You are on page 1of 16

Qaz təchizatı haqqında

Azərbaycan Respublikasının Qanunu


№ 513-IQ, 30 iyun 1998-ci il.

I fəsil. Ümumi müddəalar


Maddə 1. Əsas anlayışlar
Bu Qanunda işlədilən əsas anlayışlar aşağıdakı mə`naları ifadə edir:

qaz təchizatı sahəsində fəaliyyət — qazın istehsalı, e`malı, saxlanması, nəqli,


paylanması, mayeləşdirilməsi və istifadəsi, həmçinin sənaye və istehlakçı qurğularının
tikintisi, istifadəsi, nəzarəti, sınağı və sertifikatlaşdırılması;

qaz — təbii qazlar, qaz halında olan enerji daşıyıcıları, propan, butan, etilen, propilen,
butilen, butadien, daş kömür qazı, bioloji kütlə qazı, texnoloji proseslərdə alınan qazlar
da daxil olmaqla qaz və maye halında olan qaz növləri;

qaz nəqli xidmətləri — istehsalçılar, paylayıcılar, istehlakçılar və qaz anbarları


arasında, həmçinin idxal-ixrac və tranzit məqsədilə qazın boru kəmərləri vasitəsilə uzaq
məsafələrə ötürülməsi;

qazın paylanması — istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi


vasitəsilə paylayıcılardan istehlakçılara qədər qazın paylanması üzrə fəaliyyət;

birləşdirici məntəqə — nəqliyyatçı və paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma


məntəqəsi. Müqavilələrdə anlayış göstərilməmişsə, birləşdirici məntəqə müxtəlif fiziki və
ya hüquqi şəxslərin ixtiyarında olan iki qaz kəmərinin (qaz paylama şəbəkəsində və
istehlakçının binası daxilində olan aşağı təzyiqli qaz kəmərləri) birləşdiyi məntəqədir.
Əgər istehlakçının binası qaz sayğacları və xarici boru kəmərlərindən açıcı aparatlarla
(açarlarla) tə`min edilibsə, birləşdirici məntəqə onlardan sonra yerləşir;

qaz eksperti — qaz təchizatı sahəsində nəzarət, sınaq işləri, sertifikatlaşma və digər
məsələlər üzrə xüsusi icazə almış fiziki və hüquqi şəxslər;

müqavilə və ya energetika müqaviləsi — podratçıya qaz nəqli sistemlərini, paylayıcı


şəbəkələri, yeraltı qaz anbarlarını quraşdırmaq və onlardan istifadə etmək və yaxud
başqa hallarda dövlət tərəfindən yerinə yetiriləcəyi nəzərdə tutulan digər fəaliyyət
növlərini həyata keçirmək şərtlərini müəyyən edən və podratçıya hüquq verən, müvafiq
icra hakimiyyəti orqanı ilə podratçı arasında bağlanan və nəzarət orqanı ilə razılaşdırılmış
yazılı saziş;

nəzarət orqanı — qaz təchizatı fəaliyyətinə nəzarət edən, onu istiqamətləndirən və


qanunvericiliklə müvəkkil edilmiş müvafiq icra hakimiyyəti orqanı.
Maddə 2. Qanunun tətbiq sahəsi
1. Bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da
daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, e`malı, nəqli,
saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir.

2. Bu Qanun energetika qanunvericiliyinin əsas prinsipləri üzərində qurulmuşdur və qaz


sahəsi fəaliyyətlərinin xüsusiyyətlərini özündə əks etdirir.

3. Təbii qaz yataqlarının kəşfi, işlənməsi, inkişafı və təbii qazın hasilatı, ilkin e`malı,
nəqlə hazırlanması və qaz çıxaran müəssisə tərəfindən onun yığılıb təchizat
məntəqəsinə qədər nəqli və həmçinin mühərriklərdə yanacaq şəklində işlədilən qazın
istifadəsi və nəql edilməsilə əlaqədar fəaliyyətlər digər qanunlarla tənzimlənir.
II fəsil. Qaz qurğularının tikintisi, qurulması və
istismarı üzrə tələblər
Maddə 3. Ümumi tələblər
1. Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq
tələblərə cavab verməlidir.

2. Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun,


tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu tə`min etməli,
başqa qurğu və əməliyyatların təhlükəli tə`sirindən mühafizə olunmalıdır.

3. Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal


qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə
müvafiq icra hakimiyyəti orqanına mə`lumat verməlidirlər. Qaz istehsalı üzrə xüsusi
icazəsi olan şəxslər və podratçılar müvafiq icra hakimiyyəti orqanının qərarlarına
əsaslanaraq təhlükələrin qarşısının alınması və aradan qaldırılması üçün tələb olunan
bütün tədbirləri görməlidirlər.

Maddə 4. İstehlakçı qurğularına tələblər


1. İstehlakçı qurğuları yalnız qaz ekspertləri və qaz paylayıcısının mütəxəssisləri
tərəfindən yoxlanılmaqla sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra hər
hansı qaz kəmərlərinə qoşula bilər.

2. İstehlakçı bu Qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına


və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır.

Maddə 5. Sənaye qurğularına tələblər


1. Sənaye qurğuları yoxlanılmalı, sınaqdan keçirilməli və xüsusi icazə əsasında
istismara verilməlidir.

2. Sənaye qurğularının yoxlanılması və sınaqdan keçirilməsi müvafiq icra


hakimiyyəti orqanı və müstəqil qaz eksperti (hətta qurğunu tikməyən və onu idarə
etməyən podratçı) tərəfindən də həyata keçirilə bilər.

3. Sənaye qurğusuna xüsusi icazə qaz sahəsində fəaliyyət göstərməyə xüsusi


icazəsi olan şəxsə verilir. Xüsusi icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həmin qurğunun yoxlanılmasını və sınaqdan keçirilməsini təsdiq edən müvafiq
sənədlər və hesabat əsasında verilir. Xüsusi icazə vermək üçün müvafiq icra
hakimiyyəti orqanı əlavə informasiya, yoxlama və ya sınaq da tələb edə bilər.
Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr
1. Qaz qurğularında hər hansı nəzərdə tutulmamış dəyişmələr baş verərsə, bu Qanunun
4-cü və 5-ci maddələrində göstərilən şərtlərin yerinə yetirilməsi məcburidir.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya


qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu
sahibinə dəymiş ziyana görə məs`uliyyət daşıyır.
III fəsil. Qazın istehsalı, e`malı və qaz konteynerləri ilə
əlaqədar fəaliyyət
Maddə 7. Qaz sahəsində fəaliyyət
Qaz sahəsində fəaliyyət xüsusi icazə əsasında həyata keçirilir. Xüsusi icazə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən verilir. Xüsusi icazə almaq üçün sifarişə aşağıdakılar əlavə
olunur:

• nəzərdə tutulan fəaliyyətin əsas göstəricilərinin təsviri;

• qaz qurğularının, müvafiq avadanlıqların sənədləri, sifarişçinin və onun işçilərinin peşə


ixtisasları;

• ictimai təhlükəsizlik haqqında memorandum;

• nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin sağlamlığının və təhlükəsizliyinin


tə`min olunması qaydaları üzrə tələb olunan sənədlər;

• qazdan səmərəli istifadə haqqında sənədlər;

• ətraf mühitə tə`sir haqqında tədqiqat və əsas mə`lumatlar.

Maddə 8. Qaz ekspertlərinin hüquq və vəzifələri


1. Sənaye qurğularının və proseslərinin, istehlakçı qurğularının, enerji daşıyıcılarının və
məhsullarının sertifikatlaşdırılması, sınaqdan keçirilməsi, nəzarəti, planlaşdırılması,
elmi-texniki tədqiqatlar və digər texniki məsələlər müvafiq icra hakimiyyəti orqanı
tərəfindən bu Qanunun 7-ci maddəsinə uyğun olaraq verilən xüsusi icazə əsasında
fiziki və hüquqi şəxslər (özəl və dövlət müəssisələri, laboratoriyalar və institutlar)
tərəfindən yerinə yetirilə bilər.

2. Qaz eksperti kimi fəaliyyət göstərmək üçün xüsusi icazə müvafiq məsələlərin həllində
öz ixtisas səriştəliliyini və e`tibarlılığını nümayiş etdirən (sübut edən) istənilən şəxsin
və təşkilatın sifarişinə görə verilir. Qaz ekspertlərinin sayı inhisar mövqelərinə yol
verməmək və onlar arasında müsabiqəni həvəsləndirmək şərtilə müəyyən edilir.

3. Qaz ekspertləri müvafiq icra hakimiyyəti orqanının və ya istənilən maraqlı tərəfin


sifarişi ilə işləyirlər. Qaz ekspertlərinin əmək haqqı dərəcələri və onların xidmətilə
əlaqədar xərclərin ödənilməsi tariflərlə və ya müvafiq icra hakimiyyəti orqanının
qərarları ilə tənzimlənə bilər. Qaz ekspertlərinin əmək haqqı və xərcləri hər konkret
hal üçün onların fəaliyyətinə səbəb olan şəxs tərəfindən ödənilir. Əgər həmin şəxs
müəyyən edilməmişsə və ya o, xidmətin xərclərini ödəmirsə, əmək haqqı və xərclər
qaz ekspertinin xidmətini tələb edən şəxslər tərəfindən ödənilir.

4. Qaz ekspertləri öz qərarlarının və sertifikatlarının dəqiq və düzgünlüyünə görə


məs`uliyyət daşıyırlar. Müvafiq icra hakimiyyəti orqanı xüsusi icazədə və ya
qərarlarda üçüncü tərəfin müvafiq sığortasını nəzərdə tuta bilər.

5. Müvafiq icra hakimiyyəti orqanı qaz ekspertlərinin fəaliyyətinə nəzarət edir. Əgər qaz
ekspertlərinin ixtisas dərəcəsi, peşə səriştəliliyi və e`tibarlılığı tələblərə cavab
vermirsə, müvafiq icra hakimiyyəti orqanı xüsusi icazə verdiyi fəaliyyəti dayandıra
bilər. Zəruri hallarda isə xəbərdarlıq edilmədən xüsusi icazə geri də alına bilər. Bu
həmçinin, bu maddənin 3-cü hissəsinə uyğun qaz ekspertinin yüksək əmək haqqı və
xərcləri ödəməsini tələb etmə hallarına da aiddir.

6. Qaz qurğularını istehsal edən, quraşdırma və istismar işlərini aparan və tə`mir edən
müəssisə müvafiq texniki məsələləri və nəzarəti müstəqil yerinə yetirmək üçün
ixtisasını, təşkilati və texniki səriştəsini və e`tibarlılığını nümayiş etdirdikdə (öz
məhsul və xidmətləri istisna olunmaqla) qaz eksperti tə`yin edilə bilər. Bu maddənin
1-ci və 5-ci hissələri belə müəssisələrə də aid edilir.

Maddə 9. Qazın istehsalı və e`malı


1. Qaz istehsalı, təbii qazın e`malı da daxil olmaqla, müəssisə və onun qaz qurğusu
üçün Qanunun 5-ci və 7-ci maddələrinə müvafiq olaraq əvvəlcədən xüsusi icazə
obyektidir.

2. Qaz istehsalı üzrə güclərin yaradılması və ya onların genişləndirilməsi digər tərəfin


mülkiyyətinin istifadəsinə dəyişiklik gətirirsə və qanunvericiliyə müvafiq olaraq
kompensasiya və ya özgəninkiləşdirilmə zəruridirsə, onlar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilən yeni xüsusi icazənin və planların obyektidir.

3. Qaz istehsalına xüsusi icazə qaz tələbatı və qaz anbarlarının tutumu ilə
limitləndirilməlidir. Limitdən artıq əlavə qaz istehsalına sifarişçi tərəfindən energetika
müqaviləsinə aid sənəd təqdim edildikdə aşağıdakı hallarda icazə verilir:

• əlavə qaz əsas nəql xidmətləri, qaz paylayıcısı və yeraltı anbarlar tərəfindən qəbul
edilirsə;

• mayeləşdirilərək konteynerlərlə nəql edilirsə və satılırsa;

• bərpa olunan enerji növlərini istifadə edən müəssisə və qurğuların sənaye


proseslərinin nəticəsində qaz istehsal edilirsə və istehsalçının yaxınlığında həmin qaza
tələbat mövcuddursa.

4. Xüsusi icazədə onu alan şəxsin müntəzəm olaraq öz fəaliyyəti haqqında müvafiq icra
hakimiyyəti orqanına hesabat verməsi tələb edilə bilər.

Maddə 10. Qaz konteynerlərinin hazırlanmasına və doldurulmasına


tələblər
1. Qazla doldurularaq satılmalı və yaxud hər hansı bir formada qaz
istehlakçılarına verilməli olan qaz konteynerlərinin hazırlanması bu Qanunun 3-cü və
7-ci maddələrinin tələblərinə cavab verməlidir. Hər bir konteynerin üzərində daimi
olaraq aşağıdakılar göstərilməlidir:

• istehsalçının adı və ünvanı;

• konteynerin seriyası, nömrəsi, buraxılma və yoxlanma tarixi;

• konteynerə doldurula bilən qazın növü, keyfiyyəti və miqdarı;


• buraxıla bilən temperaturu və təzyiqi.

2. Qazın konteynerlərə doldurulması fəaliyyətini həyata keçirən müəssisələr:

• konteynerlər bu maddənin 1-ci hissəsinə, bu Qanunun 3-cü və 7-ci maddələrinə uyğun


olduqda, onlar doldura bilərlər;

• konteynerlərin doldurulmasını nişanlamalıdırlar;

• öz adlarını, ünvanlarını, konteynerə doldurulmuş qazın növünü, miqdarını, doldurulma


tarixini, yoxlama dövrlərini, təhlükəsizlik texnikası üzrə müvafiq tə`limatı özündə əks etdirən
sənədləri konteynerə əlavə etməlidirlər.

3. Yerin üstündə və altında qurulmuş cəmləşdirici qaz konteynerləri, onlara


doldurulan qazın maksimum miqdarının saxlanılmasını tə`min edən divarlarla əhatə
olunmalı, həmçinin normadan yüksək olan temperaturdan müvafiq şəkildə
qorunmalıdırlar. Bu tələblər yerinə yetirilmədən qaz konteynerlərinin qazla
doldurulması qadağandır.
IV fəsil. Energetika müqavilələri, qazın nəql edilməsi,
paylanması və saxlanılması
Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr
1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz
anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri
olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti
orqanı arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən
sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi
hesab edilir.

2. Energetika müqaviləsi müvafiq qanunvericiliyin və müqavilənin müddəaları əsasında


müəyyən edilmiş fəaliyyətin yerinə yetirilməsi üzrə podratçıya hüquqlar və vəzifələr
verir.

3. Yuxarıda göstərilən hüquqları əldə etmək üçün podratçı dövlətə energetika


müqaviləsində göstərildiyi kimi ödəmələr verir.

4. Energetika müqavilələrinin birinci fəaliyyət müddəti onun qüvvəyə mindiyi vaxtdan


hesablanmaqla 20 ildən artıq olmamalıdır. Bu maddənin 1-ci hissəsinə müvafiq olaraq
müqavilənin fəaliyyəti yenidən daha 10 il uzadıla bilər.

5. Energetika müqaviləsi onun şərtlərinə görə dayandırıla bilər. İstənilən halda müvafiq
icra hakimiyyəti orqanı xəbərdarlıq etdikdən və podratçıya çatışmamazlıqları aradan
qaldırmaq üçün münasib vaxt verdikdən sonra da podratçı öz vəzifələrindən irəli
gələn tələbləri daim pozarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müqavilənin
fəaliyyəti dayandırıla bilər.

Maddə 12. Qaz nəqli xidmətləri


1. Podratçılar qaz nəqli xidmətlərini (qurğularını) elə qurmalı, istismar etməli və işçi
vəziyyətdə saxlamalıdırlar ki, qazın nəql edilməsi energetika müqaviləsinə, mövcud
normativ hüquqi aktlara müvafiq tə`min edilsin.

2. Qaz nəqli qurğularının qurulması və istismarı, müqavilələrin tətbiqi, onların həyata


keçirilməsi üzrə mövcud qanunvericiliyin istənilən sonrakı tələblərinin obyekti
olmaqla:

• qaz kəmərlərinin marşrutlarını, binaların, texniki qurğuların və qaz kəmərlərinin


funksiyalarını, yerləşdirilməsini, onları birləşdirən tranzit yerləri, şəhərləri, istifadə ediləcək
küçələri və torpaqları göstərən 1/25.000 miqyasda xəritəni;

• texniki və iqtisadi şərtlər, qazın nəql edilməsinin ətraf mühitə tə`siri haqqında hesabatı;

• qaz nəqli xidmətlərinin yaradılması, genişləndirilməsi, modifikasiyası, istismarı və işçi


vəziyyətdə saxlanılması üzrə podratçıların iş proqramını;

• podratçının digər vəzifələri haqqında mə`lumatı özünə daxil etməlidir.


3. Ziddiyyətli əsaslar olmadıqda podratçı qazı birbaşa sənaye müəssisələrinə nəql edə
bilər. Lakin həmin sənaye müəssisəsi qaz paylayıcısının müqavilə ərazisində
yerləşmişsə, qaz paylayıcısının əvvəlcədən bu barədə yazılı razılığı olduğu halda
podratçıya birbaşa qaz nəqli üçün icazə verilir.

4. İstismara başlamazdan və əhəmiyyətli dərəcədə dəyişikliklər edildikdən sonra qaz


nəqli xidmətləri (qurğuları) bu Qanunun 5-ci maddəsinə müvafiq olaraq yoxlanılmalı
və xüsusi icazə alınmalıdır.

5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil
olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq
müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin
sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda
və hədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona
verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş
sayılır.

Bunlar həmçinin birgə qurğuların, xidmətlərin, müəssisələrin, təşkilatların yaradılması və


təşkil edilməsi üzrə istehsalçılar, təchizatçılar, paylayıcılar və qaz nəqliyyatçıları
arasında bağlanan sazişlərə də aiddir. Müvafiq icra hakimiyyəti orqanı istənilən
maraqlı tərəfin sifarişinə görə bütün maraqlı tərəflər arasında belə sazişin
bağlanmasına müddət limiti qoyur və bu müddət keçdikdən sonra bu sazişlə
tənzimlənməyən istənilən məsələ barəsində aşağıdakı ümumi maraqdan irəli gələn
qərarlar verə bilər:

• qaz təchizatı fasiləsi ilə yaranan vəziyyətin yüngülləşdirilməsi;

• qaz nəqli xidmətlərinin qarşılıqlı əlaqəsinin asanlaşdırılması;

• istehsalçılara, paylayıcılara və nəqliyyatçılara xidmət edən qaz nəqli xidmətlərinin


istismarı və inkişafı;

• idxal, ixrac və tranzit üçün qaz nəqli xidmətlərinin təkmillə şdirilməsi.

6. Qanunun əvvəlki müddəalarına əsaslanaraq podratçı və nəqletməni sifariş edən şəxs


arasında razılaşma üzrə qazın nəql edilməsinin texniki və kommersiya şərtləri sərbəst
müəyyən edilir. Nəqletməni sifariş edən şəxs, qazın qəbul olunma məntəqəsində nəql
edilən qazın tərəflər arasında razılaşdırılmış və texniki tələblərə uyğunsuzluğuna,
həmin səbəbdən podratçının qurğusuna və üçüncü tərəfə vurulan zərərə görə
məs`uliyyət daşıyır. Nəql edilən qaz razılaşdırılmış şərtlərə müvafiq deyilsə, podratçı
xəbərdarlıq etmədən nəqletmədən imtina etmək və nəqletmə haqqında sazişi ləğv
etmək hüququna malikdir.

Maddə 13. Qazın paylanması


1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində
istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının
şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim tə`min
ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Bu
Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın
paylanmasına da tətbiq edilir.
2. Qazın istehsalını, alınmasını və topdansatış təchizatını e`tibarlı və müvafiq
qiymətlərlə təşkil və tə`min etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və
müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni
qaydada müvafiq sazişlərə tətbiq edilir.

3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri


müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla tə`yin edilə bilər.

4. Qaz paylayıcıları tərəfindən tə`yin edilmiş qaz təchizatı qiymətləri müvafiq icra
hakimiyyəti orqanları və qaz paylaşdırma ərazisi üzrə yerli özünüidarə orqanları ilə
razılaşdırılmış tariflərə müvafiq olmalıdır. Bu tariflər:

• paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və


tə`yin edilməsinin metod və prinsiplərini;

• müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və
onların tə`yin edilməsi metodlarını özündə əks etdirir.

Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun


olmalı və kütləvi şəkildə yayılmalıdır.

5. Əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz
təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən
istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər.
Qaz paylayıcısı hər belə sazişin surətini müvafiq icra hakimiyyəti orqanına təqdim
etməlidir.

6. Qaz paylayıcısı ancaq aşağıdakı hallarda qazın verilməsini dayandıra və ya kəsə


bilər:

• istehlakçının müvafiq müraciəti olarsa;

• çox vacib və ya tə`xirəsalınmaz işlər tələb olunarsa;

• istehlakçının qurğusu müvəqqəti və ya daim müvafiq tələblərə cavab vermirsə;

• paylayıcının istehlakçıya verdiyi qazın hesabı bir ay müddətində tam ödənilmirsə.

Maddə 14. Yeraltı qaz anbarları


1. Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarı ancaq energetika müqavilələri
əsasında aparıla bilər və bu məqsədlə müəssisəyə və onun qaz qurğularına
əvvəlcədən xüsusi icazə alınmalıdır.

2. Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və/və istismarı üçün podratçı aşağıdakı
lazımi tədbirləri görməlidir:

• yeraltı qaz anbarlarının işlənməsi, istismarı və idarə edilməsi məqsədilə


zondlama və ya qazma işləri apararkən laylararası qarşılıqlı əlaqənin aradan
qaldırılması;
• qazın anbarlara vurulması və saxlanılması üçün istifadə olunmayan geoloji
laylara qazın keçməsinin qarşısının alınması;

• yerin təkində qazın şaquli və üfuqi istiqamətlərdə genişləndirilməsi;

• yeraltı qaz anbarında, qaz saxlanan lay (formasiya) ətrafında yerləşən yeraltı
suların xarakteristikalarında fiziki, kimyəvi və bakteoroloji cəhətdən istənilən
dəyişikliklərin olmaması, qaz saxlanılan ətraf laylardan (formasiyalardan) və təhlükəli
zonalardan alınan suyun içməli su kimi istifadə edilməməsi;

• mineral və digər yeraltı sulara (xüsusilə içməli su kimi istifadə olunarsa) və


enerji resursları yataqlarına qaz tə`sirinin olmasına müntəzəm nəzarət edilməsi,
podratçı hesabına qaz ekspertləri tərəfindən analiz üçün nümunələrin götürülməsi;

• qaz saxlanılması üçün istifadə olunan geoloji layların (formasiyaların)


keyfiyyətinin qorunması;

• yeraltı qaz anbarlarının istismarı qismən və ya tamamilə dayandırılanda


təhlükəsizlik texnikasına və ətraf mühitin mühafizəsinə riayət edilməsi.

3. Qazı yeraltı anbardan çıxarmaq və ya anbara vurmaq üçün istənilən proqramı yerinə
yetirməzdən əvvəl podratçı ona xüsusi icazə almalıdır. Xüsusi icazə almaq üçün
sifarişlə birlikdə görülmüş tədqiqatların və işlərin nəticələri haqqında hesabat,
planlaşdırılmış əməliyyatların müddətini, üsullarını və tə`limatlarını özündə əks
etdirən ətraflı proqram, müvafiq geoloji laylar (formasiyalar) haqqında mə`lumatlar,
saxlanılacaq qaz və ya mayenin təzyiqi və müvafiq təhlükəsizlik tədbirləri təqdim
edilməlidir.

4. Yeraltı qaz anbarının müvəffəqiyyətli sınağından sonra podratçıya yeraltı qaz


anbarının normal istismarı üçün xüsusi icazə verilməlidir. Podratçı qaz anbarının
normal istismarına ən azı üç ay qalmış xüsusi icazənin alınması üçün sifariş
verməlidir. Sınaq proqramının nəticələri, anbara vurulan qazın istismar şaxtasının
yuxarı hissəsində mümkün olan maksimum təzyiqi, saxlanılan qazın mümkün olan
maksimum həcmi, anbara vurulan qazda zərərli və toksik qarışıqların maksimum
miqdarı, hər şaxtanın mümkün olan maksimum həcmi, saxlanılan qazı sulu qatlardan
ayırma tədbirləri və nəzarət laylarının yeri, sayı və funksiyaları xüsusi icazə sifarişinə
əlavə edilməlidir.

5. Eyni hallarda bu Qanunun 12-ci maddəsinin 5-ci, 6-cı hissələri yeraltı qaz anbarları
üçün tətbiq edilir.

Maddə 15. Qaz təchizatı ilə əlaqədar torpaqda və ictimai


istifadədə olan yerlərdə işlərin aparılması
1. Podratçılara torpağın və ictimai istifadədə olan yerlərin qazılması, örtüklərinin
götürülməsi, kommunikasiyaların (novçaların, kanalizasiya qapaqlarının və
tunellərinin) açılması, mövcud və gələcək qaz kəmərlərinin, qaz qurğularının
marşrutları hüdudlarında müqavilə fəaliyyətində lazım sayılan xəndəklərin örtülməsi
şərtilə qazılması hüququ verilir.
2. Yeni qaz kəmərləri və digər qaz qurğuları müvafiq olaraq yerin altında və üstündə,
müvafiq tikilinin və ya metal qutunun içərisində yerləşdirilməlidir. Bu, həmçinin
mövcud qurğuların təzələnməsinə və yerlərinin dəyişdirilməsinə aiddir. Müvafiq icra
hakimiyyəti orqanı yuxarıda qeyd edilən hallarda, xüsusən uzaq məsafələrə və yüksək
təzyiqli qaz nəqli xidmətlərində istisnalara yol verə bilər.

3. Podratçının vəzifələri aşağıdakılardır:

• torpaqda və ictimai istifadədə olan yerlərdə aparılan qaz fəaliyyəti işlərinin


ictimai infrastrukturun digər sahələrinə cavabdeh olan podratçı və müvafiq icra
hakimiyyəti orqanları ilə planlaşdırılması və uzlaşdırılması, tə`mir və qəza işləri
zamanı ictimai infrastrukturun ayrı-ayrı sahələrində maneələr olduqda, əvvəlcədən
həmin sahələrin mülkiyyətçisindən yazılı razılığın alınması;

• işlərin başlanmasına azı 3 ay qalmış həmin işlərin proqram və planlarını müvafiq


icra hakimiyyəti orqanına təqdim etmək, iş əsnasında qarşıya çıxan suallara cavab
vermək və işlərin təşkili və icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının
sərəncamlarına uyğun hərəkət etmək;

• müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində bütün işləri
başa çatdırmaq və sahənin istifadəsilə əlaqədar onu tələb olunan vəziyyətdə bərpa
etmək;

• təhlükəsizliyi və imkan daxilində ictimai hərəkəti tə`min etmək üçün bütün


lazımi tədbirləri görmək;

• işləri minimal ziyanla həyata keçirmək, yer səthini, küçələrin və torpağın


altındakı boşluqları normal vəziyyətə salmaq, vurulmuş ziyanı işin gedişi zamanı və ya
dərhal iş qurtaran kimi aradan qaldırmaq;

• üçüncü tərəfə vurulan ziyanı mövcud qanunvericiliyə müvafiq olaraq ödəmək.

Maddə 16. Xüsusi mülkiyyətlə əlaqədar işlər


1. Xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq,
verilən və istifadə olunan qazın miqdarını tə`yin etmək və ya qaz nəqli və təchizatı
tələb olunmayan halda qaz qurğularını açmaq məqsədilə podratçının müvəkkil edilmiş
əməkdaşları və qaz ekspertləri xüsusi mülkiyyətdə olan sahəyə daxil olmaq hüququna
malikdirlər. Podratçı və qaz ekspertləri həmin fəaliyyəti ilə mülkiyyətçiyə vurulan
ziyanı ödəməlidir.

2. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə


podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin
mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda,
qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir.
Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus
torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi
fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını
işçi vəziyyətdə saxlamaq, tə`mir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər.
Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət
sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən
təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir.

3. Qəza halları istisna olmaqla, torpağın və ya binanın sahibi tərəfindən onun


mülkiyyətində olan sahəyə müdaxiləyə və qaz fəaliyyəti göstərməyə icazə verilməyə
bilər. Bu, qaz fəaliyyəti göstərmək istəyən şəxsin iş vaxtından kənar müdaxilə etmək
istədiyi və ya podratçının və ya müvafiq icra hakimiyyəti orqanının ona mülkiyyətində
olan sahəyə müdaxilə etmək icazəsi haqqında yazılı sənədin əslini təqdim etmədiyi və
ya müdaxilə etmək istəyən şəxs öz şəxsiyyətini təsdiqləyə bilmədiyi hallarda baş verə
bilər.

Maddə 17. Qaz qurğularının xəritələri (sxemləri)


1. Hər təqvim ilinin birinci ayında podratçı qaz kəmərlərinin istiqamətini və digər qaz
qurğularının funksiyalarını, yer səthinin relyefini, yerin altında/ üstündə, xəndəyin
dərinliyini/hündürlüyünü, uzunluğunu göstərən 1/25.000 miqyasda yenidən baxılmış
xəritəsini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

2. Müvafiq icra hakimiyyəti orqanı podratçıdan yeraltı kəmərlərin və qaz qurğularının bir
neçə sxemlərinin böyük miqyasda hazırlanmasını tələb edə bilər.

3. Hər bir xəritənin və sxemin tərtibi və sonuncu buraxılma tarixi ilə qeyd edilmiş surəti
Azərbaycan Respublikasında podratçının baş idarəsində saxlanılmalıdır. Müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi rüsumları ödəməklə bütün sifarişçilərə
xəritələrin və sxemlərin öyrənilməsi və surətinin çıxarılması hüququ verilir.

4. Müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları xəritələrin və sxemlərin onların


müvafiq rayonlarına və yerlərinə aid olan hissələrini podratçıdan pulsuz almaq
hüququna malikdir.
V fəsil. Təhlükəsizlik, insanların sağlamlığının və ətraf
mühitin qorunması, mühafizə zonası və tədbirləri
Maddə 18. Təhlükəsizlik, insanların sağlamlığının və ətraf mühitin qorunması

1. Qazla əlaqədar fəaliyyət göstərən hər bir şəxs ətraf mühitə hər cür mənfi tə`sirdən
çəkinməli və bu fəaliyyətdən irəli gələn labüd tə`sirləri müvafiq tələblərə uyğun
olaraq minimuma endirməlidir.

2. Qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi xüsusi icazəsi olan şəxslərin
təhlükəsizliyi, insanların sağlamlığı və ətraf mühitin qorunması üzrə vəzifələri
aşağıdakılardır:

• müqavilənin qüvvədə olduğu müddətdə öz fəaliyyətini yerinə yetirərkən görüləcək


müvafiq tədbirlərdən ibarət təhlükəsizliyi və ətraf mühitin qorunmasını tə`min edən
planı müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

• insanların sağlamlığına, torpağa, təmiz su təchizatına, ağaclara, bitkilərə, binalara


və digər qurğulara dəyə biləcək ziyanın qarşısını almaq;

• təsdiq edilmiş metodlara müvafiq olaraq qazın və onun tullantılarının təhlükəsiz və


səmərəli yerləşdirilməsini tə`min etmək;

• işləri başa çatdırdıqda ərazini təmizləmək və onu ətraf mühitin qorunması üçün
məqbul səviyyədə bərpa etmək.

Maddə 19. Mühafizə zonası və tədbirləri


1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli tə`sirindən
qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və
mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli tə`sirini azaltmaq
məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı
qaydalar tətbiq edə bilər.

2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına


icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz
qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün
ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.

3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı
qüvvədə olan norma və qaydalar tətbiq edilir.
VI fəsil. Yoxlama, ödəmə və cərimələr, bu Qanunun
pozulmasına görə məs`uliyyət
Maddə 20. Yoxlama
Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr
qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

Maddə 21. Ödəmə və cərimələr


1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı
fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün
təhlükə törətdiyini müəyyən etdikdə öz qərarı ilə bu fəaliyyətin dayandırılmasını və
müəyyən olunmuş müddətdə qaydaya salınmasını tələb edə bilər. Bu qərar istənilən
şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı onun vəsaiti
hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini tə`min etməlidir.

2. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda


cərimələr tətbiq edə bilər.

Maddə 22. Bu Qanunun pozulmasına görə məs`uliyyət


Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə
uyğun məs`uliyyət daşıyırlar.
VII fəsil. Keçid müddəaları və beynəlxalq hüquqlar
Maddə 23. Keçid müddəaları
1. Bu Qanunun qüvvəyə minməsinə qədər qaz sahəsinin fəaliyyəti ilə əlaqədar
müəyyən edilmiş qaydada bağlanmış hər bir müqavilə bu Qanunla tənzim olunmur.

2. Bu Qanunun və bu Qanuna müvafiq qüvvəyə minmiş energetika


müqavilələrinin və ya digər qanunvericilik aktlarının arasındakı hər hansı ziddiyyət bu
Qanuna uyğun surətdə həll olunur.

Maddə 24. Beynəlxalq hüquqlar


Bu Qanun beynəlxalq hüququn, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin, o cümlədən sualtı kabellər və boru kəmərləri ilə, sərhədlərdən çirklənmə,
iqlim dəyişiklikləri ilə bağlı müqavilələrin tə`sir dairəsini azaltmır.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.
Bakı şəhəri, 30 iyun 1998-ci il.

№ 513-IQ.

You might also like