You are on page 1of 8

X.

KOMMUNİKASİYA PROSESİNDƏ ƏDƏBİ DİLİN NORMALARINDAN


DÜZGÜN İSTİFADƏ: QRAMMATİK NORMA.
MORFOLOJİ VƏ SİNTAKTİK NORMALARIN NİTQDƏ ROLU.
Qrammatik norma nitq mədəniyyətinin əsas şərtlərindən biri olub, dilin qrammatik
quruluşunu əhatə edir. Qrammatik norma bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və
aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə
necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir.
Digər normalarla müqayisədə qrammatik norma daha sabit olur, çox az dəyişikliyə
uğrayır. Qrammatik norma dilin milliliyinin, orijinallığının qorunub saxlanmasında
mühüm rol oynayır.
Qrammatik norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir.
Bura şəkilçilərin ardıcıllığı, sintaktik əlaqə formaları, cümlə üzvlərinin cümlədə yeri,
kəmiyyət, mənsubiyyət, zaman, şəxs və s. kimi qrammatik kateqoriyaların ədəbi dildə
gözlənilməsi ilə bağlı qaydalar daxildir. Bu baxımdan qrammatik normalar morfoloji və
sintaktik normalar kimi öyrənilir.
Morfoloji normalar
Morfoloji norma sözün qrammatik formasının düzəldilməsi qaydasıdır ki, sözdüzəltmə
və sözdəyişmə bu norma daxilində tənzimlənir. Bura şəkilçilərin ardıcıllığı, qrammatik
kateqoriyaların (kəmiyyət, mənsubiyyət, hal, inkarlıq, şəxs və s.) ədəbi dildə gözlənilməsi ilə bağlı
qaydalar da daxildir. Ədəbi dilin morfoloji normalarına aşağıdakı qaydaları aid edə bilərik:
1. Şəkilçilərin ardıcıllığı.
a) Adlarda və feillərdə şəkilçilərin müəyyən işlənmə ardıcıllığı vardır. Adlara (isim,
sifət, say və s.) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər
kateqoriya-sının şəkilçiləri artırılır:
tələbə+lər+imiz+dən+dir və s.
b) Felin kökünə isə ardıcıl olaraq növ, forma (şəkil), şəxs-xəbərlik şəkilçisi artırılır:
yaz+dır +malı +dır və s. Əgər inkar şəkilçisinə ehtiyac olarsa, növ şəkilçisindən sonra,
forma şəkilçisindən əvvəl artırılmalıdır: yaz+dır+ma+malı+dır.
Şəkilçilərin yerinin dəyişməsi morfoloji normanın pozulmasına gətirib çıxara bilər.
Məs: “Onlar bizə tez-tez gələrlərdi” cümləsində idi hissəciyinin şəkilçiləşmiş forması -di
sıranı pozub. Qrammatik qaydaya görə, idi (-di) hissəciyi şəxs-kəmiyyət şəkilçisindən
əvvəl gəlməli idi: Onlar bizə tez-tez gələrdilər.
2. Asemantik şəkilçilərdən istifadə olunması.
a) Bəzən nitqdə ehtiyac olmadığı halda yersiz, asemantik (mənasız) şəkilçilərdən
istifadə olunur ki, bu da morfoloji normanın pozulması ilə nəticələnir

1
Hər birimiz gündəlik həyatımızda bu kimi cümlələrə tez-tez rast gəlirik. Məs:
“Müvəqqəti narahatçılığa görə üzr istəyirik”; “Şəhərimizdə yaranan tıxaclar sürücülərin
narazıçılığına səbəb olur”.
Burada -çı4 şəkilçisi artıqdır, çünki bu şəkilçi peşə, sənət bildirən isimlər əmələ
gətirir, məs: neftçi, tarixçi və s. Neftçi, tarixçi peşəsi var, amma narahatçı, narazıçı peşəsi
yoxdur, buna görə də həmin sözlərə mücərrəd mənalı sözlər düzəldən -lıq4 şəkilçisi
artırılır və narahatlıq, narazılıq sözləri yaranır. Yaxud dilimizdə “xadimə” sözü olduğu
halda çox insan öz nitqində “xadiməçi” sözündən istifadə edir. Təbii ki, burada da –çi
şəkilçisi artıqdır, çünki belə bir söz dilimizin lüğət tərkibində, ümumiyyətlə, mövcud
deyil. Bu fikir düşmənçilik,“peşmançılıq”, “sakitçilik” kimi bir çox başqa sözlərə də
aiddir
Bəzi dilçilər “avaraçılıq”, “yetimçilik”, “kasıbçılıq” sözlərindəki “-çılıq” hissəsini
mürəkkəb şəkilçi hesab edir, onun işlənməsinə haqq qazandırırlar. Əslində isə, həmin
“mürəkkəb” şəkilçi məhz “-çı4”nın yersiz işlənməsi (sifətə artırılması) nəticəsində
formalaşmışdır. “-çı4”dan sonra “-lıq4 “ şəkilçisi yalnız o zaman işlədilə bilər ki, sözün
kökü ilə (isimlə) birlikdə “-çı” müəyyən anlayış bildirsin, həmin birləşmənin leksik
mənası olsun: dil+çi+lik, dəmir+çi+lik, yalan+çı+lıq və s.
b) “İdxalatçı”, “istehsalatçı”, “dekanatlıq” sözlərindəki “-at” şəkilçisi də artıqdır,
“idxalçı”, “istehsalçı”, “dekanlıq” olmalıdır. “Cəmiyyət üçün narahatçılıq doğuran yalnız
bir tendensiya müşahidə olunur” cümləsində “narahatçılıq” yox, “narahatlıq” deyilməli
idi.
c)“-sız4” şəkilçisi isimlərə artırılaraq sifət əmələ gətirir: ağıl+sız, duz+suz və s.
Türkiyə türkcəsinin təsiri ilə “rahatsız”, “mümkünsüz” tipli sözlər işlədilir ki, bu da
morfoloji normanın pozulmasıdır.
d) Tərkibində “kaş” ədatı olan cümlənin xəbəri feilin arzu şəkli ilə ifadə olunmalıdır:
“Kaş mənim də anam sağ olaydı”. Bəzən arzu şəklinin əvəzinə, yanlış olaraq feilin şərt
şəklindən (-sa2) istifadə olunur: “Kaş sizi çoxdan verilişimizə dəvət etsəydim” Düzgün
variantda “dəvət edəydim” deyilməli idi.
e) “Rəsmi sənədləri, qəzet səhifələrini, efir və ekranları zəbt etmiş seçkilər
yaxınlaşır” cümləsindəki “seçkilər” sözü haqqında ayrıca danışmaq lazım gəlir. Rus
dilində yalnız cəm halda işlənən xeyli söz var: брюки, вecы, духи, ножницы, noxopoны,
часы və s. Bunlar formaca cəm halda olsa da, məzmunca tək isim kimi qavranır və
düzgün olaraq dilimizə də tək isim kimi çevirilir: şalvar, tərəzi, ətir, qayçı, dəfn, saat və s.
“Bыбopы” da belə sözlərdən biridirsə, nəyə görə onu cəm halda işlətməliyik? Axı söhbət
bir prosesdən, bir kampaniyadan gedir: prezident seçkisi, parlament seçkisi, bələdiyyə
seçkisi. Televiziya xəbərində səslənən “Amerika Birləşmiş Ştatlarında keçirilmiş
prezident seçkilərində Donald Tramp qalib gəlmişdir” cümləsində “prezident seçkisində”
işlədilməli idi.

2
ə) Bəzən bir sözdə iki dəfə inkarlıq şəkilçisindən istifadə olunur ki, bu da morfoloji
normanın pozulması ilə nəticələnir. Məsələn: “Bu böyük çatışmamazlıqdır” əvəzinə “Bu
böyük çatışmazlıqdır” və ya “Onlar arasında anlaşılmamazlıq var” yerinə “Onlar arasında
anlaşılmazlıq var” işlədilməsi morfoloji cəhətdən daha düzgündür. Çünki bu sözlərdə
(çatışmazlıq, anlaşılmazlıq) inkarlıq anlayışı olduğuna görə inkar şəkilçisi işlətməyə
ehtiyac yoxdur.
3. Kəmiyyət kateqoriyasının gözlənilməsi.
Azərbaycan dilində saylardan sonra gələn isimlər bəzən təkdə, bəzən isə cəmdə
işlənə bilər:
a) Müəyyən miqdar saylarından sonra gələn isimlər həmişə təkdə işlədilməlidir.
Məsələn: “iki kitablar” və ya “beş tələbələr” demək yanlışdır. Bu halda qrammatik norma
pozulur. Amma bədii əsərlərdə daha çox mücərrədlik ifadə edərək (yüz illər, min illər,
milyon illər və s.) üslubi effekt yaradır. Məs:
Yüz illər bir yerdə qalan,
Səbir, təmkin heykəlisən ... (F.Qoca)
b) Bəzi qeyri-müəyyən miqdar saylarından sonra (bir sıra, bir çox) isimlər yalnız
cəmdə, bəzilərindən sonra (az, xeyli, bir neçə, bir qədər, bir az) təkdə, bəzilərindən sonra
isə (çox, çoxlu, onlarca, yüzlərlə) həm təkdə, həm də cəmdə gələ bilər. Məsələn:
İclasda bir çox məsələlər müzakirə olundu.
Yarışda bir sıra ölkələr iştirak edirdi.
Sənəddə bir neçə təklif öz əksini tapıb.
Müşavirədə xeyli qonaq var idi.
Yüzlərlə abituriyent imtahanda öz biliyini sınadı.
c) Sıra sayının aid olduğu isim çox vaxt təkdə olur: üçüncü dərs, 2016-cı il. Lakin
bəzi hallarda sıra sayı ilə işlənən isim çoxluq bildirərək cəmdə işlənə bilər, məs;
6-cı siniflər yarışda qalib gəldilər.
90-cı illər bir çox tarixi hadisələrlə yadda qaldı.
d) Eyni sözün təkrarı ilə düzələn mürəkkəb sifətlərdən sonra gələn isimlər cəmdə
olmalıdır. Məs. uzun-uzun yollar, qalaq-qalaq kitablar və s.

4. Mənsubiyyət kateqoriyasının gözlənilməsi.


Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin iştirakı olmadan
da düzəlir. Nitqin yığcamlığı prinsipinə uyğun olaraq sahib şəxs ixtisara düşür. Məs:
ailəm, eviniz və s. Bu o deməkdir ki, sahib şəxs olmadan da mənsubiyyət anlayışını ifadə
etmək mümkündür, lakin bu zaman mənsubiyyət şəkilçisinin işlədilməsi mütləqdir.
Bəzi hallarda - I və II şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan
da mənsubiyyət anlayışını ifadə etmək mümkündür, bu zaman I tərəfin işlənməsi

3
mütləqdir: bizim ailə, sizin ev. Lakin bu hal qalan şəxslərdə mümkün deyil. Məs; mənim
ev, sənin ev, onun və ya onların ev deyilməz. Bu, morfoloji normanın pozulması halıdır.
Bədii əsərlərdə bu kimi hallarla tez-tez qarşılaşırıq:
Bilməm nə görübdür bizim oğlan oxumaqdan?
Dəng oldu qulağım.
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan
İncəldi uşağım (M.Ə.Sabir).
***
Bizim eldə bu adətdir əzəldən,
Hörmət olur sənətkara, sevgilim (M.Rahim).
Canlı danışıq dilində, dialoqlarda mənsubiyyət kateqoriyasının II tərəfi, ümumiyyətlə,
ixtisar oluna bilər. Məs: - Bu kimin kitabıdır? – Mənim.
Dilimizdə saitlə bitən bəzi alınma sözlərin (tale, mənbə, mənşə, mövqe, mənafe) və
milli sözlərin ( su, nə) qəbul etdikləri mənsubiyyət şəkilçiləri bir qədər fərqlənir. Bu
sözlərdə mənsubiyyət şəkilçisinin əvvəlində y samiti işlənir. Məsələn: mövqeyim,
mənşəyi
“Vaqif Səmədoğluna” ifadəsində, “Xankəndinə” sözündə morfoloji norma pozulub,
“Vaqif Səmədoğluya”, “Xankəndiyə” olmalıdır, çünki yönlük halda saitlə bitən sözlərdə
y bitişdiricisindən istifadə olunmalıdır.
5. İnkarlıq kateqoriyasının gözlənilməsi.
Azərbaycan dilində inkarlıq müxtəlif yollarla (xeyr, yox, deyil sözləri ilə; -ma, mə
şəkilçiləri ilə; nə, nə də bağlayıcıları ilə) ifadə olunur.
a) Qrammatik qaydaya görə, cümlədə nə, nə də bağlayıcısından sonra gələn feil
təsdiqdə olmalıdır, məs: “Nə yazır, nə də oxuyur”; “Nə gülür, nə də danışır”. Əgər bu
cümlələr “Nə yazmır, nə də oxumur” və ya “Nə gülmür, nə də danışmır” şəklində ifadə
olunsa, dilimizin morfoloji norması pozulmuş olar.
b) Bilmək sozü ilə yaranan feillərdə: yaza bilmək, ala bilmək, görə bilmək, duya
bilmək və s şəxs şəkilçisi qəbul edərkən şəxs şəkilçiləri bilmək sözünə qoşulur. İnkarı -
ma2 inkar şəkilçisi ilə yaranır. Bu zaman inkar şəkilçisi bilmək sözünə qoşulur: görə
bilmədim, görə bilmədin, görə bilmədi və Müasir poeziyada bu forma geniş şəkildə
işlənməkdədir və ədəbi dil üçün normadır. Lakin bəzən bu normanın pozulması hallarına
da rast gəlinir. Məsələn:
Çox razıyam taleyimdən, yazımdan,
Olammadım nə yaxının, nə yadın.
Ünvan bəlli, mənzil yaxın, yol kəsə,
Varlığımı qaldırammır qanadım .
Siləmmirəm yaddaşımın pasını,
Xatirələr geri dönür birbəbir . (Sərdar Zeynal)
4
Qoy gəlsin,əylənib gülüşək bir az,
Bizim dilimizi o bağlayammaz ( S.Vurğun)
c) –ma2 inkar şəkilçisi indiki və qeyri-qəti zamanda saitini itirir. Məs. Yazmıram
sözünü yazmayıram kimi işlətmək norma pozuntusudur. Bəzən şeirlərdə belə hallara
təsadüf olunur ki, bu variant artıq arxaikləşmişdir.
Onlar neçin danışmayır? Neçin gülüb oynamayır?
Neçin mənim təbim bulaq olub qaynamayır? (S.Vurğun)

6. Zaman kateqoriyasının gözlənilməsi.


Məlumdur ki, Azərbaycan dilində feilin üç zamanı (keçmiş, indiki, gələcək zaman)
və hər zamanın öz morfoloji əlaməti var. Qrammatik qaydaya görə, qeyri-qəti gələcək
zamanda ikinci və üçüncü şəxsin təkində və cəmində -ar2 zaman şəkilçisinin tərkibindəki
r samiti z samitinə keçir. Ancaq təəssüf ki, canlı danışıq zamanı bu qayda bəzən pozulur,
yəni bir çox insan “gəlməzsən”, “bilməzsən” əvəzinə “gəlmərsən”, “bilmərsən” deyir.
Təbii ki, bu, qrammatik cəhətdən düzgün deyil və morfoloji normanın pozulması kimi
qiymətləndirilir.
Nitqimizdə qəlibləşmiş yanlışlıqlardan biri də feili sifətlərin və onlardan düzəlmiş
tərkiblərin zamanı ilə bağlıdır. Bəllidir ki, feli sifət feilin, demək olar, bütün əlamətlərini
(hərəkət, zaman, təsirlilik-təsirsizlik, növ, təsdiq-inkar, tərz və s.) əks etdirir və bunların
sırasında zaman kateqoriyası ayrıca yer tutur. Feili sifət təyin olunan əşyanın zamanla
bağlı əlamətini, keyfiyyətini, vəziyyətini bildirir, müvafiq zaman şəkilçiləri qəbul edir.
Lakin bəzən buna məhəl qoyulmur, feili sifətin hər üç zamanında yalnız indiki zamanı
bildirən “-an2” şəkilçisindən istifadə olunur, “-mış4”, “-acaq2” şəkilçiləri isə unudulur və
bunun nəticəsində mütəxəssislər bu cür misallarda da “-an” şəkilçisini ümumi zaman
şəkilçisi kimi səciyyələndirmək məcburiyyətində qalırlar. Məs:“Gələn il keçirilən
buraxılış imtahanlarında yeniliklər tətbiq olunacaq”. Düzgün variant “keçiriləcək”
şəklində olmalıdır.
Sintaktik normalar
Sintaktik normalar bütün sintaktik konstruksiyaların, ayrı-ayrı söz birləşmələrinin,
eləcə də bütöv cümlələrin düzgün qurulmasını və işlədilməsini müəyyənləşdirir. Buraya
cümlələrin ölçüsü, söz sırası, əlaqələrin düzgün qurulması mübtəda ilə xəbərin uzlaşması,
həmcins üzvlərin verilməsi kimi məsələlər daxildir. Ədəbi dilin sintaktik normalarına
aşağıdakı qaydaları daxil edə bilərik:
1. Cümlə üzvlərinin sırası.
Nitq prosesində cümlə üzvləri müəyyən düzülüş qaydasına tabe olmalıdır.
Qrammatik qaydaya görə, xəbər həmişə mübtədadan asılı olub, onunla şəxsə və
kəmiyyətə görə uzlaşır. Cümlədə əksər hallarda mübtəda əvvəl, xəbər isə ondan sonra,

5
bütün cümlə üzvlərindən sonra işlənir. Lakin üslubi effekt yaratmaq məqsədilə bədii
əsərdə, xüsusilə şeirlərdə mübtəda xəbərdən sonra işlənir. Məs:
Sağalsın yaralar, axmasın qanlar,
Sevinsin insanlar, gülsün insanlar (S.Rüstəm).
Nida cümlələrində də bir sıra hallarda xəbər mübtədadan əvvəl gəlir. Məs: Yaşasın
Azərbaycan! Var olsun Azərbaycan xalqı!
Azərbaycan dilində cümlədə tamamlığın əsas yeri cümlənin daxili, yəni mübtəda ilə
xəbərin arasıdır. Sintaktik normanın tələbinə görə tamamlıq həmişə aid olduğu tabeedici
sözdən (feili, bəzən də ismi xəbərdən) əvvəl gəlir. Bu, tamamlığın cümlədə və nitqdə əsas
yeridir. Lakin məna və formalarına görə tamamlığın tutduğu mövqe dəyişir. Belə ki,
qeyri-müəyyən vasitəsiz tamamlıqların yeri cümlədə sabitdir, həmişə xəbərdən əvvəl və
onun yanında işlənir. Qeyri-müəyyən vasitəsiz tamamlığın yeri dəyişdirilərsə, cümlənin
məzmunu pozular, anlaşılmazlıq, dolaşıqlıq əmələ gələr. Məs:
Ovçu quş vurdu. - Quş ovçu vurdu.
Bu qeyri-müəyyən vasitəsiz tamamlığın feili xəbərlə daha sıx sintaktik əlaqədə
olmasından və məntiqi vurğunu öz üzərinə götürməsindən irəli gəlir.
Qeyri-müəyyən vasitəsiz tamamlığa nisbətən vasitəli və müəyyən vasitəsiz
tamamlığın cümlədə yeri sərbəstdir. Onlar əsasən mübtədadan sonra, xəbərdən əvvəl
gəlir. Fikrin məzmunundan, subyektin məqsədindən, yaxud məntiqi vurğudan asılı olaraq
Azərbaycan dilindəki bu qrup tamamlıqların yeri dəyişə bilər. Məs:
Mən əhvalatı İnciyə danışdım. - Mən İnciyə əhvalatı danışdım.
Azərbaycan dilinin üslubi imkanlarına görə tamamlıqların sırası dəyişə bilər.
Xüsusi intonasiya ilə deyilən cümlələrdə tamamlıq özünü xəbərdən sonra da göstərə bilər;
məs: Əl çək bu pis əməllərdən!
Bu vəziyyət daha çox atalar sözlərində müşahidə olunur; məs: Saxla samanı, gələr
zamanı; Açaram sandığı, tökərəm pambığı və s.
Azərbaycan dilində cümlə üzvlərindən təyinin yeri daha möhkəmdir. Başqa türk
dillərində olduğu kimi, Azərbaycan dilində də bir qayda olaraq təyinlər həmişə təyin
etdiyi sözün əvvəlində, onun yanında gəlir və həmin sözə yanaşma əlaqəsi ilə bağlanır. Bu
cəhətdən dilimizdəki təyinlərin yeri sabitdir. Bunların yeri dəyişdirildikdə bəzən təyin
təyinolunan sözə və əksinə çevrilir; məs: “müəllim Əhməd” birləşməsində “müəllim”
(birinci söz) təyin olduğu kimi, “Əhməd müəllim” birləşməsində “Əhməd” (birinci tərəf)
əslində təyindir.
Təyinlə təyin olunanın yerdəyişməsinə dilimizdə nadir hallarda rast gəlmək olur.
Bəzən şeirlərdə bu vəziyyət müşahidə olunur ki, bu da nitqin emosionallığını artırır, ona
üslubi çalarlıq verir; məs:
Buludlar don geydi sarı, qırmızı (S.Rüstəm).

6
Zərflik daha çox xəbərin yanında, ondan əvvəl gəlir və xəbərlə yanaşma və idarə
əlaqəsində olur. Yer, kəmiyyət və tərzi-hərəkət zərfliklərinin yeri zərfliyin digər növləri
ilə müqayisədə sabitdir və aid olduğu cümlə üzvünün adətən yanında (feili xəbərin
əvvəlində) işlənir. Lakin zərfliyin digər növləri bu baxımdan nisbətən sərbəstdir. Belə ki,
zaman zərflikləri əksər hallarda cümlənin əvvəlində (hətta mübtədadan əvvəl) işlənir.
Məs: Axşam narın yağış yağırdı.
Səbəb və məqsəd zərflikləri bütün cümlə üzvlərindən, hətta mübtədadan da əvvəl
işlənə bilər. Məs: Xəstələndiyi üçün Aydan dərsə gəlməmişdi.
Qrammatik qaydaya görə, cümlə üzvlərinin yerini dəyişməsi sintaktik normanın
pozulması hesab olunur. Lakin üslubi effekt yaratmaq məqsədilə bədii əsərlərdə, xüsusilə,
şeirlərdə söz sırasının pozulması məqbul sayılır və obrazlılıq yaradan vasitələrdən biri –
inversiya kimi səciyyələndirilir.
2. Mübtəda ilə xəbərin uzlaşması.
Nitqdə sintaktik əlaqələrin pozulması sintaktik normanın pozulması deməkdir.
Cümlədə mübtəda ilə xəbərin kəmiyyətcə uzlaşmasının bir neçə qaydası var:
a) Mübtəda insan anlayışı bildirirsə, xəbər hökmən onunla uzlaşmalıdır: “Tələbələr
imtahana hazırlaşırlar”;
b) Mübtəda heyvan anlayışı bildirirsə, baş üzvlər arasında kəmiyyətcə uzlaşma ola
da bilər, olmaya da: “Köçəri quşlar uçub getdilər”, “Köçəri quşlar uçub getdi”. Hər iki
variant doğrudur;
c) Mübtəda cansız əşya anlayışı bildirirsə, cümlənin xəbəri yalnız tək halda olur:
“Yarpaqlar tökülüb”;
d) Mübtəda toplu isimlə (camaat, kollektiv, ordu və s.) ifadə olunubsa, cümlənin
xəbəri yalnız tək halda olur: “Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir”.
.Zəngilanın 35 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb.
Məsələn, uzlaşma əlaqəsinə görə, III şəxsin cəmində mübtəda cansız əşya ilə ifadə
olunduqda, xəbər təkdə olmalıdır. Yəni əgər “Çaylar daşır” əvəzinə “Çaylar daşırlar”
işlənərsə, uzlaşma əlaqəsi pozular. Bu isə sintaktik normanın pozulması deməkdir. Amma
bədii üslubda bu hal norma pozuntusu sayılmır; məs: “Dağlar, daşlar dilə gəldilər”. Bəzən
müəlliflər bədii əsərdə obrazlılıq yaradarkən bu cür cümlələr qura bilərlər.
e) Mübtəda ismi birləşmə ilə ifadə olunduqda xəbərlə uzlaşma əsas tərəfə görə
müəyyən olunur. İsmi birləşmənin əsas tərəfi tək olduqda xəbər də təkdə olmalıdır. Məs:
Səfəvilər dövlətini yaradan qəhrəmanların əksəriyyəti Çaldıran döyüşündə həlak oldu.
İnsanların əksəriyyəti çox qüssəli, ya da çox şad dəqiqələrində göz yaşlarına hakim
olmağı bacarmır.Tamaşaçıların çoxu zalı vaxtından əvvəl tərk etmişdi.
İsmi birləşmənin əsas tərəfi III şəxsin cəmində cansız əşya ilə ifadə olunduqda, xəbər
təkdə olmalıdır.Məs: Gün çıxdı, ağacın yuyulmuş yarpaqları sanki gülümsədi.

7
İnsan anlayışı olduqda cəmdə olmalıdır.Məs. Dəstəmizin üzvləri yağış kəsməyincə
mağaradan çıxmadılar. Xalqımızın igid oğulları Qarabağı düşmən tapdağından azad
etdilər.Amerika Birləşmiş Ştatlarının təyyarəçiləri İraq ərazisinə ümumilikdə 124 zərbə
endiriblə.
Heyvan anlayışı bildirəndə isə hər iki halda ola bilər.
Meşə heyvanları qış yuxusundan oyanırdı (oyanırdılar).
f) Həmcins mübtədalarla xəbərin uzlaşmasında da müəyyən qaydalar vardır.
Məsələn, “Mən və dostum “Uzaq sahillərdə” filmini izlədim”, yaxud “Görüşə siz və onlar
dəvət olunublar” cümlələrində uzlaşma əlaqəsi, yəni sintaktik norma pozulmuşdur.
Sintaktik qaydaya görə, cümlədə həmcins mübtədalardan biri I şəxs əvəzliyi olarsa, xəbər
I şəxsin cəmində, mübtəda II və III şəxslərdə olarsa, xəbər II şəxsin cəmində olmalıdır.
Deməli, sintaktik normaya görə, “Mən və dostum “Uzaq sahillərdə” filmini izlədik”,
yaxud “Görüşə siz və onlar dəvət olunubsunuz” olmalıdır.
Əgər həmcins mübtədalar ancaq üçüncü şəxslərdən ibarət olarsa, bu zaman uzlaşma
aşağıdakı qaydada olacaqdır:
1. Qızlar da, oğlanlar da yarışda iştirak edirdilər.
2. İnəklər, qoyunlar və keçilər otlaqdan qayıdırdı (qayıdırdılar).
3. Kitablar və dəftərlər stolun üstündədir.

You might also like