You are on page 1of 40

Alim Əliyev

DAYANACAQ
-Getməlisən.
-Bu qədər şeydən sonra necə gedim?
- Çıx da, çıx, rədd ol həyatımdan. Bir də səni görmək istəmirəm!
Sinəmi yumruqlayaraq bunları deyərkən edə biləcəyim tək şey susub, sakitcə
onu izləmək idi.Bəlkə susmağımla razı deyildi. İstəyirdi ki mən də onun etdiyinə
eyni hisslə, eyni qəzəblə cavab verim, lakin mən on doqquz ildə özümdən başqa
heç kimə zərər yetirməmişdim. Kimsə əsəbiləşdirsə belə günahı özümdə
axtarırdım. Və heç bir yaxınım qarşıma çıxıb deməmişdi ki, “səni belə görmək
qəlbimi parçalayır”.
Bəlkə də qəlbləri ağrılarla qarşılaşıb min bir hissəyə parçalanmışdı deyə
səslərini çıxarmırdılar. Eynən mənim hazırkı anda etdiyim kimi. Köksümü
qoparsa belə səsimi çıxarmayacaqdım. Nə deyə bilərdim ki? Getmə? Düzələcək?
Bağışla? Birdə olmayacaq? İnanmıram ki, bunlardan hansısa, ya da
ümumiyyətlə hər hansısa bir söz məni həmin an haqlı çıxarsın.
Hər şey bircə baxışdan yaranmışdı. Elə ilk baxışda sevginin olmasına mən də
inanmıram təbii ki. Biz sadəcə göz gözə gəlmişdik və həmin andan sonrakı hər
gün gözlərim gözlərinə tərəf gedirdi. Sıradan qəhvəyi gözlər idi , lakin mən
sanki ovsunlanmışdım. Uşaqlıqdan “içinə qapanıq” olaraq böyüdüyüm üçün
əlbəttə yolda gördüyüm bir qıza yaxınlaşıb tanış ola bilməyəcəkdim. Həyat
fəlsəfəmə tərs idi. Sən ətrafındakı hər kəsdən uzaqlaş , içinə qapan , ailənlə belə
söhbət etmə və bir qız çıxsın qabağına bütün həyatını dəyişsin? Məntiqsiz
görsənir, hə? Amma oldu. Necə oldu? Yaxşısı ən başdan danışım. Az əvvəl
dediyim ilk baxış köhnə bir avtobusda, insanların bir birinə “mehriban” şəkildə
yaxınlaşdığı zaman baş vermişdi. Uzun yolu çətin şəraitdə irəliləməyimizə
baxmayaraq yol boyu baxışlarımız toqquşurdu. Mən o baxışların sahibini özümə
yaxın hiss etməyə başlamışdım. Bu yanımdakı dayı ilə olan fiziki yaxınlıq
deyildi, məcazi mənada yaxınlıq idi. Sadəcə ən çoxu nə ola bilərdi ki, hansısa
dayanacaqda enəcəkdi və mən onu birdə uzun müddət ərzində görməyəcəkdim.
Necə ki, ömür adlı avtobusumuza insanlar minir və gözləmədiyimiz bir anda öz
dayanacaqlarında da enirlər. Bu proses də elə baş verməli idi. Amma elə olmadı.
Mən səhər nifrət etməkdən sıxılmadığım universitetdən evə qayədarkən yenə
eyni gözlərlə qarşılaşmışdım. Üzümdən zəhrimar yağsa da daxilimdə böyük bir
təbəssüm yaranmışdı. Onun üzü gülmürdü, sadəcə məndən fəqli olaraq
simasından məsumluğu hiss olunurdu. Önümüzdəki bir həftə boyunca bir-
birimizə heç salam da verməmişdik. Bir-birimiz haqqında məlumat sahibi
olmadan doğmalaşmışdıq. Həftənin Şənbə və Bazar günləri istirahət günləri
hesab olunduğu üçün onu görməyəcəkdim. Bazar gününün axşamı beynimə
adını belə bilmədiyim qızla bağlı fikirlər gəlirdi. Digər bir fikir dəstəsi də
“onunla necə danışa bilərəm?” sualı ilə əlaqədar idi. Salam ilə başlayan söhbəti
ən pis ehtimalla “harada oxuyrsuz?” sualı ilə yekunlaşdıra bilərdim. Bir az
mahnı dinlədikdən sonra yuxuya getmişdim.

Xoruzları əzəvləmiş zəngli saat məni şirin yuxumdan ayırdı. Başımı qaldırdım
telefonuma baxdım, saat 06:00 idi. Öz-özümə bir az daha yata biləcəyimi dedim
və gözlərimi yumdum. Beş-on dəqiqə sonra anam otağa girdi və hər səhər
eşitdiyim qızıl sözləri dedi: “a bala oyan da, dərsə gecikirsən.” Mənim
oyandığım saatdan asılı olmayaraq anamın fikirində mən mütəmadi olaraq
dərsə gecikirdim. Səhər yeməyimi yedim və sonra evdən çıxdım. Həmişəki kimi
tək yoldaşım qulaqlıqlarım idi. Çünki ətrafdakı insanları sevmirdim. Xalid
Hüseyni demişdi ki “Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur” buradakı vəziyyət
də oxşar idi. Ətrafımda çoxlu insan vardı, amma insanlıq yox idi.
Dayanacağa çatdıqda dünyamıza ən yaxın olan ulduzun işığı qaranlığı əvəz
etmişdi. Gecə ilə gündüzün dəyişməsi mənə ölümü xatırladırdı. Dünyada
saniyədə 4 nəfər doğularkən 4 nəfər ölür. Bir həyat hekayəsi ilə digəri əvəz
olunur. Önümdəki maqistraldakı maşınlar da bir-birini əvəzləyərkən nəhayət
gözlədiyim avtobus gəldi. Hər dəfə avtobusu gördükcə ağlıma O gəlirdi.
Qayıdarkən qarşılaşmamıza baxmayaraq səhərlər şəhərə tərəf gedərkən heç
qarşılaşmamışdıq. Həmçinin metroda da qarşılaşmırdıq. Bu çox qəribə idi.
Universtetin binasına daxil olduqdan sonra, sinif otağımıza tərəf yönəldim. Yol
boyu səmimi olmadığım tanışlarla salamlaşma mərasimi davam edirdi. Həmişə
əyləşdiyim partaya əyləşdikdən sonra nəhayət ki salamlaşmaq mərasimi
bitmişdi. Yenə hansısa qoca müəllimin sıxıcı dərsinə məruz qalmalı idik.
Dərsləri birtəhər “yola verdikdən” sonra metroya doğru sürətli addımlarla
addımlayırdım. Metro əngəlini aşdıqdan sonra dayanacaqda avtobusu və həmin
qızı gözləməyə başladım. Daxilimi həyacan bürüyürdü. Ürək döyüntülərimin
artdığını hiss edirdim. Qəlbimin səsini eşidirdim. Sanki hər kəsin gözü mənim
üstümdə idi. əllərim tərləməyə başlamışdı. Beynimdə müxtəlif ssenarilər
qururdum. O gəldi və sağ tərəfimdə dayandı. Avtobus mənim solumdan
gələcəkdi deyə onun üzü mənə tərəf çevrilmişdi. Gözü üzərimdə olduğu üçün
əllərimi hara qoyacağımı bilmirdim. Axır ki, qəhramanım olan avtobus gəldi və
məni sıxıntıdan bir müddətlik də olsa azad etdi. Digər günlərə nisbətən bu gün
adam daha az idi. O, bu fürsətdən istifadə edərək əyləşməyə yer tapmışdı,
amma mən ayaq üstə qalmalı oldum. Mənə görə ayaq üstə qalmaq daha yaxşı
seçim idi, çünki beləcə ona daha rahat şəkildə baxa biləcəkdim. Avtobus biraz
ilərlədikdən sonra O çantasından kitab çıxartdı və oxumağa başladı. Kitabın
adını görmək üçün birazca önə əyildim. Adını gördüm , bir qədər əvvəl sitat
gətiridiyim Xalid Hüseynini “Çərpələng uçuran” əsəri idi. Söhbət üçün çox
gözəl bəhanədir, sadəcə aramızda məsafə vardı deyə danışa bilməyəcəkdik.
Evimizə ən yaxın olan dayanacaqda avtobusdan könülsüzcə endim. Fikirim
avtobusda, daha doğrusu avtobusda olan qısa saçlı qızda qalmışdı. Fikirli halda
evimizə yollandım.
-Nə olub? Yenə gəmilərin batıb ?
Deyən böyük qardaşımın üzündə yaranmış təbəssümə, eyni səmimiyətlə
gülümsəyib otağıma doğru irəlilədim. Qardaşım səssiz qalmağıma görə başını
yelləyərkən, mənim ilk edəcəyim mahnı qoşmaq və özümü çarparıya tullamaq
oldu.
Həyatım belə monoton şəkildə davam edirdi. Günlərin geridə qalması ilə
birlikdə insanlara qarşı münasibətim kimi havalar da soyuyurdu. Son günlər
ərzində o qızı görməmişdim. Avtobusda onsuz olduğum müddətdə özümü
tamamlanmamış, yarımçıq hiss edirdim. Sanki nə isə çatmırdı. Nəhayət ki, bu
gün onunla qarşılaşdım. Avtobusda arxa tərəfdəki sol oturacaqda əyləşmişdi.
Geyindiyi qırmızı paltosu ilə çox şirin görsənirdi. Bildirmədən qısa addımlarla
ona tərəf addımladım. Dyandıqdan sonra çantamdan kitabı çıxarıb oxumaq
istədim, amma bildim ki fikirimi kitaba cəmləyə bilməyəcəm. Yenə də bir
əlimdə “kurtka” digər əlimdə kitabla dayandım. İki əlimin də dolu olması mənə
çətinlik yaradırdı. O bunu anladı və əlini mənə tərəf uzatdı. Məqsədi mənə
kömək etmək idi , lakin heçnə demirdi. Sanki sadəcə gözlərlə danışırdıq. Sakit
səslə “çox sağ olun” dedim və kurtkanı ona uzatdım. Səmimi şəkildə güldü. O
güləndə sanki üzündə güllər açırdı, mən isə bu gülləri uzun zaman ərzində
untmayacaqdım. Həmin günün səhəri biz yenidən qarşılaşdıq. Bir birimizi
gördükdə ikimizin də üzündə uşaqlara xas böyük təbəssüm vardı. O anda bütün
cəsarətimi toplayıb sadəcə salam verə bilmişdim. O yenə sadəcə təbəssümlə
qarşılayıb avtobusa mindi. Mən də ardınca pillələri qalxdım. Gördüklərim məni
sevindirmişdi, çünki iki nəfərlik boş oturacaq var idi və o birində əyləşib mənə
doğru baxırdı. Öz-özümə dedim ki, “bax bu tək şansındı, əldən vermə.” Cəsarət
adlı libasımı üzərimdən çıxarmadan onun yanında əyləşdim. Yol boyu yanbayan
əyləşməmizə baxmayaraq demək olar ki, söhbət etməmişdik. O əlinə kitab
almışdı, mən isə kitabımı bitirdiyim üçün bütün yolu bir gözüm onda digər
gözüm yolda keçirəcəkdim. Onunla danışmaq istəyirdim, amma ağlıma bir şey
gəlmirdi. Buna görə də susub yolu izləyirdim. Artıq enməli olduğum
dayanacağa çatırdıq. Ona baxdım və gördüm ki bütün fikiri əlində tutduğu
kitabın cümlələrində ilişib qalıb. Bir neçə dəqiqə sonra kitabı kənara qoymağa
çalışırdı ki, asta səs tonu ilə dilləndim: ”Kitaba baxa bilərəm?”. Sual dolu
nəzərlə üzümə baxdı. Gözlərimlə kitabı işarə etdim və “baxa bilərəm?” deyə
ikinci dəfə soruşdum. Birazca əsəbi şəkildə heçnə demədən kitabı mənə uzatdı.
Bəlkə məndən daha artığını gözləyirdi. Bəlkə də düşündüyü gerçəkləşməmişdi
deyə əsəbiləşmişdi. Buna fikir vermədən onun kitsbına göz gəzdirirdim. Ahmet
Batmanın “Korkma kalbim” adlı kitabı idi.” Kaş indi mənim də qəlbim onu
itirməkdən qorxmazdı.” deyə içimdə düşündüm. Bir neçə dəqiqə kitab ilə
baxışdıqdan sonra , kitabı sahibinə qaytardım.
-Qəşəng kitabdır.
- ...
Onun susduğu anda anlamışdım ki tək şansı da əldən vermişəm. Məyus şəkildə
avtobusdan enib havanın soyuqluquna baxmayaraq parka gedib yoldan keçən
maşınları seyr etməyi seçdim. Havanın soyuqluğundan daha çox onun mənə
qarşı olan soyuqluğu qanımı dondururdu.

Bir müddət hər şey bu cür davam etdi. Daha sonra mən onu nə qədər axtarsam
belə, bircə dəfə də olsun görməmişdim. Həmin hadisələrdən üç dörd ay
keçmişdi. Yazın son günlərinin birində, sahilə getməyi düşünürdüm. Çünki
dənizi seyr etmək əvəzedilməz məşğuliyyətlərimdən idi. Həmçinin qulaqımda
qulaqlıq şəhərdə təkcə addımlamaq da. Whatsapp-da mənə göndərilmiş
mesajlara cavab verib, eyni zamanda da “İçəri şəhər” metro stansiyasında
eskalatora doğru irəliləyirdim. Telefona baxarkən gözləmədiyim bir anda biri ilə
toqquşdum. Telefonum əlimdən yerə düşdü. O anda fikirim toqquşduğum
adamdan çox telefonumda qalmışdı. Əyilib telefonu götürərkən həmin insana da
nəzər salmağı düşündüm. Gördüyüm mənzərəyə inana bilmirdim. Bakıda
yaşayan o qədər insan varkən sən gəl sadəcə avtobusda gördüyün, o saçları kimi
qısa boyu olan, incə üz çizgilərinə sahib qız ilə toqquş. Zamanın donduğunu
düşündüyüm anda sanki qeybdən səs gəlirdi və gələn səs “oğul, hərəkət elə”
deyirdi. İlk addımı isə o atdı.
-Üzr istiyirəm, üzr istiyirəm. Başım qarışıq idi, görmədim. Telefona nəsə
olmadı?
- Əsas sən yaxşısan? Nəticədə telefon səndən daha dəyərli olmayacaq ki.
- Yaxşıyam.
Mənzərəni bir kənara qoyuram, artıq özümə də inana bilmirdim. İlk dəfə
tanımadığım birinə “sən” deyə müraciət edirdim. Özümü ələ aldım, üzünə
gülümsədim və çıxışa doğru getməyə başladım. O da yanımla addımlayırdı.
-Deyəsən yolumuz eynidi.
-Hə, “İçəri şəhər”in bir çıxışı var
Deyib istehza ilə güldü.
-Yəqin ki, bir dənə olan çıxışdan çıxıb kimləsə görüşəcəksən.
- Xeyr, sadəcə havamı dəyişmək üçün bir az gəzməyi düşünürdüm.
- İndi sahil tərəf gözəl olar.
-Məncə də.
- Mən elə sahilə gedəcəkdim. Əgər istəsən bir yerdə gedə bilərik.
Çəkinərək gözlərimə baxdı. Biraz düşünüb sakitcə “olar” dedi. Həmin an sanki
daxilimdə endorfin bombası partldı. O qədər xoşbəxt idim ki, hətta redbull
içmədən qanadlanıb uça bilərdim. Əslində etdiyim isə sakitcə onun yanında
addımlamaq idi.
-Heç soruşmadım , necəsən?
- Şükür, siz necəsiz?
- Bax səndən iki xahişim olacaq. İlki sadəcə “şükür” deyib keçmə, necəsənsə
onu de ki, bilim. İkincisi də əgər mümkündürsə “sən” de. Axı o qədər
qocalmamışam.
Deyib gülümsədim. O da gülümsəyərək cavab verdi.
-Yaxşı, daha “sən” deyə müraciət edərəm. Çox adam sadəcə avto sual verirmiş
kimi “necəsən” deyir deyə, mən də avto cavab vermişdim.
- Onda birdə soruşum, necəsən?
- bu dəqiqə yaxşıyam, bəs sən necəsən?
- Bu dəqiqəni soruşursansa mən də yaxşıyam. Hətta əlayam sayılar.
-Həmişə əla olasan.
- Sən də. Hələ də kitab oxuyusanmı?
- Xatırladığını düşünmürdüm - dedi və üzündə güllər açmağa başladı.- Hə , vaxt
tapdıqca oxmağa çalışıram. Bəs sən? - deyə əlavə etdi
- Mən də sənin kimi.
Söhbətimiz oxuduğumuz kitablardan , yazıçıların fikirlərindən tutmuş
məqsədlərimizə, hobbilərimizə kimi uzanmışdı. Artıq sahilə çatmışdıq, daşların
üzəri ilə irəliləyirdik. Bəzən Xəzər dənizinə, bəzən də bir-birimizə baxırdıq.
- Deyirəm bir kənarda oturaq bəlkə.
- Yaxşı fikirdi.
Balaca əlləri bir birindən möhkəm tutmuşdu. Xəzərdən gələn külək də məni
qısqandırmağa çalışırdı. İkimiz də dənizə baxırdıq. Dənizin qəribə təsiri var.
Niyəsə burada olduğum müddətdə içimi dolu hiss edirdim. Amma nə
deyəcəyimi bilmədiyim, içimdə nələrin tozlandığını bilmədiyim üçün sözlər
boğazımda düyünlənirdi. Daldığım fikirlərdən ayrılıb ona doğru baxdım.
Gözlərinin dolduğnu gördüm. Gözünün içinə sakitcə baxırdım.
-Qalx gedək.
Əlinin tərsi ilə gözünü sildi, - yaxşı - dedi və ayağa qalxdı. Sahildən
uzaqlaşdıqdan sonra, hara getdiyimizi soruşmadan yanımda addımlayırdı. Qoca
bir avtobusda yaşanmış qarşılaşmanın bu qədər irəliləyəcyi ağlımın ucundan
belə keçməmişdi.
Birlikdə getdiyimiz ilk cafe “Kibrit book cafe” oldu. “Kibrit” sözü mənə həmişə
öz eşqləri uğrunda özlərini fəda edən insanları xatırladır. Və bu insanların
eşqləri əsasən başqalarını xoşbəxt etmək olur. Eynən bir kibrit də bircə dəfə
istifadə olunur. Əgər doğru zamanda doğru yerdə olarsa qaranlığa qalib gəlir.
Bəzən bir şamı yandırıb gecəni aydınladır, bəzən bir soyuq evin istiliyinə səbəb
olan ilk alov olur, bəzən isə uşaqların əlində bir heç uğrunda məhv olurlar.
Həmçinin bu “ölüm” kimidir. Kibrit bir müddət yanır, sonra isə sadəcə külə
çevrilir. Burada önəmli olan kibritin yandığı müddətdə nələrə təsir etməsidir.
Necə ki, insanlar sonda öləcəyini bilməsinə baxmayaraq yaşadığı müddətdə
ətrafına müsbət təsir etməyə çalışır.
-Nə istəyirsiniz?
Deyən ofisiant məni hazırki ana qaytardı.
-Kofe içək?
-Hə, yaxşı olar.
-Bizə iki dənə kofe gətirin, zəhmət olmasa.
Başı ilə təsdiqlədikdən sonra ofisiant yanımızdan uzaqlaşdı. Və o geri gələnə
qədər biz susaraq sadəcə ətrafı seyr etmişdik.
-Nuş olsun.
-Çox sağ olun.
Böyük fincanı balaca ovuclarının arasına almışdı. Mənsə sakitcə onu izləyirdim.
Deyəsən bu səfər sakitliyi mən pozmalı idim. Və elə də oldu.
-ııı, hey.
Adını soruşmaq ağlıma gəlmədiyi üçün ona necə səslənəcəyimi bilmirdim.
Əlimi yellətdim ki, fikirini özümə doğru çəkim.
-Bəli?
- Biz niyə normal insanlar kimi ilk adlarımızı öyrənməmişik ki?
- Soruşmaq ağlıma gəlməmişdi. Həm də ki, standart olmağı sevmirəm. fərqlilik
daha yaxşıdı
Deyib gülümsədi.
-Hə yaxşıdı, amma bir-birimizə nə deyəcəyimizi bilsək daha yaxşı olar.
- Yaxşı, adım Zümrüddü.
“- Əmin ol, mənim üçün zümrüddən daha dəyərlisən.” Təbii ki bunu sadəcə
içimdə demişdim , ona dediyim isə “mən də Xəzər” oldu. Və əlavə etdim.
-Zümrüd, canını sıxan nə idi? yəni özəl deyilsə.
- düşüncələr sıxılmağa can saxlayıb? Elə böyük şeylər deyil , hamının dərdi
nədirsə məndə də ondandı.
- amma mən hamıdan yox, səndən soruşdum.
- bəlkə bu mövzunu bağlayaq? Xahiş edirəm. Səndən danışaq bir az, boş
vaxtlarında nə edirsən?
- Boş vaxtlarımı doldurmaq üçün vaistələr düşünürəm.
-mən də onu soruşuram, vaistələr hansılardı?
-Məsələn, qəşəg qızlarla tanış oluram.
Gülümsəməsi qəzəblə əvəz olunurdu ki, əlavə etdim.
-zarafatdı idi.
“- Sən zarafat eləmə” deyib sözümü kəsdi.
“-adam böyüyün sözünü kəsər heç? Bir danış deyirsən bir sözmü kəsirsən “
Deyib gülümsəyirdim.
-Böyük olduğunu kim dedi ki? Sualıma cavab gözləyirəm.
-Altıncı hissim güclüdü. Boş vaxt tapdıqda kitab oxuyuram, bekar olanda şeirlər,
yazılar, filan yazıram.
- Ciddisən?
Bir anlıq gözləri parıldadı.
-Hə ciddiyəm.
- sən demə şairlə danışırmışam ki.
-Yox, o qədər deyil. Sadəcə həvəskar deyək.
- Onu da bacarmayanlar var. Yazdıqlarına baxa bilərəm?
- Hə, əlbəttə. Gözlə
Deyib toqquşmamıza səbəb olan telefonu cibimdən çıxardım. Qeydlərdən ən
sevdiyim şeirlərdən birini seçdim və telefonu ona tərəf uzatdım. Telefonu
götürərkən əli əlimə toxunmuşdu. Ardınca telefonu götürüb şeiri oxdu.

Şeirlərim kimi əzizdin mənə,


Mürəkkəb bitəndə, bitirdim
səni.
Məndən uzaqlara qaçırdın
yenə,
İzlərin itəndə, itirdim səni.

Qaçdım arxasınca getdiyin


yolun,
Səni hey axtardım, tapa
bilmədim.
Elə aparırdı mələklər səni,
Öyrəndim uçmağı, çata
bilmədim.

-Nə gözəl yazmısan. Kaş daha uzun olardı.


- Sözlər çox işlədildikcə dəyəri azalır məncə. Kiçik həcimli yazmaq daha
yaxşıdı.
-Onda sən mənim adımı tez-tez çəkmə.
-Narahat olma, bəzi şeylər hər zaman dəyərli qalır.
İkimiz də gülümsədik. Bir müddət söhbət etdikdən sonra oradan ayrıldıq.
Metrodakı kiçik toxunuşlardan sonra nəhayət ki, dayanacağa çatmışdıq. əslində
bu günün bitməsini, onun yanımdan ayrılmasını heç istəmirdim. Avtobusları
gözləyərkən gördük ki, boş yer tapa bilmirik.
Ona taksi ilə getməyi təklif elədim.
-Belə gedişlə çətin ki biz avtobusa minək. Bəlkə taksi ilə gedək?
- Deyirsən ki, Bizim tanışlığımıza səbəb olan avtobusa taksilərlə xəyanət edək?
Nç nç.
-Yaxşı, yaxşı susdum.
Bir neçə dəqiqədən sonra əyləşməyə iki nəfərlik yer tapdıq. Avtobus hərəkət
etməyə başladıqdan sonra yuxumuz gözlərimizə dolurdu. Lakin mən ona
nisbətən daha ayıq idim. Yorğun və qoca avtobus irəliləyərkən o da
mürgüləyirdi. Özünün də xəbəri olmadan başı çiynimə tərəf əyilirdi. Bir neçə
dəqiqə sonra artıq tamam yatmışdı. Mən isə anın dadını çıxarırdım.
Telefon zəngini eşidib gözlərimi açdım. Gözümü açanda bunların yuxu
olmadığını həqiqətən də bir balaca qızın başını çiynimə söykəyərək yatdığını
gördüm. Zəng mənim deyil, onun telefonuna gəlirdi. Onsuz da məndəki bəxtlə
bu xoşbəxt anın çox çəkəcəyini düşünmək axmaqlıq idi. Gözlərini açıb refleks
olaraq əlini çantasına tərəf yönəltdi. Bir iki saniyə keçdikdən sonra anladı ki,
telləri çiynimi sığallayır. Güldü və çantasından telefonunu çıxarıb, zəngə cavab
verdi.
-Hə mama, gəlirəm. Hə, narahat olma. Gəlirəm.
Telefonu söndürdükdən sonra mənə baxdı və balaca dodaqları tərpənməyə
başladı.
-şeey, mən yuxulu oldum. Bağışla bilmədən oldu.
Utana utana məndən birazca aralandı.
-Problem deyil, xoşdu. Həm çiynimə yaraşmışdı.
-nə?
-heç.
- nəsə dedin axı.
- dedim ki problem deyil, yəni çiynimi icarəyə verə bilərəm.
-Onsuz sən bir azdan düşəcəksən.
-Hə, amma məncə bir iki dayanacaq artıq gedə bilərəm.
- yo, niyə gəlirsən ki?
- gəlməyimi istəmirsən?
- yox yəni elə deyil, əziyyət olar mənasında dedim.
- xoşdu mənə.
Başqa seçiminin olmadığını görərərk, “Yaxşı” deyib gülümsədi.

Avtobusdan endik , onun etirazlarına baxmayaraq gediş haqqını mən ödədim.


Dayanacaqda bir birimizə baxıb, susurduq.
-Zümrüd, daha sonra yenə görüşək?
-Hə, olar. Bəs necə xəbərləşəcəyik?
- Nömrəni verə bilərsən məsələn.
-Bilmirəm, mənə görə doğru deyil bu. Səni bir neçə saatdı tanıyıram.
- Tanımaq sadəcə zamanla olur ki?
-Birlikdə daha çox vaxt keçirdikcə tanıyırsan.
-Aha, bəs tanımaq sözlərlə olur ki?
-Ola bilər.
-Bəzən hisslər, gözlər, toxunuşlar sözlərdən daha artığını ifadə edir.
-Yəni… Əslində haqlısan. Məncə uzatmayaq bu mövzunu yoxsa qonşular
görəcək.
-Nömrəni versən məsələni həll etmiş olarıq.
Deyib gülümsədim. O da eyni səmimiliklə telefonumu istədi. Ardınca öz
nömrəsini kontakta qeyd etdi. Sağollaşıb ondan uzaqlaşdıqdan sonra, yolu
getdiyim müddətdə tək deyildim. Yanımda bu gündən ibarət xoşbəxt xatirələr
addımlayırdı. Dəfələrlə söhbəztlərimizi düşündüm. Gözlərini, dodaqını,
saçlarını, əllərini bir sözlə onu xatırlamağa çalışdım.
Xoşbəxt əhvalımla evə daxil olarkən çox gözəl sözlərlə qarşılandım.
“aa bala hardasan səhərdən. gəl çıx da xarabaya, gəlmirsənsə bir xəbər elə.
Telefonuna da zəng çatmır. Niyə alm...” bu xoş cümlələrə öyrəşdiyim üçün
hamısını dinləmirdim. Sakitcə telefonun səssiz rejimdə olduğunu dedim.
Əynimdəki paltarları dəyişmək üçün öz otağıma keçdim. Həmişə etdiklərimi (
bildirişlərə baxmaq, yemək yemək, mahnı dinləyərkən uzanıb tavana baxmaq və
s) etdikdən sonra artıq yatırdım ki, birdən Zümrüdün nömrəsini aldığımı
xatırladım. “Gecən xeyrə” mesajı yazdıqdan sonra , Onun cavabını gözlədim.
Bir neçə dəqiqə sonra “xeyirə qarşı” deyə cavabladı. Ardınca ikimiz də yuxuya
getdik.
Beləcə günlər keçirdi. Həftə içi demək olar ki hər gün görüşürdük. Sevdiyimiz
yerlərə gedirdik, daha öncə olmadığımız kafelərə qonaq olurduq. Gəzməkdən
sıxılmayaraq gələcəyimiz üçün xatirələr yaradırdıq. Tanrı deyildik, amma
yaratdığımız kiçik dünyanın və ordakı xoş xatirələrin yaradıcısı idik. Telefonda
ilk dəfə mesaj yazdığım günün üzərindən üç ay keçmişdi. Artıq bir birimizi daha
yaxşı anlayırdıq. Sadəcə aradabir kiçik mübahisələr yaranırdı. Mənə görə bu
mübahisələr olmasa münasibətin dadı-duzu qalmazdı. Həyatımın dadını
qaçıracaq hadisə isə sadəcə onunla əlaqəli deyildi. Həmçinin ailəmdə yaranan
problemlər getdikcə böyüyürdü və bu mənim sinir sistemimə mənfi təsir
göstərirdi. Ən çox təsir edən isə bu problemlər qarşısında əlləirimin bağlı
olması idi. Qardaşım ətrafının təsiri sayəsində “bir dəfədən heçnə olmaz”
deyərək özünə pis vərdişlər yaratmışdı. Artıq bu vərdişlər o qədər böyümüşdü
ki, ona qıraqdan diqqətlə baxsan artıq nələrin baş verdiyini öyrənə bilərdin.
Bədəninə “zəhər”i əlavə etməli olduğu müddət gəldikdə titrəməyə, tərləməyə
başlayırdı. Evdən tez-tez pul istəyirdi. Pul verilmədikdə özündən çıxırdı,
mebellərə, əşyalara, divara və özünə zərər verməyə başlayırdı. Əgər hadisələr
belə davam edəcəkdisə, bizi məhv edəcəkdi. Yaranmış şəraitdə səssiz, hərəkətsiz
qala bilməzdim. Çünki qarşımda bir sıra məsələlər vardı. Pul qazanmalı idim ,
qardaşımı getdiyi yoldan uzaqlaşdırmalı idim, doğmalarımın arasındakı
münasibəti düzəltməli idim. Öz gələcəyim vardı və gələcəyimdə yanımda
görmək istədiyim insana da vaxt ayırmalı idim. Təbii ki bu qədər işi eyni anda
etməyə çalışmaq, düşünmək özümü düşünməməyimə səbəb oldu. Gecələr
gözüm yumulmurdu, özümdə yaşamağa qüvvət tapa bilmirdim. Problemlərimə
qalib gələcəyim yeni bir yol axtarırdım. Daha sonra dostum sayəsində bir
“bar”da ofisiant olaraq işləməyə başladım. İlk günlər çox yorucu keçirdi, tab
gətirə bilmirdim. Oradakı işçilər spirtli içkilərin mənə kömək edəcəyini
deyirdilər. Bir neçə gün etiraz etdikdən sonra etirazımın mənasız olduğunu
anladım. Beləcə ilk dəfə dodaqlarım spirtin dadına baxmışdı. Günlər keçirdi
qazandığım pulun bir hissəsi evə gedirdi, digər bir yarısı qardaşıma gedirdi,
yerdə qalanları da özümdə saxlayırdım. Zümrüd ilə görüşlərimiz azalmışdı. Onu
bircə dərsə gedərkən və evə qayıdarkən avtobusda görə bilirdim. Çox
danışmırdıq, mövzu tapacaq beynim istirahət istəyən qullartək daxilimdəki
xalqı ayağa qaldırırdı. Və mən Zümrüdün gözü qarşısında gündən günə
parçalanırdım, məhv olurdum. Yadımdadı bir gün gözümün içinə baxaraq sakit
səslə soruşmuşdu.

-Nə vaxt başlamısan?


-Nəyə?
-Siqaretə.
-Bilmirəm, bir neçə gün olar yəqin.
-Bu iş səni məhv edir axı, niyə çıxmırsan?
-Gülüm, məcburam. Yoxsa mən istəyərdim belə olsun?
Gözlərinin dolduğunu hiss edirdim. Səssizcə məni qucaqladı və qulağıma
yalvararmış kimi pıçıldadı.
-Mən səni itirmək istəmirəm.
-Hər şey yaxşı olacaq, bax bunlar da keçəcək. Bir az səbr elə. Söz verirəm, hər
şeyi düzəldəcəm.

Bir dəfə ilə başlayan siqaret və içki, artıq həyatımın parçasına çevrilirdi.
İçmədiyim gün, çəkmədiyim saat yox idi. Qardaşımla etdiyim söhbətlərin də bir
xeyiri olmurdu. Asılılıq öz gücünü göstərirdi. Həmin zamanlar Zümrüdə
verdiyim sözü tuta bilməmək, hər şeyi düzəltməyə çalışarkən “hər şeyim”i
itirmək qorxusu köksümü parçalayırdı...

Yadımdadır bir gün qardaşımla ciddi söhbət edirdik. Məndən bir neçə yaş böyük
olsa da digər insanlar kimi onun da yönləndirilməyə ehtiyacı vardı. Amma sanki
bunun üçün çox gecikmişdim.
-Xəzər, ata bilmirəm bu zibili. Qanımdadı,onsuz yaşaya bilmirəm.
-Qardaşım başa düşürəm amma azaltmalısan da, görürsən nə vəziyyətdə
olduğumuzu.
-Kor deyiləm, görürəm mən də. Sadəc..
Qardaşım artıq səsini yüksəltmişdi. Mən də içimdə yığdıqlarımla partlamağa
hazır bomba kimiydim. Sözünü kəsdim.
-Görürsən, bir şey elə də. Elə bütün günü beləsən, ya sülənirsən, ya da o faişənin
yanında gecələyirsən. Pul lazım olanda da gəlib düşürsən ayaqlarımıza. Yekə
kişisən ə, gör bizi nə günə qoymusan.
-Xəzər nə danışdığına fikir ver, sənə çox üz vermişəm deyəsən.
-Sənin güzgüyə baxmağa üzün qalmayıb e, nə üz verməkdən danışırsan.
Artıq aramızdakı kiçik söhbət mübahisəyə çevrilirdi.
-A bala sakitləşin, qonşular var, ayıbdı.
Deyən anam səsimizi eşidib otağa daxil oldu.
-O qonşuların da..
-Ağzının danışığını bil..

Artıq qardaş olduğumuzu unudurdum sanki, ani hərəkətlə əlim onun yaxasına
doğru uzandı. O da masanı itələyərək ayağa qalxdı. Əlini belinə atıb bıçağını
çıxartdı. Bu bıçaq babamızdan yadigar idi. Öz nəvəsinə, qanı canı bir olan
nəvəsinə hədiyyə etmişdi, lakin heç düşünməzdi ki, həmin bıçaq indi nəvələrinin
qanını tökmək üçün meydana çıxmışdı. Anamın bağırtılarından sonra qardaşım
da ayıldı sanki, söyüş söyərək qapını açdı, kurtkasını götürüb qapını möhkəmcə
çırparaq çıxıb getdi. Anam evdə küncə çökərək fəryad edirdi. Atamın adını
sayıqlayırdı, mən də elə evin ortasında dayanıb dolan gözlərimi qardaşımın
çırpdığı qapıya zilləmişdim...

Həmin anlar beynimdən silinmirdi, hər gün yatmağa çalışanda gözümün önündə
canlanırdı. Qardaşımın simasındakı qəzəbi , anamın qırışlı əllərindəki əsməni
birinci dəfə idi belə yaxından görürdüm. Anamın gözünün içinə baxa bilmirdim,
qardaşımın yerinə mən utanırdım. Günlər beləcə keçirdi, olanları unutmaq üçün
daha çox içirdim. Biz problemi düşünərək həll edə bilməyəndə, içərək o
problemi xalçanın altına süpürürük. Mən də problemlərdən qaçırdım, sərxoş
olmadığım saatlarda ya yatırdım ya da Zümrüdlə görüşürdüm. Amma axır
vaxtlar yaşadıqlarımdan sonra onla da az-az danışmağa başlamışdıq.
Həmişəki kimi öz piştaxtamın arxasında dayanaraq sərxoş halda məkandakı
insanları seyr edirdim. Kimisi özünü mahnının axarına buraxmışdı, kimisi özünü
yanındakının qollarına buraxmışdı. Elə mən də özümü boşluğa buraxırdım.
Lakin 30 dəqiqədən çox olar ki, məni izləyən bir xanım piştaxtaya doğru
yaxınlaşdı.
-Salam
Başımı yelləyrək salam verdim.
-Niyə kefin yoxdu?
-Anlamadım.
-Niyə kefin yoxdu?
-Sualı anladım, sadəcə niyə sorşduğunuzu anlamadım
-Burdakıların kefi səndən aslıdı axı, insanlar bura əylənməyə gəlir sən də əylən
biraz.
-Kim deyir ki əylənmirəm, bəlkə mənim əyləncəm bu cürdür.
-Heç tək əylənmək olar, sən heç əylənməyin dadına baxmamısan ki
-Bəlkə baxmaq istəməmişəm
-Dadına bax, sevəcəksən
-Yaxşı, nəsə istəyirsiz , içki fln?
-Sən tövsiyə etsən hansını edərdin?
-Yaxşı, məncə bunu sevəcəksiz.
-Sən süz, gəlirəm.

Dedi və getdi. Beş altı dəqiqə ötdükdən sonra geri qayıtdı. Önümə keçdi,
süzdüyüm bakalı kiçik əliylə tutdu və içməyə başladı. Ağzını büzüşdürüb
sakitcə oturmağa davam etdi. Diqqətimi ona ayırdım, onun nə qədər gözəl
olduğunun hələ indi fərqinə varırdım. Sağ əli masadakı bakalda idi, sol əliylə
saçını düzəldib üzünü mənə çevirdi.
-Adın nədir?
-Xəzər.
-Qəşəng adın var, Xəzər (sakit səslə adımı bir də təkrarladı), şad oldum.
-Adını bilsəm, mən də şad olacam.
-Aydan , şad oldun?
-Aha
-Laaaaap yaxşşı
-Yaxşı günün olsun
-Sənin dəə... Xəzər..
Bir neçə bakal içdikdən sonra, artıq getmək istəyirdi. Amma bakalı belə doğru
tuta bilməzkən, necə gedəcəyindən narahat idim.
-Aydan..Aydan, mənə bax getmək istəyirsən?
Başını yelləyərək gülə gülə “hə” dedi.
-Tamam, icazə ver kömək edim.
Əlimlə çiynindən tutdum, asta asta addımlamağa başladıq, az qala yıxılacaqdı
ki, əlini boynuma atdı. Tanımadığım bir qızın məni qucaqlaması qəribə gəlirdi.
Birtəhər taksi tapdım, Aydandan ünvanı öyrəndim, taksiyə başa salmağa
çalışdım. Amma Aydanın başına bir iş gələr deyə narahat idim. Sürücüdən də
gözüm su içmirdi, qərarsız qaldım və düşündüm ki onu evin ötürməklə nəsə
itirmərəm. Ünvanı sürücüyə başa saldıqdan sonra o yatırdı, arada adını
təkrarlayırdım ki, yuxuya getməsin. Amma cəhdlərimin heç bir xeyiri olmadı.
Artıq yuxuya getmişdi, taksinin pulunu ödədikdən sonra onu qucağımda
taksidən çıxartdım. Sonra ev nömrəsini bilmədiyim üçün onu oyatmalı
olduğumun fərqinə vardım. Özümü danlamağa başladım. Üzünü sirkələdikdən
sonra biraz oyanmışdı, açarı verdi və otağın nömrəsini dedi. Onu evinə apardım,
qapını açım evə daxil olduq.
-Tamam, məndən bu qədər. Sən indi qapını arxadan kilidlə, sonra yat.
-Gedirsən ki?
-Aydan, gedirəm hə. Yat sən.
-Getmə.
Özündə olmadığı üçün ya məni köhnə sevgilisi ilə qarışdırırdı ya da kiməsə
ehtiyacı vardı. Böyük ehtimalla ikincisidir. Çünki insanlar sərxoş olarkən əsl
özlərinə çevrilirlər...
Onu yataq otağına apardım, yatmasını gözlədim. Özümə hakim olmağa
çalışırdım, çünki Zümrüd vardı. Amma içimdən də bir səs “xəbəri olmayacaq ki,
başını qat biraz” deyirdi. Düşünmədən tez qərar verərək otaqdan çıxdım. Amma
qapı arxadan bağlı deyildi deyə hələ də narahat idim. Ağlımda artıq suallar da
formalaşmağa başlayırdı. Bu qız kim idi? Niyə sadəcə bu gün onu iş yerimdə
görmüşdüm, niyə tək qalırdı? Elə gözəl qızın məndən niyə xoşu gəlmişdi? Və
mən bu işdən canımı necə qutaracaqdım? Müdirimə zəng edib bu gün işdə ola
bilməyəcəyimi dedim, aramız çox yaxşı olduğundan heçnə demədi. Mən də
başqa otağa keçib, heç bilmədiyim bir evdə sakitcə baş verənləri düşünürdüm..

Yuxum gəlirdi, amma yatmamağa çalışırdım. Artıq saat 04:25 idi, bir azdan
günəşin ay üçün darıxacağı saatlar başlayacaqdı. Otaqlara bir-bir baxdım.
Üzümü yuyacaq otağı tapdım, güzgüdə özümü səliqəyə saldım və otaqdan
çıxmağa çalışdım. Evdən çıxmazdan əvvəl bir daha onu görmək istədim.
Gözücu qapıdan baxıb, evin çıxış qapısına doğru addımladım. Qapını onu
oyandırmamaq üçün ehmalca açdım, bağladım və evdən uzaqlaşdım. Hava hələ
də qaranlıq idi, mən də şəhərimizin “təmiz” havasını ciyərlərimə çəkərərk
irəliləyirdim. Soyuğu hiss etsəm də, içimdən bir səs məni sahilə aparırdı. Sahilə
çatdıqda artıq hava aydınlaşmağa başlamışdı. Təmiz hava, saçlarımı sığallayan
sərin külək, dənizin səsi, qağayılar...
Bir müddət dənizi izlədikdən sonra evimə yollanmaq qərarına gəldim. Yorğun
olduğum üçün cibimdə qalan sonuncu pulları da takisyə verərək, uzun yolu
piyada getməkdən canımı qurtarmışdım. Evə çatanda anam yatırdı. Özümdə
olan açarla qapını açıb evə keçdim və özümü eləcə çarpayıya ataraq yuxuya
getdim.
Yeni günün axşamı səbəbsizcə gözüm dünənki qızı axtarırdı. Bəlkə də bir səbəbi
vardı, sadəcə özümdən gizlədirdim. Səhərə kimi o qız gəlib çıxmaq bilmədi.
Düşündüm ki, onsuz da aramızda birşey yoxdur, ondan mənə nə? Ardınca
özümü danladım axı Zümrüd var, ağlıma niyə belə fikirlər gəlir ki?!

Səhər Zümrüdlə görüşdüm. Gözdən uzaqlaşdırdıqda gönüldən də


uzaqlaşmasından qorxurdum. Həmçinin darıxmışdım, içimdə tonlarla cümlə
cəmlənmişdi və bunları deyəcək heç kimim yox idi. Hərçənd onunla söhbətimdə
elə uzun uzun danışa, içimdəkiləri boşalda bilmədim. O susub gözlərlə nələrisə
başa salmağa çalışırdı, mən də eyni qarşılığı verirdim.
-Xəzər
Bir neçə dəqiqədir hərəkətsiz qalmış dodaqları tərpənərək adımı pıçıldadı.
-Hə, bir dənəm?
-Biz niyə belə olduq?
-Necəyik ki?
-Görmürsən yəni?! Bitmiş kimiyik, gələndən danışmamısan, bir söz deməmisən.
Heç “darıxdım”mı belə səndən eşitmədim.
-İnsan itirdiyi bir şeylər üçün darıxar.
-Köhnə bizi itirmişik də, daha nə olsun?
-Bilirəm, sadəcə səni itirdiyimi deməyə dilim gəlmir.
Susaraq gözünü gözlərimdən çəkdi, öz fincanına baxmağa başladı.
-Birdənəm bağışla məni, mən sadə..
“-Üzr istəməli birşey yoxdur” deyərək sözümü kəsdi.
-Var, mən sənə bir ümid verdim, bir xəyal qurdurdum, onu gerçəyə çevirə
bilmədim.
-O şansı mən yaratdım, sənin günahın deyil. Yenə də barışa bilmirəm.
-Mən sənə hər şeyi düzəldəcəyimin sözünü vermişdim, əlimdən gələni edirəm
amma alınmır.
-Hər şeyi tək düzəltməyə çalışsan, düzəldəndən sonra da tək olacaqsan.
-...
-Sən həmişə problemlərimizi öz çiyninə tək yükləmisən, sən axı tək deyilsən.
Yanında mən varam, biz varıq. Nəyisə düzəldəcəyiksə bir düzəldək, nəyəsə pis
olacayıqsa bir pis olaq. Yetər ki bir olaq, səni itirmək istəmirəm..
Deyəcək bir söz tapmadım. Masadan qalxaraq ona gedəcəyimizi bildirdim.
Niyəsini soruşdu, “gedək” dedim. Həmişəki kimi dediyimlə razılaşdı. Çıxdıqdan
sonra sahilə getdiyimizi analadığı üçün “deyəsən hər şeyin başladığı yerə
getmək istiyirsən” dedi, gülümsədim. “Əslində sahilə getmək istəyirdim, sadəcə
oranın da havası sənsiz tamamlanmır” deyə cavab verdim. Qolumdan daha
möhkəm tutaraq əvvəlki günlər kimi sol yanımda addımlamağa davam etdi...

Axşam ötən günlərdəki qız, yəni Aydan yenidən “bar”ımızın qonağı olmuşdu.
Yenə yaxınlaşdı, necə olduğumu soruşdu. Qısa cavablar verərək onu özümdən
uzaqlaştırmağa, soyutmağa çalışırdım. Amma deyəsən bu istədiyim nəticəni
verməyəcəkdi. İnsanlar həmişə əlçatmaz olanı əldə etmək istəyib. Nietzche
demişkən, “bir şeyin dəyəri onun özündən deyil, onun üçün nələrdən imtina
edilməsindən aslıdır”.
Əslində onun mənə göstərdiyi diqqət xoş gəlirdi və yanında olduğum müddət
digər bütün problemlərimi unudurdum. Deyəsən zaman keçdikcə bu məndə
aslılıq yaradırdı, çünki onsuz keçən gecələr nəsə boşmuş kimi gəlirdi. Elə tez-tez
söhbət edirdik. Və görürdüm ki, bu gülərüz qızın əslində daxilində necə ağrıları ,
problemləri var.
-Xəzər , insanlar niyə gedirlər?
-Gözləntiləri qarşılanmadığı üçün.
-Onda gözlənti yaratmamalıyıq?
-Bacardığıımız qədər gözləntiləri azaltmalıyıq.
-Deməli günah gedənlərdədir?
-Bəzən hə, bəzən yox. Amma çox vaxt hə, getmək üçün gəlirlər.
-Bəs, ölən insanlar?
-Onlar məcbur olur, kimsə yaxınını incitmək istəməz ki. Həm də, hamımız
eqoist olduğumuz, özümüzü düşündüyümüz üçün pis oluruq. Axı tək qalırıq.
-Haqlısan, amma bir ailə səni tək buraxacaqdısa niyə dünyaya gətirsin ki?
-Bəzən düşüncəsiz olduqları üçün, bəzən də getmək seçim deyil məcburiyyət
oduğu üçün.
Deyərək əlimdəki bakalı təmizləyirdim.
-Xəzər, bəs itirdiyin insanlar olub?
-mm, gedənlər olub. Amma çalışmışam ki, diqqətim əlimdə qalan kartlarda
olsun.
-Bəs əlində kart qalmayıbsa necə?
-Əllərim ki, var.
Deyərək gülümsədim, o da tam səmimi olmasa da gülümsədi.
-Bəs sən necə Aydan, çox insanı yola salmısan?
-Yola salacaq qədər vaxtım olmayıb.
-Səni pis edəcksə, danışmaya bilərik.
-Yox, narahat olma. Artıq öyrəşmişəm.
-Əgər danışmaq istəsən, dinləyərəm.
-İnsanlara keçməyəcək nələrisə danışmaqdan yorulmşam.
-Dinləməyəcək insanlara fikirlərini demək, onsuz da mənasızdır.
-Həqiqətən dinləyəndə nə dəyişir ki, keçir?
-Keçmir, amma bilirsən ki...
-Nəyi bilirəm?
-Əslində heçnə keçmirmiş. Sadəcə biz xatirələrin yanından keçərək xoşbəxtliyə
çatacağımızı sanırıq.
-İnan ki, xoşbəxtlikdən əlimi üzmüşəm.
-Amma sənə gülmək yaraşır. Ola bilər ki, səmimi gülmürsən, yenə də üzündə
yaranan çox kiçik təbəssüm nəyə desən dəyər.
-Çox sağ olun, Xəzər bəy

Dedi və gözəl simasını təbəssüm bürüdü. Bir neçə dəqiqə sonra sağollaşdıq,
ardınca onu taksiyə qədər ötürdüm. Aydanla olduğum müddətdə digər bütün
problemləri unudurdum, amma məndən bir neçə addım uzaqlaşan kimi beynim
məni güldüyümə peşman edirdi.

Həyat adlı puzzlın parçalarını birləşdirməyə çalışarkən özüm parçalara


ayrılırdım. Mərhəməztsiz düşüncələrim mənə rahatlamağa imkan vermirdi. Bir
şeyi düzəltdikdə digəri xarab olurdu. Bir əşyanı təmizlərkən mütləq digər bir
əşyanı çirk eləməlisən. Mən də kimisə xoşbəxt edərkən, kimlərinsə xətrinə
dəyirdim. Aydan ilə demək olar ki, hər gecə söhbət edirdik, mənim hazırkı
halımla barışıq idi. Amma Zümrüd məni belə görmək istəmirdi. Dəyişdirmək,
yaxşı etmək istəyirdi. Gücüm qalsaydı, bəlkə dəyişərdim, sadəcə tükənmiş birini
olduğu kimi qəbul edən bir qızın yanında olması daha rahat idi. Həm də,
mentalitetimiz hər istədiyini edən qızları “pis qız” və həmin qızlarla birlikdə
olan oğlanları “yaxşı oğlan deyil” deyə sinifləndirib. Amma arada bir
ədalətsizlik var. Oğlanlar bu işdən təmiz çıxarkən, bir qız ömürü boyu ətrafının
qınağı altında yaşamalı olur. Və bəzən inancları, dəyərləri bir kənarda saxlayıb
məntiqlə düşünəndə hər şeyi fərqli anlayırsan. Başa düşürsənki kiminsə
hormonun artıq olması onun günahı deyil. Sadəcə olduğun mühitdə inanclarla,
dəyərlərlə yaşadığına görə bir şey etdikdən sonra ya qınaqlara dözməli olursan,
ya da cəmiyyətin bir üzvü kimi davranırsan.
Bəzən evdə olanda qardaşım Murad ilə yenidən mübahisə edirdik. Bir
müddətdən sonra bu hal dözülməz olurdu və o çıxıb gedirdi. Ən çox saçları
ağaran anam üçün kövrəlirdim. Həyat yoldaşını itirdikdən sonra, demək olar ki,
oğullarını da itirməyə başlamışdı. Evdə yemək yeyərkən anam digər otağda idi.
Masanı üzərini təmizlədikdən sonra, anama doğru yaxınlaşdım.
-Mama, bu gün axşam dostumgildə qalacam, səhər də işdə olacam.
-Yenə hara gedirsən, bir evdə otur üzünü görüm.
-Görürsən də Mama
Deyə gülümsəyərək cavabladım.
-Atanızdan az çəkmişdim, indi də sizdən çəkirəm.
Əllərimlə azca qırışlı əllərindən tutdum
-Yaxşı olacaq, sən çox fikir eləmə. Bir iki günə gələcəm, bir şeyə ehtiyacın olsa
xəbər edərsən.
Anamı qucaqladım, ardınca paltarımı dəyişib, evdən ayrıldım. Əslində dostumla
deyil, Aydanla görüşəcəkdim. Biraz həyatın dadını çıxartsaq pis olmaz deyə
düşünmüşdük. Zümrüdü də görmədikcə onunla aramızda soyuqluq yaranmışdı.
Heç bir zaman belə olacağı ağlımın ucundan belə keçməmişdi. Həyat isə var
gücüylə qurduğum planları məhv etməyə çalışırdı. Ən gözəl yanı isə həyat
istədiyini əldə edirdi.
Aydan bu gün bara gəlməyəcəyini demişdi. Daha əvvəl bir dəfə qonaq olduğum
evinə dəvət etmişdi. Bir az şəhəri gəzdikdən sonra təxminən saat yeddi- səkkiz
arası onun evinə gedirdim. Hər şeyin qaydasında olmasını yoxlamaq üçün zəng
etdim.
-alo, Aydan
-Haycan?
-Neynirsən?
-Heç elə evdə oturmuşam, darıxıram. Nə vaxt gələcəksən?
-Gəlirəm, darıxmağın keçər birazdan. Yolda bir şey alım?
-Nəyəsə ehtiyac yoxdu.
-Yenə də bir şeylər üçün baxaram mən.
-Yaxşı, tez gəl.
-Yaxşı

Mağazalara göz gəzdirdikdən sonra Aydanın yanına getdim. Piləkənləri


qalxaraq binaya daxil oldum. Qapını döydüm , bir neçə dəqiqə sonra qapını açdı,
məni gördükdə göz bəbəkləri böyüdü, ardınca məni qucaqladı. Sonra içəri dəvət
etdi.
-Axırıncı dəfə gördüyüm kimi, yenə səliqəlidi hər şey.
-Hələ nə görmüsən ki?
Deyərək istehza ilə gülümsədi.
-Vaxtımız çoxdu görərəm hamısını. Həm bax özümdən başqa sənə hədiyyə də
gətirmişəm.
-Nə hədiyyəsidi elə?
- Masanın yanındadı.
İncə bədəni ilə masaya tərəf irəlilədi. Çantadan şüşəsinin üzərinə bantik
vurduğum içkini çıxardı, baxdı.
-Sən daha yaxşı hədiyyəsən, amma içki də pis olmadı.
-Əgər həyatın kefini çıxaracayıqsa bir iki günahdan birşey olmaz.
-Deyirlər günah dilinə dəyəndə deyil, dilindən çıxanda imiş.
-Sən də sitatlar gətirərmişsən.
-Tək ağıllı sən deyilsən ki. Gəl , gedək film izləyək.
-İzləyək deyirsənsə, izləyək də.

Onunla birlikdə olanda gülməməyim üçün yetərincə səbəb vardı, lakin xoşbəxt
idim. Sadəcə həmin anı, həmin saatları yaşayırdım. Keçmişi və gələcəyi
düşünmədən. Səhv bir şey etdiyimi düşünəndə, sadəcə onu izləyirdim.
Gözlərinin içi gülürdü, mənimlə xoşbəxt idi. Bunun nəyi səhvdir?
Film bitmişdi, divanda oturub, başımı ayaqlarının üzərinə qoymuşdum.
Saçlarımı sığallayırdı. Bəlkə də, xoşbəxtlik elə kiçik anlarda gizlənib. Daha çox
xoşbəxt olsaq, hər zaman xoşbəxt olsaq bu hissə öyrəşərik və xoşbəxt olmaq adi
bir hissə çevrilər. Onunla həyatlarımızdan danışırdıq, daha doğrusu, o danışırdı.
On bir yaşında anasını itirmişdi. Atası isə tək qalaraq onun qayğısına qala
bilmirdi.
-Bilmirəm, Xəzər. Bəlkə də, məni sevmirdi. Mənə onun pulundan daha çox
qayğsına ehtiyacım vardı. Başqa bir valideyin istəmirdim. istəmirdim ki, masada
yeməyimi başqa bir qadın versin. Məni səhərlər dərsə getməyim üçün başqa biri
oyatsın. Başqa bir səslə “qızım gəl yeməyini ye” cümləsini eşitmək istəmirdim.
Elə boş qalardı yeri, kimsə doldurmazdı. Atamın qayğısına mən qalardım,
paltarlarını ütüləyərdim, yeməyini hazırlayardım. Arada divanda oturub
anamdan danışardıq. Gözlərimiz dolardı, amma bir-birimizə olan sevgimizi
göylərdən izləyərdi. Arada ağlasam da, digər zamanlar xoşbəxt olduğumu
bilərdi. Amma elə olmadı, həmin hadisədən sonra içinə yıxıldı. Cavan bildiyim
adamın bir iki həftədə üzü qırışmağa başladı. İşində problem yarandı. Bir neçə
aydan sonra həyatımızı nizamlamağa çalışırdı. Yeni işə başladı, daha çox
qazanırdı, amma onu daha az görməyə başlamışdım. Sanki məndən və evdəki
xatirələrdən qaçırdı. Bir neçə ay keçəndən sonra tez-tez telefonla danışdığına,
uzun zaman sonra üzündə təbəssüm yarandığına şahid oldum. Bir müddət sonra
yanında bir qadın gördüm. Mənimlə onu tanış etdi, vəziyyətin nə yerdə
olduğunu danışdı. Mən heç razı deyildim, istəmirdim anamın yerini kimsə
doldursun. Amma atamın üzündəki gülüşün, gözlərindəki parıltının qatili olmaq
istəmirdim. Razı imiş kimi davrandım.
-Sonra nə oldu?
Saçımı sığallayaraq danışmağa davam etdi.
-Sonra atam ikinci dəfə evləndi. Evdə həmin qadın qayğıma qalmağa çalışırdı.
Başlarda olmasa belə, daha sonra “qızım” deyə çağırırdı. Mən isə ona bircə dəfə
belə “ana “ deməmişdim. Daha sonra ögəy qardaşım oldu. İndilərdə səkkiz yaşı
olmalıdı. Ögəy bacımın da altıdır. Birinci sinifə gedəcək. Əslində gözəl ailə
tablosudu, xoşbəxtdirlər. Rauf, yəni ögəy qardaşım anadan olduqdan sonra da
xoşbəxt idilər. O otaqların içində tək səmimi olmayan insan mən idim. Ona
görə bacardığım qədər evdən qaçmaq, uzaqda yaşamaq istəyirdim. Sonra atamın
işləri lap yaxşılaşdı, həmin qadın da ona dəstək olurdu. İki il əvvəl xaricə,
azərbacandan kənara köçdülər. Atam məni burada qoymaq istəmirdi, mənim də
gəlməyimi istəyirdi. Mən isə universteti bəhanə gətirirdim. Yeni tanışları, yeni
məkanı istəmədiyimi deyirdim. Dəfələrlə mübahisə etsək də, sonunda
dediyimlə razılaşdı. Amma şərt qoydu ki, universteti bitirən kimi yanlarına
gedəcəm. Mən də razılaşdım. Getdiyi günü xatırlayıram, onda həqiqətən məni
sevdiyini hiss etmişdim. İllər sonra məni qucaqlamışdı, öpmüşdü. Həmin an da
gəlməyimi istəyirdi, amma getməməkdə qərarlı idim.
-Niyə xatirələrlə birlikdə qalmaq istədin ki? Yenidən başlamaq daha yaxşı
olmazdı?
-O xatirələr mənim bir parçama çevrilmişdi. İstəmirdim anamın addım atdığı
küçələrdən uzaqda darıxım. Eyni yerlərdən getmək, onu xatırlamaq daha gözəl
idi. Amma bilərsən, xatirələr də zamanla silinir, bozlaşır, köhnəlir.
-Hə, heç nə eyni qalmır.
-Belə.. Anamı xatırladığım şəkillər var, bir iki video da var. Hər şeyə
baxmayaraq həyat davam edir.
-Aha, davam edir. Gəl biraz da hazırkı anı yaşayaq.
Əlimin üstü ilə yanağını nəmləndirən göz yaşını sildim.
-Sənə demişdim axı, təbəssüm daha çox yaraşır.
-Sənə də.
-Biz guya hər şeyi unudub xoşbəxt olacaqdıq, hə?
Gülümsəyərək sual verdim.
-Hə , xoşbəxt deyilik ki?
-Xoşbəxtik, sadəcə daha da yaxşı ola bilərik.
-Nəyi gözləyirik onda?
-Bura mənim piştaxtam deyil, bakalların yerini bilmirəm.
-Gözlə gətirirəm.
Dedi və digər otağa getdi. Mən də çantadan içkini çıxarıb masaya qoydum.
Ardınca aldığım şamları da “romantik” olsun deyə masaya yerləşdirdim. Sonra
Aydan içəri daxil oldu, şamları görüb gülümsəməyə başladı. Necə də gözəl idi.
Zərif əlləri ilə bakalı tutmuşdu, az əvvəl dolmuş gözləri artıq parıldayırdı. Bəlkə
də çox əvvəl olsaydı “bu qız mənə baxmaz” deyə düşünərdim. Zamanın
donduğunu hiss edib onu süzəndə, əqrəblər hərəkət etməyə başladı. Qısa
addımlarla mənə tərəf yaxınlaşan Aydan, məni hazırkı ana geri qaytardı.
-Necə də romantiksiniz, Xəzər bəy.
-Təbii ki, gül də alacaqdım.
-Niyə almadın?
-Düşündüm ki, bir qazanda iki qoçun başı qaynamaz.
-Xəzər, romantik-romantik danışırdıq da, qoç hardan çıxdı.
-Yəni deyirəm ki, bu evdə gözəl qoxulu gülün bir dənə olması daha yaxşıdı.
-Evimdə gül yo..Haa, tamam anladım. Mənə gül deyirsən?
-“Gülüm” deyirəm.
-Nə tez sahibləndin.
-Hələ nə görmüsən ki.
Deyərək gülümsəməyə başladım, o da eyni səmimi təbəssümlə cavab verdi.
Sonra şirin söhbətimiz davam etdi. Yavaş-yavaş içməyə başlamışdıq.
“Gedənlərin şərəfinə” deyərək bakalları toquşdurmağımız necə də xoş idi. Bizə
“sevgili” demək doğru olmazdı. Daha çox həyatın qaranlıq günlərini yaşayıb,
qarşılaşıb birlikdə şam tapan iki insana bənzəyirdik. İçdikdən sonra iradəmiz
zəiflədi. Artıq sözlər deyil, bədənlərimiz bir-birinə toxunurdu. Barmaqlarım
belində addımlayırdı. Şəhvət hissi damarlarımızı genişləndirmiş, ürək
döyüntülərimizi artırmışdı. Bədənimizdən ətrafa istilik yayılırdı. Hiss dolu
toxunuşlarla, öpüşlərlə gecənin nə zaman gəldiyindən xəbərimiz olmadı...

Gözlərimi açdım, yanımda bütün incəliyi, zərifliyi ilə Aydan uzanmışdı. Bir az
başımın ağrımağına və bəzi fikirlərə baxmayaraq, Aydan yanımda olduğu üçün
özümü yaxşı hiss edirdim. Onu oyandırmamaq üçün ehmalca yataqdan kənara
çıxdım. Çox da bilmədiyim bir evdə telefonumu axtarırdım. Digər otağa kçib əl
üzümü yudum, ardınca dünən oturduğumuz masaya yaxınlaşdım. Düşündüyüm
kimi telefonum masanın üzərində idi. Kilid ekranını açdım, saat doqquza
işləyirdi. Bildirişlər arasında üç dörd cavabsız zəng vardı. Axmaqlıq edib
telefonu səssiz rejimdə saxladığım üçün heç birini eşitməmişdim. Zəng edənlər
arasında qardaşımın və Zümrüdün nömrəsi vardı. Özümü alçaq kimi hiss
etməyə başlamışdım, lakin xoşbəxt olmaq mənim də haqqım deyil? Özümə haqq
qazandırmağı bir kənara qoyub qardaşıma zəng elədim. Axırıncı söhbətimizdən
sonra mənə zəng edibsə yəqin ki, önəmli bir məsələ vardı. Zəng etdim, telefona
cavab verən olmadı. Həmişəki halı idi. Zümrüdə zəng etmədən Aydana tərəf
getdim. Hələ də yatırdı. Otağından balaca bir dəftər və qələm tapdım. “Sabahın
xeyir əzizim, dünən, ondan əvvəlki günlər, bu gün və bundan sonrakı günlərdə
mənə yaşadıb, yaşadacağın hər bir hiss üçün sənə təşəkkür edirəm. Çox sağ ol
ki, yanımdasan.” Bu cümlələri yazdıqdan sonra kağızı telefonunun altına
yerləşdirdim. O da bərk yatırmış, mən bunları etdikdə heç ruhu da incimədi. Ona
yaxınlaşdım, üzündən öpdüm. Yavaşca gözlərini açdı, üzümə baxaraq
gülümsədi. “Hələlik” dedim, tez qayıtmağımı istədi. Onun yanından aralanıb evə
yollandım. Anama zəng edib nəyinsə lazım olub, olmadığını soruşdum. Sadəcə
çörək istədi. Onsuz da, heç vaxt artığını istəməzdi. Bəlkə də buna görə Yaradan
ona daha azını verirdi. Yoldaşlıq edə bilməmiş həyat yoldaşı, oğulluq etməyən
bir oğul, yoxsul bir həyat. Bəlkə də sahib olduğu ən gözəl şeylər, bir təmiz qəlbi
bir də divanda uzanmış gombul, ağ tüklü pişiyi idi. Hər bir halda, onun üzünün
gülməsi üçün hər bir şey etməyə hazır idim. (Xalalarımın məsləhət bildiyi qızla
evlənmək istisnadır) İsti bir çörək aldıqdan sonra, uşaqlığımı xatırladım. Onda
da sırf daha yaxşı səhər yeməyi yeyək deyə çörəyin ən istisini axtarardım.
Anam, atam, qardaşım darıxmasın deyə kiçik ayaqlarımı sürətli ataraq evə
addımlayardım. İndi də məni gözləyən anam üçün tələsirdim. Tək fərq,
böyümüş olmağımdır. Kaş ki, uşaqlığımı yaşayardım. İçimdəki böyümək
arzusunu, özünü böyük kimi göstərmək hissini kənara qoyardım. Heç böyümək
istəməzdim..

Evə çatdıqdan sonra qapını döydüm. Ömüründən illər silinsə də, gözəlliyini
pozmamış bir qadın, yəni anam parıldayan gözləri ilə məni izləyirdi. Bəlkə də
həyatında təkcə mənimlə qürur duyurdu. Onu qucaqladıqdan sonra əllərimi bir
daha yuduzdurdu. Süfrə arxasında otuzdurdu. Dörd nəfərlik masada sadəcə iki
nəfərin yemək yeməsi və digər stulların boş olduğunu görməyin necə hiss
olduğunu kağızlara tökə bilmirəm.. Anamın da gözlərində bu hissi görürdüm.
Sakitliyi özüm pozdum.
-Mama, Murad bura gəlmişdi?
-Nə vaxt? Dünən?
-Hə, dünən.
-Yox oğlum, nəsə olub Murada?
-Yox e mama, sadəcə zəng eləmişdi, ona görə.
-Zəng elə soruş gör nolub.
-Edəcəm birazdan, yeməyi bitirim.
-Yaxşı , ağıllı balam.
-Mama artıq on doqquz yaşım var.
-Balam deyilsən?
-Orası elədir.
-Yeməyini ye. Gedəndə işıq pulunu da ödəyərsən.
-Baş üstə.
-Baş üstə deyən dilinə qurban.
Sakitcə gülümsəyərək.
-Yenə başladıq da.

Yeməyi bitirdikdən sonra Zümürdə zəng edəcəyimi xatırladım.


-Alo
-Hə, Xəzər?
-Dünən zəng etmisən.
-Sən də telfonu açmamısan.
-İşim vardı.
-İşin önəmlidi elə.
-Yaxşı da Zümrüd, bilirsən ki, elə deyil.
- Hə.. Elə belə zəng etmişdim, danışmaq istədim.
-İndi hardasan?
-Evdə, sən hardasan?
-Əvvəl ürəyində idim – deyib gülümsədim.
-Onda getmək istəmə.
Bu sözü qəlbimə toxundu, etdiklərimlə bizi məhv edirdim. Yenə də
məyusluğumu ona bildirməməyə çalışdım.
-Görüşə bilərik?
-Yo, alınmır. Papa evdədi, sorğu suala çəkəcək.
-De ki, hava almaq istəyirəm də.
-Mən “papa, gedib sevgilimlə görüşəcəm” deyəcəkdim axı. Deyirəm , alınmır.
-Yaxşı, yaxşı. Canımız sağ olsun. Fürsət tapdıqda zəng elə.
-Yaxşı, öpdüm.
-Naməhrəmsən – deyərək gülümsədim.
-Sənin zarafat anlayışına da, nəsə olub deyəsən. Əvvəl belə deyildin.
-Demə, demə. Qocalıram deyəsən.
-Xəzər, papa çağırır söndürməliyəm.
-Yaxşı, öpdüm mən də.
-Hələlik.

Masa arxasından qalxaraq divana doğru yaxınlaşdım, gözlədiyim adam orada


idi. Ağappaq qartopuna oxşayırdı deyə, elə adını “Qartopu” qoymuşduq. Məni
görünüb sevindi, yanıda oturdum, o da mırıldana-mırıldana qucağımda özünə
yer tapdı. Ardınca Aydan mesaj yazdı, demək ki? cümləni oxuyub. Lakin
mesajına baxmadım, film izləyə izləyə uzanmağa davam etdim...

Telefonun zəng səsinə şirin yuxumdan ayrıldım. Əlimi telefona atdım, zəng
edən qardaşım idi.
-Alo?
-Xəzər, hardasan?
-Sənə də salam.
-Xəzər işim var da, şitlik eləmə.
-Nə məsələdi?
-Görüşüb danışarıq, hardasan de, gəlim.
-Evdəyəm.
-Mama evdədir?
-Hə
-Əvvəl getdiyimiz çayçıya gedək?

-Amma gərək ikimiz olaq.


-Yenə zibilə düşmüsən?
-Danışarıq da qardaşım.
-Yaxşı, yarım saata orada olarsan.

Telefonu söndürdü, normalda əksi olmalı idi, amma bizdə fərqliydi. Kiçik
qardaş böyük qardaşı zibildən çıxarırdı. Hərçənd böyməyin nə olduğunu
düşünmədən kimlərəsə böyük deyirik. Həqiqətən böyükdürlərmi?
Muradla görüşdük, keçən səfər etdiklərindən sonra üzr istəməsini gözləyirdim,
amma o mövzuya heç toxunmadı, yanından belə keçmədi. Qardaşımdır, atsam
ata bilmirəm, satsam sata bilmirəm. Buna görə də, dinləməkdən başqa seçimim
olmadı. Yenə zibilə qarışmışdı, ancaq bu səfərki adi məsələlərdən deyildi.
Qumar oynadığını və artıq bir həftədən çoxdur ki, borcunun olduğunu deyirdi.
Özü kimi tanışlarını, dostlarını çıxmaqla tək yaxın bildiyi insan mən idim. Borcu
da az deyildi, iki min manatdan daha çox idi. Sanki olmayan atamız bank
müdürüymüş kimi, böyük məbləğlərlə oyun oynayırdı. Özünə zərər yetirməyi
cəhənnəm, problemləri bizdən də yan keçmirdi. Başqa bir yolu yox idi, mənim
də kömək etməkdən başqa çarəm qalmırdı. Ya borc almalı idim, ya da bir iki
şeyi satıb, kənara atdığım puları toplayıb Muradın istədiyi məbləği yaratmalı.
Mənə söz verdiki, hamısını tərgidəcək. İçməyi, çəkməyi, narkotiki, qumarı, pis
vərdişləri, bir sözlə hər şeyi. Bu səfər inanmışdım, əvvəlki kimi olmağımızı
istəyirdi. Onu öz halına buraxa bilməzdim, anamdan da bu vəziyyəti gizlətdim.
Əgər bilsə, boşuna stress yaradacaqdı. Arzularımı ikinci plana atıb, qardaşıma
kömək etməyə başladım. İki üç gün ərzində məbləğ toplandı, yaxın bir tanışdan
da müəyyən qədər borc almışdım. Hər şey keçdikdən sonra, geri qaytara
bilərdik. Keçən iki gündə Zümrüdlə tez-tez danışmağa başlamışdıq. Aydanla da
eyni idi, sadəcə hər gecəni onunla keçirməyimi istəyirdi. Lakin bunu edə
bilməzdim.

Qardaşıma lazım olan məbləği toplamışdıq, axşama yaxın borcu ödəməyə


gedəcəkdi. Mən də Zümrüdlə görüşməyə gedəcəkdim. İlk günlərdəki kimi,
yenidən dəniz kənarına.
Özümü bərbad hiss edirdim, sevdiyimi düşündüyüm qızı başqa bir qızla
aldadırdım. Bir gün mütləq cəzamı çəkəcəkdim, lakin bu gün çox gözəl olmalı
idi.
Uzun zamandan sonra bəzənib, evdən çıxdım. Saat yeddiyə on beş dəqiqə
işləyirdi. Sahil metrosunda görüşüb, bir az gəzib ondan sonra oralarda xoş
kafelərdən birinə yollanacaqdıq. Qəribədir, gün boyu Aydandan da mesaj
gəlməmişdi. Yəqin bu gün “xoşbəxtlik” daxılımı sındırmışdım. Zümürdlə
görüşdük, həmişəki, özünəxas gözəlliyi ilk günkü qədər gözlərimi qamaşdırırdı.
Hər şeyə baxmayaraq, hələ də sadəcə onu sevirdim. Ya da sevdiyimi sanırdım,
hər bir halda üzümüz gülürdü. Və bu nəyə desən, dəyər..
Sahildə addımlayarkən:
-Zümrüd, bir gün xətrinə dəysəm nə edərsən?
-Xətrimə dəyməzsən ki, dəysən də bilərəkdən olmaz.
-Deyək bilərəkdən olmadı, onda nə edərsən?
-Niyə bu sualı verirsən? Ağlından məni dənizə atmaq keçmir ki?
-Yoo, adaşımın belə gözəllik görməyə haqqı yoxdu.
-Elə olsun.
-Elədir zatən.
-Doğrudan, niyə soruşursan?
-Sadəcə bilmək istədim, amma hələ də cavab almamışam.
-Yəni, mm..düşünüm.. “Daha sənsən də” deyib bağışlayaram yəqinki.
-Sevindim buna.
-Sən nəsə işlər çevirirsən.
-Yoo, mən elə şey edərəm heç?
-Etməzsən, etməzsən. Mamasının ağıllı balasısan axı.
-Mamadan az çəkmişəm, sən də başlama. Bütün “Cool”luğumu itirdin e.
-Mənim yanıma yaraşmaq üçün “cool”luq lazım deyilki.
-Sözü deyəndə əllərinlə dırnaq işarəsini göstərərkən çox şirin görsənirsən.
-Başqa vaxt şirin görsənmirəm?
-Yəni həmişə şirinsən də, sadəcə bəzi zamanlar elə olmursan.
-Necə? Şirin olmuram?
-Həə, bəzi zamanlar.
-Nə zaman olur ?
-Gözlərimi yumanda.
-Bunu gözləmirdim. (gülümsədi)
-Gözləntilərin olmayanda daha xoşbəxt olursan.
-Sən yenə qəşəng cümlələr qurmamış, sualıma cavab ver. Yenə şeir yazırsan?
-Hə, arada bir cızma-qara edirəm.
-Mənə niyə heç yazmırsan?
-Yazmaq üçün doğru sözləri tapa bilmirəm.
-Hmm.
-Axşam yazaram.
-İndi yaza bilmirsən?
-Alınmır.
-Yazmaq üçün nə lazımdır?
-İlham pəriləri.
-Sənin pərilərin hanı bəs?
-Məndə bir dənədi.
-Haradadı?
-Yaxındadı.
-Onda yaz da.
-İlham pərimlə yaşamaq, yazmaqdan daha xoşdu.
Üzündə böyük bir təbəssüm yarandı. Ardınca yanaqları al rəngə boyandı.
Əlavə etdim- Utanmayın xanım qız, utananın oğlu olmaz deyirlər.
-Xəzər, bu mövzuları danışmaq üçün çox tez deyil?
-Bilmirəm, bircə onu bilirəm ki...
-“Heçnəyi bilmirəm” – deyə gülərək sözümü kəsdi.
-Onu demirdim, sadəcə kafeyə getsək yaxşı olar deyəcəkdim.
-Tamam, qaçmır ki, gedərik də.

Söhbət edərək addımlayırdıq. Hələ də niyə xoşbəxt olmadığım barəsində


düşünürdüm. Bu anda yaşaya bilmirdim, sanki nə isə əskik idi. Ya keçmişə
gedirdim, ya gələcəyin dərdini çəkirdim. Sanki bu balaca qızın yanında
gülümsəyən mən deyildim. Kafedə bir fincan qəhvə içmişdik, nə qədər acı olsa
da şirin söhbətimiz acılığı hiss etdirmirdi. Daha sonra Zümrüdün yanından
ayrıldım. Gözümə toz düşdüyü üçün üzümü yumağa getdim. Şəffaf suyu
ovuclarımın arasında toplayıb, daha sonra üzümdə gəzdirdim. Gözlərimi açıb
güzgüyə baxdıqda ilk dəfə özüm özümə yad gəlirdim. Yəqin yalan danışıb,
gerçəklərdən uzaqlaşdıqda, özündən də uzaqlaşırsan. Gülümsəməyə çalışaraq
“bu günü heçnə poza bilməyəcək” dedim. Çünki buna inanırdım. Yavaş
addımlarla güzgünün önündən uzağlaşaraq Zümrüdün oturduğu masaya doğru
yaxınlaşırdım. Telefonla danışırdı və bir az əsəbi görsənirdi. Deyəsən həyatında
nəsə bir tərslik vardı. Axır günlər onunla maraqlanmadığım üçün probleminin nə
olduğu haqqında da, heç bir fikirim yox idi. Ona yaxınlaşanda fərqinə vardım ki,
on dəqiqə əvvəlki gülümsəməsindən əsər-əlamət qalmayıb. Gözlərindən nə
qədər qəzəbli olduğunu anlaya bilirdim. Öz oturacağıma əyləşdim, onun
gözlərinin içinə baxırdım. Telefonu masanın üzərinə qoyduqdan sonra anladım
ki, onun əlindəki mənim telefonum idi.
-Nə olub Zümrüd?
-Bilirsən nə olduğunu.
-Başa düşmədim. Nəyi bilirəm?
-Xəzər, sadəcə bir şey soruşacam. Aydan kimdi?
-Nə Aydanı?
-Bəsdir sən canı. Heç utanmırsan?
-Zümrüd nə danışırsan?
-Hələ də gözümün içinə baxa-baxa yalan danışırsan e. Mən də axmaq kimi sənə
inanırdım.
-Bildiyin kimi deyil. Mən sad..
-Nə bildiyim kimi deyil? Hə Xəzər? Göz görə-görə başqalarıyla danışırsan, heç
vecinə də deyiləm. Hələ bunlar azmış kimi, özünə haqq da qazandırırsan. Əhsən
sənə, əhsən. Sözüm də yoxdu daha.
-Zümrüd, elə deyil.
-Bəsdi sən canı. Bitdi hər şey, başa düşürsən? Bitdi.
-Mən hamısını düzəldə bilərəm.
-Sən əvvəlcə özünü düzəlt. Bircə qram insanlığın olsun. Aldadırsan cəhənnəm,
kişi kimi çıxıb deyərdin ki, belə belədi daha olmur bizdən.
- ...
-Ancaq sus elə. Ən yaxşısını edirsən. Zümrüd hər dəfə sənin üçün keçəcək axı
-Əzizim, gəl bunu başqa yerdə danışaq. Sakitləş biraz.
-Əzizim zad demə mənə. Başqa yer yoxdu, sağol Xəzər.
Üzümə belə baxmadan, çantasını görütərək masanın yanından uzaqlaşdı. Hər
şeyi məhv etmişdim, bunları deməkdə haqlı idi. Amma bir ümid edərək
arxasınca getdim, hər şeyin belə bitməsini istəmirdim. Bağışlanacaq bir yer
saxlamamışdım, sadəcə axırıncı görüşümüzün belə olmasını istəmirdim. Yolda
sürətimi artıraraq ona çatdım, arxasına çevrildi. Üzümə baxdı, yaşla dolmuş
gözlərindəki məyusluq qəlbimi parçalayırdı.
-Dayan.
-Get Xəzər, cəhənnəm ol! Nə istəyirsən? Bitdi də hər şey! Bitdi!

Qışqırmasına baxmayaraq daha da yaxınlaşdım, əlləriylə uzağlaşdırmağa çalışsa


da, qucaqladım. Əlləri yanına düşmüşdü, birşey demək istəmirdi. Bir neçə
saniyədən sonra sükutu pozdum.
-Düzələcək, söz veirərm.
-Sən sözündə durmursan.
-Mən istəməzdim belə olsun. İndi təkcə istəyim əvvəlki halımıza geri
qayıtmaqdır.
-...
-İnan mənə, yaxşı olacaq.
-...Getməlisən.
-Bu qədər şeydən sonra necə gedim?
-Çıx da, çıx, rədd ol həyatımdan. Bir də səni görmək istəmirəm..

Susdum, sadəcə susdum. O əlləri ilə sinəmi itələyərək qollarımın arasından


ayrıldı, sonuncu dəfə yaşlı gözlərlə üzümə baxdı. Mənim isə onun üzünə
baxmağa üzüm qalmamışdı. Bu qədər xoş təsadüfləri, hadisələri, təbəssümləri
bircə “sağ ol” sözünə sığışdırıb, addım-addım yanımdan uzaqlaşdı. “Sağ ol”
deməyə dilim də gəlmədi. Sənə olan güvənini, sevgisini öldürdüyün insana necə
“sağ ol” deyəsən ki?
Balaca addımlarla, qəzəbli halda məndən uzaqlaşdı. Bizdən uzaqlaşan hər şey
gözümüzdə kiçilir, lakin mən ondan uzaqlaşmadan gözündə kiçilmişdim. O
getdikdən sonra oradan uzaqlaşdım. Sahilə tərəf yollandım, bəlkə dənizlə
dərdləşərəm deyə. Başqa kimim vardı ki? Ağlımdan dalğaları qucaqlamaq
keçirdi, amma bu sonuncu qovuşmaq olacaqdı. Lakin sonra düşündüm və
fərqinə vardım ki, mənim kimi biri insanların göz yaşına belə layiq deyil...
Həyatda həmişə yaxşı insan olmağa çalışmışdım, insanların üzü gülsün
istəmişdim. Bəlkə zarafatlarımla güldürə bilməsəm də, varlığımla insanların
qəlblərini isidirdim. İndi isə.. İndi istədiyim qəlbi qırdım. Bəlkə tək günahkar
mən deyiləm, amma günahın ən böyük payı mənə düşdü. Daha da artığını
etmədən, barımıza getdim. Axşam işdə olmalı idim, amma bara getməyimin
səbəbi iş deyil, sadəcə içmək idi. Kim olduğumu unudacaq qədər içmək
istəyirdim..

***

Səhər oyandıqda özümü evimizdə tapdım. Ağrıdan başım partlayacaq kimiydi.


Yerimdən qalxmadan telefonuma baxdım. Aydandan başqa heç kim mesaj
yazmamışdı. Onun adını görən kimi, dünənki hadisələri xatırladım. Cəsarətimi
toplayaraq Zümrüdə mesaj atdım. Hirsinin soyuduğunu ümid edirdim. Lakin
mesajın altına bir xətt düşdü. Yəqin ki, heç bir halda məni görmək istəmirdi.
Anam yeməyə çağırsa da, heç iştahım yox idi. Yerimdən qalxmaq istəmirdim,
yatmaq və hər şeyin bir yuxu olmasını istəyirdim. Amma hər şey gerçəkdir.
Fincanıma çay süzərək həyətə çıxdım, üzüm həyətə baxacaq şəkildə oturdum.
Hər şeyi düşünməyə başladım, amma düşüncələrim sadəcə özümə olan nifrətimi
artırdı. Mən necə belə bir insan ola bilmişdim? Kim inanardı ki, yalana nifrət
edən insan xoşxəbtliyini yalanda tapacaq? Demək ki, yalan xoşbəxtliyin ömürü
gerçəkliyə toxunana qədərdir..

Murada zəng etdim, telefonun dəstəyini götürmədi. Deyəsən tək sevindiyim


mövzu onun əvvəlki halına qayıdacağı idi. Bir iki saatdan sonra zəng gəldi, lakin
zəng edən Murad deyil, Aydan idi.
-Alo, Xəzər?
-Hə.
-Necəsən?
-Belə də, sən necəsən?
-Mən də sənin kimi. Niyə mənə yalan danışırdın?
-Aydan, bunu ciddən necə açıqlayacağımı bilmirəm. Bilirəm səhv etdim,
bağışlanası deyil. Amma artıq olub, istəyirsənsə sən də ürək sözlərini de, get.
-Hə, bağışlanası deyil. Amma getmək üçün zəng etməmişdim.
-Nə üçün zəng etmisən?
-Sadəcə necə olduğunu bilmək istədim. Yəqin ki, özünü bərbad hiss edirsən.
Mənə uzaq hiss deyil, yaxşı anlayıram..Hər nə qədər əsəbi olsam da,
həyatımdakı üzümü güldürən tək insan sənsən.
-...
-Nəysə..söhbət etmək istəsən, ünvanı bilirsən.
-Yaxşı.
-Hələlik.
-Hələlik..

Həyat bəzən sənin istədiyin kimi getmir, bəzən “heç vaxt etmərəm” dediklərini
elə edirsən ki, nə etdiyinin fərqində olmursan. “Yazmayacam” dediyin adama
yazırsan, “bağışlamaram” dediyin insanları bağışlayırsan, “getməyəcəm”
dediyin yerdən gedirsən.. Həyat hər halı ilə gözəldir, səhvsiz həyat yarımçıq
olur. Eyni ilə səhvlər və yalanlar üzərində qurulmuş həyat da. Gülməyin qədər
ağlamağın da təbiidir, ona görə etdiklərin üçün gərək peşman olmayasan. Bəlkə
səhv etmisən, lakin artıq həmin saniyələr geri qayıtmayacaq. Keçmişinə pis
olduqca hazırkı saniyələrini də “məyus” olaraq ititirsən. Gələcəkdəki səhvlərinə
zəmin yaradırsan. Bunlara baxmayaraq səhv edərək öyrənirik. Qaçmağa ilk
cəhdimiz də səhv idi, o ağaca çıxmağımız da. İlk dərsdən qaçmağımız da, son
zəngdə müəllimlərə, sinif yoldaşlarımıza demədiyimiz sözlər də. İlk sevgimiz və
ilk ayrılığımız da. O səhvlər olmasaydı bunların nə olduğunu öyrənə bilməzdik.
Gəzə bilməzdik, yüksəyə çıxanda haradan tutacağımızı bilməzdik, sıxıcı saatları
əyləncəyə çevirməyi bilməzdik, içindən keçəni demədikdə bəzən gec olacağını
bilməzdik, sevginin nə olduğunu dadmazdıq, darıxmağı öyrənməzdik. Həyatın
sənin qabağınıza nələr çıxaracağını bilmirsənsə, səhv etməkdən çəkinmə. Lakin
unutma ki, bəzi şeylər ilk səfərində zövqə, təkrarlanarsa ağrıya çevrlir..
Bütün günü yataraq keçirdim, hər şeydən, bu balaca oyundan qaçmaq
istəyirdim. Gerçəklikdən uzağlaşıb, Zümrüddən ibarət xatirələrin içində
addımlayarkən hər bir ehtimalı düşündüm. Lakin bu çarə olmadı, çünki heç nə
dəyişmirdi. Dəyişən sadəcə mən idim..

Saat təxminən ikiyə işləyirdi. Bir əlimdə isti və acı çayla, digər əlimdə telefonla
həyətimizdə əyləşmişdim. Həmçinin döyünən qəlbimdə qəribə sancılar vardı.
Sanki bütün mənəvi ağrılarım özünü fiziki olaraq biruzə verirdi. Min illər əvvəl
qayalara əl izlərini qoyan primatlar kimi, sanki “mən buradayam” deyirdi.
Hazırda bu cümləni vicdanım desə, inanmazdım. Xoşbəxtlik uğruna,
xoşbəxtliyimi fəda etmişdim. Deməli, hər bir seçminin nəticəsi var və hər bir
nəticənin səbəbi. Nəticələrə baxdıqda, bu qədər insan içində tənha idim. Bəs,
görəsən tənhalığı özüm seçmişdim?

Telefonuma gələn zəng səsi, məni fikirlərimdən ayırdı. Tanımadığım nömrə


idi, “yəqin ki Muraddır” deyə düşünərək zəngə cavab verdim.
-Alo?
-Vəliyev Muradın ailəsidir?
-Bəli, Qardaşıyam. Nəsə olub?
-Sizinlə danışmalıyıq.
-Başa düşmədim? Siz kimsiz ki? Nə danışacağıq?
-Xəzər rayonu üzrə polis Əli Mirəliyev.
-Aydındı, qardaşım yenə nəsə işə qarışıb?
-Necə deyim..bilmirəm. Qardaşınız rəhmətə gedib.
-Nə? Zarafatdır bu?
-Allah rəhmət eləsin.. Sizinlə bir neçə məsələni danışmalıyıq.

Polisin dediklərini sanki eşitmirdim, bütün bədənimi kədər bürümüşdü.


Gözlərim dolmağa başlayırdı. Qanı qanımdan, canı canımdan olan insanı
itirmişəm.. Biz bu həyətdə dava eləmişik, qaçmışıq, yıxılmışıq. Dizlərimiz
burada qanayıb, burada böyümüşük.. Kədəri burada öyrənmişik, atamızı burada
itirmişik.. Hər şeyin yalan olmasını istəyirəm, həyətin qapısından içəri
qardaşımın gəlib “Hər şey zarafatdır” deməsini istəyirəm..Amma həyatın
zarafatları gülməli olmur..

Bəd xəbəri anama bildirmədən, özümü ələ alaraq polislə görüşmüşdüm, hər şey
ortada idi. Qardaşımı itirmişdim, zarafat kimi gəlirdi, amma gerçək idi. Uşaqkən
televizorun qarşısında oturub filimlərə baxarkən, birdən fikirlərimdən ayrılıb
qardaşımın əyləşdiyi yerə tərəf boylanardım. Onu orada görmədikdə, içimi
qəribə bir tənhalıq bürüyərdi, lakin sonra anlayardım ki, işi olduğu üçün gedib.
Gələcək. Artıq gələ bilmir..Artıq çox uzaqdadı, o qədər uzaqdadır ki, mən də
gedə bilmirəm..
Axşam bəd xəbəri anama bildirməli idim, amma necə edəcəyimi bilmirdim.
Özümü ələ ala bilmirdim, hər düşüncə ürəyimə yara olurdu..Hər düşüncə bir
xatirəydi..Anamın işıq saçan gözlərinə baxarkən, gözlərimin dolduğunu anladı.
Sakitcə, bir şey demədən qucaqladım. Kədər o qədər ağırlaşmışdı ki,
dodaqlarımın deməyə gücü çatmırdı.. Özümü bir şəkildə ələ alıb, olanları anama
danışdım. İkinci itkisi ağır oldu, işıq saçan gözlərindəki ümid qığılcımları yoxa
çıxdı. Əlləri əsməyə, qəlbində sancılar yaranmağa başladı..
Bütün gecəni belə susaraq keçirmişdik, gözümüzə yuxu getmirdi. Gözümlə
görməsəydim, hələ də hər şeyin zarafat olduğuna inanmaq istəyirdim..Anam ailə
tablomuzda qardaşımın şəkilini sığallayırdı. Həyat tablomuz əskik idi,
tamamlaya bilmirdik..

Həmin həftə bərbad keçdi, Muradı qara torpağa tapşırdıq. Sanki həyat
dayanmışdı, biz də onunla birgə ölmüşdük. Sadəcə nəfəs ala bilirdik. Anamla o
qədər yorulmuşduq ki, ağır-ağır aldığımız hər nəfəsdə də, bir-birimizə dəstək ola
bilmirdik. Onun tək sahib olduğu varlıq mən idim, necəsə güclü qalmalıydım,
amma alınmırdı. Zümrüddən heç kiçik bir mesaj belə gəlmədi, nəsə desə bir şey
dəyişməyəcəkdi, amma onun deməyi lazım idi.. Bütün həftə ərzində Aydan
yanımda oldu, daha güclü, daha möhkəm olmağım üçün əlindən gələni edirdi.
Hələ də anlamıram, insan yalançı birinə niyə bu qədər sevgi bəsləsin ki?

1 il sonra.
Sərin bir yaz gecəsidir. Həyətdə iki nəfər masanın arxasında əyləşərək sevinclə
söhbət edirlər. Gözlərindəki parlaqlıq səmaya mıxlanmış ulduzların parlaqlığıyla
yarışır. Qocalmış , neçə kədər, neçə sevinc hissi görmüş, heç kimə deyilməyən
sirrlərin şahidi olmuş evin otaqlarının birində yaşlı bir xanım addımlayır. Onun
neçə-neçə ayrılıq kədəri yaşamış qəlbini bu gün oğlunun ad günü sevinci
bürüyüb. Tortun üzərindəki şamları yandırmaq üçün kibrit axtarır. Həyətdən
hələ də gülüş səsləri gəlməyə davam edir. Əlləri əsə-əsə tələsik çəkməcələri
açıb, içərisində kibrit axtarır. Çəkməcələrin birində üstü yazılı vərəqi görür.
Vərəqi qaldıraraq altından kibrit qutusunu götürüb , uzun zaman sonra
gülümsəyən üzüylə torta doğru gedir. Gülüş səsləri davam edir..
Çəkməcənin içində, qaranlıqda köhnələn vərəqin üzərində yazılmışdı:

“Mənim əziz qardaşım, qəlbi təmiz qardaşım,


Dünən gedən günündü, gözlərimdən qan daşır.
İndi sənsiz böyümək, canı sıxır biləsən.
Göylərdəki evindən, bəlkə çıxıb gələsən?
Lap əvvələ qayıtsaq, yenə başdan başlasaq,
Aramızda söz salan, şeytanları daşlasaq.
Birgə ömür keçirək, yenə quraq xəyallar,
Daş bağlamış qəlbimdə, indi bircə xəyal var.
Gözlərində böyüyüm, sənə şeir yazmadan,
Çiyinlərdə aparıb, sənə qəbir qazmadan.
Arzun qəlbində qaldı, əmi ola bilmədin,
Kimsə “qardaş” dedikcə, qəmi qova bilmədim.
Yıxılanda əl tutanım, dayaq ola bilmir artıq.
Gecələri yatmayan kəs, oyaq ola bilmir artıq.
De solurmu güllərin, tozlanırmı baş daşın?
Yumduğun gözlərinə, qurban olsun qardaşın..”
Yazıçının Qeydi
“Həyatda hər bir anımız xoşbəxt olmur və yaxud hər zaman dərd dənizində
boğulmuruq. Həyat ümidlə qurduğumuz xəyallar, nəfəs aldığımız anlar və bu
anların xatirələrə çevrilməsindən ibarətdir. Həmişə qarşımıza bir neçə seçim
çıxır, beləcə bu seçimlər bizə ya xoş ya da xoş olmayan hissləri hədiyyə edir. Bir
şeyi qazandığda mütləq digərini itirməliyik. Ümid edirəm ki, yaratdığım kiçik
dünyada addımladığınız dəqiqələrə dəyəcək mənzərələr yaratmışam.
Sevgilərlə..”

Oxuyarkən sevdiyiniz hissələri, ümumi hekayə haqqında fikirləri mənimlə


bölüşməyi unutmayın. Xoş Günlər :)
Əlaqə üçün:
e-poçt: alimaliyev0@gmail.com
Mobil telefon: +994(77)319-93-87
İnstagram: https://www.instagram.com/alim__aliyev/
Telegram: https://t.me/AlimAliyev

You might also like