You are on page 1of 16

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ

REFERAT

Fakültə: İqtisadiyyat və idarəetmə

Kurs: 1

Qrup: 623A

Tələbə: Niyazi İsmayılov

Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

Müəllim: Aytən Mövsümova

Mövzu: Azərbaycanda nitq mədəniyyətinin tarixi və Heydər Əliyevin nitq mədəniyyəti

Bakı-2023
Plan:
1. Nitq mədəniyyətinin məzmunu

2. Azərbaycan nitq mədəniyyətinin zəngin tarixi

3. Heydər Əliyevin nitq mədəniyyətinin inkişafında rolu


1. Nitq mədəniyyətinin məzmunu
Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik,
orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və
təcrübi tədbirlər kompleksidir. Nitq mədəniyyətinin əsas prinsipi ədəbi dilin şifahi nitqdə
orfoepik, yazılı nitqdə orfoqrafik, hər iki halda isə leksik, qrammatik və funksional üslub
normalarına riayət edilməsindən ibarətdir. Ədəbi dilin normaları müəyyən dövr üçün özünün
sabitliyi ilə seçilsə də, ümumən, dəyişkəndir. Müasir Azərbaycan ədəbi dilinin normaları, deyək
ki, “Dədə Qorqud”, Nəsimi, Füzuli, Vaqif, Cəlil Məmmədquluzadə dövrlərinin ədəbi
normalarından fərqlənir. Nitq mədəniyyətinin birinci şərti ədəbi dilin fonetik, leksik-semantik
və qrammatik normalarına riayət etməkdirsə, ikinci şərti funksional üslub tələblərini
gözləməkdir. Birinci halda dil təbii olaraq, ikinci halda isə ixtisaslaşma və ya peşəkarlıqla
mənimsənilir. Yəni insan dil açamağa başlayandan etibarən ümumişlək ədəbi dil modellərini
öyrənir, üslub diferensiallığı vərdişlərinə yiyələnmək isə xüsusi ünsiyyət mühitlərində baş verir.
Elə mühitlərdə ki, onların “dil”i ümumxalq dilindən o dərəcədə fərqlənir ki, eyni dil daxilində
intellektual səviyyədə ciddi “ixtisaslaşma” prosesinin getdiyi dərhal özünü göstərir: məsələn,
hüquqşünaslığın dili, diplomatiyanın dili, yazıçı dili və s. Məlum olduğu kimi, nitq həm şifahi,
həm də yazılı formada təzahür edir. Ancaq o da məlumdur ki, müasir dünya yazan dünyadan
daha çox, danışan dünyadır. Odur ki, əgər bir vaxtlar yazılı dil şifahi dilə əhəmiyyətli təsir
göstərirdisə, bizim dövrümüzdə əksinədir, yazılı dil xeyli dərəcədə şifahi dildən asılı olub ona
öz çevik ifadə texnologiyalarını diqtə edir.
Nitq mədəniyyəti baxımından şifahi dillə yazılı dil qarşısına qoyulan tələblər (birincisində
orfoepiyaya, ikincisində isə orfoqrafiyaya riayət etmək) zahirən fərqli olsa da, mahiyyətcə
ümumidir: hər iki halda tarixən müəyyənləşmiş ədəbi dil (nitq) normalarına əməl edilməsi
nəzərdə tutulur ki, həmin normalar da, əslində, tipologiyası etibarilə eyni mənşəlidir. Xatırlasaq
ki, Azərbaycan dilinin orfoqrafiyası, bir qayda olaraq tarixi-ənənəvi deyil, fonetik prinsipə
əsaslanır, onda aydın olar ki, dilimizin orfoqrafiyası ilə orfoepiyası arasındakı fərqlər bir sıra
dillərdəkindən (məsələn, ingilis dilindəkindən) müqayisə olunmayacaq qədər azdır. Nitqin
mədəni səviyyəsini müəyyən edərkən, artıq qeyd olunduğu kimi, ədəbi dilin normalarına əməl
etmək əsas tələbdir. Və bu tələb öz əksini “nitqin düzgünlüyü” anlayışında tapır.
Ancaq danışanın və ya yazanın xüsusi nitq istedadını göstərən ikinci bir anlayış da vardır
ki, bu, “nitqin ifadəliliyi”dir. “Düzgün nitq” cəmiyyətin hər bir mədəni üzvündən tələb
olunursa, “ifadəli nitq”, bir qayda olaraq, peşəkarlıq, yaxud sənətkarlıq hadisəsi kimi meydana
çıxır. Əlbəttə, nitq mədəniyyəti səs, söz, cümlə və funksional üslub texnologiyalarının və ya
aktlarının, nə qədər düzgün, nizamlı, harmonik olsa belə, formal, yaxud mexaniki yığımı
təsəvvürü yaratmamalıdır. Çünki o nitq mədəni nitq sayılır ki, onun əsasında bu və ya digər
dərəcədə mükəmməl təfəkkür mədəniyyəti dayanmış olsun... Ümumiyyətlə, insanın
təfəkküründə ağılla hissin vəhdəti nə qədər mühümdürsə, nitqində də informativliklə
ekspressivliyin və ya emotivliyin tənasübü o qədər əhəmiyyətlidir. Unutmaq olmaz ki, nitq
mədəniyyəti cəmiyyət-fərd münasibətlərinin sosial-psixoloji ritminin müəyyənləşməsinə bu gün
dünənkindən daha çox təsir göstərir. İnsan hüquq və azadlıqlarının miqyasca genişlənməsi,
ünsiyyət proseslərinin intensivləşməsi, qloballaşan dünyanın bir-birini əvəz edən ardıcıl (və
emosional!) “çağırışlar”ı “nitq mədəniyyəti” probleminə həm bir dil hüdudunda, həm də dillərin
beynəlxalq əlaqələri səviyyəsində yenidən baxmağı tələb edir.
2. Azərbaycan nitq mədəniyyətinin zəngin tarixi

Müasir Azərbaycan nitq mədəniyyəti, türk xalqları üçün ümumi olan qədim dövrləri nəzərə
almasaq, təxminən min beş yüz illik zəngin bir tarixin varisidir. Və bu tarixin mükəmməl
mənbələri göstərir ki, Azərbaycan insanı üçün gözəl, düzgün, ifadəli, təsirli dil həmişə yüksək
qiymətləndirilmiş dəyər, mənəvi kamilliyin ən mühüm göstəricilərindən biri olmuşdur.
Azərbaycan nitq mədəniyyəti tarixinin əsas yekunu bu gün Azərbaycan xalqına uğurlu xidmət
edən, istər fonetik, leksik-semantik və qrammatik quruluşca, istərsə də funksional üslub
imkanları baxımından mükəmməlliyi ilə seçilən Azərbaycan dilidir. Azərbaycan nitq
mədəniyyətinin ilk ən populyar örnəkləri, heç şübhəsiz, şifahi söz sənətidir. Nəğmələr, nağıllar,
dastanlar, lətifələr, atalar sözləri, tapmacalar, yanıltmaclar, ümumiyyətlə, Azərbaycan söz
sənətinin həm nəzmlə, həm də nəsrlə yaradılmış müxtəlif janrları xalqın dil təfəkkürünün ən
dərin qatlarına enməyə imkan verir. Azərbaycan folklorunun bu gün də canlı şəkildə yaşayan,
yaxud müxtəlif dövrlərdə yazıya alınmış nümunələri göstərir ki, təsirli ifadə texnologiya
axtarışları xalq yaradıcılığında ideya-məzmun mükəmməlliyi qədər əsas şərtdir. Azərbaycan
xalqının nitq mədəniyyətinə verdiyi böyük önəmin göstəricilərindən biri anaların beşik başında
dedikləri laylalardır. Laylaların özündə ehtiva etdiyi zəngin və son dərəcə səmimi dil uşağın
dünyaya gəldiyi ilk günlərdən onun nitq təlimi, tərbiyəsi üçün nə qədər əhəmiyyətli olduğunu,
görünür, xüsusi izah etməyə ehtiyac yoxdur. Öz-özlüyündən də məlumdur ki, məşhur təbirlə
desək, uşaq ana südü ilə bərabər ana dili ilə də qidalanmış olur. Və ana dili onun ruhuna,
varlığına hakim kəsilir.
Azərbaycan folkloru uşaq nitqinin təkmilləşməsinə xidmət edən praktik təcrübələr,
təlimlərlə zəngindir: düzgülər, yanıltmaclar, tapmacalar və s. bu cür çalışmaların janr
müxtəlifliyi, forma-üsul rəngarəngliyi barədə aydın təsəvvür yaradır.
Azərbaycan nitq mədəniyyətinin özünü bütün miqyası, imkanları və kütləviliyi ilə
göstərdiyi əsas folklor janrı nağıllardır. Xalq yaradıcılığının bütün başqa növləri kimi nağıllar da
ən qədim zamanlardan insan nəsilləri, insan cəmiyyəti ilə birlikdə inkişaf edərək cəmiyyət
quruluşunun dəyişməsilə quldarlıq və ya feodal mühitlərində mündərəcəsini dəyişə bilmişdir.
Lakin bu dəyişmə nə qədər dərin olur olsun keçmiş epoxalardakı ictimai əlaqələrin ayrı-ayrı
yönləri nağıla daxil olmuş, yeni-yeni ünsürlər ilə çulğalaşaraq bizə qədər gəlib çatmışdır.
Məsələn, nağılın içində, bir tərəfdən, şəhərdə inkişaf etmiş ticarət əlaqələri ilə yan-yana,
kənd yoxsullarının – rəncbərlərin mülkədar, padşah, vəzir və s. tərəfindən soyulması, qul
əməyinin istismarı və bunların arxasında sinifli cəmiyyətdən əvvəlki dövrləri andıran hadisələr
və mifoloji dünyagörüşlərinin bir nağıla toplandığı hallar da az deyildir. Nağıl danışan nağılı
anladığı, xatırladığı və zövqünə uyğun olduğu kimi söyləyir. Bu isə o deməkdir ki, bir tərəfdən,
nağılın özünəməxsus janr dili tipologiyası, yəni səciyyəvi ifadə formulları, modelləri mövcuddur
ki, hər bir nağıl danışan ona peşəkarlıq səviyyəsindən asılı olaraq bu və ya digər dərəcədə əməl
etməlidir, digər tərəfdən isə, nağılçının üslub sərbəstliyi heç də tamamilə məhdudlaşdırılmır.
Atalar sözləri də xalqın intellektual-fəlsəfi təfəkkürünün məhsulu olmaqla nitq
mədəniyyətinin özünəməxsus bir təzahür formasını və ya üsulunu təqdim edir:
Acın imanı olmaz, toxun gümanı.
Adam özü özünə eləyəni el yığışsa eyləməz.
Ağanın bir kəlmə sözü nökərə bir illik yoldu.
Bablı babını tapmasa, günü ah-vayla keçər.
Bulud altının günü, yaşmaq altının dili.
Tapmacalarda diqqət dilin leksik-semantik, yanıltmaclarda isə fonetik zənginliklərinin dərk
edilməsinə, mənimsənilməsinə verilir.Yalvarışlar Azərbaycan xalqının, ümumən türk xalqlarının
məişətində həmişə olduğu kimi bu gün də əhəmiyyətli yer tutmaqdadır. Xüsusilə müraciət
məqam larında yalvarışların geniş üslubi imkanlara malik olduğu özünü göstərir. Bu zaman
müraciət edən şəxsin müraciət olunan şəxsə konkret şəraitdəki münasibətinin ən müxtəlif
çalarları (məhəbbət, hörmət, ehtiram, nəvaziş, laqeydlik, ironiya və s.) təzahür edir; məsələn:
ağrın alım, ağrın ürəyimə, başına dolanım, başına dönüm, qabağında ölüm, qadan mənə gəlsin,
qurbanın olum, dərdin alım, evim-eşiyim (sənə qurban), yolunda ölüm, gözünə dönüm, ömrüm-
günüm (sənə qurban) və s.
“Dədə Qorqud” eposu Azərbaycan nitq mədəniyyəti tarixinin ilk ən möhtəşəm abidəsi olub
orta əsrlərin əvvəllərində Azərbaycan türklərinin olduqca zəngin nitq texnologiyaları barədə son
dərəcə geniş təsəvvür verir.“Dədə Qorqud” dastanlarının əlamətdar xüsusiyyətlərindən biri də
budur ki, dastanlar nəzm və nəsr birləşməsindən ibarət olmaqla bərabər, şifahi ədəbiyyatın
müxtəlif janrları ilə əlaqədar növlərini də qismən əhatə etmiş olur.
Buna görə də dastanlarda nəğmələr, bayatılar, atalar sözləri, tapmacalar, ağılar, nağıllar,
dastanın üzvi tərkib hissəsini təşkil edir. Əsaslı tədqiqatlar nəticəsində məlum olmuşdur ki,
“Dədə Qorqud” dastanları məhdud bir zaman daxilində birdən-birə yaradılmış dastanlar deyildir.
Bu dastanlar, ümumiyyətlə, türkdilli tayfalar xüsusən 22 tayfadan ibarət olan oğuzlar arasında
daha əvvəlki dövrlərdə dədələr, ozanlar tərəfindən qoşulub söylənilmiş, dillər əzbəri olaraq
nəsildən-nəslə keçib yayılmış dastanlardır. “Dədə Qorqud” dastanları nəsr və nəzm əsasında
qurulmuşdur, lakin dastanlarda nəsr aparıcıdır, nəzm isə əsasən əsərin qəhrəmanları arasında
qarşılıqlı söyləşməni və ozanların, Dədə Qorqudun nəğməli məsləhətlərini, çıxışlarını təşkil edir
ki, bunlar da əksərən “soy soylamaq” adlanır. Quruluşca bu növ mənzum söyləmələr, demək olar
ki, sərbəst nəzmdir, belə söyləmələrdə vəzn müntəzəm deyildir, qafiyələr və sözlərin
ahəngdarlığı aparıcı mahiyyətlidir. Əsərdə - bütün boylarda qısa, dəqiq cümlələr silsiləsi
əsasında hadisələr təsvir və nəql olunur.
“Dədə Qorqud” eposu Azərbaycan nitq mədəniyyəti tarixinin orta əsrlər dövrü üçün nə
qədər səciyyəvidirsə, “Koroğlu” eposu da orta əsrlərin sonu, yeni dövrün əvvəlləri üçün o qədər
səciyyəvidir. Və bu səciyyəvilik bir də onunla əlamətdardır ki, hər iki epos, tamamilə təbii
olaraq ümumxalq nitq təcrübəsinə əsaslanır. “Koroğlu”nun olduqca mükəmməl və mükəmməl
olduğu qədər də elastik strukturu vardır. Azərbaycan “Koroğlu”sunu toplayıb nəşr etdirən
A.Xodzko, H.Əlizadə, xüsusilə M.H.Təhmasib dastanın nə qədər mükəmməl şəkildə ortaya
çıxmasına çalışsalar da, bu cəhd nəticəsiz qalmışdır, çünki “Koroğlu”nun mövcud olmuş
süjetlərinin, yaxud qollarının hamısını bir yerə toplamaq, praktik olaraq qeyri-mümkündür.
XII-XIII əsrlərdə formalaşmağa başlayan Azərbaycan dilində mədəni nitqin yazılı
nümunələri müxtəlif cığırlar üzrə inkişaf etmişdir. Məlum olduğu kimi, başlanğıc mərhələsində
Azərbaycan yazılı ədəbi dili əsasən bədii üslub silsiləsindən ibarət olmus, həm də burada nəzm –
şeir dili əsas yer tutmuşdur. Lakin belə bir cəhəti də qeyd etmək lazımdır ki, bu mərhələnin
sonlarında nəsr dilinin də müəyyən nümunələri olmuş, xüsusən dini məzmunlu bədii və ya qeyri-
bədii əsərlərin Azərbaycan türkcəsinə nəsrən tərcümə edilməsi yazılı mədəni nitqimizin
formalaşıb inkişaf etməsinə müsbət təsir göstərmişdir. Lakin XV əsrə qədərki yazılı ədəbi dil
başlanğıcdan mənzum şeir dili olaraq əsasən 2 üslubda formalaşıb inkişaf etmişdir:
1.Klassik şeir – qəzəl üslubu
2.Dini təbliği və fəlsəfi şeir üslubu
Azərbaycan nitq mədəniyyətinin ən parlaq, xüsusi üslubi-ideoloji məzmun nümayiş etdirən
tarixi təzahürlərindən biri Nəsiminin dilidir. Nəsiminin olduqca enerjili, üsyankar poetik “mən”i
vardır. Və nəinki Azərbaycan, ümumən türk xalqları (bəlkə də, dünya!) poeziyasında bu qədər
parlaq, həcmli, dərin (ilahi!) məzmunlu ikinci bir şair “mən”i olduğunu təsəvvür etmək çox
çətindir. Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması dövrünün ilk
mərhələsini (XIV-XV) Nəsiminin yaradıcılığı tamamlayır. Nəsiminin dili XIV-XV əsr
Azərbaycan ədəbi dilinin parlaq bir nümunəsidir. Nəsimin dilində ərəb-fars sözləri işlənsə də ana
dili elementləri daha çox üstünlük təşkil edir. Şairin dilini səciyyələndirən ən məqbul və milli
baxımdan ən vacib məsələ dilində hər bir sözün, qrammatik formanın poetikləşdirilməsidir. Ana
dili vahidləri şairin qələmində üslubi vasitə olaraq onun poeziyasının ekspressiv-emosional ifadə
vasitəsinə çevrilir. Bu əsrlərdə Azərbaycan dilinin lüğət tərkibi üçün xarakterik əlamətlərdən biri
leksik paralellikdən ibarətdir. Nəsimi əsərlərində ərəbcə, farsca, azərbaycanca həmməna sözlərin
müvazi işlənməsi daha çox bədii üslubun müəyyən xüsusiyyətləti ilə vəzn, qafiyə, təşbeh silsiləsi
və s. ilə üzvi surətdə əlaqədardır. Bəzən isə Nəsimi bir misra və ya bir beyt daxilində
azərbaycanca, ərəbcə və ya farsca həmməna sözləri yanaşı işlətmişdir ki, bununla da o, bir
sözün, xüsusən məcazi mənasını ikinci həmməna sözlə düzgün anlatmaq istəmişdir.
XVI əsrdə Şah İsmayıl Xətainin başçılıq etdiyi Səfəvilər dövləti zamanından başlayaraq
Azərbaycan dilinin mövqeyi, nüfuz dairəsi daha da genişlənməyə başladı və Azərbaycan ədəbi
dili dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənən rəsmi dillər sırasında yer tutdu. Bu
dövrdə Azərbaycan dilində bədii əsərlərin yazılması ümumi hal oldu, farsca, ərəbcə yazmaq isə
getdikcə məhdudlaşdı. Elə bunun nəticəsidir ki, XVI əsrdən , xüsusən Xətainin dövründə mədəni
nitqin, başqa sözlə ədəbi dilimizin üslublarında bir sıra yeniliklər baş vermişdir.
Başlanğıc mərhələsində formalaşan dini fəlsəfi şeir üslubunda nəzərə çarpacaq dərəcədə
xalq şeirinin – folklorun təsiri artır. Füzuli Azərbaycan nitq mədəniyyətinin tarixində elə bir
klassik səviyyədir ki, ondan sonrakı əsrlərin ən böyük söz ustaları həmişə bu səviyyəyə
yüksəlməyə can atmışlar. Füzulinin nitq mədəniyyəti sahəsində qüdrəti ondadır ki, onun dili, bir
tərəfdən, xalq dilinə dayanır, digər tərəfdən isə, klassik ifadə normalılığı tələblərinə tam
mükəmməlliyilə cavab verir. Füzulinin şeir dilində Azərbaycan danışıq dilinin elə bir ifadə
nüansı yoxdur ki, müşahidə olunmasın: müraciətlər, suallar, cavablar, nidalar, ədatlar, ara sözləri
və s.
XVII-XVIII əsrlər Azərbaycan nitq mədəniyyətinə, xüsusilə yazı dilinə realizm, xəlqilik,
kütləviliklə müşayiət olunan yeni texnologiyalar gətirdi ki, bu proses XX əsrin əvvəllərinə qədər
müəyyən tərəddüdlərlə, lakin ümumən yüksələn xətlə inkişaf edib genişləndi. Azərbaycan nitq
mədəniyyətinin tarixində Vaqif ilk növbədə onunla fərqlənir ki, o, Füzuli səviyyəsinə yüksəlmiş
klassik nitq model-standartları qarşısına canlı xalq danışıq dili texnologiyaları ilə çıxmaqla yeni
nitq-ünsiyyət zövqü müəyyənləşdirdi. Və bu zövq müasir Azərbaycan nitq mədəniyyətinin
əsaslarından birini təşkil edir.
Vaqifin yaradıcılığı bütövlükdə XVIII əsrin ikinci yarısına düşür. Şair yarım əsr yazıb
yaratmış, bununla belə, Məhəmməd bəy Cavanşir tərəfindən evi talan olunduğundan əsərlərinin
müəyyən hissəsi məhv edilmişdir; ona görə də Vaqifin üslubu bir qədər məhdud kontekstdə
öyrənilir... Lakin keyfiyyətcə mövcud material şairin yaradıcılığının istiqamətini müəyyən etməyə
imkan verir. Ümumiyyətlə, Vaqif dilinin milli xarakterini demokratizmlə bərabər, məhəlliçilikdən
uzaqlıq təşkil edir. Həsənoğlu-Nəsimi-Füzuli xətti ilə gələn klassik üslubun obrazları Vaqifdə
folklor üslubunun materialı olur; klassik üsluba qarşı süni olaraq cəbhə açılmır; o ifadələr ki,
klassik üslubda xalq ruhunun faktıdır, folklor üslubuna da köçürülür, nəticədə, folklor üslubu milli
ədəbi-bədii dili bütövlükdə təmsil etmək iddiasına malik olur.
Azərbaycan nitq mədəniyyətinin inkişafında Mirzə Fətəli Axundzadənin xidmətləri yalnız
praktik baxımdan deyil, elmi-nəzəri mükəmməlliyinə və xüsusilə yeni dövrün tələblərinə həm
bütün miqyası, həm də dərinliyilə cavab verdiyinə görə də tarixidir. Mirzə Fətəli özünün
dünyagörüşü, dil təfəkkürünün xarakteri etibarilə demokrat idi. Onun demokratizmi, ilk növbədə,
Avropa sivilizasiyasına əsaslandığından Qərbə məxsus mədəni dəyərlərin Şərqdə geniş təbliğinə
çalışırdı ki, burada dillə, nitq mədəniyyətilə bağlı məsələlər xüsusi yer tutur. Böyük mütəfəkkir
əmin idi ki, ərəb əlifbası türk dillərinin fonetik quruluşuna uyğun deyil. Ona görə də əvvəl bu
əlifbanın islahına və ya təkmilləşdirilməsinə cəhd etmiş, sonralar isə ondan ümumiyyətlə imtina
eləmək qərarına gəlmişdi.
3. Heydər Əliyevin nitq mədəniyyətinin inkişafında rolu

Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz
(H. Əliyev)
Azərbaycan xalqı dövlət müstəqilliyi əldə etdikdən sonra ölkədə Azərbaycan dilinin sosial-
siyasi, mədəni mövqeyinin güclənməsi, təbii ki, nitq mədəniyyətinin yüksəlişinə hər cür şərait
yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü ( və
rəhbərliyi ) ilə qəbul edilən bir sıra rəsmi sənədlər ulu öndərin bu məsələyə nə qədər böyük
önəm verdiyini göstərir.
Azərbaycan nitq mədəniyyəti uzun əsrlərin zəngin ənənələrinə əsaslanmaqla XX əsrdə
sürətlə inkişaf etmiş, dövlət müstəqilliyinin ilk illərindən etibarən daha geniş miqyas ( və
imkanlar) qazanmışdır. XX əsrin ortalarına doğru artıq Azərbaycan ədəbi dilinin bədii üslubu ilə
yanaşı kifayət qədər mükəmməl elmi, publisistik və rəsmi-işgüzar üslubları formalaşır.
Azərbaycanda milli dildə orta, eləcə də ali məktəblərin açılması, mətbuatın nəşri, dövlət
idarələrində Azərbaycan dilinin az və ya çox dərəcədə işlənməsi, ziyalı kontingentinin
genişlənməsi və s. bu cür funksional üslub diferensiasiyası üçün şərt olur. Doğrudur, sovet
dövləti möhkəmləndikcə ümumən “sovet xalqları”nın hamısının dilləri rus dilinin dağıdıcı
təzyiqinə məruz qalmağa, “yerlər”də rusdilli “ziyalılar” yetişdirilməyə başlanır. Lakin xalqın
içərisindən çıxmış milli ziyalılar həmin ruslaşdırma diplomatiyasına qarşı ciddi mübarizə
aparırlar. Azərbaycanda bu cür ziyalılar çox olmuşdur ki, onlardan ən məşhuru Bəxtiyar
Vahabzadə idi. Böyük şair, mütəfəkkir, ictimai-siyasi xadim Bəxtiyar Vahabzadə ana dilinin
təbii-tarixi hüquqlarının məhdudlaşdırılmasına qarşı on illər boyu cəsarətlə mübarizə aparmışdır.
O, “doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar”ın artdığı illərdə ana dilinə müraciətən
yazırdı:
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqının aldığı ilk nəfəsdən yarandın...
XX əsrin 50-ci, 60-cı illərindən fərqli olaraq 70-ci illərində ana dilinə qayğı, onun
hüquqlarının müdafiə edilməsi özünü daha ardıcıl, daha məqsədyönlü şəkildə göstərir-
Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində
Azərbaycan dili, həqiqətən, dövlət dili səviyyəsinə yüksəlməyə başlayır. Azərbaycan
Respublikası ali təhsilinin bayraqdarı olan Azərbaycan ( indiki Bakı) Dövlət Universitetinin 50
illik yubileyində azərbaycanca çıxış edən respublika rəhbərinin bu qeyri-adi təşəbbüsü, eləcə də
anadilli təhsilin, ədəbiyyatın, elmin inkişafı üçün yaratdığı şərait xalqın taleyi baxımından hər
cür təqdirə layiq idi.
Heç şübhəsiz, ümummilli liderin-müasir Azərbaycan dövlətçiliyinin banisinin müstəqillik
dövründə dövlət dilinin yüksəlişi sahəsində gördüyü işlər ciddi tarixi əsaslara malikdir.
Biz xüsusilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci
il tarixli fərmanını nəzərdə tuturuq... Etiraf etmək lazımdır ki, Azərbyacan dilinin tarixində hələ
ona ( Azərbaycan dilinə) bu səviyyədə qiymət verən ikinci bir rəsmi sənəd olmamasıdır. Eyni
zamanda Azərbaycan dilinin tarixi əsasları barədə heç bir elmi mənbədə bu qədər mükəmməl
təsəvvür yaradılmamış, inkişaf problemləri haqqında bu qədər sistemli şəkildə bəhs
edilməmişdir.
Əlbəttə, rəsmi dövlət sənədində bu və ya digər orijinal elmi konsepsiyanın irəli sürülməsi
qeyri-adi hadisədir. Bununla belə, həmin”qeyri-adiliy”i ən azı aşağıdakı səbəblərə görə qəbul
etmək lazım gəlir:
1) Azərbaycan dilinin ( və xalqının) mənşəyi barəsində bir neçə on il ki, davam edən
mübahisələri yekunlaşdırmaq, tarixi faktların ( və sağlam tarixi düşüncənin) mövqeyindən əsaslı
bir konsepsiya vermək artıq yalnız elmi deyil, həm də milli, ictimai-siyasi bir zərurət idi;
2) Azərbaycan dilinin dövlər dili kimi yaşamaq, daha da inkişaf etmək üçün etnososial,
mədəni-mənəvi potensialının olmasını göstərmək məqsədilə tarixdən, daha dərin köklərdən
gəlməyə ehtiyac duyulmuşdu;
3) Haqqında söhbət gedən fərman bir dövlət sənədi olaraq bütövlükdə Azərbaycan
dövlətinin ( və xalqının) marağını əks etdirsə də, həmin dövləti yaradan, həmin xalqı işıqlı
gələcəyə aparan bir mütəfəkkirin düşüncəsinin məhsulu olduğuna (və konseptual səciyyə
daşıdığına) görə xüsusi elmi- metodoloji mövqe ifadə edə bilərdi.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda irıli sürülmüş ideyalar
içərisində aşağıdakılar diqqəti daha çox cəlb edir:
1) Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması;
2) Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.
Dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi-ideoloji vəzifələrindən, əsas milli-
tarixi maraqlarından biridir. Bu baxımdan müstəqil Azərbaycan dövləti də istisna təşkil etmir...
Fərmanda deyilir:
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi
dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit
zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq
və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur.
Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün
yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir. Bütün
xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca
amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun
taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun
milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş
zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona
görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan
övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq
borcudur”.
Fərmanda Azərbaycan dilinin (və onun nitq mədəniyyətinin) zəngin tarixinə ən qədim
köklərinə və ya genetik mənbələrinə nəzər yetirilir:
“Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi
ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül
tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir.
Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin
tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma
vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə
başlamışdı. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri - dastanlar, nağıllar, bayatılar,
laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərurətini
yaratmışdır. Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili
əsasında təşəkkül tapmışdır.
Qabaqcıl ədib və ziyalılarımızın ana dilimizin inkişafı və saflığı uğrunda uzun illər
apardıqları gərgin mübarizə xalqımızın ümummilli lideri H.Əliyevin siyası hakimiyyəti dövrün-
də layiqli qiymətini aldı və özünün kamillik dövrünə qədəm qoydu. Azərbaycanın siyasi-mədəni
fikir tarixində görkəmli rolu olan H.Əliyev ədəbiyyatımızın və dilimizin inkişaf edib
zənginləşməsində də xüsusi xidmət göstərmişdir.
Sovetlər dönəmində kommunist məfkurəsi sözdə beynəlmiləlçi olsa da, əməldə sovet
xalqlarının dillərinə eyni münasibət yox idi. Dövlət və partiya orqanlarında, orduda bütün sənəd-
ləşəmə və ünsiyyət ancaq rus dilində aparılırdı. Rəsmi dövlət adamları məclislərdə yalnız rusca
danışırdılar. O zamanlar siyasi hakimiyyətdə olan xalqımızın ümummilli lideri H.Əliyev
“Mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilən
Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsinə
müyəssər oldu. Belə bir addımın atılması həmin dövr üçün olduqca təqdirəlayiq və qətiyyətli bir
iş idi.
Ulu öndər 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələndən sonra digər sahələrdə olduğu
kimi 1969-cu ildən başladığı işi daha mükəmməl səviyyədə və mütəşəkkil qaydada davam etdirdi.
Dil, cəmiyyətlə bir vaxtda yarandığından onun inkişafı da cəmiyyətin inkişafı ilə əlaqədardır.
Cəmiyyətdə baş verən hadisələr – elmi-texniki və mədəni tərəqqi dilin inkişafında mühüm rol
oynayır.
Demokratik Azərbaycan cəmiyyətinin yaranması, inkişafı və onun formalaşmasında
mütərəqqi rol oynayan Ulu Öndərimiz Azərbaycan dilini də müstəqil inkişaf yoluna çıxartdı,
onun çiçəklənməsinə və qol-qanad açmasına lazım olan bütün imkanları yaratdı.
1. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiyamızda dövlət dili kimi
Azərbaycan dili adı işlədildi. (21. maddə).
2. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
fərman verildi.
3. 2001-ci ilin avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün
təsis edilməsi haqqında” fərman verildi.
4. 2002-ci ilin sentyabrın 30-da 3 fəsil, 20 maddədən ibarət “Dövlət dili haqqında”
qanun qəbul edildi.
5. 2003-cü il yanvarın 2-də isə “Azərbaycan Respublikasında Dövlət dili haqqında”
fərman imzalandı.
Dili xalqın bütün yaddaşını və tarixi təcrübəsini özündə birləşdirən bir xəzinə adlandıran
ümummilli liderimiz gənclərə üz tutaraq: “Bizim çox gözəl, zəngin və cazibədar dilimiz var. Hər
bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir.
Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan
qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən, eyni zamanda başqa
dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə
dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”, - deyərək ana
dilini sevməyin, onun təəssübünü çəkməyin ən müqəddəs vəzifə olması fikrini bir daha
vurğulayırdı.
Müasir müstəqil Azərbaycan Respublikasının memarı H.Əliyevin dil siyasətinin tərkib
hissəsindən biri olan əlifba məsələsi də xüsusi yer tutur. Ulu Öndərimiz əlifba məsələsində savad
işində, təhsildə, Azərbaycan dilinin tətbiqinin genişləndirilməsində rol və əhəmiyyətini nəzərə
alaraq “Latın qrafikasının bərpa olunması barədə” fərman verdi. Fərmanın qərar hissəsində
ciddi tələblər irəli sürülür və göstərilir ki, ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal,
bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər
bütövlükdə latın qrafikasına keçirilməsi təmin edilsin.
Ümummilli liderimizin ölkəmizin daxili və xarici siyasətinin müəyyənləşdirilməsi,
formalaşması və inkişafı yolunda atdığı mühüm addımlar, gördüyü fundamental və kompleks
işlər Cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ana dilimiz
dövlət başçımızın daimi qayğısı və diqqəti nəticəsində inkişaf edərək, zənginləşərək günü-
gündən çiçəklənməkdə davam edir.
NƏTİCƏ
Nitq mədəniyyəti təkcə nəzəri fənn deyildir, bu, dil siyasətidir, dil normalarının təbliğidir.
Bu işdə linqvistlərlə birlikdə müəllimlər, yazıçılar, digər sahələrdə çalışan ziyalılar əhəmiyyətli
rol oynamalıdırlar. Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqram
haqqında” 2012-ci il mayın 23-də imzaladığı sərəncamında dövlətçiliyimizin başlıca
rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə
dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək baxımından son
dərəcə mühüm bir sənəddir. Sərəncamda qeyd olunur: “Ölkəmizin zaman-zaman müxtəlif
imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır
vaxtlarda belə milli məfkurənin, milli şüar və milli-mədəni dəyərlərin layiqincəyaşamasını və
inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil
Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”. Sərəncam nitq mədəniyyəti
məsələlərinə də diqqətin artırılması, bu sahədə aparılacaq işin məzmunca genişlənməsi,
keyfiyyətcə yaxşılaşması üçün yetərincə əhəmiyyətli, faydalıdır. Son illərdə nitq mədəniyyəti
ayrıca fənn kimi bir sıra ali məktəblərin bakalavr pilləsi üzrə tədris planına salınmış, bu sahədə
proqramlar tərtib olunmuş, dərslik və dərs vəsaitləri yazılmışdır. B.Muradov və H.Bayramovun
“Nitq mədəniyyəti” (Bakı, 2008) və S.Hüseynovun “Nitq mədəniyyəti” (Bakı, 2011) adlı
dərslikləri buna nümunədir. Hər iki dərslik nitq mədəniyyəti məsələlərinin həm nəzəri, həm də
praktik yönümdə öyrənilməsi baxımından yararlıdır. Nitq mədəniyyətindən, dilimizin qorunması
məsələsindən söhbət düşəndə, adətən kütləvi informasiya vasitələrinin – radio, televiziya
verilişləri, qəzet və jurnalların və s. dili önə çəkilir ki, bunu da təbii saymaq olar, ona görə ki, bu
vasitələr ədəbi dilimizin təbliğatçıları, yayıcıları, tənzimediciləri, qoruyucularıdır. Yekun olaraq
deyə bilərik ki, nitq mədəniyyəti probleminin tədqiqi və təbliği sahəsində xeyli işlər görülmüş,
səmərəli nəticələr əldə edilmişdir. Lakin görüləsi işlər daha böyükdür. Ədəbi dil normalarının –
(fonetik, leksik, orfoqrafik, orfoepik, üslub normalarının) dəqiqləşdirilməsinə,
dürüstləşdirilməsinə, bu əsasda zəruri dəyişikliklərin aparılmasına ehtiyac vardır. Nitq
mədəniyyətinin mərkəzi mövzusu olan üslubi normaların elmi cəhətdən əsaslı və ətraflı, ədəbi
dildə gedən son inkişaf meyillərinə uyğun tədqiq olunması lazımdır, vacibdir.
İstifadə olunmuş ədəbiyyat siyahısı

1. Abbasov Ədalət. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı: “Ecoprint”, 2016.


256 s.
2. Abdullayev Nadir. “Nitq mədəniyyətinin əsasları”, Dərs vəsaiti. Bakı, 2013
3. Cəfərov Nizami. “Azərbaycan nitq mədəniyyəti” Bakı: “Şərq-Qərb”, 2018,
304 s.
4. Hüseynov Süleyman. Nitq mədəniyyəti, Bakı: “Yazıçı” nəşriyyatı, 2010, 240 s.
5. Qurbanov Afad. Ümumi dilçilik. Bakı: “Elm” nəşriyyatı, 2011, 532 s.

You might also like