You are on page 1of 11

“Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası”

təliminin oxu materialı


“Bütün dünya sonsuz və sərhədsiz bir mətndir.”
Jak Derrida (Fransız yazıçısı)
“Yaradan Rəbbinin adı ilə oxu!”
Qurani Kərimin ilk əmri
“Anlamaq üçün oxu!”

Oxuyub-anlama
Oxuyub-anlama bacarığı şagirdlərin təlim prosesinə cəlb olunduğu ilk gündən etibarən
formalaşdırılmağa başlanılan və məktəb həyatının sonuna qədər inkişaf etdirilən bir bacarıqdır.
Bu bacarıq şagirdin bütün tədris dövründə əldə edəcəyi gələcək nailiyyətlərin təməlində dayanan
ilkin bacarıqlardandır. Bir sözlə, şagirdin uğurunun başlanğıcıdır. Buna görə də oxuyub-anlama
bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan dili müəlliminin daim
diqqətdə saxlamalı olduğu aktual bir məsələdir. Təbii ki, bu bacarıq birdən-birə mükəmməl bir
səviyyəyə gəlib çatmır. Bunun üçün hər bir dərsdə konkret və aydın təlim nəticəsi
müəyyənləşdirilməli, həmin nəticənin əldə olunmasını təmin edən öyrənmə prosesi təşkil
edilməlidir.
Oxuyub-anlama dedikdə nə nəzərdə tutulur? Bu hərflərin tanımaq və mətni oxumaqla
yekunlaşan bir proses deyil. Oxuyub-anlama prosesi dedikdə şagirdin müstəqil şəkildə oxuduğu
mətndən ən sadə məlumatları ( obraz, məkan adları, tarixlər və s.) müəyyənləşdirməsi, mətndəki
hadisələri adlandırması, mətnin hadisələri arasında əlaqələri aydınlaşdırması, mətndə aşkar,
yaxud gizli şəkildə verilən məlumatları müəyyənləşdirməsi, mətnin müxtəlif hissələrində verilən
məlumatları əlaqələndirərək nəticə çıxarması, informasiyanı təhlil etməsi (obrazları və
şəxsiyyətləri səciyyələndirməsi, səciyyələndirərkən arqumentlər gətirərək fikrini əsaslandırması,
faktlar və hadisələri əlaqələndirməsi, mətnin ideyasını müəyyənləşdirməsi), mətnin strukturunu
(müəllif sözü, tünd rəngli, yaxud kursivlə yazılan hissənin nə məqsəd daşıdığını
müəyyənləşdirməsi, təkrarlanan abzas, cümlə və ifadələrin məna yükünü müəyyənləşdirməsi və
s.) mənalandırması, mətni ümumiləşdirməsi, yığcam şəkildə nağıl etməsi, interpretasiya edərək
təqdim etməsi, mətnə aid sualları cavablandırması və s. nəzərdə tutulur. Bütün bunlar oxuyub-
anlamanın, başqa sözlə, şüurlu oxunun təmin olunmasıdır.
Əlbəttə ki, şagirdin oxuduğu mətnlər onun yaş səviyyəsinə görə getdikcə - sinifdən-sinfə
keçdikcə mürəkkəbləşir. Şagirdlərin həm məzmun, həm də struktur baxımından müxtəlif
mətnləri oxuyub-anlama bacarıqları inkişaf etdirilir. Mükəmməl oxu bacarıqlarına yiyələnmiş
şagirdlər oxuduqları mətndə nə danışıldığını asanlıqla anlayır, mənanın aydınlaşdırılması üçün
başqalarının köməyinə ehtiyac duymur.
Mətnlərlə iş üzərində qurulan oxu dərslərinin təşkilində 2 əsas istiqamət vardır. Daha
doğrusu, oxu dərsləri iki məqsədlə təşkil olunur: 1. Şagirdlərin oxu texnikasının inkişafına
yönələn dərslər; 2. Şagirdlərin -oxuyub anlamasını inkişaf etdirən dərslər. Bu iki məqsəd
arasında kəskin sərhədlər mövcud deyil, çünki nəticə etibarilə birinin inkişafı ikincisi üçün təkan
verir.
Oxu texnikasının inkişafı məqsədilə təşkil olunan dərslərdə şagirdlər mətni ucadan (səsli)
oxuyurlar. Burada diqqət mətnin oxu xətalarına yol verilmədən düzgün, ifadəli, sürətli, şüurlu
şəkildə oxunulmasıdır.
Düzgün oxu dedikdə hər bir sözün və ifadənin orfoepiya qaydasına uyğun olaraq
tələffüz edilməsi, cümlələrin məqsəd və intonasiyaya görə düzgün tələffüzü, məntiqi vurğunun
düzgün müəyyən edilməsi, ifadə və cümlələr arasındakı pauzaların gözlənilməsi, abzasların
bitkin bir mətn vahidi olaraq oxunması, oxu xətasına yol vermədən oxumaq nəzərdə tutulur. Oxu
xətaları dedikdə bunlar nəzərdə tutulur:
• Ötürmə - oxu zamanı səslərin, hecaların ya da sözlərin bir hissəsini, söz birləşmələrini,
və ya bütöv bir sətri oxumadan keçmək; tanımadığı və ya anlamadığı sözləri bilərəkdən
oxumama;
• Əlavə etmə - oxuyarkən mətndə olmayan səsi, hecanı, sözü mətnə əlavə etmək;
• Təkrar etmə - bir sözü, cümləni, sətri geriyə dönərək yenidən oxumaq, təkrarlamaq
(reqressiya)
• Tərsinə çevirmə - hərflərin, hecaların, sözlərin yerini dəyişdirərək və ya geriyə
çevirərək oxumaq;
• Tələffüz xətaları - düzgün tələffüz qaydalarına (orfoepik normalara) əməl etməmək;
• Yanlış oxuma – sözü başqa sözlə əvəzləyərək oxumaq, oxu zamanı intonasiyaya, durğu
işarələrinin tələblərinə əməl etməmək
İfadəli oxu dedikdə mətnin aydın, axıcı və səlis oxunması, müəllif nitqindən obrazların
nitqinə keçərkən səs tonununun dəyişilməsi, hər bir obrazın nitqinin onun xarakterinə uyğun
səsləndirilməsi, obrazların hiss və həyəcanını ifadə etmək üçün jest və mimikalardan istifadə
edilməsi və s. nəzərdə tutulur.
Sürətli oxu dedikdə mətnin düzgün, ifadəli, şüurlu oxusunun birlikdə təmin olunması
nəzərdə tutulur. Aydın məsələdir ki, mətni nə qədər düzgün və ifadəli oxusan da, lazım olandan
daha ləng oxumaq, eləcə də nəfəs kəsəcək sürətlə oxumaq onun mənasının anlanılmasına maneə
yaradır. Biz texniki cihazın xüsusiyyətlərindən istifadə edərək bir audio mətnin səslənmə sürətini
azaldıb artırmaqla bunu sınaqdan keçirə bilərik. Hər iki halda (çox ləng, yaxud da qədərindən
artıq sürətli) mətnin mənası anlanılmayacaq. Deməli, sürətli oxu mətnin mənasının anlanılmasını
təmin edəcək sürətlə düzgün və ifadəli oxunu təmin etmək şərtilə oxudur.
Deyilənlərdən də məlum olduğu kimi düzgün, ifadəli, sürətli və şüurlu oxu bir-birindən
kənarda baş verən ayrıca bir proses deyil. Sadəcə olaraq dərsdə öyrənmə prosesi düzgün, ifadəli,
sürətli oxu bacarıqlarının inkişafını təmin etmək üçün şagirdlərin səsli oxusunu təşkil edərək,
izləyərək, səhvlərini redaktə edərək, şüurlu oxu bacarıqlarının inkişaf etdirilməsi məqsədilə isə
səssiz şəkildə oxuyaraq, oxuyub-anlamanı inkişaf etdirən tapşırıqlar işlədərək təşkil olunur.
( Şüurlu oxu dərslərini də səsli təşkil etmək olar. Bir şərtlə ki, məqsəd mətnin anlanılması üzrə
işin təşkili olsun.)
Azərbaycan dili fənninin tədrisində oxu
Azərbaycan dili fənn kurikulumunu diqqətlə incələsək görərik ki, bu fənnin tədris
məqsədi dedikdə şagirdlərin nitq və dil bacarıqlarına yiyələnməsi ( şagirdin dilin qayda-
qanunlarına uyğun şifahi, yaxud yazılı nitqini qurması), şagirdlərin bu dildə düşünmə, öyrənmə,
danışma bacarıqlarına yiyələnməsi (düşündüyünü və öyrəndiyinin sözə çevirərək danışmağı),
şagirdlərin müxtəlif formalı və məzmunlu mətnləri səlis, şüurlu oxumaq, yazılı və şifahi şəkildə
səmərəli ünsiyyət qurmaq bacarıqlarına yiyələnməsi (tələblərə uyğun oxuması, nitqini yazılı və
şifahi şəkildə qurması) nəzərdə tutulur. Deyilənləri ümumiləşdirsək, Azərbaycan dili fənninin
tədrisinin mərkəzində şagirdlərdə nitq bacarıqlarını formalaşdırmaq və inkişaf etdirməyin
dayandığını görərik. Yəni müəllim bu fənni tədris edərkən öyrənmə prosesinin daim nitq
bacarığının inkişafı ilə nəticələnməsini diqqət mərkəzində saxlamalıdır.
Nitq bacarığı insanın ünsiyyət tələbatını təmin edən bacarıqdır. İnsanlar iki məqsədlə
ünsiyyətə girirlər: 1.informasiyanı, hisslərini, düşündüklərini bölüşmək (özünüifadə etmək); 2.
informasiyanı qəbul etmək. 1-ci halda biz danışırıq və yazırıq, 2-ci halda isə oxuyuruq və
dinləyirik.
Nitq
bacarıqları

İnformasiyanı
İnformasiyanı
ötürmək
qəbul etmək
(özünüifadə)

Dinləmək Oxumaq Danışmaq Yazmaq

Sxemdən də göründüyü kimi şagirdlərin oxu bacarıqları elə təkmilləşdirilməlidir ki,


informasiyanın qəbul edilməsi (anlanılması) təmin olunsun. Əgər bu baş vermirsə, deməli,
formalaşdırılan bacarığın lazımi səviyyədə inkişafı tam təmin edilməyib.
Azərbaycan dili fənninin 4 məzmun xəttindən biri olan oxu məzmun xəttinin iki əsas
standartı, yəni istiqaməti var. Birinci əsas standarta aid olan alt-standartların reallaşdırılması
şagirdlərin söz ehtiyatının zənginləşdirilməsinə (daha çox sözün mənasının öyrənilməsinə və
aktiv leksikonda istifadəsinə), ikinci əsas standarta aid olan alt-standartların reallaşdırılması isə
şagirdlərin ümumilikdə mətnin mənasını və strukturunu anlamasına yönəlib. Hər bir alt-standartı
təhlil etsək – bilik və fəaliyyət hissəsini incələsək, görərik ki, burada öyrənmə prosesi mətnin
mövzusunun öyrənilməsini deyil, mənasının mənimsənilməsini tələb edir. Məsələn, biz 5-ci
sinifdə “Əlvida bilmirəm” mətninin oxusu üzrə iş təşkil edirik. Standartların tələbinə görə
şagirddən mətndə baş verən hadisələri əzbər öyrənmək yox, məzmunun nəyi ifadə etdiyini
müəyyənləşdirmək istənilir. Yəni öyrənmə prosesi şagirdə mətnin mənasını müəyyənləşdirmək
üçün lazım olan bacarıqları vərdişə çevirmək üzərində qurulmalıdır.
Oxu üçün məqsədin yaradılması.
Mətni oxumağa başlamazdan əvvəl şagirddə məqsədin yaradılması mətnin mənasının
anlanılması baxımından olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, insanlar müxtəlif məqsədlərlə nə
isə oxumağa başlayırlar. Məsələn, onlar üçün maraqlı, vacib olan hansısa yeni məlumatı əldə
etmək üçün, bildiyi bir informasiyanı dəqiqləşdirmək üçün, ziddiyyətli informasiyalardan
hansının doğru olduğunu aydınlaşdırmaq üçün və s. Bütün diqqətin oxuduğu mətndə olması üçün
əsas məsələ oxumaq üçün məqsədin yaranması, oxucunun oxumaqda marağının olmasıdır.
Ümumiyyətlə, oxu prosesinin oxudan əvvəl başladığını və mətnin oxusundan sonra da davam
etdiyini nəzərə alsaq, dərs zamanı da şagirdlərin oxusunu məhz bu cür qurmalıyıq. Onlara oxu
üçün elə məqsəd yaratmalıyıq ki, mətni oxumağa cəlb olunsunlar, bitirdikdən sonra isə
oxuduqlarının üzərində düşününlər.
Dəsrdə oxu prosesinin təşkili
Dərsdə oxunun təşkili üç mərhələyə bölünür: Oxudan əvvəl, oxu zamanı və oxudan
sonra. Burada əsas məsələ oxunu mərhələlərə bölmək yox, hər bir mərhələdə lazım olan
məqsədlərə çatmaqdır. Əgər məqsədə nail olunmursa, oxunun mərhələlərinin bir önəmi qalmır.
Hər bir mərhələnin məqsədinin təmin olunmasında müvafiq üsulun düzgün tətbiqi səmərəliliyi
artırmaq üçün əhəmiyyətlidir.
Oxudan əvvəlki mərhələnin məqəsdi şagirdləri prosesə cəlb etmək, proqnoz verməyə
həvəsləndirmək, onlarda motivasiya yaratmaq, diqqətlərini cəlb etmək, öyrənmə mühiti
yaratmaq, oxu üçün məqsəd yaratmaqdır. Bu məqsədlə istifadə edilən üsullardan bir neçəsi ilə
tanış olaq:
Beyin həmləsi. Üsulu tətbiq edərkən müəllim belə bir sualla şagirdlərə müraciət edə
bilər: “Görəsən, nə üçün müəllif mətni bu cür adlandırıb? Bu ad həqiqi məna daşıyırmı? Bu,
doğrudanmı əhəmiyyətli məsələdir? Bu mövzuda bizə maraqlı olan nə yaza bilərdi? və s.)
Proqnozlaşdırmaq. Bu üsulun tətbiqi zamanı mətnin adı oxunur. Şəkillər, illüsrtrasiyalar
nəzərdən keçirilir. Mətndə nədən danışılacağı proqnoz edilir. Oxudan sonrakı prosesdə isə
proqnozlar yoxlanılır.
BİBÖ. Bu zaman üç sütundan ibarət cədvəl hazırlanır. Sütunlar “Bilirəm”, “İstəyirəm
biləm”, “Öyrəndim” adlandırılır. 1-ci sütunda şagirdlər oxuyacaqları mövzu ilə bağlı nəyi
bildiklərini, ikincidə öyrənmək istədiklərini qeyd edirlər. Mətni oxuduqdan sonra 2-ci sütüna
nəzər yetirib öyrənmək istədiklərini mətndə tapıb-tapmadıqlarını müzakirə edir və “Öyrəndim”
bölməsinə yeni cavablar yazırlar.
Frayer modeli. İbtidai siniflərdə tətbiqi haha cox səmərəlidir. Əgər oxuyacaqları mətndə
şagirdlərin anlamasına çətinlik törədən hansısa sözlər varsa, əvvəlcədən bu model vasitəsilə
mənası şagirdlərlə birgə aydınlaşdırılır. Sözün leksik mənası tapılır. Əgər varsa, antonimi,
sinonimi sadalanır, cümlədə işlədilir.
Nəzərdən keçirmə. Mətn nəzərdən keçirilir. İlk və son abzaslarından bir cümlə oxunur.
Mətndəki xüsusi isimlərə, şəxs, məkan adlarına və tarixlərə nəzər salınır. Mətndə nədən
danışılacağı haqqında fərziyələr irəli sürülür. Mətnin oxusundan sonra hansı fərziyənin nə üçün
doğru olduğu müzakirə edilir.
Oxu zamanı. Bu mərhələnin məqsədi öyrənənlərin oxuduqları ilə əlaqə yaratmasını,
məntiqi nəticələr çıxarmasını, qavradıqlarına nəzarət etməsini, özlərinə suallar verərək
diqqətlərini oxuya yönəltməsini təmin etməkdir. Bir sözlə, əsas məsələ oxunulan mətn üzərində
düşünmənin təmin edilməsidir. Bu məqsədlə istifadə olunan üsulların bir neçəsi ilə tanış olaq:
Proqnozlaşdırmaq. Mətnin bir hissəsi oxunduqdan sonra şagirdlər hadisələrin necə
davam etməsi ilə bağlı proqnozlar irəli sürürlər. (proqnozlar şifahi səsləndirilə, yaxud da yazıla
bilər) Nə üçün belə düşündüklərini oxuduqları hissədən nümunə gətirməklə izah edirlər. Oxu
prosesi bitdikdən sonra yenidən proqnozlara qayıdılır. Hansı proqnozun nə üçün doğru, hansının
nə üçün yanlış olduğu aydınlaşdırılır.
Qeydlər aparmaqla oxu. Şagirdlərə mətni oxuyarkən onlar üçün əhəmiyyətli olan
məqamları qeyd etmək tapşırılır. Bu məqamlar fakt, yaxud fikirlər ola bilər. Oxudan sonra bu
məlumatın şagirdə görə nə üçün əhəmiyyəyli olduğu müzakirə edilir. Seşilən məlumatın
əhəmiyyəti dəyərləndirilir.
Suallar verərək oxu. Şagirdlərə mətni oxumaq tapşırılır. Mətni oxuyarkən fikirlərində
yaranan sualları dəftərə qeyd edirlər. Mətnin sona qədər oxuyub bitirdikdən sonra öz suallarına
cavab axtarırlar. Cavablarını tapdıqları sualların cavablarını yazırlar və sualı “+” ilə işarələyirlər.
Cavab tapmadıqları sualları “-” ilə işarələyirlər. “-” ilə işarələnmiş sualların cavabını oxudan
sonra siniflə müzakirə edərək tapmağa çalışırlar.
Sual tərtib edərək oxu. Şagirdlər qruplara bölünərək mətni oxumağa başlayırlar. Müəllim
şagirdlərə mətni oxuyarkən sual yazmağı tapşırır. Sual sayı əvvəlcədən müəllim tərəfindən
müəyyənləşdirilir. Suallar bütün mətni əhatə etməli və suala cavab verənin mətni anlayıb-
anlamadığını aşkarlamalıdır. Hər bir qrup həm də əvvəlcədən sualların cavabını hazırlamalı və
həmkar komandanın verdiyi cavabla müqayisə olunmalıdır. Sualların tərtib olunma meyarları
əvvəlcədən müəllim tərəfindən qruplara təqdim olunmalıdır. Bu fəaliyyət şagirdlərin həm
düzgün sual qurmaq bacarıqlarını, həm də mətni anlama bacarıqlarını inkişaf etdirir. Oxudan
sonra qrupların bir-birinin suallarını cavablandırması mətnin şagirdlər tərəfindən nə dərəcədə
anlanılmasını müəyyən etmək üçün müəllimə inkan yaradır. Lazım olan məqamda əlavə
müzakirə ilə yanlış anlamalar korrektə edilir.
İkihissəli gündəlik. İkihissəli gündəlik diqqətli oxuya, mətnin ideyasını daha dərindən
anlamağa kömək edir və mətnin mövzusunu aktual problemlərlə əlaqələndirir. İkihissəli gündəlik
hazırlamaq üçün şagirdlərə bu cür təlimat verilir: Mətndə sizə maraqlı görünən, bəyəndiyiniz və
ya bəyənmədiyiniz sitatları (parçaları) seçib yazın. Onları şərh edin. Sitatı şərh edərkən onu necə
anladığınızı, nə üçün məhz bu sitatı seçdiyinizi izah edin (ola bilsin ki, bu, sizin həyat
təcrübənizə yaxındır, yaxud müəlliflə razı deyilsiniz və ya onun mülahizələrini davam etdirmək
istəyirsiniz). Bu sitatın sizdə hansı fikir və assosiasiyalar yaratdığını yazın. Buna uyğun cədvəl
tərtib edin və qeydlərinizi orada yazın. Gündəliyin iki sütünü olur. Birinci sütunda seçilmiş hissə,
ikinci sütunda isə həmin hissə haqqında şagirdin fikirləri qeyd olunur.
Nişanlamaqla (işarələyərək) oxu. Məqsəd şagirdlərə mövzunu anlamağa kömək edən
açar sözləri müəyyənləşdirməyi və əsas hissələri ayırd etməyi öyrətməkdir. Şagirdlər əsas
hissələri mətn üzərində işarələyirlər. Sonra isə seçdikləri həmin hissələri öz cümlələri ilə ifadə
edərək yeni bir mətn hazırlayırlar. Beləliklə də, onlar həm də mətnin əsas ideyasını anlayırlar.
Oxu zamanı istifadə olunan üsullar şagirdlərə özləri üçün səmərəli öyrənmə üsulları
seçməyə, formalaşdırmağa, inkişaf etdirməyə imkan yaradır. Onlara öz müstəqil oxularını və
öyrənmə proseslərini təşkil etmək üçün strategiyalar qazandırır. Onlar bu strategiyalardan ömür
boyu öyrənmə prosesində istifadə edirlər. Şagirdin səmərəli strategiyalarla yiyələnməsi onun
sonrakı təlim uğurlarının təminatına təkan verir.
Oxudan sonra. Bu mərhələdə istifadə olunan üsullar ona şərait yaradır ki, öyrənənlər
oxuduqları ilə əlaqə yaratsınlar, məntiqi nəticələr çıxarsınlar, anlamalarına nəzarət etsinlər, sual
versinlər, müzakirə etsinlər. Bir sözlə, oxuduqları mətn üzərində düşünsünlər. Bu məqsədlə
istifadə edilən üsullardan bir neçəsi ilə tanış olaq:
5 dəqiqəlik yazı (ümumiləşdirmə). Kiçik həcmli mətnlərin ümumiləşdirilməsi üçün
istifadə olunur. 5 dəqiqə ərzində mətnin hər bir abzası ümumiləşdirilib 1 cümlə ilə ifadə edilir.
Qrammatik səhvlərə çox önəm verilmir. Əsas məqsəd oxunulan hissənin anlanılmasıdır. Fikir
lakonik şəkildə təqdim edilir. Şagird oxunulmuş hissəni öz sözləri ilə ifadə edir. Adətən qrup
şəklində icra edilir. Sonda hazırlanan yazılar müzakirə edilir.
Parafraz Şagirdlərə mətnin mənasının saxlamaq şərtilə öz sözləri ilə ifadə etmək
tapşırılır. Mətndən hansısa sitatı, mətnin hansısa abzası, yaxud da bütövlükdə mətni parafraz
etmək olar. Parafraz həcmcə orijinal mətnə yaxın həcmdə olur. Bu fəaliyyət şagirdə oxuduğu
sözdəki, cümlədəki, mətndəki mənanı fərqli sözlərlə ifadə etmək bacarığını inkişaf etdirir, söz
ehtiyatına daxil olan sözlərin aktiv istifadəyə cəlb etməsini təmin edir.
İnterpretasiya. Mətnin mənanı öz sözləri ilə şərh etmək tapşırılır. (şəxsi nümunələr əlavə
edilə bilər). Mətni oxuyarkən hən hansı bir cümlə, abzas, yaxud da bütövlükdə mətnin mənası
üzərində düşünərək mənasını şərh etmək tapşırılır. İnterpretasiya mənanın özünəməxsus şəkildə
izahıdır.
Nəqletmə. Mətnin ümumiləşdirilməsi üsuludur. Şagirdlərə belə bir tapşırıq icra etmələri
tapşırılır. Mətni nağıl edin. Nağıl edərkən mətndən ikinci dərəcəli informasiyaları ixtisar edin,
mətni yığcamlaşdırın, əsas fikirləri öz sözlərinizlə ifadə edərək mətni yığcamlaşdırın. Bu tapşırıq
mətni ümumiləşdirmək bacarıqlarını inkişaf etdirir. Şagirdlər oxuduqları böyük həcmli
informasiyanı yığcam və sadə şəkildə təqdim etmək bacarıqlarını təkmilləşdirirlər. Beləliklə, az
sözlə çox məna ifadə etmək vərdişləri yaranır.
Proqnozların yoxlanılması. Oxudan öncə və oxu zamanı proqnozvermədən istifadə
olunubsa, oxudan sonra verilən proqnozlar yoxlanılır.
Mətnin müzakirəsi. Mətnə aid sualların cavablandırılması və s. Mətnin oxusundan
sonra müəllim öncədən hazırladığı sualları verərək mətnin müzakirəsini təşkil edir. Şagirdlər
mətndəki obrazlar, baş verən hadisələr haqqında fikirlərini söyləyirlər. Müəllim yönəldici sualar
vasitəsilə şagirdlərin mətnin ideyası üzərində düşünmələrini, ideyanın müəyyənləşməsi üçün
diqqət yetirilməli bütün detalları müzakirə etmələrini təmin edir. Əvvəlki biliklərlə yeni biliklər
arasında əlaqə yaradılır, müqayisələr aparılır, nəticələr çıxarılır.
Mətnin dramlaşdırılması, rollu oyun. Rollu oxu ilə rollu oyun fəaliyyətlərini
qarışdırmaq olmaz. Rollu oyun oxu prosesi bitdikdən, mətnin məzmunu qavranıldıqdan sonra
ssenari üzrə keçirilir. Bu zaman şagirdlər mətni oxumur, yalnız öyrəndiklərini ifa edirlər.
Diaqramların tamamlanması. Mətnin oxusundan öncə yazılan cədvəllər, diaqramlar
(BİBÖ və s.) tamamlanır. Əvvəlki məlumatlarla müqayisələr aparılır.
Sinkveyn. Fransızların yaratdığı, beş sətirdən ibarət şeir janrı olan “Sinkveyn” (fransızca
“beş” deməkdir) üsulu “beş coşğu", yaxud “beş uğur" mənasını verir. Sinkveyn xüsusi qaydalar
əsasında yazılan şeirdir. Həmin qaydalar isə belədir:
 Birinci sətirdə şeirin həsr olunduğu məfhumun adı verilir və adətən isimlə ifadə olunur.
 İkinci sətirdə həmin məfhumu təyin edən, sizin onun haqda fikirlərinizi ifadə edən iki söz
verilir və adətən sifətlə ifadə olunur.
 Üçüncü sətirdə məfhumun nə etdiyini, yaxud onunla nə edildiyini göstərən üç söz verilir
və adətən feillə ifadə olunur.
 Dördüncü sətirdə məfhuma münasibətinizi göstərən dörd sözdən ibarət cümlə (cümlə sual
və ya xitab formasında da ola bilər) verilir.
 Beşinci sətirdə isə məfhumla bağlı insanın hiss və assosiasiyalarını təsvir edən bir və ya
iki söz verilir. Məsələn:
Tətil.
Nəşəli, unudulmaz.
Dincəlirik, əylənirik, sevirik.
Hamının sevdiyi xoşbəxt çağlar.
Xoşbəxtlik.
Sinkveyn oxunulan kitab və ya verilən problem haqqında qısa və bədii xülasədir. Bu metod
şagirdlərdə ümumiləşdirmə və interpretasiya bacarıqları formalaşdırır. Bu üsuldan istənilən
mətnin (bədii, elmi, publisistik) oxusundan sonra istifadə etmək olar.
Müəllifdən soruş. (Müəllif kreslosu) Şagirdlərə əvvəlcədən mətni oxuyarkən müəllifə
vermək istədikləri suallar (2-3 sual) fikirləşmək tapşırılır (suallar mətnin məzmunu haqqında
olmalıdır). Sonra şagirdlərdən biri müəllif rolunu ifa edir və digər şagirdlər suallarını bu
“müəllifə” verirlər. Şagirdlərdən bir neçəsi müəllif rolunda çıxış edərək suallara cavab verə bilər.
Bu üsul şagirdlərdə mətnin mənası üzərində düşünmək vərdişi formalaşdırır. Düşünən oxucu isə
öz növbəsində mətnin mənasını anlamaqla yanaşı mətni həyatla əlaqələndirərək suallara cavab
axtarmağa başlayır. Əsasən elmi və publisistik mətnləri bu üsulla öyrənmək tövsiyə edilir.
Vizuallaşdırma. Şagirdlər mətndə təsvir olunmuş varlığın şəklini çəkir və ya
illüstrasiyalar arasından verbal təsvirə uyğun olanını tapırlar.
Hekayə xəritəsi. Şagirdlər mətni oxuduqdan sonra mətndəki obrazları, hadisələrin baş
verdiyi zamanı, məkanı, əsas fikri və s. müəyyənləşdirərək hekayənin xəritəsini hazırlayırlar.
Bir daha qeyd etmək istəyirik ki, oxuyub-anlama dərslərinin təşkili zamanı əsas məsələ
üsulların tətbiqi deyil, anlamanın təmin edilməsidir. Üsulun tətbiqi anlamaya xidmət etmirsə,
onun tətbiqi əlavə vaxt itkisidir.
Mətnlərin növləri
Oxu mətnlərini məzmununa, məzmunun əhatə etdiyi kontekstə, məlumatın təqdimat
formasına, məlumatın vizual görünüşünə və s. xüsusiyyətlərinə görə müxtəlif növlərə bölürlər.
Məlumatın təqdimat formasına görə mətnlər iki növə bölünür: davamlı (tam) mətnlər, davamsız
qeyri-davamlı (natamam) mətnlər.
İnformasiyanın ardıcıl cümlələr şəklində davam edərək çatdırıldığı mətnlər davamlı
mətnlərdir. Bunlara misal olaraq hekayə, nağıl, tapmaca, povest, roman və s. janrlarda yazılmış
əsərlərin mətnlərini göstərmək olar. Davamsız (natamam) mətnlər isə informasiyanı oxucuya
daha çox qrafik formada təqdim edir. Bunlara misal olaraq cədvəllər, xəritələr, sxemlər, şəkillər,
biletlər, reseptlər, çeklər, diaqramlar və s. göstərmək olar.
Çox mürəkkəb informasiyanın ən sadə şəkildə təqdimatı baxımından davamsız mətnlərin
rolu əvəzsizdir. Məsələn, bir metro sxemi düşünək, bu sxemin davamlı mətn formasında böyük
həcmdə təqdim edə biləcəyi informasiyanı ( stansiyaların, xətlərin sayı, hansı xətlərin kəsişdiyi,
hansı stansiyalardan müxtəlif xətlərə keçidin mümkün olduğu və s.) davamsız mətn yığcam və
daha aydın şəkildə bizə təqdim edə bilər.
Natamam mətnlərin oxusu. Natamam (davamsız) mətnlərin öz oxu xüsusiyyətləri
vardır. Hələ ibtidai siniflərdən bu mətnlərin elementlərinin oxusunu şagirdlərə öyrətmək
lazımdır. Məsələn, cədvəli oxumaq üçün şagird sütün və sətirlərin hansı informasiyanı daşıdığını
bilməli, onların kəsişməsində yerləşən informasiyanı müəyyənləşdirməyi bacarmalıdır. Yaxud da
diaqram və qrafiklərin hansı informasiyanı çatdırdığını oxumaq üçün ədəd oxlarının (x və y) nəyi
ifadə etdiyini müəyyənləşdirməli, bu məlumatdan necə istifadə edəcəyini aydınlaşdırmalıdır. İlk
baxışda bu bizə sadə görünə bilər. Lakin şagird natamam (davamsız) mətnlərin elementlərinin
daşıdığı mənanı oxumağı bacarmasa, həmin mətnin oxusu şagird üçün mücərrəd, anlaşılmaz bir
prosesə çevrilə bilər.
Şagirdlərin bu bacarıqlara yiyələnməsi üçün davamlı praktik tapşırıqlar vasitəsilə vərdişə
çevirmələri tələb olunur. Bunun üçün lazım olan öyrənmə prosesini düzgün təşkil etmək
lazımdır. Şagirdlərlə müxtəlif formalı davamlı mətnlərin oxusunu təşkil etməklə yanaşı, onlara
təqdim olunmuş informasiyanı bir qrafik formadan digərinə çevirmək kimi tapşırıqları verərək
davamsız mətnlərlə işləmək bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək mümkündür.
Vərdişlərin daha da möhkəmlənməsini və tam inkişaf etməsini təmin etmək məqsədi ilə onlara
topladıqları informasiyaları müxtəlif formalarda təqdim etmək tapşırığı verilə bilər. Bu zaman
nəinki davamsız mətnlərlə işləmək bacarığı inkişaf edir, şagird həm də informasiyanın bu cür
təqdimatının əhəmiyyətini anlamış olur.

You might also like