You are on page 1of 6

Neft və qaz layihələri haqqında ümumi məlumat

Hazırda Azərbaycanda hasil edilən təbii qazın regionda yerləşən ölkələrin enerji bazarlarına
nəqli üçün aşağıdakı dörd magistral qaz boru kəməri fəaliyyət göstərir:
Hacıqabul - Astara - Astara (İran) boru kəməri;
Hacıqabul - Qazax - Saquramo (Gürcüstan) boru kəməri;
Hacıqabul - Şirvanovka - Mozdok (Rusiya) boru kəməri;
Bakı - Tbilisi (Gürcüstan) - Ərzurum (Türkiyə) boru kəməri.

Hacıqabul - Astara - Astara (İran) boru kəməri


Ümumi uzunluğu 210 km olan magistral qaz boru kəməri 1970-ci ildə istismara verilib və
keçmiş SSRİ-nin İrandan gələn qazla təmin edilməsi üçün istifadə olunub. 2006-cı ildə qazın
Azərbaycandan İrana tədarükü üzrə svop əməliyyatlarına başlanılıb və və  Azərbaycandan
İrana qaz bu kəmərlə ixrac edilir. İran  isə öz növbəsində Naxçıvan MR-na qaz nəql edir.

Hacıqabul - Qazax - Saquramo boru kəməri


Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəməri 1978-ci ildə inşa olunub və 1988-ci ilə
kimi istismar edilib. SSRİ-nin süqutundan sonra bu boru kəməri uzun müddət istifadəsiz qalıb.
Bu magistral boru kəməri üzrə müvafiq bərpa-təmir işləri aparılandan sonra 2006-cı ildə
ye¬nidən istismara verilib. Ötürmə qabiliyyəti 8,7 milyard kub metr/il olan bu kəmər vasitəsilə
Azərbaycandan Gürcüstana ildə təqribən 1300 milyon kubmetr qaz ixrac olunur. Boru kəmərinin
uzunluğu 478,4 km təşkil edir, bunun 378,4 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür.
Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəmərinin operatorları SO¬CAR və
Gürcüstanın Qaz Nəqliyyat Şirkətidir.

Hacıqabul - Şirvanovka - Mozdok boru kəməri


Tarixən (1983-cü ildən) bu magistral qaz boru kəməri qazın Rusiyadan Azər-baycana nəql
edilməsi üçün istifadə olunub.2007-ci ildən etibarən, Azərbaycanda hasil olunan qaz həcmlərinin
artması və daxili tələbatın tam ödənilməsindən sonra bu boru kəməri ümumilikdə intensiv
şəkildə istifadə edilməyib. 2010-2014-cü illərdə Azərbaycanda hasil olunan qazın müəyyən
həcmlərinin Rusiyaya ixracı üzrə razılaşmalar çərçivəsində Hacıqabul-Mozdok magistral qaz
kəməri ilə artıq əks istiqamətdə, qazın Azərbaycandan Rusiyaya ixracı üçün də istifadə edilib.
İllik ötürmə qabiliyyəti 10 milyard kub metr olan boru kəmərinin uzunluğu 680 km təşkil edir,
bunun 200 km-lik hissəsi Azərbaycanın ərazi¬sinə düşür. Bu boru kəmərinin operatorları
SOCAR və Rusiyanın “Qazprom" şirkətidir.

Cənubi Qafqaz boru kəməri


“Şahdəniz" qaz-kondensat yatağının 1999-cu ildə kəşf olunmasından sonra bu layihə
çərçivəsində hasil ediləcək təbii qazın Bakı-Tbilisi-Ərzurum (BTƏ) marşrutu ilə Türkiyə bazarına
nəql olunması üçün yeni magistral qaz kəmərinin inşasına dair “Şahdəniz” Konsorsiumu
iştirakçıları tərəfindən müvafiq qərar qəbul edilir. BTƏ marşrutu üzrə magistral boru kəmərinin
tikintisi işlərinin təşkili və idarə olunması məqsədi ilə “Şahdəniz" Konsorsiumu tərəfindən 2003-
cü ildə “Cənubi Qafqaz Boru Kəməri” (CQBK) layihəsi yaradılır və eyni adlı şirkət təsis edilir.
Cənubi Qafqaz boru kəməri BTC neft kəməri boyunca paralel şəkildə çəkilib. 2006-cı ildən
başlanan “Şahdəniz” layihəsinin 1-ci mərhələsi çərçivəsində ilk ixrac qazı boru kəmərinə 2007-ci
ilin martında vurulub.
İllik ötürmə qabiliyyəti 7,4 milyard kub metr (23 milyard kub metrə qədər artırıla bilər) olan
Cənubi Qafqaz boru kəmərinin uzunluğu 980 km-dir. Bunun 443 km-lik hissəsi Azərbaycanın,
248 km-lik hissəsi Gürcüstanın və 289 km-lik hissəsi isəTürkiyənin ərazisinə düşür. Boru
kəmərinin operatorları SOCAR, BP və BOTAŞ şirkətləridir. 
"Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci
mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz
Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin
etməkdir. “Şahdəniz” layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz
Mərhələ 2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə
olmaqla, Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji
təhlükəsizliyini artıracaq.
“Cənub Qaz Dəhlizi”  layihəsinin əsas elementləri aşağıdakılardır:
“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi;
Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi; 
Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin həyata keçirilməsi;

Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi.

2011 -ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların
yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı
Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı.
2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş
naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də
“Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz
Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu
(TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-
Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə
TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii
qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb.
Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd.ABŞ dollardır.

“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi


“Şahdəniz Mərhələ 2” layihəsi “Şahdəniz Mərhələ 1” layihəsindən hasil olunan illik 10 mlrd. m3
qazdan əlavə 16 mlrd. m3  qaz hasil edəcək nəhəng bir layihədir. Şah Dəniz qazı 2500 metr
hündürlüyə qalxaraq və dəniz dibində 800 metr dərinliyinə enərək 3500 km məsafə boyunca
nəql ediləcək. Layihəyə aşağıdakı işlərin görülməsi daxildir:
körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi;
2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması;
quyuları sahildəki terminal ilə birləşdirəcək 500km uzunluğunda sualtı boru kəmərlərinin
inşası;
dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi;
yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının
genişləndirilməsi.
“Şahdəniz Mərhələ 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün işlər 100% tamamlanıb.
Avadanlıqlar və qurğular üzrə inkişaf 2020-ci ilin iyun ayının sonuna 94.7% təşkil edib.

Cənubi Qafqaz Boru Kəmərinin genişlənməsi (SCPX) layihəsi


Layihənin əsas texniki-iqtisadi göstəriciləri:
 Mövcud CQBK boru kəmərinin uzunluğu: ümumilikdə 691 km olmaqla, Azərbaycanda 443
km, Gürcüstanda isə 248 km;
 Genişlənən CQBKG boru kəmərinin uzunluğu: Azərbaycan ərazisində - 424 km, Gür¬cüstan
ərazisində - 63 km, TANAP arabağlantısında - 2 km;
 İlkin ötürmə gücü: illik əlavə 7 mlrd. m3, cəmi illik 14,4 mlrd. m3 (23,4 mlrd. m3–a artırmaq
imkanı ilə) təbii qaz;
 Səhmdarlar: BP, operator (28,8%), AzSCP (10%), SGC Midstream (6,7%), Petronas (15,5%),
Lukoil (10%), NICO (10%) və TPAO (19%).
2018-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu
boyunca uğurla davam etmişdir. İlk qaz üzrə və ümumi inkişaf 100% təşkil edir. 

Trans- Anadolu Boru Kəməri (TANAP) layihəsi


Layihənin əsas texniki-iqtisadi göstəriciləri:
Səhmdarlar: CQD (51 %), BOTAŞ (30%) və BP (12%), SOCAR Turkey Enerji A.Ş (7%)
 Kəmərin uzunluğu: 1850 km;
 İstismara verilmə tarixi: boru kəmərinin Əskişəhirə qədər olan hissəsi 2018-ci ilin iyun
ayında istismara verilib, Yunanıstan sərhədinə qədər olan hissəsi isə 2019-cu ildə istismara
veriləcəyi gözlənilir;
 İlkin ötürmə gücü: illik 16,2 mlrd. m3 (illik 30,7 mlrd. m3-ə kimi artırıla bilər);
TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə 30 iyun 2018-ci il
tarixindən başlnılıb. Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20
şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində
Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan
qazını Türkiyə-Yunanıstan sərhədində Trans -Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə
Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib. 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə
vilayətinin İpsala qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə TANAP qaz kəmərinin
Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Trans- Adriatik Boru Kəməri (TAP) layihəsi


Layihənin əsas texniki-iqtisadi göstəriciləri:
 Kəmərin uzunluğu: 878 km (Yunanıstan - 550 km; Albaniya - 215 km; Adriatik dənizi-105
km; İtaliya - 8 km);
 İstismara verilmə tarixi: 2020-ci il;
 İlkin ötürmə gücü: illik 10 milyard m3 (illik 20 milyard m3-ə kimi artırıla bilər);
 Səhmdarlar: BP (Böyük Britaniya) - 20%; CQD (SGC) - 20%; Snam (İtaliya) - 20%; Fluxys
(Belçika) - 19%; Enagas (İspaniya) - 16%; Axpo (İsveçrə) - 5%;
Hazırda TAP üzrə görülən işlər başa çatıb. TAP boru kəməri Yunanıstan-Türkiyə
sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla
doldurulub. 2020-ci ilin noyabr ayında Trans-Adriatik Boru Kəməri (TAP) kommersiya
fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. 2020-ci ilin dekabrın 31-də Azərbaycan
kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. 

Cənub Qaz Dəhlizi Məşvərət Şurası


Azərbaycan Respublikasının Prezidentinin 29.10.2013-cü il tarixində “Azərbaycan təbii
qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” 15
nömrəli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. 25.02.2014-cü il tarixində “Şahdəniz qaz-
kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair
digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 287 nömrəli Sərəncam imzalanıb. Cənub Qaz
Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət
Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan
Respublikasının Energetika Nazirliyinə həvalə edilib.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın
12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü
toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə
2020-ci ilin fevralın 28-də keçirilib.

Bakı-Novorossiysk neft kəməri


Şimal istiqamətində çəkilən Bakı-Novorossiysk neft kəmərinin uzunluğu 1330 kilometrdir.
Boru kəmərinin diametri 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan
ərazisi ilə keçən hissəsinin operatorudur.
Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılmışdır. Kəmərin maksimum
ötürmə qabiliyyəti gündə 105 min bareldir.
Bakı-Novorossiysk neft kəmərinin 3 nasos stansiyası (Səngəçal, Sumqayıt və Siyəzən) var.
Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.

Qərb İxrac Boru Kəməri


Qərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan
keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında
tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.
Uzunluğu 833 kilometr olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki
Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində
tikilmişdir. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanmış və 1999-cu
ilin martına qədər davam etmişdir. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə
yüklənmişdir.
QİBK obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2
təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstandadır), 1 ərzinburaxma stansiyası (Azərbaycanda)
aiddir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 milyon bareldir.
Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir.

Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri


Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri Azərbaycan neftinin Xəzər dənizindən
Turkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqlini həyata
keçirir. BTC 2003-cü ilin II rübündən 2005-ci ilin aprel ayına qədər inşa edilmişdir.
Kəmərin uzunluğu 1768 kilometrdir. Boru kəmərinin diametri 46/42/34 düymdür. Ötürmə
qabiliyyəti gündə 1 milyon bareldir.
BTC boru kəmərinin obyektlərinə 2-si Azərbaycanda (Səngəçal daxil olmaqla), 2-si
Gurcustanda və 4-ü Turkiyədə olmaqla 8 nasos stansiyası, 3 (1-i Azərbaycanda, 2-si Türkiyədə)
ərzinburaxma stansiyası daxildir.
BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə
nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınmışdır.
Ceyhanda rezervuarların sayı 7-dir. Gəmi yükləmə qabiliyyəti 600 000 bareldən 2 milyon
barelə qədərdir.
Dəmir yolu daşınmaları
Neft məhsulları Güzdək və Əhmədli yükləmə stansiyalarından sisternlərə yüklənərək dəmir
yolu vasitəsilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə nəql olunur. Yüklənilən neft
məhsullarının bir hissəsi Gürcüstanın daxili bazarında istehlak üçün təchiz olunur, digər hissəsi
isə Kulevi terminalından tankerlərə yüklənərək dünya bazarına ixrac olunur. Güzdək yükləmə
stansiyasından L-62 (D-01) markalı dizel yanacağı və reaktiv mühərriklər üçün TS-1 markalı
yanacağı, Əhmədli yükləmə stansiyasından isə A-92 markalı avtomobil benzini və mazut
yüklənir.
Bundan əlavə, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Qazaxıstan mənşəli xam neft və
Türkmənistan mənşəli neft məhsulları tranzitlə Gürcüstanın Batumi, Poti və Kulevi limanları
vasitəsilə dünya bazarına ixrac olunur.

Kulevi neft terminalı


Kulevi neft terminalı SOCAR-ın Gürcüstandakı ilk və ən mühüm investisiyalarından biridir
Kulevi terminalı neft və neft məhsullarının tranziti üşün nəzərdə tutulmuşdur – dəmiryolu və
gəmilər vasitəsilə nəql olunan məhsullar burada boşaldılır, rezervuarlarda saxlanılır və gəmilərə
yüklənir. Şirkət yüksək səviyyəli xidmət göstərir və bütün qayda-qanunlara riayət edərək,
beynəlxalq bazarın tələblərinə uyğun şəkildə fəaliyyət göstərir. Burada əməliyyatlara 2008-ci il
mayın 16-da başlamışdır.
Yüklərin boşaldılması 4 xətli körpulərdə həyata keçirilir ki, bu da eyni zamanda 168 dəmiryolu
çən-vaqonun boşaldılmasına imkan verir. Terminal vasitəsilə nəql olunan çoxsaylı məhsullar
arasında xam neft, maye yanacaq,dizel yanacağı, qazoyl, metanol, aviasiya kerosini, BBF –
butan-butilen fraksiyası, propilen, maye piroliz qətranı, nafta, ULSD – ultra az kükürdlü dizel
yanacağı, izopropil spirit, texniki yağ, qaz-kondensat şəkilli karbohidrogenlər vardır. Terminalda
3 lövbəratma dayanacağı var Onlardan ikisi gəmilərin yüklənməsinə, digəri isə əlavə nəqliyyat
vasitələrinə xidmət edir. Terminal yük tutumu 105,000 tona qədər olan Aframax tipli tankerləri
qəbul etməyə qadirdir. Terminal saatda 7-8 min kubmetr gücü olan 6 nasos stansiyası ilə təchiz
olunmuşdur.
Bu 11 saata 100 000 ton yükləməyə imkan verir.
Nasos stansiyalarında bütün əməliyyatlar SCADA avtomat sistemi ilə mərkəzdən idarə
olunur.
2012-ci ildə Kulevi terminalı maye qazların tranzitinə başlamışdır.
2016-cı ildə terminalda iki əlavə çən parkı istifadəyə verilmişdir.
6 saylı park ümumi tutumu 70, 000 kubmetr olan 6 rezervuradan ibarətdir.
Qazolin, nafta, karbohidregen kondensatı, dizel yanacağı, aviasiya kerosini kimi müxtəlif
məhsulalrın qəbulu, saxlanması və yüklənməsi üçün tikilən obyektlər Xəzər regionunun neft
məhsullarının idxalı və ixracı üçün nəzərdə tutulmuşdur.
Obyektlərin dövriyyəsi ildə 1, 500, 000 ton neft və neft məhsuluna bərabərdir.
6 saylı park ümumi tutumu 12, 000 kubmetr olan 5 rezervuardan ibarətdir – 3000 kubmetrlik
iki, 2000 kubmetrlik üç rezervuar.
Bu park maye piroliz qətranı, izopropil spirti və texniki yağın saxlanması üçün nəzərdə
tutulmuşdur.
Qatı yanacağın boşaldılması zamanı texnoloji proseslərin təkmilləşdirilməsi və terminalın
istilik tutumunun artırılması məqsədilə şirkət saatda 3x16 ton buxar tutumuna və istilik paylama
şəbəkəsinə malik olan yeni qazanxana tikmişdir.
Qazanxana sisteminin seçilməsi və alınması zamanı Avropa standartlarına əməl olunmuşdur.
Sistem tam avtomatlaşdırılmışdır, əməliyyatların effektiv və müvafiq şəkildə aparılmasına
imkan verir.
Yeni qazanxana qatı yanacaqların nəqli üçün effektiv şərait yaradır.
Prinsiplərə əməl etmək və nəzərdə tutulan məqsədlərə çatmaq üçün şirkət beynəlxalq
standartlara uyğun İnteqrasiya olunmuş İdarəetmə Sistemi yaratmışdır və onu daim
təkmilləşdirir.
“The Black Sea LLC” idarəetmə sistemi fəaliyyətə başladıqdan 6 ay sonra hər üç standart -
ISO 9001, ISO 14001 and OHSAS 18001 - üzrə UKAS Accredited Certification Body – Moody
International LLC-dən sertifikat almışdır.

İstinad:
1. https://minenergy.gov.az/az/qaz/cenubi-qafqaz-boru-kemeri-cqbk. Qazın nəqli. 14.06.2021;
2. https://minenergy.gov.az/az/layiheler/cenub-qaz-dehlizi_2196. 15.06.2021
3. https://socar.az/socar/az/activities/transportation/baku-novorossiysk-oil-pipeline

You might also like