You are on page 1of 4

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universiteti

Tələbə: Rüstəmli Orxan

Magistr: 1-ci kurs

Qrup: AQ022

Fənn: Dastanın epik əsasları

Mövzu: Dastan janrının ideya-bədii özünə məxsusluğu


Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının
növlərindən biridir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri
olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə
bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi
bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur
və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür:
qəhrəmanlıq dastanları, məhəbbət dastanları.

Epik növün həcm etibarilə ən böyük janrı dastandır. Azərbaycan şifahi xalq
ənənəsində dastan termini yoxdur. Janrın adı kimi bu termin mütəxəssislər tərəfindən verilib.
Şifahi xalq ənənəsində bu janr sadəcə nağıl adlanır. “Abbas və Gülgəz” dastanına Abbasın
nağılı, “Qurbani” dastanına Qurbanın nağılı deyirlər. Dastanla nağılı fərqləndirmək üçün
aşıqlar ikinciyə “qara nağıl” deyirlər. Başqa türk xalqlarında dastan janrı fərqli adlarla
tanınır: saxalar (yakut) olonxo, altaylılar kay, xakaslar xay, nımax (alıptıx nımax), kazaklar,
qırğızlar jomok adlandırırlar.

Dastanlar epik formasiya baxımından, yəni yaranma dövrünə görə iki yerə bölünür:
arxaik dastanlar və klassik dastanlar. Arxaik dastanlara mifoloji eposda deyilir. Belə
dastanların qəhrəmanı və ya qəhrəmanları tanrılar, mədəni-yaradıcı qəhrəmanlar və ya
yarımtanrılardır. Bu dastanlarda epik hadisələr mifoloji fonda baş verir. Qəhrəman demonik
və ya mifoloji varlıqlarla mübarizə aparır. Arxaik dastanlardan fərqli olaraq klassik
dastanlarda epik hadisələr konkret tarixi zamanda və konkret coğrafiyada baş verir. Klassik
dastanların qəhrəmanı gerçək bahadırdır və o öz xalqını konkret tarixi düşmənlərdən qoruyur
və ya öz xalqının mənafeyi naminə hər hansı bir xalqa mənsub düşmənlərlə mübarizə aparır.
Oğuznamələrin yaradıcıları və ifaçıları ozan və ya ozançı adlanan epik söyləyicilər
olmuşdur. Oğuznamə söyləyən ozanlar haqqında böyük Azərbaycan şairi Nizami
Gəncəvidən başlayaraq orta əsrlərin müxtəlif tipli qaynaqlarında məlumatlar var. Bununla
yanaşı, Oğuznamə ifaçısının adı, həm Azərbaycan, həm Anadolu türkləri, həm də
başqırdların yaddaşında bu günə qədər yaşamaqdadır. Bu məlumatlardan bəlli olur ki,
ozanlar böyük bir coğrafi məkanda el şənliklərində, orduda və sarayda Oğuznamə söyləmiş
və özlərinin maddi ehtiyaclarını da Oğuznamə ifaçılığı sənəti ilə ödəmişlər. Ən yaxşı
Oğuznamə ifaçılarına “alb ozan” deyilmişdir

Bu gün ozanlar yoxdur və Oğuznamələr də epik dövriyyədən çıxaraq unudulmuşdur.


Biz Oğuznamələrlə XIII-XVII əsrlər arasında və XX əsrə gəlib çatmış bəzi mətnlər
əsasında tanış oluruq. Bu mətnlər olmasaydı, Oğuznamə kimi böyük epik yaradıcılıq hadisəsi
haqqında biliklərə sahib olmayacaqdıq. Yazıya alınmış mətnlər isə müxtəlif şəkildədir. Bu
mətnlər gah tarix (Məsələn, Rəşidəddin və Əbülqazi mətnləri), gah ərəb əlifbasının sırası ilə
verilmiş atalar sözləri, (“Əmsali-Məhəmmədəli”), gah sintaktik paralelizmlər şəklində
verilən atalar sözləri və öygülər (“Hazih-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-
Atalar sözü”), gah da qəhrəmanlıq dastanları (“Kitabi-Dədə Qorqud”) şəklində qarşımıza
çıxır. Bu hal oğuznamələrin hansı şəkildə olması sualını qarşıya çıxarır. Bu sualın cavabı
yazıya alınmış oğuznamələrin necə mətnləşdirilməsi məsələsinə də aydınlıq gətirir. Yazılı
ədəbiyyatdan fərqli olaraq epik mətnin poetik forması onun ifasından təcrid olunmuş şəkildə
öyrənilə bilməz. Çünki poetik forma çalğı ilə ifadə olunan hava və səs kimi komponentlərlə
sinxron şəkildə auditoriyaya çatdırılır. “Dədə Qorqud” dastanlarının qopuz adlanan musiqi
alətinin müşayiəti ilə ifası bəllidir. Boylarda qopuz alça, qolca, quruluca epitetləri ilə təqdim
olunur və Dədə Qorquda məxsus olduğu üçün müqəddəs tutulur. Bununla yanaşı, boyların
qəhrəmanları soylamaları qopuz çalğısı ilə söyləyirlər. Dədə Qorqudun oğuznamə yaratması
da qopuzla müşayiət olunur. Əbdülqadir Marağalı ozan qopuzu deyə yad etdiyi musiqi
alətinin üçtelli və çanağının bütün simli musiqi alətlərindən böyük olduğunu söyləyir.

“Koroğlu” dastanı öz möhtəşəmliyi, düşüncə tipi, spesifikası ilə “Kitabi-Dədə


Qorqud”dan sonrakı mərhələnin əsas epik hadisəsidir. Həm “Kitabi-Dədə Qorqud”, həm də
“Koroğlu” öz möhtəşəmliyi ilə etnosun ruhunu, milli varlığını, bahadırlıq düşüncəsini ifadə
edir. “Koroğlu” yeni şəraitdə Azərbaycan sazının möcüzəsidir. Xalqın qəhrəmanlığının,
vətən, yurd sevgisinin, amal və ideallarının, apardığı mücadilənin məqsəd və məramının
dastanlaşmış bədii ifadəsidir. XIX əsrin 30-40-cı illərindən bu dastan müxtəlif vaxtlarda
ayrı-ayrı folklorşünaslar, ədəbiyyat həvəskarları, toplayıcılar tərəfindən ictimaiyyətə
çatdırılmışdır. XVII-XVIII əsrə aid olan cünglərdə də dastanın ayrı-ayrı parçalarına rast
gəlinir. Məsələn, E.Müşeqin “Nəğmələr kitabında” (7şeir), Ə.Qaracadağinin “Şeirlər
məcmuəsi”ndə çoxsaylı (20 şeir) nümunələrin verilməsi, XIX əsrin 30-cu illərindən başlanan
nəşr prosesinin daha sonrakı mərhələlərdə A.Xodzko, S.Penni, J.Sand tərəfindən davamı
buna nümunədir. Elə həmin vaxtlardan da dastanın öyrənilməsi başlayır. İ.Münşinin,
H.Rumlunun, Ö.Çələbinin XVI əsrin sonu XVII əsrin əvvəllərindən başlayan kəndli
üsyanları barədə verdiyi məlumatlar bu və ya digər şəkildə “Koroğlu” dastanı ilə bağlanır.
Artıq folklorşünaslıqda “Koroğlu” haqqında ayrıca elmi istiqamət-koroğluşünaslıq
formalaşmışdır. İ.Şopen “Koroğlu” süjetlərinin ilk toplayıcısı kimi koroğluşünaslığın tarixinə
adını yazmışdır. Onun hazırladığı mətn üç qoldan (“Alı kişi” və “Həmzənin Qıratı
aparması”, “Bayazid səfəri” (bir parça)) ibarətdir. Aşıq Ömərdən toplanmışdır. İ.Şopen
Koroğlunu kasıbların, məzlumların pənahı və Çənlibeli mərdliklə qoruyan yenilməz
qəhrəman kimi göstərir. Düzdür, burada müəyyən əlavələr, yerində olmayan elə artırmalar
vardır ki, onlar folklor mətnşünaslığı baxımından qəbul olunmazdır. Hətta bir yerdə İ.Şopen
özü vurğulayır ki, son epizod mənim ixtiramdır. V.V.Jirmunski, B.Karrıyev, H.Zarifov,
M.H.Təhmasib, P.Əfəndiyev və başqaları həmin mətnin geniş şərhini verərək ona özlərinin
elmi münasibətlərini bildirmişlər. Dastanın sonrakı nəşri XIX əsrin 30-cu illərində Gilanda
rus konsulu olmuş A.Xodzko ilə bağlıdır. O, “Koroğlu”nun 13 qolunu toplayıb kitabça
şəklində 1842-ci ildə ingilis dilində Londonda nəşr etdirmişdir. Orijinalı Paris Milli
Kitabxanasında saxlanan əlyazmanın nəsr hissəsi fars, nəzm hissəsi Azərbaycan dilindədir.
Orada Koroğlu təkcə qəhrəman kimi deyil, həm də bir aşıq, şair kimi təqdim edilir və xüsusi
olaraq vurğulanır ki, o, tarixi şəxsiyyət və istedadlı aşıqdır, nəğmələri aşıqlar tərəfindən ifa
olunur, qoşmaları dağ çeşməsinin büllur fəvvarələri kimi safdır. Göründüyü kimi, dastan hələ
XIX əsrin əvvəllərindən Avropa elmi - nəzəri fikrinin marağına səbəb olmuş və müxtəlif
istiqamətli təhlillərə şərait yaratmışdır.

Şərq xalqları arasında “Koroğlu” dastanı qədər geniş yayılmış bəlkə də ikinci bir
dastan yoxdur. Qafqaz, Kiçik Asiya və Orta Asiya xalqları bu qəhrəmanlıqdan ilhamlanaraq
özlərinin “Koroğlu”sunu yaratmaq yolunu tutmuşlar. Bütün mövcud “koroğlu”lar üçün
başlanğıc Azərbaycan xalqının yaratdığı “Koroğlu”dur. Bu məsələ ilə bağlı folklorşünaslıqda
müxtəlif səpkili yazılar özünə yer almaqdadır. Akademik A.N.Samoyloviçin “Dədə Qorqud
və Koroğlu haqqında əfsanələr” məqaləsində bu baxımdan maraqlı elmi mülahizələrə rast
gəlinir: “Koroğlu – yəni kor kişinin oğlu, bu ad çox-çox qədimdir. Bunun yayılması ilə
əlaqədar olaraq Goroğlu - yəni bir qəbir oğlu sonradan meydana gəlmişdir”. Fransız yazıçısı
Jorj Sand Koroğludan tarixi şəxsiyyət kimi söhbət açır, “qılınc kimi möcüzələr yaradan
mahnılarına, sazına” heyran qaldığını bildirir: “Koroğlu idealdır, kamillik nümunəsidir. Onun
hünərləri haqqında rəvayətlər Mərkəzi Asiyadan tutmuş Fərat çayına qədər ağızdan-ağıza
gəzir”. Bunlar Azərbaycan “Koroğlu”sunun əsasında yürüdülən mülahizələrdir və bir növ
onun yayılma xəritəsini özündə ehtiva edir.

You might also like