You are on page 1of 7

FƏNNIN ADI : İnklüziv təhsil

Tərtib etdi: Xüsusi təhsil kafedrasının baş müəllimi-Zeynəb Məmmədova.

МÖVZU №-3: İnklüziv təhsil təcrübəsi. Qlobal və milli tendensiyalar


Plan: 1. Müasir və qlobal tendensiyalar.
2. Xüsusi təhsildən inklüziv təhsilə keçidi zəruriliyi.
3. Əlilliyi olan uşaqların funksionallığına dair beynəlxalq təsnifatı.
4. İnklüziv təhsilin beynəlxalq və milli hüquqi çərçivəsi.
İnklüziv təhsil bütün uşaqların keyfiyyətli təhsil almaq hüququna əsaslanır. Bir
sıra beynəlxalq konvensiyalar, milli qanunvericilik çərçivələri müvafiq ölkələrdə
inklüziv təhsilin tətbiqini təmin edir. Dünyanın müxtəlif ölkələrində mövcud olan
müasir təhsil sistemləri təhsil və onun strukturunun variativliyi, konkret problemlərin
çeşidli həlli yolları baxımından fərqlənirlər. Bir də ümumi tendensiyalar var ki,
onlara yanaşma adətən eyni fəlsəfəyə malikdir. Müasir təhsilin ümumi
tendensiyalarından danışarkən toxunulan ilk problemlərdən biri inklüziv təhsildir.
İnsan haqlarının inkişafı, təhsil prosesinin müasirləşməsi, qloballaşma kimi kütləvi
proseslər hər bir dövlətin inklüziv təhsil anlayışına daha həssas yanaşmasını tələb
edir. Hazırda bu məsələ ilə ilgilənməyən az ölkənin adını çəkmək olar ki, bu da əsas
etibarilə onların ağır sosial-iqtisadi durumu, qeyri-sabit siyasi quruluşu və s.
səbəblərlə izah oluna bilər. İnklüziv təhsil kimi qayəsində humanizm elementləri
duran problemlərin həllinə sosial rifahı yüksək olan ölkələrdə xüsusi diqqətlə
yanaşılır. Bu baxımdan, ölkələr müxtəlif olduğu kimi inklüziv təhsilin strukturu və
fəaliyyətinə baxış da müxtəlifdir.
XX əsrin sonu XXI əsrin əvvəllərində təhsildə köklü şəkildə dəyişikliklər baş
verdi. Belə ki, təhsilin fəlsəfəsi mahiyyətinə, məzmununa, biliklərin
qiymətləndirilməsinə, müəllim-şagird münasibətlərinə, təlim-tərbiyə metodlarına və
təhsilin digər bütün elementlərinə yanaşmada kəskin dəyişikliklər müşahidə
edilməyə başladı. Bu paradiqmal dəyişiklik elm və texnologiyanın sürətli inkişafının
məntiqi nəticəsi kimi ortaya çıxmışdı. Mürəkkəb insan-cəmiyyət münasibətlərinin ən
vacib kompanentlərindən olan təhsil və təlimdə də paradiqmaların dəyişməsi labüd
idi və bu baş verdi.
Təhsil sferasında ən inqilabi və nəzərəçarpan paradiqma dəyişikliklərindən biri
də xüsusi təhsildə ortaya çıxdı. Bu dəyişikliyə iki əsas amil səbəb oldu. Ən başlıca
amil II Dünya Müharibəsindən sonra BMT-nin təsis edilməsi və bu təşkilat vasitəsilə
irqindən, dinindən, milliyyətindən, fiziki və əqli qüsurlarından və s. amillərdən asılı
olmayaraq bütün insanların bərabər haqq və hüquqlara sahib olmasının dünyaya
bəyan edilməsi oldu. Beləliklə, dünya miqyasında demokratik dəyərlərin
əhəmiyyətinin vurğulanması ilə bütün xidmət və fəaliyyət sahəsində insanın önəmli
olmasına əsas amil kimi götürüldü və bu baxış təhsildən də yan keçmədi. Beləliklə
də inklüziv təhsilə gedən yolun təməli qoyuldu.
Digər əsas amil isə fiziki və əqli qüsur anlayışına baxış bucağının dəyişməsi
oldu. belə ki, tarix boyu xüsusi təhsildə ənənəvi olaraq psixi-tibbi yanaşma üstünlük
təşkil edirdi. Bu yanaşma fərdin qüsurlarından törəyən maneələrin yalnız fərdin
özündən qaynaqlandığını əsas tutur və fərdin ətraf mühitlə münasibətində mühitin
yaratdığı imkan və yaxud məhdudiyyətləri qətiyyən nəzərə almırdı. Lakin bunun
əksinə olaraq xüsusi təhsildə yeni tmayül kimi meydana çıxan “təşkilati yanaşma”
diqqəti insanın qüsularına deyil, mühitin imkanlarına yönəltdi. Yəni yeni
paradiqmaya əsasən xüsusi təhsilin yeni pedaqoji fəlsəfəsində “qüsurlu insan yox,
qüsurlu mühit vardır” prinsipi meydana çıxmağa başladı. Bu səbəbdən də inklüziv
təhsilin elmi metodiki əsaslarını hazırlayan pedaqoqlar təlim prosesinin nəticə
verməsi üçün əsas diqqətin qüsurlara deyil, bu qüsurların tələblərinə cavab verə bilən
təlim metodlarının, əyani vəsaitlərin, maddi texniki vasitələrin maksimum səmərəli
istifadəsinə yönəltməyi tövsiyə edir.
Bu prinsipdən doğan inklüziv təhsil modeli təhsildə yeni islahatların həyata
keçirilməsini, təhsilə dair qanunlarda əlavə və düzəlişlərin edilməsini, kadr
hazırlığında yeni bilik və bacarıqların aşılanmasını, bütün təhsil müəssisələrinin
maddi-texniki bazasının zənginləşdirilməsini və s. tədbirləri kompleks şəkildə həyata
keçirməyi bir məqsəd kimi dövlət səviyyəsində qarşıya qoyur. İnklüziv təhsil özündə
həm də humanist dəyərləri ehtiva etdiyindən daha geniş vüsət almağa başladı.
Şübhəsiz ki, inklüziv təhsilə qədər də fiziki və əqli qüsurlu insanların təhsilə
olan tələbatı təmin edilirdi. Bunun üçün müvafiq diaqnoz qoyulmuş uşaqlar
aidiyyatı üzrə xüsusi təyinatlı məktəblərə cəlb olunurdular. Bu tipli məktəblər hələ
də dünyanın bütün ölkələrində mövcuddur. Qeyd etmək lazımdır ki, xüsusi
məktəblərdə də qüsurlu insanlara daha müvafiq səriştəyə malik kadrlar tərəfindən
keyfiyyətli təhsil verilir. Lakin bu tipli məktəblər insanın ən vacib ehtiyaclarından
birini insanlarla sosiallaşmaq ehtiyacını, cəmiyyətə inteqrasiya və adaptasiyasını
təmin edə bilmirlər. Adətən institutlaşmış şəkildə fəaliyyət göstərən xüsusi
məktəblər burada təhsil alanları qapalı mühitə həbs edir və marginallaşdırır
(Marginal, marginal şəxs (Latınca Margo - kənar) - müxtəlif sosial qrupların,
sistemlərin, mədəniyyətlərin sərhədində olan və onların ziddiyyətli norma, dəyər və
s.).
Nəticədə isə itirən tək onlar deyil həm də bütün cəmiyyət olur. Çünki
cəmiyyətin bütövlüyü pozulur. Məhz bu nöqteyi nəzərdən bütün uşaqların eyni
məkanda birgə təhsil almasını nəzərdə tutan inklüziv modeli uşaqları ayrıseçkiliyə
məruz qoyan institutlaşmış təhsil modelindən bir addım öndədir. Azərbaycanda daha
çöx fiziki, əqli qüsurlu uşaqlar təhsildən kənarda qaldıqlarından marginallaşdırıcı
təhsilə məhkum edildiyindən inklüziv təhsilin daha çox bu aspektinə diqqət diqqətin
yetirilir. Beynəlxalq təcrübə və tendensiyaların araşdırılması Azərbaycan üçün daha
münasib olan inklüziv təhsil modelinin zəruriliyini təsdiqləyir.
Qeyd etmək lazımdır ki, inklüziv təhsilin kökü xüsusi təhsilə dayanır. Lakin
inklüziv təhsil xüsusi təhsilin daha mütərəqqi və təkmil formasıdır.
İnklüziv təhsilin bir çox tərifləri və mənaları mövcuddur. Onların ümumi
elementləri aşağıdakılardır:
 İnklüziv təhsil məktəblərin daha münbit və bütün uşaqlar üçün faydalı olmasına
yönələn fasiləsiz prosesdir;
 İnklüziv təhsil təhsil mədəniyyətinin, hüquqi sənədlərin və təcrübələrin şagirdlərə
uyğun olması üçün yenidən qurulmasını ehtiva edir;
 İnklüziv təhsil bütün şagirdlərə uyğun olması üçün məktəbin dəyişməsini
şərtləndirir;
 İnklüziv təhsil uşaqların məktəbdə və icmada təhsilə çıxışına mane olan konkret
səbəbləri müəyyənləşdirib aradan qaldırılması üçün davamlı fəaliyyətdir;
 İnklüziv təhsil bütün maraqlı tərəflərin iştirakı ilə icra edilməli olan bir prosesdir.
İnklüziya sahəsində araşdırmalar qeyd edir ki, cəmiyyət əlilliyi olan uşaqların
assimilyasiyasına neytral və ya passiv-mərhəmət mövqeyi nümayiş etdirir: belə
uşaqların problemi ətrafdakılar tərəfindən mühitin öhdəliyi kimi deyil, uşaqların öz
çətinlikləri kimi qəbul edilir. Cəmiyyətdə SİM uşaqları əhatə edən əksəriyyət onlara
qarşı passiv tolerantlıq göstərir. Buna görə də inklüziv təhsil bu gün yalnız hamı
üçün təhsil sisteminin möhkəmlənməsi prosesi kimi deyil, həm də SİM insanların
diskriminasiyasının aradan qaldırılmasının səmərəli vasitəsi kimi qəbul edilir. SİM
uşaqların ümumtəhsil məktəblərində təhsili bir çox ölkələrin, eləcə də
Azərbaycanın cəlb olunduğu inklüziv təhsil sisteminin qanunauyğun inkişaf
mərhələsidir. SİM uşaqların təhsilinə belə yanaşma həyatda müxtəlif xarakterli
səbəblərlə əlaqədardır. Ümumilikdə bu səbəbləri iqtisadi, hüquqi inkişaf baxımından
müəyyən səviyyəyə nail olmuş cəmiyyət və dövlətlərin sosial tələbləri kimi
müəyyənləşdirmək olar. Son mərhələ cəmiyyət və dövlətlər tərəfindən əliliyi olan
şəxslərə münasibətin dəyişdirilməsi, yalnız hüquqlarının tanınması deyil, təhsil də
daxil olmaqla, həyatın müxtəlif sahələrində onlara digər insanlarla bərabər
imkanların yaradılması ilə xarakterizə olunur.
Mahiyyət etibarilə humanizmi təlqin edən və demokratik prinsiplərə söykənən
inklüziv təhsil yalnız məktəb çərçivəsində və təhsil sistemi səviyyəsində deyil, eyni
zamanda bütün cəmiyyət miqyasında hər kəsə bərabər imkanlar yaradılmasını tələb
edir.
İnklüziv təhsil məktəbəqədər, orta, peşə və ali təhsil mərhələlərini ehtiva edir.
Bununla o, SİM insanların davamlı təhsilinin və inkişafının təmin olunmasına
xidmət edir. Dünya praktikasında inklüziv təhsilin təşkili məsələləri 1970-ci illərdən
başlayaraq xaricdə əlilliyi olan şəxslərin təhsil imkanlarının genişləndirilməsi ilə
bağlı normativ aktların hazırlanmasına başlanılmışdır.
Beynəlxalq və Azərbaycana dair hüquqi sənədlər aşağıdakılardır:
 İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, 1948
 BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, 1989
 BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, 2006
 Azərbaycan Respublikasının Konstitusiyası, 1995
 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 2009
 “2018–2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün
inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”
2001-ci il “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”
qanun imzalandı.
2002-ci ildə ardıcıl olaraq AR Nazirlər Kabineti xüsusi təhsilə dair bir neçə
qərar qəbul etmişdi: 29 aprel 72 nömrəli qərara əsasən “Sağlamlıq İmkanları
Məhdud şəxslərin peşə-ixtisas təhsil müəssisələrinə qəbul qaydaları təsdiq edilməsi”
haqqında, 29 aprel 74 nömrəli qərara əsasən “Psixoloji-tibbi-pedaqoji komissiya
barədə Əsasnamənin təsdiq edilməsi” haqqında, 10 may 77 nömrəli qərara əsasən
“Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısını və evdə təhsilin təşkili
qaydalarının təsdiq edilməsi” barədə, 29 may 87 nömrəli qərara əsasən “İnteqrasiya
təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları”, 88 nömrəli qərara əsasən isə
“Stasionar şəraitində təhsilin təşkili qaydalarının təsdiq edilməsi” barədə qərarlar
təsdiq edilmişdir.
2005-ci ildə Azərbaycan Respublikası xüsusi qayğıya ehtiyacı olan uşaqların
təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005 - 2009)” imzalanmışdır. Proqram
çərçivəsində Təhsil Nazirliyi və UNİCEF tərəfindən 2005-ci ildən etibarən
Azərbaycanda birgə inkluziv təhsil layihələri həyata keçirilməyə başlanmışdır. 2008-
ci ildə Azərbaycan Respublikası “Əlillərin hüquqları Haqqında Konvensiya” təsdiq
edildi. “Əlillərin hüquqları haqqında Konvensiya”nın məqsədi “Bütün əlil
insanların insan hüquqları və əsas azadlıqlarına tam, bərabər imkanlarla
yararlanmalarına təkan vermək, onları müdafiə və təmin etmək, habelə onların
ləyaqətinə hörmətlə yanaşılmasını dəstəkləməkdir". Hazırda əlilliyi olan şəxslərin
hüquqi statusu AR Konstitusiyası və "Əlilliyın və uşaqların sağlamlıq imkanları
məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası
Qanunu ilə müəyyən edilir.
2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
imzalandı. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin
yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və
formasından məhrum edilməsinə yol vermir. Cinsindən, irqindən, dilindən, dinindən,
siyasi əqidəsindən, milliyyətindən, iqtisadi və sosial vəziyyətindən, mənşəyindən,
sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı
yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
Əlilliyi olan uşaqların funksionallığına dair beynəlxalq təsnifat (FBT)
( Fəaliyyət, əlillik və sağlamlığın beynəlxalq təsnifatı)
FBT insan sağlamlığının bütün aspektlərini və rifahın sağlamlıqla bağlı bəzi
komponentlərini əhatə edir və bunları sağlamlıq sahələri və sağlamlıqla əlaqəli
sahələr baxımından təsvir edir. Təsnifat sağlamlığın geniş təhlilinə sadiq qalaraq
sağlamlığa aidiyyəti olmayan, məsələn, sosial-iqtisadi amillərdən qaynaqlanan
situasiyalardan bəhs etmir. Məsələn, irq, cins, din və ya başqa sosial-iqtisadi
xüsusiyyətlərə görə insanlar onları əhatə edən mühitdə vəzifələrini yerinə yetirməkdə
məhdudiyyətlərlə üzləşə bilərlər, lakin bunlar FBT-də təsnif olunduğu kimi
sağlamlıqla bağlı iştirak məhdudiyyətləri hesab olunmur.
FBT-nin yalnız əlilliyi olan insanlara şamil olunduğuna dair yanlış fikir
formalaşmışdır; əslində bu təsnifat bütün insanlara aiddir. Sağlamlıq və sağlamlıqla
bağlı bütün vəziyyətlər FBT-dən istifadə etməklə təsvir edilə bilər.
“Funksionallığa dair Beynəlxalq Təsnifat: uşaq və gənclər (FBT‒UG)”
sənədinin yaradılması səbəbləri- FBT-UG praktik, fəlsəfi, taksonomik və ictimai
sağlamlıq mülahizələrinə əsaslanaraq hazırlanmışdır.
A. Praktik səbəb- Praktik nöqteyi-nəzərdən xidmət sistemlərində istifadə oluna
biləcək uşaq əlilliyinə dair müfəssəl təsnifatın yaradılması nəzərdə tutulsa da,
gerçəkləşdirilməmişdi. Təsnifat uşaqların tibbi, təhsil, sosial və abilitasiya
hüquqlarından yararlanmaq formasında həyata keçirilməsi ilə yalnız uşaq və
gənclərə xas fiziki, sosial və psixoloji xüsusiyyətləri nəzərə alan sistemin
yaradılmasını tələb edirdi. Beləliklə, FBT uşaq və gənclərin fəaliyyət dünyasını
geniş şəkildə əhatə etmək üçün hazırlandı. Bundan başqa, uşaqlıq və yeniyetməlik
dövrlərində fəaliyyət, əlillik və sağlamlıq vəziyyətlərinin təzahürləri böyüklərlə
müqayisədə öz təbiəti, intensivliyi və təsiri baxımından fərqlidir. Bu fərqlərlə yanaşı,
FBT-UG-də böyümə və inkişafla əlaqədar meydana çıxan dəyişiklikləri nəzərə
alınmışdır.
B. Fəlsəfi səbəb- Uşaq və gənclərin sağlamlığını və fəaliyyətini müəyyənləşdirən
təsnifatın BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası (2006) tərəfindən
müəyyənləşdirilən fundamental insan hüquqları ilə vəhdət təşkil etməsi fəlsəfi
nöqteyi-nəzərdən çox mühüm idi. FBT əsasında yaranan təsnifat olaraq, FBT-UG
fəaliyyət və sağlamlıq vəziyyətlərini kodlar formasında daha dəqiqliklə təsvir edir
ki, bu da daha kamil fəaliyyətdən xəbər verir. İctimai sağlamlıq üzrə çərçivənin
təşkili uşaqlıq dövründə əlilliyin aradan qaldırılması istiqamətində demoqrafik
yanaşmanın təmin edilməsinə əsaslanır. FBT-UG-nın bütöv məzmunu uşaq
hüquqları naminə qəbul edilən beynəlxaq konvensiya və bəyənnamələr ilə tam
uyğunluq təşkil edir. Beləliklə, FBT-UG tərkibindəki kateqoriya və kodların
sənədləşdirilməsi uşaq və gənclərin hüquqlarının təminatının bir sübutu kimi çıxış
edə bilər. FBT-UG uşaq və gənclərin sağlamlıq və fəaliyyət xüsusiyyətlərini qeydə
almaq məqsədilə həkimlər, təhsil işçiləri, siyasətçilər, ailə üzvləri, istehlakçılar və
tədqiqatçılar tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. FBT-UG körpəlik,
uşaqlıq və yeniyetməlik dövrlərində uşaq və gənclər üçün mühüm əhəmiyyət kəsb
edən bədən üzvlərinin funksiyaları, quruluşu, fəaliyyət və iştirak məhdudiyyətləri və
ətraf mühit amilləri kimi məsələlərin qeydə alınması üçün konseptual çərçivə,
ümumi dil və terminologiyanı təklif edir. FBT-UG uşaq və gənclərin sağlamlığı,
fəaliyyəti və inkişafını müəyyənləşdirmək və qeydə almaq məqsədilə müxtəlif
ölkələrdə, müxtəlif sahələrdə, dövlət sektorlarında istifadə oluna bilər.
2013-cu il “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası” təsdiq edildi. Hədəflərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil
təminatı aşağıdakı kimi nəzərdə tutulmuşdur:
1.2.4. xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim
proqramlarının hazırlanması;
2.5. xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə
inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması:
2.5.1. xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün
imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq
edilməsi;
2.5.2. məktəbəqədər və ümumi təhsil müəssisələri təhsil verənlərinin inklüziv
təhsili üzrə məqsədli əlavə təhsilinin təmin edilməsiAzərbaycan Respublikası
Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində
sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət
proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2017-ci ildə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq
imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”
təsdiq edilmişdir.
İnklüziv təhsilin pilot layihəsi Azərbaycan respublikasi təhsil nazirliyi BMT-
nin uşaq fondu (UNİCEF) 2014- cü il ibtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin
tətbiqi” layihəsi, 18 mart 2015-ci il Nərimanov rayonu 202, Xətai rayonu 138
nömrəli tam orta məktəblər, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Sabunçu
rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələr müəyyən ediliblər. Bu
müəssisələrdə loqopedik xidmət də yaradılıb. Layihənin fəaliyyət planının icrası və
koordinasiyası De-İnstitutlaşma və uşaqların müdafiəsi idarəsinə tapşırılıb.
Beynəlxalq təcrübə göstərir ki, inklüziv təhsilin təmələni “erkən müdaxilə”
təşkil edir. “Erkən müdaxilə” dedikdə uşağın inkişafdan geri qalmasının və geri
qalma riskinin erkən aşkarlanmsını, onun ailəsinə erkən ixtisaslaşmış psixoloji-tibbi-
pedaqoji, sosial yardımın göstərilməsi nəzərdə tutulur. “Erkən müdaxilənin” hədəf
qrupu yalnız uşaqlar deyil eyni zamanda valideynlərdir.
Suallar:
1. Müasir və qlobal tendensiyalar hansılardır?
2. Xüsusi təhsildən inklüziv təhsilə keçidi zəruri edən səbəbləri izah edin?
3. Beynəlxalq və Azərbaycana dair hüquqi sənədlər hansılardır?
4. Funksionallığa dair Beynəlxalq Təsnifat: uşaq və gənclər (FBT‒UG)
sənədinin yaradılması səbəbləri iə məqsədini zah edin.

Ədəbiyyat:
1. “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu
materialı. Avropa İttifaqı, Azərbaycan Təhsil Nazirliyi, UNİCEF, Regional İnkişaf
İctimai Birliyi. 2019.
2. İnklüziv siniflərdə təlimin təşkili. TİPİİ. Oxu materialı .Bakı – 2018

You might also like