You are on page 1of 15

DİALEKTİKA

Dialektika - təlim kimi. Təbiətin dəyişkən xarakteri insanlara hələ fəlsəfə


yaranmamışdan əvvəl məlum idi. Fəlsəfə yarandıqdan sonra dəyişkənliklə bağlı
olan məsələlər fəlsəfi düşüncənin obyektinə çevrilir. Fəlsəfənin xüsusi bölməsi
olan dialektika da bu səbəbdən yaranır.
Dialektika - inkişaf haqqında təlimdir. Geniş mənada isə dialektika - inkişaf,
əlaqə və dəyişmə haqqında təlim olub, insanların fəaliyyətinin bütün sahələrini
əhatə edir. Yəni, dialektikaya görə, inkişaf həm təbiətdə, həm cəmiyyətdə, həm də
təfəkkürdə baş verir. Buna görə də dialektikanı, həmçinin, təbiət, cəmiyyət,
təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında təlim adlandırmaq olar.
Cansız təbiətdəki inkişafa mineralların, süxurların, elementar zərrəciklərin,
atomların, molekulların, cisimlərin əmələ gəlməsini, canlı təbiətdəki inkişafa isə
hüceyrələrdə, bitki və heyvanlarda baş verən dəyişiklikləri, canlıların biokimyəvi
strukturunun və funksiyalarının təkmilləşməsini misal göstərmək olar.
Hərəkətin daha yüksək formasına keçildikcə inkişafın sürəti artdığı üçün
cəmiyyətdə inkişaf daha sürətlə baş verir. İnkişaf həmçinin insanın mənəvi aləminə
və təfəkkürünə də sirayət edir. İnsanların şüuru, ağlı, ideyaları, nəzəriyyələri,
baxışları da maddi aləmin inkişafına uyğun olaraq dəyişir.
Uzun inkişaf yolu keçmiş dialektikanın tarixi mərhələləri mövcuddur: antik
dövrün kortəbii dialektikası, klassik alman fəlsəfəsinin dialektikası, materialist
(marksist) dialektika.
Dialektikanın banisi Heraklit hesab edilir. Onu "dialektikanın mənəvi atası"
da adlandırırlar. Efesli Heraklitin fikrincə, "təbiət əbədi dəyişmə prosesindədir, hər
şey axır, dəyişir, heç nə yerində qalmır, eyni bir çaya iki dəfə girmək olmaz, hər
gün çıxan Günəş də eyni deyil". Heraklitdən başqa, antik dialektikanın ilk
nümayəndələrinə Sokrat, Platon, Zenon, Aristotel və b. misaldır. Dialektika
terminini ilk dəfə Sokrat təklif etmiş, lakin bu sözün populyarlaşması Platonun
əsərləri ("Dialoqları") vasitəsilə həyata keçmişdir.
Fəlsəfə tarixində ilk dəfə olaraq Hegel dialektikanı bitkin nəzəri sistem
şəklinə salmışdır. Dünyanın və idrakın universal əlaqələrini və inkişafını əks
etdirən dialektik qanunların kəşfi də Hegelin xidmətidir.

Dialektika - metod kimi. Dialektika və metafizika. Hər bir elm tədqiq


etdiyi obyektə və öyrəndiyi hadisələrə yanaşma üsulu, ümumi qaydalar işləyib
hazırlayır ki, buna "metod" (yunanca "methodos" - "nəyə doğrusa yol") deyilir.
Fəlsəfədə metod dedikdə, təbiət və cəmiyyət hadisələrinə yanaşmaq üsulu, onları
tədqiq etmək qaydası nəzərdə tutulur.
Fəlsəfə tarixində bir-birinə əks 2 metod var: dialektika və metafizika. Bu,
varlığın inkişafını başa düşməyin 2 istiqamətidir. Dialektika - dünyanı dinamika
vəziyyətində, daim hərəkət və inkişaf edən proses kimi, qarşılıqlı əlaqə və
münasibətdə nəzərdən keçirir, metafizika isə - dünyanı statika, ətalət, sükunət
vəziyyətində görərək, daxili ziddiyyətləri, öz-özünə hərəkəti, cisim və hadisələrin
keyfiyyətcə dəyişmələrini inkar edir, dünyaya onların təsadüfi yığımı kimi baxır.

Dialektikanın ən mühüm cəhətlərindən biri - dünyanın fasiləsiz və


qanunauyğun inkişafını qəbul etməkdir. Metafizika - inkişafa ancaq adicə böyümə
və artma kimi, yalnız kəmiyyət dəyişmələri kimi baxır, inkişafın müəyyən
mərhələsində yeni keyfiyyətə keçilməsini qəbul etmir. Hərəkət və inkişafın
metafizik konsepsiyasında öz-özünə hərəkət, onun hərəkətverici qüvvəsi, mənbəyi,
motivi kölgədə qalır.

"Dialektika" yunanca "dialektike" - yəni "söhbət etmək", "mübahisə


aparmaq məharəti", "müsahibə etmək sənəti", "metafizika" isə yunanca "fizikadan
sonra" deməkdir. Dialektikaya mübahisə, dialoq sənəti kimi baxılması Orta
əsrlərdə və sonralar da davam etmişdir. Fəlsəfədə bu sözlər öz hərfi mənasında
deyil, əks metodlar mənasında işlədilir.
"Metafizika" sözünə ilk dəfə Aristotelin əsərinin adında rast gəlsək də, bu
sözü o yaratmayıb, həmin termin təsadüfən meydana gəlib. Aristotelin əsərlərini
sistemləşdirən Rodoslu Andronik, onun 14 kitabını toplu şəklinə salarkən, təbiətə
aid olan və "Fizika" adlanan əsərlərindən sonra yerləşdirdiklərini, "fizikadan
sonra", yəni "Metafizika" adlandırmışdır.
Dünyadakı bütün hadisə və proseslər bir-biri ilə əlaqədədir. Dünyada bir-
birindən təcrid olunmuş predmet və hadisələr yoxdur. İlk baxışda təcrid olunmuş
kimi görünən predmet və hadisələr arasında çox müxtəlif əlaqələr vardır. Qarşılıqlı
əlaqə universal xarakter daşıyır, yəni bütün mövcudatlarda özünü göstərir. Əlaqələr
öz xarakterinə görə müxtəlifdir. Bəziləri adi gözlə, əyani şəkildə müşahidə edilir.
Digərlərini müşahidə etmək üçünsə xüsusi cihazlardan istifadə edilir. Bəzi
əlaqələri müəyyən etmək üçünsə əlavə təhlil aparmaq lazım gəlir.
Əlaqə - hər hansı bir hadisənin və ya prosesin müəyyən baxımdan
digərindən asılı olmasıdır. Cansız təbiətdə mexaniki, fiziki və kimyəvi əlaqələr
mövcudur. Canlı aləmdə bioloji əlaqələr (növdaxili, növlərarası əlaqələr) əsas yer
tutur. Cəmiyyətdəki əlaqələr isə daha mürəkkəb və çoxcəhətlidir. Cəmiyyətdə
informasiya əlaqələri xüsusilə mühüm rol oynayır.
Əlaqələr öz məzmununa görə müxtəlifdir. Əlaqələr 2 və daha artıq obyekt
arasında, eləcə də predmetin daxili xassələri arasında olur.
Dialektika bütün əlaqələri deyil, yalnız maddi və mənəvi aləmin bütün
sahələrində təzahür edən ən ümumi əlaqələri öyrənir. Dialektikanın öyrəndiyi
əlaqələr müxtəlif formalarda ola bilər: məkan-zaman, daxili və xarici, genetik,
səbəb-nəticə, mühüm və qeyri-mühüm, zəruri və təsadüfi, qanunauyğun, bilavasitə,
müstəqil və dolayı (vasitəli), sabit-dəyişkən, birbaşa və ya əks əlaqələr.
Predmetləri hər hansı aralıq vasitələrilə bağlayan əlaqə dolayı (vasitəli) xarakter
daşıyır. Məsələn, insan əmək fəaliyyəti prosesində təbiətlə bilavasitə deyil,
müəyyən əmək alətləri vasitəsilə əlaqəyə girir. Daxili əlaqə predmetin, hadisənin
cəhətləri, ünsürlərinin əlaqələridir. Xarici əlaqə isə predmet və hadisənin onu əhatə
edən başqa predmet və hadisələrlə əlaqəsidir. Məsələn, növ daxilində
orqanizmlərin əlaqələri daxili, müəyyən növün başqa növlərlə əlaqəsi isə xarici
əlaqədir. Öz əhəmiyyəti cəhətdən də əlaqələr müxtəlifdir. Bəzi əlaqələr müəyyən
prosesin inkişafında mühüm, başqaları isə az əhəmiyyətli rol oynayır. Müəyyən
hadisə üçün vacib olub onun simasını, daxili təbiətini müəyyən edən əlaqələr
mühüm, yerdə qalan müəyyənedici olmayan əlaqələr isə qeyri-mühümdür.
Məsələn, bitkilərin Günəş ilə əlaqəsi mühüm xarakter daşıyır, çünki Günəş enerjisi
olmadan onlar yaşaya bilməz. Bitkilərin başqa səma cismləri ilə əlaqəsi isə qeyri-
mühümdür. Səbəb-nəticə əlaqələri fasiləsizdir. Bunların nə əvvəli, nə də axırı olur.
Onların hardan başlanıb, harda qurtardığını söyləmək çətindir. Dünyanın özü kimi
bunlar da sonsuzdur. Səbəbsiz səbəb, nəticəsiz nəticə olmur. Bir nəticənin bir neçə
səbəbi ola bilər. Məsələn, baş ağrısınin 100-dən çox səbəbi var.

Hər bir konkret elm də gerçəkliyin hadisələri arasındakı əlaqə və qanunları


öyrənir. Məsələn, biologiya canlılarla onları əhatə edən mühit arasındakı əlaqələri,
canlı aləmin inkişafını öyrənir. İctimai elmlər cəmiyyətin həyatının bütün
cəhətlərini, onların qarşılıqlı əlaqə və inkişafını öyrənir.

Gerçəkliyin hər bir sahəsinin öz inkişaf qanunları var və bu qanunlar


müvafiq konkret elmlər tərəfindən öyrənilir. Dialektika həmin konkret elmlərdən
onunla fərqlənir ki, hər bir konkret elm gerçəkliyin bu və ya digər sahəsində
fəaliyyət göstərən xüsusi əlaqələri və inkişafı öyrəndiyi halda, dialektika maddi və
mənəvi aləmin bütün hadisələrinə xas olan ən ümumi əlaqələri və inkişafı öyrənir.
Dialektikanın qanunları və kateqoriyaları mövcuddur.

DİALEKTİKANIN QANUNLARI

Dialektikanın 3 qanunu var: 1)kəmiyyət dəyişmələrinin keyfiyyət


dəyişmələrinə və əksinə keçməsi qanunu; 2)əksliklərin vəhdəti və mübarizəsi
qanunu; 3)inkarı inkar qanunu.

Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə qarşılıqlı keçməsi


qanunu. Bu qanunun mahiyyəti "keyfiyyət", "xassə", "kəmiyyət", "ölçü",
"sıçrayış" və s. anlayışları vasitəsilə başa düşülür. Çünki ətraf aləmdəki bütün
cisim və hadisələr özünəməxsus xüsusiyyətləri, xassələri, keyfiyyətləri ilə
fərqlənir. Məsələn, bütün metallar oxşar xassələrə malik olsalar da, onların hər
birinin öz atom çəkisi, istilik və elektriki keçirmə qabiliyyəti, hava və rütubətə
davamlılığı və s. xüsusiyyətləri var.
Keyfiyyət və kəmiyyət arasında aparıcı rol keyfiyyətə məxsusdur. Saymaq
üçün əvvəl bilmək lazımdır ki, nəyi sayırsan.
Keyfiyyət - cisim və hadisəyə daxilən xas olan, onu başqalarından
fərqləndirən ən başlıca cəhətdir. O, bütün mühüm xassələrin və cəhətlərin
məcmusudur. Keyfiyyətini itirdikdə cisim öz mövcud halını da itirərək başqalaşır.
Cisim və hadisələrin özünəməxsus keyfiyyətləri olmasa onları bir-birindən
fərqləndirmək mümkün deyil. Keyfiyyətdən fərqli olaraq, xassə - cisim və
hadisənin ancaq konkret bir cəhətini, xüsusiyyətini ifadə edir. Məsələn, metalın
bərkliyi, ərimə temperaturu, elektrik keçirməsi, atom çəkisi və s. onun konkret
xassələridir. Cisim hər hansı xassəsini itirdikdə əvvəlki vəziyyətindən çıxmır, yenə
də həmin cisim olaraq qalır, lakin keyfiyyətini itirdikdə əvvəlki vəziyyətini itirir.
Yalnız bütün xassələrini itirdikdə cismin keyfiyyəti itir. Həm dadını, həm ətrini,
həm görünüşünü, həm fiziki xassələrini və s. itirən meyvə və ya digər bitki artıq
həmin bitki deyil, lazımsız əşya və ya tullantıdır.
Kəmiyyət - rəqəmlə ifadə olunan, cisim və hadisələrin məkanda ölçüsünü,
çəkisini, yerləşmə ardıcıllığını, böyüklüyünü, həcmini, sürəkliliyini, rəngini,
sayını, miqdarını ifadə edən fəlsəfi kateqoriyadır. O, cisim və hadisələri bir-
birindən fərqləndirir. Keyfiyyətlə müqayisədə kəmiyyət cisim və hadisələrin xarici
xüsusiyyətlərini bildirir. Ölçü - kəmiyyətlə keyfiyyətin vəhdətidir, onun pozulması
isə kəmiyyət dəyişikliklərindən keyfiyyətə keçilməsidir. Keyfiyyətin dəyişməsi isə
ölçünü pozur və yeni keyfiyyət halı yaranır. Ölçü pozuldugu zaman keyfiyyətin
dəyişməsinə suyun aqreqat halını misal gətirmək olar. Temperaturun dəyişməsi ilə
su bir aqreqat halından digərinə keçir. Məsələn, +100 dərəcə temperaturadək
istilikdə su köhnə keyfiyyət halında qalır, bundan daha yüksək temperaturda ölçü
pozulur, su buxara çevrilərək, yeni keyfiyyət halına keçir. Suyun hərarəti 0 (sıfır)
dərəcədən az olduqda isə, maye buza çevrilir.
Kəmiyyət və keyfiyyət eyni cisim və ya hadisədə vəhdətdə mövcuddur.
Kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə səbəb olur. Bu, özünü köhnənin
yeni ilə əvəz edildiyi hər yerdə göstərir. Müəyyən kəmiyyət yığımından sonra
əsaslı keyfiyyət dəyişikliyi olur və təzə köhnəyə qalib gəlir. Kəmiyyətin keyfiyyətə
keçməsinə Mendeleyev cədvəlindəki elementləri də misal gətirmək olar.
Kəmiyyətin artıb-azalması, böyüyüb-kiçilməsi zamanı yeni keyfiyyət halı
yaranmaya da bilər. Məsələn, su, 0-dan 100 dərəcəyədək istənilən temperaturda və
neçə litr olmasına baxmayaraq, elə su olaraq qalır. Kəmiyyət dəyişmələri,
miqdarın artması və ya azalması müəyyən həddədək onun keyfiyyətinə toxunmur.
İnkişafın təkamül və inqilab kimi iki forması var. Kəmiyyət dəyişmələrinin
ölçünü pozaraq müəyyən səviyyədə keyfiyyət dəyişmələri doğurması, köhnə
keyfiyyətdən yeni keyfiyyətə keçilməsi tədricən ("təkamül" yolu ilə) və sıçrayışla
("inqilab" yolu ilə) olur. Təkamül - yavaş-yavaş baş verən, çox az nəzərə çarpan
prosesdir. Bu mərhələdə mövcud olanlar artıb-azalsa da, keyfiyyət dəyişmir, cisim
və hadisə köhnə halında qalır. İnqilab (və ya sıçrayış) - köhnə keyfiyyətin
mövcudluğunun kəsilməsi, yeni keyfiyyət halına keçilməsidir. Təkamül - mövcud
olanın tədricən, kəmiyyətcə dəyişməsini nəzərdə tutursa, inqilab - mövcud olanın
sıçrayışla baş verən əsaslı keyfiyyət dəyişikliyidir. Sıçrayış kateqoriyası keyfiyyət
dəyişmələrini göstərir.
Əksliklərin vəhdəti və mübarizəsi qanunu. İnsanı əhatə edən ətraf aləmdə
bir-birinə əks olan sonsuz sayda cisim, hadisə və xassələr mövcuddur, məsələn, ağ
və qara, uzun və qısa, acı və şirin, isti və soyuq, quru və yaş, kişi və qadın, boş və
dolu, müsbət və mənfi, yox və var və s.
Əksliklər - bir-birinə əks istiqamətdə olan tərəflərdir. 2 əks tərəfi olan
obyektlər çoxdur, məsələn, atomun daxilində müsbət yüklü nüvə ilə mənfi yüklü
elektron, kimyada birləşmə və ayrılma reaksiyaları, cansız təbiətdə cisimlərin
dəfetmə və cəzbetmə qüvvələri, üzvi aləmdə irsiyyət və dəyişkənlik, assimilyasiya
və dissimilyasiya prosesləri və s.
Bir əks tərəf o birini tamamlayır və qarşılıqlı surətdə bir-birinə keçir, yəni öz
yerlərini dəyişə bilir. Əksliklər arasındakı müvazinət çox keçmədən pozulur və
onların mübarizəsi baş verir.
Bütün cisim və hadisələri ümumiləşdirən və ya eyniləşdirən oxşar cəhətlərlə
yanaşı, həm də onları digərlərindən fərqləndirən müxtəlif cəhətlər, fərqlilik
mövcuddur.
Təbiət və cəmiyyətin elə bir sahəsi yoxdur ki, burada əksliklərin vəhdəti və
mübarizəsi qanunu özünü göstərməsin. Ziddiyyətin bir tərəfi digərsiz mövcud ola
bilməz. Köhnəsiz yeni, mənfisiz müsbət olmur. Maqnit əks qütblərə - müsbət və
mənfi qütblərə malikdir. Onu kəsib bu qütblərin yalnız birini almaq mümkün deyil.
İnkarı inkar qanunu. İnkişaf prosesi həmişə inkar momentinə malikdir.
Hər bir inkişafda köhnənin inkarı olan "yeni" yaranır. Lakin hər bir inkar hələ yeni
demək deyil. Yeninin əmələ gəlməsi köhnənin inkişafı prosesində baş verir.
Əvvəlcə köhnə yenidən güclü olur. Lakin yeni, getdikcə möhkəmlənir və köhnəni
aradan götürür. İnkişafın sonrakı mərhələsində yeni özü bütövlüklə və ya qismən
köhnəlir və daha yeniləri ilə əvəz olunur. Yeni köhnəni inkar etməklə inkişafa
təkan verir.
İnkarı inkar gerçəkliyin bütün sahələrində - təbiətdə, cəmiyyətdə və idrakda
mövcuddur. O, inkişafın varisliyini əks etdirir. Köhnənin bir çox cəhətləri yenidən
təkrarlanır.
"İnkar" terminini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş , "inkarı inkar" ifadəsini
ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. İnkişaf köhnə mərhələnin
inkar edilməsidir. İnkar edən isə bir müddət sonra özü inkar olunur: inkarı inkar
baş verir. Bu inkarlı inkişafda isə köhnə tamam yox olmur, sanki inkar olunan həm
də bərpa olunur, yenidən təkrar edilir. Hegel bu qanunu triada (yunanca: üçlük)
adlandırmışdır. Hegelə görə hər bir inkişaf üç pillədən keçir: tezis-antitezis-sintez.
Tezis - yeni inkişaf tsiklinin əvvəlində götürülmüş obyektdir. Antitezis - tezisin
əksi olub, onu inkar edir. Sintez - tezis və antitezisin dialektik birləşməsi olub,
ikinci inkar nəticəsində baş verir. Hər bir sonrakı mərhələ özündən əvvəlkini inkar
edir, onun əksliyinə çevrilir. Cisim və hadisələrin inkişafı bir inkar mərhələsi ilə
məhdudlaşmır, ikinci inkara doğru gedir və inkarı inkar alınır. İnkarı inkar qanunu
inkişafın dairə və düzxətt boyunca deyil, spiral formasında getdiyini göstərir.
Spiralın hər bir mərhələsi əvvəlkinin təkrarı deyil, əvvəlkindən daha yüksək
pillədir.
Lakin inkarı-inkarda köhnədən istifadə edilməsi heç də köhnəyə qayıdış,
köhnənin olduğu kimi təkrarlanması demək deyil, bu onun yeni əsaslarda inkişafı,
daha da zənginləşməsidir. Yeni - köhnəyə nisbətən daha irəlidə olur.
Əgər varislik, köhnədən istifadə ənənələri olmasaydı, onda bəşəriyyətin
yaratdığı mədəniyyət nümunələri - yazı, musiqi, heykəltəraşlıq, elm, bədii
ədəbiyyat və s. bir kənara atılmalı, hər gələn yeni nəsil üçün yeni mədəniyyət
yaradılmalı idi. Sovet hakimiyyətinin ilk illərində məhz belə bir proqrama riayət
etmək istəyən "Proletkult", yəni proletar mədəniyyəti tərəfdarları da, təbii ki,
tezliklə iflasa uğradı. Çünki mədəniyyətin inkişafı, xalqın əvvəlki dövrlərin
nümunələrini necə qoruyub saxlamasından çox asılıdır.
Yer üzərində insanın əmələ gəlməsindən indiyədək təqribən 55-ə yaxın nəsil
bir-birini əvəz etmişdir. Hər nəsil köhnə nəslin yaratdığı maddi və mənəvi
sərvətlərdən özünə faydalı olanları mənimsəmiş, varislik yaradaraq köhnəni inkar
edə-edə inkişaf etmişdir. Elmdə də inkişafın hər bir mərhələsi özündən əvvəldə
gələn məhdudluğu aradan qaldırır. Məsələn, fizika sahəsində klassik fizikanın
yaradıcıları Q.Qalileyin, İ.Nyutonun ayrl-ayrı müddəalarının XX əsrdə köhnəldiyi
aşkar olundu və inkara məruz qaldı.
Həyat irsiyyət qanunu əsasında davam edir. Övladlar heç vaxt
valideyinlərinin əlamətlərini olduğu kimi təkrar etmirlər. Çünki inkişafda varisliklə
yanaşı dəyişkənlik, yeniləşmə də var.
İnkişaf heç də köhnənin məhv edilməsi, atılması deyil. O, köhnə əsasında,
köhnə zəmin üzərində meydana çıxır, onu tam yox etmir. İnkişafa inkarı-inkar
kimi baxılır, yəni öz dövrünü başa vurduqdan sonra bugün inkar edən "yeni",
sabah özü də inkar olunur, inkarı-inkar baş verir.

DİALEKTİKANIN KATEQORİYALARI

Hər bir elm yalnız qanunlardan deyil, həm də müəyyən kateqoriyalardan,


yəni ümumi anlayışlar sistemindən istifadə edir. Lakin bütün kateqoriyalar anlayış
olsa da, bütün anlayışlar hələ kateqoriya demək deyil. Kateqoriyalar anlayışlardan
daha geniş həcmə malikdir.
Kateqoriyalar haqqında ilk mükəmməl fəlsəfi baxış Aristotelin
"Kateqoriyalar" adlı traktatında verilmişdir.

Hər bir elmin öz kateqoriyaları var. Məsələn, mexanikada kütlə, enerji,


qüvvə, sürət, güc və s., biologiyada orqanizm, hüceyrə, toxuma, irsiyyət, təbii
seçmə və s., iqtisadiyyatda dəyər, əmtəə, mübadilə, istehsal, təkrar istehsal və s.,
estetikada gözəllik və eybəcərlik, ülvilik və rəzillik, faciəvilik və komiklik, etikada
xeyir və şər, borc və vicdan, şərəf və ləyaqət, xoşbəxtlik və s., pedaqogikada təlim,
təhsil, tərbiyə və s., psixologiyada psixi proseslər, psixi hallar, psixi xassələr və s.
Dialektikanın kateqoriyaları universal xarakter daşıyan fundamental anlayışlardır.
Məsələn, "varlıq", "təfəkkür", "hərəkət", "inkişaf", "səbəb" və s.
Dialektikanın kateqoriyaları bunlardır:
1. "Tək (təkcə), xüsusi, ümumi"
2. "Səbəb və nəticə"
3. "Məzmun və forma"
4. "Təsadüf və zərurət"
5. "İmkan və gerçəklik"
6. "Mahiyyət və təzahür (hadisə)"
Tək, xüsusi və ümumi. Hər bir əşya, hadisə və prosesdə yalnız onun
özünəməxsus, onu başqalarından, hətta oxşar hadisələrdən fərqləndirən bir sıra
cəhətlər var. Məsələn, hər bir konkret şəxsin özünəməxsus danışıq tərzi, yerişi,
intellektual və bədii qabiliyyətləri, xasiyyət və vərdişləri, və s. olur. Məhz bu
cəhətləri ilə də o, başqalarından fərqlənir. Dünyada bir-birinin eyni olan heç nə
yoxdur. Eyni ağacın yarpaqları da oxşar deyil. Heç kimin barmaq izləri
başqasınınkının eyni ola bilməz. ALLAHIN yaratdığı hər bir şey ÖZÜ kimi
təkrarsızdır. Deməli, obyektiv aləmin konkret fərdi əşyası, hadisə və prosesi təki
(təkcəni, ayrıcanı) təşkil edir.
Təkcə - ayrıca bir obyekt və ya hadisədir. Məsələn, Nizami, M.F.Axundov,
Üz.Hacıbəyov ayrıca tarixi şəxsiyyətlərdir. "Bu ağac", "bu tələbə", "bu ev"
ifadələri də məhz bir cismi, bir nəfəri, yəni təkcə olanı nəzərdə tutur. "Təkcə"
kateqoriyasına bütün xüsusi isimlər, yəni şəxs adları, toponimlər (şəhər, kənd, çay,
dəniz, dağ və s. kimi coğrafi adlar) aiddir. Məsələn, Bakı, Naxçıvan, Buzovna,
Xəzər, Kür, Araz, Kəpəz və s. hər biri təkcə olandır, yəni ondan bir nüsxədir.
Təkcə özünəməxsus keyfiyyət və xassələri ilə başqalarından fərqlənən ayrıca bir
cisim, hadisə və ya prosesdir.

Ümumi kateqoriyası bütün hadisələrə və proseslərə aid olan oxşar cəhətləri


göstərir. Hər bir əşya, hadisə və prosesdə, eyni zamanda onu başqaları ilə
yaxınlaşdıran, ümumiləşdirən, eyniləşdirən bir sıra ümumi cəhətlər də olur. Məhz
bu keyfiyyətləri ilə həmin "tək" - ailə, kollektiv, sinif, millət, qrup, cəmiyyət və s.
ilə qovuşur. Təkcə ilə ümumi bir-birindən ayrılmazdır. "Tək" - ayrılıqda mövcud
ola bilməz.
Hər bir insanın ölkədə, regionda, Yer kürəsində yaşayan sonsuz sayda
insanlarla çoxlu ümumi cəhətləri, əlaqələri, oxşar taleləri olur. Bütün insanların
ümumi anatomik-fizioloji quruluşu, psixi fəaliyyəti, sosial-ictimai əlaqələri vardır.
Deməli, "ümumi" - "təklərin" oxşar cəhətlərinin məcmusundan ibarətdir.
Ayrılıqda götürülmüş ümumi də yoxdur. Ümumi yalnız təkcə vasitəsilə
mövcud ola bilir. Hər bir təkcə ümumi ilə sıx bağlıdır və ümumiyə daxildir. Oxşar
əlamətlərə malik olan təkcələr birləşərək ümumini əmələ gətirir. Ümumi ilə tək
arasında möhkəm əlaqə vardır. Məs. hər bir müharibə ayrılıqda bənzərsiz olsa da o,
ümumi "müharibə" anlayışına daxildir.
Xüsusi - ümumi ilə təkcə arasında əlaqə forması, təki ümumiyə aparan
əlaqədir. Məsələn, "bitki" ümumini, "taxıl" xüsusini, "arpa" təki ifadə edir və s.
"Bitki", "ağac", "alma ağacı" dedikdə, burada "bitki" ümumi, "ağac" xüsusi, "alma
ağacı" isə təkə aid olur. Tək, xüsusi və ümumi müxtəlif situasiyalarda yerlərini
dəyişir. Məsələn, "ağac", "alma ağacı", "Quba alması" dedikdə isə "ağac" ümumi,
"alma ağacı" xüsusi, "Quba alması" isə tək olur. Əgər "Bakı, Naxçıvan, İstambul"
və s. təkcə olan şəhərlərdirsə, bunlar hamısı daha geniş anlayış olan "şəhər"
anlayışına daxildir ki, bura digər şəhərlər də aiddir. Öz növbəsində "şəhər" anlayışı
daha ümumi olan "yaşayış məntəqəsi" anlayışına daxildir. "Yaşayış məntəqəsi"
anlayışına isə yalnız şəhərlər deyil, qəsəbə, kənd və s. də daxildir. Deməli, burada
"Bakı" tək, "şəhər" xüsusi, "yaşayış məntəqəsi" isə ümumidir.
Səbəb və nəticə bir-biri ilə bağlı anlayışlar olub, qarşılıqlı əlaqədədir.
Müəyyən bir hadisədən əvvəl gələrək, onu törədən hadisəyə səbəb deyilir. Nəticə
səbəbin yekunudur. Onlar zaman ardıcıllığına malikdir, əvvəl səbəb, sonra nəticə
gəlir.
Səbəb, həmçinin, nəticəni doğurur. Lakin hər əvvəl gələn hadisəni
sonrakının səbəbi hesab etmək olmaz. Məsələn, şimşək ildırımdan əvvəl görünsə
də, onun səbəbi deyil və ya gecə gündüzdən əvvəl gəlirsə, gündüzə səbəb gecə
deyil, hər ikisinin Yerin öz oxu ətrafında fırlanmasıdır.
Nəticə həm bir, həm də bir neçə səbəbdən baş verə bilər. Bir səbəb isə həm
bir, həm də bir neçə nəticəyə gətirib çıxara bilər.
Səbəb və nəticə müxtəlif situasiyalarda yerlərini dəyişə də bilər, yəni başqa
bir halda bu cür nəticə digər situasiya üçün səbəb ola bilər, lakin eyni situasiyada
onlar yerlərini dəyişə bilməz.
Səbəblər obyektiv və subyektiv ola bilər. Obyektiv səbəb insanların şüur və
iradəsindən asılı olmayaraq özünü göstərir. Subyektiv səbəb isə insanların
məqsədyönlü hərəkətlərini ifadə edir.
Səbəbin özünü göstərə bilməsi üçün müəyyən şərait lazımdır. Müəyyən
şərait olarsa, səbəb mütləq nəticə törədir. Səbəb və şərait arasında kəskin fərqlər
var. Səbəb nəticəni törədir, şərait isə nəticəni törətmir, ancaq buna kömək edir.
Şərait özü-özlüyündə nəticəni yaratmasa da, şərait olmadıqda nəticəni yaradan
səbəb də reallaşmaya bilər. Məsələn, insanın bədəninə daxil olan mikroblar şərait
olmadıqda onu xəstələndirmir.
Səbəbin reallaşmasında bəhanə də müəyyən rol oynayır. Lakin bəhanə
nəticəni yaratmır. Onun baş verməsini sürətləndirir. Bəhanə ikinci dərəcəli
cəhətdir. Bəhanə yalnız vaxt baxımından səbəblə üst-üstə düşə bilər. Məsələn,
Sarayevoda Avstriya vəliəhdinin öldürülməsi I Dünya müharibəsinin səbəbi
deyildi, müharibəni başlamaq üçün bəhanə idi. Bu olmasaydı da, müharibəni
başlamaq üçün başqa bəhanə tapılacaqdı.
Səbəbiyyət – hadisələrin ən ümumi, universal əlaqə formalarından biridir.
Səbəbiyyət hadisələr arasında elə bir əlaqədir ki, hər dəfə biri olduqda, digəri də
onun ardınca gəlir. Məsələn, suyun qızdırılması onun buxara çevrilməsinin
səbəbidir, hər dəfə su qızdırıldıqda buxar əmələ gəlir.
Məzmun və forma. Elə bir maddi sistem yoxdur ki, onun məzmunu və
forması olmasın. Məzmun və forma bir-birindən ayrı mövcud deyil, onlar həmişə
vəhdətdə, qarşılıqlı əlaqədə olur. Nə ayrıca məzmun, nə də ayrıca forma var.
İstənilən məzmun müəyyən formaya, hər bir forma isə müəyyən məzmuna
malikdir.

Məzmun cisim və hadisələrin tərkib elementlərinin, daxili proseslərinin,


əlaqələrinin, xassələrinin, ziddiyyətlərinin və meyllərinin vəhdətidir. Forma
məzmunun strukturunu, quruluşunu təşkil edir. O cümlədən, sənət əsərləri də
məzmun və formaya malikdir. Bədii əsərin formasına, adətən, "bədii forma əsərin
daxili təşkili və qurğusudur" kimi tərif verirlər.

Məzmun formanı müəyyən edir. Lakin buna baxmayaraq, forma da


məzmuna təsir göstərir. Məzmuna nisbətən forma daha çox sabitdir.

Formanın dəyişməsi və hətta məhv olması məzmunda əsasən dəyişiklik


yaratmır. Məsələn, kitabın vərəqləri və üz qabığı görünüşcə xarab olub köhnəlsə
də, onun içindəki məzmun dəyişmir.

Şəraitdən asılı olaraq, eyni məzmun müxtəlif formalarda inkişaf edə bilər.
Hətta bədii ədəbiyyatda da eyni məzmun həm nəsr, həm nəzm, həm də dram
formasında yazıla bilər.
Zərurət və təsadüf. Zərurət – müəyyən şərait olduqda hökmən baş verən
hadisədir. Təbiətdə və cəmiyyətdə elə hadisələr var ki, onlar baş verə də bilər,
verməyə də bilər. Bunlara təsadüfi hadisələr deyilir. Məsələn, torpağa səpilmiş
toxum cücərməlidir. Lakin dolunun yağması bu prosesi dayandıra bilər. Zərurət,
hadisələrin başqa cür və başqa vaxt yox, məhz bu cür, bu vaxt və mütləq baş
verməsidir. Planetlərin hərəkəti, gecədən sonra gündüzün, payızdan sonra qışın
gəlməsi və s. zərurətdir. Lakin qarın yağıb-yağmaması, qidanın yaxşı ya pis həzm
edilməsi, aktyorun bugün zəif ya yüksək səviyyədə çıxış etməsi, dəmir pulu göyə
atarkən hansı tərəfi üstündə düşməsi zərurət deyil, yəni bunlar məhz bu formada
deyil, digər formada da ola bilər.

Təsadüf mövcud şəraitdən irəli gəlmir. Təsadüfün də səbəbi var, lakin bu


səbəb cisim və hadisənin özündə deyil, kənardadır. İnsan onun baş verib-
verməməsini dəqiq bilmir. Dünyada hər şey Allahın izni ilə baş verir, lakin insan,
əvvəldən bilmədiyi hadisələri, məsələn, bugün yolda kiməsə rast gəlməyi təsadüf
kimi qəbul edir.
Təsadüflər zəruri prosesin gedişinə təsir göstərərək, həmin prosesi ya
sürətləndirir, ya da ləngidir. Təsadüflər zəruri proses daxilində də baş verə bilər.
Bəzən böyük kəşflər alim tərəfindən tamamilə başqa bir problem üzərində
işləyərkən, təsadüfən edilir, məsələn, Nyutonun başına alma düşməsi ilə
ümumdünya cazibə qanunu kəşf edildi. Yaradıcılıq prosesi zamanı sənətkarın
qarşılaşdığı təsadüfi hadisə və ya detal, onun əvvəldən planlaşdırdığı süjeti dəyişə
bilər.
Bəzi fəlsəfi cərəyanlar, o cümlədən, XVIII əsr fransız materialistləri,
həmçinin İslam dini təsadüfü inkar edir, bütün hadisələrin zəruri olduğunu
söyləyir.
İmkan və gerçəklik. İmkan - hələ həyata keçməmiş, baş tutmamış
gerçəklikdir. Gerçəklik isə artıq həyata keçmiş, baş tutmuş, reallaşmış imkandır.
Geniş mənada gerçəklik - bütün Dünyadır. Zaman baxımından imkan gerçəklikdən
əvvəl gəlir və konkret olur.
İmkanların heç də hamısı gerçəkliyə çevrilmir. Məsələn, sovet dövründə
mağazalarda minik maşını, xalça, xarici mebel və s. olmadığından, maddi imkanı
olanlar da bunları asanlıqla əldə edə bilmirdi.
İmkanın gerçəkliyə çevrilməsi təsadüfdən də asılı ola bilər. Məsələn, hansısa
işini tənbəllikdən axıra çatdırmayan bir insan, təsadüfən rastlaşdığı tanışının
istehzasından sonra təcili tədbir görür. Bəzən insanların istedadı (səsi, aktyorluq və
ya rəssamlıq qabiliyyəti və s.) məhz təsadüf nəticəsində üzə çıxır.
Bəzən hər hansı işin baş verməsi üçün çoxlu imkanlar olsa da, onlardan
yalnız bir qismi həyata keçə bilir. Məsələn, insan bir neçə nəfərin yanına xahişə
gedə bilər, lakin onların yalnız bəzilərindən müsbət cavab alar.
İmkanın gerçəkliyə çevrilməsi prosesi şəraitdən asılı olaraq dəyişə də bilər.
Məsələn, uşaqlıqda bağa köçmək istəməyən insan, yaşlı vaxtı bunu məmnuniyyətlə
edir. Yaxşı havada insan paltosunu düymələmir, pis havada isə əksinə.
Eyni imkan müxtəlif şəraitdə müxtəlif cür həyata keçə bilər. Məsələn, ifa
zamanı aktyora nəsə mane olarsa, pianoçu köklənməmiş alətdə çalarsa, nəticə
ürəkaçan olmaya bilər. İnsan öz əzizlərinin arasında şən, yad adamların əhatəsində
isə qaraqabaq ola bilər.
Bir gerçəklik üçün bir neçə imkan yarana bilər. Məsələn, Bakıdan
Naxçıvana təyyarə ilə də getmək olar, avtobusla da, maşınla da, qatarla da
(İnşAllah - S.Ş.).
İmkanlar müxtəlif olur: mühüm və qeyri-mühüm, geriyə qayıdan və
qayıtmayan, abstrakt (formal) və real imkan. Hansısa işi görmək üçün bir neçə
imkan olduqda, bunların biri mühüm, digərləri qeyri-mühüm olur. Məsələn,
səyahətə getmək üçün insanın bir neçə imkanı olmalıdır: sağlamlıq, pul, viza, işdə
və evdə arxayınçılıq və s.
Geriyə dönən imkanlara misal olaraq, suyun maye halından buxar, ya da buz
halına və əksinə keçməsini göstərmək olar. Geriyə dönməyən imkanlara ölümü
misal gətirmək olar.
Abstrakt imkan o deməkdir ki, işin məhz bu şəraitdə gerçəkliyə çevrilməsi
hələ mümkün deyil, bunun üçün münasib şərait lazımdır. Məsələn, cavanlar
evlənmək istəyir, lakin hələ nə ev var, nə iş var, nə də valideyinlərin razılığı.
Abstrakt imkanın gerçəkləşməsi yalnız müvafiq şərait yetişdikdə reallaşa bilər.
Təsadüflə bağlı imkanlar formal imkanlardır. Məsələn, lotoreya bileti ilə
nəsə udmaq formal imkandır, çünki belə imkanların ehtimal dərəcəsi sıfırdan
azacıq yüksəkdir. Orta məktəbi bitirmiş məzun hazırlaşmayıbsa, onun da ali
məktəbə daxil olmaq ehtimalı formal imkandır. Əvvəllər insanın kosmosa uçmaq
imkanı formal imkan idisə, indi real imkandır.
Lakin abstrakt imkanı imkansızlıq hesab etmək olmaz. İmkansızlıq - heç
vaxt reallaşa bilməyən hadisədir. Məsələn, qocanın cavanlaşması, ölünün dirilməsi
və s.
Əgər lazımi şərait yoxdursa, hətta ən real imkan da gerçəkliyə çevrilə bilmir.
Toxumlar da zəruri şərait olmadıqda cücərməyə bilər, çünki toxumda bitkiyə
çevrilmək imkanının olmasına baxmayaraq, onu ilin müəyyən vaxtında, müvafiq
temperaturda, yumşaldılmış nəm torpağa əkmək və s. bu kimi şərtlərə əməl etmək
lazımdır.
Təbiətdə imkanın gerçəkliyə keçməsi çox vaxt kortəbii olur, cəmiyyətdə isə
insanlar həmin prosesə güclü təsir göstərir.
Mahiyyət və təzahür (hadisə) - obyektin üzdə olan zahiri və dərində olan
daxili tərəfini bildirir. Mahiyyət obyektin başlıca və əsas tərəflərini müəyyən edir.
Adətən, mahiyyət üzdə olmur, dərində olub, gizli xarakter daşıyır. Buna görə də
onu heç də həmişə düzgün müəyyən etmək olmur. Mahiyyət görünmür, yalnız
obyekti uzun müddət müşahidə etdikdən, hərtərəfli öyrəndikdən sonra üzə çıxır.
Heç nədən meydana çıxan mahiyyət yoxdur. Hər bir mahiyyət özünü bir sıra
təzahürlərdə büruzə verir. Təzahür isə mahiyyətdən kənarda mövcud deyil.
Mahiyyət və təzahür (hadisə) bir-biri ilə ayrılmaz vəhdətdə, qarşılıqlı
əlaqədə olsalar da, onlar bir-birinə uyğun gəlməyə də bilər, hətta bir-birinin əksi də
ola bilər. Məsələn, insan üzdə bir cür görünür, əslində isə başqa cürdür.
Təzahür - mahiyyətin meydana çıxma və ifadə formasıdır. Lakin təzahür
mahiyyəti tamamilə əhatə etmir, onu yalnız hər hansı bir tərəfdən səciyyələndirir.
Təzahür (hadisə) - cisim və hadisələrin ayrı–ayrı xassələrinin, məqamlarının,
cəhətlərinin xarici, səthi, üzdə olan, müşahidə edilən tərəfidir.
Mahiyyət anlayışı məzmun anlayışına yaxındır. Lakin onlar bir–birinin eyni
deyil. Məzmun müəyyən predmeti təşkil edən bütün ünsürlərin və proseslərin
məcmusu olduğu halda, mahiyyət predmetin başlıca, daxili və nisbətən sabit
tərəfidir.

You might also like