You are on page 1of 5

ÖZÜNÜ TANI

Özünü tanımaq bütün müdrikliklərin başlanğıcıdır!

Əziz Kreşendo Marafonçusu, bu məktub ilə Kreşendo boyu özünüzü daha dərindən tanıyacağınız
uzun, bir o qədər də maraqlı yola çıxırıq. Mübarəksiniz :)

Siz artıq bilirsiniz ki, bu marafon boyu məqsədlərinizlə qaçacaqınız, hətta bəziləriniz məqsədlərini
artıq müəyyən edib belə... Yaxşı bəs məqsədimizin doğru seçim olub olmadığını, bu seçimləri
valideynimizin diqtəsi, medyanın təbliğatı , qohum-əqrabanın təsiri və ya öz hür iradəmizlə ilə
müəyyən edib etmədiyimizi necə bilək?
Bunun yolu özümüzü daha yaxşı tanımaq, bizi biz edən dəyərlərimizi, maraq və istəklərimizi,
bacarıq və istedadlarımızı müəyyən etməkdən keçir. Sokrat babamızın belə bir sözü var: “Özünü
tanımaq bütün müdrikliklərin başlanğıcıdır.”

Bəs siz? Siz özünüzü tanıyırsınız mı? Bəlkə də, bir çoxunuz “Özümü kifayət qədər yaxşı tanıyıram.”
deyəcəksiniz. Ən çox sevdiyiniz yeməyi, xoşladığınız rəngi soruşsaq, heç düşünmədən
cavablayacaqsınız. Əminsiniz mi ki, özümüz barədə bunları bilmək kifayət edir?

Bizdən soruşsanız deyərik kiz: “Xeyr, kifayət etmir.” “Mən”-i tanıyıram deyən insan təməl olaraq,
1. Dəyərlərini; 2. Güclü və zəif tərəflərini; 3. Maraqlarını; 4. İstedad və bacarıqlarını;
5. Vərdişlərini tanımalıdır…

1
Gözünüz qorxmasın, bunların hamısını bir məktubla həll etmək fikrimiz yoxdur :) 90 günlük
marafon boyunca hər bəndi bir-bir açmağa çalışacağıq. Gəlin başlayaq…

Əgər “Sofinin dünyası” kitabını oxusanız, kitabın bir bölməsində Sofiyə bir məktub gəldiyini və
məktubda iki sözdən ibarət bir sual yazıldığını görəcəksiniz. Sual isə belədir: “Kimsən sən?”
Özümüzü dərk etməyə başladıqdan bu sualı cavablamaq üçün özümüzə müxtəlif adlar verməyə
çalışırıq. Bəzənsə biz istəmədən ərtafımız layiq görür deyə həmin o etiketlər artıq bizim olur.
“Şagird, övlad, xalxın uşağı, çox/az kitab oxuyan, x dili bilən/bilməyən, tələbə, valideyn, sakit, çox
danışan” və s. kimi özümüzün seçdiyimiz və ya seçmədiyimiz etiketlərin sahibi oluruq. Bunların
bəziləri bizə yük olur, yolumuzu çətinləşdirir. Bəzilərinisə qürurla daşıyırıq. Yaxşı bəs siz “Kimsən
sən?” sualına hansı etiketlər vasitəsilə cavab verərsiniz?

Tapşırıq - 1
★ Özünüzü tanıtmaq üçün istifadə etdiyiniz etiketlərinizi bir siyahı şəklində yazın.
Məsələn: Mən tələbəyəm, işçiyəm,sahibkaram, övladam, valideyinəm, dostam, sirdaşam,
iradəliyəm, imanlıyam və s.

★ Daha sonra hər bir etiket üçün bu suallar üzərində düşünüb yazılı cavablayın:
1. Bu etiket məndən alınsaydı, nə hiss edərdim? Ağlımdan hansı düşüncələr keçərdi?
2. Nə edərdim? Necə yaşayardım? Bu etiket olmadan kim olardım?
3. Bu etiketin yoxluğu həyatıma hansı mənfi və müsbət təsirlər gətirərdi?
4. Hansı etiket əlimdən alınsa, öz kimliyimi itirmiş hesab edərəm? Bu sualın cavabına diqqət
yetirin, çünki buradakı cavabın aşağıda bəhs edəcəyimiz dəyərlərimizlə xüsusi əlaqəsi ola
bilər. Necə? Gəlin ilk öncə dəyərlərin nə olduğunu aydınlaşdıraq.

Dəyərlərimiz
Dəyərlər bu həyatda bizi biz edən anlamlardır, kim olduğumuzdur. Baxın kim olmaq istəməyimiz,
kim olduğumuzu düşünməyimiz deyil, həyatda indi, bu an kim olduğumuzdur. Əsl kimliyimiz
dəyərlərimizin cəmidir.

Dəyər həm də həyatımızda bir yelkən rolu oynayır – o hansı tərəfi göstərirsə, biz də o tərəfi seçirik.
Burada çalışmaq lazımdır ki, yalançı və özümüzü inandırdığımız dəyərləri əsl dəyərlərdən ayıraq.
Məsələn, əgər biz iddia etsək ki, sağlamlıq bizim üçün dəyərdir, lakin biz 1 ildir ki, xarab olan
dişimizi düzəltdirmək üçün həkimə getmiriksə, idman edəcəyəm deyib bunu yubadırıqsa, onda

2
sağlamlıq bizim üçün çətin ki dəyər olar. Bəs necə edək ki, əsl dəyərlərimiz üzə çıxsın? Bunun üçün
aşağıdakı sualları, gözünüzü qorxutmadan dərindən düşünərək cavablamağınızı istəyirik.

Tapşırıq 2
Qeyd edək ki, sualları daima yazılı cavablandırırsınız ki, bu cavablarınızı sizinlə görüşə kimi
mentorunuz analiz etsin.

1. Sizin üçün həyatda vacib və dəyərli olan- konkret və ya mücərrəd fərqi yoxdur- nələr
var? Bunlar nəyə görə sizin üçün dəyərlidir? Burda sizin üçün dəyərli olan əşyalardan
anlayışlara- hər şeyi yaza bilərsiniz.

2. Resurslarınızı (vaxtınız, enerjiniz, pulunuz) ən çox nələr üçün istifadə edirsiniz?


Resurlarımızı hansı yöndə istifadə etməyimiz dəyər verdiyimiz məqamlar, dəyər
verdiklərimizsə, dəyərlərimiz haqqında çox şey deyir.

3. Nə zaman çox xoşbəxt və həyəcanlı olmusunuz? Ən çox qürur duyduğunuz an nə zaman


idi? Bu vacib məqamlar dəyərlərinizin göstəricisidir.

4. Ən böyük peşmanlığınız nədir? Burada da siz özünüz üçün nəyin çox dəyərli olduğunu
anlayacaqsınız.

5. Hirsli, məyus, əsəbi anlarınızı xatırlayın. Hansı hadisələr buna səbəb olmuşdu? Bu zaman
hansı dəyərlərinizin tapdalandığını, basdırıldığını görəcəksiniz. Məsələn, həyatınızın
hansısa mərhələsində sizin verməli olduğunuz çox vacib bir qərarı sizin əvəzinizə bir digəri
edib və ya yaxşı gördüyünüz işə gör təqdir yox tənqid almısınız…

6. Həyatınızda verdiyiniz ən çətin 3-5 qərarınız hansı idi? Bir məsəl var: “insanı tanımaq
istəyirsənsə sözlərinə yox, davranışlarına bax!” Davranışlar sözlərdən daha yüksək danışır.
Çətin seçimlər arasında o zaman qalırıq ki, həmin anlarda dəyərlərlərimiz bir-bir ilə
toqquşur. Məsələn, təsəvvür edin ki, taleh quşu başınıza qonub və eyni anda 2 fərqli
yerdən iş təklifi almısınız (Kimin belə bəxti var :D). Biri yüksək maaşlı bildiyiniz iş, digəri
aşağı maaşlı, sizə maraqlı olan sahə. Bu kimi misallarla qərarlarınızdakı dəyərləri sorğulaya
bilərsiniz.

7. Özünüzə rol model olaraq gördüyünüz kimlər var həyatınızda? Rol model olaraq
gördüyümüz insanlar ya hazırda bizdə var olan, ya da var olmasını istədiyimiz xüsusiyyət
və dəyərləri özlərində daşıyırlar. Özünüzə rol model gördüyünüz 5 insanın dəyər və ya

3
xüsusiyyətləri haqqında yazın. Məsələn, bir dostum dürüstlüyünə görə; müəllimim səmimi
və mehriban olmasına görə.

8. Seçdiyimiz dəyər digər dəyərlərə çatmaq üçün vasitə ola bilər mi? Məsələn, siz əsas
dəyərlərinizdən birinin maddiyat - pul olduğunu düşünürsünüz, amma bəlkə də siz bunu
heç kəsdən asılı olmadan və daha azad yaşamaq üçün istəyirsiniz. Deməli, sizin üçün əsas
dəyər azadlıqdır, maddiyyat sadəcə bunun üçün bir vasitədir.

Tapşırıq - 3
Suallara verdiniz cavablara nəzər salın. Vacib və dəyər ola biləcəyini düşündüyünüz məqamları
adlandırmağa çalışın. Məsələn, ilk suala cavabınız “Mənim üçün həyatda ən vacib məqamlardan
biri hörmətdir.”-sə, o zaman hörməti bir dəyər olaraq özünüz üçün qeyd edə bilərsiniz. Suallara
cavab nəticəsində dəyər olduğunu düşündüyünüz bir çox məqamlar ortaya çıxa bilər. Lakin bizim
sizdən istəyimiz ilk ən vacib 5 dəyərinizi müəyyənləşdirməyinizdir. Daha sonra isə aşağıdakı
tapşırıqları yerinə yetirin!

★ Seçdiyiniz 5 dəyərin tərifini verin. Misal üçün, “Açıq fikirlilik mənim üçün hər yerdə öz
sözümü demə və qarşı tərəfin də öz sözünü demə imkanına deyilir”. Çox xahiş edirik, bu
hissəni yola verməyin. Cavab gəlmirsə, tələsməyin və hissə-hissə, yavaş-yavaş doldurun.

★ Sübut edin: Nəyə əsasən düşünürsünüz ki, filan seçim sizin dəyərinizdir? Həyatınızda hansı
məqamda o dəyərə əsasən seçim etmisiniz?

★ Yuxarıda müəyyən etdiyiniz etiketlərə təkrar nəzər yetirin. Seçdiyiniz 5 dəyər hansı
kimliyiniz(lər) ilə uzlaşır? Bunu müəyyən etdikdən sonra sizcə, 5 dəyərin içərisində sizə
uyğun olmayan və ya düzgün təyin etmədiyiniz dəyər var mı?

★ Dəyərlərin hər birinin həyatınızda var olma %-ni təyin edin. Dəyərlərinizin həyatınızda var
olmaq %-i artsa, həyatınızda nə dəyişər, siz necə biri olarsınız?

★ Hər bir dəyərinizin var olma %-ni yüksəltmək üçün və ya azaltmaq üçün ata biləcəyiniz 3
kiçik addımı qeyd edin.

Qeyd: Tapşırıqlar və suallara cavabınız məktubla birgə göndərdiyimiz Cavab məktubunda qeyd
edilməli və görüşdən 1 gün öncə mentorunuza göndərilməlidir.

Xüsusi qeyd: Məktubun əsas hissəsi burada yekunlaşır. Bundan sonraki “Məktub əlavəsi” hissəsi
mövzunu işləməkdə maraqlı olan və buna vaxt ayırmaq istəyənlər üçün nəzərdə tutulacaqdır.

4
MƏKTUB ƏLAVƏSİ

Məktub aləti
Duyğularımın günlüyü
Hər zaman xatırlamalı olduğumuz bir məqam var ki, özünü tanımaq davamlı prossesdir. Özünü
tanımaq üçün isə duyğularımıza diqqət yetirməyi vacib amillərdən biri hesab edirik. Davamlı
olaraq duyğularınızın fərqində olmağınız üçün:
Bir dəftər alın və hər axşam yatmadan öncə özünüzlə tək qala biləcəyiniz, iç dünyanızı dinləyə
biləcəyiniz 15 dəqiqə vaxt ayırın. Özünüzə bu sualı verin : “Bu gün həyatımda olub-bitən
hadisələrlə bağlı məndə hansı duyğular yarandı?“ Daha sonra bir hakim duyğunu seçin və bu
sualı verin: ”Məndə nə var ki bu söz, bu hadisə məndə X duyğunu yaratdı?”
Çünki hiss etdiklərimizi bizə hər daim hansısa mesajlar ötürməyə çalışır. Yaşadığımız hadisələr
oxşar və ya hətta, eyni ola bilər. Lakin hiss etdiklərimiz hər birimizdə fərqlidir. Uyğun olaraq
verdiyimiz reaksiyalar da fərqlidir. Məsələn, eyni bir hadisəyə biri güldüyü halda, digəri əsəbləşə
bilər. Məhz hansı reaksiyanı verəcəyimiz bizi digər insanlardan fərqləndirir.

Məktub Tövsiyəsi
❖ Məqsədin gücü. Arzu və istəkləri necə reallaşdırmalı – V. Sinelnikov.
❖ Alfred Adler - İnsanı tanıma sənəti
❖ Who are you, really? The puzzle of personality

Uğurlar, Kreşendo Marafonçuları!

You might also like