuna inanırdı. “Tiran Edip” əsərində bu ideya öz
əksini tapmışdı. Fəlsəfi görüşləri etibarilə Sofokl daha mühafizəkar və idealist idi.
Edip, Antiqona, Filoktet obrazları dünya ədəbiyyatında dərin izlər buraxaraq silsilə
təqlidlərə səbəb olmuşdur. Bu obrazlar Esxilin obrazlarından fərqlənirdi. Belə ki,
Sofoklun yaratdığı obrazların duyğuları real səbəblərdən doğurdu. Sofoklun obrazları
arzuladığı real obrazlardır. Aristotelin rəvayətinə görə sofokl demişdir: “Mən
insanları, olmasını lazım gördüyüm kimi yaradıramsa, Evripid həqiqətdə olan kimi
yaradır”. Sofokl həmçinin müsbət silsilə qadın obrazarı yaratmışdır. Bunların bir
qismi mübariz qadınlardır. Məs. Antiqona, Elektra. İkinci qismi öz arzuları uğrunda
dərin iztirab çəkən qadınlardır. Deyanira və Tekmessa buna misaldır. Üçüncü qism isə
o zamankı yunan qadınlarının hüquqsuz vəziyyətini əks etdirən qadınlardır. Məs.
İsmena, Xrisotemida. Beləliklə, Sofokl böyük bir silsilə xarakterlər yaratmış, onların
zəngin mənəvi həyatını Esxilə nisbətən daha təfərrüatla təsvir etmişlər. Bununla
bərabər sofokl üçüncü aktyoru səhnəyə gətirməklə bir növ əsərdə obrazların
tənasübünü də dəyişdirmişdir. Edip haqqında əsatir yunan əsatirinin bir silsiləsi olaraq
xalq yaradıcılığının məhsuludur. Sofokl “Edip Kolonda” əsərində insan taleyi
haqqındakı bədbin fikirlərini müəyyən qədər yumşaltmaq istəmişdir. Əsərin
məzmununu Edipin ölümü haqqındakı əsatir təşkil edir. Edip kor olduqdan sonra yenə
sarayda qalır. Ancaq əhali onun Fiv şəhərində qalmasından narahatdır. Allahların
qəzəbinə düçar olmasınlar deyə onun şəhərdən sürgün edilməsini tələb edirlər. Eteokl
və Polinik özləri şəhərə hakim olmaq üçün atalarını sürgün etdirirlər. Qoca Edip qızı
Antiqona ilə şəhəri tərk edərək Kolona yola düşürlər. Onlar Afinaya gəlib çıxırlar.
Afina yaxınlığında dəfnə ağaclarından ibarət meşəlik görünür. Edip ağacın kölgəsində
oturub dincələrkən Antiqona yoldan keçən bir nəfərdən buranın hara olduğunu
soruşur. Həmin şəxs ərazinin Kolon olduğunu söyləyir. Əhali buraya qərib birnin
gəlməsindən xəbər tutur. Lakin onun Edip olduğunu öyrəndiklərində isə dəhşətə
gəlirlər. Onlar Edipi və Antiqonanı qovmaq istəyirlər. Ancaq Edip xahiş edir ki,
Tezey gələnə qədər onları qovmasınlar. Edipin necə ölduyu, onun harada dəfn edildiyi
barədə məlumat yoxdur. “Tiran Edip”in bilavasitə davamı olan “Edip Kolonda”
faciəsi Edip haqqında əsatirdən götürülmüşdür. Sofokl bu əsəri ömrünün sonlarında
yazmış, e.ə. 406 – cı ildə tamaşaya qoyulmuşdur. Edipin ölümündən, Eteokl və
Polinikin bir-birlərini öldürməsindən sonra baş verən hadisələr “Antiqona” əsərinin
mövzusunu təşkil edir. Sofoklun faciələri içərisində ən çox tamaşaya qoyulan, mənaca
bütün dövrlər üçün anlaşıqlı olan. ədəbiyyatşünaslar arasında ciddi mübahisəyə səbəb
olan əsəri “Antiqona”dır. “Antiqona” həm ideyaca dolğun həm də ifadə vasitələri
etibarilə zəngindir. Əsərdə Antiqona və bacısı İsmena obrazları müqayisə edilir.
Faciədə Antiqona atasından əl çəkmir. Burada övlad məhəbbəti yüksək sənətkarlıqla
verilmişdir. İsmena isə atasını sevsə də dayısı Kreontun təhdidlərinə uyur. Heç bir
ağıllı məsləhətə qulaq asmayan, mərhəmətə gəlməyən Kreont yalnız taxtını itirmək
qorxusu altında sarsılır. Əsərin eksod hissəsində öz qərarında axıra qədər möhkəm
dayanan Antiqona özünü öldürür. Əsərin gedişatından belə bir nəticəyə gəlmək olar
ki, dramaturqun özü Antiqonaya rəğbət bəsləyir. Sofoklun məqsədi Antiqonanı
oxucuya sevdirmək olmuşdur. Rəvayətə görə Sofokl nə Antiqonanı, nə də Kreontu
haqlı görür. Edip üçün təşkil olunan matəm və ağı əsərin sonluğunda bütün əhvalatı
yekunlaşdırır. “Elektra” əsəri e.ə. 419 – 415 –ci illər arasında yazılmışdır. Bu faciə ilə
Esxilin “Xeoforlar” əsəri arasında oxşar və fərqli cəhətlər var. Fərq ondadır ki, bu
əsərdə qəhrəman Orest deyil, Elektradır. Elektranın çəkdiyi iztirab faciənin
mərkəzində dayanır.Elektra Esxilin əsərində yalnız göz yaşı tökən bir qız kimi
verilmişdir. Sofklda isə intiqam almaq üçün fəal bir obraza çevrilir. Elektranın bacısı
Xrisotemida və anası Klitemnestra ilə olan danışığı Antiqona ilə İsmena arasında olan
dialoqu xatırladır. Elektra ilə anası arasında olan dialoq Klitemnestranın iç üzünü açır.
Qadının öz heyat yoldaşının qatili olduğu ortaya çıxır. Məlum olur ki, cinayət üstündə
qurulan ailə xoşbəxt ola bilməz. “Filoktet” əsərinin mövzusu Troya əsatirlər
silsiləsindən götürülmüşdür. Sofokl bu mövzunu özünəməxsus sənətkarlıqla işləmiş,
hiyləgərliklə doğruluğu qarşı-qarşıya qoymuşdur. “iliada”nın 2ci nəğməsində Filoktet
haqqında məlumata rast gəlirik. Sofokl bu mövzunu özünəmsus şəkildə işləmiş, insan
haqqında dərin psixiloji nəticələr çıxarmışdır. “Ayaks” faciəsinin də mövzusu Troya
əsatirlər silsiləsindən götürülmüşdür. “İliada” dastanında ayaks Axillesdən sonra
ikinci qəhrəmandır. “Filoktet”də olduğu kimi burada da hiyləgər Odisseylə qəhrəman,
məğrur Ayaks qarşı-qarşıya qoyulmuşdur. Sofokl Ayaksı qorxmaz, məğlubedilməz
bir qəhrəman kimi təsvir etmişdir. “Traxinya qadınları”nın mövzusu Herakl ilə bağlı
əsatirlər silsiləsindən götürülmüşdür. Faciənin süjeti ərin öz həyat yoldaşı tərəfindən
öldürülməsi üzərində qurulmuşdur. Bu cəhətdən faciə Esxilin “Aqamemnon” əsərini
yada salır. Hər iki əsərdə ərin öldürülməsi qısqanclığın nəticəsi kimi təsvir edilmişdir.

EVRİPİDİN HƏYATI VƏ YARADICILIĞI

Yunan dramaturgiyasının üçüncü böyük şəxsiyyəti Evripiddir (e.ə. 480-406).


Rəvayətə görə atası miesarxid kiçik alverçi, anası isə göyərtisatan imiş. Müasirlərinin
yazdığına görə o, öz əsərlərinə qarşı həddindən artıq tələbkar olmuş, faciələrində
ümumiyyətlə artıq söz işlətməmişdir. Evripid şəxsi həyatda da xoşbəxt olmamışdır.
Ədibin ilk əsəri təxminən e.ə. 455-ci ildə tamaşaya qoyulmuşdur. 50 il sürən ədəbi
fəaliyyətində o, 92, yaxud 98 əsər yazmışdır ki, bunun dövrümüzə yalnız 19-u gəlib
çatmışdır. Bu 19 əsərdən “Res”in Evripidə aid olub-olmaması şübhəlidir. Evripiddən
tam şəkildə qalan əsərlər bunlardır: “Alkesta” (438), “Andromaxa” (421),
“Vakxankalar” (405), “Kekubə”(421), “Heraklidlər” (421), “Herakl”(421), “Elena”
(412), “İppolit”(428), “İfigeniya Avliddə”(405), “İfigeniya Tavriddə”(412),
“İon”(415), “Siklon”, “Medeya”(431), “Orest”(408), “Xahiş edənlər”(421), “Troya
qadınları”(415), “Finikiya qadınları” (408), “Elektra”(418). Bu əsərlərdə Evripid
demək olar ki, bütün əsatirlər silsiləsini əhatə etmişdir. Ahıl yaşlarında Evripid
Makedoniya hokmdarı Arxelayın dəvətilə onun sarayına gəlmiş, burada hörmətlə
qarşılanmışdır. O, öz məsləhətləri ilə hökmdara kömək etmişdir. Rəvayətə görə onun
ölüm xəbəri gələrkən Sofokl səhnəyə çıxmiş, ədibin ölüm xəbərini verərək tamaşanı
yarımçıq kəsmişdir. Qeyd edək ki, Evripid öz yaradıcılığı ilə yunan faciəsinə yekun
vurur. O, bir tərəfdən Esxil və sofoklun dramaturji irsində bəyəndiyi cəhətləri
saxlayırsa, ikinci tərəfdən öz yaradıcılıq təbiətinə uyğun olaraq yeni üsullardan
istifadə edir. Əsərlərindən məlum olur ki, Evripid Afina demokratiyasına ikili
münasibət bəsləmişdir. Evripidin dövlət xadimləri ilə bağlı maraqlı fikirləri də
olmuşdu. Evripidə görə dövləti gözəl nitqlər söyləyən natiqlər deyil, nəzəri və praktiki
hazırlıqları ilə özlərinin işdə müdrik, namuslu, sədaqətli olduqlarını isbat edən
adamlar idarə etməlidir. Yalnız belə insanlar hər hərəkətlərində xalqın müqəddaratını
əsas meyar kimi götürərlər. Siasi görüşləri kimi Evripidin fəlsəfi görüşləri də ardıcıl
olmamış, müəyyən bir fəlsəfi sistem şəklinə düşməmişdir. Rəvayətə görə Evripid
anaqsaqordan dərs almış, Sokrarın dostu olmuşdur. Evripid falı, qəzavü-qədəri
tamamilə inkar etmişdir. ədibin əsərləri fəlsəfi mühakimələrlə doludur. Lakin bu
fikirlərin hansı dramaturqa aid olub-olmamasını təyin etmək çətindir. Dramaturq
məsələlərə münasibətini gizlədir. Qoyulan suallara aydın cavab vermir. Daha çox fərd
və ailə əxlaqı üzərində dayanır. Mənsəbpərəstliyi xəstəlik adlandırır. Qeyd edək ki,
Evripid müsbət obrazlardan çox mənfi obrazlar ustadı olmuşdur. Evripid klassik
dramaturgiyanın ənənlərindən uzaqlaşıb tamamilə realist bir dramaturgiya
yaratmışdır. Əslində, Evripid dramaturgiyası iki xətt üzrə inkişaf etmişdir. O
xətlərdən biri klassik dramaturgiya xətti idi ki, bunu Evripid bəzi cəsarətli islahatlarla
zirvəyə gətirib çıxarır. Ikincisi, real hadisələr ilə bağlı məişət dramasına yaxın xətt idi
ki, gələcək yunan dramaturgiyasının istiqamətini müəyyənləşdirirdi. Onu da qeyd
etmək lazımdır ki, Evripid bir sıra ədiblər tərəfindən tənqid olunmuşdur. Bunlardan
biri də Aristofan olmuşdur. Daha dəqiq desək, bir sıra ədiblər Esxil və Sofoklun
yaradıcılığına bələd olduqdan sonra Evripidin dramaturgiyasında özünü göstərən
yenilikləri qəbul etmirdilər. Aristotel isə Eripid yaradıcılığını daha çox bəyənmiş, onu
“şairlər içərisində ən çox tragik” adlandırmışdır. Qeyd edək ki, kompozisiya
qurmaqda Evripidin xüsusi üsulları var. Esxil və sofoklla müqayisədə Evripidin
əsərlərində mübarizə xətti daha dolaşıq, intriqa daha mürəkkəbdir. Ədibin ən qüdrətli
və səciyyəvi əsərlərindən biri “Medeya”dır. Faciənin mövzusu Arqonavtlar əsatiri
silsiləsindən götürülmüşdür. Əsəri başa düşmək üçün əsatirin başlanğıcı ilə tanış
olmaq lazımdır.Əsərin baş qəhrəmanı Medeyadır. Medeya qısqanclığın tələb etdiyi
intiqam hissi ilə, eyni zamanda qadın əsarətinə qarşı çıxışı ilə əsatirdəki özünəxas
cəhətləri saxlamışdır. Hətta dramaturq Medeya ilə təssüf edir ki, insanları tanımaq
çətindir. Medeya həyat yoldaşı Yason ilə açıq danışsa da mübarizəni gizli yollarla
aparır. Medeyanın cəzası hər kəsi şaşırdır. Əsərin sonunda Yason yurd-yuvasız qalır.
Medeya kimi mərd, ağıllı bir qadını dramaturq eybəcər bir ictimai mühitə salmışdır.
Evripid yaşadığı dövrdə qadınların vəziyyəti məhz bu cürdü. Beləliklə, Medeya ilə
Yason bir oxun ayrı-ayrı qütbündə dayansalar da, hər ikisi mənfi keyfiyyətli olaraq
müəyyən ictimai şəraitin ovladlarıdır. “İppolit” faciəsi eşq ilahəsi Afroditanın çıxışı
ilə başlayır. Tezeyin oğlu İppolit anası Antiopa öldükdən sonra babası Pitfeyin
yanında yaşayıb tərbiyə alır. Ippolit gözəllik lahəsi Afroditanın qəzəbinə səbəb olur.
Çünki gənc İppolit Afroditaya hörmət qoymamışdır. İppolit yunan ədəbiyyatında
orijinal bir surətdir. Mücərrəd, fəlsəfi obraz kimi özünü göstərən İppolitə qarşı Fedra
surəti daha canlı, daha həyatidir. Sofoklun “Edip Kolonda”, Evripidin “Xahiş edənlər”
faciələrində Tezey hər şeydən əvvəl bir dövlət xadimi idi. “İppolit” faciəsində isə
əsatiri Tezeydən yalnız onun adı qalmışdır. Burada Tezey hiylə əsiri olur və əsl
həqiqəti görə bilmir. Qeyd edək ki, Evripidin rəğbət hissi qazanmış qadın
surətlərindən biri Alkestadır. Əsər tetralogiyanın 4cü hissəsi kimi tamaşaya
qoyulmuşdur. Bəzi dillərə tərcümədə onu sadəcə dram adlandırmışlar. Çünki əsər
qəhrəmanın ölümü ilə başlayırsa, onun Herakl tətəfindən ölümün pəncəsindən xilas
edilməsi ilə bitir. Həyat yoldaşı Admet əsərdə qonaqpərvər bir obraz kimi verilmişdir.
Əsərdə adi insanlarla yanaşı allahlar da iştirak edir. Evripid qadın ruhunu yaxşı bilən,
qadını həm tünd, həm də açıq rənglərlə təsvir etməyi bacaran sənətkarlardandır.
Dramaturq yunan qadınının kölə vəziyyətinə göz yummamışdır. Şair Alkesta, Admet,
və Heraklın simasında dövrünün tipik, canlı surətlərini yaradaraq həyat fəlsəfəsini
onların vasitəsilə ifadə etmişdir. Evripidin bəzi faciələri siyasi təbliğ məqsədilə
yazılmışdır. “Heraklidlər” buna misaldır. Əsərdə Heraklın qızı Makariya könüllü
olaraq özünü allahlara qurban verir. “Andromaxa” faciəsinin mövzusu Troya
müharibələrindən götürülmüşdür. Əsər demək olar ki, spartalılar əleyhinə
çevrilmişdir. “İfigeniya Avliddə” əsərinin mövzusu “Kipriya” dastanından
götürülmüşdür. Əsərdə Troya əleyhinə müharibəyə hazırlaşan yunan qəbilələrindən
bəhs edilir. “İfigeniya Tavriddə” əsəri mövzuca onun davamıdır. Artemida tərəfindən
mehrabda yandırılmaqdan xilas edilən və Tavridə (Krım) gətirilən İfigeniya yerli
məbəddə kahin olur. Orest də buraya gəlir və o, bacısını tanıyır. Orest dostu Pilad ilə
bacısı İfigeniyanı Tavriddən qaçırır. Evripidin qələmə aldığı mövzulardan bəziləri
özünəməxsus yeni üsulla işlənmiş, onlara yeni məna vermişdir. “İon” öz süjeti ilə
Evripidin və onun sələflərinin əsərlərindən fərqlənir. Ümumiyyətlə, yunan əsatirində
tez-tez təsadüf edilən ana tərəfindən atılmış və başqalarının tapdığı körpə uşaqların
macərası yalnız Evripidin diqqətini cəlb etmişdir. İlk dəfə bu mövzunu işləyən
Evripiddir. “İon” da bu mövzuya həsr edilmişdir. əsərdə dramaturq müasir cəmiyyəti,
müasir insanı təsvir etmişdir.

You might also like