You are on page 1of 6

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fakültə: Magistratura və doktorantura şöbəsi


İxtisas: Menecment (Təhsilin təşkili və idarə olunması)
Fənn: Ailə dəyərləri
Mövzu: Borc. Mənəvi borc
Tələbə: Solmaz İbrahimova
Müəllim: dos. Əsmət İsmayılxanova
Hər bir ailədə dünyaya gələn uşaqlar milliyətindən asılı olmayaraq öz ailəsinə
xas dəyərlərlə böyüyür və formalaşır. Valideynlərin hərəkətləri, danışıqları,
davranışları, üstünlükləri ailədə hakim olan dəyərləri özündə əks etdirir. Ailə
içərisində olan dəyərlər həmin ailənin strukturunu göstərir. Öz valideynlərinin
hərəkətlərini, danışıqlarını, davranışlarını görən uşaqlar bu dəyərlərə riayət edərək
onları öyrənir və dəyərləndirir. İlk olaraq təlim də, tərbiyə də ailədən başlayır. Ona
görə də ailəni kiçik dövlət adlandırırıq.
Ailə nədir sualına cavab olaraq deyə bilərik ki, ailə valideynlərin, onların
övladlarının hörməti və qarşılıqlı sevgisi üzərində qurulmuş müqəddəs məbəddir.
Hər bir ailə özünəməxsus qayda və qanunlara, adət-ənənələrə və əxlaqi dəyərlərə
malikdir. İstənilən ailədə məsuliyyətli, əxlaqlı uşaqların tərbiyə edilməsində əxlaqi
dəyərlərin düzgün təbliği böyük rol oynayır.
Ailənin tarixi çox qədimlərə gedib çıxır. İlk yarandığı dövrlərdən ailə əxlaqi
dəyərlərin qarşılıqlı təsiri nəticəsində formalaşmışdır. Əsrlər bir-birini əvəz etdikcə
ailənin əxlaqi dəyərləri ön plana keçmiş və onun təbliğ olunması aktuallıq kəsb
etmişdir.
Bəs əxlaqi dəyərlər dedikdə nə başa düşülür? Əxlaqi dəyərlər insanların bir-
birinə olan sevgisi, məhəbbəti, hörməti, qayğısı, mərhəməti, şəfqəti, qarşılıqlı
yardımı deməkdir. Övladların dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı
ailənin onların tərbiyə edilməsində, əxlaqi dəyərlərə malik, hərtərəfli insan kimi
formalaşmasında oynadığı rol əvəzedilməzdir.
Ən mühüm əxlaqi kateqoriyalardan biri də borcdur. Bəzi insanlar borcu
maddi, daha doğrusu pul olaraq qəbul edir. Borc deyəndə təkcə maddiyyat başa
düşülməməlidir. Hər bir insanın ictimai borcu, ailə qarşısında, ata-ana qarşısında,
vətən qarşısında, cəmiyyət və kollektiv qarşısında borcu vardır. Borc eyni zamanda
xeyirxahlıq, qarşılıqlı yardım, yaxşılıq, şərəf, ləyaqət kimi əxlaqi kateqoriyaları
özündə birləşdirir. Bocr deyəndə insanın etməli olduğu, görəcəyi, qəlbinin hökmü

2
ilə planlaşdırdığı, müəyyən etdiyi və həyata keçirəcəyi işlərdir ki, bu onun şəxsi
ehtiyaclarından yaranır. Borc insanın cəmiyyətə münasibətinin təzahürüdür. İnsan
cəmiyyət qarşısında öz əxlaqi vəzifələrini dərk edir və həyat fəaliyyətində onların
fəal daşıyıcısına çevrilir.
Yaşadığımız cəmiyyətin inkişaf etməsi üçün öz mənafeyimizi cəmiyyətin
mənafeyinə tabe etdirməliyik. Borc və mənəvi borcu dərk etmək, insanın həmin
borca əməl etmək qabiliyyəti onun ictimai mahiyyətini açıb göstərir. Borc hissi
insana əlavə qüvvə verir, nəhayətində qorxu hissi yox olub gedir və o, həyatı ilə
riskə girərək özünü ən təhlükəli hadisələrin içinə atmaqdan çəkinmir. Bunu
Azərbaycan xalqının mənfur düşmənlərimiz üzərindəki 44 günlük müharibədə
qazandığı qələbə sübut etdi. Borc hissini ürəyində, qəlbində gəzdirən Azərbaycanın
qəhrəman oğulları canını, qanını Vətənə qurban verərək üzərimizdə otuz ildən bəri
dolaşan qara buludları məhv etdilər. Düşmənin ayaqları altında inildəyən, otuz
ildən bəri öz sahiblərinin yolunu gözləyən torpaqlarını azad etdilər.
Vətənin azad edilməsini onlara heç kimsə diktə etmədi, onlar
azadlıq mübarizəsinin nə demək olduğunu başa düşərək, Vətənə olan borclarını
canları ilə ödədilər. Onlar bir şüarla düşmən üzərinə yürüdülər: “Azadlıq verilmir,
azadlıq alınır” deyərək canlarını borclu olduqları Vətənə fəda etdilər.
Borc yalnız əxlaqi borcun dərk olunması deyil, onun həyata
keçirilməsi istiqamətində olan fəaliyyətdir, görüləcək işlərdir. Hər bir vətən övladı
insanlıq və vətəndaşlıq borcunu yerinə yetirməyə borcludur. Bu yolda boran da,
qar da olar, ölmək-itmək də olar, lakin qorxmadan, çəkinmədən ölümün üzərinə
yürüməklə həyatını fəda etmək, yüzlərlə, minlərlə insanın həyatını xilas etmək
deməkdir. Xilas edilənlərin içərisində ana-bacıları, qızları, körpələri varsa, demək
o, tək Vətən torpağını deyil, namusunu, qeyrətini xilas etmiş olur. Bir ömrü itirmək
minlərlə insana həyat verməkdir.
Qəribə burasıdır ki, bəzən yeniyetmə və gənclərin ictimai borcu və onların

3
arzuları arasında ziddiyyətlər özünü göstərir. Gənclərimiz arzularının arxasınca
gedərək müəllimlik, mühəndislik, həkimlik peşəsinə yiyələnirlər. Baxmayaraq ki,
Azərbaycanın ucqar rayonlarında, kəndlərində bu peşələrə ehtiyac var, bir çox
gənc mütəxəssisimiz o regionlara getməkdən boyun qaçırır, şəhərdə qalıb ixtisasını
uyğun olmayan işlərdən yapışır və həyatlarının ən gözəl çağlarını vaxt öldürməklə
keçirirlər. Onların arzuları, istəkləri və vətəndaşlıq borcu arasında uçurum yaranır.
Müxtəlif yollara baş vuraraq, özlərinə ağır xəstəliklərlə bağlı sənəd düzəltməklə
hərbi xidmətdən yayınaraq vətəndaşlıq borcunu yaddan çıxarırlar.
Odur ki, istər evdə valideynləri, istərsə də təhsil müəssisələrində onlara
başa salmaq lazımdır ki, borc haqq işi uğrunda mübarizə aparmaq, qətiyyətli və
dözümlü olmaq, çətinlikdən, ölümdən qorxmamaq kimi həyat normalarına çevrilən
prinsipləri yerinə yetirmək hissidir. Rus pedaqoqu Makarenko da bu haqda öz
fikirlərini belə ifadə etmişdir: “Uşaqların düzgün tərbiyə edilməsində ailənin borcu
cəmiyyət qarşısında və onun gələcəyi qarşısında olan borcun xüsusi formasıdır.
Uşaqların tərbiyəsi bizim xoşbəxt gələcəyimizdir. Yanlış verilmiş tərbiyə gələcək
dərdimiz və göz yaşımızdır. Bizim digər insanlar qarşısında, eyni zamanda Vətən
qarşısında ən böyük günahımızdır”.

Bu dediklərimizdən aydın olur ki, valideyn borcu, övlad borcu da mövcuddur.


Valideynlərin borcu dünyaya gətirdikləri övladlarını böyüdüb boya-başa
çatdırmaq, onları yedizdirib-geyindirmək, tərbiyə etmək, qayğılarına qalmaq, təhsil
vermək, evləndirib ev-eşik sahibi etmək kimi şərəfli vəzifəni yerinə yetirməkdir.

Övladların borcu isə ata-analarının hörmətini saxlamaq, ailə dəyərlərinə


qiymət vermək, məsləhətlərinə qulaq asmaq, öyüd-nəsihətlərini dinləmək,
qocalanda onlara qayğı göstərmək, maddi-mənəvi dəstək vermək olmalıdır. Bəzən
yanlış verilmiş tərbiyə nəticəsində uşaqlar öz borclarını unudurlar. Onlar dərk

4
etməlidir ki, valideyn qocaldıqca uşaqlaşır, necə ki, valideyn uşaqlar böyüyənədək
onların nazını çəkir, yuxusuz gecələr keçirir, xəstə olanda səhərədək başında keşik
çəkirlər, eyni zamanda onlar qocalanda borcunu ödəmək məcburiyyətindədir.

Burada bir hadisəni xatırlatmaq yerinə düşər. Oğul qoca atası ilə parkda
oturmuşdu. Ata ətrafa baxır, oğlu isə qəzet oxuyurdu. Qəfildən onların yanına bir
sərçə qonur. Ata oğlundan sərçənin nə olduğunu soruşanda oğlu “sərçədi” deyib
qəzet oxumağa davam edir. Ata təkrar bir də eyni sualı verir, oğlu yenə eyni
cavabı verir. Lakin ata bir neçə dəfə təkrar oğlundan sərçənin nə olduğunu
soruşduqda oğlu əlindəki qəzeti yerə vuraraq qışqırır, “axı sənə onun sərçə
olduğunu söylədim, nədən eyni sualı təkrarlayıb durursan?” Ata oğluna belə bir
cavab verir: “Mən sənə dünyanı dərk etdirmək üçün bəlkə də milyonlarla sualına
cavab vermişəm, amma bir dəfə də olsun sənə səsimi yüksəltməmişəm” deyir və
kövrəlir. Atasının göz yaşlarını görən oğlu etdiyi hərəkətindən peşiman olur,
atasını qucaqlayıb öpür, göz yaşlarını silir və ondan üzr istəyir.
Buradan belə bir qənaətə gəlirik ki, qocalmış valideynlər ömrünün ikinci
uşaqlığını yaşayır. Onlar vaxtilə öz uşaqlarına hansı qayğı ilə yanaşmışsa, qocalıb
əldən-ayaqdan düşəndə də övladlarının borcu onlara öz uşaqları kimi baxmaqdır.
İslamda vurğulanır ki, cənnət anaların ayağı altındadır. Demək ki, anaya-ataya bu
dünyada nə qədər qayğı və nəvazişlə yanaşsaq, cənnətimizi qazanmış olarıq.
Arzu, istək, meyl, maraq borcla vəhdət təşkil edir və eyni zamanda inamla sıx
bağlıdır. Bu müsbət əxlaqi keyfiyyətlər birlikdə həyata keçirilərsə daha böyük
nəticələr verir. Borcun həyata keçirilməsinə inam münbit şərait yaradır.
Bildiyimiz kimi, əxlaqi borc da mənəvi dəyərdir və insanın vəzifələri ilə
əxlaqi borcu arasında sıx əlaqə mövcuddur. Bəzi ədəbiyyatlarda mənəvi borcla
vəzifələr eyniləşdirilir, lakin bu belə deyildir. Əxlaqi borc insanların şəxsi
maraqlarından, onların sosial vəziyyətindən irəli gələn vəzifələrin həyata

5
keçirilməsini təmin edəcək şərtlə bərabər tutulmamalıdır.
Bəzi hallarda mənəvi borcla insanların vəzifələri arasında ziddiyyətlər,
gərginliklər yaranır. Buna misal olaraq deyə bilərik ki, insanın hərbi borcu yeri
gəlsə düşmənini öldürməyi edirsə, mənəvi borc isə bunun əksinə olaraq qəti
şəkildə öldürməməyi tələb edir. Bu cür yaranmış vəziyyətə aid olan əxlaqi
problemin həll olunması vəzifəsi bu tələbi həyata keçirənin üzərinə düşür. Yəni
cəmiyyətin hər bir üzvü bu vəziyyətlə qarşılaşa bilər. Odur ki, hər bir insan mənəvi
borcun mahiyyətini özü dərk etməli, özü anlamalıdır. Əgər o, mənəvi borcunu
düzgün anlamırsa, heç bir rəy, ictimai nüfuza ona bəraət qazandırmaz.

İnsanın öz vicdanı qarşısındakı məsuliyyəti, eyni zamanda onun cəmiyyət


qarşısındakı məsuliyyətidir. İctimai rəy insanın öz borcunu necə başa düşdüyü,
necə dərk etdiyi haqda dəqiq fikir yürüdə bilir. Odur ki, əsil insan nə etdiyini, hansı
vəzifəni yerinə yetirdiyini dəqiq anlamalı və gördüyü hər bir işin məsuliyyətini
daşımalıdır. Belə olmadığı halda ictimai qınaqla üzləşə bilər.

You might also like