You are on page 1of 2

Geologiya və Geofizika haqqında ümumi məlumat

Geologiya  yunan sözü olub geo-yer, logiya-elm deməkdir. Yer kürəsi haqqında
elm olmaqla geologiya yerin tərkibini, qurluşunu, tarixini yer qabığının formalaşması
proseslərini, yeri təşkil edən mineralları, süxurları onların mənbəyini və müxtəlif
faydalı qazıntıları öyrənən elmdir. Geologiya elmi bu məsələlərin hər birini müfəssəl
öyrənən ayrı-ayrı elm sahələrinə ayrılır. Bunlardan geokimya, palentalogiya, tarixi
geologiya, geomorfologiya, hidrogeologiya, neft-qaz mədən geologiyası, çöl
geologiyası, kristalloqrafiya, mineralogiya, petroqrafiya, tektonika, geofizika, və s.
göstərmək olar. Geokimya-yerin kimyəvi tərkibini, yer qabığında kimyəvi
elementlərin yayılmasını və yerdəyişməsini öyrənir. Palentalogiya - qazıntı
nəticəsində tapılan nəsli kəsilmiş ən qədim heyvan və bitkilərin tədqiqi ilə məşğul
olan elmdir. Tarixi geologiya - çökmə süxur qatlarında olan izlər əsasında yer
qabığının əmələgəlmə tarixini, geoloji keçmişdə baş vermiş hadisələri və onların
ardıcıllığını öyrənib bərpa etməklə məşğul olan elm sahəsidir. Geomorfologiya - yer
səthinin relyefini və onun inkişaf tarixini öyrənir. Hidrogeologiya - yeraltı suların
əmələ gəlməsini, yatım şəraitini, hərəkət qanunlarını, rejimini, ehtiyatını, fiziki və
kimyəvi xassələrini öyrənir. Neft-qaz mədən geologiyası - neft-qaz yataqlarının
axtarışı, kəşfiyyatı və işlənnməsi ilə məşğul olan elm sahəsidir. Çöl geologiyası -
yerin hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal
ehtiyatlarının müəyyən olunması və həmin sahənin birbaşa naturadan geoloji
xəritəyə köçürülməsi haqqında elmdir. Kristalloqrafiya - süxür kristallarını,
mineralogiya - mineralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini,
əmələgəlməsini, petroqrafiya - süxurların mineroloji, kimyəvi tərkibini, quruluşunu
örənən elm sahəsidir. Tektonika - yer qabığının quruluşunu, hərəkət və deformasiya
qanunauyğunluqlarını öyrənənir.

Geofizika yer qabığında baş verən fiziki prosesləri və bununla bağlı olan hadisələri
öyrənən bir elmdir. Geofiziki tədqiqatlardan alınan nəticələr, demək olar ki, geoloji
məsələlərin həllində birbaşa istifadə olunan və yerin dərin qatlarını, həmçinin daxili
quruluşunu öyrənənən yeganə məlumat mənbəyidir ki, yerin dərin qatlarına
girmədən oranı tədqiq etməyə imkan verir. Geofizika da iki istiqamətə ayrılır:
kəşfiyyat geofizikası və mədən geofizikası. Geofiziki kəşfiyyat üsulları yer qabığında
yaranan süni və təbii fiziki sahələrin öyrənilməsinə əsaslanmışdır.Geofiziki kəşfiyyat
üsulları yerdə öyrənilən fiziki sahələrin müxtəlifliyinə görə bir sıra üsullara bölünür.
Bunlar maqnit kəşfiyyatı, qravi kəşfiyyat, elektrik kəşfiyyatı, seysmik kəşfiyyat,
radioaktiv elementlərin kəşfiyyatı. Maqnit kəşfiyyatı - süxurlarda dəmir filizlərinin
yaratdığı maqnit sahələrini öyrənir. Qravimetrik kəşfiyyat üsulu - süxurlarn sıxlığına
əsaslanaraq Yerin müxtəlif nöqtələrində cismin sərbəstdüşmə təcilinin qiymətini
öyrənir. Elektrik kəşfiyyatı - süxurlardan elektrik cərəyanı keçdikdə orada baş verən
prosesləri öyrənir. Seysmik kəşfiyyat üsulu - süxurlarda elastik dalğaların yayılma
sürətini və xarakterini tədqiq edir. Radiometrik üsul - süxurlarda süni və təbii
radioaktivliyi təyin etməyə əsaslanır. Mədən geofizikası dərin quyularda quyuətrafı
sahələrin tədqiq olunmasında geofiziki tədqiqat üsulların aparılmasından ibarətdir.
Bunlar elektrik karotajı (standart karotaj, yan karotaj, induksiyon), radioaktiv karotaj
(qamma, neytron-qamma, impuls-neytron neytron) akustik (akustik və akustik
sementölçən) və digər(inklinometr,kavernometr və s.) üsullardan ibarətdir. Hazırda
geofizika elmi yer səthinin geoloji xəritəyə alınmasında, faydalı qazıntıların
axtarışında, hidrogeoloji, dağ mühəndis geoloji məsələlərin həllində geniş istifadə
olunur. Geofiziki üsullar vasitəsilə böyük ərazilər üçün yer qabığının qalınlığı və
quruluşu təyin olunur.

You might also like