You are on page 1of 16

Azərbaycanda torpaqşünaslığın inkişaf mərhələləri

Azərbaycanda torpaqşünaslıq elminin inkişafını bir neçə mərhələyə ayırmaq


mümkündür:
Birinci mərhələ, Həsən bəy Zərdabinin fəaliyyəti ilə bağlı mərhələ. Azərbaycanda
torpaqşünaslıq elminin inkişafında birinci mərhələ maarifçi və təbiətşünas alim
Həsən bəy Zərdabinin adı ilə bağlıdır. H.Zərdabi torpaqşünaslıq haqqında elmi
fikirlərini “Əkinçi” qəzetində, “Torpaq, su və külək” və s. nəşrlərində çap
etdirmişdir. Onun torpaqşünaslıqla bağlı fikirləri genetik torpaqşünaslığın baniləri
V.V.Dokuçayev, N.Sibirtsev və başqalarının müddəaları ilə demək olar ki, üst-üstə
düşür. Beləliklə, H.Zərdabi Azərbaycanın ilk torpaqşünasıdır, torpaqlarımız
haqqında ilk elmi məlumatlar ona məxsusdur. H.Zərdabinin torpaqşünaslıq
haqqında axtarışları X.Həsənov (1972), Ş.Həsənov (2006) tərəfindən
araşdırılmışdır. Həsən bəy Zərdabinin torpaq haqqında fikirləri əsasən dağ
süxurlarının aşınmasından, torpaqəmələgətirən amillərdən, torpağın
münbitliyindən, münbitliyin bərpasından (torpağın qranulometrik tərkibinin
dəyişdirilməsi, meliorasiya, eroziyaya qarşı mübarizə və s. tədbirlərdən) ibarətdir.
H.Zərdabinin torpaqşünaslıqla bağlı araşdırmalarında məqsəd bu elmin nəzəri
məsələlərini, torpaqların genezisini işləyib hazırlamaq olmamışdır. Məqsəd
əkinçilik mədəniyyətini yüksəltmək, torpaq sərvətlərindən səmərəli istifadə etmək
idi. Bununla bərabər, H.Zərdabinin torpağa aid əsərlərində, elmin o zamankı
inkişaf səviyyəsində bəzi yeniliklər də öz əksini tapmışdır.
İkinci mərhələ, XIX əsrin sonu – XX əsrin əvvəlləri (1875-1920). Bu dövrdə
– 1889-1890-cı illərdə Kovalskinin, 1890-cı ildə P.S.Kossoviçin, 1898-ci ildə
V.V.Dokuçayevin, 1911-1914-cü illərdə S.Zaxarovun, V.Romanovun və
J.Kamenskinin apardıqları tədqiqatlarda Azərbaycan torpaqları haqqında ilkin də
olsa müəyyən fikirlər olmuşdur. V.V.Dokuçayev 1898-ci ildə Zaqafqaziyada və o
cümlədən Azərbaycanda olmuş, torpaqlar haqqında ümumi məlumatlar verməklə,
şaquli torpaq qurşaqlarının mövcudluğunu göstərmişdir. 1911-1914-cü illərdə
S.Zaxarov, V.Romanov və J. Kamenski Mil və Şirvan düzlərində relyef,
torpaqların şorlaşması, qrunt suyunun səviyyəsi ilə əlaqədar torpaq müxtəliflikləri
haqqında fikir irəli sürmüşlər.
Üçüncü mərələ, XX əsrin 20-45-ci illəri (Torpaqşünaslıq və Aqrokimya
İnstitutunun yaradılmasına qədərki dövr). Sovet İttifaqının tərkibinə daxil
edildikdən sonra Azərbaycanda ilk növbədə elmi tədqiqat işləri aparan kadrlara
ehtiyac duyulurdu. 1920-ci ildə Azərbaycan Politexnik İnstitutu nəzdində Kənd
Təsərrüfatı fakultəsi və onun tərkibində Torpaqşünaslıq kafedrası təşkil olunur.
Azərbaycanın torpaq örtüyünü öyrənən ilk tədqiqat özəkləri torpaqşünaslıq
kafedrasında, Muğan təcrübə stansiyasında (Cəfərxan) və respublikanın təbii
sərvətlərini öyrənən cəmiyyətin tərkibində işə başlayır (1920-1924). Kafedranın
rəhbəri professor V.Smirnov-Loginovun rəhbərliyi və bilavasitə iştirakı ilə
Abşeron yarımadasının, Kiçik Qafqaz dağlarının cənub-şərq ətəklərinin torpaqları
tədqiq edilərək xəritələşdirilir. 1925-ci ildə Azərbaycanda torpaq-coğrafi
tədqiqatlara başlanılır. Respublikanın rayonlaşdırılması ilə məşğul olan
komissiyanın tapşırığı ilə professor S.Zaxarovun rəhbərliyi altında ekspedisiya işə
başlayır. 1926-cı ildə akademik V.Vilyams Muğan və Lənkəranın düzən hissəsini
gəzərək suvarmanın və subtropik bitkilərin inkişafı haqqında əməli təkliflər verir.
Bu zaman, 1926-1930-cu illərdə professor V.Smirnov-Loginov Qobustan və Xızı
rayonlarının torpaqlarında böyük miqyaslı tədqiqatlar aparır. 1930-1931-ci illərdə
Azərbaycan Politexnik İnstitutunun Torpaqşünaslıq kafedrası tərəfindən
M.Ələsgərbəyli və Ə.Qasımovun simasında ilk azərbaycanlı torpaqşünaslar
hazırlanır. Onlar torpaqlarımızın tədqiqi və kadr hazırlığında uzun illər xeyli
səmərəli iş görürlər. Həmin dövrdə kənd təsərrüfatının güclü inkişafı ilə əlaqədar
xüsusi kənd təsərrüfatı elmi idarələri təşkil edilir, torpaqşünas və aqrokimyaçı
kadrlara ehtiyac artır. Bu tələbi ödəmək məqsədilə Zaqafqaziya Pambıqçılıq
İnstitutunun pambıqçılıq fakultəsi nəzdində xüsusi şöbə açılır. 1933-1937-ci illər
ərzində dörd buraxılış torpaqşünas və aqrokimyaçı hazırlanır. 1932-ci ildə
Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda təşkil olunan
aqrotorpaqşünaslıq şöbəsi respublika torpaqlarını öyrənməyə başlayır. Bu işlərə
kənardan dəvət edilmiş professor V.Akimsev, torpaqşünas alim N.Bekareviç və
L.Qorodetskidən başqa AKTİ torpaqşünaslıq kafedrasının işçiləri M.Əsgərbəyli,
Ə.Qasımov və AKTİ-nin yeni bitirmiş gənc torpaqşünaslardan M.Ağamirov,
Ə.Zeynalov, M.Rəhimov, N.Məmmədov və başqaları cəlb edilir. 1934-cü ildə
Lenin adına UİKTEA Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun Azərbaycan
filialı təşkil edilir. Burada da respublika torpaqlarının tədqiqi və gübrələrlə aparılan
işlər davam etdirilərək, Lənkəran (1934), Ağdaş (1935), Qazax (1936), Quba-
Xaçmaz (1937) rayonlarının orta miqyaslı torpaq xəritələri tərtib edilir. Bu
tədqiqatlarda L.Aleksandrovski, K.Ələkbərov, Ə.Zeynalov, B.Ağayev, M.Salayev,
M.Səfiyev, K.Teymurov və başqaları iştirak edirlər. SSRİ Elmlər Akademiyası
Zaqafqaziya filialının Azərbaycan şöbəsi geologiya bölməsi nəzdində, 1933-cü
ildə torpaqşünaslıq seksiyasının və 1934-cü ilin iyulundan etibarən sərbəst
torpaqşünaslıq bölməsinin təşkili torpaqşünaslıq elminin Azərbaycanda inkişafı
üçün təşkilat bazası oldu. İlk illərdən başlayaraq, bölmə yeni torpaqların istifadəyə
verilməsi problemi ilə yaxından məşğul olmağa başlamışdır. Bölmə Boğaz
düzündə, Cənubi-Şərqi Şirvanda ilkin torpaq tədqiqatı aparmış, Cənubi-Şərqi
Şirvanın Küryanı zonasının (1934-35), Yevlax rayonunun (1935), Lənkəran və
Muğanın torpaqlarını daha dəqiq xəritələşdirmişdir. 1935-ci ildə Bölmə torpaq
kimyası laboratoriyası təşkil etdi ki, bu da aparılan işlərin genişləndirilməsinə
imkan yaratdı. Laboratoriyada şorakətlərin kimyəvi meliorasiyası (Ə.Qasımov və
T.Tahirov), elektrik cərəyanlarının torpağa və süxurəmələgətirici minerallara təsiri
(V.Smirnov-Loginov və A.Sidorov), su buxarının torpaqda kondensasiyası,
torpağın şorlaşma dərəcəsinin bitki örtüyünün xüsusiyyətinə təsiri kimi məsələlər
üzərində iş aparılırdı. Bölmənin işində Lənkəran vilayəti torpaqlarının öyrənilməsi
xüsusi yer tuturdu. Bu torpaqlara həsr olunmuş ümumiləşdirici əsərdən
(V.Smirnov-Loginov) başqa, vilayətin sarı torpaqlarının fiziki-kimyəvi xassələri də
dərindən öyrənilmişdi (B.Filosov, 1936). Alazan-Əyriçay hövzəsi torpaqlarının iri
miqyaslı xəritələşdirilməsi və aqrokimyəvi xüsusiyyətlərinin öyrənilıməsi
(R.Kovalyov 1938-1941) çay əkini üçün yeni yararlı torpaqları aşkara çıxarmağa
həsr edilmişdi. 1936-cı ildən başlayaraq bölmə azərbaycanlılardan yeni yüksək
ixtisaslı kadrlar hazırlamaq işinə başlayır. Bu işdə V.Smirnov-Loginovun
hazırladığı ilk aspirantlar (E.Şərifov, B.Ağayev, K.Ələkbərov, Ə.Zeynalov) 1940-
43-cü illərdə elmlər namizədi adı almaq üçün dissertasiyalar müdafiə edirlər. 1937-
ci ildən başlayaraq bölmə quru subtropik iqlim rayonları torpaqlarını tədqiq etmək
üçün xüsusi ekspedisiya təşkil edir. Bu ekspedisiya Şirvan düzünün, Pirsaat
hövzəsinin və Böyük Qafqazın bu hövzəyə yaxın ətəklərinin torpaqlarını tədqiq
edərək, buradakı torpaqların şorlaşmasında palçıq vulkanlarının roluna
aydınlıq gətirir (H.Əliyev, B.Klopotovski). Bölmə 1939-cu ildən başlayaraq
Azərbaycan torpaqlarının şorlaşmasına aid ədəbiyyatı və materialları
yekunlaşdıraraq, torpaqların şorlaşma dərəcələri və duz tərkibini göstərən ilk
xəritələri tərtib edir (V.Volobuyev). 1931-1941-ci illərdə Samur-Dəvəçi kanalı
zonası torpaqlarının kimyəvi və fiziki-kimyəvi xassələri (M.Salayev, K.Ələkbərov)
və Şimali Muğan torpaqlarının fiziki xassələrinin tədqiqi (B.Ağayev) işləri
suvarılan sahələrin öyrənilməsinə həsr edilmişdi. Samur-Dəvəçi Suvarma
Kanalının tikintisi ilə əlaqədar olaraq 1940-cı ildə Samur-Dəvəçi düzənliyində iri
miqyaslı torpaq tədqiqatına başlanılır. Çoxsaylı çöl və laboratoriya materiallarına
əsasən 1:10000, 1:25000 miqyaslı torpaq, şorlaşma, torpaq-meliorativ rayonlaşma
xəritələri tərtib edilir və eroziyaya qarşı mübarizə tədbirləri təklif olunur
(M.Salayev). 1940-41-ci illərdə Bölmə Kiçik Qafqazda yerləşmiş bir sıra
rayonların torpaqlarını öyrənməklə məşğul olmuşdur (B.Klopotovski, M.Salayev,
Ə.Zeynalov). 1940-cı il üçün Bölmənin tərkibində üç seksiya – torpaq eroziyası,
torpaq kimyası və torpaq fizikası seksiyaları yaradılmışdı.
Dördüncü mərhələ, XX əsrin 45-90-cı illəri (Torpaqşünaslıq və Aqrokimya
İnstitutunun fəaliyyəti dövrü). 1945-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaradılması ilə
torpaqşünaslıq elminin inkişafında yeni mərhələ başlayır. İnstitut Böyük və Kiçik
Qafqazda, Kür-Araz ovalığında torpaqların tədqiqatı işlərini davam etdirir
(H.Əliyev, K.Ələkbərov). Ölkədə kənd təsərrüfatının inkişafı ilə əlaqədar
V.Kovdanın rəhbərliyi altında Kür-Araz ekspedisiyası Salyan, Muğan, Cənub-
Şərqi Şirvan, Gəncə-Qazax və Mil düzlərində torpaq-geomorfoloji (V.Yeqorov,
Y.Lebedev), torpaqların su-fiziki və fiziki-kimyəvi xassələri (S.Dolqov,
N.Qorbunov), torpaq-meliorativ rayonlaşdırılması (A.Rozanov, N.Kandorskaya)
sahəsində tədqiqatlar aparılmışdır. Azərbaycan hökumətinin tapşırığı ilə 1952-ci
ildə torpaqşünaslıq və Aqrokimya İnstitutunun metodiki rəhbərliyi altında bütün
əkinçilik təsərrüfatlarında (5 mln.ha sahədə) irimiqyaslı torpaq tədqiqatlarına
başlanır. Bakı və Gəncədə yaradılmış torpaq ekspedisiyaları bu mühüm və
mürəkkəb işi yerinə yetirir. Bu və digər tədqiqatların nəticəsi kimi 1953-cü ildə
“Azərbaycan SSR torpaqları” (rus dilində) monoqrafiyası çap olunur. 50-ci illərin
sonlarında çoxillik torpaq-coğrafi tədqiqatların vacib nəticələrindən biri də
Azərbaycanda 1:200000 miqyasında ümumiləşdirilmiş torpaq xəritəsinin
tərtibidir. Tərtib olunmuş xəritənin orijinalı SSRİ EA Geologiya-Coğrafiya
Bölməsinin qərarı ilə çapa məsləhət görülür və 1957-ci ildə Moskvada rus dilində
nəşr olunur (miqyas 1:500000). Elə həmin dövrdə, 1953-cü ildə V.Volobuyevin
“Torpağın iqlimi”(1953) monoqrafiyası nəşr olunur.
XX əsrin ikinci yarısı bütövlükdə akad. H.Əliyev, V.Volobuyev, M.Salayev
kimi tanınmış torpaqşünas alimlərin elmi fəaliyyəti ilə əlamətdar olmuşdur. 60-cı
illərdə H.Əliyevin torpaqların genezisi, coğrafiyası, sistematikası, aqroekologiyası
sahəsində çoxillik tədqiqatlarının nəticələrini ümumiləşdirən və orijinal nəzəri
məsələləri həll edən “Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır
torpaqları” (1964), “Qəhvəyi meşə torpaqları” (1965), “Cinnamon Forest Soils in
the Eastern Part of the Greater Caucausus” (1969) monoqrafiyaları çap olunur.
1969-cu ildə ilk dəfə olaraq Azərbaycan torpaqlarının sistematikası və
nomenklaturası hazırlanır (H.Əliyev, V.Volobuyev, K.Ələkbərov, M.Salayev).
V.Volobuyevin “Kür-Araz ovalığı torpaqlarının şorlaşmasının genetik formaları”
(1965) monoqrafiyasında asan həll olan duzların torpaqda toplanması, miqrasiyası,
miqdarı, dərəcəsi araşdırılır, “Torpağın ekologiyası” (1963) kitabında torpaqla
mühitin əlaqəsinin geniş təhlili verilir və ilk dəfə olaraq bu monoqrafiyada torpağın
ekologiyası anlayışı, onun tərifi açıqlanır. Lənkəran vilayətinin rütubətli subtropik
torpaqlarına həsr olunmuş monoqrafiyada (R.Kovalyov, 1966) rütubətli subtropik
torpaqların genezisi şərh olunmuş torpaq tiplərinin diaqnostikası verilmiş, təsnifatı
işlənmişdir. Bu tədqiqatlat əsasında Lənkəran vilayətinin torpaq xəritəsi (1:100000
miqyasında) tərtib olunmuşdur. Çoxillik regional torpaq tədqiqatlarının nəticəsi
olaraq M.Salayevin “Kiçik Qafqazın torpaqları” (1966) monoqrafiyasında yüksək
dağlıq torpaqların genezisi, coğrafiyası və sistematikası şərh olunur.
Beləliklə, bu dövrün 25 ili (1945-1970) ərzində torpaqşünaslıq üzrə əsaslı
tədqiqat işləri aparılmış, bu müddətdə torpaqşünaslıq sahəsində görkəmli alimlər
kollektivi yaranmışdı; H.Əliyevin, V.Volobuyevin, K.Ələkbərovun, B.Ağayevin,
M.Salayevin rəhbərliyi altında çalışan gənc alimlər yetşmişdir. Bütövlükdə
Azərbaycanın torpaqşünaslıq elminin tarixində bu mühüm dövr – böyük elmi-
nəzəri və təcrübi əhəmiyyəti olan tədqiqatlarla əlamətdardır. Ayrı-ayrı rayonların
torpaq örtüyünün öyrənilməsi və orta miqyaslı torpaq xəritələrinin tərtibi işlərinə
də elə bu dövrdən etibarən başlanılır (Ş.Həsənov, M.Babayev, B.Həsənov,
Q.Məmmədov, V.Həsənov, B.Cəfərov, Ç.Cəfərova və başqaları). Keçən əsrin
1955-1970-ci illərində Cənub- Qərbi Azərbaycanın Arazboyu 7 rayonunda bir
milyon hektar sahədə Ş.G.Həsənovun rəhbərliyi altında iri miqyaslı kompleks
torpaq tədqiqatı aparılmış, seriya xəritələr (torpaq, aqroistehsalat, aqrotorpaq
rayonlaşması, bonitirovka) tərtib edilmişdir. XX əsrin ikinci yarısından etibarən
bütün dünyada olduğu kimi, respublikamızda da ekoloji problemlər ön plana
çəkilir. Akademik H.Əliyevin rəhbərliyi altında meşə torpaqşünaslığı üzrə
respublikada geniş tədqiqatlar aparılır. Torpaqların zonal yayılma
qanunauyğunluqları, nomenklaturası və sistematikası müəyyən edilir. Subtropik və
xüsusən üzümçülük məqsədilə ehtiyat torpaq fondu müəyyən edilir. Dövlət
sahəqoruyucu meşə zolaqlarının salınması layihəsinin hazırlanması məqsədilə
Gəncə, Ceyrançöl zolağı və Qazan göl massivi boyu torpaq tədqiqatı aparılır.
Meşəsalmaya yararlı torpaqların meşə və meşə-kol bitkilərinin inkişafı üçün yararlı
ekoloji şəraiti nəzərə alınmaqla xəritəçilik materialları tərtib olunur. Dövlət
sahəqoruyucu meşə zolaqlarının salınması və bu məqsədlə yamaclarda terrasların
salınması dövlət əhəmiyyətli işə çevrilir. Geniş torpaq-coğrafi tədqiqatların
aparılması ilə əlaqədar olaraq Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya
institutunda akademik H.Əliyevin rəhbərliyi ilə meşə torpaqları laboratoriyası
yaradılır. Böyük və Kiçik Qafqazın, Talış meşə massivlərinin ardıcıl olaraq torpaq-
ekoloji şəraiti öyrənilir. Bu dövrdə aparılan torpaq tədqiqat işləri Azərbaycan
ərazisinin xeyli hissəsinin müxtəlif dərəcədə səthi yuyulmalara və külək
eroziyasına məruz qaldığını göstərirdi. Ona görə də hələ 1945-ci ildən başlayaraq
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaq eroziyasını öyrənmək məqsədilə
müntəzəm elmi tədqiqatlara başlanılır. İlk mərhələdə respublikada eroziya doğuran
amillərin xəritəsi tərtib edilir (K.Ələkbərov). Sonrakı illər tədqiqatlar
genişləndirilir. Eroziya üzrə elmi tədqiqat işləri eroziyanın respublikada coğrafi
yayılması, tipləri, törədici amillərin xarakteri, ayrı-ayrı sahələrin eroziyaya
davamlığı, eroziyaya məruz qalmış torpaq sahələrinin müəyyənləşdirilməsi,
eroziya ilə mübarizə üçün aqrotexniki, meşə-meliorativ tədbirlər və s. bu kimi
məsələləri əhatə etməyə başlayır. Eroziyaya uğramış torpaqların münbitliyinin
bərpası və yaxşılaşdırılması məqsədilə onların gübrələnməsi və digər aqrotexniki
məsələləri araşdırılır. Bir sıra çayların, xüsusən də eroziyaya daha həssas olan
Böyük Qafqazın Cənub və Cənub-Şərq yamacı caylarının hövzələri və inzibati
rayonların əraziləri tədqiq edilir. K.Ələkbərovun “Azərbaycanda torpaq eroziyası
və onunla mübarizə” monoqrafiyası (1961) və “Azərbaycanın torpaq-eroziya
xəritəsi” (1:600000 miqyasında) torpaq eroziyasına qarşı mübarizədə ən dəyərli
vasitələrdən hesab edilə bilər.
Keçən əsrin 70-ci illərində Azərbaycanda zəif tədqiq olunan sahələrdən biri
də dəmyə və suvarılan torpaqların genezisi, diaqnostikası, sistematikası, təsnifatı
ilə bağlı problemlər idi. İlk dəfə Azərbaycanın quru bozqır zonasında, bütövlükdə
Kür-Araz ovalığında geniş çöl, stasionar və kameral torpaq tədqiqat işləri quru
subtropiklərin dəmyə və suvarılan torpaqların dəqiq diaqnostikasını,
sistematikasını və təsnifatını hazırlamağa imkan verdi (M.Babayev, Ş.Həsənov).
Quru subtropik bozqır və yarımsəhra zonasının suvarılan torpaqlarında
antropogen təsir nəticəsində gedən dəyişikliklərin istiqaməti müəyyən edildi,
mədəniləşmə dərəcəsindən asılı olaraq torpaq proseslərinin idarə olunması,
məhsuldarlıq qabiliyyətinin yüksəldilməsi haqqında aqromeliorativ tədbirlər
sistemi təklif olundu. Antropogen torpaqəmələgəlmə prosesinə irriqasiya
gətirmələrinin və əkinçilik mədəniyyətinin təsiri müəyyən edildi. Bu dövrdə
respublikanın subasar-allüvial (V.Həsənov) və tuqay meşələri altında formalaşmış
subasar-meşə (H.Əliyev) torpaqlarının genezisinin, sistematikasının öyrənilməsinə
də diqqət artırılmışdı. Bu tədqiqatlar nəticəsində subasar-allüvial torpaqların
sistematikası və diaqnostikası müəyyən edilmiş, ehtiyat torpaq fondu
dəqiqləşdirilmiş, izafi rütubətli torpaqların kənd təsərrüfatında istifadəsi məqsədilə
aqromeliorativ tədbirlər sistemi hazırlanmışdır. Respublikamızda 60-cı illərin sonu
və 70-ci illərin əvvəllərində kənd təsərrüfatında regional ixtisaslaşmaya
(üzümçülük, pambıqçılıq), torpaqlardan istifadənin intensiv üsullarına keçidlə
əlaqədar olaraq torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi
məsələlərinə böyük ehtiyac yaranır. Bununla əlaqədar olaraq 1969-cu ildə
Azərbaycan SSR Nazirlər Kabinetinin xüsusi qərarı və Azərbaycan EA Rəyasət
Heyətinin sərəncamı ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda
Ş.G.Həsənovun rəhbərliyi altında torpaqların aqroekologiyası və bonitirovkası
laboratoriyası təşkil edilir. İlk günlər laboratoriya qarşısında çox mühüm
problemlər dururdu. Bunlar aşağıdakılar idi: respublika ərazisində torpaqların
münbitliyinə və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir edən aqroekoloji
amillərin tədqiq edilməsi; respublikanın torpaq fondunun tərkibi və ayrı-ayrı kənd
təsərrüfatı bitkiləri altındakı vəziyyətinin səciyyələndirilməsi; torpaq kadastrı
məqsədləri üçün kənd təsərrüfatı və meşə fondu torpaqlarının bonitirovkasının
aparılması, bu məqsədlə bitkilərin bioloji tələblərinə uyğun olaraq qiymət
meyarlarının və təshih əmsallarının müəyyən edilməsi; respublika torpaqlarının
əsas və geniş bonitet şkalalarının tərtib edilməsi; kənd təsərrüfatı və meşə
torpaqlarının aqroistehsalat qruplaşdırılmasının və rayonlaşdırılmasının aparılması;
respublikanın təbii-iqtisadi və inzibati rayonları, landşaft zonaları üzrə torpaq
sahələrinin bonitet ballarının və müqayisəli dəyərlilik əmsallarının müəyyən
edilməsi; ayrı-ayrı təsərrüfat, inzibati rayon və respublika üzrə torpaq – bonitet
xəritələrinin və kartoqramlarının tərtib edilməsi və s. Laboratoriya qarşısında
qoyulmuş bu məqsəd və vəzifələrin əhatə dairəsi çox böyük, həm də elmi-nəzəri və
praktiki baxımdan problemli idi. Lakin 70-ci illərin əvvəllərindən başlayaraq, elmi-
nəzəri əhəmiyyətli dissertasiya işlərinin müdafiəsi və təsərrüfat müqavilələrinin
uğurla sona yetməsi bu elmi istiqamətin yüksəlişinə səbəb oldu. Respublikamızda
torpaqların bonitirovkası üzrə tədqiqatların vahid metodika əsasında səmərəli
təşkili üçün 1973-cü ildə müəlliflər kollektivi (V.R.Volobuyev, M.E.Salayev,
Ş.G.Həsənov, Y.İ.Kostyuçenko) tərəfindən “Azərbaycanda torpaqların
bonitirovkasının keçirilməsinə dair metodiki göstəriş” hazırlanıb çap olunur. Elə
həmin il Azərbaycan torpaqlarının 1:500000 miqyasında bonitet kartoqramı da
(Ş.G.Həsənov, R.Ə.Əliyeva) tərtib edilir. Qeyd edək ki, 70-80-ci illərdə torpaqların
bonitirovkası müxtəlif regioların torpaqlarını və müxtəlif kənd təsərrüfatı
bitkilərini əhatə etməklə aparılsa da, bu tədqiqatlarda ümumi cəhət mövcud idi.
Həmin işlərin ümumi sxemi belə idi: tədqiq edilən ərazidə etalon torpaqların və
qiymətləndirmə üçün meyarların seçilməsi; bu meyarlardan istifadə etməklə riyazi
hesablamalar əsasında qapalı bonitet şkalasının qurulması; kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığlı ilə torpağın dəyişkən göstəriciləri arasındakı korelyativ
əlaqədən istifadə etməklə təshih əmsallarının tapılması və nəhayət, təshih
əmsallarının tətbiqi ilə açıq bonitet şkalasının qurulması; torpaq
növmüxtəlifliklərinin bal göstəriciləri əsasında aqroistehsalat qruplaşdırılmasının
aparılması və tədqiq edilən ərazi üçün bonitet kartoqramının tərtibi. Hazırda bu
sxemdə aparılan qiymətləndirmə işləri torpaqşünaslıq elminə “ənənəvi
bonitirovka” adı altında daxil olmuşdur. 80-ci illərin ikinci yarısından başlayaraq,
Q.Ş.Məmmədovun təşəbbüsü ilə torpaqların bonitirovkasında müasir metodlardan
istifadəyə geniş yer verilirdi. Müəllif tərəfindən respublika və onun ayrı-ayrı
regionlarının bonitet şkalaları qurulmuş, torpaqların aqroistehsalat və
meşəistehsalat qruplaşdırılması aparılmış, 1:600000 miqyasında bonitet və
aqroistehsalat, həmçinin torpaq-kadastr və aqroekoloji rayonlaşdırılma xəritə və
kartoqramları tərtib edilmiş, landşaft komplekslərinin bonitirovkası və torpaq-iqlim
və torpaq ekoloji indeks düsturlarından istifadə etməklə çay, pambıq, otlaq
aqroekosistemlərin və təbii ekosistemlərin torpaqlarının qiymətləndirilməsi
konsepsiyası və Bioiqlim Potensialından (BİP) və yem vahidlərindən təbii
biogeosenozların bonitirovkasında meyar kimi istifadə edilməsi ideyası irəli
sürülmüşdür. 90-cı illərin əvvəllərində Q.Ş.Məmmədovun araşdırmaları
nəticəsində torpaqların ekoloji qiymətləndirilməsi yeni elmi istiqamət kimi
formalaşmağa başladı. Q.Ş.Məmmədov artıq 80-ci illərin əvvəllərində müxtəlif
miqyaslı bonitet xəritə və kartoqramlar tərtib edilərkən torpaq xəritələrinin yeni
plastika metodu əsasında tərtibi və dəqiqləşdirilməsi, həmçinin Torpaq Örtüyü
Strukturu (TÖS) nəzəriyyəsinin Azərbaycanda inkişaf etdirilməsini elmi zəruriyyət
kimi ortaya qoyurdu. 1:200000 miqyasında relyefin plastika xəritəsi, həmin
miqyasda Torpaq örtüyü strukturu xəritəsi və nəhayət, həmmüəlliflərin
(V.R.Volobuyev, Q.Ş.Məmmədov) iştirakı ilə 1:600000 miqyasında Azərbaycanın
torpaq xəritəsi tərtib edilmişdir. Sonrakı illərdə Q.Ş.Məmmədovun rəhbərliyi
altında Acınohur, Lənkəran, Abşeron, Böyük Qafqazın şimal-şərq yamacı və digər
zona və regionların 1:100000 və 1:50000 miqyasında relyefin plastika metodu
əsasında torpaq örtüyü strukturu xəritələri tərtib edilmişdir.
Bu mərhələnin əhəmiyyətli cəhəti idi ki, tədqiqatçılar öz axtarışlarında
ənənəvi bonitirovkanın ümumi müddəaları ilə hesablaşaraq ona metodiki yeniliklər
gətirməyə çalışırdılar. Belə ki, torpaqların bonitet balları tapılarkən torpaq-ekoloji
indeks (TEİ) və digər riyazi düsturlardan istifadə olunması (M.M.Əsgərova, 1990;
A.B.Cəfərov, 1991), torpaq örtüyü strukturunun qiymətləndirmədə qiymət və
təshih əmsalları kimi götürülməsi (H.M.Hacıyev, 1990; Ş.İ.İsgəndərov, 1991),
torpaq örtüyünü ekoloji cəhətdən qiymətləndirməklə torpaqların bonitirovkasının
ekoloji problemlərə cəlb edilməsi (Q.Ş.Məmmədov,1991) bu dövrün tədqiqatları
üçün səciyyəvi idi. Keçmiş sovetlər ölkəsində, o cümlədən Azərbaycanda torpaq
münbitliyinin aqroekoloji və ekoloji modellərinin işlənməsinə ilk dəfə 1985-ci ildə
Q.Ş.Məmmədov başlamışdır. İlk vaxtlar torpağın münbitlik modeli ilə bağlı
tədqiqatları konseptual səciyyə daşımış, respublikanın əsas torpaq tiplərini və
aqroekosistemlərini əhatə etmişdir. Sonrakı illər ayrı-ayrı regionlarda müəllifin
rəhbərliyi ilə çay (S.Z.Məmmədova, C.Ə.Şabanov), sitrus (L.C.Qasımov), pambıq
(M.M.Əsgərova, K.Q.Nuriyeva), taxıl (A.B.Cəfərov, M.Ə.Yusifov), üzüm
(M.M.Yusifova), zeytun (S.B.Rəcəbova), yem (A.Həsənova, M.Ə.Bayramov),
meşə (N.A.İsmayılova), tərəvəzaltı (N.Ə.Sultanova) torpaqların regional
aqroekoloji və ekoloji modelləri tərtib edilmişdir. 90-cı illərdə Q.Ş.Məmmədov
tərəfindən torpaqların aqroekoloji (ekoloji) münbitlik modelinin praktikada
tətbiqini asanlaşdırmaq, onun əsasında torpaqların münbitliyini qorumaq və onun
geniş təkrar artımını həyata keçirmək, o cümlədən münbitliyin artırılmasına xidmət
edən layihələrin hazırlanmasını asanlaşdırmaq məqsədilə onu vahid formada, yəni
«münbitliyin ekoloji pasportu» formasında işlənilməsi təklif edilmiş və bu təklif
praktikada öz tətbiqini tapmışdır. Müəllifin araşdırmalarının nəticəsi kimi, həmin
dövrdə Azərbaycan ərazisində torpaq üzərində ekoloji monitorinqin təşkilinin
proqramı işlənmişdir. Bu proqram əsasında torpaq monitorinqinin əsas vəzifələri
müəyyən edilmişdir. Torpaq üzərində ekoloji monitorinqin təşkilinin ən
əhəmiyyətli nəzəri və praktiki məsələlərindən biri də müşahidələr üçün sahələrin
seçilməsidir. Proqrama uyğun olaraq Q.Ş.Məmmədov tərəfindən respublikamızda
40 çay hövzəsi daxilində ekoloji bölgələrin – suayrıcı, tranzit və akkumulyasiya
sahələrinin ayrılması və bu sahələr daxilində ekoloji nəzarətin – monitorinqin
təşkili təklifi irəli sürülmüşdür. Əvvəlki onilliklərdə olduğu kimi bu dövrdə də
şorlaşmış və şorakətləşmiş torpaqların tədqiqi və meliorasiyası torpaqşünas alimlər
və melioratorlar qarşısında duran bir nömrəli problem hesab edilirdi. Meliorasiya
sahəsində əsas araşdırmalar respublika ərazisində yayılmış torpaqların şorlaşma
dərəcəsinin müəyyən edilməsinə, şorlaşma və şorakətləşməyə məruz qalmış
torpaqların genezisinin, diaqnostikasının öyrənilməsinə, meliorativ
rayonlaşdırmanın əsas prinsiplərinin işlənməsinə, şorlaşmış torpaqların meliorasiya
üsullarının hazırlanmasına, meliorasiya olunmuş torpaqlardan istifadə dövründə
baş verən dəyişikliklərin öyrənilməsinə yönəldilmişdir. Bu tədqiqat işləri akademik
V.Volobuyev, M.Abduyev, İ.İsgəndərov, Y.Sultanov, Q.Əzizov və başqa
mütəxəssisilər tərəfindən aparılmışdır. Su-duz balansı tədqiqatları əsasında
meliorasiya olunan torpaqlarda baş verən dəyişikliklər öyrənilmiş, suduz rejiminin
proqnozlaşdırılmasına, tənzimlənməsinə və optimallaşdırılmasına xidmət edən bir
sıra riyazi modelləri işləməyə imkan vermişdir. Kür-Araz ovalığı torpaqlarının
bütövlükdə və həmçinin ayrı-ayrı zonalar (Şirvan, Muğan, Mil və Qarabağ) üzrə
müxtəlif miqyasda duzluluq xəritələri hazırlanmışdır. Keçən əsrin 60-80-ci
illərində respublikada genetik torpaqşünaslığın müstəqil qolu kimi inkişaf etdirilən
Torpaq ekologiyası və energetikası təliminin (V.Volobuyev) əsası qoyulur.
Eksperimental və ümumiləşdirilmiş tədqiqatlara istinad edilərək V.Volobuyev və
onun şagirdləri tərəfindən torpaq-bitki-atmosfer sistemində gedən proseslərin
qanunauyğun əlaqəsi müəyyənləşdirilmişdir. Bu tədqiqatların nəticələri “Dünyanın
torpaqları sistemi” və başqa monoqrafiyalarda öz əksini tapmışdır. Zonal
torpaqlarda 80-90-cı illərdə çoxillik kompleks tədqiqatlar, o cümlədən stasionar
şəraitdə mövsümi və çoxillik müşahidələr aparılmış və bu tədqiqatlar nəticəsində
ayrı-ayrı torpaqların hidrotermik rejiminin mövsümi dinamikası,
mikroorqanizmlərin fəaliyyəti, pH, fitokütlənin məhsuldarlığı, üzvi maddələrin
toplanması, parçalanması və transformasiyası, torpağın fermentativ fəallığı, humus
birləşmələrinin, ilk növbədə amin turşularının keyfiyyət və kəmiyyət tərkibi
öyrənilmişdir. Torpaqların fermentativ fəallığının dinamikasına ekoloji amillərin
müxtəlif nisbətlərinin təsiri müəyyən edilmişdir (B.Həsənov, X.Həsənov,
Ç.Cəfərova və başqaları). İlk dəfə olaraq ərazinin relyef şəraiti – plastikası nəzərə
alınmaqla Azərbaycan respublikasının 1:600000 miqyasında torpaq xəritəsi
hazırlanmış, Azərbaycan və rus dillərində çap olunmuşdur (1991).
Azərbaycanın iri kənd təsərrüfatı və meliorativ obyektləri torpaqlarının fiziki
xassələri, su-hava və temperatur rejimi R.Məmmmədov tərəfindən 60-cı illərin
sonlarından başlayaraq 90-cı illərin ortalarına kimi intensiv şəkildə tədqiq
edilmişdir. Bu tədqiqatlar nəticəsində torpaqların fiziki konstantlarının xəritə-
sxemləri tərtib edilmiş, əsas məhsuldar rütubətlənmə ilə təmin olunma dərəcəsi
təyin edilmişdir. Müəllif tərəfindən eyni zamanda maqnezium və natriumlu
şorakətlərin müxtəlifliyi öyrənilmiş və onların yayılma arealları
xəritələşdirilmişdir. Nəticədə “Azərbaycan SSR torpaqlarının aqrofiziki xassələri”
monoqrafiyası çap olunmuşdur (1989). 80-ci illərin sonlarında A.P.Gərayzadə
tərəfindən torpaqda su və istilik hərəkəti əmsallarının birgə təyini məsələsi irəli
sürülmüş və həll olunmuşdur. Torpağın nəmlik, istilik, elektrik xassələri arasındakı
korrelyativ əlaqələr araşdırılmış, torpaq-bitki-atmosfer sistemində enerjinin
paylanması modeli tərtib edilmişdir. Kənd təsərrrüfatı sahələri enerjidən səmərəli
istifadəsi əmsallarının təyini və torpağın optik təhlil üsullarının yolları
göstərilmişdir. Aparılan tədqiqatın nəticələri “Torpaq, bitki sistemində və
atmosferdə enerjinin dəyişilməsi” monoqrafiyasında öz əksini tapmışdır (1989).
70-ci illərdən başlayaraq torpaqların mineralogiyası sahəsində tədqiqatlar
genişlənir, ilk dəfə olaraq Kür- Araz ovalığı torpaqlarının lil fraksiyalarının
mineraloji, mikromorfoloji tərkibi, xassə və xüsusiyyətlərinə dair sanballı tədqiqat
işləri aparılır və ayrı-ayrı torpaqəmələgətirən süxurlar üzərində
torpaqəmələgəlmənin istiqaməti müəyyənləşdirilir (İ.Ş.İsgəndərov). Bu tədqiqatlar
əsasında “Azərbaycanın əsas zonal torpaq tiplərinin mineraloji tərkibi” adlı
monoqrafiya çap olunmuşdur (1987). Aqrokimya sahəsində aparılan işlər əsasən
torpaq münbitliyinin öyrənilməsinə, onun bərpasına və yüksəldilməsinə, müxtəlif
bitkilərin məhsuldarlığına mineral və üzvi gübrələrin verilmə vaxtının, normasının
və üsullarının təsirinə, kompostların və digər növ üzvi gübrələrin hazırlanmasına,
azot, fosfor, kalium maddələrinin torpaqda və bitkidə dəyişməsinə, hərəkətinə və
onların rejiminə həsr edilmişdir (C.Hüseynov, Z.R. Mövsümov, P.B.Zamanov,
M.İ. Cəfərov, F.İsayeva və başqaları).
Beşinci mərhələ, XX əsrin 90 – cı ilindən bu günə kimi (müstəqillik dövrü).
Müstəqilliyimizin ən böyük nailiyyətlərindən biri olan torpaq islahatları
torpaqşünaslıq sahəsində ciddi elmi axtarışların həyata keçirilməsi və elmi
nailiyyətlərin təsərrüfatda geniş tətbiqi üçün şərait yaratdı. Qısa vaxt ərzində
torpaqşünaslığın müxtəlif sahələrinə həsr olunmuş onlarla monoqrafiya, kitab,
xəritə, tövsiyələr çap olundu. Bunlardan 1998-ci ildə Q.Ş.Məmmədov,
M.P.Babayev və S.G.Həsənovun redaktəsi ilə H.Ə.Əliyev, M.E.Salayev,
Q.Ş.Məmmədov, M.P.Babayev, S.G.Həsənov, B.Y.Həsənov və Ç.M.Cəfərova
tərəfindən tərtib edilmiş “Azərbaycan Dövlət Torpaq Xəritəsi” (1:100000) xüsusi
əhəmiyyət kəsb edir. Bununla yanaşı, “Azərbaycan torpaqlarının ekoloji
qiymətləndirilməsi”, “Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji
məsələlər” (2002), “Azərbaycanın dövlət torpaq kadastrı: hüquqi, elmi və praktiki
məsələləri” (2003) monoqrafiyaları və “Azərbaycan torpaqlarının ekoloji
qiymətləndirmə xəritəsi” (1:600000), Azərbaycan Respublikasının torpaq
təsnifatının WRB (torpaq ehtiyatlarının dünya məlumat bazası) sisteminin
hazırlanması daha çox diqqətəlayiqdir. 90-cı illərin ortalarında Q.Ş.Məmmədov
tərəfindən torpaq-kadastr rayonlaşdırılmasının yeni konsepsiyası və sistemi irəli
sürülmüş və yeni sistemin müasir tələblərə tam cavab verməsi aşkar olunmuşdur.
İlk dəfə olaraq torpaq-kadastr rayonları daxilində yarımrayonlar (Xaldan-Xınalıq,
Təzəkənd-Üçtəpə, Mərəzə- Hilmilli) ayrılaraq elmi-nəzəri və praktiki cəhətdən
əsaslandırılmışdır. Bu dövrdə M.P.Babayev tərəfindən Azərbaycan
Respublikasının insanın çoxillik təsərrüfat fəaliyyəti nəticəsində dəyişilmiş
antropogen torpaqların beynəlxalq standartlara və torpaq islahatlarının tələbinə
uyğun təməl təsnifatı və biomorfogenetik diaqnostikası hazırlanmış, antropogen
torpaqların 1:500000 miqyasında xəritəsi tərtib edilmişdir. Tədqiqatların böyük
hissəsi yeni şəraitlərdən irəli gələrək ilk növbədə torpaq islahatı nəticəsində ortaya
çıxmış xırda torpaq mülkiyyətçilərinin tələbinə uyğun aparılırdı. Bu baxımdan,
dəqiq kompleks torpaq tədqiqatları əsasında hazırlanmış “Xırda təsərrüfat
torpaqlarının öyrənilməsi, istifadəsi və bonitirovkasına dair metodik tövsiyələr”in
(2003) torpaq sahibkarları, təcrübə stansiyaları, toxumçuluq təsərrüfatları üçün
torpaq sərvətindən səmərəli istifadə edilməsi istiqamətində böyük elmi və təcrübi
əhəmiyyəti vardı. Tövsiyədə torpaq islahatı şəraitində təsərrüfatların torpaq
örtüyünün öyrənilməsinin, qiymətləndirilməsi və istifadəsinin xüsusiyyətlərinə
uyğun məsləhətlər verilmişdir. Torpaqşünaslığın yeni perspektiv istiqaməti olan
torpaq informatikasının konseptual elmi əsaslarının işlənməsi də müasir
tələblərdən irəli gəlirdi. Müasir elektron avadanlıqlar və proqram vasitələrindən
geniş istifadə etməklə Azərbaycanda torpaq tədqiqatlarının operativ, obyektiv və
riyazi əsaslarla aparılmasını təmin edən İnformasiya Sistemi yaradılması torpaq
tədqiqatlarının yeni inkişaf mərhələsinə qalxmasından xəbər verirdi. Artıq XXI
əsrin əvvəllərində kompüter texnologiyalarından istifadə etməklə torpaq-ekoloji
sistemlərin əsas informativ göstəricilərinə əsaslanan məlumatların təsvir dili tərtib
edilmiş və torpaq təsnifatının informasiya bazası təklif olunmuşdur (A.İsmayılov).
Bu texnologiyalar elektron torpaq xəritələrini tərtib etməyə də imkan vermişdir.
Əldə olunmuş elmi nəticələr təkcə elmi-nəzəri deyil, həm də təcrübi əhəmiyyət
kəsb etmişdir. Beləki, bu nəticələr vahid torpaq kadastrının tərtibində, torpaq
qeydiyyatı sisteminin avtomatlaşdırılmış informasiya bazasının yaradılmasında,
müasir proqram təminatı əsasında kartoqrafik materialların tərtibində geniş tətbiq
olunmuşdur.
XXI əsrin əvvəllərində də əvvəlki dövrlərdə olduğu kimi respublikada torpaq
biologiyasının müasir istiqamətləri – torpaq biokimyası, mikrobiologiyası,
onurğasız heyvanların fəaliyyətinin təbii və antropogen torpaqəmələgəlmə
prosesində rolu və biotik amillərin qiymətləndirilməsi üzrə tədqiqatlar aparılmışdır
(P.Səmədov, L.Bababəyova). XXI əsrin əvvəllərində bəşəriyyət qlobal, o cümlədən
ekoloji problemlərin görünməmiş miqyasda kəskinləşməsi ilə üzləşmişdir. Bütün
dünyada olduğu kimi, respublikamız da «ekoloji böhran dövrünü»
yaşamaqdadır. Təbiəti mühafizə tədbirlərini həyata keçirmək və ekoloji qanunları
gözləməklə təbii ehtiyatlardan ağılla və səmərəli şəkildə istifadə bütün bəşəriyyət
və həmçinin respublikamız qarşısında duran ən vacib məsələlərdən biridir. Ekoloji
problemlərə ekoetik yanaşma «cəmiyyət-təbiət» münasibətlərində etik əsasların
pozulması nəticəsində yaranmışdır. Q.Ş.Məmmədov tərəfindən irəli sürülmüş
«Azərbaycanın ekoetik problemləri» konsepsiyasında həm bu problemlər, həm də
onların həlli yolları müxtəlif bloklarda qruplaşdırılmışdır.
Birinci qrupa Azərbaycanın bilavasitə ekoloji problemləri və onların həlli yolları
daxildir. Bunlar aşağıdakılardan ibarətdir: meşələrin mühafizəsi və onların bərpası
problemləri; torpaqların eroziyası və ona qarşı mübarizənin təşkili problemləri;
təbii yem sahələrinin deqradasiyası və onlardan düzgün istifadə problemləri;
texniki pozulmuş torpaqlar və onların rekultivasiyası problemləri; torpaqların
radionuklidlərlə çirklənməsinə qarşı mübarizə problemləri; mineral gübrələrdən və
pestisidlərdən istifadənin problemləri;
İkinci qrupa ekoloji problemlərin həllinə yardım edə biləcək təşkilati, elmi və elmi-
tətbiqi xarakterli işlər daxildir: hövzədaxili bölgələrdə torpaq üzərində ekoloji
monitorinqin təşkili; torpaqların ekoloji münbitlik pasportlarının tərtibi;
Üçüncü qrupa ekoloji problemlərin həllinə və yaxud bu problemlərin həlli
yollarının tapılmasına dolayısı ilə təsiri olan və ya köməklik göstərən ekoloji
mədəniyyət, ekoloji hüquq, təhsil və digər məsələlərlə bağlı problemlər daxildir.
Bunlar aşağıdakılardan ibarətdir:
cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılması; ekoloji hüquq və ekoloji
cinayət məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı problemlər;
ekoloji yardım və pensiya fondunun yaradılması;
ekoloji informasiya bankının yaradılması;
ekoloji koordinasiya mərkəzinin təsis edilməsi.
Torpaqşünaslıq elminin Azərbaycanda inkişafının qısa tarixindən belə
nəticəyə gəlmək olur ki, bütün dövrlərdə olduğu kimi, müasir dövrdə də bu elm
dövrün tələblərinə operativ cavab vermək potensialına malik olub, dünya
torpaqşünaslıq elminin qabaqcıl sıralarında addımlamaqdadır.

You might also like