You are on page 1of 10

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Hüquq fakültəsi
Sərbəst iş №2

Ad və soyad: Hacıxanlı Leyla

İxtisas: Hüquq

Qrup: 1331

Kurs: 1 kurs

Fənn: ADİAK

Mövzü: Monoloji nitqin növləri.


Yunan mənşəli olan monoloq (monos bir, logos nitq) bir
insanın, şəxsin və ya adamın nitqi deməkdir. Monoloji nitq
struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və
ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada
danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur.
Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən
(təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə
etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu,
təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan
deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini,
xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya
müraciət formasını, dil materiallarını seçir, müsahibinin
(müsahiblərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə
təsir edəcəyini təsəvvüründə canlandırır.
Monoloji dialoqun iştirakçıları haqqında söhbət gedən
hadisəni, şəxsi və ya hər hansı əşyanı bütün təfərrüatı ilə
söyləyir, onlara öz mənfi və ya müsbət münasibətini bildirir,
haqqında danışılan şəxsi, əşya və ya hadisəni öz müsahibinə,
qulaq asanlara müxtəlif sübut və dəlillərlə çatdırırlar.
Müasir elmdə monoloji nitqə diskurs şəklində baxılır, bu
zaman danışanın əhəmiyyəti bir şəxs üçün təsbit edilmişdir,
sosial kontekstə daxil edilmiş linqvistik fəaliyyət prosesinin
dinamikası kimi. Linqvistik fəaliyyətin nəticəsi olaraq mətn
çıxış edir.
Monoloqun iki əsas növünü ayırmaq adətdir.
1. Məqsədli, şüurlu ünsiyyət və dinləyiciyə müraciət prosesi
olan monoloq nitq əsasən kitab nitqinin şifahi formasında
istifadə olunur: elmi şifahi (məsələn, məruzə və ya
maarifləndirici mühazirə), şifahi ictimai və məhkəmə nitqi. Ən
çox inkişaf edən bədii nitqdə monoloq idi.
2. Özü ilə təkbaşına, yəni birbaşa dinləyiciyə deyil, özünə
yönəlmiş nitq kimi monoloq. Bu cür nitq “daxili monoloq”
adlanır. Bu və ya digər şəxsdən cavab almaq üçün nəzərdə
tutulmayıb.
Nitqin iki formasi var:
 Təşkil olunmuş;
 Spontan.
Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə tutulur.
Adından məlum olduğu kimi, əvvəlcədən planlaşdırılmış,
nəzərdə tutulmuş nitqdir. Bu nitq üçün hazırlaşmaq, plan
tutmaq, ədəbiyyat oxumaq, mövzunun əhatə edilməsi, fikrin
ardıcıllığına nail olmaq üçün qeydlər aparmaq, ifadə olunacaq
məzmunu dərk etmək, onun dinləyiciyə daha yaxşı çata bilməsi
üçün münasib sözlər seçmək, cümlələr qurmaq, müvafiq
söyləmə tərzi – intonasiyanı müəyyənləşdirmək və s. lazım gəlir.
Məlumatı səthi, lüğət ehtiyatı zəif olan adamlar qabaqcadan
hazırlaşmadan auditoriya qarşısında çıxış etməkdə, danışıq
prosesində qurmaq istədikləri cümlələri tamamlamaqda, zəruri
sayılan sözləri seçməkdə çətinlik çəkirlər. Bu zaman lüzumsuz
fasilələrə yol verilir. Belə fasilələrdən can qurtarmaq üçün
danışan çox zaman mətləbə heç bir dəxli olmayan tüfeyli söz və
ifadələr (məsələn, demək olar ki, deməli, əsasən, necə deyərlər,
zaddı, və s.) işlətməyə məcbur olur ki, bu da nitqin qırılmasına,
diqqətin yayınmasına səbəb olur. Natiq belə bir vəziyyətlə
qarşılaşmamaq üçün söyləyəcəyi fikri qeydlər şəklində yazıya
köçürməli, sonra onu şifahi şəkildə ifadə etməlidir.
Nitqin ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan,
bədahətən, sərbəst söylənilən nitqdir. Bu, danışıqda bir növ
improvizasiyadır. Bəzən belə iti, yeyin, tez, hazır, qabaqcadan
düşünülməmiş nitqə ekspromt da deyilir. Adamlar öz gündəlik
fəaliyyətində rəy söyləmək, məlumat vermək, münasibət
bildirmək, müəyyən məsələni izah etmək, aydınlaşdırmaq və s.
formalarda danışmağa cəlb olunurlar. Belə nitq təşkil olunmuş
nitqlə müqayisədə xeyli çətindir. Burada danışan ani vaxt
ərzində fikirlərini cəmləşdirməli, nədən danışacağını, nələri
qeyd edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür
əsaslandıracağını, həmin məzmunu vermək üçün hansı formanı
seçəcəyini, yəni nitqinə necə başlayacağını, fikrinin daha aydın,
daha təsirli olması üçün hansı söz və ifadələri, cümlələri
işlədəcəyini, nitqin intonasiyasını və s. özü üçün
müəyyənləşdirməlidir. Spontan nitqdə dil vahidləri, faktlar
sərbəst şəkildə, dilin təbii axını nəticəsində yaranır, onlardan ən
yararlısı, asanı işlənilir. Nitqin bu şəklində məzmun və forma,
demək olar ki, eyni zamanda, paralel şəkildə yaradılır. Spontan
nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü, zəngin
müşahidələri, təbiətinin coşqun və rəvanlığı, fikri istedadı və
hazırcavablığı böyük əhəmiyyət kəsb edir.
İnformasiya (məlumat) verən nitq məlumatlandırıcı nitqin
məqsədi-yenini dərk etmək və mənimsəməkdə kömək
göstərmək, fənn (yaxud obyekt) haqqında anlayış verməkdir.Bu
isə yalnız nitq aydın və maraqlı olduqda mümkündür. Nitqdə
nəqletmə,təsvir,mühakimə yürütmək, xüsusilə onun şərh kimi
növlərindən biri üstünlük təşkil edə bilər.

İnsan öz-özünə monoloq söyləməz, lakin səhnə adamlarının,


müəllimlərin, tələbələrin və başqa ixtisas sahiblərinin məşqi və
yaxud hər hansı bir çıxışa hazırlaşmaları (mühazirəyə, dərsə,
çıxışa) zamanı işlənə bilər.
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə
fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat,
çıxış, nitq və s.
Məruzə. Bir mövzu haqqında əvvəlcədən hazırlanıb
söylənilən nitqə deyilir. Məruzə ərəb mənşəli sözdür, bir şeyə
düçar olan, uğrayan, məruz qalan anlamındadır. Məruzə
müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin
yekunu ilə bağlı hesabat məruzəsi, yaranmış vəziyyət barədə
yüksək vəzifə sahibinin qarşısında məruzə, elmi-praktik
konfranslarda məruzə və s. mövzudan asılı olaraq məruzə qısa
və geniş ola bilər.
Məruzə giriş, əsas və nəticə olmaqla üç hissəyə bölünür.
Birinci hissədə bəhs açılan məsələnin əhəmiyyətindən,
aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün
hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir.
Məruzənin əsas hissəsində görülən işin məzmunundan bəhs
olunur, münasibət bildirilir. Sonda isə araşdırmalara yekun
vurulur, müvafiq təkliflər söylənilir. Məruzənin yüksək
səviyyədə hazırlanması üçün birinci növbədə onun əhatə edəcəyi
mövzunun həcmi, sərhədi, mövzuya aid ədəbiyyat (eləcə də
digər mənbələr) müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında
məruzənin mətni hazırlanmalı, oradan irəli gələn ideyalar
formalaşdırılmalıdır. Məruzə oxunduqdan sonra dinləyicilərin
tənqidi qeydləri, sualları və təklifləri əsasında məruzə mətnində
düzəlişlər aparılmalıdır.
Məruzənin üç növü qeyd olunur:
 Hesabat məruzəsi
 Elmi məruzə
 Siyasi məruzə
Elmi məruzə bir sıra informasiya çatdırmaq məqsədi daşıyan
bir sənəddir. Bu məlumatlar, adından göründüyü kimi, elmlə
bağlı mövzuya aiddir. Beləliklə, bu cür məruzə elmi
məlumatların üçüncü tərəflərə ötürülməsinə, eləcə də bilik və
elmin inkişafına kömək etməyə yönəldilmişdir. Elmi məruzədə
araşdırma nəticəsində əldə edilən məlumatları ifadə etməyə cəhd
edilir. Adətən akademik dünya ilə əlaqələndirilir.
Hesabat məruzəsi - bu zaman rəsmi şəxs səlahiyyətli yığıncaq
qarşısında görülmüş iş haqqında hesabat verir, onu təhlil edir və
nəticələrini qiymətləndirir. Belə məruzə rəsmi xarakter daşıyır,
orada eyni zamanda qarşıda duran fəaliyyət haqqında danışılır
və vəzifələr müəyyənləşdirilir. Onun məzmunu həm müzakirə
edilir, həm də hansısa hissələri təshih edilir, ayrı-ayrı hissələri
bəyənilir və bəzən fəaliyyət üçün proqram kimi qəbul edilir.
Hesabat məruzəsi kollektiv yaradıcılığln nəticəsi ola bilər.
Mühazirə - tədris materialının elmi cəhətdən əsaslandırılmış
şifahi şərhi olub, sistemli, sübut edilmiş və geniş şəkildə
dəlillərlə əsaslandırılmış, dəqiq müəyyən edilmiş məqsədə
malikdir və biliklərin geniş şəkildə dəlillərlə əsaslanıdırlmış,
dəqiq müəyyən edilmiş məqsədə malikdir və biliklərin geniş
yayılması formasıdır. Tədris prosesinin bu forması həcmli yeni
materialın şərhində tətbiq olunur. Mühazirə üç hissədən
ibarətdir: giriş, əsas hissə və nəticə. Birinci hissədə mühazirənin
mövzusu, planı və məqsədi göstərilir. Əsas hissədə müəllim
bütün əsas sualları ardıcıl şəkildə ortaya qoyur və əsas şərtlərin
tərifini verir. Nəticədə, material ümumiləşdirilir və
yekunlaşdırılır. Mühazirə o vaxt effektli şərh üsulu sayılır ki,
lektor ona yaxşı hazırlaşsın, nəyi, necə, harada deməyi bacarsın,
şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun. Nitqi səlis və
aydın olsun, fikrini əsaslandırmaq üçün göstərdiyi sübutlar,
faktlar, çıxardığı nəticələr reallığı əks etdirsin, incə mətləbləri
dinləyiciyə çatdırmaq, onların marağını ələ almaq, hisslərinə
təsir etmək məqsədilə müvafiq nitq nümunələrindən, dil
vasitələrindən, şifahi şərhin bir sıra formalarından (təsvir,
xarakteristika, izah, mühakimə və s.) daha münasib şəkildə
istifadə etməyi bacarsın və s. Mühazirəçi dinləyicilərin görmə
qavrayışını da nəzərə almalı, mümkün olduqca eksponatlar,
illüstrasiyalar, diaqramlar, onları təsdiq edən şəkillər və s.
nümayiş etdirməlidir. Mühazirəçi mövzuya aid bütün məsələləri
əhatə etməli, yadda qalan misallar gətirməli, inandırıcı sübutlar
göstərməli, onu dinləyicilərin işi, həyatının konkret məsələləri
ilə bağlamağı bacarmalıdır.
Onu da qeyd etmək lazımdır ki, məruzəni müzakirə edirlər,
mühazirəni isə yox. Mühazirədə yalnız sual verilə bilər.
Məruzə ilə mühazirə arasında müəyyən fərqlər vardır:
1) Məruzəçi çıxış edərkən adamlar qarşısında mövzusuna görə
məsuliyyət daşıyır, mühazirəçi isə sərbəstdir. O, mövzunu da,
şərh və izah üslubunu da seçməkdə azaddır; Mühazirə də,
məruzə də elmi mövzuda ola bilər;
2) Məruzə fərdi xarakter daşıyır, buna görə də mühazirəçi
dinləyicilərindən daha hazırlıqlı olur, mövzunu dinləyicilərə
nisbətən daha dərindən bilir. Mühazirə isə ümumi xarakterlidir,
mühazirəçi mövzunu, demək olmaz ki, dinləyicilərin hamısından
yaxşı bilir, üstünlük müəyyən fakt və rəqəmlərin gətirilməsində
ola bilər.
3) Məruzə müzakirə olunur, onun əsasında qərar qəbul edilir.
Əgər bu, ali məktəbdə baş verirsə, məruzənin ya özünün, ya da
tezisinin nəşri tövsiyə oluna bilər. Mühazirə müzakirə obyek S9
ti deyil, haqqında qərar qəbul olunmur. O oxunur, dinlənilir.
Mühazirəyə aid suallar verilə bilər;
4) Mühazirə növündən asılı olaraq bir fənnin hansısa
mövzusuna, ictimai (sosial) və siyasi həyatla bağlı kütləvi
mövzuya həsr oluna bilir. Məruzə isə, adətən, elmi və siyasi
(prezidentə məruzə etmək, onu məlumatlandırmaq mənasında)
olmaqla bir neçə problemi gündəmə gətirir;
5) Mühazirədə natiq (lektor) öz mövqeyini, siyasi baxışını
bildirməkdə azaddır, məruzədə isə müəyyən ölçü gözlənilir.
Çıxış. Rəsmi və ictimai tədbirlərdə (iclaslarda,
yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və
s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikrini,
münasibətini bildirməsidir. “Çıxış” sözü hazırda bir qədər də
geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təşviqat
xarakterli çıxışlar, matəm çıxışları, məclis çıxışları, radio,
televiziyada, qəzet vasitəsilə edilən çıxışlar və s. Lakin çıxış
deyəndə daha çox adamların qarşısında söylənilən nitq forması
başa düşülür. Çıxış həm elmi, həm siyasi, həm də ictimai
xarakterli olur.
Çıxış sözünün ifadə etdiyi məna müəyyən cəhətdən nitqdən
fərqlənir.
Çıxış edən şəxs bir qayda olaraq müzakirə olunan məsələ
ilə əlaqədar şəxsi mülahizələrini söyləyir. Bu şəxsi mülahizə,
fikir çıxışın əsas əlaməti hesab edilir. Nitqdə isə bundan fərqli
olaraq şəxsi mülahizə deyil, rəhbər, istiqamətverici
göstərişlər üstünlük təşkil edir. Orada irəli sürülən məsələlər icra
üçün əsas olur. Dinləyicilər məruzədəki fikrə həmrəy olmaq,
həmin fikrə nəyisə əlavə etmək, nəyəsə münasibət bildirmək
və s. məqsədlərlə çıxış etməli olurlar. Bu çıxışlar o zaman
effektli olur, dinləyiciləri razı salır ki:
a) yığcam olsun, çox vaxt aparmasın;
b) danışan müzakirə olunan mövzudan kənara çıxmasın;
c) məruzədə və ya əvvəlki çıxışlardakılar təkrar edilməsin;
ç) deyilənlərdə ardıcıllıq və rabitəlilik gözlənilsin;
d) sözlər, cümlələr aydın, hamının eşidə biləcəyi bir səs tonu
ilə tələffüz
edilsin;
e) loru və tüfeyli sözlərə, ifadələrə, şivə tələffüzünə və s. yol
verilməsin.

You might also like