You are on page 1of 5

Mövzu 10.

Görüş qrupları - qrup şəklində aparılan psixoloji işin forması kimi

Görüş qrupları iştirakçılarının oxşar problemləri üzərində işlədiyi şəxsiyyət


yönümlü treninqlərin spesifik bir növüdür. “Görüş qrupları” nın (encounter groups)
mahiyyəti haqqında konsepsiyanı ilk dəfə Karl Rocers irəli sürsə də, bu qrupların
inkişafı əsasən iki alimin - Karl Rocers və Vilyam Şyütsun adı ilə bağlıdır.
Görüş qruplarının əsasında humanistik psixologiya və kliyentdə mərkəzləşmiş
terapiya prinsipləri durur. Burada əsas ideya qrupda bütün iştirakçıların öz
hisslərini açıq ifadə edərək, başqalarının hisslərini nəzərə alması şəraitində insanın
fərdi inkişaf imkanlarına inamdır.
K.Rocers görüş qruplarını ötən əsrin 60-cı illərinin ən mühüm sosial ixtirası
adlandırmışdı. Yəni müasir dövrün, mədəniyyətin insanları biri-birindən
yadlaşdırdığı bir vaxtda burada insanlar arasında süni deyil, əsl, səmimi yaxın
münasibətlərin qurulması üçün imkanlar yaranır.
T-qruplardan fərqli olaraq, görüş qruplarında əsas diqqət qrup proseslərinə,
şəxsiyyətlərarası qarşılıqlı təsir prosesində vərdişlərin inkişafı məsələlərinə
deyil,başqaları ilə münasibətlərdə dürüstlük, səmimiliyin axtarışına, hisslərin açıq
ifadəsinə yönəldilir. Burada qrupu idarə edən şəxs - fasilitator inam, təhlükəsizlik
atmosferi yaratmağa çalışmaqla qrup iştirakçılarının intim fikir və hisslərini ifadə
etməsi üçün şərait yaradır.
Görüş qruplarında əsas diqqət hər bir iştirakçının fərdiyyətinin,
özünəməxsusluğunun müəyyən edilməsinə və hər bir insanın bir şəxsiyyət kimi
inkişafına yönəldilir. Bu qrupların məqsədi insanın bir şəxsiyyət kimi potensialını
dərk etməsi və mümkün olarsa tam reallaşdıra bilməsidir. Buna görə də bu cür
qruplarda iştirak insana başqaları ilə yaxın münasibətlər qurmağa imkan yaradır.
U.Şyüts “görüş qrupları” anlayışını müəyyən etmək üçün onun bir neçə
əlamətlərini ayırd etmişdir:
 Səmimiyyət və açıqlıq;
 Özünüdərketmə;
 Öz-özünə və qrup üzvlərinə görə məsuliyyət;
1
 Hisslərə diqqətin yönəldilməsi;
 “Burada və indi” prinsiplərinə sadiqlik.
Səmimiyyət və açıqlığa nail olmaq qrupun əsas dəyəri olan öz daxili aləmini
açma sayəsində mümkün olur. Görüş qrupları qrup iştirakçılarının öz daxili aləmini
açmasını rəğbətləndirir və bunun sayəsində onlar arasında yaxın münasibətlərin
qurulmasına imkan yaradır. Burada iştirakçıların öz hisslərinə diqqətli münasibət
göstərməsinə xüsusi önəm verilir.
Əslində yaşadığımız cəmiyyətdə öz həqiqi hisslərimizi, meyl və arzularımızı
gizlətmək daha çox “dəbdədir”. Uşaq vaxtından bizlərə aşılanan “kişi ağlamaz,
“qorxuram” deməz”, “qız uşağı sevdiyin deməz, istəyini bildirməz”, “övlada olan
hisslərini camaatın yanında göstərmək ayıbdı” - kimi ifadələr, davranış tərzi bizi öz
həqiqi hisslərimizi içimizin dərinliklərinə gömdürməyə vadar edir. Beləliklə də,
yetkin insan olduqda belə başqalarının yanında öz hisslərini çılpaqlığı ilə bildirmək,
öz daxilini açmaq zəiflik əlaməti kimi dəyərləndirildiyindən və cəmiyyət tərəfindən
insanın öz daxili hisslərini gizlətməsi, məhrəm istək və arzularını biruzə verməməsi
daha çox təqdir olunduğundan cəmiyyət insanları öz hisslərinə əhəmiyyətsiz
yanaşmağa sövq edir. Özünü, öz hisslərini başqalarından gizlətməyə çalışan insan
bütün səylərini əslində olduğundan fərqli bir obraz yaratmağa, maskalanmağa,
uydurulmuş bir “Mən” düzəltməyə yönəldir. Bu cür obraz yaşadığımız cəmiyyətdə
bizə müxtəlif rolları rahat oynamağa imkan versə də, bizi başqalarından, ən əsası
özümüzdən uzaqlaşdırır, yadlaşdırır.
Bəzən real arzu və istəklərimizi, fikirlərimizi başqalarından gizlətməmiz bizə
bəzi üstünlüklər gətirsə də, mənəvi, psixoloji durumumuzu təhlükə altında qoyur.
Bu özünü bir neçə formada göstərə bilir:
1. Başqlarından öz iç dünyasını gizlədən insanın onlar tərəfindən
anlaşılması, düzgün başa düşülməsi müşkülə çevrilir. “Dərdini deməyən dərmanını
tapmaz”- misalında olduğu kimi, öz istəklərini, arzularını, hisslərini adekvat ifadə
edə bilməyən insanın adekvat cavab alma şansları azalır.
2. Öz daxilini başqalarından gizlətmə, qapalılıq başqa insanlarla yaxın
münasibətlər qurmağa mane olur.
2
3. İnsan üçün önəmli olan yaşadığı hisslərini, istək və arzularını,
düşüncələrini sıxışdırması, basdırması bir sıra psixosomatik pozuntulara (məsələn:
mədə xorası, hipertoniya, astma, kəskin baş ağrıları və s.), nevrozlara gətirib
çıxarır.
Görüş qruplarında insanın öz daxili aləmini açması, hisslərinə diqqət verib,
onları ifadə etməsi üçün rəğbətləndirilməsi, başqalarından öz hisslərinə əks əlaqə
almasının özü- özlüyündə müsbət psixoterapevtik effekt əldə etməyə imkan verir.
Görüş qruplarının bir özəlliyi də ondadır ki, bu qruplar insana psixoloq,
həkim, psixoterapevt qarşısında deyil, bir yerdə iştirak etdiyi qrup iştirakçıları
qarşısında daxilini açmağa imkan verir.
Lakin qrupda “nizamsız” öz daxilini açma da məqsədəmüvafiq deyil. Bu cür
“həvəskar” səmimilik başqalarında yanlış təəssüratlar yarada, xoşəgəlməz
tanışlıqlara yol aça bilər. Buna görə də, bu proses birdən-birə deyil, tədricən,
insanın səmimiliyinin qarşısındakına nə dərəcədə təsir etdiyini hiss etdikcə baş
verməlidir.
Qrupda iştirakçılardan ilk görüşdən öz daxilini açıb tökməyi gözləmək
absurddur. Çünki, insan yalnız təhlükəsiz, tam inam şəraitində daxilini açmağa risk
edə bilər. Buna görə də, qrup yalnız müəyyən təcrübə qazanıb, qrup proseslərinin
əsas mərhələlərini keçdikdən sonra, iştirakçılar hisslərini sərbəst bölüşməyə qadir
olur.
Bu qruplarda iştirakçılardan bir neçə əsas qaydalara riayət etmək tələb
olunur:
 Açıq və səmimi ünsiyyəti təmin etmək;
 Bədəndən gələn duyğulara xüsusi diqqət ayırmaq;
 Fikirlərə, düşüncələrə deyil, hisslərə diqqət vermək.
Qrupda təmas ümumiyyətlə bütün treninq qruplarında olduğu kimi ümumi
tanışlıqdan başlayır. Lakin burada şəxsiyyətlərarası münasibətlər inkişaf etdikcə
ilkin olaraq iştirakçılarda özünüifadə və daxilini açmaya müqavimət özünü göstərir.
İştirakçılar daha çox keçmiş təcrübələrində olan hadisələri, keçmişdə yaşadıqlarını
müzakirə etməyə can atırlar, buna görə də, “burada və indi” prinsipinə əməl
3
etmələrinin tələb olunması onlarda neqativ hisslər təzahür etdirir. Bunun ardınca,
adətən, iştirakçıların daxili müqavimətinin aradan götürülməsi və hisslərini
spontan ifadə etməsi mərhələsi gəlir.
Görüş qruplarında iş bir neçə əsas mərhələdən keçir:
1. Şəxsiyyətlərarası təmasın qurulması. Burada əsas diqqət inam,
səmimilik atmosferinin yaradılmasına, qrup iştirakçılarının hər birinin öz
daxilini açmasına və qarşılıqlı olaraq hər birinin şərtsiz olaraq real həyatda
necə varsa elə də qəbul olunmasına, təqdir olunmasına yönəldilir. Adətən
butün bunlara nail olmaq üçün qeyri-verbal kontaktların qurulmasına
yönəldilmiş tapşırıqlar daha effektiv olduğundan, onlara tez-tez müraciət
olunur. Məsələn: biri-birinin əlinə toxunmaq, üz-üzə oturaraq başqasının
üzünün xırdalıqlarının, ayrı-ayrı hissələrinin öyrənilməsi, başqasının əlini
əlinin içərisində saxlamaqla onu tədqiq etmək və s. Qrup işinin başlanğıcında
iştirakçılar arasında maneəni, psixoloji səddi, gərginliyi götürmək üçün fiziki
tapşırıqlardan istifadə olunması tövsiyə olunur.
2. Qarşılıqlı inama əsaslanan münasibətlərin qurulması.
Münasibətlər inkişaf etdikcə, inam atmosferi yarandıqca iştirakçılar özlərini,
hisslərini daha rahat ifadə etməyə başlayırlar. Əgər qrup işinin əvvəlində
onlar özlərinin digər qrup üzvlərindən daha çox fərqləndiyini hiss edirdilərsə,
səmimiyyət və inam şəraitindəki ünsiyyət prosesində onlar aralarında olan
ümumi cəhətləri daha yaxşı sezməyə başlayırlar.
3. Yaranan konfliktlərin aradan qaldırılması. Çox vaxt qrupda
yaranan konfliktlər liderlik və dominantlığa can atma ilə bağlı olur. Bu halda
konflikt həm verbal (fasilitator konflikt iştirakçılarını səmimi, biri-birini
dinləyərək qrupda açıq müzakirəyə dəvət edir), həm də fiziki qarşılıqlı təsir,
təmas səviyyəsində həll olunur.
4. Öz daxilini açmağa müqavimətin dəf edilməsi.
5. Biri-birinə qarşılıqlı empatiya, rəğbət nümayiş etdirmə, biri-
birini dəstəkləmə. Öz davranışını düzgün anlama, tam psixoloji açılma üçün
hər bir qrup iştirakçısı bütün qrupun müsbət dəstəyinə ehtiyac duyur. İlkin
4
olaraq bu cür dəstək fasilitator tərəfindən verilir. Zaman keçdikcə qrup özü
müstəqil şəkildə öz iştirakçısını bu cür müsbət əks əlaqə ilə təmin etməyə qadir
olur.
Bir cəhətə də diqqəti cəlb etmək lazımdır ki, yalnız konfrantasiyalara,
qarşıdurmalara, emosional sarsıntılara kifayət qədər tolerant olan, həmçinin qrup
təcrübəsini adi şəraitə keçirə bilən insanların görüş qruplarına daxil edilməsi
məqbul sayılır.
Bəzi insanlar da vardır ki, onlara görüş qruplarında iştirak əks göstərişdir.
Yəni bu görüşlər onların psixoloji vəziyyətini daha da korlaya bilər. Bu kateqoriyaya
özünəinamsız, aşağı özünüqiymətləndirmə səviyyəsi olan, mürəkkəb, psixoloji travma
yaradan situasiyalardan qaçan, tez incyən, həddən artıq həssas insanlar aiddir.
Adekvat şəxsiyyətlərarası münasibətlər qura bilməyənlər, görüşlərə həddən
artıq ümidlər bəsləyən kliyentlər də risk qrupuna aid edilməlidir.
Odur ki, fikrimizcə, hər hansı bir insanın görüş qrupuna daxil etməzdən öncə
ilkin psixodiaqnostik müayinədən keçirilməli və fərdi konsultasiyaya cəlb
olunmalıdır.
Görüş qruplarda əsas diqqət hisslərə yönəldilir. Çünki, insanın öz
davranışlarına, hərəkətlərinə, ümumiyyətlə özünə görə məsuliyyət daşıması üçün o,
ilk növbədə, öz hisslərini dərk etməlidir. Bu qruplar məhz insanın özünü dərketmə
sahəsini genişləndirərərək, onu başqalarının hiss və yaşantılarını anlamasına,
onları qəbul etməsinə kömək edir. Buna görə də, görüş qruplarında iştirak təcrübəsi
empatik hisslərin artırılması, inkişaf etdirilməsi baxımından da xüsusi əhəmiyyətə
malikdir.

You might also like