You are on page 1of 6

*** HÜQUQUN MƏNBƏLƏRİ ***

Mənbə Məfhumu:

MƏQSƏD: 1. Hüquq mənbəyi dedikdə, nəyin ifadə edilmək istəndiyini ortaya qoya bilmək.

Ümumiyyətlə, “mənbə” kəlməsi bir şeyin ilk dəfə meydana gəldiyi, yarandığı yeri ifadə edər. Bu
mənada hüququn mənbəyi dedikdə də hüquq qaydalarının haradan və necə neydana gəldiyini,
yarandığını başa düşmək lazımdır. Ancaq hüququn mənbələri dedikdə, eyni zamanda hüquq
qaydalarının hansı şəkillərdə göründükləri də nəzərdə tutulur. Buradan da görünür ki, hüquq
mənbələri termini bir-birindən fərqli iki mənada istifadə edilir. Həqiqətən də, hüquq qaydalarının
necə, hansı şəkildə və haradan meydana gəldiklərini ifadə edən mənbələrə “hüququ meydana
gətirən mənbələr“ və ya “hüququ yaradan mənbələr” deyilir. İkinci mənada, yəni hüquq
qaydalarının hansı şəkillərdə göründüyünü ifadə edən hüquq mənbələrinə isə “hüququ bildirən
mənbələr” və ya “hüququn formal (şəkli) mənbələri deyilir.
Bu zaman qarşımıza iki sual çıxır. Bunlar:
1. Görəsən, hüquq qaydaları necə meydana gəlir; və
2. Meydana gələn bu hüquq qaydaları bizə hansı şəkildə yansıyır.
Göstərilən bu iki sualı hüququn formal (şəkli) mənbələri başlığı altında cavablandıraq.

Hüququn Formal (Şəkli) Mənbələri:

HÜQUQ MƏNBƏLƏRİ

Yazılı Hüquq Mənbələri


Konstitusiya
Dövlətlərarası Müqavilələr
Qanunlar
Hökumətlərarası Müqavilələr
Fərmanlar
Nazirlər Kabinetinin Qərarları
Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktları
Yerli İcra Hakimiyyəti Orqanlarının Normativ Aktları
Bələdiyyə Aktları

Yazılı Olmayan Hüquq Mənbəyi


Adət və Ənənə Hüququ

Yardımçı (Köməkçi) Hüquq Mənbələri


Hüquqşünas Alimlərin Elmi Fikirləri
Məhkəmə Qərarları

1
Hüququn formal (şəkli) mənbələrini yazılı mənbələr, yazılı olmayan mənbələr və yardımçı
(köməkçi) mənbələr olmaqla 3 yerə ayırmaq mümkündür. İndi isə bu üç hüquq mənbəyinin hər
birini ətraflı şəkildə izah edək.

* YAZILI HÜQUQ MƏNBƏLƏRİ

MƏQSƏD: 2. Hüququn yazılı mənbələrinin nələr olduğunu və bunların hansı dövlət orqanı
tərəfindən çıxarılaraq, hansı formada qüvvəyə mindiyini ortaya qoya bilmək.

Pozitiv (müsbət) hüququn, yəni bir ölkədə hal-hazırda qüvvədə olan hüququn yazılı mənbələri
dedikdə, hüquq qaydalarını ehtiva edən mənbələrdir. Bu mənbələrdə yer alan yazılı hüquq qaydaları
hüquq qaydalarının yazılı bir şəkildə yer aldıqları mətnlər nəzərdə tutulur. Digər bir sözlə, bunlar
yazılı səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmişdir. Səlahiyyətli dövlət orqanı tərəfindən
qəbul olunmuş və qüvvədə olan hüquq qaydalarının hamısına “qanunvericilik” adı verilir.

 Konstitusiya
Yazılı hüquq qaydalarının ən yuxarı pilləsində konstitusiya dayanır. Digər bütün hüquq
qaydalarının konstitusiyaya uyğun olması lazımdır. Konstitusiya ümumxalq səsverməsi –
referendum yolu ilə qəbul edilir. Konstitusiyaya dəyişikliklər edilməsi də yalnız və yalnız
referendum yolu ilə mümkündür. Konstitusiyaya əlavələr isə Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən 95 səs çoxluğu ilə və arada 6 ay müddət olmaq üzrə iki dəfə səsə qoyulma ilə edilə
bilər. Hər iki səsvermədən sonra bunu Azərbaycan Respublikası Prezidentinin imzalaması da
lazımdır.

 Dövlətlərarası Müqavilələr
Dövlətlərarası müqavilələr iki və ya daha çox dövlət arasında bağlanan müqavilələrdir.
Müqavilələr Azərbaycan dövləti adından Azərbaycan Respublikasının Prezidenti tərəfindən
bağlanır. Ancaq dövlətlərarası müqavilələrin qüvvəyə minməsi üçün bunların Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilməsi lazımdır. Təsdiq edilərək qüvvəyə minmiş
dövlətlərarası müqavilələr qanunvericilik sistemində Konstitusiyadan sonra ikinci yeri tutur.

 Qanunlar
Qanun – dövlətin ali nümayəndəli orqanı tərəfindən xüsusi qanunvericilik qaydasında qəbul
edilən, ali hüquqi qüvvəyə malik olan, daha mühüm ictimai münasibətləri tənzimləyən normativ
hüquqi aktdır. Qanun qəbul etmək səlahiyyəti imperator, kral və ya padşah kimi tək bir şəxsə verilə
biləcəyi kimi, bir məclisə və ya məclislərə də verilə bilər. Ancaq onu qeyd etmək lazımdır ki, bu gün
müasir və demokratik dövlətlərdə qanunverici orqanlar seçkilərlə müəyyənləşdirilən üzvlərdən
ibarət məclislərdir. Qanun qəbul etmə səlahiyyətinə sahib olan dövlət orqanı hər bir dövlətin
Konstitusiyasında açıq və aydın bir şəkildə göstərilir. Və qeyd edək ki, qanun qəbul etmək
səlahiyyətinə sahib olan dövlət (hakimiyyət) orqanı Azərbaycan Respublikasında Azərbaycan
Respublikasının Milli Məclisidir. Bu Azərbaycan Respublikası Konstitusiyasının 81-ci maddəsində də
öz əksini tapıb. Belə ki, “Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir” (AR-nın Konstitusiyası, maddə 81).
Azərbaycan Respublikası Konstitusiyasının 81-ci maddəsindən görünür ki, qanun qəbul etmə
səlahiyyəti Azərbaycan Respublikasının Milli Məclisindən başqa bir dövlət (hakimiyyət) orqanına
verilə bilməz. Qısacası, Azərbaycan Respublikasının Milli Məclisindən başqa heç bir dövlət orqanının
2
(yəni istər İcra Hakimiyyəti Orqanının, istərsə də Məhkəmə Hakimiyyəti Orqanının) qanun qəbul
etmək kimi bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Milli Məclisində bəzi qanunlar 83 səs
çoxluğu ilə, digər qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikasında
qanunverici hakimiyyəti orqanı olan Milli Məclisə qanunları təklif etmə səlahiyyətinə
“qanunvericilik təşəbbüsü hüququ” (yəni, qanun layihələrini və başqa məsələləri Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) deyilir.
Azərbaycan Respublikasında “qanunvericilik təşəbbüsü hüququ” (yəni, qanun layihələrini və
başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) ilə
çıxış etmək hüququna aşağıda göstərilənlər sahibdir. Bunlar:

1. Azərbaycan Respublikası Milli Məclisinin deputatları;


2. Azərbaycan Respublikasının Prezidenti;
3. Azərbaycan Respublikasının Ali Məhkəməsi;
4. Azərbaycan Respublikası Prokurorluğu; və
5. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.

Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanunlar 14 gün müddətində imzalanmaq
üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Təcili elan olunan qanun layihəsi isə
Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində
təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən
başlayaraq 56 gün ərzində imzalayır. Əgər qanun Azərbaycan Respublikası Prezidentinin etirazını
doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan
Respublikasının Milli Məclisinə qaytara bilər. Konstitusiya qanunları Azərbaycan Respublikasının
Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83
səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə
83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

 Hökumətlərarası Müqavilələr
Hökumətlərarası müqavilələr iki və ya daha çox hökumət arasında bağlanan müqavilələrdir.
Hökumətlərarası müqavilələr də Azərbaycan Respublikasının Prezidenti tərəfindən bağlanır. Ancaq
bu müqavilələrin qüvvəyə minməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə ehtiyac
yoxdur. Hökumətlərarası müqavilələr Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan
Respublikasının Qanunlarına uyğun olmadığı təqdirdə Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi tərəfindən ləğv edilə bilər.

 Fərmanlar
Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinə aid edilmiş məsələlər barəsində
ümumi qaydalar müəyyən etdikdə qəbul etdiyi normativ – hüquqi akta “fərman” deyilir.
Azərbaycan Respublikası Prezidentinin normativ fərmanları qanun-qüvvəli aktlar sistemində ən
yüksək hüquqi qüvvəyə malikdir və qanunların əsasında və onların yerinə yetirilməsi üçün qəbul
edilirlər. Prezidentin hüquq yaratma sahəsində səlahiyyətləri konstitusiya ilə müəyyən edilir.
Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi fərmanlar ictimai həyatın dövlət idarəetməsi ilə
bağlı müxtəlif sahələrini tənzimləyir. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi
fərmanlarda başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. Onu da
xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan
Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının Qanunlarına uyğun olmalıdır, əks
təqdirdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilə bilər.
3
 Nazirlər Kabinetinin Qərarları
Azərbaycan Respublikasının Nazirlər Kabineti də öz səlahiyyətlərinə aid edilmiş məsələlər
barəsində ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Konstitusiyasına,
Azərbaycan Respublikasının Qanunlarına və Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına
zidd olmayan “qərarlar” qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi
qərarlar da yazılı hüquq mənbələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti
orqanları və hüquqi şəxslər üçün məcburidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları, yerli icra hakimiyyəti orqanlarının
normativ aktları və bələdiyyə aktları da yazılı hüquq qaydaları sırasına daxildir. Mərkəzi icra
hakimiyyəti orqanlarının normativ aktları Azərbaycan Respublikasının Konstitusiyasına,
Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Bələdiyyələrin qəbul
etdikləri aktlar da hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı,
Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına,
Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarlarına) zidd olmamalıdır. Bələdiyyələrin qəbul etdiyi aktların icrası onların ərazisində yaşayan
vətəndaşlar və onların ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.
Göründüyü kimi, bütün yazılı hüquq qaydaları yalnız və yalnız rəsmi olaraq dərc edildikdən
sonra məcburi hüquqi qüvvəyə malikdir. Dərc edilməmiş bir hüquq qaydasına görə heç kimə qarşı
hər hansı bir tələb irəli sürülə bilməz. Yazılı hüquq mənbəyində hər hansı bir tarix nəzərdə
tutulmayıbsa, onda onun qüvvəyə mindiyi tarix dərc edildiyi gün hesab edilir.

* YAZILI OLMAYAN HÜQUQ MƏNBƏYİ: ADƏT VƏ ƏNƏNƏ HÜQUQU

MƏQSƏD: 3. Hüququn yazılı olmayan mənbələrinin hansı şəkildə meydana gəldiyini və hüquq
mənbəyi formasına necə çevrildiyini ortaya qoya bilmək.

Məfhum:

Pozitiv (müsbət) hüququn yazılı mənbələri ilə birlikdə yazılı olmayan mənbəyi də vardır ki, bu
mənbəyə də “adət və ənənə hüququ” deyilir. Adət və ənənə hüququ, pozitiv (müsbət) hüququn
mənbələri arasında yer almasına baxmayaraq, onun hüququn bütün sahələri üçün bir mənbə
olduğunu söyləmək olmaz. Həqiqətən də, hüququn bəzi sahələrində, məsələn; cinayət hüququnda
adət və ənənə hüququnun bir mənbə olması mümkün deyil. Çünki cinayət hüququnda “qanunsuz
cinayət və cəza olmaz” prinsipi hakimdir. Bu halda bir hərəkət və davranışın cinayət olduğu və buna
hansı cəzanın veriləcəyi əvvəlcədən qanunda göstərilməlidir. Belə ki, qanunda göstərilməmiş cinayət
və cəzanın adət və ənənə ilə qoyulmasına imkan yoxdur. Lakin bundan fərqli olaraq hüququn bəzi
sahələrində, məsələn; mülki hüquq və ticarət hüququnda adət və ənənə hüququ qaydaları yazılı
hüquq mənbələrinin yanında yardımçı (köməkçi) hüquq mənbəyi olaraq çox mühüm rol oynayır.
Ancaq qeyd etmək lazımdır ki, qitə Avropası hüquq sisteminə (kontinental hüquq sisteminə) daxil
olan Azərbaycan hüququnda adət və ənənə hüququnun əhəmiyyəti Anqlo – Amerikan hüquq
sisteminə nisbətən çox azdır. Digər bir sözlə, adət və ənənə hüququ Anqlo – Amerikan hüquq
sistemində yazılı hüquqdan daha əhəmiyyətli bir hüquq mənbəyi olduğu halda, bizim hüquq
4
sistemimizdə əsasən köməkçi (ikinci dərəcəli) bir hüquq mənbəyidir. Bu səbəblədir ki, adət və ənənə
hüququ xüsusi (özəl) hüquq baxımından köməkçi (ikinci dərəcəli) bir hüquq mənbəyi kimi ifadə
edilir. Məsələn, mülki hüquq baxımından adət və ənənə hüququnun köməkçi mənbə olması,
hakimin mülki hüquqla bağlı bir məsələni həll edərkən ilk dəfə yazılı hüquq mənbələrinə müraciət
etməsi və ortaya çıxmış problemi həll etməyə yarayacaq hüquq mənbəyini orada tapması, ancaq
yazılı hüquq mənbələrində bir hüquq bir hüquq qaydası tapa bilmədiyi təqdirdə ikinci olaraq adət
və ənənə hüququna, yəni yazılı olmayan hüquq mənbəyinə müraciət etməsi deməkdir. Hakimin bir
problemi həll edərkən ilk dəfə yazılı hüquq mənbələrinə müraciət etmək məcburiyyətinə olduğuna
görə, yazılı hüquq mənbələrinə əsas (birinci dərəcəli) hüquq mənbələri də deyilir.
Adət və ənənə hüququ, səlahiyyətli bir orqan tərəfindən bilərək və istənərək qəbul edilmiş
qaydalar deyildir. Bunlar cəmiyyətdə öz-özlərinə meydana çıxmış qaydalardır. Buna görə də, deyə
bilərik ki, adət və ənənə hüququ qaydaları hər hansı bir yerdə yazılı olmayıb, cəmiyyətin vicdanında
və ruhunda yer alırlar.
Hər hansı bir adətin, bir ənənənin bir adət və ənənə hüququ qaydası şəklində ortaya çıxa bilməsi
üçün bunun bir sıra ünsürləri özündə ehtiva etməsi lazımdır. Bunlar da maddi, mənəvi və hüquqi
ünsürlər olmaqla 3 yerə ayrılır. İndi isə bu hər üç ünsürü ətraflı şəkildə izah edək.

Ünsürləri:

Bir adətin, bir ənənənin adət və ənənə hüququ qaydası ola bilməsi üçün yuxarıda göstərilən üç
ünsürün bir arada olması lazımdır.

1. Maddi Ünsür
Adət və ənənə hüququnun maddi ünsürü onun davamlı olması və hər zaman təkrarlanmasıdır.
Həqiqətən də, bir adətin, bir ənənənin adət və ənənə hüququ qaydası halına gələ bilməsi üçün bu
adətin və ya ənənənin uzun müddət tətbiq edilmiş olması lazımdır. Əks təqdirdə müəyyən bir
müddət tətbiq olunub, sonra ortadan qalxmış olan və ya davamlı olaraq təkrarlanmayan ənənələr bir
adət və ənənə hüququ qaydası xüsusiyyətinə sahib ola bilməz.

2. Mənəvi Ünsür
Adət və ənənə hüququnun mənəvi ünsürü isə ümumi inancdır. Digər bir sözlə, adətlərin,
ənənələrin bir adət və ənənə hüququ qaydası ola bilməsi üçün fərdlərin davamlı olaraq
təkrarlanmaqda olan bu davranış şəkilinə riayət etmək lazım gəldiyinə inanmaları lazımdır. əgər
cəmiyyətdə fərdlər arasında belə bir inanış yoxdursa, onda bu zaman adət və ənənə hüququ da
meydana gəlməz.

3. Hüquqi Ünsür
Hər hansı bir adətin, bir ənənənin bir adət və ənənə hüququ qaydası halına gələ bilməsi üçün
yuxarıda göstərilən maddi və mənəvi ünsürlərdən başqa üçüncü bir ünsürün də varlığına ehtiyac
vardır ki, bu ünsür də hüquqi ünsür adlanır. Adət və ənənə hüququnun sahib olduğu hüquqi ünsür
adət qaydasının dövlət tərəfindən tanınması və maddi sanksiya ilə dəstəklənməsidir. Cəmiyyətdə
tətbiq edilən bir çox adətlər vardır ki, bunlar hüquq tərəfindən qəbul edilmir. Ona görə də, bunlar
adət və ənənə hüququ qaydası hesab edilmir. Mövcud yazılı hüquq qaydalarına zidd olan adətlərin
də adət və ənənə hüququ qaydası hesab edilməsi və tətbiqi mümkün deyildir. Demək ki, buradan
ortaya belə bir nəticə çıxır ki, adət və ənənə hüququnun ən mühüm ünsürü hüquqi ünsürdür. Yəni
bu ünsür olmadığı təqdirdə ilk iki ünsürün (maddi və mənəvi) mövcud olması heç bir hüquqi
əhəmiyyət kəsb edə bilməz.
5
* YARDIMÇI (KÖMƏKÇİ) HÜQUQ MƏNBƏLƏRİ

MƏQSƏD: 4. Hüququn yardımçı (köməkçi) mənbələrinin nədən ibarət olduğunu və bunların bir
hadisəyə tətbiq olunmasındakı təsirlərinin nə olduğunu ortaya qoya bilmək.

Yuxarıda saydığımız hüquq mənbələri hüquqşünasların bir məsələni həll edərkən mütləq tətbiq
etməli olduqları məcburi hüquq qaydalarıdır. Bundan başqa hüquqşünasların bir məsələni həll
edərkən tətbiq edə biləcəkləri mənbələr də vardır ki, bu mənbələrə də yardımçı (köməkçi) hüquq
mənbələri deyildir. Yardımçı (köməkçi) hüquq mənbələri tətbiq edilməsi məcburi olmayan
mənbələrdir. Belə ki, bu mənbələr hər hansı bir məsələni həll edəndə hakim üçün yalnız tövsiyə
xarakteri daşıya bilər. Yardımçı (köməkçi) hüquq mənbələrindən biri hüquqşünas alimlərin elmi
fikirləri, digəri isə məhkəmə qərarlarıdır.

 Elmi Fikirlər
Hüquqşünas alimlərin müəyyən hüquqi məsələlər barədə irəli sürdükləri fikirlər hüququn
tədqiqatı baxımından əhəmiyyətli bir mənbə mahiyyəti daşıyır. Elmi fikirlər, ümumiyyətlə, müzakirə
edilməli olan hüquqi mövzularda hüquqşünas alimlərin irəli sürdükləri fikir və düşüncələrdir.
Hüquqşünas alimlərin üzərinə düşən vəzifə, pozitiv (müsbət) hüququ incələmək, hüquq
qaydalarının əsil məqsədlərini ortaya çıxarmaq, yəni onları şərh etməkdən ibarətdir. Hüquqşünas
alimlər də vəzifələrini həyata keçirərkən hər hansı bir hüquqi məsələ haqqındakı fikir və
düşüncələrini göstərirlər. Bunu da müxtəlif şəkillərdə edirlər. Belə ki, ya bu məsələni xüsusi bir
mövzu kimi ələ alıb ətraflı bir şəkildə incəldikdən sonra elmi bir iş yazaraq əldə etdikləri nəticələri
monoqrafik əsərlərdə yayımlayarlar və yaxud da ki, yayımladıqları sistematik əsərlərdə bu məsələyə
də toxunaraq fikirlərini, düşüncələrini ifadə edərlər.
Elmi fikirlərin pozitiv (müsbət) hüququn inkişafında çox böyük əhəmiyyəti vardır. Çünki
hüquqşünas alimlər mövcud olan bir hüquq qaydasını “olması lazım gələn hüquq”un prinsiplərinə
görə dəyərləndirirlər, o hüquq qaydasını günün ehtiyacına cavab verə biləcək bir şəkildə şərh etməyə
çalışırlar və ya onun dəyişdirilməsini təklif edirlər.

 Məhkəmə Qərarları
Hakimlər bir məhkəmə iddiası haqqında qərar qəbul edərkən daha əvvəl bənzər məsələlər
haqqında məhkəmələrin necə qərar qəbul etdikləri ilə maraqlana və bunlardan istifadə edə bilərlər.
Qeyd etmək lazımdır ki, yardımçı (köməkçi) hüquq mənbələrindən biri olan məhkəmə qərarları
yazılı hüquq mənbələri kimi məcburi deyildir. Yəni, bir hakim qarşısında duran bir məsələni daha
əvvəl bənzər məsələlər haqqında verilmiş məhkəmə qərarlarına uyğun bir şəkildə həll etmək
məcburiyyətində deyil. Məhkəmə qərarları məcburi olmamaqla birlikdə hüquq sistemində istiqrarın
mövcud olması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki bir-birinə bənzəyən məsələlər
haqqında fərqli məhkəmələr fərqli qərarlar qəbul etsələr, onda bu zaman insanların hüquqa və ədalət
mühakiməsini həyata keçirən məhkəmələrə etimadı zədələnə bilər.

You might also like