You are on page 1of 86

Dünya

ədəbiyyatından
şeirlər

tərcümə
və qeydlər:
Firudin Həmidli
MÜNDƏRİCAT

İngilisdilli müəlliflərdən​ ♦ 3
Oskar Vayld ♦ ​ 4
“Redinq həbsxanası balladası” əsərindən bir hissə ♦ 4
Ceyms Coys​ 5
​ 5
“Kamera musiqisi” kitabından şeirlər​ ♦
T. S. Eliot​ ♦ 8
“İsteriya” ♦ 8
​ 9
Frensis Skott Fitscerald ♦
İki şeir ♦ 9
Vilyam Folkner​ ♦ 12
“Qovaq ağacı” ♦ 12

İspandilli müəlliflərdən​ ♦ 13
Xorxe Luis Borxes ♦ ​ 14
Şeirlər ♦ 14
“Qarşıdakı Ay” kitabından iki mənsur şeir ♦ 27
Xulio Kortasar ♦​ 29
“Alaqaranlıqdan özgə” kitabından şeirlər ♦ 29
“Kronoplar və məşhurların əhvalatları” kitabından parçalar ♦ 35
Alayde Fopa ​♦ 38
“Gecəyə rəğmən” kitabından şeirlər ♦ 38
“Sözlər və zaman” kitabından şeirlər ♦ 40
Roberto Bolanyo​ ♦ 41
“Romantik köpəklər” kitabından şeirlər ♦ 41
Federiko Qarsiya Lorka ♦ ​ 43
“Yağış” ♦ 43

Fransa ədəbiyyatından​ ♦ 46
Şarl Bodler ​♦ 47
“Şər çiçəkləri” kitabından şeirlər ♦ 47
“Paris narahatlığı” kitabından mənsur şeirlər ♦ 49
Pol Verlen ​♦ 50
İki şeir ♦ 50
Artur Rembo ​♦ 52
“Duyğu” ♦ 52
Pol Elüar ♦​ 53
“Ağrının paytaxtı” kitabından şeirlər ♦ 53
“Səni sevirəm” ♦ 55
Jak Prever​ 56
“Sözlər” adlı kitabından şeirlər ♦ 56
Boris Vian​ ♦ 60
“Necə də parıldayır küçədə gün işığı…” ♦ 60

Polşa ədəbiyyatından​ ♦ 61
Halina Posvyatovska ​♦ 62
“Bütpərəstlik himni” kitabından şeirlər ♦ 62
“Əllər üçün oda” kitabından ♦ 65
“Başqa bir xatirə” kitabından ♦ 66
Aqnyeşka Oşeçka​ ♦ 67
“Pis deyil” ♦ 67

Rusiya ədəbiyyatından​ ♦​ 69
Anna Axmatova​ ♦ 70
İlk şeirlərindən iki nümunə ♦ 70
Marina Svetayeva ♦ ​ 72
“Mən cəmi üç dəfə görmüşəm sizi…” ♦ 72
Vladimir Mayakovski ♦ ​ 74
“Mayakovski” almanaxından iki şeir ♦ 75
“Əlvida” ♦ 78
Müxtəlif müəlliflərdən​ ​♦ 79
Herman Hesse​ ♦ 80
“Şeirlər” kitabından üç şeir ♦ 80
Betti Alver ​♦ 82
“Kədər adlı dərzi” ♦ 82
Pol van Ostayen​ ♦ 83
“Gecə səsləri” ♦ 83
Ğadə Əs-Səmman​ ♦ 84
“Sual işarəsini tutmaq” ♦ 84
İngilisdilli müəlliflərdən
(əslindən tərcümə ilə)

3
Oskar Vayld (1854-1900)
Görkəmli irland yazıçısı, dramaturq və şairi. ​“Dorian Qreyin portreti”
(1890) romanı ilə məşhurdur.

“Redinq həbsxanası balladası” (1898) əsərindən bir hissə

Hamı sevdiyini öldürür hərçənd!


Mənim sözlərimə qulaq asın siz!...
Kimsə qəlbə dəyən bir baxışıyla,
Kimsə bir riyakar sözüylə səssiz.
Öpərək öldürür qorxaq adamlar,
Cəsurlar qılıncla qoyur nəfəssiz.

Kimsə sevdiyini gənckən öldürür,


Kimsə qoca yaşda alır canını.
Kimsə boğazlayır şəhvət içində,
Kimsə də qızıldan əliylə onu.
İnsaf eyləyənlər vurur bıçaqla -
Tezcənə soyusun deyə bədəni...

Sevgi var qısadır, sevgi var uzun,


Bəzisi satandır, bəzisi alan.
Kimsə hönkürərək, axıdaraq yaş,
Kimsə də öldürür dinmədən bir an.
Hamı sevdiyini öldürür, amma
Hamı buna görə ölmür heç zama…

4
Ceyms Coys (1882-1941)
XX əsrin mühüm qələmlərindən olan irland yazıçısı və şairi. Modernist
ədəbiyyatın ən vacib əsərlərindən sayılan ​“Uliss” (1922) romanının müəllifi.
Nəsr sahəsindəki yaradıcılığı qədər uğur qazanmasa da, bir neçə şeir kitabı da
dərc etdirmişdir.

“Kamera musiqisi” (1907) adlı kitabından şeirlər

II

Açıq-bənövşəyi alaqaranlıq
Dönür yavaş-yavaş tünd-mavi rəngə.
Közərən lampada yaşımtıl işıq,
Küçədə ağaclar cərgəbəcərgə.

Köhnə pianoda ifa edir qız


Sakit, bir az ağır, şən melodiya.
Getdikcə əyilir dillərə sarı,
Sanki aram-aram gedir yuxuya.

Böyüyür gözləri, hürkür xəyalı,


Qolları boşalıb yanına düşür.
Açıq-bənövşəyi alaqaranlıq
Getdikcə tündləşir, qaranlıqlaşır...

5
IV

Süzülür səmadan ürkək bir ulduz


Kimsəsiz bir qızın könlütək qəmgin.
Mürgülü gözlərlə dinlə ətrafı,
Kimsə nəğmə deyir qapında sənin.
Bax, onun sədası şehdən zərifdir,
Səni görmək üçün yollar keçibdir...

Yox, yenə qapılma boş xəyallara


O səni səslərkən bu axşam çağı.
Nə də düşünmə ki, kimdir axı bu,
Oxuyur qəlbindən qəlbimə ağı...
Bil ki, bu nəğməni mənəm söyləyən,
Gizlicə gəlmişəm səni görməyə...

* * *

XIX

Qəmlənmə, əzəldən bütün adamlar


Hey sevib qalmaqal, quru mərəkə.
Sakitləş, əzizim, arxayın ol sən,
Onlar sala bilməz adına ləkə.

Səndən də acıdır onların halı,


Axır ömürləri aramsız ahtək.
Baxıb gözlərinə söylə qürurla,
İnkar et, rədd eylə sən də onlartək...

6
XXIII

Qəlbimlə yanaşı döyünən bu qəlb


Mənim ümidimdir, mənim xəzinəm.
Məsudam duyarkən öpüşlərini,
Ayrı qalanda da qəm əlindəyəm...
Bəli! Ümidimdir, o sərvətimdir,
Mənim xoşbəxtliyim, səadətimdir...

Mamırlı, yosunlu yuvacığına


Əlinə keçəni gizlədən quştək,
Mənə ağlamağı öyrədən qəlbi
Gizlətdim gözlərdən əsirgəyərək...
Sevgi yaşasa da bircə gün yalnız,
Onlar kimi müdrik olarıqmı biz?...

* * *

XXXII

Yağış bütün günü yağdı hər yana.


İslanıb ağırlaşan ağaclara sarı gəl!
Xatirələr yoluna
Yarpaqlar səpələnib...

Xatirələr yolunda dayanaraq bir azca,


Ayrılarıq yenə, çıxıb gedərik.
Gəl, əzizim,
Qəlbinlə danışacağım yerə...

7
T. S. Eliot (1888-1965)
İngilis şairi və təndiqçisi. Poeziyada modernizmin mühüm nümayəndəsi.
ABŞ-da anadan olsa da, 1927-ci ildə Britaniya vətəndaşlığını qəbul etmişdir.
Müasir şeiriyyata təqdirəlayiq töhfələri münasibəti ilə 1948-ci ildə Ədəbiyyat
üzrə Nobel mükafatına layiq görülmüşdür.

“İsteriya”
(mənsur şeir)

O güləndə qəhqəhəsinə qarışaraq bir parçası olduğumun fərqindəydim; ta


ki, dişləri nizamla düzülmüş, təsadüfi ulduzlara çevrilənədək. Tövşüyən nəfəsi
məni özünə dartır, hər dəfə qurtulmaq istəsəm də, aram-aram ciyərinə
çəkilirdim. Nəhayət, boğazındakı qaranlıq yarıqlarda itib-batdım; görünməz
əzələlərin dalğası hər yanımı zədələdi.
Əlləri titrəyən yaşlı ofisiant paslı, yaşıl dəmir stola çəhrayı-ağ damalı süfrəni
tələsə-tələsə salarkən deyirdi: "Xanım və cənab çayı bağçada içmək istəyirsə...
Xanım və cənab çayı bağçada içmək istəyirsə..."
Düşündüm ki, sinəsinin qabarıb-enməyi dayansa, həmin günortaya dair
bəzi təfərrüatlar, bəlkə, cəmləşə bilər. Odur ki, bütün diqqətimi gizli bir
həssaslıqla bu nəticəyə yönəltdim.

("Prufrok və başqa müşahidələr" (1917) adlı kitabından)

8
Frensis Skott Fitscerald (1896-1940)
Modernist amerikan yazıçısı. Roman və hekayələrində Amerikadakı ​“Caz
əsri”​nin (1920-1930-cu illər) ehtişamını, dəbdəbəli mühitini və dəbdəbənin iç
üzünü təsvir etmişdir. ​“Möhtəşəm Qetsbi” (1925) romanı onun şah əsəri kimi
qəbul edilməklə yanaşı, XX əsr amerikan ədəbiyyatının ən yaxşı
nümunələrindən sayılır.
Həmçinin bir sıra şeirlərin müəllifidir.

“Şəhərdə toranlıq”

Bu labüd gecədə gəl, qoşul mənə,


Gəl, burda qurulub böyük təntənə.
Küçələr dumanlı, toranlıq qatı,
Şəhərdə süzülür xoş bir pıçıltı...

(Solğun ahənglərlə dolu kitabı


Bağlayıb, nəhayət, küçəyə çıxdım.
Çulğandı üstümə parkda kölgələr.
Titrək yarpaqların, skripkaların
Sədası qəlbimə səpmişdi kədər;
Həsrətdim toranın dincliyinə mən...
Xilas arzusuyla gözlənilmədən
Büründüm işığa, xəfif küləyə,
Küçələr büsbütün döndü nəğməyə...)

9
Gəl, səni arzulu addımlarından,
Sarı saçlarından tanıyaram mən.
Qayğısız nəğmələr pıçıldayaram
Burda gəlişini gözləyər ikən...

Toranlıq çağında çöhrən qarışar


Bütün unudulmaz üzlər içinə.
Qoşular tələskən addımların da
Hay-küylü addımlar keşməkeşinə...
Şərabdan da üstün məstliklə dolan
Lətif gözlərinlə mənə baxarsan...

Ah, gözəl qadınlar şam eyləyərkən


Xəfifcə səslənir skripkalar.
Zərif toxunuşlar, gecə səsləri;
Mehriban gözlərdə cazibə parlar...
Gəl, biz də küləyə qoşulub gedək
Bu yay havasında bir pıçıltıtək...

(“Nassau” ədəbiyyat jurnalı. Aprel, 1918)

10
“Ayrılırıq bu gecə…”

Ayrılırıq bu gecə...
Səssizcə qarışdıq bomboş küçəyə.
İşıqsız yol boyu hürkdü qəflətən
Boğuq bir döyüntüdən
Bir boz heykəl, bir qızılgül kölgəsi.
Gecəylə gündüzün aralığında
Durub səndələyən loş addımların
Qaranlıq limanda yayıldı əksi...

Qalmaq arzusuyla baxırıq indi


Yelsiz göyərtədən qorxunc sahilə.
Bu viran günləri, bu puç illəri
Bir gün xatırlarıq təəssüf ilə...

Baxsana, necə də bəyazdır dəniz!...


Buludlar dağılıb, alışıb səma,
Çınqıllı yollara işıq ələyir...
Gəmiyə çırpılan xəfif dalğalar
Duyulur həzin bir noktürn kimi...
Ayrılırıq bu gecə...

(“Cənnətin bu tayı” (1920) romanındakı şeirlərdən)

11
Vilyam Folkner (1897-1962)
1949-cu ildə Ədəbiyyat üzrə Nobel mükafatını qazanmış, görkəmli
amerikan yazıçısı. Bir sıra romanları nüfuzlu mükafatlara layiq görülmüşdür.
Yaradıcılığa şeir ilə başlasa da, poeziyada nəsrdəki kimi müvəffəq
olmadığını özü də bir müsahibəsində etiraf etmişdir.

“Qovaq ağacı”

Axı niyə tutub səni əsməcə


Bu gümüş çay ilə yol arasında?
Sən ki üşümürsən,
Günəş işığı
Hey səni səsləyir öz röyasında.

Ürkək, yalvarışlı qollarını da


Hələ qaldırmısan göylərə sarı;
Sanki gizlətməkçün zəifliyini
Çəkmək istəyirsən boz buludları.

Sanki bir gənc qızsan, hey titrəyirsən


Coşqun bir həyanın iztirabıyla.
Bəmbəyaz bir qızsan,
Paltarlarını,
Elə bil, əlindən qamarlayıblar…

(“Mississippian”, 17 mart 1920)

12
İspandilli müəlliflərdən
(əslindən tərcümə ilə)

13
Xorxe Luis Borxes (1899-1986)
İspandilli ədəbiyyatın, eləcə də dünya ədəbiyyatının əhəmiyyətli
qələmlərindən biri qəbul edilən argentinalı yazıçı və şair. Fəlsəfi və mistik
mahiyyətli hekayələri Cənubi Amerika ədəbiyyatında magik realizm
cərəyanının ilkin və nümunəvi əsərlərindəndir.
Şeir yaradıcılığı da onun fəaliyyətində mühüm yer tutur. Gəncliyindən
bəri müxtəlif mövzuda şeirlər yazmış, gözlərindəki narahatlıq səbəbiylə görmə
qabiliyyəti azaldıqca, şeirə daha çox yönəlmişdir.

“Sadəlik”

Açılır aram-aram bağçanın qapıları


Sədaqətdən danışan müqəddəs səhifətək.
Ehtiyacım yox daha heç ətrafa baxmağa,
Hər şeyi, hər nəsnəni özü hiss edir ürək.

Bələdəm hökmlərə, ruhların nəfəsinə,


Birdən-birə qarışıb yavaş-yavaş dağılan
Dəstə-dəstə insanın dilinə bələdəm mən.
İndi nəyə gərəkdir əbəs yerə danışmaq?
Hamı tanıyır məni, xəbərləri var, əlbət,
Bütün əzablarımdan, bütün acizliyimdən...

14
Bu ki çatmaq deməkdir
Səmadan bəxş olunan o ən ali məqama!
Nə heyranlıq duyuram, nə də bir zəfər hissi;
Bircə qəbul edilmək arzusu var canımda
Danılmaz həqiqətin bir parçası olmağa;
Daşlar, ağaclar kimi…

(“Buenos-Ayres şövqü” (1923) adlı kitabından)

* * *

“Yağış”

Axşamçağı qəfildən çən çəkildi havadan,


Saf və narın bir yağış səpələnir şəhərə.
O başladı yağmağa, heç bilmədik, nə zaman -
Yağış ki dayanmadan yağır ötən günlərə...

Səsini dinləyərkən, sanki dönürük geri


Taleyin bir qızılgül bəxş etdiyi zamana.
O gülün al-qırmızı, möhtəşəm ləçəkləri
İndi dolub büsbütün yağışın sədasına...

Pəncərədən dünyaya örtü çəkib damcılar...


Uzaq qəsəbələrdə işıq səpəcək onlar
Bir köhnə çardaqdakı üzüm tənəklərinə...

Axşamçağı bu yağış, bu qəfil yağış mənə


Atamın həsrət dolu səsini xatırladır...
O ki ölmüş deyildir - o evinə qayıdır...

(“Yaradan” (1960) adlı kitabından)

15
“Kor Piyu” 1

Dənizlərdən, savaşlardan uzaqda


Keçmişinə ağı deyir ürəyi.
Lağa qoyur kənddə bütün uşaqlar
Hürür ona hər qapının köpəyi.

Bu gözükor, yorğun dəniz qulduru


Yollar ötür, toz-torpağa bulanır.
Yataq seçir gördüyü hər çuxuru,
Uyuyarkən hey ağrıdan qıvranır...

Ümid tutub yenə qara bəxtinə;


Nə zamansa tapacaqdır dəfinə
Qumluğunda çox uzaq bir dənizin...

Sən də elə onun kimi haçansa


Öz vəfalı dəfinənə çatarsan -
Ölümə ki; necə sirli, nə əngin...

(“Yaradan” (1960) adlı kitabından)

1
​R. Stevensonun “Dəfinələr adası” romanındakı personajlardan biri. ​(tərcümə qeydi - F. H.)

16
“Kamden, 1892” 2

Cansıxan, kədərli bazar səhəri.


Təzəcə qəzetin, qəhvənin ətri.
Ötəri gördüyü sətirlər boyu
Bəxtəvər həmkarın cəfəng sözləri.

Kasıb otağında uzanıb qoca,


Qaməti əzinik, siması solğun.
Yuxulu aynada üzünə baxır
Qalxıb boylanaraq gözləri dalğın.

Bu üz vermir artıq təəccüb ona.


Çənli saqqalına çəkir əlini,
Toxunur kül olmuş dodaqlarına.

Son deyil uzaqda; səsi də danmır:


“Məndən heç nə qalmaz, - şeirlərimdə
Yaşayar həyatın gur ehtişamı…”​.

(“Başqası və eynisi” (1964) adlı kitabından)

2
​Şeirdə təsvir edilən qoca - görkəmli amerikan şairi Volt Vitmendir; o, 1892-ci ildə Kamden
şəhərində vəfat etmişdir.​ (tərcümə qeydi - F. H.)

17
“Manuel Flores üçün milonqa”

Manuel Flores ölmək üzrədir;


Qətidir, öləcək bu saat, bu an.
Ölüm bir adətdir dünyada, əlbət,
Çox yaxşı bacarır onu hər insan...

Yenə də qəlbimi qəmə qərq edir


Gözəl həyat ilə bu vidalaşma.
Sanki əbədiydi gözümdə bir vaxt,
Necə şirin idi, necə də doğma...

Baxıram əlimə səhər çağında,


Baxıram, əlimdə neçə damar var;
Baxıram təəccüb, heyrət içində,
Sanki başqasına aiddir onlar...

Gec, ya tez dörd güllə açılasıdır,


Ardınca qovuşmaq sonsuz sükuta...
Necə ki, demişdi müdrik Merilin:
“Ölmək - doğulmaqdır yeni həyata…”​.

Ah, ömür yolunda nələr gördüm mən,


Oldu, nəyə desən, şahid bu gözlər!
Tanrı hüzuruna çıxandan sonra,
Kim bilir, hələ də görəcək nələr...

Manuel Flores ölmək üzrədir;


Qətidir, öləcək bu saat, bu an.
Ölüm bir adətdir dünyada, əlbət,
Çox yaxşı bacarır onu hər insan...

(“6 sim üçün” (1965) adlı kitabından)

18
“Əşyalar”

Heç oxunmayası sonuncu qeydlər.


Qəpiklər, açarlıq, qıfıl və əsa.
İçində solğun bir bənövşə olan
Köhnəcə bir kitab,
Kartlar və masa.

Heç vaxt unudulmaz bir günortanın


Artıq unudulmuş tullantıları.
Üzü qərbə baxan ayna,
Üstündə
Xəyali qürubun parıltıları.

Sənədlər, qapılar və xəritələr,


Şərab qədəhləri, mismarlar -
Bizə
Dilsiz kölələrtək xidmət edirlər.

Sükuta qovuşub gedəndə bir gün,


Onlar qalar yenə
Getməyimizdən
Heç vaxt, heç bir zaman tutmadan xəbər...

(“Qaranlığa tərif” (1969) adlı kitabından)

19
“Yeni İngiltərə, 1967”

Dəyişib son gördüyüm bütün o mənzərələr;


Bax, qırmızı evlər var indi burda yanbayan
Və rəngbərəng xəzəllər, narın, payızdan qalan.
Təmiz bir qış ayıdır,
Ağaclarda bir kədər...

Yeddinci gündəkitək dünya gözəl və yaxşı.


Nəysə axır inadla qürubun işığından,
Cəsarətli, qüssəli, sanki heç var olmayan -
İncilin və savaşın qədim pıçıldayışı…

Səsləyir Amerika məni hər küçəsindən.


Deyirlər ki, ilk qar da yağar bugün-sabaha;
Fəqət hiss edirəm ki, axşamüstüdür daha -
Ah, bugün necə ləngdir, necə tez keçdi dünən...

Gözəl Buenos-Ayres!
Hər şeyə rəğmən yenə
Gəzirəm qarışaraq sənin küçələrinə…

(“Qaranlığa tərif” (1969) adlı kitabından)

20
“İntihar”
(sərbəst tərcümə)

Bircə-bircə sökülüb-düşəcək ulduzlar


Gecənin libasından
Və gecə soyunaraq kainatın qarşısında
Qərq edəcək özünü yoxluğun dərin sularına.
Mən bugün öləcəyəm
Və dözülməz kainat da
Addım-addım izləyəcək yolumu.

Bugün uçub-dağılacaq Qədim Misir ehramları,


Əriyəcək
Sinələrdə daşınmağı hünər sayılan
Müharibə medalları.
Yer kürəsi itirəcək materiklərini.
Kağız üzərində bir-birinə bulaşan
Müxtəlif rəngli boyalar kimi
Qarışacaq bütün insan çöhrələri
Və sonda çevriləcək heçliyin rənginə -
Qaraya, qaranlığa!...
Sovrulacaq birdən-birə
Yoxluğun küləyiylə
Dünənlərə qalaq-qalaq yığılan keçmişlər...

Mən bugün öləcəyəm!

İndiysə seyr edirəm hələ


Son dəfə qürub edən günəşi,
Dinləyirəm sonuncu quşu.

Mən bugün öləcəyəm!


Heç kəsə heç nə qalmayacaq məndən...

(“Dərin gül” (1975) adlı kitabından)

21
“Angelikanın xatirəsinə”
(sərbəst tərcümə)

Neçə həyat bitəcək mənlə birgə?


Neçə nəfər yad edib məni xatırlayacaq,
Neçəsi unudacaq?

Ölürəm
Və keçmiş də gəlir mənimlə birgə.
Necə ki, gələcək də
O gülün solduğu gün boğulub getmiş idi
Bilinməyən sularda.
Tərtəmiz bir gələcək
Dağılıb getmiş idi ulduzlar arasında…

Ölürəm
Onun kimi bədbəxt tale əlində…
Yalançı bir diyarın bezgin xəyallarını
Süzür eləcə kölgəm.
Bircə təsəllim bu ki,
Bir mərmər parçasında
Qalacaq xatirəsi,
Qorunacaq əbədi.
Zaman zalımcasına
Keçəcək üstümüzdən...

(“Dərin gül” (1975) adlı kitabından)

22
“Ay”
Mariya Kodama üçün 3

Necə dərin tənhalıq var


Bu qızıl rəngli ayda.
Adəmin gördüyü ay deyil
Hər gecə doğan bu ay.
Uzun əsrlər boyu bəşəriyyət
Doldurdu onu qədim bir gözyaşıyla
Yuxusuzkən gecələr...
Bax ona,
Aynandır sənin...

(“Dəmir pul” (1976) adlı kitabından)

3
​ aria Kodama (1937) - Borxesin həyat yoldaşı. ​(tərcümə qeydi - F. H.)
​M

23
“Peşmanlıq”

Bir insan əlindən gələ biləsi


Ən böyük suçların baiskarıyam!
Heç xoşbəxt deyiləm,
Buraxın məni,
Sükut buzlarında qərq olum tamam!

Anam həyat adlı çətin oyunçün


Məni bu dünyaya gətirmiş, əlbət;
Torpaq və havayçün, su və od üçün -
Uduzdum onlara, deyiləm xoşbəxt…

Onlar qamarladı ümidlərimi,


Sənətə bağladım axır çarəmi;
Əfsus, boş işlərlə qarışıb o da...

Mən bir az toxtandım, nə olmasa da;


Fəqət heç tərk etmir, mənimlə daim
Qəmli bir kölgətək talesizliyim…

(“Dəmir pul” (1976) adlı kitabından)

24
“Anın nostalgiyası”

Adam öz-özünə dedi o anda:


" - Nələrdən keçməzdim, axı nələrdən,
Ah, təki yanında olam deyə mən
Əbədi bir günün aydınlığında,
İslandiyada...

Və paylaşam deyə o günü sənlə


Sanki musiqini paylaşmaq kimi,
Bir meyvə dadını bölüşmək kimi...".
O an birlikdəydi adam qadınla
İslandiyada...

(“Şifrə” (1981) adlı kitabından)

25
“Şifrə”

O yox olmuş bağçada yorulmuş gözlərinin


Onu ilk dəfə görüb yaxşıcana duyduğu
Zamanda itib-batan həmin qürubdan bəri
Səninlədir əbədi Ayın səssiz dostluğu...

Əbədi?...
Kimsə bir gün söyləcək, şübhəsiz:
“Taleyin bəxş etdiyi dəyişilməz anları
Bitirdin, bir də heç vaxt Ayı görməyəcəksən.
(Əbəsdir bu dünyada açmaq hər pəncərəni).
Gecdir, sən onu heç vaxt tapa bilməyəcəksən…”​.

Yaşayırıq gecənin mübhəm doğmalığını


Kəşf edib unudaraq...
Bir yaxşı bax səmaya,
Bəlkə, bu, son olacaq...

(“Şifrə” (1981) adlı kitabından)

26
“Qarşıdakı Ay” (1925) adlı kitabından mənsur şeirlər

“Bütün həyatım”

Budur, yenə o unudulmaz dodaqlar; tayı-bərabəri olmayan və sizinkinə


bənzəyən...
Mən həmin qəribə qüvvəyəm ki, adına “ruh” deyirlər.
Yaşamışam; xoşbəxtliyin kandarında da, əzabın kölgəsində də.
Dənizlər keçmişəm.
Çoxlu diyarlar gəzmişəm; bir qadın və iki-üç adamla qarşılaşmışam.
Bir qız sevmişəm; sarışın, qürurlu və əsl ispan kimi mülayim idi.
Şəhərin qurtaracağına gedib çıxmışam; orda günəş nəhayətsiz bir axışla
qərbə sarı əyilir.
Nə qədər sözlərin dadına baxmışam.
Qəlbən inanıram ki, bunlar hər şeydir; daha nə yeni şeylər görəsi, nə də
özüm ortaya qoyasıyam.
İnanıram ki, gah kasıblıq, gah da zənginliklə keçən günlərim və gecələrim
elə Tanrının və bütün insanlarınkına bənzərdir…

27
“Vilya-Ortuzarda qürub” 4

Qiyamət saatına bənzəyən axşam.


Küçə, sanki səmada açılmış bir yaraya dönüb.
Seçə bilmirəm: aralıdakı o közərən parıltı bir mələk idi, yoxsa, günəş
qürub edirdi?
Məsafə kabus kimi aman vermədən üstümə çökür.
Görünməz bir məftil hasar üfüqü sıxıb incidir.
Dünya yararsız bir şeytək küncə atılıb.
Səmada hələ gündüzdür. Gecə dərələrdə pusquya çəkilib.
Yavaş-yavaş öləziyən gün işığı göyümtül kərpic divarlarda və küçədə
gəzişən qızların izdihamında topalaşır.
Seçə bilmirəm: o paslı darvazadan bəri baxan ağacdır, yoxsa, tanrı?
Yaşanılası nə qədər yer gözə dəyir: kənd-kəsək, səma, şəhərkənarı
məhəllələr.
Mən bugün bu küçələrlə, bu kəskin qürub və büsbütün sustalmış bu
axşam ilə necə də varlanmışam!...
Hərçənd uzaqlarda yenə kasıblığıma qayıdacağam...

4
“​Vilya-Ortuzar” - Buenos-Ayresdəki məhəllələrdən biri. ​(tərcümə qeydi - F. H.)

28
Xulio Kortasar (1914-1984)
“Latın Amerikası bumu” adlanan, 1960-1970-ci illərdə baş vermiş,
diqqətəlayiq ədəbi fəaliyyətlərin argentinalı nümayəndəsi, görkəmli yazıçı,
həmçinin şair. Fərqli üsluba malik ​“Xana-xana oyunu” (1963) romanıyla
məşhurdur.
1951-ci ildən etibarən Parisdə yaşamağa başlamış, əsərlərinin çoxunu
orada yazmış və orada vəfat etmişdir.
Sağlığında bir neçə şeir kitabı çap etdirsə də, özünün dediyinə əsasən,
şeirlərini üzə çıxarmağın arzusunda olmamışdır. Son günlərində istəksiz tərtib
etdiyi son şeir kitabı ancaq ölümündən sonra işıq üzü görmüşdür.

“Alaqaranlıqdan özgə” (1984) adlı həmin kitabından şeirlər 5

“Gələcək”

Və artıq bilirəm ki, orda olmayacaqsan;


Küçələrdə,
Gecələr işıq dirəklərindən
Gələn uğultularda,
Yemək seçəndən sonra ofisantı çağıran
O əl işarəsində.
Metroda sıxılışmış
Adamları rahlayan o gözəl təbəssümdə,
Oxunmaqçün əmanət alınmış kitablarda,
Və, ​“Sabah görüşərik”,​ deyilən vidalarda.

5
​Bu kitabdakı şeirlərin bir çoxu şairin əvvəlki kitablarından götürülüb. ​(tərcümə qeydi - F. H.)

29
Artıq olmayacaqsan mənim xəyallarımda,
Artıq olmayacaqsan hər sözümü ilk duyan.
Olmayacaqsan nə bir telefon nömrəsində,
Nə də o xoş rəngində bir qadın köynəyinin,
Ya da bir cüt əlcəyin...

Qəhər məni büsbütün bürüyəcək, əzizim -


Mən ki yaşamayacam daha səndən ötəri;
Şokoladlar alacam, - amma səninçün deyil...
Heç vaxt gəlməyəcəyin döngədə duracağam,
Deyilmiş sözlər ilə qatacağam başımı,
Hamı yeyən yeməklə doyuracam qarnımı,
Köhnəlmiş xəyalları quracağam, əzizim...

Və artıq bilirəm ki, orda olmayacaqsan,


Nə burda, içəridə -
Səni hələ saxlayan qəlbimin daxmasında.
Nə də orada, çöldə -
Küçələr, körpülərin hey axan çaylarında...
Sən heç olmayacaqsan,
Bəlkə, qalmayacaqsan hətta xatirəmdə də...
Fəqət haçan düşünsəm, fikirləşsəm mən səni,
Bir fikir çulğaşacaq onda bütün ağlıma,
Səni xatırlatmağa çalışacaq gizlicə...

30
“Qazanclar və itkilər”

Lətif yalanlarla yaşamaqdayam;


Düzəldib yaxamı, qalstukumu
Aynanın önündə təzim edirəm,
Çıxaraq evimdən işə gedirəm
Hər gün saat doqquz radələrində.
Tanrılar tapşırır canını bir-bir
Qəzetlərin uzun sətirlərində.

Artıq səninçün də darıxmıram mən,


İçimdə bir boşluq duyuram fəqət -
Hər iki üzünə dəri çəkilmiş
Barabana bənzər bu boşluq, əlbət.

Bəzən axşamüstü rahat yatmaqçün


Nəsə oxuyanda -
(Ya xəbərləri,
Yaxud BMT'nin debatlarını,
Yaxud da valyuta məzənnəsini)​ -
Gəlib oxşayırsan saçımı sanki;
Hərçənd darıxmıram səndən ötəri!
Fəqət bəzi şeylər itir anbaan,
İstərdim, onları axtarıb tapam:
Xoşbəxtliyi,
Bir də
Dodaqlarımda
Artıq yaşamayan təbəssümləri...

31
“Sorğulama şəklində oxumaq üçün”

Söylə, həqiqətən görmüsənmi heç


Parlaq ulduzları, bəmbəyaz qarı,
Mehin məxmər kimi addımlarını?

Söylə, həqiqətən toxunmusanmı


Dolu bir boşqaba, isti çörəyə,
Sevdiyin qadının yanaqlarına?

Başına çırpılan bir zərbə kimi


Sən heç ömrün boyu hiss etmisənmi
Qəlbində sıxılıb qalan nəfəsin,
Ötüb-keçən anın küt əzabını?
Sən heç duymusanmı
Qəfil çökməyin,
Hər şeydən qaçmağın izdirabını?...

Hər bir zərrəsiylə bütün canının,


Söylə, bilmisənmi,
Axı nədir bu -
Əllərin, gözlərin, ürəyin sənin?...
Onları büsbütün sən atmalıydın,
Gözündən yaş kimi axıtmalıydın,
Onları yenidən yaratmalıydın...

32
“Sənsiz yaşamağa məcburamsa mən…”

Sənsiz yaşamağa məcburamsa mən,


Gəl bu çətin olsun, amansız olsun;
Sökülmüş çəkməylə gəzim şəhəri,
Süfrəmdə soyuyub yemək buz olsun.

Belə firavanlıq, bolluq içində


Xəstəlik bürüsün canımı hətta.
Daim sayıqlayım sənin adını,
Heç nə yetirməsin məni rahata.

Daha çox sevmərəm, bəlkə, səni mən,


Amma xoşbəxtliyim puç olmuş ikən
Anlaram, vararam mən də fərqinə,
Nələr bəxş etmişdin bir zaman mənə...

Hərçənd aldadıram özümü daim.


Halım gec-tez buna bənzəyər mənim:
Qapının üstünü buz örtüb tamam,
Dəhlizə qısılıb evsiz bir adam;
Divar arxasında ocaq istisi,
Təzə çörək ətri, ev hənirtisi...

Səndən ayrı qalmaq -


Dünyaya, sanki
Tək gözlə baxmaqdır, yarımçıq kimi...
Bir gün bu əzabdan xilas olaraq,
Tutacağam sənə mən gözlərimi...

33
“Qonaqlıqdan sonra”

Və hamı çıxıb gedəndə


Boş şüşələr, kirli külqabılar arasında
Təkcə ikimiz qalanda...

Bilmək nə gözəl idi ki, sən


Bir vahə kimiydin o sərxoşluq anlarında;
Zamandan daha kəskincəsinə
Qaldın təkcə mənimlə gecənin kandarında...

Bircə sən idin ki, getmədin...


Axı çağıracaqdı bizi
Eyni bir yastığın istiliyi
Yeni səhərə oyanmağa;
Birlikdə, gülə-gülə və pərişan...

* * *

“Yaxşı oğlan”
(mənsur şeir)

Ayaqqabılarımın bağını açmağı heç vaxt öyrənəsi deyiləm; beləcə, imkan


verməyəcəyəm ki, şəhərin küçələri ayaqlarımı dişləsin.
Körpülərin altında sərxoş olub, məni abırdan salası işlərə baş qoşan
deyiləm.
Mən ütülü köynəklərin taleyini qəbul edirəm.
Kinoteatra vaxtında gedib çatıram, avtobusda yaşlı qadınlara yer verirəm.
Duyğuların uzun müddət qarışıq qalmağı məni bezdirir. Ondansa, diş
pastasını və təmiz dəsmalları seçirəm. Vaxtlı-vaxtında peyvənd etdirməyə
gedirəm.
O səfil aşiqə bax! Sənə kiçik bir qızıl balıq tutub gətirmək üçün fəvvarəyə
baş vurmağa necə də qorxur! Polislər və dayələr onu qəzəblə süzür...

34
“Kronoplar və məşhurların əhvalatları” (1962) adlı kitabından parçalar

“Mahnı oxumaq üçün təlimatlar”

Əvvəlcə evdəki bütün güzgüləri sındırın. Əllərinizi boş buraxıb


dalğıncasına divara baxın. Çalışın ki, heç nə düşünməyəsiniz.
Bir not söyləyib, onu içinizdən dinləyin.
Əgər qayalar arasında tonqallar və çöməlib oturmuş yarıçılpaq silüetlərlə
dolu, dəhşətli bir mənzərə gözünüzdə canlansa (amma bu, bir az sonra baş
verəcək), deyəsən, işin çəmini tapmısınız. Eləcə də sarı-qara rəngli qayıqların
ləpələndiyi bir çay kənarı, yaxud çörək dadı, barmaq toxunuşu, at kölgəsi də
duya bilərsiniz.
Ardınca, solfecio dərslərinə yazılın və bir frak alın; və xahiş olunur ki,
burnunuzda oxumayın, Şumandan da əl çəkin.

* * *

“Ağlamaq üçün təlimatlar”

Səbəblərini bir kənara qoyaraq, gəlin ağlamağın ən doğru üsuluna nəzər


salaq. “Ağlamaq” deyəndə nə skandal yaradan, nə də paralel və axmaqyana
bənzərliyi ilə gülümsəməyi təhqir edən bir ağlamaq şəkli başa düşməyək.
Adi bir ağlamaq çöhrənin ümumi sıxılmağından, sona yaxın göz yaşı və
burun suyunun ahəngsiz səsindən ibarətdir; çünki ağlayan kimsə sərt bir səs
çıxaran kimi ağlamaq başa çatır.
Ağlamaq üçün təxəyyülünüzün gücünü özünüzə yönəldin. Əgər kənar
dünyaya inanmaq adətiniz olduğu üçün bu alınmırsa, üstünə qarışqalar
çulğaşmış bir ördək təsəvvür edin; yaxud heç kimin heç vaxt ayaq basmadığı
Magellan boğazındakı körfəzləri düşünün.
Haçan ağlamağınız gəlsə, iki ovcunuzu da ehmallı şəkildə üzünüzə tutun.
Uşaqlar isə adətən, otağın bir küncündə, köynəklərinin qolunu gözlərinə sıxaraq
ağlayır. Ağlamağın təxmini müddəti 3 dəqiqədir.

35
“Saatları qurmaq üçün təlimatlara ön söz”

Bu barədə bir az fikirləşin: kimsə sizə qol saatı hədiyyə edərkən, əslində,
kiçik bir cəhənnəm gülüstanı, qızılgül çələngi və daşınan zindan bağışlayır.
Onların verdiyi bu saat təkcə sevinməyiniz üçün deyil. Lap ümid edək ki, bu
hədiyyə sizi həqiqətən xoşbəxt edir; çünki əla markadır, isveç istehsalıdır və
üzərinə yaqut qaşlar düzülüb; lakin bilmək lazımdır ki, o, sadəcə, biləyinizə
sarınıb sizinlə hər yerə gedən kiçik bir “dəqiqəyonan” deyil...
Sizə (özləri bunu bilmirlər; dəhşətdir ki, bilmirlər) yeni, kövrək və
etibarsız bir parçanızı hədiyyə edirlər. Bu parça sizinkidir, amma bədəninizə aid
deyil. Di gəl ki, qayışıyla bağlanıb kiçik və yorğun bir qol kimi biləyinizdən
asılı qalır.
Onlar bu hədiyyə ilə sizə vəzifə verirlər: işləməyə davam etməsi üçün o
saatı hər gün məcburən qurmalısınız. Eləcə də bir vərdiş aşılayırlar: zərgər
vitrinlərini seyr edəndə, telefonla danışanda vaxtı unutmamaq və radioda
xəbərləri qaçırmamaq üçün ona tez-tez baxmalısınız.
Onlar sizə itirmək qorxusu bağışlayırlar: saatı gözünüz kimi
qoruyursunuz ki, amandır, kimsə oğurlayar, yaxud yerə düşüb qırılar.
Sizə xüsusi bir nişan və lovğalıq hədiyyə edirlər: beləcə, siz çoxlarından
bir addım öndəsiniz.
Qeyri-ixtiyari bir davranış bəxş edirlər: saatınızı istər-istəməz başqa
saatlarla müqayisə edəcəksiniz.
Onlar sizə saat bağışlamır. Siz özünüz hədiyyəsiniz ki, saatın doğum
günü üçün, əslində, sizi ona təqdim edirlər...

“Saatları qurmaq üçün təlimatlar”

Ölüm düz arxanızda dayanıb, amma qorxmayın. Bir əlinizdə saatı


saxlayıb, digər əlinizin iki barmağıyla burğacını tutun və yavaş-yavaş fırladın.
Budur, qarşınızda başqa bir zaman açılır, ağaclar yarpaqlarını səpələyir,
qayıqlar yarışa hazırlaşır. Zaman bir yelpik kimi, özü-özüylə dolaraq, axıb
gedir; ondan təmiz hava, gecələr qurudan dənizə əsən küləklər, bir qadın kölgəsi
və çörək ətri tumurcuqlanır...
Daha nə gözləyirsiniz? Qayışını tezcə biləyinizə bağlayın və imkan verin
ki, saat sərbəst işləsin. Siz isə həvəslə onu yamsılayın.

36
Qorxu saatın dəmirlərini pasladacaq, ötüb-keçən və unudulan hər şey
onun damarlarını çürüdəcək və saatın üzərinə düzülmüş yaqut qaşların qanını
donduracaq.
Ölüm isə düz arxamızda dayanıb. Biz ondan əvvəl qaçıb çatmasaq, başa
düşəcəyik ki, daha heç nə vacib deyil...

37
Alayde Fopa (1914-1980?)
İspaniyanın Barselona şəhərində dünyaya gələn Alayde Fopa ata
tərəfindən yarı argentinalı, yarı italyan, ana tərəfdən isə qvatemalalı idi. Atası
diplomat olduğu üçün müxtəlif ölkələrdə: Fransa və İtaliyada yaşamış, 1940-cı
illərdə Qvatemala vətəndaşlığını qəbul etmişdir.
1954-cü ildə Qvatemala baş verən hərbi çevriliş nəticəsində, siyasi
dünyagörüşündən ötrü, əriylə birlikdə Meksikaya qaçmağa məcbur olmuş və
itkin düşənəcən orada yaşamışdır. Belə ki, 1980-ci ilin dekabrında anasını
ziyarət etmək və pasportunu təzələmək üçün vətəninə qayıtdıqda xüsusi
təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdır. Həmin vaxtdan etibarən ondan
xəbər alınmayıb. Aktiv solçu və feminist olan şairənin elə saxlanıldığı gün
öldürüldüyünə inanılır.

“Gecəyə rəğmən” (1962) adlı kitabından şeirlər

“Bir gün”

Bu buludlu göyüzü gizli fırtınasıyla,


Qaçılmaz yağışıyla
Yükdür çiyinlərimdə.
Bu qatı, səssiz hava küləyə çevrilərək
Axı haçan əsəcək?
Boğur məni durmadan yasəmən yarpaqları,
Yorur məni, çox yorur
Heç zaman gəlməyəsi nələrisə gözləmək...

38
Mən getmək istəyərdim məni heç tanımayan
Çox uzaq diyarlara.
Orda bahar gülütək doğulaydım yenidən.
Bu ölü günlərimin yükündən qurtularaq
İstərdim, bir işıqtək
Unudulmuş cığırla göyüzünə ucalmaq…

* * *

“Hərdən”

Evin bir küncünə atılıb-qalmış


Bir şeytək hiss edir özünü hərdən.
Cisimsiz və yüksüz bir kölgə kimi,
Quşların diddiyi bir meyvə kimi,
Ya da bir səs kimi - havada itən...

Hiss edir, duyur ki, hər keçən baxış


Sanki zəncir vurur qanadlarına.
Onu qucaqlayan qollar içində
Hiss edir, elə bil, dönür dumana.

Hərçənd istəyərdi, solğun kölgə yox,


Parlaq və rəngbərəng bir işıq olsun.
Arzu edərdi ki, quru qabıq yox,
Bir uşaq əlində tər meyvə olsun.
Əlbət, istərdi ki, ağır sükut yox,
Aydın bir səs olsun, kimsə eşitsin,
Onu, heç olmasa, duysun bir dəfə...

39
“Sözlər və zaman” adlı (1979) kitabından şeirlər

“Sözlər - XVIII”

Bəlkə də, hər şeydən çox


Bircə sözdür ehtiyacım
Taybatay açmaq üçün pəncərəmi.
Açar kimi bircə söz -
Sükutuma gətirəydim onunla səni...

Əgər onu tapa bilməsəm,


Qoy, bağlı qalsın
Pəncərəm…

* * *

“Zaman - Gündüz - I”

Qurtulmaq istəyərdim
Əllərimə sığınan bu günəş şüasının
Durğun gölməçəsində vurnuxan ümidimdən.

Yaşamaq istəyərdim
Sabahı olmayan bir gündə azad…

* * *

“Zaman - Gecə - XI”

Unuda-unuda yaşayırıq,
Təkcə açarları, şərfi, məktubu,
Görüş vaxtını deyil,
Unuduruq sirləri də;
Beləcə, itib-gedir keçmişimiz
Unutqanlıq içində…

40
Roberto Bolanyo (1953-2003)
Görkəmli Çili yazıçısı və şairi. Avtobioqrafik səciyyəli ​“Vəhşi
xəfiyyələr”​ (1998) romanıyla məşhurdur.

“Romantik köpəklər” kitabından şeirlər

“Dedi: “Uçurumdur hədiyyəm sənə…”

Dedi: ​“Uçurumdur hədiyyəm sənə,


Çox xəfif olsa da, hiss edəcəksən;
Neçə il ötüşüb keçəndən sonra,
Uzaq qalan zaman burdan və məndən...

Tapacaqsan onu, duysan ehtiyac;


Bu, lakin bəxtəvər nəhayət deyil,
Məsud boşluq anı olacaq, əlbət.
Sonra xatırlarsan, bəlkə də, məni,
Çox yox, heç olmasa, bir azca fəqət…”​.

(Kitabın 1993-cü il nəşrindən)

41
“Yağış”
(mənsur şeir)

Yağış yağır. Deyirsən ki, bax, sanki buludlar ağlayır…


Eləysə, ağzını yum və tələs.
Bu sısqa buludlar, sanki ağlayır? Ola bilməz!
Onda bizi cəhənnəmə aparmaq istəyən bu qəzəb və çarəsizlik nədir?
Təbiət özünün bəzi hadisələrini ögey qardaşında - Müəmmada gizlədir.
Məhz bundandır ki, Qiyamət saatı hesab etdiyin bu günortaçağı,
inanmayacağın bir tezliklə, Təbiətin güzgüsündən silinib unudulan kədər və
tənhalıq axşamına çevriləcək. Yaxud sənin yadından çıxacaq. Nə yağış, nə göz
yaşları, nə də uçurum cığırına səs salan addımların - heç birinin mənası
qalmayacaq.
İndi istədiyin qədər ağla. Kölgən sahildəki maşınların ön şüşələrində
sovrulsun.
Özündən isə heç vaxt qurtula bilməzsən...

(2000-ci il nəşrindən)

42
Federiko Qarsiya Lorka (1898-1936)
Görkəmli ispan şairi və dramaturqu. Futurizm, sürrealizm və simvolizm
kimi ədəbi cərəyanları İspan ədəbiyyatına daxil edən və ​“27-ci il nəsli” adlanan
qrupun nümunəvi üzvü kimi tanınmağa başlamışdır.
İspaniyada vətəndaş müharibəsi zamanı millətçilər tərəfindən qətlə
yetirilmişdir.

“Yağış”

Gizlənib yağışda mübhəm nəvaziş,


Hər şeydən əl üzmüş doğma bir xumar.
Oyadır ətrafın yatan ruhunu
Xəfif nəğməsindən axan sədalar.

Canlanır qədim bir əsatir kimi,


Mavi bir busətək öpür torpağı.
Odur qovuşduran səmayla yeri
Aramla düşərkən bir axşamçağı.

Bizə sovqat verir güldən-çiçəkdən,


Üfürür dənizin pak nəfəsini.
Odur, əkinlərə həyat bəxş edir,
Qəlbə pıçıldayır kədər səsini...

43
Ah, ötən bir ömrün acı həsrəti,
Ağır izdirabı gec doğulmağın...
Açılmaz səhərə nigaran ümid;
Biz ki məhbusuyuq nigaranlığın.

Canlanır yeknəsəq bozluğunda eşq,


Qarışır səmamız qanlı zəfərə.
Çevrilir qüssəyə nikbinliyimiz,
Baxırıq - damcıyla dolub pəncərə.

Damcılar - gözüdür əbədiyyətin,


Var bu baxışlarda ana şəfqəti...

Bulanıq şüşədə əsir damcılar


İlahi izdirab qətrələritək.
Bir yığın çayların bilmədiyini
Damcılar düşünür su şairitək.

Yelsiz, qasırğasız, sakitcə yağış!


Solğun bir parıltı, zınqırov səsi.
Ey gözəl, dinc yağış, sənsən həqiqət!
Səpirsən hər şeyə qüssə dənəsi...

Ey müqəddəs yağış! Damcılarından


Qaynayır nə qədər dumduru çeşmə!
Ahəstə yağarkən tarlalara sən
Qəlbimdə gül açır dediyin nəğmə.

Sükuta dediyin həmin nəğməni


Və o nağılı ki, dedin budağa,
Boş qəlbim oxuyur yaşlar içində
Çəkilib qaranlıq, bağlı otağa...

44
Ruhuma qəm dolub narın yağışdan,
Mümkünsüz şeylərin küt qəmidir bu...
Üfüqdən boylanır nurlu bir ulduz,
Çatmaq istəyirəm, qəlb kəsir yolu...

Yağış! Ağacların sevdiyi yağış!


Xoş bir həyəcansan sən pianoda...
Oyadıb ətrafın yatan ruhunu,
Süzürsən qəlbimə duman, əks-səda...

(“Şeirlər kitabı” (1921) adlı kitabından)

45
Fransa ədəbiyyatdan
(əslindən tərcümə ilə)

46
Şarl Bodler (1821-1967)
Yaradıcılığı ilə özündən sonrakı Avropa poeziyasının inkişafına böyük
təsir göstərmiş, görkəmli fransız şairi. Simvolizm estetikasının banisi. ​“Şər
çiçəkləri” (1857) adlı kitabı ilə məşhurdur. Kitabdakı şeirlər, əsasən, o dövrün
Parisində sürətli sənayeləşmənin gözəllik və mənəviyyat anlayışına təsirindən
bəhs edir.

“Şər çiçəkləri” (1857) adlı kitabından şeirlər

22 - “Ekzotik ətir”

Bir payız axşamıdır, gözlərimi yummuşam,


Ciyərimə çəkirəm bihuşedən qoxunu.
Gözlərimdə canlanır xoşbəxt, gözəl bir liman,
Daim eyni bir günəş nura qərq edir onu.

Bəxş eyləyir təbiət, budur, gözəl bir ada;


Orda tək-tük ağaclar və ləziz meyvələr var.
Kişilərin bədəni güclü, sağlam və gümrah
Qadınların gözündə bir heyranlıq parıldar.

Ətrin aparır məni bu ecazkar iqlimə,


Gözlərimdə canlarnır gəmi dolu bir liman;
O gəmilər yorulub dəniz dalğalarından...

Yaşıl tamarindalar hər yanda ətir saçır,


Yayılaraq havada dolur mənim qəlbimə,
Orda dənizçilərin nəğməsinə qarışır...

47
27 - “Dalğalı, bərq vuran libası ilə…”

Dalğalı, bərq vuran libası ilə


Hətta gəzəndə də, sanki rəqs edir.
Məczub bir dərvişin əsası ilə
Ram olan ilantək qıvrılıb gedir.

Səhratək, səhrada asiman kimi


İnsan əzabına duymur etina.
Hey coşub qabaran bir ümman kimi
Ərzi-əndam edir o saymazyana.

Zərif incidəndir gözləri, parlaq...


Onun əsrarəngiz xilqətində, bax,
Birləşir mələklə şeytan məqamı...

Hər şey zərdir orda, işıqdır orda -


Hədəfsiz ulduztək axıb parıldar
Sonsuz bir qadının buz ehtişamı...

48
Ölümündən sonra dərc edilmiş “Paris narahatlığı” (1869) kitabından
mənsur şeirlər

1 - “Yad”

- Ən çox kimi sevirsən, ey əsrarəngiz adam? Atanı, ananı, bacını, ya qardaşını?


- Atam-anam yox, bacım-qardaşım da.
- Bəs dostların?
- Elə söz dediniz ki, mənasını indiyəcən başa düşməmişəm.
- Bəs vətənin?
- Harda yerləşdiyini heç bilmirəm.
- Gözəllik?
- Bəlkə, sevərdim - ölümsüz bir ilahə olsaydı.
- Qızıl?
- Ona nifrət edirəm - siz Tanrıya nifrət edən kimi.
- Eh! Bəs nəyi sevirsən, ey qəribə adam?
- Buludları sevirəm, ötüb keçən buludları, uzaqlara gedən gözəl buludları…

* * *

33 - “Sərxoş olun”

Siz həmişə sərxoş olmalısınız. Bu, yeganə məsələdir. Çiyinlərinizi


incidən və sizi yerə yıxan zamanın ağır yükünü hiss etməmək üçün,
dayanmadan sərxoş olmalısınız.
Bəs nədən sərxoş olmaq? Şərabdan, poeziyadan, yaxud fəzilətdən;
ürəyiniz necə istəsə, sərxoş olun.
Hərdən bir sarayın pilləkənlərində, ya bir arxın kənarındakı yaşıl
çəmənlikdə, yaxud otağınızın kədərli tənhalığında ayılıb görürsünüz ki,
sərxoşluq səngiyib, hətta uçub gedib. Onda üz tutaraq soruşun; küləkdən,
dalğadan, ulduzdan, quşdan, saatdan, qaçıb gedən, inildəyən, fırlanan, nəğmə
oxuyan, danışan hər şeydən soruşun. Soruşun ki, saat neçədir? Külək, dalğa,
ulduz, quş və saat sizə cavab verəcək: ​“Sərxoş olmaq vaxtıdır! Zamana qurban
gedən kölələrdən olmamaq üçün sərxoş olun. Dayanmadan sərxoş olun.
Şərabdan, poeziyadan, fəzilətdən; ürəyiniz necə istəsə…”​.

49
Pol Verlen (1844-1896)
XIX əsr ədəbiyyatında xüsusi yer tutan, görkəmli fransız şairi. Simvolizm
və dekadentçilik cərəyanın nümayəndəsi.

“Sentimental dialoq”

Şaxtalı, sazaqlı havada bayaq


İki kölgə ilə işıldadı park.

Solğun dodaqları, ölü gözləri;


Çox çətin duyulur soyuq sözləri.

Hər yanı buz tutmuş o köhnə parkda


Çağırdı keçmişi onlar uzaqdan...

“- Xatırla, coşqunduq necə də bir vaxt...


- Hardan yada düşdü bu xatırlamaq?

- Qəlbin döyünürmü yenə adımla?


Məni görürsənmi yuxunda? - Əsla!

- Tərifsiz səadət! O gözəl günlər!


Biz dodaq-dodağa... - Bu, ola bilər.

50
- Səma nə maviydi, ümid - bir ümman!
- Ümid məğlub oldu, qaraldı səma…”​.

Və gözdən itdilər ağaclar boyu;


Onların sözünü tək gecə duydu...

(“Aşiqanə yığıncaqlar” (1869) adlı kitabından)

* * *

“Son ümid”

Başdaşılar arasında bir ağac


Hey sovrulur əllərində küləyin.
Xatırlatmır bu tək ağac heç nəyi,
Özbaşına şaxələnir o, bivec...

Bir quş qonur budağına yaz-payız,


Hər tərəfi çulğalayır saf səsi,
Sədaqətli, qüssə dolu nəğməsi...
O tək ağac, o qəmli quş - bizik, biz...

Sən - xatirə, mən - yoxluğam, heçliyəm;


Keçən zaman qaralayıb adımı.
Kaş, yanında əbədi ömr eyləyəm...

Ah, əzizim, yaşayaydım yenidən!


Fəqət heçlik çöküb bütün canıma...
Bəs, qəlbində yaşarammı, söylə, mən?...

(1893.
Bu şeir kitablarına daxil edilməyib)

51
Artur Rembo (1854-1891)
Fəaliyyətinin çox erkən başlamağına və tez sona çatmağına baxmayaraq,
müasir ədəbiyyat və incəsənətə geniş ölçüdə təsiri olmuş fransız şairi.
Simvolizmin ən böyük təmsilçilərindən olmaqla yanaşı, əsərləri modernizm,
həmçinin sürrealizm cərəyanının ilk izlərini daşımaqdadır.

“Duyğu”

Cığırlara çıxaraq mavi yay axşamları,


Buğda tarlalarından keçəcəyəm pərişan.
Bir çəmən təravəti duyacaq addımlarım,
Saçlarımı yuyacaq xəfif külək yavaşdan.

Düşünmədən heç nəyi üfüqə üz tutarkən


Təbiətin sevgisi dolduracaq qəlbimi...
Gedəcəyəm uzağa köçərilər təki mən -
Xoşbəxt, sanki yanımda bir qadın varmış kimi...

(Mart, 1870.
Ölümündən sonra
“Şeirlər” (1895) adlı kitabında
dərc edilmişdir)

52
Pol Elüar (1895-1952)
Sürrealizm cərəyanının banilərindən olan fransız şairi. ​“Ağrının paytaxtı”
(1926) kitabı həm öz yaradıcılığında, həm də dünya poeziyasında xüsusi
əhəmiyyətə malikdir.

“Ağrının paytaxtı” kitabından 3 şeir

“Bəzi başqaları arasında”

Filip Supo üçün 6

Gözlərində göy üzü var - yaşlarla dolu.


Nə göz qapaqları, nə də əlləri
Bir gecəyə çevrilir ki,
Ağrısını oradaca gizlədə.

Gedib, bunu xəbər alasıdır


“Çöhrələr şurası”ndan,
Əgər hələ bacarırsa
Gəncliyini qovmağı,
Bir də düzənliklərdə
Külək sürməyi.
Bu ki təcrübə işidir;
Külək ömrün ortasından yapışır -

Axı tərəzinin ancaq iki gözü var...

6
​Filip Supo (1897-1990) - sürrealist fransız şairi və yazıçısı. ​(tərcümə qeydi - F. H.)

53
“Həyat”

Təbəssümdür - gizləndikləri yerdən çıxıb


Görməyə gələnlərə.
Çölə boylanan kimi, yuxusu gəlir.

Günbəgün daha erkən oyanır.


Hər fəsildə daha çılpaq,
Daha təravətlidir.

Baxışlarını izləmək üçün


Yırğalanır tək ayağı üstündə.

* * *

“Heç nə”

Masanın üzərinə bir quş qoyur, pəncərələri bağlayır. Daranır; saçlarını


əlində bir quşdan daha həssas tutur.
Gələcək barədə danışır. Mənsə onu yoxlamaqla məsulam.
Ölgün ürək, ağrıyan can, çatlaq əllər, ağaran saçlar, məhbuslar, açıq bir
yaratək büsbütün üstümə çökən su...

54
“Səni sevirəm”

Səni sevirəm tanımadığım bütün qadınların yerinə,


Səni sevirəm yaşamadığım bütün vaxtların yerinə.
Geniş dəniz qoxusunun, isti çörək qoxusunun xatirinə,
Suya dönən qarların, ilk güllərin xatirinə,
İnsanların qorxmadığı heyvanların xatirinə.
Səni sevirəm elə eşqin xatirinə,
Sevmədiyim qadınların yerinə...

Səndən özgə kim mənim qəlbimi əks etdirər?


Mən ki özüm-özümü necə də az görürəm!
Sənsiz bir çöl görürəm keçmişdən indiyəcən...
Bir samandan yapışıb çox ölümü haqladım,
Əfsus, keçə bilmədim aynamın divarından.
Gərək idi, sözbəsöz öyrənəydim həyatı,
Necə ki, unudurlar onu elə sözbəsöz...

Səni sevirəm məndə heç vaxt olmayan


Müdrikliyin xatirinə, sağlamlığın xatirinə;
Gözümüzü yanıldan yüz cür yalana rəğmən,
Heç vaxt daşımadığım ölməz ürək xatirinə.
Sən ki şübhə deyilsən, həqiqətsən yeganə!
Huşyar olduğum zaman məni sərxoş eyləyən
Bir möhtəşəm günəşsən!...

(“Feniks” (1951) adlı kitabından)

55
Jak Prever (1900-1977)
Fransız poeziyasında sürrealizm cərəyanının nümayəndəsi. Bir çox
filmlərin ssenari müəllifi. Şeirləri əsasında məşhur mahnılar bəstələnmişdir.

“Sözlər” (1946) adlı kitabından şeirlər

“Parisdə gecə”

Ard-arda üç kibrit çəkib yandırdım:


Biri, görmək üçün bütün çöhrəni,
İkincisi, gözlərini görməyə,
Sonuncusu isə, dodaqlarını.
Və qatı qaranlıq çökdü ətrafa -
Sanki xatırlayım deyə bütün bunları
Səni qollarımda qucaqlayarkən.

* * *

“Payız”

Yolun ortasında bir at cəsədi,


Xəzəllər bürüyüb üstünü tamam.
Eşqimiz...
Eşqimiz titrəyir indi,
Günəş də titrəyir yorulduğundan.

56
“Görəcəyinizi görəcəksiniz”

Bax, dənizdə üzən çılpaq, gözəl qız,


Su üstündə gəzən saqqallı adam -
Hansı möcüzələr möcüzəsidir,
Hansıdır göylərdən elan olunan?

* * *

“Səhər yeməyi”

Qəhvə tökdü fincana.


Süd tökdü qəhvə dolu fincana.
Şəkər tökdü süd dolu fincana.
Kiçik bir qaşıqla qarışdırdı.
İçdi südlü qəhvəni.
Stola qoydu fincanı;
Mənimlə heç danışmadan.

Bir siqaret yandırdı.


Havada çevrələr çəkdi tüstüsüylə.
Külqabıya atdı külləri;
Mənimlə heç danışmadan,
Mənə baxmadan.
Ayağa qalxdı.
Papağını başına qoydu.
Plaşını geyindi.
- Küçədə yağış yağırdı -
Getdi yağış altına;
Bircə kəlmə demədən,
Mənə baxmadan.

Başımı aldım
Əllərimin arasına.
Ağladım.

57
“Skamyada oturan ümidsizlik”

Meydandakı skamyada bir nəfər oturub,


Qarşısından keçəndə səsləyir səni.
Əlində durbin var, əynindəysə boz kostyum,
Siqaret çəkir oturaraq.
Bax, o adam biz keçəndə səni çağırır,
İşarə edir ki, gedəsən yanına.
Sən məbadə ona baxasan,
Məbadə qulaq asasan ona.
Gəl keçək, gedək,
Sanki onu heç görməmiş kimi,
Sanki eşitməmiş kimi sözlərini,
Gəl keçək ləngimədən.

İşdir, əgər ona baxsan,


Qulaq assan dediklərinə,
(Görərsən ki, çağırdığı sənsən, başqası deyil)
İstər-istəməz gedib əyləşəcəksən yanında.
O sənə baxacaq, gülümsəyəcək,
Sənsə əzab çəkəcəksən.
O gülümsəməyə davam etdikcə,
Sözsüz, alışacaqsan, gülümsəyəcəksən onun kimi.
Nə qədər çox gülümsəsən, o qədər çox əzab çəkəcəksən -
Dəhşətdir.
Nə qədər çox əzab çəksən, o qədər çox gülümsəyəcəksən -
Geriyə də yol yoxdur.

Qalacaqsan elə orada,


Donmuşcasına oturub skamyada,
Gülümsəyəcəksən.
Ətrafında uşaqlar oynayacaq,
Qarşından ötüb-keçəcək adamlar səssizcə.
Ağacdan-ağaca uçacaq quşlar

58
Sənsə qalacaqsan elə orada,
Skamyada.
Yaxşı bilirsən ki,
Bir də heç vaxt oynaya bilməyəcəksən
Ətrafındakı uşaqlar kimi.
Bir də heç vaxt ötüb-keçə bilməyəcəksən yolları
Bu adamlar kimi.
Bir də heç vaxt uça bilməyəcəksən
Ağacdan-ağaca bu quşlar kimi.

59
Boris Vian (1920-1959)
Bəzi əsərlərində istifadə etdiyi ​“Vernon Sullivan” təxəllüsüylə də tanınan
yazıçı, şair, həmçinin musiqiçi və müğənni. ​“Günlərin köpüyü” (1946) adlı
romanı ilə məşhurdur.

“Necə də parıldayır küçədə gün işığı…”

Necə də parıldayır küçədə gün işığı!


Bilsəniz, bu işığı mən necə çox sevirəm.
Fəqət heç yoxdur aram küçənin səs-küyüylə;
Odur ki, axşamacan evimdə gözləyirəm.
Gözləyirəm dünyanın qayıdıb gəlməyini
Yaş dolu səsləriylə, qızıl qüllələriylə.
Xoşbəxtlərin dilində oxunan xoş nəğmələr,
Həzin-həzin süzülən ağ şəlalələriylə.
Elə ki axşam düşür, elə bir an gəlir ki,
Küçə dəyişir tamam, başqalaşır o anda.
Yox olur ölülərin xəyalları içində,
Arzu dolu gecənin qanadları altında.
Mən də azadcasına artıq çıxıram evdən,
Küçə yolum boyunca hey uzanır sübhəcən.
Ucalır yaxınlarda bir tüstü göyüzünə.
Gəzirəm saf gecənin sərt suları boyunca;
Günəş də, harda olsa, qayıdıb gələr yenə.

(Ölümündən sonra dərc edilmiş “Ölmək istəməzdim” (1962) adlı kitabından)

60
Polşa ədəbiyyatından
(əslindən tərcümə ilə)

61
Halina Posvyatovska (1935-1967)
Müasir Polşa ədəbiyyatının görkəmli təmsilçisi, şairə və yazıçı. Həyatın
mənası və ölüm, sevgi və ehtiras, ümid və yas kimi duyğular, həmçinin bir sıra
tarixi şəxsiyyətlər onun poeziyasının başlıca mövzularındandır. Şeirlərində Ezra
Paund, Qarsiya Lorka, Jak Prever kimi şairlərdən təsirlənmiş, habelə arılar və
pişiklərdən, heyvanlarından xəzindən, qırmızı rəngdən, Nyu-York Metropoliten
muzeyinin eskponatlarından ilham almışdır.
9 yaşında başına gələn xronik bir soyuqdəymə ürəyində problem əmələ
gətirmiş, gəncliyi boyu bu problemin ağrısını çəkmiş, ömrünün böyük hissəsini
xəstəxana və sanatoriyalarda keçirmişdir. 32 yaşında halı qəfildən pisləşmiş,
ikinci dəfə (ilk əməliyyat 1958-ci ildə Amerikada baş tutmuşdu) əməliyyat
edilməyinə qərar verilmişdir. Əməliyyatdan çıxa bilsə də, bir neçə gün sonra
Varşavada vəfat etmişdir.

“Bütpərəstlik himni” (1958) adlı kitabından şeirlər

* * *

Axtarıram səni
Pişiklərin yumşaq xəzində,
Yağış damcılarında,
Bağçadakı çəpərlərdə.
Söykəyənərək çəpərin dirəyinə,
Gizlənərək günəşlə -
- Hörümçək torunda qalmış bir milçək kimi -
Gözləyirəm...

62
* * *

Ey yarpaq,
Bürü məni yaşılınla!
Payızın çılpaq bir ağacıyam mən,
Titrəyirəm soyuqdan...

Ey su,
Ax bütün varlığıma!
Səhrada bir qum zərrəsiyəm,
Külək sovurur məni...

İsit məni, ey günəş!


Bax, qarşında dayanmışam
Sözlərimdə gizlənərək;
Ağacların arasında
Qaynayan bir bulaq kimi...

* * *
(mənsur şeir)

Toz-torpaqlı bir yolda sənin dodaqlarını axtarıram.


Əyilirəm, mamır bürümüş bütün daşların altına baxıram.
Nəmişlik kölgələrdə ilbizlər mürgüləyir. Bir-bir oyadıb soruşuram:
“O hardadır?...”.
Onlar yuxulu buynuzlarını şəkləyir, qabıqlarından boylanır, gözlərini
qıyıb günəşə baxır və heç nə demədən gözdən itirlər.
Kələ-kötür üzünü ilıq və təşnə əllərimlə sığallayaraq, bir daşdan
soruşuram. O da susur.
Günəşdən soruşuram. Başını qərbə tərəf tutur.
İndi səni tapmaq üçün, günəşi izləyərək qərbə gedirəm...

63
“Əbədi sonluq”

Ruhum cənnət ilə müjdələnsə də,


Gəlməz inanmağım belə yalana.
Mən ki cəhənnəmə aparasıyam
Səni - o qırmızı ahü fəğana.

Gəzmərik behiştin bağlarında biz,


Boylanıb baxmarıq yasəmənlərə.
Şeytanın qəsrinin darvazasında
Qısılıb qalarıq quruca yerə.

Orda mələklərin qanadlarıtək


Çırpınar kül olmuş kəlmələrimiz.
Bəşərin bayağı sevgilərindən
Mahnılar zümzümə edər dilimiz.

Gecələr hansısa işartılarla


Qaçıb gizlənərik gözlərdən uzaq.
Dodaqlar birləşər...
Pıçıltılarla
Yuxuya gedərik qucaqlaşaraq...

Səhər gəlib bizi qovar keşikçi


O bağdan dəhşətli qəhqəhələrlə.
Gülər göstərərək dişlək bir alma
Qədim bir ağacın ətəklərində...

64
“Əllər üçün oda” (1966) adlı kitabından şeirlər

* * *

İnsaf eylə, ilahi!


Məni niyə yaratdın
Sərt daşların ziddiyəti içində?...

Mən ki sirlərinə agaham sənin:


Sudan yaradıram həsrət şərabı,
Şərab da çevrilir oda qanımda...

Əzabımın tanrısı!
Doldur ipək nəfəsinlə
Qəlbimdəki boş yuvanı.

Yavaşca - qırmadan qanadlarını -


Bir quşun ruhunu üfür canıma
Sevginin gümüşü sədası ilə...

* * *
(mənsur şeir)

Mənim əsas məşğuliyyətim qaşlarıma sürmə çəkməkdir.


Hürkmüş güzgünü sabit baxışlarıyla "deşən" qadınların kəskin diqqətiylə
qaşlarıma sürmə çəkirəm.
Hər səhər keçdiyim binanın tini, burulduğum döngə.
Kifin sısqa barmaqları qum dənəciklərini qucaqlayır.
Divardakı, döşəmədəki çatlaqlar get-gedə böyüyür.
Küçələr parçalanır, uçub-dağılır.
Külək onları dörd tərəfə səpələyir,
Onlarla gizlənpaç oynayır.
Mənsə saçımı üzümə töküb daraya-daraya, çəməndəki daşlara baxıram...

65
Ölümündən sonra dərc edilmiş “Başqa bir xatirə” (1968) adlı kitabından

“Veritas” 7

Əllərimi uzatsam,
Toxunmağa çalışsam,
Elektrik tellərinə dəyəcəyəm.

Bir kül yağışı kimi


Yağacağam torpağa.

Fizika həqiqətdir,
İncil həqiqətdir,
Eşq həqiqətdir -
Həqiqət - ağrıdır...

* * *

Qəmlənmə bu qədər,
Qəlbimin quşu!
Bəsləyərəm səni sevinc dəniylə,
Sən parlayarsan.

Gəl artıq ağlama,


Qəlbimin quşu!
Bəsləyərəm səni şəfqət dəniylə,
Pərvazlanarsan.

Ey qırıq qanadlı qəlbimin quşu!


Çırpınma daha;
Bəsləyərəm səni ölüm dəniylə,
Sən uyuyarsan...

7
​Veritas - Qədim Roma mifologiyasında həqiqət ilahəsi.​ (tərcümə qeydi - F. H.)

66
Aqnyeşka Oşeçka (1936-1997)
Çağdaş Polşa incəsənətində, əsasən mahnı yaradıcılığı sahəsində xüsusi
yeri olan şairə, yazıçı və rejissor. Bir çox görkəmli bəstəkarın 2000-dən çox
mahnısına sözlər yazmış, həmin mahnılar ölkənin məşhur müğənniləri
tərəfindən dəfələrlə ifa edilmişdir.

“Pis deyil” (​“Nie jest źle”​, 1963) adlı mahnının sözləri


Bəstəkar: Krzysztof Komeda
İlk ifaçı: Urszula Dudziak

Biz ki gözəl idik - amma nə olsun?


Əlbəttə, hər şeyin bir sonu vardır...
Artıq özümündür bütün günlərim;
İstəsəm, yağışda başaçıq halda
Çıxa da bilirəm küçəyə indi.
Hamıya hər şeyi deyə bilirəm,
Siqaret çəkirəm istəyən qədər.
Hətta mən sevirəm bomboş evimi,
Hara istəsəm də, gedib gəlirəm -
Bu ki pis deyil...

Qəlbimi incitmir dedi-qodular;


Daha maraqlı da deyil mənə heç:
Təkmi oyanırsan, ya bir qadınla?...
Dünən ordaymışsan - o restoranda,
Bir vaxtlar hər axşam gedərdik ora...

67
Yox, əsla etmirəm şikayət-filan,
Axı rahatlığa qovuşmuşam mən.
Tanışlar da deyir, bu ki pis deyil;
Bilirəm, məmnunam mən taleyimdən...

Təkcə, sözün düzü, məyus oluram


Hərdən soruşanda bir kimsə məndən:
“Hardadır, hardadır axı o adam?...”​.

68
Rusiya ədəbiyyatından
(əslindən müqayisə ilə ingilis dilindən tərcümədə)

69
Anna Axmatova (1889-1966)
XX əsr rus-sovet ədəbiyyatının görkəmli nümayəndəsi. ​“Gümüş əsr”in 8
təmsilçilərindən.
Stalin repressiyası illərində əsərləri daim senzuraya məruz qalaraq çapdan
uzaqlaşdırılsa da, vətənindən mühacirət etməmiş, ölkəsində baş verənləri qəlb
ağrısıyla qələmə almağa davam etmişdir. Həmin dövrdə yazmağa başladığı,
lakin 30 il sonra - 1963-cü ildə tamamladığı ​“Rekviyem” adlı poeması həmin
dövrün acısını ifadə edən ən yaxşı əsərlərdən sayılır.

İlk şeirlərindən iki nümunə

“Mən artıq ummuram məhəbbətini…”

Mən artıq ummuram məhəbbətini,


Bilirəm, arxayın yerdədir daha.
Qısqanc sözlər ilə dolu məktublar,
İnan, heç yazmıram nişanlına da.

Sən bircə qulaq as bu məsləhətə:


Bağışla, oxusun şeirlərimi.
Bəysən, səmimi ol, hər şeyə rəğmən,
Ona ver səndəki şəkillərimi.

8
​“Gümüş əsr” - Rus poeziyasında XIX əsrin sonu - XX əsrin əvvələrinə təsadüf etmiş əhəmiyyətli
mərhələnin məcazi adı. ​Blok, Yesenin, Svetayeva, Mayakovski, Axmatova və bir sıra digər məşhur
qələmlər məhz bu mərhələdə yetişmişlər. ​(tərcümə qeydi - F. H.)

70
Onuntək axmaqlar həvəskar olur
Mükəmməl zəfərin təkəbbürünə.
İlk həssas anların xatirəsinə,
Yaddırlar dostluğun söhbətlərinə.

Ucuz bir səadət qanadlarında


Əziz sevgilinlə ömr eyləyərkən,
Vaxt gələr, haçansa doyar ürəyin,
Hər şeydən bezərsən sən də qəfildən.

Onda təntənəli gecəmə gəlmə!


Axı tanımıram, bilmirəm səni.
Eləysə mən necə kömək edərəm?
Sağalda bilmərəm "xoşbəxtliy"ini…
(“Təsbeh” (1914) adlı kitabından)

* * *

Bilmirəm ki, sağsan, yoxsa, ölmüsən,


Bu dünyada tapmaq mümkünmü səni?
Yoxsa hər bir axşam dərd əlində mən
Yasını saxlayım, düşünüm səni?

Hər şey sənin üçün: hər gün dualar,


Yuxusuz gecələr qızdırmalarım;
Dilimdə düzülən bəyaz misralar,
Gözümdə parlayan bu mavi yanğın...

Heç kim daha doğma olmayıb mənə


Və heç kim bu cürə salmayıb oda;
Hətta zülm edənlər xaincəsinə,
Hətta bir vaxt sevib, unudanlar da…

(İyul, 1915.
“Bəyaz misralar” (1917) adlı kitabından)

71
Marina Svetayeva (1892-1941)
“Gümüş əsr”​in şairələrindən olmaqla yanaşı, rus və dünya poeziyasının
mühüm qələmlərindəndir.
Ömrü boyu başına gələn əzabların ağrısına, maddi sıxıntılara və xüsusən
də, amansız mühitin onu özündən təcrid etməyinə tab gətirməyən Svetayeva
1941-ci ildə özünü asaraq intihar etmişdir.

“Mən cəmi üç dəfə görmüşəm sizi…”

Mən cəmi üç dəfə görmüşəm sizi,


Ayrı qalmamışıq lakin heç zaman.
O ilk sözünüzü duyandan bəri
Qəlbim hey alışır, yanır durmadan;

Təzəcə açılan yarpaqlar kimi,


Sanki xışıldayır zülmət içində...
Siz ki - bir albomda özgə portret -
Sizi tanımıram, doğrusu, mən də.

Hər şey təsadüfsə deyildiyitək,


Əlbət, bu albom da bağlana bilər.
Ah, o mərmər kimi parlaq alnınız!
Ah, onun ardında uyuyan sirlər!...

72
Baxın, mən dürüstəm dediklərimdə,
Həsrətim səmimi, arzum səmimi.
Çiynimə süzülən qızıl saçıma
Əsla toxunmayıb əli heç kimin.

Ruhum alçalmayıb kimsədən ötrü!


Tək yaxın bilsəm də ürəyə sizi,
Mənim canımdakı qürurlu şeytan
İmkan verən deyil sevməyə sizi...

Desəniz, bu sözlər bəs onda nədir? -


- Başqa hakim əncam çəkəcək buna.
Burda çox sualın yoxdur cavabı,
Siz də deyilsiniz mənə aşina...

(13 iyul 1914.


İlk şeirlərindən)

73
Vladimir Mayakovski (1893-1930)
Görkəmli rus-sovet şairi və dramaturqu. Futurizm cərəyanı nümayəndəsi.
Yaradıcılığının ilk vaxtlarına düşən inqilab illərində Kommunist Partiyasının
ideoloji tərəfdarı olsa da, sonrakı illərdə Sovet dövlətinin nöqsanlarını təsvir
edən əsərləri səbəbilə mütəmadi senzuraya məruz qalmış, həm dövlət, həm də
ədəbi mühit tərəfindən tənqid edilmişdir.
Mayakovski 14 aprel 1930-cu ildə tapançayla ürəyinə atəş açaraq intihar
etmişdir. İntihar məktubunda yazmışdır:

“Hamıya.
Ölümüm barədə heç kimi günahlandırmayın və xahiş edirəm, dedi-qodu
etməyin. Mərhum bunu qətiyyən sevməzdi.
Ana, bacılar, yoldaşlar, məni bağışlayın. Bu, çarə deyil (heç kəsə də
tövsiyə etmirəm), amma mənim üçün başqa çıxış yolu yoxdur.
Lilya, məni sev.
Yoldaş hökumət; Lilya Brik, anam, bacılarım və Veronika Vitoldovna
Polonskaya - mənim ailəmdir. Onları layiqli bir həyat ilə təmin etsəniz,
minnətdar olaram.
…”.

74
Aşağıda verilən iki şeiri Mayakovski müxtəlif tarixlərdə yazsa da, özü
heç vaxt dərc etdirməyib. Həmin şeirlər ilk dəfə 1934-cü ildə “Mayakovski”
adlı almanaxda çap olunublar.

“Liliçka” 9
(məktub əvəzi)

Siqaret tüstüsü udub havanı,


Cəhənnəm küncünə dönübdür otaq.
Xatırla,
İlk dəfə əllərini mən
Burda oxşamışdım çılğınlar sayaq...

Budur, oturmusan,
Qəlbin daş kimi...
Məni də qovarsan bugün-sabaha.
Titrəyib qırılmış qollar, əlbəttə,
Köynəyin qoluna sığışmaz daha.

Qaçaram, çöllərə düşərəm qəfil,


Ağlım da sovrular pərişanlıqda.
Əzizim, bu mənə heç gərək deyil,
Gəl artıq ayrılaq, eyləyək vida...

Eşqim - ağır bir yük; hər şeyə rəğmən,


Haraya getsən də, bağlanıb sənə.
Dərdin ağrısını siləm deyə, gəl
Son dəfə fəryadçün izn ver mənə...

Haçan ki bir buğa düşsə taqətdən,


Qaçar, buz sulara özünü sərər.
Məndəysə dəniz yox sevgindən özgə,
O da bəxş eyləmir göz yaşı qədər.

9
​ eir Liliya Brikə (1891-1978) - şairin sevdiyi qadına həsr edilib.​ (tərcümə qeydi - F. H.)
​Ş

75
Dincəlmək istəsə yorulmuş bir fil
Uzanar şah kimi qızğınca quma.
Məndəysə günəş yox sevgindən özgə;
Hardasan, kimləsən? - bilmirəm amma.

Başqa bir şairə versən cəfalar,


Dəyişər yarını vara-dövlətə.
Mənsə eyləmərəm əsla xəyanət
Adından duyulan o səadətə.

Atmaram özümü, içmərəm zəhər,


Sıxa da bilmərəm gicgaha güllə.
Gözlərindən özgə mənə, əzizim,
Batası bıçaq da olmaz ki belə…

Gül açmış qəlbimi eşqlə yaxmağım,


Sənə tac taxmağım çıxar yadından.
Ah, kitablarımın vərəqlərini
Əzib qırışdırar bu əbəs dövran...

Mənim sözlərimin quru yarpağı


Saxlayarmı səni acgöz nəfəsdən?
İzn ver, tərk edən addımlarını
Son zərif sözlərlə vəsf eyləyim mən...

76
“Tamamlanmamış - IV” 10

Saat iki - yəqin, yatmısan artıq;


Gümüş bir çay axır göyün qəlbinə.
Daha yox bəhanəm, oyanmağınçün
Məktublar yazaraq göndərim sənə.

Necə ki deyirlər - bitdi qalmaqal,


Dəydi güzərana eşqin qayığı.
Artıq hesablaşdıq; nə düşdü bizə? -
Daim çəkdiyimiz qəm, qüssə, qayğı.

Düzülüb səmaya xəractək ulduz,


Bax, necə doludur dünya sükutla.
Beləcə anlarda danışır insan
Ötən əsrlərlə və kainatla…

(1927-1928)

10
​Son illərində yazdığı bu şeirin ikinci bəndini (üçüncü misra dəyişilməklə) intihar məktubunda da
qeyd etmişdir. ​(tərcümə qeydi - F. H.)

77
“Əlvida”

Xərcləndi maşında sonuncu frank


“ - Neçədə çatacaq Marselə qatar?”.
Paris yola salır məni qaçaraq,
Bütün gözəlliyi qalır arxada.

Bax, axır gözümdən yaş gilə-gilə,


Çarpılıb qəlbimə həssas bir hava.
İstərdim, Parisdə yaşayıb öləm,
Əgər olmasaydı bizim Moskva...

(1925.
Şairin 1924-cü ildə Parisə səfərinin
təəssüratlarından bəhs edən,
səkkiz şeirdən ibarət
“Paris” (1924-1925) məcmuəsindən)

78
Müxtəlif müəlliflərdən
(Əsasən, ingilis dilindən tərcümədə)

79
Herman Hesse (1877-1962)
“Demian” (1919), “Siddhartha” (1922) və ​“Yalquzaq” (1927) kimi
romanlarıyla məşhur olan görkəmli isveçrə yazıçısı və şairi. Əslən Almaniyanın
Kalv şəhərində dünyaya gəlmişdir.
1946-cı ildə Ədəbiyyat üzrə Nobel makafatına layiq görülmüşdür.

Ölümündən sonra dərc edilmiş “Şeirlər” (1970) kitabından üç şeir

“Çölün o tayında…”

Göyün o tayında axır buludlar,


Çölün o tayında əsir küləklər.
Çölün o tayında anamın oğlu
İtkindir, gəzişir düşüb dərbədər...

Küçənin o tayı yarpaqla dolu,


Ağacın o tayı - çığırır quşlar...
Bu nəhəng dağların o tayındasa
Daim axtardığım, uzaq evim var...

(1902)

80
“Səfərdə”

Qəmlənmə, bir azdan düşəcək gecə,


Çöllüyün bulanıq asimanında
Qəhqəhə çəkəcək ay gizli-gizli;
Rahatlıq tapacaq qəlbimiz onda...

Qəmlənmə, yetişib gələcək zaman,


Əl-ələ sükuta dalacağıq biz.
Yolun işıqlı bir kənarındaca
Qovuşub susacaq cığırlarımız...
Yağışlar yağacaq, qar ələnəcək,
Əsəcək, əsəcək, ötəcək külək...

(1911)

* * *

“Necə də ağırdır belə güzəran…”

Necə də ağırdır belə güzəran,


Qəlbimi isidən bir ocaq da yox.
Günəş gülümsəmir mənim çöhrəmə,
Nə varsa, amansız, nə varsa - soyuq...

Baxsana, gözləri pak ulduzların,


Əzizim, necə də pərişan baxır.
Nə varsa, əbəsdir - bilən andan ki,
Bu eşq də bitəcək əvvəl, ya axır...

(1911)

81
Betti Alver (1906-1989)
Estoniyanın məşhur şairə və yazıçılarındandır. İkinci Dünya müharibəsi
ərəfəsində fəaliyyət göstərmiş, 8 şairdən ibarət “Kahinlər” adlı ədəbi
cəmiyyətin üzvü kimi şöhrət qazanmışdır.
Sovet Rusiyasının Estoniyanı işğal etdiyi ilk illərdə həmkarı olan əri
Heyti Talvik Sibirə sürgünə göndərilmiş və 1947-ci ildə orada vəfat etmişdir.
İşğalçıların zülmünə etiraz kimi susmağı seçən Betti Alver uzun müddət qələmi
yerə qoymuş, yalnız 1960-cı illərdə yaradıcılığa davam etmişdir.

“Kədər adlı dərzi”

Dünən çiskin yağışda


Kəskin qayçısı ilə
Kədər təşrif buyurdu
Şəhərə birdən-birə.

Biçdi qüssə bezindən


Köynəklər uşaqlara.
İnsanların ömrünə
Tikdi manşırlar, qara...

Hürkən adamlar üçün


Parçalar da payladı
Saf ölüm ipəyindən.
Səpələdi ağ saplar
Saçlarına qəfildən...

(1942)

82
Pol van Ostayen (1896-1928)
Niderland dilli Belçika şairidir. Belçikanın şimalındakı Flandriyanın
müstəqilliyinin fəal tərəfdarı olmuşdur. Vərəm xəstəliyi səbəbindən 32 yaşında
vəfat etmişdir.

“Gecə səsləri”

Buralarda hardasa bəmbəyaz fermalar var,


Ay işığı çilənmiş, mavi düzənliklərdə.
Gecə boyu duyulur yollarda nal səsləri.
Səssiz bir vəsvəsəylə durub qulaq asırsan;
Sular axır qəfildən ayın bulaqlarından -
Eşidirsən, şırhaşır sular axır gecəyə...
Atlar kişnərtilərlə içib tələm-tələsik,
Tövləyə üz tuturlar.
Qarışır nal səsləri gecənin sükutuna...

(1928)

83
Ğadə Əs-Səmman (1942)
Suriyanın və ümumiyyətlə, Ərəb Şərqinin məşhur yazıçı və şairəsi.
“Qədim limanların köçü” (1973) adlı hekayələr toplusu və ​“Beyrut, 75” ​(1974)
romanı ən mühüm əsərlərindən sayılır.

“Sual işarəsini tutmaq”


(ərəbcə əslindən tərcümədə)

De, ey qərib, hara gedir mahnılar


Biz onlara qulaq asandan sonra?

Söylə, hara gedir eşq kəlmələri


Biri-birimizə deyəndən sonra?

Hara gedir bizim xoş anlarımız,


Söylə, yaşanılıb keçəndən sonra?

Axı hara gedir şamın alovu


Şam tamam əriyib bitəndən sonra?

Hara gedir sənin toxunuşların


Əlini əlimdən çəkəndən sonra?

Hara gedir işıq, ah, hara gedir


Sönüb qaranlığa dönəndən sonra?

84
Bəs meşələrdəki küləklər hara,
Bəs axan ulduzlar haraya gedir?

Söylə mənə, onlar hara gedirsə,


Mən orda gözləyim səni, əzizim...

(“Qaçan anları tutmaq” (1979) adlı kitabından)

85

You might also like